HEKAYƏ - Şolom Aleyxem

Tərcümə: Fərhad Abdullayev

1859-cu ilin 2 martında Ukraynanın Poltava quberniyasında anadan olub. İdiş dilində müasir bədii ədəbiyyatın banilərindən biridir. İvrit və rus dilində də yazıb. 1883-cü ildən çap olunmağa başlayıb. “Sender Blank və ailəsi” (1888), “Bülbül İosele” (1889), “Sayrışan ulduzlar” (1909), “Yarmarkadan qayıdanda” (1916) romanlarının, “Südçü Teyve” (1894), “Aman və qızları” (1903), “Nəğmələr nəğməsi” (1909) povestlərinin, “Həkimlər” (1887), “İnsanlar” (1908) pyeslərinin, çoxsaylı hekayə və novellaların müəllifidir.

Birinci Dünya müharibəsi başlayanda Amerikaya köçüb. 1916-cı ildə Nyu-Yorkda vəfat edib.

 

 

 

 ÜÇ DUL QADIN

 

                          (Heç vaxt evlənməmiş çılğın kişinin dilindən)

 

 

                                      Birinci dul qadın

 

– Səhviniz var, əzizim, qarımış qızların heç də hamısı bədbəxt deyil, heç vaxt evlənməmiş kişiləri də ucdantutma xudbin adlandırmaq olmaz. Oturmusunuz kabinetdə, damaqda siqar, əldə kitab, sizə elə gəlir, dünyanın bütün sirlərindən xəbərdarsınız, hər şeyi sonuna, nöqtə-vergülünə qədər dəqiq bilirsiniz və sizin üçün artıq cavabsız sual qalmayıb. Xüsusən də Tanrı köməyimiz olsun, “psixologiya” kəlməsi kəşf ediləndən sonra... Zarafat deyil, sözə bax: psi-xo-lo-giya!.. Heç bilirsiniz, psixologiya nədir? Belə bir bitki var – cəfəri... Görünüşü pis deyil, ətri də ürəkaçandır, xörəyə əlavə edəndə əla dad verir! Psixologiya da belədir – cəfəriyə bənzəyir. Amma cəfərini götürüb çeynəyin, mən də baxım!.. İstəmirsiniz? Bəs onda niyə mənə psixologiyanı sırımaq fikrinə düşmüşsünüz? Əgər psixologiyanın, həqiqətən, nə olduğunu bilmək istəyirsinizsə, yaxın əyləşin və söhbəti diqqətlə dinləyin. Dərd-bəlanın hardan və necə gəldiyi, xudbinliyin səbəbləri və başqa məsələlər barədə rəyinizi sonra söyləyərsiniz.

Bax, mən – köhnənin subayıyam, yəqin, subay kimi də öləcəyəm. Niyə? Demək çətindir... Əgər səbəbini bilmək və məni dinləmək istəyirsinizsə, bax, bu, əsl psixologiyadır! Tez-tez sual verib sözümü kəsməyin: ay, bu niyə belə oldu, filankəs hardan gəldi, nə dedi?.. Sözümü kəsən adam gözümün düşmənidir. Mən, bidiyiniz kimi, tərs adamam, son vaxtlar əsəblərim sözümə baxmır... Qorxmayın, dəli deyiləm! Dəliyə daha çox siz oxşayırsınız, çünki evlisiniz. Mənə isə arvad almaq olmaz, gərək iti beynim və dərrakəm həmişə yerində olsun. Sağlamlığımın qayğısına qalmaq borcumdur. Bunu özünüz də yəqin edəcəksiniz. Uzun sözün qısası, xahiş edirəm, sual verməyin. Əhvalatı danışıb bitirəndən sonra nəyi başa düşməsəniz, soruşarsınız. Yaxşı? Razılaşdıq? Hə, burada, mənim yerimdə əyləşin, mən özüm yırğalanan kürsünü xoşlayıram. Ən əsası odur ki, gərək oturacaq yumşaq, həm də rahat olsun... Məncə, bura ürəyinizcə olacaq, həm də sizi yuxu aparmaz...

Beləliklə, başlayıram. Girişdən zəhləm gedir, boşboğazlıqdan başqa, bir şey deyil.

