KORİFEYLƏR - Pablo Neruda

Tərcümə: Salam Sarvan

1904-cü ildə anadan olub. 

Şeir yazmağa on yaşında başlayıb. Ədəbi dairələrdə "Toranlıq" (1923), "İyirmi sevgi şeiri və bir ümidsizlik nəğməsi" (1924) kitablarından sonra məşhurlaşıb. Qırхdan çox şeir kitabının müəllifidir. 

İctimai-siyasi fəaliyyətinə görə 1950-ci ildə Beynəlхalq Sülh mükafatına, 1971-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

Qabriel Qarsiya Markesin  "bütün dillərin ən böyük şairi" adlandırdığı Pablo Neruda 1973-cü ildə vəfat edib.

 

                                                                                             SUALLAR KİTABI

Niyə təyyarələr öz uşaqlarını 

gəzməyə aparmır heç?

Limonların üstündə kürt yatan

hansı sarı quşdu axı?

Vertolyota kim öyrədəcək

günəşdən bal yığmağı?

 

Hardan tapır fransız baharları 

görən bu qədər yarpağı?

Arının qovduğu kor

harda gizlənsin, harda? 

Nədən bişirəcəyik çörəyi

sarılıq qurtaranda?

 

Anadangəlmə lütdümü qızılgül,

ya bu onun paltarıdı?

Niyə ağaclar gizlədir

köklərinin şəfəqini?

Peşmanlıq sözlərini kim eşidib

qatil avtomobildən?

Yağış altda donub-qalmış

qatardan kədərli nə var?

 

Neçə kilsə var səmada?

Görən, dərdləşirmi tüstü buludla?

Doğrudanmı ümidləri

şehlə sulamaq gərək?

 

Dəvə tısbağadan soruşdu:

nə var donqarının altında?

Tısbağa soruşdu dəvədən:

portağalla nə pıçıldaşırsan?

 

Yarpaqlar niyə özünü öldürür

saraldığını bilən kimi?

Niyə daha çox hönkürdükcə

daha şən olur buludlar?

 

Sülh göyərçini sülhdümü?

Hökmən savaşdımı pələng?

Niyə ölümün coğrafiyasından

dərs keçir professor?

Və başına nə gəlir, görən,

dərsə gecikmiş qaranquşların?

 

 

Niyə Kolumb İspaniyanı

kəşf eləyə bilmədi?

Ağlanmamış göz yaşları

balaca göllərdədi?

Buluda necə təşəkkür eləyək

ötəri səxavətinə görə?

 

Hardan gəldi pis hava

göz yaşlarının qara torbasıyla?

Tortdan şirin olan köhnə adlar

hardadı indi, harda?

 

Yüz il sonra polyaklar

şlyapamdan nə danışacaq?

Necə, nəylə ölçülür

pivədən qalxan köpük?

Petrarka sonetlərinin birində

ilişib-qalmış milçək neyləyir?

 

Yarpaqlar harda daha çoxdu –

bağda, ya Keçmişin Cəngəlliyində?

Neçə yaşı var noyabrın?

Bu qədər sarı sikkəyə

nə alır payız?

 

Kokteyl necə adlanır

şimşək qarışanda araqla?

Kimə gülümsəyir düyü

dişlərini ağarda-ağarda?

Qızılgülün yüz ətəyi var,

bəs Karakas gözəlinin?

 

Niyə məni birələr dişləyir,

bir də bu ədəbiyyat çavuşları?

Nar şirəsindən

yaqutlar nə danışır? 

Niyə cümə axşamı 

istəmir cümədən sonra olmağı?

 

Torpaq niyə kədərlənir

bənövşələr çiçəkləyəndə?

Portağallar necə bölür

günəşi öz aralarında?

Niyə həmişə yaz bizə

yaşıl donunda gəlir?

Azadlığı necə qazandı

itirilmiş velosiped?

 

Fikir vermisənmi, payız 

inəklərin ən sarısıdı?

Ən çətini nədi, görən,

qapanmaqla açılmaq arasında?

Görən, nə qədər qızıl var

qarğıdalı krallığında?

Qarpız nəyə gülür axı

öldürülərkən?

 

Görən, necə adlanır

quşdan quşa uçan gül?

Okeanın ortası haradı? 

Və dalğalar niyə cummur o yerə?

Öz kitabımdan soruşa bilərəmmi: 

“Səni mən yazmışam?”

 

Daha bir-birini sevməyənlərin sevgisi 

harda yaşayır onlarsız?

Gözlərimdən soruşdum:

bir də nə vaxt görüşəcəyik?

 

Çayın mavi nəğməsinin altında

göyün xışıltısı nə qoxuyur?

Belə çıxır ki, yalanmış

Tanrının Ayda yaşamağı?

 

Gündə neçə həftə var

və neçə il var ayda?

Hamı üçün dörddü – dörd?

Oxşardımı, görən, bütün yeddilər?

Eynən sən gördüyün işıqdımı

dustağın yuxusuna girən işıq?

Qərbin hansı ölkəsi

lalələrin bayrağı altında yaşayır?

 

Niyə qarın gəlişinə

ağaclar soyunmalıdı?

Kəlküttə tanrılarının 

hansı əsl Tanrıdı?

Niyə ipəkqurdu

həmişə cındır paltarda gəzir?

Niyə bu qədər bərkdi

albalı ürəyin şirinliyi?

 

Maqnoliya kimi ələ salır

öz limon qoxusuyla?

Bıçağını harda gizlədir qartal

buludlarda mürgüləyərkən?

Qızılgül bir az da çox

tikan yığa bilərdimi üstünə?

