BUKER MÜKAFATI LAUREATLARI - Kazuo İsiquro

Tərcümə: Saday Budaqlı  

 Yapon əsilli ingilis yazıçısı. 1954-cü ildə Naqasaki şəhərində anadan olub. 1960-cı ildə ailəliklə Britaniyanın Qilford şəhərinə köçüb.

“Təpələrin tüstüyə büründüyü yerdə” (1982), “Vəfasız dünyanın rəssamı” (1986), “O günlərdən qalanlar” (1989), “Çarəsizlər” (1995), “Biz yetim olanda” (2000), “Unudulmuş nəhəng” (2015) romanlarının müəllifidir.

“O günlərdən qalanlar” romanı 1989-cu ildə Buker mükafatına layiq görülüb. Əsərləri otuzdan çox xarici dilə tərcümə olunub.

Hazırda Londonda yaşayır.

 

O GÜNLƏRDƏN QALANLAR

Missis Lenora Marşallın xatirəsinə

(roman)

 

(əvvəli ötən sayda)

Mister Luisi üzündən heç vaxt təbəssüm əskik olmayan cüssəli centlmen kimi xatırlayırdım. Onun vaxtından əvvəl gəlişi zati-alilərinə və həmkarlarına açıq-aşkar narahatlıq yaratmışdı, hər şeyi hazırlamaq üçün onlar bir neçə gün də tək qalmağı düşünürdülər. Ancaq mister Luisin sadəliyi, nahar süfrəsi arxasında “Birləşmiş Ştatlar həmişə ədalət tərəfdarıdı və Versalda səhvlər buraxıldığını etiraf etməyə hazırdı” deməsi, onun “bizim komanda”nın etibarını qazanmasına, görünür, müəyyən dərəcədə kömək etmişdi. Süfrə arxasında mister Luisin doğma ştatı Pensilvaniyanın məziyyətləri haqqında söhbətlər yenə hərlənib-fırlanıb qarşıdakı konfransın üctünə gəlirdi. Centlmenlər siqar yandıranda kənar qulaqlardan uzaq fikirlər, həmçinin mister Luisin gəlişindən əvvəl süfrə arxasında olan mülahizələr səslənməyə başladı. Bu yerdə mister Luis dedi:

– Cənablar, bizim bu müsyö Düpenin nə istədiyini bilmək olmur. Ancaq icazənizlə qeyd edim ki, uduzmağı düşünmədən, risk etmədən bir şeyə mərc gəlmək olar. – Amerikalı özünü irəli verib, diqqəti cəlb etmək üçün siqarını yellədi. – Düpen almanlara nifrət edir. Müharibəyə qədər də nifrət eləyirdi, indi də nifrət eləyir, özü də bu nifrət elə güclüdür ki, cənablar, siz bunu başa düşə bilməzsiniz. – Bu sözləri deyib kresloya yayxandı və sifətində yenə həmin təbəssüm göründü. – Ancaq razılaşın ki, almanlara nifrət etdiyinə görə fransızları qınamaq olmaz. Onların bu məsələyə öz səbəbləri var.

Və mister Luis baxışlarını çaşqınlıq içində dinməzcə oturanların üzündə gəzdirdi. Sonra lord Darlinqton dedi:

– Məlum hadisələrin ağrısı, təbii ki, qaçılmazdı. Axı elə biz ingilislər də Almaniya ilə uzun müddət inadla döyüşmüşük.

– Ancaq siz ingilislər bir az başqa cürsünüz, – mister Luis dedi, – siz, əslində, almanlara kin bəsləmirsiniz. Fransızlar isə hesab edirlər ki, almanlar sizin Avropa sivilizasiyasını məhv edib, ona görə ən ağır cəzaya layiqdilər. Əlbəttə, Birləşmiş Ştatlar belə yanaşmanı sərfəli saymır, ancaq məni təəccübləndirən siz ingilislərin nə üçün fransızlarla eyni fikirdə olmamağınızdır. Bir yana qalanda, dediyiniz kimi, Britaniya da müharibədə böyük itkilər verib.

Ortaya yenə ağır sükut çökdü. Sonra lord Darlinqton inamsız halda etiraz etdi:

– Mister Luis, biz ingilislərin baxışları belə məsələlərdə çox vaxt fransızlardan fərqlənir.

– Aydındı. Necə deyərlər, milli temperamentdən doğan müxtəliflik.