...Adı Payya olsa da, onu “cavan dul qadın” çağırırdılar. Niyə? Başlandı! Ağzımı indi açdım ki! Harada? Niyə? Burada başa düşməməli nə var ki? Əgər “cavan dul qadın” deyirlərsə, deməli, cavan idi, həm də dul qalmışdı. Mən yaşca kiçik idim. Neçə yaş? Əşi, nə fərqi? Dedim, kiçik idim, deməli, kiçik idim! Adamların dilini saxlamaq olur ki? Başladılar dedi-qoduya: mən subay, o da cavan dul qadın... Başa düşürsünüz də... hə, o söz! Bəziləri, hətta məni təbrik edib xoşbəxtlik arzulayırdı. İnanın, inanmasanız da dünya dağılmaz, öyünmək fikrim yoxdur. Bu qadınla yaxınlığım, elə sizinlə dostluğum kimi idi... Sadəcə səmimi və mehriban münasibətimiz vardı, bir-birimizi sevirdik. Burda qəribə nə var? Onun ərini tanıyırdım. Tanış yox, yaxın idik. Dost olduğumuzu söyləyə bilmərəm. Sadəcə münasibətlərimiz yaxşı idi. Bu isə fərqli şeylərdir: dostluq edirsən, düşünürsən ki, ən yaxın dostundur, amma yanılırsan. Mən belə düşünürəm. Sizdən soruşan yoxdur! Demək belə! Onun əri ilə sadəcə yaxın münasibətlərimiz vardı, kart, bəzən də şahmat oynayırdıq. Deyilənə görə, şahmatda mənə çatan yoxdur. Lovğalanmıram! Bəlkə, məndən də yaxşıları var. Adamlar nə deyirsə, onu çatdırıram... Əri cavan, bacarıqlı, həm də savadlı idi, dünyanın hər işindən baş çıxarırdı. Özü öyrənmişdi, təkbaşına, başqaları kimi gimnaziya, universitet bitirməmişdi, diplom almamışdı. Sizin indiki diplomlar qara qəpiyə də dəyməz! Nə? Razı deyilsiniz? Söz güləşdirməyin! Sizinlə mübahisəyə girişməyə həvəsim yoxdur! Çox varlı, zəngin adam idi. Hərçənd zənginliyin meyarı haqqında nə düşüncədə olduğunuzu bilmirəm. Mən və mənim kimilər belə düşünür: ev-eşiyin, gəlirli işin varsa, zənginsən! Dəbdəbə ilə yaşamırsan, pulunu sağa-sola xərcləmirsən, var-dövlətini başqalarının gözünə soxmursan, yəni ağac bar verəndə başını aşağı əyər. Demək, belə. Onun gəlirli işi vardı, özü də yağ-bal içində  yaşayırdı. Onlara can-başla qonaq gedirdim: nə vaxt qapısını döysən, qonaq üçün əldən-ayaqdan gedirdilər, necə deyərlər, gözüm üstə yerin var! Başqalarının da qonağı oluram: ilk dəfə gələndə, orda oturma, burda otur, ikinci dəfə gələndə nəzakət naminə qarşılayıb yola salırlar, üçüncü dəfə elə soyuq qarşılayırlar ki, az qalırsan bu soyuqdan sətəlcəm olasan... Nə gülürsünüz? Tanışlardan söhbət getmir... Amma onlara gəlirdin, doğma adam kimi qarşılayırdılar, yedirtməsələr, içirtməsələr qapıdan buraxmazdılar. Adama nə lazımdır? Məsələn, üzr istəyirəm, jiletin düyməsi qopubsa, dərhal tikirdilər. Gülürsünüz? Sizcə, gülməlidir? Düymə! Düymə nədir ki? Düymə, subay adam üçün çox böyük problemdir! Düymə tikmək adamı zinhara gətirir. Düymə ucbatından bir tanışımın başı müsibət çəkib: qız bəyəndirmək üçün oğlanı qonaq çağırıblar, məclisdə kimsə onu lağa qoyub. Deyib ki, jiletin düyməsi düşüb... Oğlan kor-peşman evə dönüb, sonra da özünü asıb. Yaxşı, mətləbdən uzaqlaşmayaq: araya söz qatmağı sevmirəm... Ər-arvad çox mehriban dolanırdılar. Bir-birinin hörmətini saxlayırdılar, indi belələrinə nadir hallarda rast gələrsən. Kimsənin xətrinə dəymək istəmirəm. Əgər fərqli fikirdəsinizsə, özünüz bilərsiniz! Yaxşı, əhvalatın ardına qulaq asın.

