ROMAN - Tarey Vesos

Tərcümə: Yaşar

                       

Söz meşəsinin nəhəng ağacı

Skandinaviya ədəbiyyatı dedikdə, azərbaycanlı oxucunun təsəvvüründə, təbii ki, ilk öncə İbsen, Hamsun, Andersen canlanır. Amma bu, nə qədər təbiidirsə, həmin siyahıda Tarey Vesosun adının olmaması bir o qədər qeyri-təbiidir. Vesos (1897–970) öləndə ədəbiyyatşünaslar yazırdılar ki, Skandinaviya söz meşəsinin ən nəhəng ağacı yıxıldı.

Dəqiq ifadədir. Doğrudan da, Vesosun yaratdıqlarıyla təbiətin yaratdıqları arasında nəsə qəribə doğmalıq var. Hətta yazıçının əsərlərini mütaliə etdikdən sonra oxucunun təsəvvüründə belə bir sual yaranır: görəsən, hansı hansının inikasıdır –  Vesosun əsərləri təbiətin, yoxsa təbiət Vesosun əsərlərinin? 

Yazıçının təbiiliyi təkcə yaratdığı obrazlarda, müşahidələrdə, situasiyalarda deyil, həm də təhkiyə manerasında, dilində hiss olunur. Məsələn, demək olar ki, bütün Norveç ədəbiyyatı bukmolda (danimarka dilinin əsasında tarixən formalaşan “kitab dili”) yazıldığı halda, Vesos lansmolda (yerli dialektlərin vəhdətində formalaşan yeni norveç dili) yazırdı. Bu da yazıçının ədəbi məhsulunun dünyaya çıxmasında xeyli çətinliklər yaradıb. Yəqin, Vesosun bu gün digər skandinaviya klassikləri ilə müqayisədə daha az tanınmasının əsas səbəbi də elə dil amilidir.

Vesos dünyasının bir təbiiliyi də 73 il yaşamış yazıçının ömrünün sonunacan öz uşaqlığından ayrıla bilməməsindədir – milyon illər yaşı olsa da, baharın hər gəlişiylə yenidən uşaqlaşan təbiət kimi. Vesosun, demək olar ki, bütün roman və hekayələrinin qəhrəmanları uşaqlar, yeniyetmələrdir.

                                                                                                                                                                                                                                     Yaşar

 

 

Buz qəsr

Siss və Unn

                                                                                                                               I

                                                                                                                             Siss

 

Qaranlıqda uşaq alnı ağarır. On bir yaşlı qız. Siss.

Axşam hələ düşməyib, amma hava artıq qaralıb. Şaxta və payızın son günləri. Ulduzlar sayrışsa da, işığının əksini yaymaq üçün nə Ay, nə də qar var. Ona görə də ulduzlardan bir xeyir yoxdu, qaranlıq qatılaşmağındadı. Meşə yolun hər iki tərəfində donub-qalıb – bu vədələr burada diri olan hər şey ölü kimidi, donuqdu. 

Siss şaxtaya görə əynini isti eləyib və fikirlər yol boyu ona rahatlıq vermir. İlk dəfədi, elə də yaxşı tanımadığı Unn adlı qızla görüşə gedir. Ondan ötrü sirr kimi olan bu məchulluqda nəsə izaholunmaz bir cazibə var. 

Diksindi. Möhkəmdən gələn cırıltı səsi sanki düşüncələrini və gözləntilərini boğdu. Bu səs uzaqlaşa-uzaqlaşa, nəhayət, itdi. Səs aşağıdan gəlirdi. Böyük gölün buzları xırçıldayırdı. Və burada qorxulu heç nə yox idi, əksinə, bu səs ona toxtaqlıq verirdi, deməli, buz hələ möhkəmdi. Cırıltı bəzən güllə səsi kimi çıxırdı və buzun üstündən ən aşağı qatınacan iti bucaq tiyəsitək uzun, nazik çatlar qaçışırdı. Beləcə, hər səhər buz daha möhkəm, daha etibarlı olurdu. Bu ilin payızı qeyri-adi dərəcədə soyuq və qarsız idi. 

