ÇAĞDAŞ AVSTRALİYA NƏSRİ - Alan Marşall

Tərcümə: Mahir N. Qarayev

1902-ci ildə Viktoriya ştatının Nurat şəhərində doğulub. 

Bədii yaradıcılığa 30-cu illərdə yazdığı novellalarla başlayan yazıçı İkinci Dünya müharibəsi illərində cəbhə qəzetində müxbir işləyib. 

“Bunlar mənim adamlarımdır” (1944), “Sənin ayaqların əcəb gözəldir” (1949), Avtobusda gedərkən” (1950), “Dostumla necə görüşdüm” (1950) və bir sıra digər əsərlərin müəllifidir. Yazıçıya şöhrət gətirən ən məşhur əsəri isə “Mən gölməçənin üstündən atlana bilirəm” (1955), “Hər yerdə bitən ot” (1962), “Mənim ürəyimdə” (1963) romanlarından ibarət avtobioqrafik trilogiyadır. 

1984-cü ildə Melburn şəhərində vəfat edib.

 

Günortaüstü küçədə

(hekayə)


İnkassator pulu cibinə qoyub kassirə dedi:

– Nə qədər gəlib-getmək olar, lap boğaza yığılmışam.

– Düz deyirsən, – kassir başını qaldırmadan dedi; onun bütün fikri-zikri saydığı pullarda, barmaqları arasında parıldayan sikkələrdə idi. 

İnkassator xudahafizləşdi, baş küçəyə açılan fırlanma qapıların birini irəli itələyib bayıra çıxanda tramvayın gurultulu səsi içəri doldu. Amma ayağını təzəcə çölə qoymuşdu ki, səkiyə enən daş pilləkənin üst pilləsində donub-qaldı: pilləkənin ətəyində dəri önlüklü bir oğlan qollarından ölü kimi sallanmış qızı yerə düşürürdü, böyründəki qıvrımsaç oğlan isə əllərini dizlərinə dayaqlayıb, qabağa əyilərək göz qırpmadan onlara baxırdı. 

Qızı qucağından yerə düşürən oğlan tarazlığını saxlamaq üçün ayaqlarını gen qoymuşdu, özü də qızın ağırlığı altında dodaqlarını bərk-bərk sıxıb, nəfəsini qısmışdı. Ehmalca pilləyə oturdandan sonra çiyinlərindən yapışdı ki, qız yana yıxılmasın. Qızın başı sinəsinə əyilmişdi, aşağı sallanmış heysiz əllərinin bükülü barmaqları daş pilləyə toxunurdu. Lap yaxınlığında isə səkiyə qırmızı pulqabı düşmüşdü.

İnkassatoru görəndə dəri önlüklü oğlan sanki yüngüllük hiss etdi və çarəsiz baxışlarını ona zillədi. Altdan-yuxarı baxdığından alnı qırışmışdı, sifətində isə incik, əzabkeş bir ifadə vardı. 

– Bu qız bax orada dayanmışdı, durduğu yerdəcə qəfil yıxıldı, gözümün qabağındaca guppultuyla yerə sərildi!

Gözündə eynək olan arıq bir qadın becid addımlarla ora yaxınlaşdı. Əlindəki hörmə zənbili və kağız bağlamanı səkiyə, qızın ayaqlarının böyrünə qoydu. 

– Buraxma onu, – dedi, – başını da dala elə, dik saxla. 

Dəri önlüklü oğlan dərhal qadının dediyini elədi. O, ürəkdən çalışırdı, üzündən aydın görünürdü ki, məsuliyyət yükünü kiminləsə bölüşdüyünə sevinir.

– Su tap gətir, – qadın növbəti tapşırığını verdi; o, qızın üzünə təlaşla baxırdı.

– Su! – oğlan qıvrımsaç dostuna baxıb çığırdı.

Qıvrımsaç oğlan inamsızlıqla ətrafa göz gəzdirib mızıldandı: 

– Su? Hə, su. Əlbəttə, su pis olmazdı. 

– Qaç banka, get oradan gətir, – inkassator karıxmış oğlana dedi; qıza nə iləsə kömək etmək imkanı tapdığına görə o da sevinirdi. 

Qıvrımsaç oğlan banka cumdu, qızın isə başı hələ də pilləkənin qırağına söykənmişdi. Dəri önlüklü oğlan onun çiynindən yapışıb, geri atılmış başına baxırdı; bu zərif, bu sısqa bədən sanki ölümə məhkumdu. 