Mister Luis bu sözləri deyib məmnun-məmnun gülümsədi. Hər şeyin indi ona aydın olduğunu təsdiq edirmiş kimi, dinməzcə başını tərpədib siqarını tüstülətdi. Sonradan, ola bilsin, nələrsə başqa cür xatırlanır, ancaq mənə elə gəlir, məhz həmin an bu sevimli amerikalı centlmendə nəsə bir qəribəlik, bəlkə də, riyakarlıq hiss elədim. Həmin dəqiqə məndə şübhə oyansa da, görünür, lord Darlinqton belə düşünmürdü, çünki növbəti gərgin sükutdan sonra zati-aliləri, deyəsən, müəyyən qərara gəldi.

– Mister Luis, – dedi, – icazənizlə, açıq danışım. Fransızların indiki mövqeyi burada, İngiltərədə bizim çoxumuzda ikrah oyadır. Bunu milli temperamentin müxtəlifliyi adlandıra bilərsiniz, ancaq mən cəsarətlə deyirəm ki, söhbət ciddi məsələlərdən gedir. Münaqişə bitəndən sonra rəqibdən hirsini çıxmaq yaxşı şey deyil. Kürəyini yerə vurmusunuz – deməli, döyüş bitdi. Yıxılmış düşməni təpikləməzlər. Bizim fikrimizcə, fransızlar özlərini daha barbarcasına aparırlar.

Mister Luis, görünür, bu coşqun nitqə məmnunluqla qulaq asdı. Təqdiredici nəsə mızıldayıb, stolun üstündən asılan sıx tütün dumanının arasından süfrə arxasındakıları məmnun təbəssümlə süzdü.

Səhər Almaniyadan iki xanım gəldi. Onlar da gözlənilən vaxtdan tez gəlmişdilər. İlk baxışdan nəzərə çarpan mənşə və ictimai mövqelərindəki fərqə baxmayaraq, birlikdə gəlmişdilər. Bir yığın camadanı hesaba almasaq, özləri ilə ev qulluqçularından və lakeylərdən ibarət böyük bir dəstə gətirmişdilər. Günün ikinci yarısı kamerdinerin, katibin, “ekspert” və iki cangüdənin müşayiəti ilə İtaliydan bir centlmen də təşrif buyurdu. Əgər özü ilə cangüdənlər gətirmişdisə, onda ölkəmiz haqqında nə düşündüyünü təsəvvür eləyə bilmirəm, ancaq deməliyəm ki, ondan daim bir neçə yard məsafədə gəzişən, şübhə ilə ətrafa göz gəzdirən bu bir cüt dinməz pəzəvəngi Darlinqton-hollda görmək kifayət qədər heyrət doğururdu. Yeri gəlmişkən, sonradan çangüdənlərin növbə ilə işlədiyi aydın oldu: onlardan hansısa gündüz, asudə vaxtı yatırdı ki, gecə ağasının, heç olmasa, bir nəfər ayıq keşikçisi olsun. Bu ehtiyat tədbirləri haqqında öyrənən kimi miss Kentonu xəbərdar etməyə çalışdım, ancaq yenə mənimlə danışmaq istəmədi və məsələni sona çatdırmaq üçün ona məktub yazıb qonaq otağının qapısına dürtməli oldum.

Konfransın açılışına iki gün qalsa da, səhərisi yeni qonaqlar gəldi. Darlinqton-holl müxtəlif millətlərin nümayəndələri ilə ağzınacan dolmuşdu; otaqlara dağılışıb söhbət eləyirdilər, ya da hollda, koridorlarda, pilləkən meydançasında şəkillərə, qədim əşyalara baxa-baxa gəzişirdilər. Qonaqlar bir-biri ilə, adətən, iltifatla davranırdılar, ancaq bu mərhələdə evin havasına sanki qarşılıqlı inamsızlıqdan doğan bir gərginlik hopmuşdu. Ağalarının narahatlığı onların müsafir xidmətçilərinə, kamerdinerlərinə də keçmişdi; onlar da bir-biri ilə soyuq davranırdılar və mənim tabeçiliyimdə olanlar yadlarla ünsiyyət üçün işdən başları açılmadığına görə, çox güman, buna hətta sevinirdilər.

