ÇAĞDAŞ AVSTRİYA NƏSRİ - Peter Handke

Alman dilindən tərcümə: Vilayət Hacıyev

 

 

1942-ci ildə Avstriyanın Kernten vilayətində anadan olub. Müasir Avstriya ədəbiyyatının tanınmış yazıçılarındandır. Qrats Universitetində hüquq təhsili alan nasir sonralar özünü tamamilə ədəbiyyata həsr edib. “Qapıçının on bir metrlik zərbədən qorxusu”, “ Uzun ayrılığın qısa məktubu” romanları, “Yavaş-yavaş Vətənə dönüş” tetrologiyası ona dünya şöhrəti qazandırıb. Avstriyanın, eləcə də bir çox xarici ölkələrin nüfuzlu mükafatlarına, 2009-cu ildə isə beynəlxalq “Frans Kafka” mükafatına layiq görülüb.

 

 

 

Solaxay  qadın

(roman)

 

Onun otuz yaşı vardı, böyük şəhərin cənub tərəfindəki dağlıq hissədə, eyvanlı Bunqalova tipli evlərdən salınmış qəsəbədə yaşayırdı. Bəzən kiməsə baxmayanda, sifətində dəyişiklik olmayanda belə gözləri parıldayırdı. O, bir qış axşamı bayırdan sarımtıl işıq düşən uzunsov qonaq otağında elektrik tikiş maşınının arxasında oturmuşdu. Səkkiz yaşlı oğlu da yanındaydı və inşa yazırdı. Evin şüşəbəndi ot basmış eyvana, qonşunun pəncərəsiz divarına baxırdı. Oğlan qəhvəyi rəngli masanın arxasında oturub başını dəftərə əymişdi və tez-tez qurumuş dodaqlarını yalayırdı. Hərdən dayanır, pəncərədən çölə baxır, sonra cidd-cəhdlə yazmağa girişirdi. Gah da anasına tərəf baxır, arxası ona tərəf oturmuş olsa da, qadın bu baxışları hiss edir, hərdən geriyə boylanırdı. O, bütün Avropada tanınmış bir çini firmasının burdakı filialında satış direktoru işləyən kişiyə ərə getmişdi və əri bu axşam Skandinaviyadan – uzun sürən ezamiyyətdən qayıdırdı. Zəngin ailə deyildi, ancaq heç nəyə ehtiyacları da yox idi və ona görə belə qəsəbədə ev kirayələmişdilər ki, kişinin iş yeri hər zaman dəyişə bilərdi.

Uşaq inşanı yazıb qurtaran kimi ucadan oxumağa başladı: “Özüm üçün gözəl həyatı belə təsəvvür edirəm: istəyirəm nə soyuq, nə də isti olsun. İlıq külək əssin, bəzən də elə tufan qopsun ki, adam bayıra çıxa bilməsin. Maşınlar yox olsun. Evlər qırmızı rəngə boyansın. Kol-kos qızılı rəngdə olsun. Adam hər şeyi bilsin, nəyisə öyrənməyə ehtiyac qalmasın. İnsanlar adalarda yaşasın. Küçədəki maşınların qapısı açıq qalsın, adam yorulanda girib onun içində otura bilsin. Yox, adam heç yorulmasın. Maşınların sahibi olmasın. Adam həmişə ayaq üstə olsun, elə durduğu yerdə də yata bilsin. Heç vaxt yağış yağmasın. Adamın dördcə dostu olsun, tanımadıqları yoxa çıxsın. Bilmədikləri yoxa çıxsın…”

Qadın ayağa durub, yan tərəfdəki ensiz pəncərədən çölə baxdı: bir az aralıda görünən şam ağacları tərpənmirdi. Onların arasında Bunqalova evləri kimi yastıdamlı, düzbucaq şəkilli çoxlu qaraj vardı. Bu qarajlara giriş yolunun qardan təmizlənmiş səkisində bir uşaq xizəyini darta-darta gedirdi. Ağacların arxasında – lap uzaqlarda, bir az da aşağıda böyük şəhərin ətrafındakı qəsəbələr görünürdü və elə bu vaxt düzənlikdən bir təyyarə qalxdı. Oğlan gəlib, dərin fikirlərə qərq olmuş   anasından nəyə baxdığını soruşdu. Qadın onu eşitmədi, heç gözlərini də qırpmadı. Oğlan anasını silkələdi:

– Oyan!

          Qadın özünə gəlib, əlini uşağın çiyninə qoydu. O da ağzını ayırıb çölə ta-maşa etməyə başladı. Ancaq bir az sonra silkələnərək dilləndi:

           – Mən də sənin kimi gözümü çəkə bilmədim.