Bir dəfə Payyanın əri Pinya xəstələnib yorğan-döşəyə düşdü, altı gündən sonra da dünyasını dəyişdi. Uçub-getdi Pinya! Niyə? Xəstəliyi nə idi? Soruşmayın! Boynuna çiban çıxmışdı, yarmaq lazım idi, yarmadılar. Niyə? Elə ona görə! Savadlı həkim var? Pinya yataqda olanda iki həkim gətirmişdilər, onlar da öz aralarında mübahisəyə başladılar. Biri deyirdi, yarılmalıdır, digəri etiraz edirdi. Xəstə isə bu zaman canını tapşırırdı. Açığı, söz tapmıram deməyə! Fikirləşəndə ki, bu savadsız həkimlərin ucbatından nə qədər adam o dünyaya köçüb, adamın tükləri biz-biz olur! Doğma bacımı da onlar zəhərlədilər! Elə bilirsiniz, ona zəhər verdilər? Ağlım çaşmayıb, səfeh-səfeh danışmağa adət etməmişəm. Zəhərlədilər, yəni lazımi dərmanları vermədilər. Zavallıya vaxtında kinə içirtsəydilər, bəlkə, sağ qalardı... Narahat olmayın, bilirəm, söhbətin harasında qalmışam. Beləliklə, dostumuz Pinyanı itirdik. Kədərim sonsuz idi. Heç atam, qardaşım öləndə belə yas tutmamışdım. Zarafat deyil, Pinya ölüb! Sanki ömrümdən böyük bir parçanı qoparmışdılar. Onun ölümü ilə barışa bilmirdim! Dərd çəkirdim! Yazıq arvadı, cavan yaşda əliuşaqlı dul qaldı! Körpə Roza mələk idi. Yeganə təsəllimiz! Əgər uşaq olmasaydı, bilmirəm bu dərdə necə dözərdik – Payya və mən! Mən qadın, yaxud ana deyiləm ki, uşağımı tərifləyib göylərə qaldırım. Əgər deyirəmsə, yaxşı uşaq idi, deməli, düz deyirəm. Dünya gözəli idi! Bir sözlə, Roza – sevgili cütlüyün ülvi məhəbbətindən yaranmış füsunkar gözəl! Hələ də dəqiq müəyyən edə bilməmişəm, hansı yaxşı idi – ər, yoxsa arvad?  Uşağın gözləri, atası kimi maviyə çalırdı. İkimizin də Roza üçün ürəyi gedirdi, amma bilmirəm, hansımız onu daha çox sevirdik – mən, yoxsa Payya? Yəqin, təəccüblənəcəksiniz. O, ana, mən isə yad! Fərqi yoxdur. Məsələyə bir az dərindən yanaşmaq lazımdır: mənim bu ailəyə bağlılığım, dul qadına, yetim uşağa mərhəmətim və bir də subaylığım – bütün bunların cəmi, sizin dediyiniz, həmin psixologiyadır. Cəfəri yox, xalis psixologiyadır. Etiraz edə bilərsiniz: bəlkə, bunlar Rozanın anasına olan sevgimdən irəli gəlir? Etiraf edirəm, ona çox vurğun idim. Məhəbbətdən alışıb-yansam da, sevgi ürəyimi riqqətə gətirsə də, hisslərimi qadına  bildirmirdim! Gecələr gözümə yuxu getmirdi, ürəyimi ona necə açacağım barədə düşünürdüm? Səhər açılır, yataqdan qalxırsan və sənə elə gəlir, gedib birbaşa etiraf etməyə hazırsan: “Payya, məlumunuz olsun ki, məsələ belədir... İndi qərar sizindir...” Amma üz-üzə gələndə nitqin quruyur. Düşünürsüz, ağciyərəm? Necə istəyirsiniz, elə də fikirləşin. Amma məsələyə dərindən nüfuz etməyə çalışın: Pinyanı qardaşdan artıq sevirdim. Soruşa bilərsiniz: “Bəs Payya? Axı indicə söylədiniz ki, onun üçün darıxırdınız!” Cavab verirəm: bəli, darıxırdım, ona görə ki, iztirab çəkirdim, ürəyimi açmağa cürət etmirdim! Lakin qorxuram məni anlaya bilməyəsiniz. Sizin bədnam “psixologiya”ya əsəslansam, əlbəttə, məni başa düşərsiniz, amma hisslər barədə səmimi-qəlbdən, əzilib-büzülmədən, sadə dildə danışanda, bu, kənardan əcaib görünür. Əşi, fərqi yoxdur, nə istəyirsiniz fikirləşin. Əhvalatın ardını danışım. Uşaq nağıllardakı kimi böyüyürdü. İlk baxışdan, adi söz kimi görünür – “böyüyürdü”. Uşaq böyüyür, ağac böyüyür, hətta turp da böyüyür. Fərq var da? Gözləyirsən ki, uşaq nə vaxt iməkləyəcək, oturacaq, yeriyəcək, qaçacaq, danışacaq. Nəhayət, başlayır iməkləməyə, oturmağa, yeriməyə, qaçmağa və danışmağa! Bəs sonra? Bircə o çatmır ki, deyingən arvad kimi başlayım sadalamağa: suçiçəyi, qızılca, diş çıxarmaq, daha nə bilim nə! Təkrar edirəm, arvad deyiləm ki, boş-boş şeylərlə baş-beyninizi aparım, yəni, uşaq belə elədi, ordan gəldi, bura qaçdı... Nə isə, qız böyüdü və çiçək açdı. Sizin indiki roman yazanların təbirincə desək, “zərif qızılgül kimi çiçəkləndi”. Yeri gəlmişkən, bu romançılar “tər çiçəklərdən” heç nə anlamır, çünki iki eşşəyin arpasını bölə bilmirlər... Onların işi-gücü isti kabinetdə oturub sobanın yanında mürgü döyə-döyə təbiətdən, yaşıl meşələrdən, təlatümlü dənizdən, qumsallardan yazmaqdır, çevir tatı, vur tatı, bir addım da irəli gedə bilmirlər... Belə yazılardan zəhləm gedir. Adamın ürəyi sıxılır! Onları oxumuram! Kitabı əlimə götürüb açıram, ilk səhifəsində yazılanları görürəm: “Günəş işıq saçırdı, Ay səmada süzürdü, hava ətir saçırdı, quşlar cəh-cəh vururdu...”

 

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 3/2017 nömrəsində çap olunub

DİGƏR MƏQALƏLƏR