ROMAN - Haynrix Böll "Kişisiz ev"

Alman dilindən tərcümə: Vilayət Hacıyev

1917-ci ildə Köln şəhərində anadan olub. İkinci Dünya müharibəsində alman qoşunlarının tərkibində Fransada, Ukraynada, Krımda döyüşüb. 1945-ci ildə amerikalılara əsir düşüb.

1949-cu ildə “Qatar vaxtında çatdı” romanı işıq üzü görüb.

“Haradaydın, Adəm?” (1951) ona böyük uğur qazandırıb.

“Və bircə kəlmə də demədi” (1953), “Kişisiz ev” (1954), “O illərin çörəyi” (1955), “Saat onun yarısında bilyard oyunu” (1959), “Bir təlxəyin düşüncələri” (1963) “Xanımla kollektiv portret” (1971) romanlarının, bir çox hekayə kitablarının müəllifidir.

1972-ci ildə Nobel mükafatına layiq görülüb.

Haynrix Böll 1985-ci ildə vəfat edib.

 

                                                                                            KİŞİSİZ EV

                                                                                              (roman)

Hər gecə anası sərinkeşi qoşan kimi ayılırdı. Halbuki bu “yel dəyirmanı”nın rezin pərləri, demək olar, səssiz fırlanırdı. Yalnız boğuq bir vıyıltı eşidilir və hərdən də pərlər pərdəyə ilişəndə dayanırdı. Onda anası yatağından durub, astadan deyinə-deyinə pərdəni pərdən aralayır, onu kitab dolabının qapıları arasına ilişdirirdi. Napnazik papağı yaşıl ipəkdən olan torşerdən sarımtıl işıq süzülürdü, tumbanın üstündəki bir qədəh qırmızı şərab isə mürəkkəbə oxşayırdı. Qaralmış, sanki qatılaşmış bu “zəhər”i anası hərdən dodağına aparırdı. Kitab oxuyur, siqaret çəkir, az-az da şərabdan qurtum-qurtum içirdi.

Yarıyumulu gözlərinin altından anasına baxır, ancaq onun diqqətini cəlb etməmək üçün qımıldanmır, siqaretin sərinkeşə tərəf sürünən tüstüsünü izləyirdi. Ağ, boz tüstü layları titrəyən havada parçalanır, yaşıl pərlərin küləyi də onları qovub uzaqlaşdırırdı. Sərinkeş böyük idi – mağazalarda da beləsini qoyurdular – və sakit vıyıltı ilə otağın havasını bircə anda təmizləyirdi. Onda anası atasının divardan asılmış şəklinin yanındakı düyməni basırdı. Ağzında qəlyan olan bu gənc gülümsəyirdi və heç deməzdin ki, on bir yaşlı oğlanın atasıdır. O, dondurma kafesindəki Luici və təzə gələn balaca, qorxaq müəllimi kimi cavan idi. Başqa oğlanların analarına oxşayan anasından da gənc idi. Atası gülərüz bir yeniyetmə idi və neçə həftəydi ki, yuxusuna girirdi, ancaq şəkildəkinə bənzəmirdi. Sanki mürəkkəb rəngli bulud topasının üstündə büzüşüb kədərli halda oturmuşdu, sifəti yox idi, ağlayırdı, əsgər paltarındaydı, di gəl, nə rütbəsi, nə də orden-medalı vardı, elə bil milyon illərdən bəri nəyisə, kimisə gözləyirdi və yuxusuna da arzuladığı kimi deyil, yad, tanımadığı bir adam kimi girirdi.

Onda əsas məsələ sakit dayanmaq, nəfəsini içinə çəkmək, gözlərini açmamaq idi ki, evdə eşidilən səslərdən saatın neçə olduğunu bilsin: əgər Qlumun səsi gəlmirdisə, deməli, saat on birin yarısı, Albert tərəfdə də sakitlik idisə, deməli, on bir olmuşdu. Çox vaxt üst otaqdan Qlumun ağır, sakit addım səsləri eşidilir, ya da yan otaqda astadan fit çala-çala nə işləsə məşğul olan Albertin səsi gəlirdi. Hərdən Bolda gecəyarı pilləkənləri düşür, mətbəxdə özü üçün nəsə qızardırdı. Ayaqlarını sürüyə-sürüyə gəzir, qorxa-qorxa işığın düyməsini basır, ancaq buna baxmayaraq, çox vaxt nənəyə rast gəlirdi. Onda dəhlizdən nənəsinin boğuq səsi eşidilirdi:

– Ay qarınqulu, yenə gecəyarısı tuluğunu doldurursan? Qızardırsan, bozardır­san, özünə zirdən-zibildən nəsə hazırlayırsan?