Şaxta qılınc kimi kəsirdi. Amma bu, Sissi qorxutmurdu. Siss şaxtadan qorxmurdu. Düzdü, qaranlıqda qulağına gələn səs-küydən azca qorxmuşdu, amma özünü ələ alıb inamlı addımlarla yoluna davam edirdi. 

Unnun evinəcən yol uzun deyildi. Siss bu yolu tanıyırdı. Məktəbə də, demək olar, bu yolla gedirdi, sadəcə, bir yerdə azca dönmək lazım gələcəkdi. Ona görə də axşam yola tək çıxmağa icazə vermişdilər. Qaranlıq valideynlərini qorxutmamışdı. Evdən çıxanda ona, o yol genişdir, demişdilər. Belə düşünürlərsə, lap yaxşı. Amma özü qaranlıqdan qorxurdu. 

Geniş yoldu. Amma hər halda, tək olanda adamı vahimə basır. Odur ki, başını dik tutub yeriyirdi və bu səbəbdən ürəyi adi vaxtlarda olduğundan daha sürətlə döyünürdü. Diqqətlə qulaq asırdı, yolun hər iki tərəfi sükuta qərq olmuşdu və düşünürdü ki, orada, meşədə kimsə onun addım səslərini daha diqqətlə dinləyir. 

Odur ki, gərək ayaqlarını şaxtadan daşlaşmış torpaq yola elə inamla basıb yeriyəsən ki, addımlarının tappıltısı yaxşı eşidilsin. Vahiməyə düşüb səssiz hərəkət etdinsə, vəssalam, batdın. Hələ, iraq olsun, özünü itirib qaçmağı demirik. Onda qorxudan başına hava gələr. 

Bu gün Siss Unnun yanına gedir. Axşamlar uzundu, nə qədər desən vaxt var. Unnla xeyli otura biləcək, evə də bir elə gec qayıtmayacaq ki, vaxtında yata bilsin. 

Maraqlıdı, Unndan nə öyrənə bilərəm? Amma şübhə ola bilməz, mütləq nəsə öyrənəcəyəm. Mən bu görüşü Unnun bizim sinfə gəldiyi ilk gündən – bütün payız boyu gözləmişəm. Gözləmişəm, amma özüm də bilmirəm niyə? 

İlk görüş necə də maraqlı, sirli olurmuş! Və nəhayət, bu gün bu, baş verəcək. Uzun-uzadı gözləntilərdən sonra qəflətən baş tutacaq.

Unna uzanan yol. Hövsələsizliyin yüngül əsməcəsi. Hamar alın şaxtalı havanı yarıb keçir.

 

II

Unn

 

Maraq dolu yeniliyə uzanan yol. Siss yol boyu başını dik tutub addımlayırdı ki, qaranlığın vahiməsini canından qova bilsin. Unn barədə nələri bildiklərini xatırladı. 

Onun barəsində az bilirdi. Kimdənsə soruşmağın da faydası yox idi. Çətin ki, kimsə ondan artıq bilir. 

Unn buralarda təzədi. Ötən yaz buradakılardan heç kimin əlaqə saxlamadığı uzaq bir kənddən gəlib.

Deyirlər, Unn yetim qaldığına görə yazda bura köçüb. Doğma kəndindəki anası xəstəlikdən ölüb. Anası ərdə deyilmiş, o kənddə bir yaxın qohumu-zadı da yoxmuş. Burada isə anasının böyük bacısı yaşayır. Elə Unnu da öz himayəsinə o alıb. 

