NOBEL KÜRSÜSÜ - Andre Jid

NOBEL KÜRSÜSÜ

Andre Jid

Tərcümə: Etimad Başkeçid

Fransa yazıçısı, dramaturq, esseist. 1869-cu ildə Parisdə anadan olub.

“Nərgiz haqqında traktat”, “Urianın sərgüzəştləri”, “İmmoralist”, “Vatikanın zirzəmiləri”, “Saxta pul kəsənlər”, “Pastoral simfoniya” və s. kimi məşhur əsərlərin müəllifidir.

Ədəbi fəaliyyətə simvolist kimi başlayıb, sonralar U.Uitmenin poeziyası və Nitsşenin fəlsəfi doktrinasının təsiri ilə bir çox əsərlər qələmə alıb. Heç bir şərtiliyi və xurafatı qəbul etməyən Andre Jidin yaradıcılığında insanın fərdi azadlığı mövzusu ön planda dayanır.

XX əsr Fransa ədəbiyyatına, xüsusilə də Alber Kamü və Jan-Pol Sartr yaradıcılığına əhəmiyyətli təsir göstərib.

1947-ci ildə Nobel mükafatına layiq görülüb.

1951-ci ildə Parisdə vəfat edib.

 

PASTORAL SİMFONİYA

(uzun hekayə)

Birinci dəftər

 

10 fevral 189… 

Üç gün aramsız yağan qar yol-rizi basmışdı. Son on beş ildə ayda iki dəfə icmanın xahişi ilə keçirilən mərasimdə iştirak etmək üçün R…-ya gedirdim. Amma bu dəfə qarın əlindən yola çıxa bilmədim. İndi La Brevin kilsəsində vur-tut otuza yaxın adam toplaşmışdı.

Bir sözlə, məcburən evdə qalmışdım. Odur ki, bu asudə vaxtdan istifadə eləyib geriyə boylanmağı, olub-keçənlərə nəzər salmağı qərara aldım: necə oldu ki, Gertruda ilə bağlı bütün qayğıları öz üzərimə götürdüm? Sizə bu barədə danışmaq istəyirəm.

Burada saf qəlbli, quzu kimi sakit, həlim təbiətli bir insanın hekayətini danışacağam. Yalnız sevgi və hörmət əlaməti olaraq, onu zülmətdən çəkib çıxarmışdım. Şükür Tanrıya ki, o, bu işi başqasına yox, məhz mənə həvalə etmişdi.

İki il yarım bundan əvvəlin söhbətidir, La Şo-de-Fondan yenicə qayıtmışdım. Bir qız uşağı qaça-qaça gəlib xahiş etdi ki, onu yeddi kilometr aralıda ölüm ayağında olan bir binəva qarının yanına aparım. Atı hələ arabadan açmamışdım; qıza dedim ki, kabrioletə əyləşsin, özüm isə fənər götürməyə getdim. Bilirdim ki, yalnız şər qarışandan sonra evə qayıdacağam.

Elə bilirdim, yaşadığım yeri çox yaxşı tanıyıram, amma La Sodre fermasının yanından keçəndə uşaq mənə başqa bir yol göstərdi. İndiyəcən bir dəfə də olsun bu yolla getməmişdim. Amma bir-iki kilometr irəliləyəndən sonra yolun sol tərəfindəki əsrarəngiz kiçik gölü görən kimi tanıdım: gənc yaşlarımda arabir buraya buz üstündə sürüşməyə gələrdim. Düz on beş il idi ki, keşiş kimi bu tərəflərə yolum düşmürdü. Soruşan olsaydı, gölün yerini belə göstərə bilməzdim. Qüruba enən günəşin gözoxşayan qızılı-çəhrayı işığında birdən-birə gölü tanıdım, mənə elə gəldi ki, onu haçansa yuxuda görmüşəm.

Göldən ayrılan çayın qırağıyla irəliləyirdik. Yol meşə kənarından keçib, torfluğa sarı uzanırdı. Heç vaxt buralarda olmamışdım, buna şübhə yox idi.

Günəş batandan sonra bir müddət toranlıqda yol getməli olduq. Nəhayət, gənc bələdçim barmağını təpənin yamacındakı daxmaya tuşladı. Daxmanın bacasından yüksələn tüstü olmasaydı, burada yaşayış olduğuna inanmazdın. Toranlıqda maviyə çalan tüstü qızılı rəngə boyanmış səmaya yüksəldikcə solğunlaşırdı.