           Gülüşdülər, xeyli də da- yana bilmədilər. Sakitləşən kimi hansısa təzədən başladı, o biri də ona qoşuldu. Axırda da gülə-gülə qucaqlaşıb döşəməyə yıxıldılar.

Uşaq soruşdu ki, indi televizoru qoşa bilərmi. Qadın dedi:

– Axı biz Brunonu qarşılamaq üçün hava limanına getməliyik.

        Ancaq oğlan artıq televizoru qoşub qarşısında oturmuşdu. Qadın ona tərəf əyilib dedi:

           – Bəs uzun zaman xaricdə olmuş atana necə deyim ki…

           Gözləri televizorda olan uşaq onu eşitmədi. Qadın səsini ucaltdı, hətta çölün düzündə imişlər kimi, əllərini mikrofontək ağzına tutdu, ancaq oğlan yenə gözünü cihazdan çəkmədi. Onda əli ilə onun gözünün qabağını kəsdi, uşaq başını yana əydi, ağzını ayıraraq baxmağa davam etdi.

Qadın yaxasıaçıq xəz paltoda qarajlar olan həyətdə dayanmışdı. Şər qarışır, qar suyundan yaranmış gölməçələr donmağa başlayırdı. Səkiyə şam ağaclarının iynə yarpaqları səpələnmişdi. Qarajın qapısını aça-aça qutuya oxşayan evləri, az qala,  bir-birinin üstündə tikilmiş qəsəbəyə tərəf baxdı. Onların bəzilərindən işıq gəlirdi. Qəsəbənin qurtaracağında, əsasən, palıd, cökə, şam ağaclarından ibarət olan qarışıq meşə başlayır, dağların döşünə qədər uzanıb gedirdi. Arada nə bir ev, nə də kənd vardı. Uşaq atasının “Yuva” adlandırdığı Bunqalova evinin pəncərəsi önündə göründü, əl elədi.

 Hava limanına hələ tam qaranlıq çökməmişdi. Qadın xaricdən gələnləri qarşılama zalına girməzdən əvvəl uclarında rəngbərəng bayraqlar dalğalanan dirəklərin arasından səmada işıqlı ləkələr gördü. Sonra içəridəkilərə qarışıb gözləməyə başladı. Üzündə nigarançılıq ifadəsi olsa da, gərginlik hiss edilmirdi, sakit, biganə idi. Helsinkidən gələn təyyarənin endiyi elan olunandan sonra gömrük sədlərini keçən sərnişinlər bir-bir görünməyə başladılar. Bruno da göründü: əlində çamadan və “Duty-Free-Shop”un torbası vardı. Üz-gözündən yorğunluq yağırdı. Qadından yaşlı deyildi və həmişə də arxasında iki yarıq olan boz pencək, yaxasıaçıq köynək geyirdi. Gözləri elə qəhvəyi idi ki, bəbəkləri güclə seçilirdi. Kiməsə istədiyi qədər baxar və həmin adam da bu baxışları hiss etməzdi. Uşaqlıqda lunatik olmuşdu, indi də tez-tez yuxuda danışırdı.

Elə zalda – hamının gözü önündə başını arvadının çiyninə qoydu, sanki xəz paltoya söykənib ayaqüstü dincini almaq istədi. Qadın çamadanı və torbanı onun əlindən aldı, yalnız bundan sonra arvadını qucaqlaya bildi. Uzun zaman beləcə dayandılar. Brunodan azca spirtli içki qoxusu gəlirdi.

Yeraltı qaraja düşərkən liftdə arvadına baxdı, qadın da onu süzdü.

Əvvəl qadın maşına oturdu və ön qapını ona açdı. Bruno bir az ləngiyib ətrafa boylandı, əlini alnına vurdu, sonra burnunu tutub, nəfəsini sanki yüksəklikdə olanda batmış qulaqlarından çölə buraxmaq istədi.  

Magistral yoldan yaşadıqları qəsəbəyə dönərkən qadın əlini radionun düyməsinə aparıb soruşdu:

– Musiqi istəyirsən?

Kişi başını buladı. Artıq qaranlıq düşmüşdü, yolun kənarındakı çoxmərtəbəli ofis kompleksinin, az qala, bütün işıqları yanırdı və ətraf qəsəbələr də sayrışan işıqlara qərq olmuşdu.