Xalası çoxdan burada yaşayır. Evi çox uzaqda olmasa da, Siss onu elə də yaxşı tanımır. Xalası balaca evdə tək-tənha yaşayır, heç bir yerdən köməyi yoxdu. Dükana gedən yoldan savayı, onu, demək olar, heç harda görməzsən. Deyirlər, Unnun onunla yaşayacağını eşidəndə çox sevinib. Çox-çox əvvəl, hələ bu dünyada Unn adlı bir qızın olduğunu bilmədiyi vaxtlarda Siss anasıyla onun xalasının yanına gedərdi. Anası ondan paltar toxumağı öyrənirdi. Siss xatırlayır ki, o vaxt bu tənha qadın ona nəvaziş göstərirdi. Və bu qadın haqqında heç vaxt heç kimin dilindən bir pis söz çıxmayıb. 

Bu yerlərə köçəndə ilk əvvəl Unn da heç kimə yovuşmurdu, buranın qızları gözləyə-gözləyə qalsalar da, onlarla rəfiqəlik eləmirdi. Qızlar hərdən onu yolda, ya da adamların, adətən, görüşdükləri başqa yerlərdə görürdülər. Bir-birlərinə yad insanlar kimi baxırdılar. Nə demək olar? O, yetim idi və sanki bu, ona xüsusi bir nur, izaholunmaz parıltı verirdi. Amma qızlar bilirdilər ki, tezliklə doğmalaşacaqlar, payızda məktəbdə görüşəndə hər şey başqa cür olacaq. 

Yayda Siss də Unnla yaxınlaşmaq üçün heç nə eləmədi. Hərdən Unnu yaşlı, mehriban xalasının yanında görürdü. Rastlaşanda sezmişdi ki, onunla təxminən eyni boydadı. Təəccüblə bir-birlərinə baxıb ayrılmışdılar. Nəyə təəccübləndiklərini özləri də bilməmişdilər, amma görünür, nəsə bir səbəb varmış. 

Deyirdilər, Unn utancaq qızdı. Necə də maraqlıdı. Bütün qızlar həmin bu utancaq Unnla məktəbdə görüşəcəkləri günü gözləyirdilər.

Bu görüşü gözləməkdə Sissin xüsusi səbəbi vardı, sinif onun sözləriylə idarə olunurdu. Bütün təkliflərin ondan gəldiyinə Siss artıq öyrəncəliydi və bu, özünə də xoş idi. Niyə məhz belə olduğu barədə isə heç vaxt fikirləşməzdi. Sevinirdi ki, Unn gəlib onların sıralarına qoşulanda Sissin sinfin başçısı olduğunu görəcək. 

Məktəbdə dərslər başlayan gün, oğlanlı-qızlı, bütün sinif Sissin ətrafına toplandı. Aydın hiss etdi ki, bu münasibət yenə ona ləzzət eləyir və ola bilsin, yenə başçı kimi qalmaq üçün nə işlərsə görə bilib. 

Utancaq Unn bir kənarda dayanmışdı. Hamı sınayıcı nəzərlərlə ona baxdı və dərhal da bəyəndilər. Deyəsən, hər şey qaydasındaydı. Qiyamət qızdı. Yaraşıqlıdı. 

Amma Unn yerindən tərpənmirdi. Nahaqdan hər cür vasitələrlə onu özlərinə cəlb etmək istəyirdilər. Siss öz dəstəsiylə onu gözləyirdi. İlk gün belə keçdi. 

Ardınca günlər keçdi. Unn heç kimə qaynayıb-qarışmamaqda israrlıydı. Nəhayət, Siss ona yaxınlaşıb soruşdu: 

– Bizə qoşulmaq istəmirsən? 

Cavabında Unn başını buladı. 

Amma hər ikisi dərhal bir-birlərini bəyəndiklərini hiss etdilər. Elə bil aralarından qığılcım keçdi. Mən onunla rəfiqə olmaq istəyirəm! Səbəbini bilmirəm, amma olan budu. 

Siss təəccüblə təkrar etdi: 

– Bizimlə birlikdə olmaq istəmirsən? 

Unn sıxıla-sıxıla gülümsədi: 

– Y-yox…

– Nə səbəbə? 

