BAŞ REDAKTOR: AFAQ MƏSUD

Afaq Məsud - yazıçı, dramaturq, əməkdar incəsənət xadimi, Rusiyanın Elm və İncəsənət Pyotr Akademiyasının PANİ həqiqi üzvü, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru.


1957-ci ilin 3 iyununda Bakıda anadan olub. 1979-cu ildə BDU-nun jurnalistika fakültəsini bitirib. 1979-1986-cı illərdə "Azərbaycanfilm" kinostudiyasında redaktor, redkollegiyanın üzvü, 1986-1988-ci illərdə "Azərbaycantelefilm"in direktoru vəzifələrində çalışıb. 1989-2014-cü illərdə Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, "Xəzər" dünya ədəbiyyatı jurnalının baş redaktoru işləyib.


Əsasən, romanlar və hekayələr müəllifi kimi tanınır. Əsərləri rus, ingilis, fransız, alman, özbək dillərinə tərcümə və nəşr edilib.


Q.Q.Markesin "Patriarxın payızı", T.Vulfun "Dünyanın hörümçək toru" romanlarını, qədim sufi əlyazmalarını - M.Nəsəfinin "Mövcudluq haqqında həqiqət", Ə.Qəzalinin "Səadət iksiri", "Oğluma məktub", "İlahi bilik", İbn Ərəbinin "Məkkə açıqlamaları", Cəlaləddin Ruminin və digər sufi mütəfəkkirlərinin əsərlərini azərbaycan dilinə tərcümə edib.


"Can üstə", "O, məni sevir", "Yol üstə", "Qatarın altına atılan qadın", "Kərbəla" pyeslərinin müəllifidir. "Can üstə", "O məni sevir" əsəri "Yuğ" Dövlət teatrında, "Qatarın altına atılan qadın" Milli Akademik Dram teatırında tamaşaya qoyulub. Əsərləri əsasında "Sərçələr", "Qonaqlıq", "Gecə", "Cəza", "Dovşanın ölümü" televiziya filmləri çəkilib.


2000-ci ildə Vyana Universitetində A.Məsudun yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan. "Avropa şərqşünaslığında qadın yazarlar").


"Humay" Milli Akademiyası mükafatı laureatıdır.


16 may 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. "Xəzər" dünya ədəbiyyatı jurnalının baş redaktorudur.


Kitabları


Üçüncü mərtəbədə. Bakı: Gənclik, 1971, 104 səh.
Şənbə gecəsi. Bakı: Yazıçı, 1984, 192 səh.
Субботний вечер. Москва: 1984.
Keçid (povest və hekayələr). Bakı: Yazıçı, 1988, 229 səh.
Tək. Bakı: Gənclik, 1992, 365 səh.
İzdiham. Bakı: Azərbaycan Tərcümə Mərkəzi, 210 səh.
Azadlıq (roman, esse, hekayə). Bakı: Azərbaycan Tərcümə Mərkəzi, 1997, 500 səh.
Yazı. Bakı: Qanun, 2004, 350 səh.
Seçilmiş əsərləri, 1-ci cild. Bakı: Elm və təhsil, 2012, 592 səh.
Seçilmiş əsərləri, 2-ci cild. Bakı: Elm və təhsil, 2012, 584 səh.