TEATR - HENRİ FİLDİNQ

Tərcümə: Elçin

                                                                    MAARİFÇİLİYİN KLASSİKİ

                                                           Henri Fildinq haqqında bir neçə söz

Mən Fildinqin “Gizlincə atılmış məktublar və yaxud arvadı evdə saxlamağın yeni üsulu” fars-komediyasını tərcümə etmək istəyəndə müəllifiylə maraqlandım və məlum oldu ki, onun, yəni Henri Fildinqin heç bir əsəri Azərbaycan dilinə tərcümə edilməyib. Halbuki bu yazıçı nəinki XVIII əsr ingilis ədəbiyyatının, ümumiyyətlə, XVIII əsr Avropa ədəbiyyatının (maarifçiliyinin) böyük nümayəndə­lə­rin­dən biridir.

         Məlumdur ki, XVII əsrin sonlarından etibarən feodalizm Avropanın inkişafında bir mərhələ kimi öz missiyasını bitirməyə başladı və maarifçilik sürətlə inkişaf etdi, yayıldı. Fransada Didro, Volter, Russo, Bomarşe, Monteskye, Lesaj, Abbat Prevo, İngiltərədə Svift, Defo, Smollett, Stern, Almaniyada Lessinq, Şiller, gənc Höte, İtaliyada Qaldoni, Qotsi kimi yazıçılar Avropa ədəbiyyatına daha artıq bir mövzu zənginliyi və janr müxtəlifliyi gətirərək, maarifçi ədəbiyyatın bədii-estetik və ictimai-fəlsəfi baxımdan güclü özülünü yaratdılar. Bu dövrdə “Robinzon Kruzo”, “Qulliver”, “Fars məktubları”, “Manon Lesko” və digər bəşəri əhəmiyyətli əsərlər yarandı və bu əsərlərdən biri də Fildinqin mənəvi-fəlsəfi dərinliyi ilə seçilən, maarifçilik ənənələrini təcəssüm və inkişaf etdirən “Tom Cons” (tam adı: “Çağa ikən atılmış Tom Consun tarixçəsi”) romanı idi.

         “Tom Cons” Avropa realist roman janrının təməlini qoymuş əsərlərdən biri idi və yadıma gəlir, 1960-cı illərin ikinci yarısında, aspirant olduğum vaxtlar Şuşanın açıq yay kinoteatrında İlyas Əfəndiyevlə birlikdə ingilislərin çəkdiyi “Tom Cons” filminə baxmışdıq. Film İlyas Əfəndiyevin xoşuna gəlməmişdi, çünki Tomun səmimiyyəti, rəhmdilliyi, onun daxili aləmini səciyyələndirən mərhəmət hissi filmdə üzdən, birbaşa (müstəqim) verilmişdi, rejissor – adı yadımdan çıxıb – romandakı bədii-psixoloji dərinliyə vara bilməmişdi, halbuki elə həmin dərinliyə görə də bu əsər “Robinzon Kruzo” kimi başqa əsərlərlə birlikdə, yuxarıda dediyim kimi, realist roman janrının əsasını qoymuşdu.

         Olduqca məhsuldar bir qələm sahibi olan – yalnız elə 1728–1743-cü illər arasında – 15 ildə 26 pyes (!) yazmış Henri Fildinqin yaradıcılığı çoxcəhətli və çoxsahəlidir: romanlar, komediyalar, traktatlar, pamfletlər, parodiyalar, jurnalistika və bura onu da əlavə etsək ki, o, nüfuzlu bir hüquqşünas, vəkil, hakim və nəhayət, Londonun Baş hakimi idi, məhkəmə sistemində “böyük humanist” kimi məşhurlaş­mış­dı, İngiltərədə polis sisteminin yaradılması onun adı ilə bağlıdır, general rütbəsi almışdı – cəmi 47 il (1707–1754) yaşamış bu insanın yaradıcılığının və həyatının nə dərəcədə zəngin olduğu barədə, güman edirəm ki, təsəvvür yaranır.