Bir az keçəndən sonra Bruno dedi:

          – Finlandiyada həmişə qaranlıq olurdu. Gecə də, gündüz də. Onların danışığını da başa düşmürdüm. Başqa ölkələrdə, ən azı, oxşar sözlərə rast gəlmək olur, burda isə beynəlmiləlçilikdən əsər-əlamət yoxdur. Bircə söz yadımda qalıb: “Olut”, yəni pivə. Tez-tez sərxoş olurdum. Bir dəfə günorta özünəxidmət kafesində oturmuşdum, hava da azacıq işıqlaşmışdı və bir də gördüm ki, stolu cırmaqlayıram. Qaranlıq, adamın burnunu gicişdirən soyuq, üstəlik də, heç kəslə danışa bilmirsən… Gecələr canavarların ulaşmasını eşidəndə, az qala, sevinirdim. Tualetdə bizim firmanın güvəcini görəndə təsəlli tapırdım. Sənə bir söz deyim, Marianne, orada tez-tez səni, Ştefanı düşünürdüm. Bir yerdə yaşadığımız uzun illərdən bəri ilk dəfə hiss etdim ki, biz bir-birimiz üçün yaranmışıq. Məni qəfil bir qorxu hissi bürüyürdü ki, tənhalıqdan dəli olacağam. Özü də elə dəhşətli dərəcədə dəli olacağam ki, hələ beləsi görünməyib. Düzdür, əvvəllər tez-tez deyirdim ki, səni sevirəm, ancaq indi sənə lap çox bağlı olduğumu hiss edirəm. Yəni, ölənə qədər… Ən qəribəsi də odur ki, bunu duya-duya sizsiz yaşaya bildim.

Bir az keçəndən sonra qadın əlini onun dizinə qoyub soruşdu:

– İşlərin alındı?

Bruno güldü:

– Sifarişlər çoxalır. Şimallıların yeməkləri nə qədər pis olsa da, hər halda, bizim çini boşqablarda yeyirlər. Gələn dəfə ordakı müştərilərimiz zəhmət çəkib özləri bura gələsi olacaq. Qiymətlərin düşməsi dayanıb, daha böhran vaxtlarının böyük güzəştləri də olmayacaq, – Bruno yenə güldü, – onlar heç ingiliscə də bilmir. Tərcüməçinin köməyiylə danışırdıq. Tək qadın idi, bir uşağı da vardı. Burda oxuyub… Mənə elə gəlir, cənubda.

– Sənə elə gəlir?

– Yox, qəqiq bilirəm, özü demişdi.

Qəsəbədə işıqlı bir telefon köşkünün yanından keçdilər, içəridə kimsə kölgə kimi tərpənirdi və qəsəbəni iki yerə bölən dar küçəyə döndülər. Kişi əlini qadının çiyninə qoydu.

Qadın maşının qapısını aça-aça alaqaranlıq küçəyə, pərdələri çəkilmiş evlərə baxdı. Bruno soruşdu:

      – Burda yaşamaq hələ də xoşuna gəlir?

Qadın cavab verdi:

– Hərdən ürəyimdən keçir ki, kaş qapımızın ağzında ya iyli-qoxulu bir pitsaxana, ya da qəzet köşkü olaydı…

Bruno:

– Mən isə bura qayıdanda rahat nəfəs alıram, – dedi.

 Qadın ona hiss etdirmədən gülümsədi.

 Uşaq içəridə gecə lampasının yanındakı böyük kresloda oturub oxuyurdu. Valideynləri içəri girəndə başını qaldırıb bir anlığa onlara baxdı, sonra oxumağa davam etdi. Bruno ona yaxınlaşdı, ancaq uşaq başını kitabdan qaldırmadı. Bir az keçəndən sonra güclə hiss ediləcək dərəcədə qımışdı, axırda ayağa durub Brunonun ciblərini yoxladı ki, ona nə gətirib.

Qadın mətbəxdən gümüş məcməyidə bir qədəh araq gətirəndə heç birini otaqda görmədi. Dəhlizə qayıdıb bir-bir kameraya oxşayan otaqlara baxdı. Hamamın qapısını açanda gördü ki, Bruno vannanın kənarında dinməzcə oturub, artıq pijamada olan uşağın dişlərini necə yuduğuna tamaşa edir. Oğlan qollarını çırmalamışdı ki, islanmasın və dişinə moruq dadı verən məcun sıxırdı. Sonra ayaqlarının ucunda qalxıb fırça ilə məcunu yerinə qoydu. Bruno arağı məcməyidən götürüb soruşdu:

– Özün heç nə içmirsən? Bu gecəyə nəsə bir planın var?

– Elə görünürəm?

– Həmişəki kimi, elə görünürsən.

– Bunu necə başa düşüm?

          – Sən sayı çox az olan elə adamlardansan ki, onlardan qorxmaq lazım deyil. Üstəlik də, elə bir qadınsan ki, səninlə gizlənqaç oynamaq olmaz. – Bruno bunu deyib yavaşca uşağın kürəyinə vurdu və oğlan hamamdan çıxdı.

 Qonaq otağında uşağın gündüz dağıtdığı oyuncaqları yığışdırarkən Bruno dikəlib dedi:

           – Qulaqlarımın güyültüsü hələ də keçib-getməyib. Gəl bu axşam bayramsayağı şam edək. Ev ab-havası nədənsə xoşuma gəlmir. Özün də yarıqlı paltarını gey.