Unn yenə sıxıla-sıxıla gülümsədi: 

– Qoşula bilmərəm… 

Sissə elə gəldi ki, onlar nazlana-nazlana nəsə bir oyun oynayırlar. 

– Nədi, xəstələnmisən? – birbaşa soruşdu və dərhal da bu səfeh suala görə xəcalət çəkdi. Aydın görünürdü ki, Unn sapsağlamdı. 

Unn qızardı. 

– Yox, məsələ bunda deyil, məsələ… 

– Heç mən də elə düşünmürdüm. Amma gəlib bizə qoşulsan, yaxşı olar. 

Unn: 

– Daha məndən bu haqda heç nə soruşma, – dedi. 

Sissin sanki üstünə su atdılar. Susub incik halda özününkülərin yanına qayıtdı və bu söhbəti onlara da danışdı. 

Daha Unnu çağırmayıb rahat buraxdılar. O, əvvəlki kimi kənarda dayanıb onların oyunlarına qoşulmurdu. Kimsə dedi ki, Unn həmişə burnunu sallayıb gəzir, amma ona dəstək verən olmadı və yeni şagirdi incitmək istəmədilər. Bu qızda elə bir şey vardı ki, hamını ovsunlamışdı. 

Dərs zamanı tezliklə məlum oldu ki, Unn sinifdə ən dərrakəlilərdən biridi. Amma özünü çox sadə aparırdı və hamı istər-istəməz ona hörmətlə yanaşırdı. 

Siss bütün bunları yaxşı görürdü. Hiss eləyirdi ki, məktəbin həyətində tək-tənha dayanıb duran Unnda nəsə izaholunmaz bir qüvvə var. Unn qətiyyən yazıq və zavallı qız deyil. Siss başçılıq eləməyi xoşlayırdı və bu, onda alınırdı. Amma bununla yanaşı, hiss eləyirdi ki, əlini ağdan-qaraya vurmasa, yanında heç kim olmasa belə, bir kənarda dayanıb-durmuş Unn ondan güclüdü. O, get-gedə Unna uduzurdu. Ola bilsin, rəfiqələri də bu fikirdəydi, sadəcə, bu yeni gələn şagirdə yaxınlaşmağa ürək eləmirdilər. Unn və Siss sanki sükutlarıyla, söz demədən iki dəstə yaratmışdılar və bu rəqabət yalnız onların ikisinə aid idi. 

Tezliklə Siss dərs vaxtı ara-sıra Unnun ona baxdığını hiss elədi. Unn bir neçə parta arxada otururdu, odur ki, Sissə baxmaq onun üçün daha rahat idi. 

Bu zaman Sissin sevincdən bütün bədəni əsirdi. Bu baxışlar ona elə xoş gəlirdi ki, hətta sevincini güclə gizlədə bilirdi. Üzdə göstərməməyə çalışsa da, hiss eləyirdi ki, həyatına nəsə yeni, yaxşı bir şey daxil olub. Unnun baxışları sınamırdı, yaxud qısqanmırdı, Siss bu baxışlarda bir təşəbbüs görürdü. Və bir də gözlənti. Sinifdən çıxanda isə Unn özünü əvvəlki kimi aparırdı, yenə tək-tənha divarın yanında dayanıb-dururdu.

Amma Siss yenə sevincin əvvəlki tamını hiss eləyirdi: “Unn yerində oturub mənə baxır”. 

Özü hələ Unnun baxışlarıyla baxışmağa hazır deyildi, yalnız çox nadir hallarda özünü unudur, ani baxıb dərhal da gözünü çəkirdi. 

Unn nəyi gözləyir? 

Gec-tez özü dillənəcək. 

Unn isə əvvəlki məktəbin həyətində divarın yanında dayanıb onların oyunlarına qoşulmurdu. Dayanıb sakitcə baxırdı. 

Gözləmək. Gözləmək lazımdı və gec-tez bu an yetişəcək, hələlik isə qoy hər şey olduğu kimi qalsın – bunun özündə də bir qəribəlik, gözəllik var. 

