HEKAYƏ - Elis Manro "Nəsə başqa cür"

İngilis dilindən tərcümə: Təvəkkül Zeynallı

1931-ci ildə Kanadada doğulub. İlk kitabını (“Xoşbəxt kölgələrin rəqsi”, 1968) 37 yaşında çap etdirib. Elə bu kitabı ilə uğur qazanan yazıçı sonralar “Ondan uzaqda”, “Oğlanlar və qızlar”, “Məlum sirlər”, “Gənclik dostum”, “Sənə demək istədiyim”, “Yupiterin peykləri”, “Əziz həyat” və başqa hekayələr topluları ilə məşhurlaşıb.

Elis Manro 2009-cu ildə Buker mükafatına, 2013-cü ildə isə “Çağdaş hekayə janrındakı uğurlarına görə” Nobel mükafatına layiq görülüb.

     

                                                                                                  Nəsə başqa cür

 

Bir dəfə Corca bədii yaradıcılıq kursuna üzv olmaq fikrinə düşdü. Müəllim onu elə ilk gündən bu sözlərlə qarşıladı: “Sən həddən artıq çox şeyə diqqət yetirməlisən. Eyni vaxtda hər şeyə, hər adama fikir verməlisən. Fikirləş, gör sənin üçün ən vacib olan nədir. Bizim ən çox nəyə diqqət yetirməyimizi istəyirsən. Fikirləş, yaxşı-yaxşı fikirləş”. 

Axırda Corca bir hekayə yazdı. Hekayə babasının cücələri öldürməyindən bəhs edirdi və deyəsən, müəlliminin də xoşuna gəlmişdi. Corcanın özünə isə həmin hekayə nədənsə çox süni görünürdü. Nəzərdən qaçırdığı bəzi məqamları ayrıca qeyd edib onlardan uzun bir siyahı düzəltdi və yamaq kimi hekayənin axırına əlavə elədi. Müəllimi dedi ki, o, özünə qarşı çox tələbkardır, qısa vaxt ərzində çox şeyə nail olmaq istəyir və belə etməklə onu da yorur. 

Amma kurs Corca üçün tamamilə faydasız olmadı, çünki axırda iş elə gətirdi ki, Corca ilə müəllimi bir yerdə yaşamağa başladılar. Onlar indi də Ontariodakı fermada birgə yaşayır, moruq alveri ilə və balaca çap maşını işlətməklə dolanırlar. Corca bir az pul yığan kimi Vankuverə gedib, oğlanları ilə görüşür. Bu payız, şənbə günlərinin birində yolunu bir vaxtlar yaşadığı Viktoriya tərəfdən saldı. Bu addımı əminliklə atmasa da, gəminin ağzını Viktoriya istiqamətinə yönəltdi. Günorta Corca artıq oraya çatmışdı və bir zamanlar Mayanı görmək üçün gəldiyi daşdan tikilmiş dəbdəbəli evə tərəf yol alanda tərəddüd və şübhələrlə dolu bir həyəcan artıq onu yaxalamışdı. 

Reymonda zəng vuranda inanmırdı ki, onu evə dəvət edəcək. Getmək istəyib-istəmədiyinə özü də əmin deyildi. Orada necə qarşılanacağını bilmirdi. Amma budur, artıq qapının ağzındadır və əlini zəngə aparmamış Reymond qapını açır. Onlar görüşürlər, Reymond onu qucaqlayır və üzündən iki dəfə öpür (təbii ki, əvvəllər bu cür görüşməzdilər). Sonra həyat yoldaşı Ənnlə onu tanış edir. Deyir ki, Ənnə hər şeyi danışıb. Ona deyib ki, bir vaxtlar necə yaxın dost olublar. Corca, Ben, o və Maya. Əsl dost idilər.

Maya indi ölüb. Corca ilə Ben isə çoxdandır ki, boşanıblar. 

Onlar içəri keçib, Mayanın bir vaxtlar süni bir sevinclə “ailə otağı” adlandırdığı otağa girirlər. 

(Bir axşam Reymond, Ben və Corcaya demişdi ki, deyəsən, Mayanın heç vaxt uşağı olmayacaq. “Biz əlimizdən gələni edirik. Yastıq-filan, hər şeydən istifadə edirik. Amma heç nə alınmır”, – Reymond demişdi. 

“Qulaq as, ay adam, onu yastıqla eləmirlər. – Ben yarızarafat cavab vermişdi. Onlar bir az da içkili idilər. – Elə bilirdim, sən əsl mütəxəssissən, belə şeylərdən yaxşı başın çıxır. Amma yox, deyəsən, səninlə bir balaca söhbət etməli olacağam”.

Reymond obstetrist və ginekoloq idi. 

