UNUTSAQ – UNUDULARIQ - MEHDİ HÜSEYNZADƏ – 100

Peter Amalietti

Tərcümə: Fərhad Abdullayev

Elə oğullar var ki, mövcud şərait onun qəhrəmanlığına meydan açır, elə oğullar da var ki, anadan qəhrəman doğulur. İnamla demək olar ki, adı Azərbaycan xalqının tarixi qəhrəmanlıq salnaməsinə əbədi həkk olunan Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə ikincilərdəndir. 

Bu yaxınlarda 100 illiyi qeyd olunacaq igid döyüşçünün xatirəsi daim əziz tutulur: Bakıda onun adını daşıyan məktəb fəaliyyət göstərir, qəsəbə, küçə və gəmiyə qəhrəmanın adı verilib. 1973-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakıda M.Hüseynzadənin heykəli qoyulub, haqqında kitablar yazılıb. O cümlədən Həsən Seyidbəyli və İmran Qasımovun onun qəhrəmanlığını əks etdirən “Uzaq sahillərdə” povesti əsasında 1957-ci ildə eyniadlı film çəkilib.

M.Hüseynzadənin göstərdiyi şücaətlərin şöhrəti sərhəd tanımır. Sloveniya yazıçısı, şair və musiqiçi, bəstəkar Peter Amalietti (1955) də qəhrəman həmyerlimizin həyat və döyüş yolundan bəhs edən “Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” adlı roman yazıb.

Bu roman Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə rus dilində işıq üzü görüb. Əsər unudulmaz və yenilməz qəhrəman Mehdi Hüseynzadənin uşaqlıq, gənclik illərini dolğun şəkildə təqdim etməklə yanaşı, oxucunu onun Böyük Vətən müharibəsi illərində göstərdiyi və indiyədək qaranlıq qalan qəhrəmanlıq səhifələri ilə də yaxından tanış edir. Hal-hazırda Tərcümə Mərkəzində M.Hüseynzadənin 100 illiyi münasibətilə P.Amaliettinin “Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” kitabı Azərbaycan dilində nəşrə hazırlanır. Həmin kitabdan bəzi parçaları “Xəzər”in oxucularına təqdim edirik.

 

 

Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası

(roman)

 

Çarpayıda uzanmış xəstə diksinib yuxudan oyandı. Əvvəlcə gözünü aça bilmədi. Özünə gələndə gördüklərindən heyrətləndi: təmiz mələfə salınmış, üzlənmiş yorğan-döşəkdə uzanmışdı, tünd-boz adyalı da boğazına qədər çəkmişdilər. Başa düşdü ki, çox rahat bir yerdədir, amma harada olduğunu anlaya bilmədi. Nə qədər əlləşsə də, kimliyini, bura necə gəlib düşdüyünü xatırlamadı. Axırıncı dəfə belə qar kimi ağ, yumşaq yataqda nə vaxt uzandığı yadına gəlmirdi. Künc-bucağa göz gəzdirdi, divarları açıq-yaşıl rənglə boyamışdılar. Çarpayısı küncdə idi, başını azacıq qaldırıb baxdı, palatada ondan başqa, daha üç xəstə vardı.

– Deməli, xəstəxanadayam, – ağlından keçən ilk fikir bu oldu.

Pəncərədən xəstəxananın həyətindəki ağacların başı görünürdü. Xəfif meh ara-sıra saralmış yarpaqları tərpədirdi. Burnuna dəyən dərman və spirt qoxusundan bir daha yəqin etdi ki, həqiqətən, xəstəxanadadır.

Payızın son nişanəsi olan saralmış yarpaqların arasından, üfüqdə, təpənin üstündə qala görünürdü. Günəş çoxdan qalxmışdı, anladı ki, günorta saatlarıdır.

Pəncərədən baxmaq üçün başını azacıq qaldırdı, amma gücü çatmadı, çox yorğun və halsız idi, başı yenidən yastığa düşdü. Sakitcə uzanıb gözlərini yumdu, səslərə qulaq asmağa başladı. Xəstələrdən ikisi sakitcə xoruldayırdı. Dəhlizdə kimsə qapını örtdü, sonra xərək təkərlərinin səsi gəldi, deyəsən, xəstə aparırdılar. Dəhlizdən bir qızın zümzüməsi gəlirdi, elə bil  bülbül oxuyurdu – Mehdi ömründə belə həzin nəğmə eşitməmişdi. Mahnı ona uşaqlıq illərini xatırlatdı. Yaman dəcəl idi, yatmaq istəməyəndə xalası həmişə lay-lay oxuyar, o da şirin yuxuya gedərdi...

Qapı ehmalca aralandı və Günəşin qızılı şəfəqlərinə bürünmüş palataya ağxalatlı tibb bacısı daxil oldu. Cingiltili səslə alman dilində dedi: 

  – Hə, deyəsən, bizim Şaxta baba oyanıb axı! Belə qəşəng oğlan olasan, həm də yuxudan doymayasan! Ay yatağan, hamımız narahat idik: görən, nə vaxtsa oyanacaqsan, ya yox?

– Bacı... nə vaxtdan... buradayam? – sakitcə soruşdu. Qara gözlərini qaldırıb sual dolu baxışlarını tibb bacısına zillədi, gözlərinin altı göyərib şişmişdi.