Qızın gözləri yumulu idi, üzünün qanı qaçmışdı, güclə nəfəs alırdı. Ayaqları pillədən aşağı sallanır, hündürdaban ayaqqabıları səkiyə dəyirdi. Qalın, qəhvəyi sapla yuxarı dartılmış corabının ilməsi görünürdü. Eynəkli qadın da qızın üzərinə əyilib, aciz baxışlarla yazıq-yazıq onun üzünə baxırdı.

Üzbəüz səkidə xeyli adam yığışmışdı. Onlar gözlərini qıza zilləyib dinməzcə tamaşa edirdilər. Bəziləri əyilib bir-birinin qulağına nəsə pıçıldayır, o birilərsə cınqırını çıxarmadan dinməzcə baxırdılar. 

Bankın qarşısına yığışanların sayı getdikcə artırdı. Velosipedli bir uşaq da camaatın toplaşdığını görüncə dayandı, yerə düşmədən bir ayağını səkiyə dirədi. O, saqqız çeynəyə-çeynəyə qızdan göz çəkmir, marağını gizlətmirdi. Bəs necə?! Onun gündəlik kuryer işi darıxdırıcı və maraqsız idi, burada isə canlı həyat vardı.

Damağında qəlyan olan, görkəmindən filosofa oxşayan iricüssəli bir kişi də velosipedli oğlanın yanında ayaq saxlayıb, qızın tamaşasına durdu. Kibrit dənəsini alışdırıb tələsmədən qəlyanına yaxınlaşdırdı və parlaq alovun üzərindən yenə qıza baxmağa davam elədi. Sonra qəlyanı ağzından çıxardıb tüstünü çölə üfürdü, qalın tüstü burumları başının üzərində əriyib dağıldı. İndi o, beynində çoxdan yetişmiş hansısa dərin fikrin təsdiqini tapmış kimi görünürdü. Başını mənalı tərzdə əsdirib camaata müraciətlə dedi:

– Həmişə eyni hadisə. Çox görmüşəm.

Onun nə dediyinə heç kəs fikir vermədi, yalnız velosipedli oğlan maraqla dönüb baxdı və kişinin sözlərini havadaca qamarladı ki, təzə məlumatla ağlını, düşüncəsini artırsın. 

Banka cuman qıvrımsaç oğlan bir stəkan su ilə qayıdıb gəldi və onu eynəkli qadına uzatdı. Qadın stəkanı həvəslə alıb, dəri önlüklü oğlana bərkdən dedi:

– Qaldır onun başını yuxarı.

Oğlan tapşırığa yenə çevik şəkildə əməl elədi, sanki yaxşı başa düşürdü ki, belə kritik məqamlarda ləngimək olmaz. O, qızın başını dikəldib, üzünü camaata tərəf çevirdi. Bu cansız, bu donuq sifət, hər cür hissiyyatdan məhrum olan kədərli çöhrə sanki hamını ittiham edirdi.

Eynəkli qadın stəkanı qızın dodaqlarına yaxınlaşdırdı, ancaq qızın dişləri bir-birinə sıxıldığından su onun çənəsinə töküldü.

İnkassatorun sifəti eybəcər şəkildə qırışdı.

– İçmir, – eynəkli qadın bunu deyib üzünü inkassatora tutdu. Qadının təcrübəsi ona bundan artığını deməyə imkan vermirdi və o, çəkə bilməyəcəyi məsuliyyətin ağır yükünü sanki baxışlarıyla inkassatora ötürürdü. 

İnkassator birdən-birə özünü tam köməksiz vəziyyətdə, sanki tələdə hiss elədi; bilmədi neyləsin və adamlar ondan hansı qərarı gözləyir.

– Siz onun alnına su vurun, – haradansa oxuduğu, yaxud kimdənsə eşitdiyi məsləhəti inamsızcasına dilə gətirdi.

– Həmişə eyni hadisə, – qəlyanlı kişinin səsi eşidildi. – Çox görmüşəm.

Piyli qarnının üstündə bazar zənbili tutmuş kök bir arvad adamların içindən çıxıb şəstlə irəli yeridi, zənbili səkiyə qoyub, döyüşə yollanan əsgər kimi, inamlı görkəmlə qıza tərəf addımladı.

