ESSE - Oktavio Pas

Tərcümə: Əhməd Oğuz

Şair, esseist, tərcüməçi. 1914-cü ildə Mexiko şəhərində anadan olub. Gənc yaşlarında sürrealizmə böyük maraq göstərib, bunun da nəticəsində “Vəhşi Ay” (1933), “Kök atmış insan” (1937) şeir kitabları işıq üzü görüb.

Yaponiya, Fransa və Hindistanda diplomatik nümayəndəliklərdə çalışıb. Meksika folklorunu və hind mədəniyyətinin köklərini, onlar arasındakı bağlılığı araşdıran şair “Şərq küləyi” (1962–1968), “Meymun qrammatikası” (1974) kitablarını yazıb.

Əsərlərindəki “intellektual düşüncə və yüksək humanist prinsiplərə görə” 1990-cı ildə Nobel mükafatına layiq görülüb.

1998-ci ildə vəfat edib. 

 

Müqəddəslər günü, ölülər bayramı

Mənim adamayovuşmaz yurddaşım bayram günlərini, qələbəliyi xoşlayır. Başlıcası – toplaşmaqdır. Burada məqsəd önəmli deyil. Təki zamanın axınını unutduracaq, bir qəhrəmanı, ya bir hadisəni əbədiləşdirəcək şadlıq-şadyanalıq olsun – belə işlərə həmişə bəhanə tapılır.

Biz adət-ənənələri sevən xalqıq. Bunsuz bizim nə təsəvvürlərimiz, nə də yüzillər boyu cilalanan və hər an özünü büruzə verən həssaslığımız olmazdı. Dini bayramlara Meksika xaricindəki əksər ölkələrdə ya xor baxılmış, ya da ünvanlarına tənqidlər yağdırılmışdır. Başqaları nə deyirsə desin, bugünkü dünyamızda xalqın öz milli qiyafəsi və rəqsləriylə, göz oxşayan allı-güllü rəngləriylə, əl fənərləri və hava fişəngləriylə, səbətində meyvəsi, əlində oyuncağıyla, bazar-dükandan aldıqlarıyla birlikdə qatıla biləcəyi çox az bayram qalıb. 

Təqvimlərimiz başdan-ayağa bayramlarla doludur. Bəlli bir gündə yeddidən yetmişə – ən ucqar kəndlərdən tutmuş ən böyük şəhərlərə qədər – hamı dua edər, coşub-daşar, doyunca yeyib-içər, dəmləşib Qvadalupalı Məryəm, ya da general Saraqosa eşqinə bir-birini cəhənnəmə vasil eləyər. Hər ilin 15 sentyabr gecəsi saat tam 11-də “Grito Fiestası”nı  qeyd edirik. O gecə ölkəmizin bütün meydanlarında camaat bir saat boyunca nəfəs dərmədən hay-küy qoparar, bütün enerjisini xərcləyər ki, sonra bütün ilboyu sussun. Dekabr ayının 12-dən bir gün öncə, bir gün də sonra zaman dayanar, bizi əlçatmaz və aldadıcı gələcəyə aparmağından qalar, bizə mükəmməl bir gün yaşadar – rəqsli, sevincli, qədim və sehrli Meksika ilə vüsala yetişəcəyimiz bir bayram günü. Vaxt artıq bir-birini əvəz edən dəqiqələr, saatlar düzümü  olmaqdan çıxar, keçmiş və gələcəyin bir-biriylə çulğaşdığı əbədi  zaman kimi arınıb-durular.

Ancaq Kilsə və Respublika şərəfinə keçirilən bayramlarla  iş bitmir. Hər bir kənd və şəhərin həyatını idarə edən müqəddəs hamilərin şərəfinə cani-dildən mütəmadi olaraq bayramlar keçirilir. Hər məhəllənin, əsnafın öz ayin və bayramları var. İstər ateist, istər katolik, istərsə də dinə laqeyd olan hər birimiz ilin bəlli bir günü müqəddəs  hamilərimiz üçün şükran şənlikləri keçiririk. Bir ildə cəmi nə qədər bayram şənliyi keçirdiyimizi, bu işə nə qədər pul xərclədiyimizi doğru-dürüst kimsə bilmir. Neçə illər bundan öncə Mitla yaxınlığındakı bir qəsəbənin bələdiyyə başçısından illik gəlirinin nə qədər olduğunu soruşdum. O, “3000 peso. Biz çox yoxsuluq, amma cənab qubernator, bir də federal hökumət bizə yardım edir, borclu qalmırıq”, – dedi. “Bəs bu 3000 pesonu nəyə xərcləyirsiniz?” – deyə soruşan zaman başçı: “Çoxusu fiestalara, bayram şənliklərinə xərclənir, senyor! Qəsəbəmiz kiçik olsa da iki ibadətgahımız var», – dedi. 

Bu cavabda təəccüblü heç nə yoxdur. Yoxsulluğumuz bayramlarımızın çoxluğu və havaya sovrulan xərclərlə ölçülə bilər.

