HEKAYƏ - Vsevold Qarşin

Orijinaldan tərcümə: Etimad Başkeçid

   Görkəmli rus yazıçısı, şair, tənqidçi – 1855-ci ildə Rusiyanın Yeka­terinoslavsk quberniyasında anadan olub. Qarşin ruslaşmış qədim tatar zadəganı mirzə Qorçunun nəslindəndir. “Dörd gün”, “Qırmızı çiçək”, “Rəssamlar”, “Görüş” hekayələri ilə şöhrət qazanıb. Rus ədəbiyyatında novella janrının formalaşmasında xüsusi xidmətləri var. Əksər əsərləri gündəlik, məktub, etiraf-tövbə şəklində (“Hadisə”, “Rəssamlar”, “Qorxaq”, “Nadejda Nikolayevna” və s.) qələmə alınıb. Otuz üç yaşında intihar edib.    

 

 Qırmızı çiçək

İvan Sergeyeviç Turgenevin xatirəsinə

 

 I

 

       –  Əlahəzrət imperator, hökmdar I Pyotrun adından bu dəlixanada yoxlama elan edirəm!

         Bu sözlər ucadan, sərt, cingiltili səslə deyildi. Üstünə mürəkkəb dağılmış masanın arxasında oturub, xəstənin adını köhnə qalın kitaba yazmağa hazırlaşan mirzənin dodağı qaçdı. Amma xəstəni müşayiət edən iki gənc gülmədi: qatarla gətirdikləri bu dəli iki sutkaydı ki, onları yatmağa qoymamışdı, indi yorğunluqdan ayaq üstə güclə dayanırdılar. Stansiyalardan birində xəstənin tutması tutmuşdu; hardansa dəli köynəyi tapmış, konduktorun və jandarmın köməyilə ona geyindirmişdilər. Elə bu köynəkdə şəhərə gətirib, xəstəxanaya çatdırmışdılar.

          Ona baxanda adamı vahimə basırdı. Cod kətan parçadan hazırlanmış dəli köynəyi sanki əyninə biçilmişdi. Köynəyin altından mitili çıxmış çuxası görünürdü: xəstəliyi şiddətlənəndə əyin-başını yırtır, pis günə salırdı. Dəli köynəyinin uzun qolları arxadan bir-birinə bağlanmışdı. Ona görə qollarını sinəsindən aralaya bilmirdi. Geniş açılmış, alışıb-yanan, hərəkətsiz gözləri qan çanağına dönmüşdü-on gün idi ki, yatmırdı. Alt dodağı aramsız səyriyir, titrəyirdi. Pırtlaşıq qıvrım saçları alnına tökülürdü. İti addımlarla otaqda o baş, bu başa gedir, hərdən dayanıb, kağız-kuğuzla dolu köhnə şkafa, müşəmbə üzlüklü stullara baxır, yol yoldaşlarını süzürdü. 

 –  Onu şöbəyə aparın, sağ tərəfə.

   – Bilirəm, bilirəm, keçən il burada olmuşam axı. Xəstəxananı yoxlayırdıq. Hər şeyi bilirəm, məni aldatmaq çətindir, –  xəstə dedi.

      O, qapıya doğru yönəldi. Gözətçi qapını açdı və o, ağılsız başını dik tutub, qətiyyətli, ağır, yeyin addımlarla kontoru tərk edərək, az qala, qaça-qaça sağ tərəfə, ruhi xəstələrin saxlanıldığı şöbəyə üz tutdu. Onu müşayiət edənlər arxasınca güclə çatırdılar.

          –  Zəngi bas. Mən basa bilmirəm. Qollarımı bağlamısınız.

          Qapı açıldı və onlar xəstəxanaya girdilər.