– Səni ötən şənbə gətiriblər, huşun özündə deyildi. Hərarətin çox yüksək idi, sayıqlayırdın. Qaşıq-qaşıq yemək verdik, yenə də oyanmadın. Hə, bu gün cümə axşamıdır, 6 noyabr, 1943-cü il.

– Nəsə, dumanlı xatırlayıram... kimsə qaşığı ağzıma soxmağa çalışırdı... Görünür, çox zəifləmişəm, heç nə yadımda deyil...

– Bir-iki qaşıqdan artıq yemirdin, xoşbəxtlikdən, sağ qalmağın üçün elə bu da kifayət elədi.

– Bacı, elə bil bütün bədənimi əziblər, ağrıyıram, amma indi mənə elə gəlir, cənnətə düşmüşəm.

– Bax ona görə də gərək sakit uzanıb hərəkət etməyəsən, güc toplayasan. Mən də gedim sənə çay-çörək gətirim. O biri xəstələrin yeməyini vermişəm, – tibb bacısı əvvəlki cingiltili səslə gülümsünüb mələk kimi qeyb oldu.

O gedəndən sonra Mehdi anladı ki, bu qız tayı-bərabəri olmayan şimal gözəlidir! Əsl mələkdir! Hündürboy, qədd-qamətli, gözəgəlimli, ağ tibb papağının altından dəniz qumu rəngində saçları görünür, mavi gözləri də adamın ağlını başından alır. Ona elə gəldi ki, bu qız müharibə başlayandan gördüyü ən gözəl məxluqdur.

Müharibə? Bu sözdən halı dəyişdi, başından küt ağrı qopdu, vücudunu soyuq tər basdı, huşa getdi. Birazdan tibb bacısı əlində siniylə gəldi. Xəstənin yatdığını görüb geri döndü.

Nə qədər yatdığını bilmədi, pəncərə önündəki çarpayıda yatmış xəstənin bağırtısına oyandı.  Palatada işıq yanırdı. Axşam düşmüşdü.

– Yəqin, yuxusunu qarışdırıb, ona görə bağırır, – düşündü. Xatırladı ki, xəstə alman dilində danışırdı, tibb bacısı da ona bu dildə müraciət etmişdi.

– Deməli, alman hərbi hospitalındayam, –  beyni silkələndi. – Belə-belə işlər... Əsgərəm! Özü də alman əsgəri! Dünyada bundan pis nə ola bilər? Nə yaxşı ki, hospital cənnət kimidir, yataqda rahat uzan, mələklər də sənə qulluq eləsin...

O, ta qədimlərdən Oda və Günəşə sitayiş edən bir xalqın övladı idi. Günəş buludların arxasında gizlənəndə belə onun hərarətini, gücünü duyurdu. İlahi, dəhşətə bir bax! Belə möhtəşəm xalqın övladı cəbhənin bütün istiqamətlərində məğlubiyyətə uğrayıb geri çəkilən, dünyanın nifrət bəslədiyi, ölümə məhkum bir ordunun əsgəridir! Bu ağlasığmaz fikri özündən uzaqlaşdırmağa, palatanın sakitliyindən, yatağının rahatlığından həzz almağa çalışdı. Bir əsgər kimi, bu günlə yaşamağa alışmışdı: axı hər dəqiqənin öz hökmü var və ətrafında nə baş verirsə, hamısı sağ qalmağın üçün böyük əhəmiyyət kəsb edir. Halbuki sağ qalmağı əsl möcüzə idi, bilirdi ki, döyüş yoldaşlarının çoxu həlak olub. 

Palataya başqa tibb bacısı daxil oldu. Qarasaç, girdəsifət, bəstəboy qadın idi. Bayaq bağıran xəstəyə yaxınlaşdı, zavallının bütün bədəni gipsdə idi, üz-gözü sarğıdan görünmürdü. Qadın əyilib ana nəvazişi ilə dedi:

 – Hə, əziz Erix, sakit olun, həyəcanlanmayın. Şərq cəbhəsində deyilsiniz ki! Burada, Qratsda, təhlükəsiz yerdəsiniz. Hamı qayğınıza qalır, su istəyəndə, xahiş edirəm, sakitcə əlinizi uzadıb başınızın üstündəki zəngin düyməsini basın. Bir stəkan suya görə bağırmaq nəyə lazımdır? – qadın xəstəni yüngül məzəmmət elədi.

 – Cənab mayor, həm də qraf! O adət edib ki, nökərlər həmişə qulluğunda dursun, orduda adyutantı yanında olub. Bu səbəbdən, cənab mayorun kiçik hövsələsizliyini başa düşüb bağışlamaq olar, düz demirəm, əziz Mariya bacı? – qonşu çarpayıda uzanmış xəstə gülümsündü. Başı tənziflə sarınmış bu adam kapitan Karl Lixtenberq idi. Slovakiyada partizanlarla döyüşdə yaralanmışdı və bu palatada çoxdan yatırdı. Uzun müddət müalicə alırdı və həkimlərin etirafına görə, görmə qabiliyyətini tam bərpa etmək mümkün deyildi.           

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 1/2018 nömrəsində çap olunub.

DİGƏR MƏQALƏLƏR