         Düzdür, Fildinqin komediyalarını Şekspirin, Molyerin, Lope de Veqanın ko­me­di­ya­­la­­rı ilə müqayisə etmək hissə qapılmaq olar, o, bir dramaturq kimi, bəlkə, öz müasirləri Bomarşe, Şiller, Qaldoni, Qotsi sırasında da deyil, ancaq Fildinq satirası, gülüşü, yaradıcılığında sosial ifşa motivləri, cəmiyyətin naqisliklərinə qarşı mübarizədə Fildinq cəsarəti bu günün özündə də ciddi bədii-emosional təsir gücünə malikdir və təsəvvür edin ki, hələ otuz yaşına çatmamış Fildinqin farslarında puritan maskası taxmış kübar burjua cəmiyyətindəki riyakarlığı, ikiüzlülüyü, dövlətin idarəçiliyindəki qüsurları konkret ünvanlı satirası ilə açıb-göstərdiyinə görə bu farslar bir müddət qadağan edilmiş, sonra isə hökuməti “Teatr senzurası haqqında qanun” qəbul etməyə məcbur etmişdi.

         Fildinq dramaturgiyasının qəhrəmanları gənc qadınlardan tutmuş qoca kişilərəcən, zadəganlardan tutmuş nökərlərəcən, kübar xanımlardan tutmuş fahişələrəcən, yüksək rütbəli hakimlərdən tutmuş əsgərlərəcən müxtəlif sosial sinif nümayəndələri idi və bu, ona imkan verirdi ki, bir-birindən seçilən xarakterlər qalereyası yaratsın.

Bütün bunlara görə də əsrlər bir-birini əvəz edir, Fildinq dramaturgiyası isə aktuallığını itirmir, ancaq bu yazıçının romanlarından, ilk növbədə isə, əlbəttə, “Tom Cons”dan fərqli olaraq, dramaturgiyası unudulmaqdadır və bu unutqanlığı (o cümlədən komediyalarının, ümumiyyətlə, heç bir əsərinin Azərbaycan dilinə çevrilməməsini) mən, əgər belə demək olarsa, “ədəbi bəxtin” gətirməməsi kimi qəbul edirəm.

Dünya ədəbiyyatı tarixində (ümumiyyətlə, sənət tarixində) bu tipli hadisələr (“ədəbi bəxtsizlik”!) az olmayıb, ancaq orası da var ki, bəzən bu unudulanlar zaman keçdikcə yenidən kəşf olunur və onların yaradıcılığı ikinci (və şərəfli!) sənət ömrü yaşayır.

         Mən tərcümə üçün “Gizlincə atılmış məktublar və yaxud arvadı evdə saxlamağın yeni üsulu” komediyasını ona görə seçdim ki, bu əsəri Fildinq dramaturgiyasının səciyyəvi nümunələrindən biri hesab edirəm və buradakı satira ümumilikdə konkret ünvanlı Fildinq satirası haqqında, yəqin ki, ümumiləşdirilmiş bir bilgi verə bilir.

         Baxın, kübar burjua cəmiyyətində əxlaq pozğunluğunun baş alıb getdiyi bir vaxtda – 1726-cı ildə Londonda “İnsanın əxlaqi borcu” adlı anonim traktat nəşr olunur və elə əxlaqsız cəmiyyətin özü bu kitabı üzdə yüksək qiymətləndirir. Fildinqin bu komediyadakı qəhrəmanı və əxlaq baxımından gözükölgəli olan Reykl qəflətən əri evə qayıdan aşnasının yataq otağında gizlənərək, darıxmasın deyə, “İnsanın əxlaqi borcu”nu oxuyur – bu, məncə, həmin pozğun cəmiyyətin ikiüzlülüyünü bədii-estetik baxımdan yaxşı ifadə edən kiçik bir epizoddur.

         Cəmiyyət o dərəcədə pozulub, sevgi ilə xəyanət o qədər bir-birinə qarışıb ki, aşna öz sevgilisindən məhəbbət macəralarını nəinki gizlətmir, əksinə, ərli qadın olan sevgilisi ilə gizli görüşə gələrkən o macəralarla qürurlanır. Elə həmin Reyklin missis Uizdomla bu dialoquna fikir verin: aşnasının qorxmadan bu gizli görüşə gəldiyi üçün qadının: “Belə görürəm, siz qorxaq adam deyilsiz, təhlükələr sizi qorxutmur”, – sözlərinə aşnanın cavabı: “Bu cür təhlükələrə elə öyrəşmişəm ki, heç fikir də vermirəm. Yeniyetməliyimdən sonra mən bu dünyadakı bütün ərlərə müharibə elan etmişəm.