         Bu, daşdan tikilmiş böyük, köhnə binaydı. İki böyük zal vardı, biri yeməkxanaydı, o birində nisbətən sakit xəstələri saxlayırdılar. Şüşəli qapısı olan geniş dəhliz gözoxşayan, gül-çiçəkli bağa açılırdı. Aşağı mərtəbədə xəstələrin ayrı-ayrı saxlandığı iyirmiyə yaxın otaq vardı. Bundan başqa, ipə-sapa yatmayan ağır xəstələr üçün iki otaq ayrılmışdı; birinin divarlarına yumşaq, qalın üzlük çəkilmişdi, digəri taxtadan idi. Böyük, cansıxıcı, tağ-tavanlı otaqdan hamam kimi istifadə edirdilər. Yuxarı mərtəbədə qadınlar yerləşdirilmişdi. Oradan səs-küy, çığırtı, ulartıya bənzər səslər eşidilirdi. Səksən adamlıq xəstəxanaydı, amma bir neçə ətraf quberniyaya da xidmət etdiyi üçün bura üç yüzə yaxın xəstə sığışdırmışdılar. Hücrəni xatırladan darısqal otaqların hər birinə dörd-beş çarpayı qoyulmuşdu. Qışda xəstələri bağa çıxarmır, dəmir barmaqlıqlı pəncərələri isə kip bağlı saxlayırdılar deyə burada nəfəs almaq olmurdu.

           Təzə gələn xəstəni əvvəlcə hamama apardılar. Dediyim kimi, bu otağın ağır havasına sağlam adamlar da dözməzdi, əsəbləri yerində olmayan xəstələrə isə bura, yəqin, cəhənnəmi xatırladırdı. Bu, böyük, tağ-tavanlı otaq idi, çirkli daş döşəməsində adamın ayağı sürüşürdü. İçəri yalnız küncdəki kiçik pəncərədən işıq düşürdü; divarlara və tağ-tavana tünd-qırmızı, yağlı boya çəkilmişdi. Otağın ortasında döşəməni qazıb, daşdan iki vanna düzəltmişdilər – onlar ağzınacan suyla dolu, ovalşəkilli iki çuxuru xatırladırdı. Pəncərəylə üzbəüz küncdə böyük mis soba qoyulmuşdu. Yarımqaranlıq otaqda sobanın silindrik qazanı, saysız-hesabsız mis boruları və kranları əcaib mənzərə yaradırdı. Burada hər şey əsəbləri pozulmuş adamın kefini pozur, ovqatını korlayırdı. Qaradinməz, gönbul nəzarətçinin – sir-sifətindən zəhrimar yağan xoxolun fizionomiyası bu təəssüratı daha da gücləndirirdi.

          Xəstəxananın baş həkiminin müalicə sisteminə uyğun olaraq, çimizdirmək və başına məlhəm qoymaq üçün onu hamama gətirdilər. Xəstə içəriyə girən kimi vahimələndi, üşəndi, başında bir-birindən qəribə, qorxunc fikirlər dolaşmağa başladı. Bu nədir? İnkvizisiyadır? Bəlkə, düşmənləri burada onun başını əkmək istəyirlər? Bəlkə, bura cəhənnəmdir, onu məhşər ayağına çəkməyə hazırlaşırlar? Nəhayət, bu fikrə gəldi ki, yəqin, onu yoxlamağa, sınaqdan keçirməyə gətiriblər. Var gücüylə müqavimət göstərsə də, paltarını soyundurdular. Birdən-birə sanki ona əlavə güc gəldi, bir neçə gözətçinin əlindən dartınıb çıxdı. Gözətçilər özlərini saxlaya bilməyib yerə sərildilər. Nəhayət, dörd nəfər köməkləşdi, əl-ayağından yapışıb, onu ilıq suya saldılar. Xəstəyə elə gəldi ki, bu, qaynar sudur, onu qaynar su və qızarmış dəmirlə sınamaq üçün toplaşıblar. Gözətçilərin onu bərk-bərk tutmasına baxmayaraq, suda çapalamağa, çırpınmağa, qışqıra-qışqıra rabitəsiz sözlər deməyə başladı. Nə dediyini başa düşmək olmurdu – bilinmirdi dua oxuyur, yoxsa kimlərisə lənətləyir? O, heydən düşənə kimi çığırıb-bağırdı, axırda ağlaya-ağlaya əvvəl dedikləri ilə heç uyuşmayan bir cümlə dedi:

 –  Müqəddəs əzabkeş Georgi! Cismimi sənə təslim edirəm, ruhumu isə yox, yox, qətiyyən!..