Atı daxmanın önündəki alma ağacına bağladım; sonra uşağın ardınca qaranlıq otağa keçdim. Qarı bir az əvvəl canını tapşırmışdı.

Bu ağır mənzərə, otağa çökmüş sükut mənə çox pis təsir elədi, yerimdəcə donub qaldım. Cavan bir qadın çarpayınının yanında diz çökmüşdü. Elə bilirdim, mənim gətirdiyim qız rəhmətə gedənin nəvəsidir, sən demə, xidmətçisiymiş. Qızcığaz şam yandırıb, çarpayının ayaq tərəfinə keçdi. O, tüstülənən şamı əlində tutub, hərəkətsiz dayanmışdı. Uzun yolda bir neçə dəfə onunla söhbət etmək istəsəm də, qız hər dəfə dilini sürümüşdü. 

Diz çökmüş qadın ayağa qalxdı. Əvvəlcə qarının qohumu olduğunu zənn etmişdim, sonradan başa düşdüm ki, sadəcə, qonşusu, tanışıdır. Sahibənin get-gedə zəiflədiyini görən qızcığaz qaçıb onu köməyə çağırmışdı. Amma qadının əlindən nə gəlirdi ki? O, mənə danışdı ki, qarı asan can verib, çox əziyyət çəkməyib. Qarının dəfn mərasimi ilə bağlı söhbət etdik. Həmişə elə ucqar yerlərdə bütün işləri özüm yoluna qoymalı olurdum. Sözün açığı, çox miskin görünsə də, evi yalnız qonşunun və xidmətçi qızın ümidinə qoymaq istəmirdim. Doğrudur, bu kasıb daxmanın hansısa xəlvət yerində sərvət gizlədildiyini düşünmək sadəlövhlük idi, amma yenə də… Onlara kömək eləmək istəyirdim. Onlardan qarının varisi olub-olmadığını soruşdum.

Qonşu qadın şamı əlinə götürüb daxmanın küncünə işıq saldı: kiçik buxarının qarşısında oturmuş məxluqu toranlıqda güclə sezdim. Deyəsən, yuxuya getmişdi, dağınıq saçları üzünə tökülmüşdü – sifətini görmək olmurdu.

– Bu qız kordur; xidmətçinin dediyinə görə, mərhumun bacısı və ya qardaşı uşağıdır; bildiyimə görə, onun başqa qohum-əqrəbası yoxdur. Onu əlillər evinə vermək lazımdır, yoxsa ortalıqda qalacaq.

Yetim qızcığazın yanında deyilən bu amansız sözləri eşidəndə əhvalım pozuldu – bu sözləri eşitsəydi, şübhəsiz, əli yerdən-göydən üzülərdi.

– Oyatmayın, qoyun yatsın, – pıçıltıyla dedim ki, qadın da astadan danışsın.

– Elə bilirsiniz yatır? O, ağıldankəmdir: danışa bilmir, heç nə başa düşmür. Səhərdən fikir verirəm: demək olar, yerindən tərpənmir. Əvvəlcə elə bildim, heç nə eşitmir, kardır. Amma xidmətçi qız deyir ki, yox, sadəcə, qarının özü ağır eşitdiyi üçün onunla kəlmə kəsmirmiş; ümumiyyətlə, qarı heç kimlə danışmırmış, yalnız yemək yeyəndə və ya su içəndə ağzını açırmış. 

– Onun neçə yaşı var?

– On beş olar; açığı, onların barəsində çox az şey bilirəm, elə siz bildiyiniz qədər.

Bu kimsəsiz, zavallı qızı himayəyə götürmək fikri sonradan ağlıma gəldi; mərhumun çarpayısının baş tərəfində diz çökmüş cavan xidmətçi qızın və qonşu qadının gözləri önündə başımı aşağı salıb dua eləyərkən birdən-birə mənə elə gəldi ki, bütün bunlar elə-belə baş vermir – Tanrı mənim qarşımda yeni öhdəliklər qoyur, onlardan boyun qaçırmaq üçün qorxaq, ağciyər adam olmalısan.

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 2/2018 nömrəsində çap olunub.

 

 

DİGƏR MƏQALƏLƏR