Qocalar niyə xatırlamır

köhnə borclarını və yanıq yerlərini?

 

Bu, özünü itirmiş 

qızcığazın ətriydi?

Hardan elə zəng tapım ki,

sənin yuxularında səslənsin?

Günəşdən portağallaracan

neçə sferik metrdi?

Kim oyadır, kim oyadır

isti yatağında xoruldayan günəşi?

 

Ruben Dario yaşıl idimi

"Mavi" kitabını yazarkən?

Doğrudanmı 

Rembo – al-qırmızı,

Qonqora – bənövşəyi,

Hüqo – üçrəngliydi?

Doğrudanmı 

qara göz yaşlarıyla ağlayırdı Bodler?

 

Varlıların yuxuları saxlanırmı

bir mineral seyfdə?

Niyə mən həmişə hərəkətdəyəm, 

ətaləti sevsəm də?

 

“Pablo Neruda” adlanmaqdan da

sarsaq məşğuliyyət olarmı?

Varmı bulud kolleksiyaçıları

Kolumbiya səmasında?

 

Qəribə deyilmi ki, 

səhrada səyyaha düşməndi günəş?

Və qəribə deyilmi ki, 

bunca mehribandı xəstəxana bağında?

 

Niyə ən yaxşı çaylar

Fransaya getdi axmağa?

Niyə Gevari gecəsinin dalınca

Boliviyada səhər açılmır?

 

Üzüm acı göz yaşı dadır 

sürgünün ilk illərində?

Həyat – bir-birindən fərqlənməyən 

iki işıq arasında tuneldimi?

Hardan gəlir ölüm –

aşağıdan, ya yuxarıdan?

Mikroblardan, divarlardan,

qışdan, ya savaş meydanından?

Ölüm yaşamırmı

yetişmiş gilasın günəşində?

 

Sən heç hiss eləmirsən

dənizin qəhqəhəsindəki təhlükəni?

Təhlükə görmürsən 

lalənin ipək qanında?

Alma ağacı niyə çiçəklənir –

almada ölmək üçün?

Milçəklər incidəcəkmi arıları,

bal verməyi öyrənsələr?

 

Kim daha çox əzab çəkir –

hamını gözləyən, ya heç kəsi gözləməyən?

Görünməyən ulduz –

intihar edənlərin göy üzüdürmü?

 

Sübhə yaxın yuxunda 

səni sevən o qız hanı?

Hanı yuxumuza girənlər?

Qonşunun yuxusunamı getdilər?

Sən oyananda yenidən öləcək

yuxunda yaşayan atan?

 

Hardadı o uşaq –

hələ də məndədi, ya gedib?

O  uşaq bilirmi ki, biz heç vaxt

bir-birimizi sevməmişik?

Niyə bu neçə vaxtda 

onunla bir yerdə böyüdük – ayrılmaqçün?

Niyə ikimiz də ölmədik

uşaqlığım ölərkən?

Niyə mən ruhdan düşəndə

yenə də dik durur skeletim?

 

Kainatın sonundakı

ölümdü, ya sonsuzluq?

Çiynimizdəki hansı yük daha ağırdı –

kədərin, ya yaddaşın yükü?

 

Dekabrla Yanvar arasındakı ay

necə adlanır, görən?

Və niyə salxımda

cəmi on iki üzüm giləsi var?

Niyə elə bir ay olmadı ki,

bir il davam eləsin?

Öpüşlərin çiçəklənmədiyi bahar

nə bahardı axı?

 

Balıqqulağı günbəzləri –

dəniz sirenalarının döşləridimi,

daşlaşmış dalğalardımı,

köpüyün donmuş sevincidimi?

Görən, yanmaz ki tala

meşə işıldaquşlarından?

 

Mən dənizə baxanda

dəniz məni görürmü?

Dalğalar niyə qayanı döyür

bu kədərli inadla?

Mən dənizə görəmi 

bu həyata gəlmişəm?

Nəyimə lazımdı axı

qadın və sidik qoxuyan şəhər?

Niyə küləklərin Okeaniyasında

nə ada  var, nə palma?

 

Birhürgüclü dəvələr donqarlarında

ay torpağı gizlətmirlərmi?

Qısa müddətə borc verilməyibmi

bu dəniz bu torpağa?

Onun qabarmalarını 

Aya qaytarmalı deyilikmi?

Qadağan eləmək düz olmazdımı

planetlərarası öpüşləri?

 

Niyə gizli doğulmadım?

Və niyə tək böyüdüm?

Bu dünyada mənim əvəzimə kim yaşayırdı

mən yatarkən, xəstələnərkən?

Hansı bayraq ucaldı

unudulduğum yerdə?

Dağılarkən saxlayacammı

qoxumu və qəmimi?

 

Çiçəklənmək imkanı varmı

səhra şoranlığında?

Varmı ölülərçün kəfən 

yoxluğun dənizində?

Tısbağaya necə deyim

ondan ləng olduğumu?

 

Hansı əlifbanı öyrənib arı

xəritələri oxumaqçün?

Qasırğa necə adlanır

qopmadığı zamanlar?

Hansı ulduzla danışır 

dənizə tökülməyən çay?

 

Hansı katorqaya göndəriblər

cəhənnəmdə Hitleri?

Görən, orda hasarı rəngləyir, 

yoxsa cəsədləri?

Yedirirlərmi ona

yandırılmış uşaqların külünü,

Qıfla içirdirlərmi 

öldürülmüş qadınların qanını?

Ağzını doldururlarmı

qurbanların qızıl dişləriylə?

 

Buğdanın üstündə kimin zəhməti daha çoxdu –

insanın, ya günəşin?

DİGƏR MƏQALƏLƏR