BƏŞƏRİ DƏYƏRLƏR - LAO TSZI

Tərcümə: Etimad Başkeçid

Eramızdan əvvəl VI əsrdə yaşamış qədim Çin filosofu Lao Tszının “Dao de Dzin” əsəri ilk dəfə XVIII əsrin 80-ci illərində latın dilinə tərcümə olunub. Bir neçə il sonra missioner-tərcüməçi C. Leqq traktatın ilk elmi tərcüməsini nəşr etdirib. Hazırda Qərbdə “Dao de Dzin”in yüzlərlə tərcüməsi var və bu proses davam etməkdədir. Doğrudur, bu tərcümələrin çoxu interpretasiya xarakterlidir, yəni tərcüməçilər orijinalın məzmununu sərbəst şəkildə ifadə etməyə üstünlük vermişlər. Lazımi professional bilikləri və ədəbi istedadı olan yalnız azsaylı tərcüməçilər daos kanonunun orijinal və inandırıcı versiyalarını ərsəyə gətirə bilmişlər. Bunlardan A. Uey­li, L. Yuytan, R. Hendriks (ingilis), Y. Duvendayk (fransız), H. Debona və E. Şvart­­­­­­­sın (alman), V. Malyavinin (rus) tərcümələrini xüsusi vurğulamaq lazımdır.

Qeyd etdiyimiz kimi, bu məşhur əsərin saysız-hesabsız tərcümələri bir-birindən hədsiz dərəcədə fərqlənir. “Dao de Dzin”in Azərbaycan dilinə tərcümə praktikasının yox dərəcəsində olması isə işi bir qədər də qəlizləşdirir. Ona görə də orijinalı bu və ya digər dərəcədə adekvat çatdıra bilmək üçün biz bir neçə mənbədən istifadə etməli olduq. Çox zaman bilərəkdən qəlizləşdirilmiş, parodoksal xarakter daşıyan mətnləri tutuşdurmaq, ən müxtəlif şərhləri oxuyaraq məntiqli qənaət hasil etmək və bunu yazıya almaq olduqca çətin, hətta əzablı prosesdir. Ona görə “Lao Tszı müəmması” ilk baxışda bayağı səslənsə də, bu ifadə tərcüməçi üçün xüsusi məna kəsb edir.

“Dao” sözü müasir Qərbdə ümumi qəbul olunmuş praktikaya əsasən “Yol” kimi tərcümə olunur. “De” termini tərcümədə daha böyük çətinliklər törədir. Qərb ədəbiyyatında bu termini, adətən, güc, qüvvə (power), dolğunluq (integrity), potensiya, imkan (natural potency), daxili mükəmməllik və ya “mənəvi qüvvə”, kamillik (intrinsic excellence) sözləri ilə ifadə edirlər. “Dao de Dzin” şərti olaraq “Yol və mərifət kitabı” kimi tərcümə oluna bilər.

“Dao de Dzin”in izahı və ya təfsiri ilə bağlı klassik şərhçilər Van Bi və Xeşan-qun böyük əmək sərf etmişlər. Yeri gəlmişkən, əsərin Çində 700-dən çox, Koreya və Yaponiyada 300-dən çox ixtisaslaşmış şərhçisi olmuşdur və indi də onların sayı az deyil. Qərbdə və Rusiya, Türkiyə kimi ölkələrdə əsərin şərhi ilə məşğul olan tədqiqatçıları da buraya əlavə etsək, mənzərə bir qədər də aydınlaşar.

XII əsrin əvvəllərində tədqiqatçı monax Detsin “Dao de Dzin”in şərhi, daos kanonlarını oxuma təcrübəsi ilə bağlı yazırdı: “Gənclikdən Lao Tszı və Çjan-tszının əsərlərini oxumağı sevirdim, amma onların mənasını başa düşmədiyimə görə əzab çəkirdim. Müxtəlif yozumlarla tanış olduqdan sonra anladım ki, şərhçilərin hər biri yalnız öz versiyasını təqdim edir və bundan sonra əsər mənə daha müəmmalı, anlaşılmaz görünməyə başladı… Dağlarda tək-tənha meditasiya edərkən, birdən-birə sanki gözlərim açılır, bəzi şeyləri dərk edir və dərhal fırça götürüb yazmağa başlayırdım. Bəzən günlərlə bir sözün üzərində fikirləşir, bəzən də hansısa kəlamı başa düşmək üçün düz bir il baş sındırmalı olurdum. Bu əsəri bitirmək üçün düz on beş il əmək sərf etdim. Başa düşdüm ki, qədim vaxtlarda yaşayanlar nə gəldi yazmayıblar…”

