ÇAĞDAŞ POLŞA POEZİYASI - PİOTR MİTNZER

Tərcümə: Salam Sarvan

Şair, tərcüməçi, teatrşünas.

1955-ci ildə Polşanın Varşava şəhərində anadan olub.

Varşava Dövlət Ali Teatr Məktəbini bitirib.

“Boşluq” (2004), “Nöqtə” (2011), “Nöqtədən sonra” (2013), “Polşa panı” (2016) və s. şeir kitablarının müəllifidir.

Rus və alman ədəbiyyatı nümunələrindən tərcümələri ilə də tanınır.

1999-cu ildə Polşa Mədəniyyət Fondunun mükafatına layiq görülüb.

Hazırda “Yeni Polşa” jurnalının baş redaktor müavinidir.

 

***

 

Evimi satdım

uşaqlığımla,

qoca alma ağacıyla,

o ağacın altındakı skamyada oturan valideynlərimlə,

atamın kabinetinin qapısıyla bir yerdə...

Həyətində  şam ağacı da vardı:

elə yoğundu ki arxasında gizlənmək olardı

 

Ayrıldım gəncliyimlə

bundan belə başqasıyla yaşasın

mənsə yeni ev pasportu taparam özümə

hələ ki varam

başqa şəhərdə başqa sahildə yaşaram.

 

Həm də

uşaqlığın turş almasının şirəsini

fincana sıxmaq mümkünsə

çayı harada içməyin nə fərqi?


***

Sahibsiz bir günah

heç kəs özününkü saymır onu

veyillənir şəhərin küçələrində

 

Hər yoldanötənə ümidlə baxır

bəlkə kimsə özünə götürdü bu günahı

ya da bəd ayaqda

hamının günahı elan elədi

 

Kimsədən üzr istəmir

qorxur birdən bağışlasalar

bundan sonra necə yaşar

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 4/2018 nömrəsində çap olunub.

DİGƏR MƏQALƏLƏR