TÜRK DÜNYASI - LALƏ MÜLDÜR

TÜRK DÜNYASI

Azərbaycan dilinə uyğunlaşdırdı: Əhməd Oğuz

 

 LALƏ MÜLDÜR


1956-cı ildə anadan olub. Robert kollecini bitirib. Florensiyada təhsil alıb, daha sonra İngiltərədə Mançester Universitetinin ədəbiyyat sosiologiyası fakültəsini bitirib. Bir neçə il Belçikada yaşayıb. Şeirləri bir sıra xarici dillərə çevrilib. “Uzaq fırtına”, “Quzey dəftəri”, “Divanü Lüğət-it-Türk”, “Günəş tutulması” kitablarının müəllifidir.                                                                                 

 

 SƏNİ QOYUB GEDİRƏM

                              

Səni qoyub gedirəm səməndər əllərimlə

səni qoyub gedirəm

səni qoyub gedirəm

divarlarda qurudulan mavi gül əllərimlə

içimdəki sulara

içimdəki qamışlığa

içimdəki bataqlıqlara

 

səni qoyub gedirəm

səni qoyub gedirəm özünə dalmış

qollarımın anarxist gözəlliyiylə

içimdəki yosun yaşılı sulara

içimdəki qorxulu sahillərə

içimdəki qara işığa

 

səni qoyub gedirəm

səni yatıracağam əllərimdə

cökə yarpağı kimi

səni yatıracağam sinəm üstdə

bənövşələr kimi

səni yatıracağam gözlərimdə

yağış suyu kimi...

 

DESTİNA

Gecə sən yuxudaykən

Adını pıçıldadım

Və heyvanların qorxulu

hekayətlərini danışdım.

 

Gecə sən yuxudaykən

Çiçəklərə su verdim

Və insanların qorxulu

Hekayətlərini danışdım onlara

 

Gecə sən yuxudaykən

Ürəyim ulduz kimi bağlandı sənə

Buna görə məhz bax buna görə

Yeni ad verdim sənə

Destina.

 

Sən elə etinasız yatsan da bir küncdə

Buna görə məhz bax buna görə

Həyatdan çox ölümə yaxın olduğun üçün

Səni bu cür yıxdıqları üçün

Destina

Həyatımın sirrini verəcəyəm sənə…

 

 

HEYDƏR ƏRGÜLƏN

1956-cı ildə Əskişəhərdə anadan olub. Orta Doğu Texniki Universitetinin sosial elmlər fakültəsini bitirib. Anadolu Universitetində dərs deyib. Hazırda Bağçaşəhər Universitetində çalışır. “Cavabını tapmayan suallar”, “Sirat şeirləri”, “40 şeir və bir”, “Ölüm bir skandal”, “Zərf” kitablarının müəllifidir.

                                       

 KÖLGƏSİ

                                             

Olmaq istəyirəm

su içən səsin,

yeriyən sözün,

düşünən əlin,

öpüşən gözün,

ya da kölgəsi!..

 

MAVİ KEÇDİ…

 

Yayın o gözəl çağı,

yadındamı, sanki göy üzündə oturmuşduq…

 

Səni öpmək göy üzünü öpmək kimi

mavi bir şey idi…

 

Gənclik elə bir yaydı ki,

nə yurd, nə ev, nə otaq,

yalnız göy üzü

yetər insana.

 

Biz səninlə göy üzündə

çox oturduq

gəncliyimiz

çox mavi keçdi…

Çox!

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 2/2018 nömrəsində çap olunub.

 

DİGƏR MƏQALƏLƏR