         MİSSİS UİZDOM. Daha doğrusu, onların xanımlarına.

         REYKL. Nə danışırsız, xanım? Mənim təsəvvürümdə qadın bir qaladır, əri isə – bu qalanı zəbt etmiş qəsbkar! Mən çalışıram onu o qaladan çıxarım, ancaq ona görə yox ki, orada qan tökmək, qırğın törətmək, ya da içəri qırmızı xoruz buraxıb, hamını qorxutmaq istəyirəm. O qəsbkarı qaladan çıxarıb, sülhlə, əmin-amanlıqla həmin qalaya daxil oluram. Beləliklə də, xanım, əgər etiraz etmirsizsə, yataq otağına keçək.

         MİSSİS UİZDOM (bərkdən gülərək). Nə üçün? “İnsanın əxlaqi borcu”nu oxumaq üçün? Ha-ha-ha!..”

         Bu isə, Fildinqin birbaşa vurduğu siyasi-ictimai şapalaqdır. Pyesin başqa bir qəhrəmanı Kommons London fahişələri ilə ünsiyyət yaradanda: “Lordlar belə tanışlıqdan iyrənmir”, – deyir və bu, o zaman idi ki, ən varlı, adlı-sanlı zümrə nümayəndələri olan lordlar, əslində, ölkəni idarə edirdilər.

         Yaxud da nökər Con həmkarına tövsiyə edir: “Centlmen kimi oğurluq etmək istəyirsənsə, dostları satmağı öyrən!” və hakimiyyətin nümayəndəsi olan məhkəmə məmuru da: “Satqınlığa görə mükafat da alarsan!” – deyə onu şirnikləndirir.

         Hakim nökər Riski məhkəmədə ağasının üzünə durmağa və yalandan and içməyə təhrik edir və Risk də razı olaraq hakimə deyir: “Cənabınız məni bağışlasın, ancaq indi birdən-birə vicdan əzabı çəkməyə başladım. Eşitmişəm ki, siz cürbəcür dələduzları, avaraları tapıb, adamların üzünə durğuzursuz, ancaq sonra onların pulunu ödəməyi o qədər də xoşlamırsız. Ona görə də istərdim ki, mənimlə bəri başdan hesablaşasınız, çünki bu iş də həmin işlərdən biridir”.

         Pyesdə yazıçı və cəmiyyət münasibətləri baxımından bu tipli atmacalarla, ikibaşlı sözlərlə, rişxəndlə, parodiyalarla tez-tez rastlaşırsan.

         Bir cəhəti də qeyd etmək istəyirəm ki, Fildinqin qəhrəmanları o dövrün etiketinə görə pafosla, təmtəraqla danışırlar və əlbəttə, tərcümə zamanı bu nitqi sadələşdirsən, yəni həmin pafosu, təmtərağı götürsən, dövrün koloritini xeyli dərəcədə azaltmış olacaqsan.

         Ümumiyyətlə, deməliyəm ki, xarici ədəbiyyatı rus dilindən tərcümə etdikdə diqqətli olmaq lazımdır, çünki bu – tərcümənin tərcüməsidir və birinci tərcüməçi (orijinaldan rus dilinə çevirən) harada səhv edibsə, onu hiss etmək, orijinaldakı məqamı öyrənmək lazım olur ki, o səhvi təkrar etməyəsən.

         Bu kiçik yazının sonunda oxucuları Henri Fildinqin məşhur fikirlərindən (kəlamlarından) bir neçəsi ilə də tanış etmək istəyirəm:

         “Böhtan şpaqadan daha dəhşətli bir silahdır”.

         “Qəlbimizi məhv edən öldürücü zəhər paxıllıqdır, qibtədir, həsəddir”.

         “Əgər “mənimki”, “səninki” anlayışları olmasaydı, indi dünyada ümumbəşə­ri sülh hökmranlıq edərdi”.

         “Bütün bədbəxtliklər zamanı ən böyük təsəlli odur ki, heç bir düşmən sənin vicdanını əlindən almaq iqtidarında deyil”.

         “Dövlət qanunları ilə bərabər, vicdan qanunları da var və bu vicdan qanunları dövlət qanunlarındakı çatışmazlıqları əvəz edir”.