Bolda cingiltili səslə gülürdü:

– Elədir, qoca kaftar, acmışam. Sənə də nəsə bişirim?

Yenə Boldanın cingiltili gülüşü, nənənin nifrət dolu “tfu”su... Bəzən də nə barədəsə pıçıldaşırdılar və o, hərdən gülüş səsləri eşidirdi: Boldanın cingiltili, nənənin isə boğuq gülüşünü...

Yuxarıda var-gəl edən Qlum isə qəribə-qəribə kitablar oxumaqla məşğul idi: “Doqmatiklik”, “Əxlaqın dini əsasları”... Saat on tamam olan kimi işığı söndürür, yuxarıdakı vanna otağına gedir, yuyunur; su şırıltısı, qazla işləyən qızdırıcını yandırarkən boğuq partıltı eşidilirdi. Sonra otağına qayıdır, qaranlıqda çarpayısının önündə diz çöküb dua edirdi. Qlumun dizləri döşəməyə dəyəndə tappıltını aydın eşidirdi. Başqa otaqlarda sakitlik olanda mızıltısını da eşidirdi. Qlum qaranlıqda uzun-uzadı dua edir, ayağa duranda dəmir çarpayısı cırıldayırdı, bu, o deməkdi ki, saat düz on birin yarısıdır. Evdə Qlumla Albertdən başqa, heç kim heç nəyi eyni vaxtda eləmirdi. Məsələn, Bolda yuxuya getmək üçün gecənin yarısı mətbəxə düşüb qəhvəyi kağız torbada saxladığı mayaotu çayı dəmləyə bilərdi. Bəzən nənəsi də gecə saat biri keçəndən sonra mətbəxə keçib özünə bir boşqab ətli buterbrod hazırlayır, bir şüşə qırmızı şərabı da qoltuğuna vurub otağına qayıdırdı. Ya da gecənin yarısı birdən yadına düşürdi ki, siqaret qutusu boşdur – iyirmi siqaret tutan açıq-mavi rəngli qəşəng çini qutu idi – onda durub astadan donquldana-donquldana evi dolaşır, siqaret axtarırdı. Sarışın saçlı, qırmızısifət, yekəpər nənəsi ayaqlarını sürüyə-sürüyə əvvəlcə Albertin yanına gedirdi, çünki yalnız o, nənəsinin zövqünə uyğun gələn siqaret çəkirdi. Qlum qəlyandan başqa heç nə çəkmirdi, anasının çəkdiyi siqaretlər də nənənin xoşuna gəlmirdi. “Yumşaqdır, arvadlar çəkən zibildir, o saman çöplərini görəndə ürəyim qalxır”, – deyirdi. Boldanın da dolabda bir-iki əzik, ləkəli siqareti olurdu, onlarla poçtalyonun, montyorun başını aldadırdı, nənəsi də ona lağ eləyirdi: “Elə bil onları xaç suyundan bircə-bircə dənləyib qurudubsan, ay pintilər pintisi, beləsini rahibələr çəkir. Tfu!” Bəzən evdə siqaret tapılmırdı, onda Albert dayı gecəyarısı durub geyinir, ona siqaret almaq üçün öz maşını ilə şəhərə gedirdi, ya da hər ikisi əllipfenniqlik, birmarklıq axtarırdı ki, Albert gedib avtomatdan alsın. Ancaq onda da sakitləşmirdi, on dənə, iyirmi dənə ilə qane olmurdu, gərək əlli dənə olaydı, özü də üstünə “Tomahawk” – Xalis Virciniya tütünü yazılmış tünd-qırmızı qutularda olmalıydı. Uzun, dümağ, çox da tünd siqaretlər... Albert gedəndə:

– Ancaq gərək təzə olsunlar, əziz balam, – deyir, qayıdanda isə onu elə dəhlizdəcə qucaqlayıb öpür və mızıldayırdı: – Sən olmasaydın, neyləyərdim, oğul? Heç doğma oğul da belə olmaz!

Sonra otağına gedir, üstünə qalın yağ çəkilmiş, ət qoyulmuş iri-iri ağ çörək dilimlərini yeyir, şərab içir, siqaret çəkirdi.