Varlı ölkələrdə bayram tətilləri çox azdır – buna nə vaxt var, nə də həvəs. Belə tətillərə, əslində, elə bir istəkləri də yoxdur. Adətən, öz yaxınlarıyla əyləncələr keçirən fərdlər yığınıdır. Əgər Paris, ya da Nyu-York əhalisi meydanlarda, stadionlarda sıx bir qələbəlik halında toplaşarsa, bəlli bir cəmiyyət anlamında xalqın orada olmadığı dərhal nəzərə çarpar; görərsən, bu qələbəlikdə ayrı-ayrı cütlüklər, dəstələr var, amma fərdin içində qaynayıb nicat tapdığı canlı xalq kütləsi yoxdur. İldə iki-üç dəfə keçirilən, yoxsulluq və tənhalığının yeganə mükafatı olan bu bayramlarsız mənim yazıq yurddaşlarım necə yaşayardı? Bayramlar bizimçün yeganə həyat nəşəsidir, onlar teatr premyeralarını, tətilləri, anqlosaksonların həftəsonu və kokteyl mərasimlərini, burjua salon toplantılarını, Aralıq dənizi ölkələrindəki bulvar kafelərini, kazinoları məharətlə əvəz edir.

Bütün bu mərasimlərdə – istər ümummilli, istər yerli, istərsə bir iş yeri və ya ailədaxili olsun – meksikalı dünyaya açılır. Bu, onun üçün özünü ifadə etməyə,  Tanrıya, doğma yurda, dostlara, doğmalara qovuşmasına imkan yaradır. Bayram zamanı qaradinməz, sakit meksikalı fit çalar, hay-haray salar, mahnı oxuyar, tapançasını havaya boşaldar. Əslində, tapançasını yox, ürəyini boşaldar. Və onun hay-harayı çox sevdiyimiz hava fişəngləri kimi bir anda göyə yüksələr, partlayıb yaşıl, qırmızı, mavi, bəyaz rənglər yağışına dönər, fırlana-fırlana, ardınca qızılı izlər buraxa-buraxa yerə səpələnər. O gecə – aylardır bir-birini görməyən, adi nəzakət qaydalarından kənara çıxmayan meksikalıların birlikdə sərxoş olacağı, qeybət edəcəyi, ortaq dərdlərinə ağlayacağı, qardaş olmağa and içdikləri və bunların sübutu kimi bir-birini öldürə biləcəkləri gecədir. Çal-çağırla, gurultularla aşıb-daşan bir gecə! Aşiqlər sevgililərini orkestrlə oyadar yuxusundan. Eyvandan-eyvana atmacalar atılar, səkidən-səkiyə zarafatlar uçuşar. Havada şlyapalar oynaşar, qəhqəhələr, söyüşlər gümüş pullar kimi cingildəyər. Gitaralar dillənər. Hərdən şənliklər təhqirlə, gülləylə, bıçaqlaşma ilə bitir. Bunlarsız da bayram – bayram olmaz. Meksikalı fiestada təkcə əyləncə aramır, bütün ilboyu onu dörd divar kimi sıxan yalqızlıqdan canını qurtarmaq istəyir. O, artıq bütün qayda-qanunları tapdalamağa hazırdır. 

Rənglər, səslər, duyğular kimi, ruhlar da kükrəyə bilər. Unudulmaq istəmişik? Öz gerçək sifətimizi aramışıq? Kim bilir. Əsas olan səs-küydən, insanlardan, müxtəliflikdən keflənməkdir. 

Hər tərəfdə bayramdır. Bütün atəşfəşanlığı və nəşəsiylə bu bayram səssizlik, susqunluq və küskünlüyümüzün astar üzüdür. Bəzi fransız sosioloqları bayramı israfçılıq mərasimi kimi göstərməyə çalışır. Bu yolla cəmiyyət özünü tanrıların öfkəsindən və bədnəzərdən qoruyur. Qurbanlar, nəzir-niyazlar tanrıları və müqəddəs hamiləri rəhmə gətirməli, bayram və hədiyyələr isə qonşularda rəğbət oyatmalıdır. Pulun, enerjinin ölçüyəgəlməz israfı cəmiyyətin zənginliyini göstərir. Bu zənginlik – sağlamlıq əlaməti, güc və bolluğun sübutu, ya da ovsunlu bir tələdir. Var-dövlətin açıq-aşkar israfı bolluq gətirər. Pulu pul gətirər. Qaynayan həyat daha da canlanar, eyş-işrət, seksual israfçılıq – bu da bir kollektiv dirçəliş mərasimidir: nə qədər çox can qoysan, o qədər güclü olarsan.