Corca həmin vaxta qədər Mayanın bir dəfə Siətldə abort olunduğunu bilirdi. Hər şeyi Mayanın məşuqu Harvi təşkil eləmişdi. Harvinin özü də cərrah idi. Həmin günü xatırlayanda Corcanın gözləri önündə köhnə bir binada təmirsiz mənzil, əlində sviter toxuyan qaşqabaqlı bir qadın, ev paltarında otağa girən və qəhvəyi rəngdə kağıza bükülmüş bağlama gətirən həkim canlanırdı. Maya həyəcanla fikirləşmişdi ki, yəqin, bağlamanın içində əməliyyat üçün lazım olan ləvazimatlar var. Əslində isə, bağlamada həkim öz yeməyini – yumurtalı soğanla sendviç gətirmişdi. Həmin gündən sonra Maya o yeməyin iyini öz üzündə çox hiss etmişdi. Otaqdakı qadınla həkimin laqeydliyi Mayaya çox pis təsir eləmişdi.

Ərləri şən söhbətlərini davam etdirəndə Maya və Corca bir-birinin üzünə baxıb süni şəkildə gülümsəyirdilər.)

Reymondun şabalıdı qıvrım saçlarına indi dən düşmüşdü, üzündə qırışlar yaranmışdı. Amma ötüb-keçən illər onu çirkinləşdirməmişdi. Nə qarnı çıxmışdı, nə buxağı sallanmışdı, nə də ki, üzündə içkinin təsirindən yaranan qızartılar var idi. Onda ruh düşkünlüyü və ümidsizlik də hiss edilmirdi. Öz formasını saxlamışdı. Hələ də arıq, qədd-qaməti düz, çiyinləri şax idi. Bahalı, yaraşıqlı paltarlar geyinmişdi. Vurduğu ətrin zərif qoxusu duyulurdu. “Onun qocalığını təsəvvür eləyirəm – kövrək, eleqant, üzündə mehriban uşaq təbəssümü olan bir adam”. – Maya bir dəfə Corcaya kefsiz-kefsiz bu sözləri demişdi. O, Reymond və Ben haqqında danışırdı: “Bəlkə də, biz onları yaxşı-yaxşı dezinfeksiya eləməliyik”.

Otaq Reymonddan daha çox dəyişmişdi. Mayanın bəzəkli parça ilə örtülmüş divanının yerində indi krem rəngində dəri üzlüklü divan var idi. Evin əvvəlki səliqəsizliyi, həmişə bir kənarda gözə çarpan pampas bitkisi, üstünə balaca güzgülər tikilmiş rəngbərəng fil suveniri – indi bunların hamısı yoxa çıxmışdı. Reymondun yeni həyat yoldaşı olan o sarışın qadın kimi, otaq da sarılı-ağlı bir rəngə çalır, rahat və gözəl görünürdü. Qadın yanını Reymondun oturduğu kreslonun dirsəyinə söykəmiş, Reymondun qolunu öz belinə dolamış, onun bir əlini isə ayağının üstünə qoymuşdu. Qadının əynində ağ rəngdə gözəl görünüşlü şalvar, ağ və boz rəngli parçalardan yamaqlı üslubda tikilmiş sviter var idi. Zinət əşyası kimi qızıl taxmışdı. Reymond yanında oturmuş həyat yoldaşının səmimiyyətinə cavab olaraq onun ayağını mehribancasına sığallayırdı.

– Sən harasa gedəcəkdin? – o deyir. – Yəni bazarlığa-filan?

– Yaxşı, elə olsun, – həyat yoldaşı cavab verir. – Yəqin, köhnə günlər yada düşüb... – Corcaya baxıb gülümsəyir.

O gedəndən sonra Reymond Corcaya və özünə içki süzür. 

– Ənn içki məsələsi ilə bağlı çox vasvasıdır, – deyir, – imkan vermir ki, içdiyimdən ləzzət alım. Mayanın siqaretinin iyindən qurtulmaq üçün evdəki bütün pərdələri atıb. İndi bilirəm, nə fikirləşirsən. Deyirsən, dostumuz Reymond özünə bərli-bəzəkli, sarışın bir qadın tapıb. Amma elə deyil. O, çox ciddi qızdır, sədaqətli, etibarlı qadındır. Bilirsən də, o, Maya ölməmişdən qabaq da mənim ofisimdə işləyirdi. Yəni öz ofisimdə işə götürmüşdüm onu. Səhv başa düşmə. Elə demək istəmirəm. Özü də göründüyü qədər cavan deyil. Otuz altı yaşı var.

Corca isə onun qırx yaşı olduğunu fikirləşmişdi. Artıq bu qonaqlıqdan sıxılmağa başlayır, amma indi növbə ona çatıb, indi də özü haqqında o danışmalıdır. Yox, hələ ərə getməyib. Bəli, özünə iş tapıb. Dostuyla bir fermada yaşayır, çap işi ilə məşğul olurlar. Gəlirləri gah elə olur, gah belə, o qədər də çox qazanmırlar. Maraqlı işdir. Hə, dost dediyi bir kişidir. 

– Benlə bütün əlaqələrimi itirmişəm, – Reymond deyir. – Eşitmişdim ki, qayıqda yaşayır. 