Albert də, demək olar, Qlum kimi dəqiq idi, saat on birdə onun otağına sakitlik çökürdü və bundan sonra nə olsa, arvadların ayağına yazılırdı: nənəsinin, Boldanın, anasının... Anası nadir hallarda yerindən dururdu, ancaq çox oxuyur, sarı qutulardakı yüngül, nazik siqaretlərdən çəkirdi. Onun üstündə Məscid – Xalis Şərq tütünü yazılmış olurdu. Çox nadir hallarda da şərabdan bir qurtum alır, ancaq hər saatdan bir sərinkeşi qoşurdu ki, otağın havası təmizlənsin. Tez-tez də harasa çıxıb gedir, ya da axşamlar evə qonaq gətirirdi. Onda onu yuxulu-yuxulu Albertin otağına aparırdılar, o da özünü bilməzliyə vururdu. Onun qonaqlıqdan zəhləsi gedirdi, ancaq Albertin otağında yatmaqdan xoşu gəlirdi. Qonaqlar gecə saat ikiyə, üçə, dördə qədər otururdular... Bəzən də lap beşə qədər. Onda Albert səhər yatıb qalır, məktəbə getməmişdən əvvəl səhər yeməyində tək olurdu, çünki Bolda ilə Qlum evdən tez çıxırdılar, anası saat ona qədər yatır, nənəsi də on birdən tez durmurdu.

Nə qədər oyaq qalmağa çalışsa da, sərinkeş söndürülən kimi yuxuya gedirdi. Ancaq anası çox oxuyanda və xüsusilə də Qlum sərinkeşi yağlamağı unudanda ikinci, üçüncü dəfə ayılırdı: pərlər fırlanmağa başlayanda cırıldayır, yavaş-yavaş fırlanır, sürət yığandan sonra isə səssiz işləyirdi. Ancaq o, cırıltı eşidilən kimi oyanır və görürdü ki, anası elə əvvəlkitək uzanıqlı halda dirsəklənib oxuyur; sol əlində siqaret, şərabdan da içilməyib. Anası hərdən İncil də oxuyurdu, bəzən onun əlində qəhvəyi rəngli dəri üzlük çəkilmiş dua kitabçası görür və onda niyəsə utanır, yuxuya getməyə çalışır, ya da oyaq olduğunu bildirmək üçün öskürürdü. Həmin anda gec olduğundan, evdə hamı yatmış olurdu. Öskürən kimi anası durub yanına gəlir, əlini alnına qoyur, yanağından öpür və yavaşdan soruşurdu:

– Nəsə olub, oğlum?

– Yox, yox, – gözlərini açmadan cavab verirdi.

– Bu dəqiqə işığı söndürürəm.

– Yox, oxu.

– Doğrudan, heç nə olmayıb? Deyəsən, istiliyin də yoxdur.

– Heç nə olmayıb... Doğru sözümdür.

Anası yorğanı boğazına qədər çəkirdi və onun əlinin belə yüngül olması Martini heyrətləndirirdi. Sonra anası yatağına qayıdıb işığı söndürür, otağın havasını təmizləmək üçün sərinkeşi qoşur və sərinkeş işləyə-işləyə qaranlıqda onunla söhbət eləyirdi.

– Bəlkə, Qlumun yanındakı otağa köçəsən?

– Yox, bura yaxşıdır.

– Ya da qonşu otağa. Oranı boşaldarıq.

– Yox, doğrudan, istəmirəm.

– Bəlkə, Albertin otağına? Albert başqasına köçər.

– Yox...

Sərinkeşin sürəti qəfil azalanda bilirdi ki, anası qaranlıqda düyməni basıb. Pərlər bir-iki dəfə xırçıltı ilə fırlanandan sonra dayanır və ətrafa sükut çökürdü. Qaranlıqda uzaqlardan qatarların taqqıltısını, bir-birinə qoşulan yük vaqonlarının xırçıltılı guppultusunu eşidir və gözləri önündə üstünə “Yük qatarları üçün Şərq vağzalı” yazılmış lövhə canlanırdı. Bir dəfə Veltskamla orada olmuşdu. Veltskamın dayısı vaqonları bir-birinə qoşan parovozun ocaqçısı idi.

– Qluma demək lazımdır ki, sərinkeşi yağlasın.

– Deyərəm...

– De... İndisə yatmaq lazımdır, gecən xeyirə qalsın.

– Xeyirə qarşı...

