NOBEL KÜRSÜSÜ - ALBER KAMÜ

Görkəmli fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı.

1913-cü ildə Əlcəzairdə anadan olub.

“Yad” (1942), “Taun” (1948), “Çöküş” (1956) romanlarının, “Kaliqula” (1945), “Rahibə üçün rekviyem” (1957) pyeslərinin müəllifi kimi məşhurlaşıb.

1936-cı ildə qələmə aldığı ilk romanı – “Xoşbəxt ölüm” yazıçının ölümündən sonra, 1970-ci ildə nəşr edilib.

1960-cı ildə 46 yaşında avtomobil qəzasında həlak olub.


Nobel nitqi

Tərcümə: Saday Budaqlı

HAQQA VƏ AZADLIĞA XİDMƏT

Alicənablıq göstərib mənə verdiyiyiniz bu mükafatı alarkən dərin minnətdarlıq hissi keçirdim. Çünki cüzi xidmətlərimin müqabilində bu mükafatın nə qədər böyük olduğunu gözəl başa düşürəm. Hər kəs, xüsusilə də sənətkar tanınmağa can atır. Təbii ki, mən də. Ancaq sizin qərarınızı eşidəndə istər-istəməz kimliyim barədə düşünməli oldum. Kifayət qədər cavan, hələ yazıçı kimi tam kamilləşməmiş, yalnız öz tərəddüdləri içində vurnuxan və öz aləminə qapılıb işləyən hər kəs, heç şübhəsiz, bir anda onu şöhrətin zirvəsinə qaldıran qərarınızı eşidən­də sarsılardı. Avropada, həqiqətən, bu qədər nəhəng yazıçılar öz qiymətini almadığı halda, həmin şəxs bu mükafatı könül rahatlığıyla qəbul edə bilərdimi? Üstəlik də, doğma vətəninin bəlalar içində olduğu bir vaxtda.

Bəli, mən bu qorxunu, bu həyəcanı hiss elədim. Daxilən rahatlanmaq üçün özümü layiq olmadığım bu mükafatla, taleyin mənə bəxş etdiyi bu payla bir tərəziyə qoydum. Ancaq təkcə öz xidmətlərim bu mükafatla ölçüyə gəlmədiyinə görə, bütün həyatım boyu müxtəlif məqamlarda mənə yardımçı olan yaradıcılığım və yazıçının cəmiyyətdə rolu barədə düşüncələrimi köməyə çağırmaqdan başqa əlacım qalmadı. İcazə verin, həmin düşüncələri dərin minnətdarlıq hissiylə sizinlə də bölüşüm.

Mən yaradıcılığımla nəfəs alıram. Ancaq bu yaradıcılığı heç vaxt hər şeydən üstün tutmamışam. Əksinə, o, mənə məhz insanlardan uzaq düşməmək, özümlə baş-başa qalıb, ətrafımdakılar kimi yaşamağım üçün lazımdır. Mənim nəzərimdə yaradıcılıq tənha sənətkarın əyləncəsi deyil. O – mümkün qədər daha çox insanın hisslərinə təsir etmək, gündəlik əzab və sevinclərin “seçilmiş” obrazını onlara vermək üçün vasitədir. Bax ona görə yaradıcılıq sənətkarı xəlvətə çəkilməyə qoymur, hətta ən bayağı həqiqətlərlə sınağa çəkir. Bəzən elə olur ki, özünü “seçilmiş” hiss etdiyin üçün sənətkar taleyini seçirsən, ancaq çox tezliklə inanırsan ki, sənin sənətin yalnız bir mənbədən qidalanır: ətrafındakılarla eyniliyini etiraf etməkdən. Sənətkar məhz özüylə başqaları arasında, qaça bilmədiyi gözəlliyin, qopa bilmədiyi cəmiyyətin daim bir addımlığında dolaşmaqdan yaranır. Bax ona görə iddialı olmaq həqiqi sənətkara yaddır: bu səbəbdən o, ittiham etməyə yox, anlamağa çalışır. Və əgər bu dünyada kiminsə tərəfində durmaq lazım gələrsə, Nitsşenin məşhur kəlamında deyildiyi kimi, fəhlə, ya ziyalı olmağından asılı olmayaraq, taleyin yox, yaradıcının hökmran olduğu cəmiyyətin tərəfində durmağa borcludur.