“Dao de Dzin”i təfsir və ya şərh edənlərin sayının bu qədər çox olmasının səbəbi nədir? Əvvəla, bu, kriptoqrafiya xarakteri daşıyan əsərdir, yəni şifrəli şərti gizli yazıdır. Qədim Çin kanonunun linqvistik və mədəni özəlliklərini də nəzərə alsaq, müxtəlif şərhlərin meydana çıxması tamamilə təbiidir. İkincisi, Lao Tszı bu əsərdə tamamilə özünəməxsus “simvolik gerçəklik” yaratmışdır – müəllif nəsnələrin “mənbəyi, mənşəyi, kökü” haqqında danışır, amma hər hansı nəzəri biliklərə istinad etmir, heç bir konkret, maddi (hər hansı substansiya, ideya, mahiyyət, materiya və ya ayrıca götürülmüş hadisə) nəzərdə tutulmur. O, gerçəkliyi və ya “külli-aləmi” ifadə etmək üçün metafizik mənada ən neytral anlayışlardan (“nəsnə”, “ulu obraz”, “bütöv gövdə” və s.) istifadə edir. Bütün bunları nəzərə alaraq, biz əsəri bədii və ya filoloji tərcümə etmək fikrindən daşındıq. Çünki bu halda tamamilə heç bir məna ifadə etməyən mətn alına bilərdi və onu şərh etmək üçün tərcüməyə qalın bir təfsir kitabı da əlavə etməli olardıq. Fikrimizcə, indiki halda “Dao de Dzin”in kommunikativ tərcüməsi daha məqbul sayılmalıdır. Biz də məhz bu yolla getməyi qərara aldıq. Nəticədə müəllif üslubunun spesifik özəllikləri, orijinalın qeyri-standart xüsusiyyətləri saxlanmasa da (bu, çox vaxt bədii tərcümə zamanı da mümkün olmur), asanlıqla başa düşülür və oxucuda əsər haqqında müəyyən təsəvvür oyadır. Ümid edirəm ki, bu tərcümə gələcəkdə “Dao de Dzin”in daha əhatəli və dolğun tərcümələrinin meydana çıxmasında əhəmiyyətli rol oynayacaq.

 

                                                                                                                                                                                          Tərcüməçidən           

 

                Dao de Dzin

                  (əvvəli ötən sayda)

       28

Kişi tərəfini tanı, qadın tərəfinə sahib çıx:

Sən olacaqsan Dünyanın dərin dərəsi.

Dünyanın dərin dərəsi kimi olsan,

Böyük De (Əbədi Kamillik) tərk etməyəcək səni.

Südəmər körpə kimi olacaqsan onda.

İşıqlı tərəfini tanı, amma qaranlıq tərəfini də unutma:

Örnək olacaqsan bütün Dünyaya.

Dünyaya örnək olsan əgər,

Heç bir zərər görməz Böyük De,

Onda İntəhasızlığa dönəcəksən yenə.

Şan-şöhrət sahibi olduqdan sonra,

Bir gün hörmətsiz ola biləcəyini unutma,

Vadi olacaqsan bu dünyada.

Dünyanın vadisi kimi olacaqsansa,

Böyük De hər yerdə, hər yanda olacaq.

Onda Bütöv Gövdəyə çevriləcəksən.

Bütöv Gövdə doğrandıqda, əşyalar meydana çıxacaq;

Bütün bu əşyalardan yararlanan müdrik,

Arxasınca səsləyəcək hamını,

Beləcə, dünyanın nizamı pozulmayacaq.

 

§ 28

 

Şərhçilər birinci misradakı “kişi tərəfi” və “qadın tərəfi” metaforlarını müxtəlif cür izah edirlər. Van Bi birinci ifadəni “irəlidə gedən”, ikincini isə “arxadan gələn” anlamları ilə eyniləşdirir. Belə ki, Lao Tszının sözlərinə görə, müdrik “hər kəsdən arxada dayanır, amma hamıdan irəli düşür”. Xeşan-quna görə, “kişi tərəfi” – “hörmətli”, “möhkəm”; “qadın tərəfi” – “yumşaq”, “aşağı” sözləri ilə ifadə oluna bilər: burada müdrik birincini kənarlaşdırmalı, ikinciyə güvənməlidir, onda bütün “dünya ona boyun əyəcək”. Li Yan hesab edir ki, burada “yumşaq nəsnənin möhkəm nəsnəyə üstün gəlməsi” haqqında öyüd-nəsihət və ya təlimat yer alır. İkinci misradakı sonuncu ieroqlif ənənəvi əlyazmada “dərənin dibi” mənasında işlədilir. Burada “ən aşağıda olan”dan söhbət gedir. Su Çenin şərhi: “Öz kişi və qadın tərəflərini bilmək – öz təbiətini bilmək deməkdir. Dünyada rəqabət kəsiləndə, önə keçmək uğrunda mübarizə aparanlar mütləq özlərinə qayıdacaqlar. Dərədən üzüaşağı axan sel suyu kimi, axı onun da məcrasını dəyişmək mümkün deyil”.

