GÜNDƏLİK - Yelena Bulqakova

Tərcümə: Zahid Sarıtorpaq

 

Yelena Sergeyevna Bulqakova (1893-1970) görkəmli rus yazıçısı və dramaturqu  Mixail Afanasyeviç Bulqakovun üçüncü arvadıdır. O həm ədibin irsinin qoruyucusu kimi tanınır, həm də məşhur “Master və Marqarita” əsərindəki Marqaritanın prototipi sayılır. Bu gündəlikdə M.Bulqakovun həyat və yaradıcılığı ilə bağlı, dövrün çətin, dramatik ab-havasını özündə əks etdirən olduqca maraqlı məqamlar var. Burada adları çəkilənlərin əksəriyyəti ötən əsrin otuzuncu illərində bulqakovlar ailəsinin sıx təmasda olduğu Moskva Akademik Bədaye Teatrının aktyor və rejissorlarıdır. 

 

                                                                                         “Mən dustağam...”

                                                                                              (ixtisarla)

                                                                                       (əvvəli ötən sayda)

 

 

1936

1 yanvar

 

Yeni ili Baturin və Dulova cütlüyü ilə birlikdə qarşıladıq. Tünlük idi, çoxlu tanımadığımız adamlar vardı, bu səbəbdən məclis şən keçmirdi. 

Nebolsin təklif etdi ki, M.A. onunla birlikdə opera yazsın.

 

4 yanvar

 

Bu gün “Molyer”in məşqi Nemiroviçlə keçirildi. Melik zəng vurub bizi “Faust”a çağırdı. Biz getmədik. O, tamaşadan sonra bir də zəng elədi. Bildirdi ki, Bolşoy Teatrın direktorluğu M.A.-dan onlar üçün “Puşkin”i oxumağı xahiş edir. Dinləməyə Şostakoviçi dəvət etmək istəyirlər.

Gecə Voloşindən zəng gəldi və yazda Kamera Teatrının Londona gedəcəyini xəbər verdi. M.A. söylədi ki, Tairov  dahidir.

 

7 yanvar

 

Meyerxold “Qaratoxmaq qadın”a quruluş verib. Tamaşada çox şeylər xoşuma gəldi (məsələn: bir anda qrafinyanın şamla zühur etməsi, əsgərin kazarmaya şam aparması, Germanın oynadığı səhnədə qəfil qaradərili bir adamın peyda olması, Nikolayın gəlişi...), amma çoxlu zövqsüzlük də var. Yaxşı oxumurlar. 

Teatrdan sonra, Uilyamslar, Kalujskilər və biz Teleqrafla üzbəüzdəki kababxanaya getdik və saat üçə qədər oturduq. Amerikalılar da orada idi və baron Şteyqer də onlarla birlikdəydi. Teyer və Dübrou bizə yaxınlaşdılar. 

 

11 fevral

 

Bu gün proletar tələbələr üçün “Molyer”in ilk qapalı tamaşası oldu. Tamaşadan öncə Nemiroviç bir nitq söyləyibmiş, mən gec gəldiyim üçün onu eşitməmişdim. M.A. dedi ki, “mənasız, gərəksiz bir nitq idi”.

Deyəsən, tamaşa iyirmi bir pərdəli alınmışdı. Axırda müəllifi səhnəyə çağırdılar, M.A. çıxdı. Yanıma bir nəfər yaxınlaşıb dedi: “Mən təsadüfən öyrəndim ki, siz Bulqakovun xanımısınız. İcazə verin, əlinizi öpüm və deyim ki, biz tələbələr Bulqakovun əsərini səhnədə yenidən gördüyümüzə görə özümüzü son dərəcə xoşbəxt hiss edirik. Biz onu sevir, yüksək qiymətləndiririk. Sadəcə, ona deyin ki, bunları çatdırmağı tamaşaçı xahiş elədi”. 

Sonra bizi Ustadlar Klubuna tamaşanı qeyd etməyə dəvət etdilər. Stanitsın, Dima Şveruboviç, Yanşin, Uilyams və nədənsə, qadınıyla birlikdə Rayevski və biz getdik. Məclis nə şən idi, nə də darıxdırıcı. Mendeleviçlə Yuryevin bizim stolumuza yaxınlaşmalarıyla vəziyyət pisləşdi.

Rəqs etdik.

