TEATR SƏNƏTİ - Mixail Çexov "Peşəkar aktyorluq dərsləri"

Tərcümə: Fərhad Abdullayev

1891-ci ilin 29 avqustunda Sankt-Peterburqda anadan olub. Rusiyada və ABŞ-da aktyor, rejissor və teatr nəzəriyyəçisi kimi fəaliyyət göstərib. 

1912-ci ildən K.S.Stanislavskinin dəvəti ilə Moskva Bədaye Teatrında çalışmağa başlayıb. Səhnədə Xlestakov (“Müfəttiş”), kral Erik (“XIV Erik”) və digər yaddaqalan obrazlar yaradıb.

Oktyabr inqilabından sonra – 1928-ci ildə Rusiyanı tərk edərək Almaniya, Çexiya və Fransada mühacir həyatı yaşayıb. 1939-cu ildə ABŞ-a köçüb, orada teatr tamaşaları və filmlərdə çıxış etməklə yanaşı, aktyorluq məktəbi yaradıb. “Aktyor texnikası barədə”, “Aktyorun yolu”, “Xatirələr” və digər əsərlərin müəllifidir.

1955-ci ildə ABŞ-ın Kaliforniya ştatının Beverli-Hillz şəhərində vəfat edib.

 

 

                                                                              PEŞƏKAR AKTYORLUQ DƏRSLƏRİ

                                                                                    (əvvəli ötən saylarda)

 

 

                                                                                          On birinci dərs

                                                                                           Psixoloji test

                                                                                     (12 noyabr 1941-ci il)

Müəyyən bir jestə müraciət edək. Məsələn, “tutmaq” anlayışını bildirən jesti araşdıraq. Fiziki cəhətdən bu jesti yerinə yetirin. İndi isə hərəkət etməyib bu jesti daxilən yerinə yetirməyə çalışın. Bunu bir neçə dəfə təkrar edin. Həmin jest, getdikcə “psixoloji jest”ə çevriləcək. Əslində, elə buna can atırdıq, deməli, məqsədə çatdıq. İndi daxilən etdiyiniz bu jestin əsasında belə bir cümlə səsləndirin: “Əzizim, xahiş edirəm, mənə həqiqəti söylə”. Bu cümləni deyəndə jesti daxilən yerinə yetirin. Bu jestlərdən tamaşada nə qədər çox istifadə etsəniz, görəcəksiniz ki, onlar aktyor oyununun müəyyən növünü doğurur. Bu jestlər sizdə incə hisslər, emosiyalar və impulslar yaradır. İndi isə jest və cümləni birlikdə ifadə etməyə çalışaq. Daha sonra fiziki jesti bir kənara qoyub cümləni səsləndirin, həm də bu zaman yalnız daxili jestdən yararlanın. Təsəvvür edin ki, rejissor sizə aktyor oyununun müəyyən jestini təklif edib. Həmin jestin psixoloji jestlə heç bir bağlılığı olmadığını nəzərə alın. Siz rejissorun təklif etdiyi jesti yerinə yetirsəniz də, onun tərkibinə psixoloji mahiyyət qatmalı olacaqsınız. Oyun və psixoloji jestlər bir-birini təkzib etməsə də, onların oxşarlığına yol vermək olmaz. 

Digər nümunəyə müraciət edək. Qəlbinizin səsinə qulaq verin. Daxilinizdə jestin yaranmasına əmin olana qədər aramsız məşq edin. Eyni jest hər bir aktyorun qəlbində özünəməxsus surətdə yaranıb inkişaf edəcək. Əgər oyuna psixoloji jestlə başlayırıqsa, deməli, tam sərbəstik. Çünki jesti yerinə yetirərkən daxilimizdə nələrin baş verdiyini kimsə bilmir. Tamaşaçı oyunumuzun yalnız ən qiymətli cəhətini görüb qiymətləndirəcək. Aktyor psixologiyasına sərbəstlik versəniz, bir çox maraqlı nüanslar ortaya çıxacaq.

Psixoloji jestdən tramplin kimi istifadə edin, onda jest barədə rəyinizin daha da zənginləşdiyinin şahidi olacaqsınız. Əslində, jest aktyor psixologiyasının xoş bir hissəsinə çevrilmək üçün uzun yol keçməli və necə deyərlər, bişməlidir. Yadda saxlayın, bədənimiz torpağın altına girməyə, yaxud səmaya uçmağa qadir deyil, amma xəyalən bunu canlandıra bilərik. Beləliklə, psixoloji jest müəyyən zaman kəsiyində hər şeyi dəyişə bilər, bu səbəbdən onun mahiyyətini dərindən araşdırmaq lazımdır.

Dəfələrlə məşq etdiyimiz jestin bazasında gerçək bir hadisəni götürək. Əlinizi cibinizə qoyub otağa daxil olursunuz, əsəblərinizi cilovlaya bilmirsiniz, görkəminizdən etinasızlıq yağır və daxilinizdə də buna bənzər güclü jest var. Diqqət yetirin, zahiri hərəkətlərin və daxili jestin qovuşması maraqlı psixologiya yaradır.