Hər cür iş-gücdən yüz yerə parçalandığım belə günlərin birində təsadüfən pəncərədən baxıb, gənc mister Kardinalı gördüm – o, həmişəki kimi əlində portfel təmiz havada gəzişirdi. Gənc oğlan fikirli-fikirli çəmənliyin ətrafındakı cığırla addımlayırdı. Onun görkəmi, əlbəttə, zati-alilərinin tapşırığını yadıma saldı və fikirləşdim ki, açıq hava, bilavasitə təbiətə yaxınlıq, xüsusilə, nümunə kimi göstərə biləcəyim yaxınlıqda otlayan qazlar tapşırığı yerinə yetirmək üçün heç də pis məqam deyil. Hətta düşündüm ki, əgər vaxt itirmədən evdən çıxıb, cığırın yanındakı rododendron kolunun arxasında gizlənsəm, mister Kardinal elə yanımdan ötəcək. Onda gizləndiyim yerdən çıxıb, tapşırığı yerinə yetirə biləcəm. Strateji planım öz fəndgirliyi ilə fərqlənməsə də, nəzərə alın ki, qarşımda duran tapşırıq vacib olsa belə, təxirəsalınmaz hesab edilə bilməzdi.

Torpağa, kolların, ağacların yarpaqlarına qırov düşmüşdü, ancaq bu vaxtlar üçün hava yumşaq idi. Tez cığırı adlayıb, kolun arxasına keçdim, az sonra mister Kardinalın addım səslərini eşitdim. Tərslikdən, hesabımda bir az yanıldım. Mister Kardinal hələ gəlib çatmamış kolluqdan çıxmağa hazırlaşmışdım ki, məni görəndə talvara, ya da bağbanın daxmasına getdiyimi düşünsün. Özümü elə göstərəcəkdim, guya onu indicə görmüşəm. Ancaq kolluqdan çıxmağa gecikdim və deyəsən, gənc centlmeni bir az qorxutdum; o diksinib, hər iki əli ilə portfeli sinəsinə sıxdı.

– Bağışlayın, ser.

– Ax, Stivens, məni necə də qorxutdunuz!

Vəziyyətin gərginləşdiyini düşündüm.

– Günahkaram, ser. Məsələ ondadı ki, sizə bəzi şeylər deməliyəm.

– Siz məni yamanca qorxutdunuz.

– İcazənizlə, ser, birbaşa mətləbə keçim. Zəhmət olmasa, o qazlara fikir verin.

– Qazlara? – Təəccüblə ətrafına baxdı. – Bəli, görürəm.

– Həm də güllərə, kollara baxın. Aydındı ki, onların gözəlliyindən zövq almaq üçün indi ilin münasib mövsümü deyil, ancaq, ser, başa düşürsünüz ki, yazın gəlişi ilə hər yanda bir ayrı cür dəyişiklik görə biləcəyik.

– Əlbəttə, malikanə indi yaxşı görünmür. Ancaq açığını deyim ki, Stivens, təbiətin gözəlliyinə elə də fikir verməmişəm. Burda vəziyyət gərgindi. Bu müsyö Düpen çox pis ovqatla gəlib. Bircə bu çatışmırdı!

– Müsyö Düpen gəlib, ser?

– Yarım saat bundan qabaq. Özü də heç kefi yoxdu.

– Bağışlayın, ser, mən təcili bu işlə məşğul olmalıyam.

– Əlbəttə, Stivens. Mənimlə söhbət etmək üçün gəlməyiniz siz tərəfdən böyük lütfkarlıqdı.

– Lütfən, bağışlayın, ser. Məsələ ondadı ki, indicə ifadə etdiyiniz kimi, təbiətin gözəlliyi mövzusunda sizə bir neçə kəlmə də deyərdim. Əgər məni dinləsəydiniz, sizə çox minnətdar olardım. Ancaq, deyəsən, bunu münasib vaxta qədər təxirə salmalı olacağıq.

– Eybi yox, bu söhbəti səbirsizliklə gözləyəcəyəm, Stivens. Ancaq mən daha çox balıqları xoşlayıram. Dənizdə, şirin suda yaşayan balıqlar haqqında da hər şeyi bilirəm.

– Qarşıdakı söhbətimiz üçün, ser, bütün canlılar yarayar. Ancaq lütfən, məni bağışlayın. Müsyö Düpenin gəldiyini bilmirdim.

Mən evə tələsdim. Orda baş lakey dərhal məni yaxaladı.

– Sizi axtarırdıq, ser. Fransız centlmen gəlib.

