İLAHİ KEÇİD- TÖVRAT

İLAHİ KEÇİD

Tərcümə: Etimad Başkeçid

Bəşər övladına zaman-zaman onu doğru yola yönəldən, dünyanı mənəvi, əxlaqi aşınmalardan qoruyan səmavi kitablar bəxş edilib: Qurani-Kərim, Tövrat, Zəbur, İncil...

“Xəzər” fəaliyyətinin ilk dövrlərindən bu müqəddəs dəyərlərə xüsusi önəm verib, diqqət ayırıb, ayrı-ayrı dövrlərdə Qurani-Kərim, “İsa Məsihin kəlamları”, İncildən hissələr tərcümə edilərək, jurnalın səhifələrində işıqlandırılıb.

“Xəzər” ənənəsinə sadiq qalaraq bu gün də bu ilahi hikmət xəzinəsinə üz tutur. Bu dəfə qonağımız səmavi kitabların ən qədimi, ilki olan Tövratdır.

 

                                                                                                            TÖVRAT

                                                                                                           (ixtisarla) 

                                                                                                          YARADILIŞ

                                                                                               (əvvəli ötən sayda)

                                                                                                            IX fəsil

1. Tanrı Nuha və oğullarına xeyir-dua verib buyurdu: “Törəyin, çoxalın, yer üzünü bürüyün.

2. Yerdəki heyvanların, göydəki quşların hamısı, yer üzündə hərəkət eləyən bütün canlılar, dənizlərdəki balıqlar sizdən qorxub hürkəcək; onlar sizin ixtiyarınıza verilib.

3. Hərəkət edən bütün canlılar sizə yem olacaq; onların hamısını yaşıl bitkilər kimi, sizə verirəm.

4. Amma qanlı ət yeməyin, çünki qanda can var.

5. Sizin də qanınız tökülərsə, əvəzini Mən alacağam. Hər heyvandan, qardaş qanı axıdan hər insandan hesab soracağam.

6. Kim insan qanı tökərsə, onun da qanı insan tərəfindən töküləcək, çünki Tanrı insanı özünə bənzər yaradıb.

7. Törəyin, artın, yer üzünə yayılıb çoxalın”.

8. Tanrı Nuha və oğullarına belə dedi:

9. “Sizinlə və sizdən sonra gələcək nəsillərinizlə,

10. Sizinlə birlikdə bütün canlılarla – gəmidən çıxan quşlar, mal-qara, yer üzünün bütün heyvanları ilə müttəhidlik qururam;

11. Sizinlə müttəhidlik qurdum, bundan sonra daşqın sularından heç kəs tələf olmayacaq, yer üzünü viran qoyan Tufan qopmayacaq”.

12. Sonra Tanrı dedi: “Sizinlə və sizlə olan bütün canlılarla nəsillər boyu davam edəcək əbədi müttəhidlik qurmağımın nişanəsi budur:

13. Göy qurşağımı buludlara yerləşdirdim, qoy yer üzüylə aramızdakı müttəhidliyin işarəsi olsun.

14. Nə zaman yer üzünə bulud göndərsəm, nə zaman buludlarda göy qurşağı görsənsə,

15. O zaman sizinlə və bütün canlı varlıqlarla aramızdakı müttəhidliyi xatırlayacağam; bir daha tufan qopub, canlıları məhv etməyəcək.

16. Nə zaman buludlarda göy qurşağı görsənsə, ona baxıb, yer üzündəki bütün canlılarla qurduğum əbədi müttəhidliyi xatırlayacağam”.

17. Tanrı Nuha dedi: “Bu, Mənimlə yer üzündəki bütün canlılar arasında qurduğum müttəhidliyin işarəsidir”.

18. Nuhun gəmidən çıxan oğulları – Sam, Ham və Yafət idi. Ham – Knaanın atasıydı.

19. Nuhun üç oğlu bunlar idi; yer üzünə yayılan insanların hamısı onlardan törədi.

20. Nuh torpağı əkib-becərməyə başladı, üzümlük saldı.

21. Tufandan sonra Nuh üç yüz əlli il də yaşadı.

22. Nuh doqquz yüz əlli il ömür sürdü, sonra öldü.

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 4/2018 nömrəsində çap olunub.

 

DİGƏR MƏQALƏLƏR