Təsəvvür edin ki, “Hamlet” tamaşasında kral Klavdi ilə olan səhnəni oynayırsınız. Kral deyir: “Şahzadə Hamletin kefi necədir?” Rejissor məsləhət görür ki, bu an zahirən tam sərbəst vəziyyətdə olmalısınız, daxilən isə belə bir jest yerinə yetirməlisiniz: barmaqları ovcunuzda sıxıb əlinizi irəli uzatmalı, gözləriniz isə harasa uzaqlara dikilməlidir.


                                                                                                     Oyunun iki səviyyəsi

Təsəvvür edin ki, Hamletin başqa jesti var – hər şeyi özünə cəlb edən jest. Hamletin psixoloji jesti isə gördüyünü ələ keçirmək, hər şeyə nail olmaqla bağlıdır. Bu, jestin cüzi bir hissəsidir, amma mahiyyət etibarilə çox dərinliklərə uzanır. Ayaqları unutmayın, onlar hərəkətsiz qalmalıdır, amma hansısa daxili hiss onları sanki hərəkətə gətirməlidir. Hamletin başı aşağı dikilib, gözləri isə irəli baxır. O deyir: “İnanmazsınız, amma kefim əladır”. Hamlet sakit görünür, amma daxili təlatümləri jestdən ibarətdir. Daxili jestinizi uzatmağa çalışın, yalnız bu təqdirdə zahiri jestlə istədiyiniz kimi oynaya bilərsiniz. Əgər mahiyyət bu məqamla bağlıdırsa, tamaşaçı ikinci səviyyəni, yəni psixoloji jestin səviyyəsini dərk edəcək. İkinci səviyyə birincidən həmişə maraqlıdır. İkinci səviyyə deyəndə, bir qayda olaraq, psixoloji jest nəzərdə tutulur.

 

                                                                                                          Temp 

Kraliçanın jesti – bu qadın gözlərini tez-tez yumub-açır, boynu uzundur, əlləri ilə daim üzünü gizlətməyə çalışır. İcazənizlə, bir məqamı da qeyd edim. Əgər iki nəfər söhbət edirsə, onlardan biri çox sürətli templə danışa bilər, amma ikinci şəxs istənilən halda onu dinləyəcək. Hətta dinləmənin tempi sürətli də ola bilər. Yaxud siz, qarşınızdakı adama adi tempdə qulaq asacaqsınız. Bu, çox maraqlıdır. Belə ki, istənilən halda iki tempdən yararlanmaq və ya onu tətbiq etmək imkanı var. Ritm üzərində işə başlayanda aktyor üçün geniş imkanlar açılır. Bu iş iki və ya daha çox səviyyəli ola bilər.

“Hamlet”dən səhnə ilə davam edək. Bu dəfə bütün hərəkətləri sürətlə yerinə yetirin, amma aramla danışın. Bu kiçik səhnədə müxtəlif variantlar mümkündür. Siz sürətlə danışıb aramla hərəkət edə bilərsiniz və sairə. Nitqin sürətindən fərqli olaraq, hərəkət templərini dəyişməyi bacarmaq üçün aşağıdakı çalışmalardan  istifadə edin.


                                                                              Stakkato və leqatoda hərəkətlər

Stakkatoda bütün hərəkətlər dəqiq və dəyişməzdir. Hazırda bədənimiz bizə tabe deyil. Nəsə qeyri-adi bir hərəkət edir və ona fikir vermirik, lakin səhnədə məlum olur ki, bədənimiz sözə qulaq asmır, tabe olmur, daşa çevrilib. Onu məhz bu vəziyyətdə saxlamağı bacarmalıyıq. Əgər bu bacarığa yiyələnib onu cilalaya bilmişiksə, bu, aktyor ruhuna arzuolunan imkan və əlverişli məqamlar bəxş edər. Axı rejissor aktyordan mənalı oyun tələb edir. İndi isə bunun tam əksinə nəzər salaq: leqatoda bütün hərəkətlər aşağı sürət və aramla yerinə yetirilir. Bu çalışmada həmin hərəkətləri göz önündə canlandırın: hərəkətin sürəti aşağıdır, sanki aramla axır və bütün bədənin nuru bu hərəkətdə cəmləşib. Çalışmada təkcə fiziki bədəni yox, ətrafda baş verənləri və daxildən gələn hissləri təsəvvürdə canlandırmaq daha vacibdir. 

Səhnədə bir vəziyyətdən dərhal digərinə, bir hərəkətdən başqasına, bir danışıq tərzindən digərinə keçid almağı bacarmaq mühüm şərtdir. Səhnə nitqimiz hərəkət etmək bacarığından çox asılıdır. Əgər səhnədə yöndəmsiz hərəkət ediriksə, nitqimiz də ürəkaçan olmayacaq. Beləliklə, çalışmalar üzərində çalışdıqca nitqimizi də inkişaf etdiririk. Bu çalışmanın köməyi ilə istənilən mətni hazırlıqsız səsləndirmək olar. Leqato vəziyyətində stula tərəf gedin, təsəvvür edin ki, stul od tutub yanır. Stula toxunma anını stakkato tempindəki hərəkətlərlə göstərin. Çalışma sizdə müxtəlif həyat şəraitinə uyğunlaşmaq bacarığı tərbiyə edəcək. Bu, Mars və Yupiterdə həyatın varlığını öyrənməyə bənzəyir. 

 

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 1/2018 nömrəsində çap olunub.

DİGƏR MƏQALƏLƏR