Gərək heç kim heç nəyi hiss etməsin. Sissə elə gəlirdi ki, bu, onda alınır. Amma budur, rəfiqələrindən biri səsinə hopmuş qısqanclıqla ona deyir: 

– Bu Unn sənin başını lap xarab eləyib!

– Boşla görək!

– Məgər belə deyil? Hamı görür ki, gözünü ondan çəkmirsən. 

Siss karıxdı. Doğrudanmı, belədi? 

Rəfiqəsi acı-acı güldü:

– Siss, hamı bunu çoxdan görür.

– Demək, elədi ki var. Bir də ki, özüm bilərəm.

– Ha-ha.

Siss yol uzunu düşünürdü. Budur, gözləntilər bitdi. Bu gün. Odur ki, indi Unnun yanına gedir. 

Bu səhər parta arxasında oturanda birinci məktubu gördü: 

Siss, mən səninlə rəfiqə olmaq istəyirəm.

İmza: Unn

Sanki haradansa bura günəşin şüası gəldi. 

O döndü və baxışları toqquşdu. Bir-birlərinin ürəyinə girdilər. Heyrət. Və artıq heç nə. Daha bu haqda düşünmək lazım deyil. 

Həmin bu gözəl gündə məktublar partadan-partaya uçuşdu. Onu bir-birinə xoşniyyətli əllər ötürürdü. 

Mən də səninlə rəfiqə olmaq istəyirəm. 

İmza: Siss

Biz nə vaxt görüşə bilərik?

Nə vaxt istəsən, Unn! Elə bu gün.

Onda elə bu gün!

Dərsdən sonra bizə gedəkmi, Unn!

Yox. Sən bizə gəl. Başqa cür istəmirəm.

Siss cəld arxaya döndü. Bu nə idi? Onlar baxışanda Unn məktubda yazılanı başıyla təsdiqlədi. Bir an belə tərəddüd etmədən. Siss də başını tərpətməklə cavab verdi: sizə gələcəyəm. 

Bununla da məktub mübadiləsi bitdi. Daha danışmadılar. Dərsdən sonra bir-birlərinə yaxınlaşıb danışdılar – tez-tez və bir qədər utancaq. Siss bir də Undan niyə axı onlara getmək istəmədiyini soruşdu. 

– Niyə axı sizə? – Unn soruşdu. 

Siss cavabı ləngitdi. Unnu niyə öz evlərində görmək istədiyini yaxşı bilirdi. O, Unna onun xalasının evində olmayan çox şeylər göstərə bilərdi, həm də özü getməkdənsə, rəfiqələrinin onların evinə gəlməyinə daha öyrəncəliydi. Amma bunu Unna deyə bilməzdi. Utandı. 

– Heç, elə-belə dedim, – cavab verdi. 

– Bizə gəlməyə razılaşdın axı, deməli… 

– Yaxşı, amma elə buradan birbaş səninlə gedə bilmərəm. Əvvəl gərək evə dəyim ki, atamla anam harada olacağımı bilsinlər. 

– Hə, əlbəttə. 

Siss bir qədər sıxıla-sıxıla: 

– Onda mən axşam gələrəm, – dedi. 

Siss Unnla bağlı bilmədiklərindən, məchulluqdan sıxılırdı.

Vəssalam. Sissin Unn barəsində bildikləri bu qədər idi. Evə dəyib valideynlərini xəbərdar edəndən sonra, budur, indi Unnun yanına gedir. 

Şaxta yanaqlarını cırmaqlayır. Donmuş torpaq ayaqları altında xışıldayır. Aşağıdakı gölün buzu xırçıldayır. 

Unnun xalasıyla yaşadığı ev göründü. Pəncərədən gələn işıq çinarların şehli budaqları üzərinə düşürdü. Sissin ürəyi görüşqabağı sevincin nəbziylə vurmağa başladı. 

 

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 1/2018 nömrəsində çap olunub.

DİGƏR MƏQALƏLƏR