MEMUAR - Ernest Heminquey

Orijinaldan tərcümə: Təvəkgül Zeynallı

1899-cu ildə Çikaqo şəhəri yaxınlığındakı Ok-park qəsəbəsində anadan olub.

“Əlvida, silah”, “Əcəl zəngi”, “Kilimancaro qarları”, “Qoca və dəniz” kimi məşhur əsərlərin müəllifi, qısa hekayə ustası kimi tanınır.

         Paris xatirələrindən bəhs edən “Həmişə səninlə olan bayram” əsərini, intihar etməmişdən iki il əvvəl yazmağa başlasa da, kitab ölümündən üç il sonra – 1964-cü ildə işıq üzü görür.

         “Həmişə səninlə olan bayram” əsərində Heminquey ilk həyat yoldaşı Hedli Riçardsonun, onunla bir dövrdə yaşayıb-yaratmış Gertruda Stayn, Skott Fitscerald, Ceyms Coys, Ezra Paund kimi məşhur yazıçı və şairlərin obrazını canlandırmaqla yanaşı, 20-ci illərin Paris həyatını ustalıqla təsvir edir.

            1954-cü ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən yazıçı 1961-ci ildə intihar etməklə həyatına son qoyub.

 

 HƏMİŞƏ SƏNİNLƏ OLAN BAYRAM

  (ixtisarla)

 (əvvəli ötən sayda)

 

Əgər gənclik çağında Parisdə yaşamaq xoşbəxtliyi sənə nəsib olubsa, onda ömrünün sonrakı illərində hara gedirsən get, Paris səninlə qalacaq, çünki Paris, sanki həmişə səninlə olan bayramdır.

                                               Ernest Heminquey

                             Bir dosta yazılan məktubdan, 1950

Ezra Paund və onun “Böyük İstedad”ı

        

Ezra Paund yaxşı dost idi və mənim üçün həmişə yaxşı dost olaraq da qaldı. O, həmişə kiməsə xeyirxahlıq etməyə çalışırdı. Gertruda Staynın emalatxanası nə qədər zəngin və dəbdəbəli idisə, Ezra Paundun Notr-Dam-de-Şam küçəsində həyat yoldaşı Dorosi ilə birgə yaşadığı emalatxanası o qədər kasıb və sadə idi. Küncdəki soba emalatxananı yaxşı isidirdi; içəri işıqlı idi və burada Ezranın tanıdığı yapon rəssamlarının çoxlu əsərləri qoyulmuşdu. Bu rəssamlar öz vətənlərində kübar insanlar sayılırdı. Onlar təzim eləyəndə uzun, qara və parıltılı saçları gözlərinin üstünə tökülürdü. Öz görkəmləriylə onlar məndə yaxşı təəssürat yaratmışdılar, amma əsərlərini xoşlamırdım. Bu əsərləri başa düşə bilmirdim, ancaq çox mücərrəd də deyildi. Başa düşəndə isə məndə heç bir hiss oyatmadı, buna təəssüflənsəm də, əlimdən heç nə gəlmirdi.