Bu gün “Sovetskoe iskusstvo”da Litovskinin “Molyer” haqda məqaləsi çıxıb. Nifrət püskürür.

 Bu gün “Molyer”ə Stalinin katibi Poskrebışev də tamaşa etdi. Direktorun dediklərini Olya bizə çatdırdı ki, onun tamaşadan çox xoşu gəlib və deyib: “İosif Vissarionoviçin baxması hökmən lazımdır”.

 

16 fevral

 

Beləliklə, “Molyer”in premyerası oldu. Neçə illərdir gözləyirdik onu! Tamaşa zalı tanınmışlarla – Molyerin sözü olmasın – ağzınacan doluydu. Akulov, Kerjentsev, Litvinov, Mejlauk, Moqilnıy, Rıkov, Qay, Boyarski... buradaydılar. Hamısını yadımda saxlaya bilməzdim. Bundan başqa, bura yığışanların, demək olar, hamısı seçmə insanlar idi: professorlar, doktorlar, aktyorlar, yazıçılar... Afinoqenov çox diqqətlə qulaq asırdı, sonda isə xeyli alqışladı, əlini yuxarı qaldırıb bizim lojaya sarı boylandı.

Antraktda direktorluq bizi çay süfrəsinə dəvət etdi, əlbəttə, hökumət nümayəndələri istisna olmaqla, bütün qaymaqlar oradaydı.

Büyük uğur idi... Dəfələrlə müəllifi səhnəyə çağırdılar.

Biz lojamıza Arendti, Yermolinskiləri və Lyaminləri dəvət etmişdik.

Kulis arxasında uzun müddət ləngidildiyinə görə M.A.-nı xeyli gözləyəsi olduq. Akulov yaxınlaşıb tamaşanın möhtəşəm olduğunu dedi və həm də M.A.-dan soruşdu ki, o, bu tamaşanın sovet tamaşaçısına faydasını başa düşürmü?  

Bu gün saat 16.30-da Amerika səfirliyindən səfirin dəvətini aldıq. O, Amerikadan yenicə qayıtmışdı. Qonaqlar diplomatik korpusun işçilərindən və bir neçə rusdan ibarət idi. Budyonnı da buradaydı, əynində yeni forma vardı. 

Bullit, həmişəki kimi, çox mehriban tərzdə “Molyer” haqda soruşdu, xahiş etdi ki, onu tamaşaya çağırsınlar. 

“Benvenuto Çellini” filminə baxdıq.

 

21 fevral

 

“Molyer”ə ictimai baxış keçirildi. Bullit də gəlmişdi, Litvinovun yanına dəvət aldığına görə dördüncü səhnənin sonunacan baxa bilmədi. Antrakt vaxtı çay içərkən (Bullit və xanımı Xennissen, Dübrou və mən) Bullit qeyri-adi tərzdə pyesi təriflədi, M.A. haqda xoş sözlər dedi, ümumiyyətlə, onu ustad adlandırdı. 

Tamaşa uğurla keçdi. 

Sonra Melik bizi kababxanaya dəvət etdi, böyük Şərq qonaqpərvərliyi göstərdi, geniş məclis açdı. Qəhqəhə çəkə-çəkə cecə arağı içir və ürəkdən şənlənirdik.

 

 24 fevral

 

“Molyer”in gündüz tamaşası oldu. M.A. ilə tamaşanın sonuna gəlib çıxdıq. MABT-ın “Qorkovets” qəzetində Afinoqenovun, Vsevolod İvanovun, Oleşin, Qribkovun “Molyer” haqda mənfi rəyləri getmişdi, yazmışdılar ki, bu pyes “sovet səhnəsində artıq bir şeydir”.

Tamaşanın isə uğuru möhtəşəmdir...

 

27 fevral

 

“Molyer”dən sonra ovqatım yaxşı deyil. 

İşimlə məşğulam, bir sıra məktublar yazmışam. “Maison moderne”, sən demə, “Zoykinanın mənzili”nin tərcüməsiymiş. Dəfələrlə xaricdən və İttifaqdan sorğu gəlmişdi ki, “Təzə ev” adlı bu əsər Bulqakovun yeni pyesidirmi. Biz isə çaşıb qalmışdıq.

Fişer imzalamaq üçün bülletenləri göndərdi. M.A. imtina etdi, bildirdi ki, hansı truppanın oynadığı məlum deyil, bilinmir necə tərcümə olunub.