İl sonunda istənilən xalqın mədəniyyətiylə bağlı ayinlər, mərasimlər sadəcə o unudulmaz günün bayramı deyil. O gün zamanın soğulub sona çatdığı məqamda bir növ fasilədir. Və bu günü şərəfləndirən mərasimlər həm də oyanışdır. Çünki yeni il bayramı, yeni zaman başlanğıcının bayramıdır. Əksliklər bir-birini cəzb edir, nəticədə bayramların düşündüyümüzdən daha yararlı olduğu üzə çıxır. Axı bədxərclik zənginliyin, bolluğun o biri üzüdür. Ancaq burada qazanc güdülməz, gəlir hesaba alınmaz, çünki söhbət gücün, həyatın, sağlamlığın qayıdışından gedir. Bu mənada bayram – hədiyyə vermək, qurban kəsmək kimi  – iqtisadi fəaliyyətin ən qədim formalarından biridir. 

Bu cür yanaşma həmişə mənə olduqca məhdud görünüb. Dini dünya düzəni çərçivəsində bayram hər şeydən öncə fövqəltəbiiliyin təzahürüdür. Bayramı adi günlərdən ayıran və ona xüsusi ton verən özəl qanunlar mövcuddur. Bəlkə, burada fərqli məntiq, əxlaq, hətta iqtisadiyyat da var: onlar gündəlik həyatın altını üstünə çevirir.

Fiesta coşquyla ovsunlanmış bir mühitdə yaşanır. Bəzən mifik bir keçmişə, bəzən də «əbədi indi»yə dönür; onun yeri sevinclə süslənmiş bir məkandır. Bayram iştirakçıları ailə və cəmiyyətdəki yerlərini unudub, ötəri də olsa, müqəddəslərin canlı obrazına çevrilirlər. Və olub-keçənlərin hamısı gerçəklikdə yox, sanki röyada baş verir. Amma necə olsa da, yerin ağır yükünü canımızdan çıxarıb azad oluruq – burada hərənin öz yeri və xüsusi rolu var. Artıq hamı zamanın və ağlın əsarətindən qurtulur.

Bəzi bayramlar nizam anlamını ortadan qaldırır. Xaos geri qayıdır, başlı-başınalıq hökm sürür. Nə istəsən, eləmək mümkündür: ənənəvi iyerarxiya yox olur, irqi, cinsi, sinfi, məslək və ictimai mənsubiyyətə görə fərqlər silinir. Kişilər qadın, ağalar nökər, yoxsullar varlı libası geyinir. Hərbçiləri, rahibləri, məmurları ələ salırlar. Uşaq-muşaq, ya da ağıldankəmlər rəhbər olur. Hamı küfrlə məşğul olur. Sevgi günahlar zibilxanasına, bayram cin yığnağına çevrilir, müqəddəs heç nə qalmır. Adət-ənənələr, qayda-qanunlar, vərdişlər yox olur. Hörmətli cənablar qara kostyumlarıyla bərabər kübar ədalarını da bir tərəfə qoyub, rəngbərəng paltar geyinir, maska taxır, təngə gəldiyi, bezdiyi özündən müvəqqəti olsa da uzaqlaşır.

Bayram sadəcə bədxərclik, ilboyu min bir zəhmətlə yığdıqlarının israfçılığı deyil. O həm də dönüş məqamı, xaosa, həyatın axarına baş vurmaq deməkdir. Bayramda cəmiyyət qayda-qanunlar zəncirini qırıb atır, tanrılarını, törələrini, ictimai yasaqları ələ salıb gülür, bir sözlə, özünü unudur. Bayram, sözün həqiqi mənasında, bir dönüşdür. Qayda-qanunlarla idarə olunmağa məhkum edilmiş cəmiyyət onun doğurduğu xaosa qərq olur, əriyib gedir. Amma toplum yenə də öz içində, öz əzəli hərc-mərcliyində, anadangəlmə azadlığındadır. Xeyirlə şər, gündüzlə gecə, müqəddəslə lənətlənmiş – hər şey öz əks tərəfiylə birləşir. Hər şey bir-birinə qarışıb simasını və özünəməxsusluğunu itirir, ilkinliyinə qayıdır. Bayram – kosmik hadisə, nizamsızlıq, əksliklərin qovuşması, yeni həyat naminə bir başlanğıcdır. Beləcə, ritual ölüm diriliş gücünü, acgözlük iştahanı, eyş-işrət qadın və torpağın doğub törəmək istəyini artırır. 

Bayram – hələ heç nəyin bölüşdürülmədiyi ilkin vəziyyətə qayıtmaqdır. Amma sosial proseslərin daxili qanunauyğunluğuna görə, bu geriyə qayıdış həm də bir başlanğıcdır. Bu xaos çənindən insan arınıb-durulmuş və bərkimiş halda çıxır. Onlar dünya işığına çıxdıqları ana bətninə yenidən dönürlər. Başqa sözlə, bayram ayrı-ayrı təbii forma və təbəqələrin üzvi əlaqəsindən meydana çıxan cəmiyyəti dağıdır və yaradıcı enerji mənbəyi olduğunu bununla təsdiq etmiş olur. Bu, həqiqətən, oyanış deməkdir, indiki məzmunsuz, mənasız mərasimlərin tayı deyil. 

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 1/2018 nömrəsində çap olunub.

DİGƏR MƏQALƏLƏR