 Hələ də oturub oyuncaqları yığışdıran qadın soruşdu:

– Bəs sən nə geyəcəksən?

– Elə bu paltarda gedəcəm. Axı, həmişə belə eləmişik. Mehmanxanada növbətçidən qalstuk götürərəm. Həvəsin varsa, piyada gedək.

  Bruno növbətçidən götürdüyü qalstuku düzəldə-düzəldə uzun bacaqlı xidmətçinin müşayətiylə qadınıyla birgə qəsrlərdə olduğu kimi hündür tavanlı,  bayramsayağı bəzədilmiş restorana daxil oldu. İçəridə adam lap az idi. Xidmətçi stulları elə rahatladı ki, onlara yalnız oturmaq qaldı. Elə o dəqiqə də ağ dəsmalları yaxalarına taxdılar, gülüşdülər.

Bruno nəinki boşqabındakının hamısını yedi, hətta bir parça ağ çörək götürüb onu tərtəmiz sıyırdı. Sonra tavandakı çilçırağın işığında parıldayan kalvadosla dolu qədəhi əlinə götürüb ona tamaşa etdi:

– Bu gün belə qulluğa çox möhtac idim, – dedi. – Rahatlığa, əminliyə bax! Bunun özü kiçicik bir əbədiyyətdir! – Bruno bu sözləri deyəndə xidmətçi arxasında sakitcə dayanıb ona qulaq asırdı. – Təyyarədə bir ingilis romanı oxuyurdum. Orda xidmətçi ilə bağlı belə bir səhnə vardı: əsərin qəhrəmanı öz ləyaqətini qoruyan xidmətçinin timsalında yüz illərlə yaşı olan bu kübar xidmətin gözəlliyinə valeh olur. Qəhrəmana belə qulluq göstərilməsi, belə məğrurluq, belə hörmət-izzət hətta bircə stəkan çay içdiyi qısa vaxtda da onu yalnız özü ilə deyil, qəribə də olsa, bütün irqlərdən olan insanlarla doğmalaşdırır.

Qadın üzünü yana çevirdi, Bruno onu səslədi, qadın geri dönsə də, ərinə baxmadı.

– Bu gecə mehmanxanada qalaq, – Bruno dedi, – Ştefan harada olduğumuzu bilir. Telefon nömrəsini yazıb çarpayısının yanına qoymuşam.

 Qadın gözlərini yerə dikdi, Bruno əlinin işarəsilə xidmətçini yanına çağırdı. Xidmətçi gəlib ona tərəf əyiləndə dedi:

– Mənə bu gecəliyə bir otaq lazımdır. Bilirsinizmi, arvadım da, mən də vaxt itirmədən sevişmək istəyirik.

 Xidmətçi onlara baxıb gülümsədi. Onun təbəssümündə istehzadan çox, anlaşıqlıq hiss olunurdu.

– Düzdür, indi burda yarmarka keçirilir, ancaq yenə də soruşaram. – O, qapıya çatanda bir də geri döndü, – indi gəlirəm.

  Restoranda yalnız onlar qalmışdı. Bütün stolların üstündə şam yandırılmışdı, üzərində ov səhnələri təsvir olunmuş divar xalçasında kölgələr səyrişirdi. Qadın uzun-uzadı ərinə tamaşa elədi. Görkəmi ciddi olsa da, sifəti güclə seziləcək dərəcədə parıldayırdı.

Xidmətçi qayıtdı, sanki qaça-qaça gəlibmiş kimi, qırıq-qırıq dedi:

– Bu da qüllədəki otağın açarı. Orada dövlət xadimləri qalıblar. Yəqin ki, bu, sizə mane olmaz?! – Bruno əlini yellətdi, xidmətçi nəyəsə işarə vurmadan əlavə etdi: – Sizə gözəl gecə arzulayıram. Ümid edirəm ki, qüllənin saatı sizə mane olmayacaq. Böyük əqrəbi hər dəqiqənin tamamında çıqqıldayır.

Bruno otağın qapısını açaraq sakitcə dedi:

– Bu gün mənə elə gəlir ki, bütün arzularım çin olur. Sanki sehrli bir qüvvə məni bir səadətin ağuşundan alıb, o birinə aparır. Özü də birbaşa … İndi mən özümdə sehrli bir güc hiss edirəm, Marianne! Mənə çox lazımsan! Mən xoşbəxtəm! Bu xoşbəxtlik içində alışıb-yanıram.

 



Duty-Free-Shop – təyyarə limanında rüsumsuz ticarət mağazaları

 

 

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 3/2017 nömrəsində çap olunub

DİGƏR MƏQALƏLƏR