Elə bu səbəbdən yazıçının rolu adi insani borclardan fərqlənmir. O, bu gün tarixi yaradanların qulu ola bilməz, əksinə, tarixi yaşayanların xidmətində olmalıdır. Əks halda, onu tənhalıq və sənətdən uzaq düşmək təhlükəsi gözləyir. Hətta onlarla ayaqlaşmaq istəsə belə, milyonlarla döyüşçüsü olan istibdad ordusu onu tənhalıqdan qoparmaq gücündə deyil. Ancaq dünyanın harasındasa təhqirə və işgəncəyə məruz qalan, heç kimin tanımadığı bir dustağın təkcə elə susmağı – azadlığın bəxş etdiyi imtiyazlar içində hər dəfə bu sükutu xatırlaya və onu öz sənəti ilə hamıya çatdıra bilsə – təklik əzabından qurtarmağa kifayət edər...

 

XOŞBƏXT ÖLÜM 

(r o m a n)

Tərcümə: Mahir N. Qarayev 

Birinci hissə 

TƏBİİ ÖLÜM

I

Patris Merso tələsmədən Zaqreyin villasına doğru addımlayanda səhər saat ona az qalırdı. Bu vaxtlar qapıçı qadın bazara getdiyindən ev nəzarətsiz olurdu. Aprel ayı, havası can üşüdən gözəl bir yaz səhəri idi. Buz mavisinə bənzər təmiz səmada günəşin parıltısı göz qamaşdırsa da, adamı isitmirdi. Villanın ətrafındakı təpələrdə bitən piniya ağacları soyuq gün işığına bələnmişdi. Adamsız boş yol dağa qalxırdı. Меrsоnun əlində balaca çamadan vardı; yol boyu hərəkət etdikcə camadanın qulpu addımlarının ahənginə uyğun aramla cırıldayırdı. Qiyamət səhər idi.

Villaya çatmağa az qalmış yol skamyalar düzülmüş və dibçəklərlə bəzədilmiş  balaca meydana dirənirdi. Bozumtul əzvayların arasında erkən açmış ətirşahlar qızarırdı. Səma başdan-başa mavi, əhənglənmiş divarlar ağappaq idi və bunların hamısı o qədər təzə, o qədər  parlaq idi ki, villaya aparan eniş yola çıxmazdan qabaq Merso istər-istəməz addımlarını yavaşıtdı. Darvazaya çatanda dayanıb əlcəklərini dartışdırdı. Sonra şikəst ev sahibinin heç vaxt kilidləmədiyi qapını açdı, içəri girib onu arxasınca örtdü. Dəhlizlə irəli addımladı, sol tərəfdəki üçüncü qapıya çatanda ayaq saxladı, yüngülcə tıqqıldadıb otağa keçdi.

Zaqrey lazım olduğu yerdə idi – iki gün qabaq Mersonun oturduğu buxarının yanındakı kresloya çökmüşdü. Kəsilmiş ayaqlarını qalın şalla bürümüşdü, gözünü qarşısındakı kitaba zilləyib dinməzcə oxuyurdu. Qapının ağzında donub qalmış Mersonu görəndə onun girdə gözlərində heç bir təəccüb sezilmədi. Pəncərələrin pərdələri çəkilmişdi  və  hər yerdə – döşəmədə, divarlarda, mebellərin qırağında gün işığının parlaq zərrələri oynaşırdı. Pəncərənin arxasında, qızılı rəngə boyanmış soyuq torpağın üzərində səhər öz kefində idi. Ürəyə sərinlik gətirən böyük sevinc dalğası, quşların gah ürkək, gah hikkəli çığırtısı, aşıb-daşan gur işıq seli – bütün bunlar səhərə bir məsumluq və təbiilik verirdi.