Mətndə xatırlanan “südəmər körpə” – dao ədəbiyyatında hələ acgözlüyün, hərisliyin nə olduğunu bilməyən şüurun ilkin bütövlüyünü ifadə edən alleqoriyadır.

“Örnək olmaq” Lao Tszıya görə, hər şeydən öncə daxili təkmilləşmənin (və ya daosların təbirincə, “öz kökünə sadiq qalmağın”, yaxud simvolik təcrübə matrisası kimi Yolun “ilkin bütövlüyünü” mühafizə etməyin) nümunəsi kimi başa düşülməlidir.

14-cü misradakı “vadi” sözü, şərhçilərin ümumi qənaətinə görə, Dao “boşluğu”nun metaforudur.

Mətndəki “Bütöv Gövdə” – “işlənməmiş, emal edilməmiş ağac” – “Da de dzin”də dəfələrlə rast gəldiyimiz bu ifadə Yolla qovuşmuş ayıq təfəkkürün “ilkin bütövlüyü”nün metaforudur.

Bu mətndə Lao Tszı növbəti dəfə insan təbiəti və cəmiyyətin insana təlqin etdiyi qavramların bir-biriylə necə uzlaşdığını götür-qoy etməyi təklif edir. O, vacib bildiyi fikri dönə-dönə vurğulamaqdan yorulmur: insanın özünüifadəsi və onun cəmiyyətdəki varlığı, mövcudluğu arasında keçilməz maneələr yoxdur. İnsanın daxili və xarici (zahiri) ölçülərinin tarazlıq məqamı həm cəmiyyətin fərdi özünə tabe etdirməsi, həm də sivilizasiyaya qarşı nihilist üsyan kimi məsələlərin fövqündə dayanır. Bu mətndə ənənəvi çin strategiyasının əsasını təşkil edən “səbəblərin (halların) gücü”nə sahib olmaq və ya “halların (vəziyyətlərin) potensialı”na (şi) yiyələnmək prinsipinin mənasına aydınlıq gətirilir. Mətnin sonunda “etməzlik” prinsipinə dayanan “Yol praktikası”nın total təbiəti izah edilir. Bu müəmmalı mülahizələrin müxtəlif yozumları var. Van Biyə görə, müdrik “ilkin bütövlük” parçalandıqdan sonra dünyanı nizama salır; müxtəliflikləri bir araya gətirir və ona görə də, dünyanı idarə edir. Necə ki, “böyük usta Düynanın qəlbini özününküləşdirir və bu zaman heç nəyi kəsib-doğramır”. Li Yana görə, burada cismani varlığımızın bütövlüyünə uyğun olaraq, “ideal birliyin” bərpa olunmasından söhbət gedir.

“İlkin bütövlüyə qayıtmaq” – Xeşan-qun bu mətnin mövzusunu bu cür müəyyənləşdirir. 

Naməlum şərhçinin izahı: “İgid, mərd insansansa, təkəbbürlü olma! Onda xalq arxanca gələcək. Başçı olandan sonra Böyük Deyə əməl et, əməllərini onunla uzlaşdır. Onda südəmər körpə kimi sevimli və saf olacaqsan! Xoş günlərində belə unutma ki, dünyada şər də var. Hamıya örnək ol, xeyirxahlıq nümunəsi göstər. Çünki hamıya örnək olan insan Böyük Dedən seçilmir. Sonra həmin insan Əbədi Daoya qovuşur. Belə insan öz uğurlarını gözə soxmur, şan-şöhrət üçün dəridən-qabıqdan çıxmır, lakin bununla belə, təbii olaraq, müdrik başçıya çevrilir. Çalışmaq lazımdır ki, məhz belə insan başçı olsun, onda ölkədə əmin-amanlıq hökm sürəcək”.  

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 4/2018 nömrəsində çap olunub.

 

DİGƏR MƏQALƏLƏR