Ancaq gözünə yuxu getmir və bilirdi ki, sakitcə uzanmış anası da hələ yatmayıb. Bu sakit və qaranlıq gecədə lap uzaqlardan – yük qatarları üçün Şərq vağzalından boğuq uğultular eşidilir, qaranlıqdan onu narahat eləyən sözlər baş qaldırır, sanki üstünə yeriyirdilər. Brilaxın anasının çörəkçiyə dediyi söz... Bu söz Brilaxın yaşadığı evin girəcəyindəki divara yazılmışdı və bir də haradansa Brilaxın dilinə düşmüş, hey təkrarladığı söz: əxlaqsızlıq... Tez-tez Qezeleri düşünürdü, ancaq o, uzaqda idi, yadına düşəndə də nə qorxu, nə nifrət hiss edirdi, yalnız özündə nəsə bir ağırlıq duyurdu, ancaq bu adı tez-tez onun üzünə vuran nənəsindən qorxurdu. Nənəsi sanki bu adı onun içindən dartıb çıxarır və Qlumun narazılıqla başını bulamasına baxmayaraq, qaytarıb üzünə çırpırdı.

Sonra hiss edirdi ki, anası yuxuya gedib, ancaq özü yenə yata bilmirdi. Qaranlıqda atasının üzünü təsəvvür eləməyə çalışır, ancaq bacarmırdı. Kinolarda, jurnallarda, kitablarda gördüyü min cür səfeh şəkillər gözləri önündə canlanırdı: Blondi, Hopelonq, Kassidi, Donald Duk... Ancaq atası bu adamların arasında yox idi. Brilaxın dayısı Leonu, çörəkçi, utanmadan kolluqda pis işlərlə məşğul olan Qrebhake ilə Voltersi görürdü... Yanaqları allanmış, şalvarlarının qabağı da açıq olurdu, özlərindən də yaşıl ot qoxusu gəlirdi. Məgər əxlaqsızlıq utanmazlıq deməkdi? Ancaq şəkillərində sadə, şən, ata adı daşımaq üçün hələ çox cavan olan atası heç vaxt görünmürdü. Ata olmağın bir əlaməti də onun hər gün səhər yeməyində bir yumurta yeməsi idi. Ancaq atasını bu cür təsəvvür eləyə bilmirdi. Ata olmağın bir əlaməti də nəyəsə vərdiş etmək, yəni Albert dayı kimi nəyisə həmişə etmək idi. Ancaq atasında bu vərdiş hiss olunmurdu. Səhər durmaq, yumurta yemək, işə getmək, qəzet oxumaq, evə qayıtmaq, yatmaq vərdişləri... Ancaq bunların heç biri uzaqlarda – hansı rus kəndininsə kənarında torpağa basdırılmış atasında yox idi. Artıq on il keçmişdi, atası indi, yəqin, tibb muzeyində saxlanılan skeletlərə oxşayırdı. Sümüklər, ağaran dişlər... Sıravi əsgər və şair... Nəsə bir-biri ilə heç uyuşmurdu... Brilaxın atası əvvəlcə feldfebel, sonra çilingər olmuşdu. O biri oğlanların ataları mayor – direktor, kiçik zabit – mühasib, baş yefreytor – redaktor olmuşdular. Ancaq heç birinin atası sıravi əsgər, heç birinin atası şair olmamışdı. Brilaxın dayısı Leo vaxmeyster olmuşdu. Vaxmeyster və tramvayda konduktor...

İndi də rəngli şəkli mətbəxdəki dolabda – saqo ilə yarmanın arasındadır. Bu saqo nə olan şey idi? Sehrli sözdür, ondan Cənubi Amerika qoxusu gəlir. Sonra da katexizisin sualları... Başgicəlləndirən rəqəmlər... Hər rəqəmin də qarşısında bir sual və onun cavabı... Sual on bir: Tanrı haqq yoluna qayıdan günahkarla necə rəftar edir? Cavab: Tanrı haqq yoluna qayıdan günahkarların hamısını bağışlayır. Və bir də adamı çaşbaş qoyan misra: İlahi, əgər sən bizim günahlarımızdan keçməsən, kim qarşında təmiz qalar? Heç kim qala bilməz. Brilax yüz faiz əmindir ki, böyüklərin hamısı əxlaqsız, uşaqlar da utanmazdır. Brilaxın anası əxlaqsız idi, Leo dayı da, bəlkə, elə çörəkçinin özü də və bir də nənəsinin dəhlizdə pıçıltı ilə: “ Yenə haralarda avaralanırsan?!” – deyə məzəmmət elədiyi anası...

Əlbəttə, istisnalar vardı və Brilax da bunu qəbul edirdi. Məsələn aşağıda yaşayan dülgər, Albert dayı, frau Borussiak və cənab Borussiak, Qlum, Bolda... Ancaq frau Borussiak hamısından yüksəkdə dayanırdı. Gur səsi vardı və oxuduğu gözəl mahnılar Brilaxın otağından keçib həyətə yayılırdı.

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 1/2018 nömrəsində çap olunub.

DİGƏR MƏQALƏLƏR