Müsyö Düpen çal saqqalı olan hündür, qəşəng, monokllu centlmen idi. Əynində qitədən gələn centlmenlərin, adətən, istirahət eləyəndə geydiyi dəbə uyğun paltar vardı. Bizdə qonaq olduğu müddətdə cidd-cəhdlə özünü elə aparırdı ki, elə bil Darlinqton-holla yalnız bir məqsədlə gəlmişdi: dincəlsin, tanışları ilə oturub-dursun. Mister Kardinalın doğru qeyd etdiyi kimi, müsyö Düpen heç də yaxşı ovqatda gəlməmişdi. Vaxtından bir neçə gün tez ayaq basdığı ingilis torpağında onu nəyin əsəbiləşdirdiyini düz-əməlli xatırlamıram; çox şeylər olmuşdu, ancaq ən başlıcası – Londonda gəzərkən ayaqqabı ayağını sürtmüşdü, indi də qorxurdu ki, yaraya infeksiya düşər. Onun kamerdinerini miss Kentonun üstünə yolladım, ancaq bu, müsyö Düpeni heç də qane etməmişdi, hər iki-üç saatdan bir məni adi lakey kimi çağırtdırıb tələb eləyirdi:

– Eşikağası, yenə bint!

Mister Luislə görüşəndən sonra, deyəsən, əhvalı nisbətən düzəldi. Amerikalı senatorla köhnə dost kimi görüşdülər və günün sonuna qədər ayrılmayıb gülüb- danışıb, keçmişdə olanları xatırladılar. Hiss olunurdu ki, mister Luisin müsyö Düpenə daim qəyyumluq etməsi məlum mülahizələrə görə bu vacib centlmenlə hələ müzakirələrə qədər şəxsi əlaqələr yaratmağa can atan lord Darlinqtonda ciddi narahatlıq yaradır. Zati-alilərinin ikilikdə danışmaq üçün müsyö Düpeni bir neçə dəfə kənara çəkməyə cəhd göstərdiyinin şahidi oldum, ancaq üzündən təbəssüm əskik olmayan mister Luis dərhal peyda olub, nəsə buna oxşar bir söz deyirdi: “Üzr istəyirəm, cənablar, ancaq heç cür başa düşmürəm ki...” – və zati-aliləri mister Luisin repertuarından növbəti məzəli əhvalatlardan birinə qulaq asmalı olurdu. Ancaq mister Luisi hesaba almasaq, başqa qonaqlar qorxudan, ya onu xoşlamadıqlarından müsyö Düpendən uzaq dururdular; bu hətta mühitin ümumi ab-havasından duyulurdu və qarşıdakı danışıqların necə nəticələnəcəyinin tək müsyö Düpendən asılı olduğu hissini gücləndirirdi.

Konfrans öz işinə 1923-cü il mart ayının son həftəsində, yağışlı bir gündə, səhər tezdən başladı; iştirakçıların çoxu “qeyri-rəsmi” statusuna uyğun seçildiyindən, onun keçirildiyi yer belə tədbirlər üçün elə də münasib deyildi. Demək lazımdı ki, bu qeyri-rəsmilik oyunundan, məncə, artıq mənasızlıq hiss olunmağa başlamışdı. Xanımlar üçün nəzərdə tutulan qonaq otağında qara pencəkdə ciddi görkəmli bu qədər centlmeni görmək adama qəribə gəlirdi; çox vaxt bir divanda üç, ya dörd nəfər oturmalı olurdu; ancaq iştirakçılardan bəzisi bunun adi kübar qəbuluna oxşamasına elə cidd-cəhdlə səy göstərirdilər ki, hətta dizlərinin üstünə qəzet-jurnal qoyurdular.

Həmin səhər işimlə bağlı tez-tez qonaq otağına girib-çıxmalı olduğumdan baş verənləri əvvəldən axıra qədər izləyə bilmədim. Ancaq lord Darlinqtonun konfransı açıb, qonaqları salamladığını, bundan sonra Versal müqaviləsinin bəzi müddəalarının əxlaqi cəhətdən yumşaldılmasının vacibliyini təkidlə vurğuladığını, Almaniyada şəxsən şahidi olduğu iztirablardan söz açdığını xatırlayıram. Əlbəttə, zati-alilərindən buna oxşar sözləri əvvəllər də tez-tez eşitmişdim, ancaq bu təntənəli iclasda elə səmimi, elə inamla danışırdı ki, ilk dəfə eşidirəmmiş kimi, onun sözləri məni həyəcanlandırdı. Sonra ser Devid Kardinal çıxış etdi; böyük hissəsini eşidə bilmədiyim bu çıxış, əsasən, məsələnin texniki tərəfinə həsr olunduğundan etiraf etməliyəm ki, mənim anlayışım xaricində idi. Ancaq çıxışın ümumi məğzi, məncə, zati-alilərinin dedikləri ilə səsləşirdi; ser Devid öz çıxışını almanlardan alınan təzminatların dondurulması və fransız qoşunlarının Rurdan çıxarılması çağırışı ilə bitirdi. Sonra alman qrafinyası söz aldı, ancaq indi xatırlamadığım hansı səbəbdənsə elə həmin dəqiqə qonaq otağını bir müddət tərk etməli oldum. Mən qayıdanda müzakirələr başlamışdı; əsasən, ticarətdən və vergi faizindən danışırdılar, bunlardan da mən heç nə başa düşmürdüm.

