POEZİYA - Velimir Xlebnikov

Tərcümə: Zahid Sarıtorpaq

 

Rus avanqard şeirinin görkəmli nümayəndəsi. 1885-ci ildə Həştərxanda doğulub. Rusiyada futurizm hərəkatının banilərindən hesab olunur. Rus poetik dilinin islahatçılarından sayılır.

1922-ci ildə otuz yeddi yaşında Novqorodda vəfat edib.

 

 

Qəfəsdəki quş

 

 

Nədən oxuyursan, qəfəsdəki quş?

Necə tora düşdün, o barədəmi

yoxsa ki, yuvanı hördüyün haqda,

yoxsa necə gəldi ayrılıq dəmi –

istəkli dostundan ayırdı qəfəs,

o haqda ötürmü bu kədərli səs?

Yuvanmı yadına düşüb bu anda?–

Necə xoşbəxtsənmiş isti yuvanda.

Bəlkə də tutaraq sən cücüləri,

Necə aparırdın balalarına,

O haqda ötürsən bayaqdan bəri?

Yoxsa meşələrin azadlığından,

Bəlkə, təpələrin ucalığından,

Yaxud çəmənlərin yaşıllığından

Və ucsuz-bucaqsız çöllərdən bu an

Bu cür yanğı ilə sən oxuyursan?

O kiçik pəncərə dalından indi

dünyaya boylanmaq necə miskindi.

Günəşli günlərdə gur nəğmən ilə

Yorulmaq bilmədən çimirsən elə.

Yadına salırsan olub-keçəni,

Belə unudursan dərdini yəni?

Sonra da dənləri dimdikləyib sən

Eləcə yanğıyla su da içirsən...

 

06.04.1897

 

 

 

 

*  *  *

 

Mən özüm tütəyəm öz təranəmə.

Nəfsim dünyanı istəyir.

Üzən burulğan kimi halələrimə

üzüyola ulduzlar axıb-tökülür.

Mən özüm tütəyəm öz təranəmə –

Dünyanın taleyini

ifa edirəm.

 

1908

 

 

     

    *   *   *

 

Kisədən

döşəməyə əşyalar səpələnib.

Düşünürəm,

bu dünya

asılmış adamın dodaqlarında

xəfif-xəfif işıq saçan

bir təbəssümdü yalnız.

 

 

1908

 

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 3/2017 nömrəsində çap olunub

DİGƏR MƏQALƏLƏR