YADDAŞ - Vasili Radlov

YADDAŞ

Vasili Radlov

Tərcümə: Əhməd Oğuz

 

Vasili Vasilyeviç Radlov (Wilhelm Radloff) 1837-ci ilin 17 yanvarında Berlində doğulub. Berlin Universitetinin dilçilik və fəlsəfə fakültəsində oxuyub. Müqayisəli dilçilik məktəbinin yaradıcısı Frans Bopp və başqa məşhur dilçilərdən dərs alıb.

Gənc yaşlarında dövrünün tanınmış dilçisi Vilhelm Şottun təsiriylə şərqşünaslıq elminin o vaxta qədər çox az öyrənilmiş türkologiya sahəsində araşdırmalar aparmağa başlayıb.

Mirzə Kazım bəy, İ.N.Berezin, V.P.Vasilyev, A.V.Popov kimi tanınmış alimlərin çalışdığı Peterburq Universitetində yenicə açılmış Şərq fakültəsində elmi axtarışlarını davam etdirmək üçün 1858-ci ildə Rusiyaya gəlib. Rus təbəəliyini qəbul edib. Beləliklə, əslən alman olan Wilhelm Radloff rus türkoloqu Vasili Vasilyeviç Radlov kimi tanınmağa başlayıb.

Sibir türklərinin milli özəlliklərini (dil, etnoqrafiya, folklor…) tədqiq etmək üçün 1859–71-ci illər arasında 12 il Sibirin müxtəlif bölgələrində yaşayıb.

1872-ci ildən 12 il Kazan Universitetində çalışıb, 1884-cü ildən Elmlər Akademiyasına üzv seçilərək Peterburqa qayıdıb. 12 may 1918-ci ildə Peterburqda vəfat edib.

81 illik ömrünün 60 ilini sevə-sevə həsr etdiyi türkologiya elminin Radlov üçün nə demək olduğunu böyük alim özü belə ifadə edib: “Həyatım boyu yeni bir elmin – türkologiyanın yaranmasına çalışdım, gücüm yetdiyi qədər bu elmin inkişafına xidmət etdim. Bu mənada mənim çalışmalarımı türkologiyanın təməl daşı hesab etmək daha düzgün olar”.

                                     

                                         SİBİRDƏN

                                          (ixtisarla)

         …Yer üzündəki heç bir dil ailəsi türk dili qədər geniş yayılmamışdır. Afrikanın şimal-şərq bölgəsindən Türkiyəyə və Rusiyanın cənub-şərqindən Sibirin güneyinə və Qobi çölünün içərilərinə qədər türkcə danışan qövmlər yaşamaqdadır. Onların böyük bir qismi islamı qəbul etdikdən sonra digər millətlərin, xüsusən də din qardaşları olan ərəb və farsların təsiri altında qalmışlar. Bu təsiri daha çox ədəbi əsərlərdə görmək mümkündür. Onlar ancaq dillərinə uymayan ərəb əlifbasını götürməklə kifayətlənməmiş, onların dillərindən minlərcə kəlməni də alaraq elə bir yazı dili meydana gətirmişlər ki, bunu rəngbərəng yamaqlarla dolu bir paltara bənzətmək olar. Bu yazı dili türk millətinin mədəni səviyyəsini yüksəltmək əvəzinə, onu inkişafdan qoyur…”

                                                                                                V.Radlov

 

                                         ALTAYLILAR

Altaylılar özlərinə “altaylı” deyir, ancaq Göksudan (Göysu) Çuya-Katun çayının sağ qolu boyunda, Katun və Maymanın sol sahillərində, eyni zamanda Anuy, Çarış və Uba çaylarının mənsəbində məskunlaşanlar isə həm də ətrafında yaşadıqları çayların adıyla tanınırlar: urusul-kiji (Urusullu kişi), çarış kiji (Çarış kişi) və s.

…Altaylılar 24 soya (söök – sümük) bölünürlər. Qarmaqarışıq və dağınıq halda yaşamalarına baxmayaraq, bütövlük və birlik hisslərini qoruyub saxlamışlar. Məsələn, eyni soya mənsub olanlar bir-biriylə evlənməzlər. Onlar özlərinə soy qardaşı (söktünq karındajı) deyərlər. Hər soyun özünəməxsus qoruyucu ruhu və ona sitayişin xüsusi formulu, şaman mərasimlərində icra etdikləri özəl ayinləri var. Məsələn, çoros soyu hər şeydən öncə Burxan tanrıya qurban kəsər və bu soydan bir qızı ərə verməzdən öncə yeni ailəni mümkün xata-bəladan qorumaq üçün mütləq kam (şaman) çağırarlar.

Altaylıların (…) dili bütün bölgələrdə tamamilə eyni olub, çox sayda qədim xüsusiyyətləri özündə əks etdirən saf bir türk ləhcəsidir; bu, heç şübhəsiz, altaylıların çoxdan bəri güneydəki türk boylarından ayrılaraq əsrlər boyunca monqollar arasında tamamilə təcrid edilmiş bir vəziyyətdə yaşadıqlarını sübut etməkdədir.

…Altaylılar ümumilikdə monqollara çox bənzəyir, fəqət boylarının nisbətən balaca və üz quruluşlarının düz olmasıyla onlardan fərqlənirlər… Qısaboy və enli kürəklidirlər. Vücudları, əsasən, arıq və əzələli olsa da, o qədər də güclü təsiri bağışlamırlar, görünür, bu, aşağı təbəqənin yaxşı qidalanmamasının nəticəsidir, çünki səyyahların daha çox qarşılaşdığı həmin o zümrənin adamlarıdır. Nə qadınlar, nə də kişilər arasında bir nəfər də olsun kök adama rast gəlməzsən; şişman altaylı gördüyümü qətiyyən xatırlamıram. Əzaları nisbətən balaca, əlləri və ayaqları kiçikdir. Hamısının ayaqları, demək olar, əyridir, şübhəsiz, bu, onların lap körpəlikdən at belində gəzməyinin nəticəsidir…

On yaşına qədər oğlan və qız uşaqları yayda lümlüt qaçışar, onların paltar və ayaqqabı geydiyini nadir hallarda görərsən. Gözünün ağı-qarası bir oğlu, ya da bir qızı olan zənginlərin və uzun müddətdən sonra övladı olan yaşlı adamların ərköyün uşaqları (ərkə-pala) istisna təşkil edir.

Paltarların eyniliyindən danışarkən mən ancaq parçanın növünü və ülgüsünü nəzərdə tuturam. Altayın özündə zənginlər də, yoxsullar da eyni dəyərdə olan parçalardan tikilmiş paltar geyər və bu xüsusiyyət bir Altay atalar sözündə dəqiq ifadə olunub:

                   Ton içində ər yürər, anı kim pilər?

                   Tokkum aldında at yürər, anı kim pilər?    

                            (Don (kürk) içində ər gəzər, onu kim bilər?

                            Çul altında at gəzər, onu kim bilər?)


 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 2/2018 nömrəsində çap olunub.

 

 

DİGƏR MƏQALƏLƏR