PORTRET - A.TARKOVSKİ HAQQINDA XATİRƏLƏR

M.Tarkovskaya

N.Bondarçuk

Tərcümə: Fərhad Abdullayev 

Məşhur sovet kinorejissoru, ssenariçi və kino nəzəriyyəçisi Andrey Tarkovski (1932–1986) tamaşaçılara deyirdi: “Filmlərimi ömrünüzdən şütü­yüb keçən qatarın pəncərəsindən baxırmış kimi izləyin”.

 “İvanın uşaqlığı” (1962), “Andrey Rublyov” (1966), “Solyaris” (1972), “Güzgü” (1974), “Stalker” (1979), “Həsrət” (1983) və “Qurbanvermə” (1986) kimi ekran əsərlərinin müəllifi olan A.Tarkovskinin bütün filmləri insanın mənəvi-əxlaqi problemlərini araşdırır. Yaradıcılığı mürəkkəb metafora, şifrə, işarə və dini rəmzlərlə zəngindir. Mistik dünyaya bələd olmayan tamaşaçı bəzən bu filmlərin kodunu aça bilmir.

Onun əsərlərini azadlıq və məsuliyyət, həyatın mənası haqqında fəlsəfi düşüncələr də saymaq olar. Ruhi aləmlə maddi dünyanın qarşıdurması rejissorun filmlərinin başlıca qayəsidir… A. Tarkovski Müsahibələrinin birin­də demişdi: “Sivilizasiyamız ona görə böhran keçirir ki, tarazlıq, cazibə qüvvəsi və həyat harmoniyası pozulub. İnsanların mənəviyyatı iflasa uğrayıb, maddiy­yat  bütün dəyərləri üstələyib...”

Azərbaycan Tərcümə Mərkəzində “Andrey Tarkovski kino sənətinin sirləri haqqında” adlı kitab çapa hazırlanır. Bu kitaba rejissorun kino və sənət barədə mühazirələri, fəlsəfi düşüncələri və elmi-nəzəri məqalələri daxil edilib.

Jurnalımızın bu sayında A.Tarkovskinin bacısı, yazıçı Marina Tarkovs­ka­ya və məşhur kino aktrisası Natalya Bondarçukun istedadlı rejissor haqqın­da xatirələrindən fraqmentləri təqdim edirik.

 

Marina Tarkovskaya

“İndi hər şeyi açıb söyləyə bilərəm”

 

         – “Güzgü”nü bioqrafik film hesab etmək olarmı?

         – Bəli. Film müəyyən mənada bioqrafikdir və orada bircə dənə də uydurma epizod yoxdur.

         – Yaradıcılığınızda uşaqlıq dövrü nə kimi rol oynayıb?

         – Uşaqlıq dövrü mövzusuna heç vaxt xüsusi diqqət ayırmamışam. Filmlərim­də uşaqlıq xatirələrimlə bağlı süjetlərə rast gəlməzsən... Nəsə, son vaxtlar uşaqlıq illərinin rolunu həddindən artıq şişirtməyə başlamışıq...

                                                       (A.Tarkovskinin müsahibəsindən)

 

        1972-ci ildə Andreydən yeni filmi haqqında soruşdum. Gülümsünüb cavab verdi:

         – Dəlisov ailəmiz barədə film çəkmək istəyirəm...

         “Dəlisov” ifadəsi valideynlərimizə yaraşmırdı, ona görə də qardaşımdan incidim. Ancaq “Güzgü” filminə baxandan sonra nəyi nəzərdə tutduğunu anlayıb ona bəraət qazandırdım. Bəlkə də, filmə belə bir epiqraf qoymaq olardı: “İndi hər şeyi açıb söyləyə bilərəm!” Bu epiqrafın hər ikimiz üçün böyük əhəmiyyəti vardı. Zənnimcə, Andrey artıq illər öncə özünə qoyduğu qadağadan qurtula bilmişdi. Əs­lin­­də, qadağa öz-özünə, boş yerdən yaranmamışdı və bu barədə qardaşımla əvvəlcə­dən heç bir şərt kəsməmişdik. Susqunluğumuzu mətanətlə qoruyurduq: and içmişdik ki, uşaqlıq illəri barədə kimsəyə heç nə söyləməyək. Uşaqlığımız adi keçib – hamı kimi küçədə oynamışıq, oxumuşuq, yeri gələndə dalaşmışıq, məktəbə getmişik. Amma ürəyimizi dağlayan bir şeyi – dünyalar qədər sevdiyimiz atamızın bizi qoyub getməyini heç vaxt unuda bilməmişik.