– O, hər yay arvadı ilə Qərb sahillərinə gedir, – Corca cavab verir. – Qışda da Havay adalarına gedirlər. Axı Dəniz Donanmasında pensiyaya tez çıxmaq olur.

– Hə, çox gözəl, – Reymond deyir. 

Reymondu görəndən sonra Corca fikirləşir ki, yəqin, Ben də çox dəyişib. Görəsən, saçları ağarıbmı, kökəlibmi? Fikirləşdiklərinin ikisi də öz başına gəlmişdi. Zeytun rəngli hamar dərisi olan, saçında ağ tellər gözə çarpan kök bir qadına çevrilmişdi. Əyninə boş olan, rəngli paltarlar geyinirdi. Corcanın təsəvvüründə o, Dəniz Donanmasının sərt baxışları olan yaraşıqlı zabit kimi canlanır. Bu baxışlar əmr gözləyən cəsarətli hərbçi baxışlarıdır. Yəqin ki, oğulları onun şəklini evdə saxlayırlar, çünki onlar tez-tez görüşürlər, tətillərini qayıqda bir yerdə keçirirlər. Bəlkə də, Corca oğlanlarının yanına gedəndə onlar atalarının şəklini bir vaxtlar onun ürəyini qıran bu qadından gizlədirlər. 

Mayanın, yəni Reymondun evinə gedəndə Corca başqa bir evin də önündən keçmişdi. Əgər istəsəydi, rahatca öz yolu ilə gedərdi. Amma yolunu dəyişib Ouk Beydə yerləşən o evə tərəf getmişdi. 

Həminki ev idi – Benlə birlikdə Viktoriyanın “Kolonist” qəzetində elanını oxuduqları ev. Mənzərəli palıd ağaclarının altında birmərtəbəli böyük bir malikanə. Arbutus və zoğal ağacları, rombşəkilli pəncərələr, darvazanın yanında oturmaq üçün skamya. Hər şey əvvəlki kimi idi. Corca darvazanın ağzında dayandı və təxmin etdiyi ağrıları duymağa başladı. Burada Ben ot biçmişdi, burada uşaqlar özləri üçün cığır açmışdılar, kolların arxasında gizlənmək üçün yer düzəltmişdilər, Domino adlı qara pişiklərinin öldürdüyü ilanları və quşları basdırmaq üçün balaca bir qəbiristanlıq yaratmışdılar. Corca evin içini də dəqiqliklə xatırlayırdı. Benlə birgə zorla rəndələdikləri palıd ağacından döşəmə, rənglədikləri divarlar, ağıl dişi çəkiləndə keyidici dərmanın təsiri altında ağrıya-ağrıya uzandığı otaq. Ben onun üçün “Dublinlilər” kitabını oxumağa başlamışdı. Corca hekayənin adını indi dəqiq xatırlamırdı, amma yadına gəlirdi ki, həmin hekayə gözəl və ifritə arvadı olan şair təbiətli, utancaq bir adam haqqında idi. “Yazıq kişi,” – hekayəni qurtaranda Ben belə demişdi. 

İdmana maraq göstərən və məktəb vaxtı idmançı məharətinə görə məşhur olan Benin, təəccüblü görünsə də, ədəbiyyatdan xoşu gəlirdi. 

Corca gərək heç bu evə yaxınlaşmayaydı. Çünki burada hara ayaq basırdısa, sanki atdığı addımlar onu qınamağa başlayırdı. Qızılı rəngli yarpaqları olan şabalıd ağaclarının, meyvələri qırmızıya çalan arbutus ağaclarının altında gəzdikcə, Avropa meşələrini, ağackəsənləri, cadugər qarıları, sehrli nağılları xatırladan hündür Qerri palıdlarının yanından keçdikcə atdığı hər addım onu danlamağa başlayır və sanki “Niyə axı? Niyə? Niyə? Niyə?” deyə ona suallar yağdırırdılar. Bu məzəmmətləri, bu qınaqları gözləyirdi və bunu həm də özü arzulayırdı. Amma onun bu arzusunda da nəsə bir sırtıqlıq var idi. Bu istək sanki tamam gərəksiz idi. Bunu bilirdi. Amma addımlar hələ də inadkarcasına səslənməyə davam edirdi: “Niyə axı? Niyə? Niyə? Nə gərək var idi bu səhvə? Nəyə lazım idi bu itki?.. Bu səhv... Bu itki...”

Reymond Corcaya bağçanı göstərmək istəyir. Deyir ki, bu bağça ömrünün son aylarında Maya üçün salınmışdı. Maya özü onun dizaynını vermişdi. Sonra da bəzəkli örtüyü olan divanında uzanıb aparılan işlərə tamaşa eləmişdi. (Reymond onu da əlavə edir ki, Maya siqareti söndürmədən yuxuya getdiyi üçün iki dəfə həmin divanı, az qala, yandıracaqdı.)

 

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 1/2018 nömrəsində çap olunub.

DİGƏR MƏQALƏLƏR