YADDAŞ - SVETLANA PLETNYOVA

Tərcümə: Əhməd Oğuz    

Böyük Hun imperiyası dağıldıqdan sonra (470-ci il) onun ərazisində yeni dövlətlər meydana çıxdı ki, bunların ən böyüyü və qüdrətlisi Xəzər kağanlığı idi. VII əsrin I yarısı və VIII əsrin əvvəllərində formalaşan bu yeni imperatorluq Xəzər dənizi sahillərindən tutmuş Volqaboyu, Krım və Qərbi Avropaya qədər uzanan geniş bir ərazini əhatə edirdi. Qədim Bizans, ərəb, gürcü, erməni, yəhudi və b. mənbələrdə haqqında geniş bəhs edilən bu qüdrətli türk dövləti və xalqı haqqında sonrakı tarix yüzillər boyu susmuş, onlar haqqında əhəmiyyətli araşdırmalar daha çox XX əsrdə aparılmağa başlamışdır. Tanınmış sovet arxeoloqu M.İ.Artamanovun elmi araşdırmaları xəzər tarixinə aydınlıq gətirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. “Xəzərlər” (1976) adlı əsərindən parçaları diqqətinizə çatdırdığımız Svetlana Aleksandrovna Pletnyova (1926–2008) da Artamanovun davamçısı olaraq sovet türkoloji elmində orta əsr köçəri türk xalqlarının tarixi və etnoqrafiyasına dair maraqlı əsərlərin müəllifi kimi tanınmışdır. Onlarca qədim mənbəni müqayisəli şəkildə tədqiq etməklə xəzərlərin tarixi, etnoqrafiyası, dili, dövlət quruluşu haqqında qiymətli elmi nəticələr əldə etmiş, təkzibedilməz faktlarla xəzərlərin uzaq minilliklərdən gəlmə bir türk soyu olduğunu sübut etmişdir.

         S.Pletnyovanın köklü türk boyu olan xəzərlərə dərin sevgisi kitabının hər səhifəsində hiss olunur – xəzər kağanından danışanda da, ərəblərlə mübarizəni təsvir edəndə də, dinlərini dəyişdirə-dəyişdirə odla su arasında qaldıqlarından bəhs edəndə də… Bu gün adı tarix səhifələrində, yer-yurd adlarında qalan, yadlar içində yad olub əriyən ulu əcdadlarımız haqqında bilgilər olduqca azdır. Belə bir məsəl var, deyərlər: “Qurd donunu dəyişər, dinini dəyişməz”. Dinini də, donunu da dəyişən, amma xarakterini dəyişməyən xəzərlər bu gün “qaraim”, “kazak” və başqa adlarla yer üzünə səpələniblər. Amma… Amma onların doğma səsi min illərin o başından əks-səda verərək hələ də üstümüzə qayıtmaqdadır...

                                            XƏZƏRLƏR

                                      Xəzərlər özləri haqda

         X əsrin ortalarında Kordova xəlifəsi III Əbdürrəhmanın saray əyanlarından yəhudi Xasday ibn Şafruta haradasa uzaq Şərq çöllərində bir yəhudi dövlətinin varlığı barədə xəbər çatır, onu maraq bürüyür və həmin ölkənin hökmdarına ətraflı bir məktub göndərir.

         Xasday məktubunda bildirir ki, ilk dəfə “İuda” çarlığı barədə xəbəri xorasanlı tacirlərdən eşidib, ancaq “Kustantiniyyə (Bizans) elçiləri” bunu təsdiq edincəyə qədər ona inanmayıb. Onlar danışıblar ki, Xəzər ölkəsiylə Bizans arasında 15 günlük yol var, “aralarındakı quru yolu boyu çoxlu xalqlar məskunlaşıb”, indi bu xalqlar üzərində hökmranlıq edən çarın adı İosifdir. Tacirlər deyirdilər ki, onlar gəmilərlə biz tərəfə gəlir; balıq, gön-dəri və çeşid-çeşid mallar gətirirlər”, “onlar bizimlə dostdur və hamımızın hörmətini qazanıblar”, “bir-birimizə həmişə elçilər və qiymətli hədiyyələr göndəririk, onlar hərbi güc və əzəmət, ordu və qoşun sahibi olduqlarından zaman-zaman müharibələrə girişirlər”.

         Göründüyü kimi, bizanslıların məlumatı tam konkretliyi ilə seçilir, çox da mifik səslənmir. Bunu Xasday da anlayır və bu səbəbdən ilk arzusu xəzərlərə məktubunu onlarla yaxın əlaqədə olan Bizans dövləti vasitəsilə çatdırmaq olur. Ancaq buna baxmayaraq, qiymətli hədiyyələr və məktubu ünvanına çatdırmaq xahişi ilə imperator sarayına gələn Xasdayın elçisi İshaq ben-Natan Kordovaya əliboş dönür. İmperator Xəzər ölkəsiylə aralarındakı istər dəniz, istərsə də quru yolunda səyyahların soyğunçuluğa məruz qaldığını, son dərəcə çətinlik və təhlükələrin olduğunu bəhanə gətirərək Kordova xəlifəsinin təbəəsinə yardım etmək istəmir. Görünür, xristian Bizans avropalı yəhudilərin Xəzər kağanlığıyla hər hansı bir şəkildə yaxınlaşmasına heç bir vəchlə razı olmurdu.

         İnadkar Xasday Xəzər kağanlığıyla Ön Asiya vasitəsilə əlaqə qurmağı qərara alır və belə bir marşrut bəlləyir: Yerusəlimdən Mesopotamiyaya, sonra Ərməniyyəyə, Albaniyaya (Azərbaycan) və oradan da xəzərlərə. Yeni səyahətə hazırlıqların getdiyi bir vaxtda Almaniyadan Kordovaya elçilər və onlarla bərabər iki yəhudi alim gəlir. Bu iki nəfər Xasdayın məktubunu Macarıstan, Rus və Bolqariya üzərindən Xəzər kağanlığına çatdırmağı boynuna götürür. Xəzər kağanının Xasdaya cavab yazdığını nəzərə alsaq, məktubun öz ünvanına çatdığı məlum olur; həm də maraqlıdır ki, cavab məktubunda alman əhalisi “nemes” kimi, yəni slavyanların – rusların onları tanıdığı kimi adlandırılır.

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 4/2018 nömrəsində çap olunub.

DİGƏR MƏQALƏLƏR