Çoxlu zənglər gəlir, “Molyer”ə bilet xahiş edirlər.

Aktyor Voloşin zəng edib, iki min borc istədi. İndi bu səpkili xahişlər çox olacaq. Bizim özümüzün isə on yeddi min borcumuz var və bir qəpik də artıra bilmirik, avans hesabına yaşayırıq.

Yaponiyada qanlı hadisələr baş verir, sui-qəsdçi faşistlər bir neçə naziri öldürüblər.

Pavlov vəfat edib.

 

9 mart

 

“Pravda”da imzasız bir məqalə gedib: “Zahiri parıltı və saxta məzmun”. 

Oxuyandan sonra M.A. dedi: “Molyer”in də işi bitdi, “İvan Vasilyeviç”in də...

Günorta MABT-a getdik – “Molyer”i çıxarmışdılar, sabah oynanılmayacaq.

Başqa üzlər gördük.

Axşam Fedya zəng elədi: “Mişanın məktub yazıb özünə bəraət qazandırması lazımdı”. Nə bəraət? M.A. belə məktub yazmayacaq.

Sonra Olya, Kalujski, bir qədər keçmiş isə Qorçakov gəldi. Onlar da deyirdi ki, məktub yazmaq lazımdır.

Eyni şeyi telefonla Markov da bildirirdi. 

Hamı bir səslə bəraət məktubu deyirdi.

M.A. isə onu yazan deyildi. Çünki elə bir iş tutmamışdı ki, özünü təmizə çıxarsın. 

 

10 mart

 

“Literaturnaya qazeta”da Alpersin məqaləsi gedib. Uydurma şeylər yazıb.

İndi aydın olur ki, “Molyer”in səhnədən çıxarılmasıyla bağlı martın ilk günlərindən xəbər dolaşırmış.

Heç şübhəsiz, “İvan Vasilyeviç”i də çıxaracaqlar.

 

11 mart 

 

Qorçakov “İvan Vasilyeviç”in bugünkü məşqinə çağırıb. Axı niyə özünü incidir?

Teatrda vurnuxurlar, tamaşanı qoymağa qorxurlar. Artıq afişalar da vurulub, deyəsən, hətta biletlər də satılıb.

“Sovetskoe iskusstvo”da bu gün “Molyer” miskin və saxta pyes adlandırılıb. 

Necə yaşayacağıq? Bundan sonra M.A. necə işləyəcək axı?

 

15 mart 

 

Zəng oldu. M.A.-nı Kerjentsev çağırır.

– İndi gələ bilərsinizmi, M.A.?

– İndi? Nahar etmək istəyirdim axı.

Sabah 10.30-a vədələşdilər. Nəyə görə?

 

16 mart

 

“Oxotnıy ryad”dakı yeni binada buraxılış vərəqəmizi göstərib yuxarı qalxdıq. Bir qədər gözləyəndən sonra M.A.-nı kabinetə dəvət etdilər. Orada saat yarım söhbət getdi. 

Kerjentsev “Molyer”i və “Puşkin”i tənqid etdi. Bu zaman M.A. başa düşdü ki, “Puşkin”in də məşqləri dayandırılacaq. 

M.A. Kerjentsevə Qorkinin “Molyer” haqda yazdığı rəyin fotoqrammasını (tərif dolu!) göstərdi. Ancaq pyesin keyfiyyəti haqda mübahisəyə girişmədi, nə şikayətləndi, nə də xahiş-minnət elədi.

Bu zaman Kerjentsev gələcək planlar haqda soruşdu. M.A. Stalinlə bağlı pyes və üzərində işlədiyi dərslik barədə danışdı.

Mənasız bir görüş oldu.

 

28 mart

 

16.30-da Bullitin yanındaydıq. Amerikalılar mehribanlıq göstərirdi, elə o özü də həmişəkindən daha istiqanlı görünürdü.  

Norveç səfirinin qızı deyirdi ki, “Turbinlər” ölkələrində tamaşaya hazırlanır və Londonda da oynanılıb.

Onun bacısı isə Moskvada “Turbinlər”ə iyirmi iki dəfə baxdığını söyləyirdi.

Alfanın qızı M.A.-ya dedi:

– Siz bizdə olmamısınız...

M.A. cavab verdi ki, getməyə xəstəliyi mane olduğu üçün çox təəssüflənir.

 

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 1/2018 nömrəsində çap olunub.

DİGƏR MƏQALƏLƏR