Yerindəcə donub qalan Mersonun həyəcandan nəfəsi kəsilmiş, otaqda hökm sürən səssizlikdən, az qala, qulağı tutulmuşdu. Havanın dəyişməsinə baxmayaraq, Zaqrey tapşırmışdı ki, buxarını qalasınlar. Merso hiss elədi ki, qan gicgahlarına vurur və bu guppultu qulaqlarında boğuq əks-səda verir. Ev sahibi qonağın hərəkətlərini baxışlarıyla izləyirdi. Patris buxarının o üzündəki sandığa yaxınlaşdı, Zaqreyə tərəf baxmadan əlindəki balaca çamadanı stolun üstünə qoydu. Amma elə bu yerdə dizlərinin azacıq titrədiyini hiss elədi. Dayanıb nəfəs dərdi, əlcəkli olduğundan damağına apardığı siqareti çətinliklə yandıra bildi. Arxa tərəfdən tappıltı eşidildi. Siqareti ağzından çıxarmadan dönüb baxanda kitabı elə indicə örtmüş Zaqreyin bayaqkı kimi gözünü ona zillədiyini gördü. Patris isti buxarıya tərəf əyilib, tərsinə dayanmış kitabın adını oxudu: Baltasar Qrasianın “Saray adamı”. Daha heç nə düşünmədən, heç nəyə fikir vermədən əyilib sandığın qapağını açdı. Bəslənmiş pişiyə oxşayan qara tapança ağ parçanın üzərində par-par parıldayır, həmişəki kimi Zaqreyin ölümqabağı vəsiyyətini qoruyurdu. Merso kağızı sol əlinə, tapançanı isə sağ əlinə aldı. Sonra tapançanı bir qədər tərəddüdlə qoltuğunun altına soxub zərfi açdı.

İri hərflərlə, kələ-kötür xətlə cəmisi bir neçə sətir yazılmış kağızdan savayı zərfin içində başqa heç nə yox idi.

“Özümü öldürməklə mən yalnız bədənimin yarısını məhv edirəm. Qoy buna görə heç kəs məni qınamasın, mənim sandıqçam indiyə qədər qayğımı çəkənlərin haqqını artıqlaması ilə ödəməyə yetər. Yerdə qalanlar isə ölümə məhkumların rejimini yaxşılaş­dırmağa sərf olunmalıdır. Hərçənd xahişimin qədərindən çox olduğunu başa düşürəm".     

Меrsо üzündəki anlaşılmaz ifadə ilə məktubu qatladı; elə bu an siqaretin tüstüsü gözlərini yaşartdı, külü isə zərfin üzərinə düşdü. Tez kağızı silkələdi və onu masanın üstünə, görünən yerə qoyub Zaqreyə tərəf çevrildi. Zaqrey indi kitabı öz qüvvətli əlləri arasında sıxaraq gözünü zərfə zilləmişdi. Merso aşağı əyilib sandığın açarını burdu, qəzetə bükülmüş pul dəstələrini bir-bir seçib çıxartmağa başladı – pulların yalnız kənarları görünürdü. Tapançanı qoltuğunda sıxıb, təkcə bir əliylə hərəkət edir, yavaş-yavaş çamadanı doldururdu. Sandıqda yüzlük əsginasların kağıza bükülmüş təxminən iyirmiyə yaxın dəstəsi vardı və Merso başa düşdü ki, deyəsən, pul üçün gətirdiyi qab çox iridir. Axırıncı dəstəni sandıqda saxladı, camadanı bağlayıb yarımçıq sönmüş siqareti buxarıya atdı və tapançanı sağ əlinə alaraq Zaqreyə yaxınlaşdı.

İndi Zaqrey pəncərəyə baxırdı. Darvazanın yanından aramla ötən maşının səsi eşidildi. Zaqrey bu ecazkar aprel səhərinin qeyri-adi gözəlliyindən ovsunlanmış kimi yerində qımıldanmadan oturmuşdu. Hətta tapança lüləsinin gicgahına dirəndiyini hiss edəndə də gözlərini qırpmadı. Amma Merso onun gözlərinin yaşla dolduğunu gördü. Bu vaxt Merso da gözlərini qıydı və bir addım geri çəkilib atəş açdı.



Baltasar Qrasian (16011658) – ispan yazıçısı

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 4/2018 nömrəsində çap olunub.

 

DİGƏR MƏQALƏLƏR