Artıq sakitləşsə də, gözətçilər onun əl-ayağından bərk-bərk yapışıb buraxmırdılar. İlıq vanna, başına qoyulan buz parçası yavaş-yavaş öz təsirini göstərməyə başlayırdı. Onu sudan çıxarıb, kətilə oturtdular, boynunun ardına yenicə məlhəm qoymaq istəyirdilər ki, xəstə birdən-birə hərəkətləndi, yenidən çığır-bağır salmağa başladı:

         –  Nə istəyirsiniz? Nəyə görə? Heç kimə pislik etməmişəm. Məni niyə öldürürsünüz? O-o-o! Aman Tanrım! Ey məndən əvvəl zülm görən əzabkeşlər! Sizə yalvarıram, qurtarın məni bunların əlindən…

         Boynunun ardına məlhəm qoyanda xəstənin çığırtısı yeri-göyü başına götürdü, bayaqkından da bərk çırpınmağa başladı.

          –  Neyləmək olar,  –  məlhəmi plastırla onun boynuna yapışdıran əsgər dedi,  –  silmək lazımdır.

         Bu sadə sözlər xəstəni dəhşətə gətirdi. “Silmək!.. Bunlar nəyi silmək istəyir? Kimi? Məni yer üzündən silmək istəyirlər!”  –  qorxudan sarısını udan xəstə gözlərini yumdu. Əsgər cod dəsmalı götürüb, onun boynunun ardını bərk-bərk silməyə başladı. Xəstənin boynunun dərisi sıyrıldı, sürtülən yerdə qırmızı ləkə əmələ gəldi. Bu əməliyyat sağlam, sakit adamların da qanını qaraldar, hövsələdən çıxarardı. Xəstəyə isə elə gəldi ki, artıq dünyanın axırıdır. O, bütün gücünü toplayıb dikəldi və dartınıb gözətçilərin əlindən çıxdı. Bu zaman özü də yıxıldı, çılpaq bədəni daş döşəməyə sərildi. Fikirləşdi ki, yəqin, başını vurdular. Qışqırmaq istədi, amma səsi çıxmadı. Huşunu itirən xəstəni aparıb çarpayıya qoydular və özünə gəlmədən burada dərin yuxuya getdi.

 

                                               II

         Ölü kimi yatan xəstə gecəyarısı yuxudan ayıldı. Sakitlik idi, yalnız yan otaqda yuxulayan xəstələrin mışıltısı eşidilirdi. Uzaqdan qaranlıq otağa salınmış xəstənin monoton səsi gəlirdi – o, əcaib səslə, öz-özüylə danışırdı. Yuxarı mərtəbədəki qadın şöbəsində isə xırıltılı kontralto hansısa mahnını zümzümə eləyirdi. Xəstə bu səsləri dinləyirdi. O qədər halsız və əzgin idi ki, yerindən tərpənməyə tənbəllik edirdi. Üstəlik, boynunun ardı ağrıyırdı.

         “Mən hardayam? Mənə nə olub?”  –  fikirləşdi. Birdən-birə həyatının sonuncu ayını bütün xırdalıqları ilə xatırlamağa başladı. Başa düşdü ki, xəstədir, hansı xəstəliyə tutulduğunu da anladı. Ağlına gələn cəfəng fikirlər, elədiyi axmaq hərəkətlər, dediyi mənasız sözlər yadına düşdükcə bütün bədəni lərzəyə gəldi.

          –  Şükür, hər şey keçib-getdi, hər şey arxada qaldı! – öz-özünə pıçıldayaraq yenidən yuxuya getdi.

         Dəmir barmaqlıqlı pəncərə binalarla daş hasarın arasındakı kiçik dalana açılırdı. Bura heç kəs gəlib-getmirdi deyə dalanı kol-kos basmışdı; yasəmən ağacları artıb-çoxalmış, hər yanı tutmuşdu. Pəncərəylə üzbəüz, kolluqların arxasında hündür hasarın qaraltısı gözə dəyirdi. Hasarın o üzündə isə ay işığına bələnmiş ağacların çətirləri yırğalanırdı. Sağ tərəfdə divarları ağardılmış xəstəxana binası yerləşirdi; binanın içərisindən zəif işıq süzülürdü. Solda ölüxananın pəncərəsiz ağ divarından savayı heç nə gözə dəymirdi. Ay işığı dəmir barmaqlığın arasından içəriyə süzülür, döşəməni və əldən düşmüş xəstənin solğun sifətini işıqlandırırdı. O, gözüyumulu uzanmışdı, deməzdin ki, dəlidir və ya əsəbləri xarabdır. O sadəcə hədsiz dərəcədə yorulmuş, indi hərəkətsiz uzanıb, dərin yuxuya getmiş adama bənzəyirdi. Vur-tut bir neçə anlığa xəstənin yaddaşı özünə qayıtmışdı, bundan sonra yenidən yuxuya getdi və səhər əvvəlki dəli kimi ayıldı.