         Ata bizim üçün doğma, əziz və sevimli varlıq olub. Dəri paltosunun, qəlyanın­da­kı tənbəkinin, bahalı odekolonunun qoxusu hələ də burnumdan getmir. Onun gəlişini həmişə səbirsizliklə gözləyirdik, xüsusən də ad günlərində bizə baş çəkəndə sevincimizin həddi-hüdudu olmurdu. Gözəl hədiyyələr gətirirdi. Düzdür, çox da bahalı şeylər almırdı, çünki özü də kasıbçılıq içində yaşayırdı. Amma adi əşya da onun əlində elə sehrli görünürdü ki... Atam heç nədən möcüzə yaratmağı bacarırdı.

         Anam onun adını dilinə gətirəndə səsində təntənə duyulurdu: “Arseni!” Nənəm isə həmişə atamdan  böyük hörmət və ehtiramla danışırdı: “Bilirsiniz, Arseni otuz dördüncü ildə mənə dedi ki...”

         Atam bizi tərk edib başqa qadınla ailə qurmuşdu. Uşaq idik, böyüklərin münasibətini başa düşmürdük. Anlamırdıq ki, ailəni qoruyub saxlamaq üçün nə qədər sevgi, dözüm lazımdır, gərək özünü hər şeyə qurban verməyi bacarasan. Bəlkə də, erkən yaşlarında məruz qaldığımız bu mənəvi zədə Andreyi höcət eləmişdi, mən isə özünəqapılmış, qaradinməz olmuşdum.

         Anam bir ayrı aləm idi – sevimli, qayğıkeş, gülərüz və tələbkar. Bir çox məsələlərdə bizə qadağalar qoyurdu. Ancaq Andrey artıq böyümüşdü, xarakteri yavaş-yavaş formalaşır, uşaqlıq dövrünə qayıtmaq istəmirdi.

         Həmin illərin ən dəhşətli hadisələri yaddaşımıza həkk olunub. 1942-ci ilin baharı. Volqa çayının buzları yenicə əriyib. Günəşin zəif şüaları adamın canını isitmir. Külək tüğyan edir. Müharibə hamını ev-eşiyindən didərgin salıb. Bizi də Yuryevets adlı kiçik şəhərə köçürüblər. Adamlar axşamdan Volqanın sahilinə axışıb, çay boyu üzüaşağı gələn ağac kötüklərini, budaqları toplamağa çalışır. Odun qıtdır, birtəhər qızınmaq lazımdır, ya yox? Anam sal buz parçalarının üstündən tullanıb suyun içindəki kötükləri yığır, biz də sahilə daşıyırıq. Birdən anamın ayağı sürüşür və o, buzların arasına yıxılıb bir anlığa gözdən itir... Xoşbəxtlikdən, hər şey yaxşı qurtarır, sal buz parçaları isə gurultu ilə bir-birini itələyib şahə qalxır...

         Yadımdadır, bir dəfə, 1944-cü ildə Serpuxov küçəsi ilə hospitala gedirdik. Hospital indi Vişnevski adına institutun yerləşdiyi binadaydı. Anamla birlikdə atama baş çəkməyi qərara almışdıq. Bilirdik ki, yaralanıb, ayağının birini itirib. Yaralanandan sonra ilk dəfə idi ki, onun yanına gedirdik...

         Uşaqlıq çağlarının təəssüratları bitib-tükənmir, ancaq xatirələri indiyə qədər kimsəyə söyləməmişik. Heç vaxt valideynlərimizdən onların ayrılma səbəbini soruşmamışıq. Çünki bu mövzuya da qadağa qoyulmuşdu. Nəhayət, uzun illərdən sonra  Andrey nədənsə bu barədə danışmağı qərara almışdı... “Uşaqlığımın keçdiyi ev hər gecə yuxuma girir...” – “Güzgü” filminin qəhrəmanı öz etirafını bu cümlə ilə başlayır. Mən də sizə uşaqlıq xatirələrimin dolaşdığı evdən söhbət açmaq istəyirəm.

         Anam ciddi qayda qoymuşdu: nə olursa-olsun, bütün maddi sıxıntılara baxmayaraq, uşaqlar yay aylarında şəhər kənarında dincəlməlidir! Hər yay kəndə yollanırdıq. Balaca olanda anam da bizimlə gedirdi, sonra bu iş nənəmə həvalə olundu, müharibədən sonra isə kəndə təkbaşına yollanırdıq. Pul olanda maşın tuturduq (adətən, yük maşını). Pul sarıdan həmişə korluq çəkdiyimizdən adyalları, yastıqları, qab-qacaq və digər əşyaları çiynimizdə daşıyırdıq.

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 4/2018 nömrəsində çap olunub.


DİGƏR MƏQALƏLƏR