         “Xoşbəxt o insandır ki, özünü xoşbəxt hesab edir”.

         “Riyakar dost ən qorxulu düşməndir”.

 

 

 E L Ç İ N

21 avqust 2018

Bodrum

 

                HENRİ FİLDİNQ

 GİZLİNCƏ ATILMIŞ MƏKTUBLAR  VƏ YAXUD  ARVADI EVDƏ SAXLAMAĞIN YENİ ÜSULU                        

(Üçpərdəli fars)

 

İŞTİRAK EDİRLƏR

Reykl (Tom)

Kommons

Mister Uizdom

Mister Softli

Risk

Con

Sniksbi

Missis Uizdom

Missis Softli

Betti

Birinci şortu qadın

İkinci şortu qadın

Birinci skripkaçı

İkinci skripkaçı

Konstebl

Xidmətçi (klerk)

Məşəlçi

 

 B İ R İ N C İ   P Ə R D Ə

 BİRİNCİ GƏLİŞ

         Küçə.

         Reykl, Risk.

         REYKL (məktub oxuyur). “Ser! Sonuncu dəfə siz özünüzü elə apardınız ki, bir də heç vaxt sizinlə görüşməyəcəyimə qərar verməyə məcbur oldum. Və siz bir də haçansa bizim evimizə girə bilsəniz, bu, mənim istəyimin əksinə olacaq. Ümid edirəm ki, bir zamanlar tanış olduğunuz Lukresiya Softlini həmişəlik yaddan çıxaracaqsınız”. Deməli, deyirsən ki, bu məktubu pəncərədən atıblar?

         RİSK. Bəli, ser. Mən o yaramaz Süzenə baxan kimi başa düşdüm ki, sizi yaxşı xəbər gözləmir. Mən qulluqçunun sifətindən oxuyuram ki, xanımın əhval-ruhiyyəsi necədi.

REYKL. Yaxşı da… Ümid edək ki, başqa tapşırıqları yerinə yetirəndə bəxti­miz gətirəcək. Bu məktubu missis Uizdoma apar, cavabını da gətir. Səni burda gözləyəcəyəm.

RİSK. Amma, ser…

REYKL. Yenə nədi, əzizim?

RİSK. Ser, bu işin axırı adyalla atılmağa gətirib çıxara bilər, amma mən acqarına belə bir təhlükə ilə üzləşmək həvəsində deyiləm.

REYKL. Lənət şeytana! Səni elə atıb-tutacaqlarsa, mədən dolu olmasa yaxşıdı! Səninki ancaq yeyib-içməkdi, bütün fikrin-zikrin qarnındadı.

RİSK. Bunda qəribə bir şey yoxdu, ser: mən həmişə acam. Nə qədər ki, sizin denşikiniz idim, yaxşı yeyib-içməyə iddiam yox idi. Amma bir halda ki, məni həm də aradüzəldən etmisiz, gərək həyatım dəyişsin. Fikirləşəndə adamın az qalır ürəyi dayansın: bütün günü ora-bura qaçırsan, özün də acından ancaq dırnaqlarını çeynəyirsən, elə bil əldən düşüb, tamam üzülmüş skeletsən. Amma mənim başqa əsilzadələrə xidmət edən o yağlı həmkarlarım şəxsi karetlərində gəzirlər.

REYKL. Mənə istədiyim cavabı gətir, onda…

RİSK. Nəsə vəd etməyin, ser, əgər nəsə vəd etsəz, əvvəldən bilirəm ki, heç nə olmayacaq. Sizin var-dövlətiniz də vədləriniz kimi olsaydı, mənə hər həftə indikindən iki-üç dəfə artıq nahar verərdilər.

REYKL. Yaxşısı budur, işinlə məşğul ol!

Risk gedir.

Vətənimiz üçün bir xoşbəxtlikdir ki, bu dələduz əvvəlki ağasından qaçıb. Yoxsa ki, buna şəhər təsərrüfatını tapşırsan, elə zərər vurar ki, heç şəhərdəki bir alay əsgər də elə zərər vura bilməz.

 


“Don Kixot”dakı məşhur epizoda işarədir.

Denşik – zabitə xidmət edən əsgər

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 4/2018 nömrəsində çap olunub.

 

 

DİGƏR MƏQALƏLƏR