                                              

                                                        III

          –  Özünüzü necə hiss edirsiniz? – ertəsi gün həkim ondan soruşdu.

         Xəstə yenicə yuxudan ayılmışdı, hələ yorğanın altındaydı.

          –  Əla! – tələm-tələsik yerindən qalxıb, xalatını çiyninə saldı və ayaqqabılarını geyməyə başladı. – Hər şey yaxşıdır! Bircə şey var: baxın!

         O, boynunun ardını göstərdi.

          –  Boynumu döndərə bilmirəm: ağrıyır. Amma eybi yoxdur. Hər şeyi başa düşürsənsə, deməli, hər şey yaxşıdır; mənsə hər şeyi başa düşürəm.

 –  Harada olduğunuzu bilirsiniz?

 –  Əlbəttə, bilirəm! Dəlixanadayam. Amma hər şeyi başa düşürsənsə, nə fərqi var? Heç bir fərqi yoxdur.

Həkim diqqətlə onun gözlərinin içinə baxdı. Onun yaraşıqlı, yaxşı qulluq görmüş sifəti, səliqəylə daranmış qızılı saqqalı, qızıl eynəyin üstündən baxan sakit, mavi gözləri hərəkətsiz idi, üzünün ifadəsindən heç nə başa düşmək olmurdu. O, xəstəni müşahidə edirdi.

 –  Mənə niyə elə baxırsınız? Onsuz da, qəlbimi oxuya bilməyəcəksiniz,  –  xəstə sözünə davam etdi,  –  amma mən sizin ürəyinizi rahat oxuya bilirəm! Niyə insanlara zülm edirsiniz? Bu zavallıları bura toplayıb saxlamaqda məqsədiniz nədir? Mənimçün fərqi yoxdur: mən hər şeyi başa düşürəm, ona görə də sakitəm; bəs onlar? Bu iztirablar, əzab-əziyyət, işgəncə nəyə lazımdır? Böyük ideyası, fikri olan adam üçün fərqi yoxdur, hardadır, nə hiss edir? Hətta həyat və ölüm arasında da fərq görmür? Elə deyil?

 –  Ola bilər,  –  həkim cavab verdi. O, at dərisindən tikilmiş böyük başmaqlarını şappıldada-şappıldada otaqda var-gəl eləyən xəstəni yaxşı görmək üçün küncdəki kətilə əyləşmişdi. Yeyin addımlarla o baş, bu başa gedən xəstənin xalatının ətəkləri yellənirdi. Xalatın üzərində enli qırmızı zolaqlar və iri güllər təsvir olunmuşdu. Həkimi müşayiət edən feldşer və nəzarətçi qapının önündə dayanıb, onlara tamaşa edirdilər.

 –  Mənimsə belə bir fikrim var! – xəstə ucadan bəyan etdi. – Bu fikir ağlıma gələndə özümü yenidən doğulmuş kimi hiss etdim. Beynim əla işləyir, ağlım, hislərim də yerindədir. Əvvəllər uzun-uzadı baş çatladıb, anlamağa çalışdığım şeyləri indi intuitiv dərk edirəm. Fəlsəfə elminin gəldiyi qənaətləri bütün çılpaqlığı ilə başa düşürəm. Bu böyük ideyalardan biri budur ki, məkan və zaman-uydurma şeylərdir. Mən bütün zamanlarda yaşayıram. Mən məkansızam, hər yerdəyəm və heç yerdə deyiləm. Necə istəyirsiniz, elə də başa düşün. Ona görə də mənimçün fərqi yoxdur, məni burada saxlayacaqsınız, yoxsa açıb buraxacaqsınız… Mənə görə, azad olmağın və ya qolubağlı yaşamağın heç bir fərqi yoxdur. Burada mənim kimi bir neçə nəfər də var. Amma yerdə qalanlar üçün burada qalmaq cəhənnəm əzabıdır. Onları niyə buraxmırsınız? Kimə lazımdırlar ki…