         Dorosinin əsərlərini isə çox bəyənirdim. Özü də qəşəng idi, gözəl əndamı vardı. Ezranın Qodye-Brzeska tərəfindən düzəldilən büstü də xoşuma gəlirdi, bu memarın digər əsərlərini Ezranın mənə göstərdiyi şəkillərdə və Brzeska haqqında yazdığı kitabda görmüş, hamısını da bəyənmişdim. Ezra, Pikabyanın əsərlərini də xoşlayırdı, amma o vaxt mən onları dəyərsiz hesab eləyirdim. Vindham Luisin əsərlərini də bəyənmirdim, Ezra isə onları çox xoşlayırdı. O, öz dostlarının əsərlərini həmişə tərifləyirdi. Bu isə dostluğa sadiqlik mənasında yaxşı bir şey olsa da, doğru mühakimə yürütmək baxımından faciəvi yanaşma idi. Bu məsələlərlə bağlı biz heç vaxt mübahisə etmirdik, çünki xoşlamadığım əsərlər haqqında müzakirə gedəndə həmişə susmağa üstünlük verirdim. Belə hesab eləyirdim ki, dostların rəsm əsərinə, yaxud yazısına sevgi ailəyə olan sevgidən bir elə də fərqlənmir və deməli, onları tənqid eləmək nəzakətsizlikdir. Öz doğmaların, ya arvadının yaxınları haqqında nəsə xoşagəlməz bir söz deməyə bəzən çəkinirsən, xeyli tərəddüd edirsən, yollar axtarırsan. Ancaq pis rəssamlarla məsələ daha asandır, çünki doğmalarından fərqli olaraq, onların dedikləri səni elə də ağrıtmır. Xoşuna gəlməyən rəssamla bağlı edə biləcəyin ən asan şey onun əsərlərinə baxma­maq­dır. Amma eyni şeyi ailəyə qarşı eləyəndə, onlardan sevgini əsirgəyəndə, dediklərinə fikir verməyəndə, yazdıqları məktubu cavablandırmayan­da arada inciklik yaranır. Ezra insanlara qarşı məndən daha mehriban idi, onlarla əsl xristian kimi davranırdı. Bəzən öz yazıları da son dərəcə mükəmməl alınırdı. Səhvlərində isə çox səmimi idi, insanlarla elə mehriban davranırdı ki, onun müqəddəs bir varlıq olduğunu düşünürdüm. O həm də çılğın bir adamdı, amma, güman ki, müqəddəslər də bu cür çılğınlıqdan xali deyildilər.

         Ezra ona boks öyrətməyimi istəyirdi. Vindhem Luisi də ilk dəfə bir axşam Ezranın emalatxanasında məşq etdiyimiz vaxt gördüm. Ezra məşqlərə təzə başlamışdı, hələ naşı idi və istəmirdim ki, tanıdığı hansısa adamın qarşısında onu çox çətinə salım, ona görə də əlimdən gəldiyi qədər onun yaxşı görünməsinə çalışırdım.

         Vindhem Luis məhəllədəki digər adamlar kimi, başına enli, qara şlyapa qoymuş, “Boheme” operasının qəhrəmanları sayaq geyinmişdi. Sifəti mənə qurbağanı xatırladırdı. Amma qurbağanın iri “bulfroq” növünü yox, adi bir qurbağanı. Və mənə elə gəlirdi ki, Paris onun üçün həddən artıq böyük bir gölməçədir. O vaxtlar düşünürdük ki, hər hansı yazıçı və ya rəssam necə istəsə, geyinə bilər, incəsənət adamı üçün rəsmi bir geyim forması yoxdur. Amma Luisin geyimi müharibədən əvvəlki rəssamların formasını xatırladırdı. Ona baxdıqca xəcalət hissi keçirirdin. O isə bizi süzməyə davam edir, Ezranın sol yumruq zərbələrindən yayınmağıma və sağ əlimi açıb bu zərbələri açıq əlcəyimlə dəf etməyimə təkəbbürlə baxırdı.



Ezra Paund (1885–1972) – mühacir Amerika şairi. Poetik hərəkatın geniş vüsət almasında böyük rolu olmuş və dostları ilə birgə “imagizm”in əsasını qoymuşdur.

Dorosi Şekspir (1886–1973) – yazıçı Olivia Şekspirin qızı və Ezra Paundun həyat yoldaşı olan ingilis rəssam

Vindhem Luis (1882–1957) – ingilis rəssam, yazıçı və tənqidçi. İncəsənətdə “vortisizm” hərəkatının əsasını qoyanlardan biri kimi tanınır.

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 4/2018 nömrəsində çap olunub.

 

 

 

DİGƏR MƏQALƏLƏR