DANİMARKA NƏSRİ - Hans Kristian Branner

 

DANİMARKA NƏSRİ

Hans Kristian Branner

Tərcümə: Saday Budaqlı

 

1903-cü ildə Danimarkanın Ordrup şəhərində doğulub.

Ədəbiyyata gəlməmişdən əvvəl teatrda və nəşriyyatda işləyib. Ziqmund Freydin nəzəriyyəsinə marağı yaradıcılığına təsirsiz ötüşməyib.

1936-cı ildə nəşr etdirdiyi “Oyuncaqlar” romanı ilə tanınıb.

“Hamı gecələrdən xəbərsizdir” (1955) romanı ən məşhur əsəri sayılır. “Biz tezliklə yox olacağıq” (1939), “İki saniyə sükut” (1944), “Ariel” (1963) novella kitablarının, bir sıra radio və televiziya pyeslərinin müəllifidir.

1966-cı ildə Kopenhagendə vəfat edib.

Yazıçı və qız

(hekayə)

Yazıçı kitab yazmaq istəyirdi, ancaq qələmi əlinə götürməzdən əvvəl gərək ətrafında və öz içində baş verənlərin – bütün varlığın əzəli mahiyyətinin fərqinə varaydı. Bunu ağılla dərk etməyə çalışaraq qışda qalmaq üçün kirayələdiyi mebelli otaqda gəzişir, nə qədər düşünsə də, heç nə alınmırdı. Otağın divarlarından ev sahibəsinin qoyub getdiyi fotoşəkillər asılmışdı: qadın onları özü ilə aparmaq istəməmişdi. Həmişə üzünə zillənən bu baxışları hiss etmək düşünməyinə mane olurdu – həmin adamların kim olduğunu bilmirdi, onları heç vaxt görməmişdi və görməyəcəkdi də. Pəncərədən bayıra baxdı: ağaclar və çöl – xaçaoxşar çərçivədə solğun tablo; bu yerlər ona yad gəlirdi, burada heç vaxt olmamışdı və heç vaxt da olmayacaqdı.

Kitabxanaya gedib evə bir qalaq kitabla qayıtdı. Oturub oxudu, oxuduqları barədə fikirləşdi. Kitablarda maraqlı şeylər tapdı, ancaq varlığın əzəli mahiyyəti haqqında onlarda heç nə yoxdu; hərflər oynaşıb tədricən cızmaqaraya döndü, beyni qarmaqarışıq səslərlə doldu. Onda yazıçı gözlərini yumub özünü xəyalların ixtiyarına verdi; keçmiş və gələcək gözlərinə rəngbərəng pərdətək göründü, küçədəki külək, ayaq səsləri sap kimi bu pərdəyə hörülmüşdü. Yazıçı hər dəfə gözünü açanda zəiflik hiss eləyir, başı fırlanırdı; sanki torpağa basdırılmış dirəkdi, tərpənəsi halda deyildi. Nəhayət, soyunub yatağa uzandı.

Az qala, bütün günü yatırdı, yalnız hərdən oyanırdı ki, ev sahibəsinin gətirdiyini yesin. Ancaq qadın onunla danışmaq istəyəndə cavab vermirdi – dinib-danışmırdı, ayaqlarını qarnına yığıb, üzü divara tərəf ölü kimi uzanırdı.

Bir səhər pəncərədəki gün işığının qeyri-adi parıltısı onu ayağa qalxıb geyinməyə məcbur etdi. Günəşin şəfəqləri gözlərini qamaşdırdı; o zəif idi, ayaq üstündə zorla dururdu, buna baxmayaraq, evdən çıxıb hara gəldi getdi. Müəyyən bir məqsədi yox idi. Artıq ümidsizlik hiss eləmirdi, amma heç nəyə sevinmirdi də – heç nə hiss eləmir, heç nə düşünmür, heç nə arzulamırdı. Meşəyə girdi, budaqlardan birini qırıb özünə əlağacı elədi, əlinə alanda isə budağın canlandığını, ona yol göstərə-göstərə irəli apardığını hiss elədi; onu ağaclara vurur, otlara toxundurur, torpaqda eyni işarəni çəkirdi. Yazıçı dayanıb, təəccüblə uzun-uzadı bu işarəyə tamaşa eləyirdi.

Və bu yerdə qızı gördü. Bir az aralıda, cığırın talaya çıxdığı yerdə qız gözünə dəyib, dərhal da ağacların sıxlığında yoxa çıxdı. Günəş şüalarından toxunmuş xəyal kimi görünüb qeyb oldu və əgər yazıçı qızı əvvəldən tanımasaydı, onun canlı olduğuna, onu gerçəkdən gördüyünə heç vaxt inanmazdı. Ancaq qızla tanış idi, adını da bilirdi.

– Kora, – dedi və günəşin, küləyin, əlindəki budağın bir anlığa donub qaldığını sezdi; ürəyi də dayandı, gözqamaşdırıcı işıqla dolub, göylərə yüksəldi.

Axı o – Kora idi, hələ uşaq vaxtı sevdiyi, arzuladığı Kora; saçları, gözləri – hər şey ona bütün xırdalığına qədər tanış idi. Əlbəttə, dəyişmişdi, böyümüşdü, ancaq özü də dəyişmişdi, ona görə bunda qəribə heç nə görmürdü.

– Kora, – təkrar elədi və ürəyi elə bərk-bərk döyündü ki, aləm gözündə qaraldı, əlağacına söykənib cığıra çökdü.

Elə duyğulandı ki, özünü saxlaya bilmədi – sinəsindən inilti qopdu. Əlağacının tumurcuqladığını yenicə gördü, quşların cəh-cəhini eşitdi, otların qoxusunu, torpağın ətrini duydu. Ancaq təkcə Koranı fikirləşirdi, ətrafdakı hər şey onun varlığının vur-tut bir hissəsiydi. Sanki onu – saçlarının ətrini, paltarının rənglərini, səsini, yerişini dünyada hər şeydən yaxşı tanıyırdı. Oturub qızın arxasında itdiyi ağaclardan gözünü çəkmirdi, istəyirdi sıçrayıb arxasınca qaçsın. Ancaq cəsarəti çatmırdı, onu hürküdəcəyindən qorxur, ətrafda hər şeyin ona qızın gözü ilə baxdığı, onunla qızın səsi ilə danışdığı bu sevinc dolu həsrətin ömrünü uzatmaq istəyirdi. Axı hara tələsirdi ki? Axı yenə qarşılaşacaqlarını bilirdi.

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 2/2018 nömrəsində çap olunub.

 

 

DİGƏR MƏQALƏLƏR