 –  Siz dediniz ki…  –  həkim onun sözünü kəsdi,  –  dediniz ki, zamandan və məkandan kənarda yaşayırsınız. Amma razılaşın ki, biz hazırda bu otaqda oturmuşuq və indi,  –  həkim saatını çıxardı,  –  18** -cü il may ayının 6-sı, saat 11-in yarısıdır. Buna nə deyirsiniz?

 –  Heç nə. Harada olub-olmamağın mənimçün heç bir fərqi yoxdur. Əgər fərqi yoxdursa, bu, o demək deyilmi ki, mən həmişə hər yerdəyəm?

Həkim istehzayla qımışdı.

 –  Maraqlı məntiqdir,  –  ayağa qalxdı. – Bəlkə də, siz haqlısınız. Hələlik. Siqar istəyirsiniz?

 –  Təşəkkür edirəm. – Xəstə ayaq saxlayıb, siqar götürdü və ucunu dişiylə qopardı.  – Siqar fikirləşməyə kömək edir,  –  dedi,  –  bu, bütöv bir dünyadır, mikrokosmosdur. Bir ucunda qələvilər cəmləşib, o biri ucunda turşular… Dünyanın tarazlığı da bu şəkildə təmin olunur  –  əks qütblər bir-birini neytrallaşdırır. Hələlik, həkim!

Həkim çıxıb getdi. Xəstələrin çoxu öz çarpayısında uzanıb, dörd gözlə onun yolunu gözləyirdi. Dəlilər psixiatr-həkimin xətrini çox istəyirlər; heç kim öz müdirinə bu qədər hörmət qoymur.

Həkim gedəndən sonra tək qalan xəstə kamerada var-gəl eləyirdi. Ona çay gətirdilər; o elə ayaq üstəcə bir parç çay içdi və bir parça ağ çörəyi göz qırpımında içəri ötürdü. Sonra otağı tərk edib, bir neçə saat dayanmadan dəhlizdə o baş, bu başa getdi. Hava yağışlı olduğu üçün xəstələri bağa çıxmağa qoymurdular. Feldşer yeni gələn xəstəni axtarmağa başlayanda ona uzun dəhlizin o başını göstərdilər. Xəstə üzünü şüşə qapıya söykəyib, diqqətlə bağdakı güllərə baxırdı. Lalənin hansısa növlərindən biri olan al-qırmızı çiçəkdən gözünü çəkə bilmirdi.

 –  Sizi tərəzidə çəkməliyik,  –  feldşer onun çiyninə toxundu.

Xəstə arxaya çevriləndə gözlərindəki sonsuz qəzəb və nifrət alovu             feldşeri dəhşətə saldı: o, qorxudan dal-dalı çəkildi. Amma feldşeri görəndə xəstənin üzünün ifadəsi dəyişdi, heç nə demədən, dərin fikrə dalıbmış kimi, sakitcə onun arxasınca getdi. Həkimin otağına gəldilər; xəstə kirimişcə tərəzinin üstünə çıxdı. Feldşer onu çəkib, dəftərdə adının qarşısına “109 funt” yazdı. Ertəsi gün onun çəkisi 107, bir gün sonra 106 funt oldu.

 –  Belə getsə, ölüb gedəcək,  –  qayğılanan həkim tapşırdı ki, ona yaxşı baxsınlar.

 

Xəstənin iştahası yaxşı idi, yeməyindən qalmırdı, buna baxmayaraq, günü-gündən göz önündəcə əriyib gedirdi. Onunla birgə feldşerin kitabçaya qeyd elədiyi rəqəmlər də azalırdı. Xəstə, demək olar, yatmır, bütün günü hərəkətdə olurdu. 

 

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 3/2017 nömrəsində çap olunub

DİGƏR MƏQALƏLƏR