Müşayiət etdiyim qədər, müsyö Düpen müzakirələrdə iştirak etmirdi, onun qaşqabaqlı görkəmindən bilmək olmurdu, çıxışçılara qulaq asır, yoxsa  tamam başqa şeylər haqqında düşünür. Yadımdadı, alman centlmenlərdən birinin çıxışının ortasında qonaq otağını tərk etməli olanda müsyö Düpen qəfil ayağa durub, arxamca çıxdı.

– Eşikağası, – holla ayaq qoyan kimi dedi, – ayağımın təzədən sarınmasını təşkil etmək olarmı? O qədər ağrıyır ki, bu cənabların nə danışdığı artıq mənə çatmır.

Yadımdadı ki, miss Kentondan kömək istədim – təbii, kuryer vasitəsi ilə – və müsyö Düpendən bilyard otağında baxıcı qadını gözləməsini xahiş etdim. Bu vaxt baş lakey qorxmuş halda gəlib mənə dedi ki, atamın ikinci mərtəbədə halı xarab olub.

Tələsik yuxarı qalxıb, meydançanı dönəndə qəribə mənzərə ilə qarşılaşdım. Koridorun uzaq küncündə, yağışlı tutqun havaya açılan iri pəncərənin qarşısında atam təntənəli ayin icra edirmiş kimi, qəribə vəziyyətdə donub qalmışdı. O, bir dizini qatlayıb, başını əymişdi; elə bil nəyə görəsə yerindən tərpənmək istəməyən arabanı itələyirdi. İki qulluqçu ehtiramla bir az aralıda dayanıb, qorxuyla onun göstərdiyi bu cəhdə baxırdılar. Atama yaxınlaşdım, arabanın kənarından yapışdığı barmaqlarını açıb, onu xalçanın üstünə otuzdurdum. Gözləri yumulu idi, rəngi ağappaq olmuşdu, alnında tər damcıları puçurlamışdı. Çağırtdırdığım xidmətçilər əlil arabasını diyirlədib gətirdilər və atamı öz otağına apardıq.

Atamı yatağa uzadandan sonra özümü itirib nə edəcəyimi bilmirdim. Bir yandan onu bu vəziyyətdə qoymaq istəmirdim, bir yandan da vaxt itirə bilməzdim. Qapının ağzında tərəddüdlə vurnuxurdum ki, miss Kenton gəldi.

– Mister Stivens, – dedi, – hazırda mənim sizdən daha çox vaxtım var. Lazımdırsa, atanızın yanında otura bilərəm. Həkim Merediti bura gətirərəm, əgər həkim ciddi nəsə tapsa, sizə xəbər verərəm.

– Sağ olun, miss Kenton, – deyib getdim.

Qonaq otağına qayıdanda bir keşiş Berlində kasıb uşaqların necə əziyyət çəkdiyindən danışırdı. Məni gözləyirdilər: qonaqlara çay, ya qəhvə süzmək lazım idi, mən də yubanmadan bununla məşğul oldum. Bəzi centlmenlərin spirtli içkilər içdiyini gördüm, xanımların olduğuna baxmayaraq, bir neçə nəfər siqar çəkirdi. Yadımdadı, əlimdə boş çaydan qonaq otağından çıxanda, miss Kenton məni saxladı.

– Mister Stivens, – dedi, – həkim Meredit getməyə hazırlaşır.

O, sözünü qurtarmamış, əyninə makintoş geyinmiş, başına şlyapa qoymuş həkimi hollda görüb, əlimdəki çaydanla ona yaxınlaşdım. Həkim mənə acıqla baxdı.

– Atanız yaxşı vəziyyətdə deyil. Halı pisləşsə, təcili məni çağırın.

– Oldu, ser. Minnətdaram, ser.

– Atanızın neçə yaşı var, Stivens?

– Yetmiş iki, ser.

Həkim Meredit fikirləşib yenə təkrar etdi:

– Halı pisləşsə, təcili məni çağırın.

 

Yenə minnətdarlıq eləyib, onu qapıya qədər ötürdüm.

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 3/2017 nömrəsində çap olunub

DİGƏR MƏQALƏLƏR