– Adamın ürəyi gedəndə onun biləyini yaş əsgiyə bükmək lazımdır, – kök arvad arıq qadına irad bildirdi.

Sonra camaata tərəf dönüb, sanki öz müdaxiləsinin səbəbini izah etməyə çalışdı.

– Belələriylə çox əlləşməli olmuşam, – dedi. – Bu iş üçün neçə dəfə məni köməyə çağırıblar. Məlum məsələdir.

Arvadın hərəkətlərində peşəkarlıq, qətiyyət və inam vardı. O, qayğıkeşcəsinə qızın üzərinə əyilib, kürt toyuq kimi, sanki onu qanadlarının altına almışdı.

– İndı özüm onunla məşğul olub, bir əncam çəkərəm.

Bu sözlərdən dəri önlüklü oğlanın kefi dərhal duruldu, sanki çiynindən dağ götürüldü və məmnun təbəssümlə dedi:

– Buyurun, buyurun, missis. Əlbəttə, biz kişilərdən fərqli olaraq, siz qadınlar belə işlərdən daha yaxşı baş çıxardırsınız. Bu, sizə aid məsələdir.

O da üzünü yığışanlara tutdu, belə hesab etdi ki, təhlükə sovuşandan, qorxu keçəndən sonra maraqlı təfərrüatları bilməyə hamının haqqı var. 

– Qız bax orada dayanmışdı. Nəsə mənə bir az qəribə görsəndi. Harriyə dedim: “Gör nə qəribə qızdır”. Elə bu vaxt yıxıldı. Hələ bəxti gətirdi ki, başı daşa dəymədi. 

Velosipedli oğlan məlumatı aşkar maraqla dinlədi. Təzə eşitdiyi xəbər  hadisəyə işıq salır, ona mühüm çalarlar əlavə edirdi. Əla fürsətdi, eşitdiklərinə birazdan yeni boyalar qata-qata, bəzəyib-düzəyib başqalarına danışacaqdı. Qürrələnə bilərdi ki, danışan oğlanla münasibəti var və bu da zarafat-filan deyildi, çünki o, əsas şahiddir. Odur ki, dərhal təsdiqlədi:

– Eynən onun dediyi kimidir. Mən ikinci çatdım.

Kök arvad stəkanı arıq qadından alıb, gödək, yoğun barmaqlarını qabın içinə soxdu; stəkandakı suyun rəngi çirkdən bulandı. 

– Hə, qəşəng qız, özünə gəl, – deyib əliylə qızın alnını, boğazını islatdı; arvadın yaş hörükləri qızın yanaqlarına yapışmışdı. – Bir onun başını dikəlt görüm.

Dəri önlüklü oğlan aşağı əyilib, əlini qızın boynunun ardına verdi. Arvad stəkanda qalan suyu qızın üzünə çilədi. 

Qızın başını dik saxlamaqda davam edən dəri önlüklü oğlan üzünü döndərib altdan-yuxarı inkassatora baxdı. 

– Hə, dostuma dedim: “Gör nə qəribə qızdır”. Sonra qıza yaxınlaşıb soruşdum: “Sizə nə olub?” Soruşmağıma bənddi: tappıltıyla yıxıldı yerə.

Birdən arvad səkiyə düşüb qalmış qırmızı pulqabını gördü və yaş əliylə onu götürüb qızın qoynuna dürtdü. Sonra enli sifətini qızın üzünə yapışdırıb bərkdən dedi:

– Pulqabını qoynuna soxdum ki, heç kəs götürməsin. Narahat olma, o, sənin qoynundadır. 

 Burada oğru yoxdur, missis, – qəlyançəkən kişi ciddi görkəmlə dedi. 

– Əcəb çox bilirsiniz! – kök arvad söz altda qalmadı. – Sən sakit ol, əzizim, pulqabını qoynuna qoydum. 

Bunu deyəndə arvadın incik sifəti yenidən mülayimləşdi və üzünü su gətirən oğlana tutdu, stəkanı irəli uzadıb hökmlə dedi:

– Get birini də gətir.

Qıvrımsaç oğlan yenə banka cumdu, arvad isə qızın sifətini şappıldatdı.

– Ayıl, qəşəng qız, özünə gəl. Pulqabı qoynundadır, narahat olma, sənin pulqabın qoynundadır.

 

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 1/2018 nömrəsində çap olunub.

 

DİGƏR MƏQALƏLƏR