KLASSİK TƏRCÜMƏLƏR - Natiq Səfərov

1943-cü ildə Naxçıvan şəhərində doğulub. Azərbaycan Dövlət  Universitetinin filologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində başlayıb. Müxtəlif illərdə “Azərbaycan” jurnalında, “Yazıçı” nəşriyyatında, “Qanun” jurnalında və Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində çalışıb. 

Bədii tərcümə sənətinin tanınmış nümayəndələrindən sayılır. C.Steynbek, U.Folkner, Q.Q.Markes, A.Platonov, V.Şukşin, O.Süleymenov və bir sıra görkəmli yazıçıların əsərlərindən etdiyi tərcümələr oxucular tərəfindən rəğbətlə qarşılanıb.

2004-cü ildə Bakı şəhərində vəfat edib.

 

CON STEYNBEK

 

BASQIN[1]

(hekayə)

I

Furqondan iki nəfər çıxıb kimsəsiz küçəylə inamla addımlayanda Kaliforniya şəhərciyinə artıq qaranlıq çökmüşdü. Konserv zavodlarından çürümüş meyvələrin şirintəhər qoxusu gəlirdi. Yolayrıcılarındakı qövsvarı fənərlər küləkdə yırğalanır və onların  göyümsov işığında telefon məftilləri yerə titrək kölgə salırdı. Köhnə taxta binalar səssizlikdə dincəlirdi. Binaların tozlu pəncərələrində küçə işıqları sönük-sönük əks olunurdu. Küçəylə addımlayan bu iki nəfərin biri gənc, o biri isə xeyli yaşlı idi; eyni boyda və biçimdəydilər, saçları qısa vurulmuşdu, ikisi də göy rəngli cins şalvar geymişdi. Yaşlının əynində gödəkcə, cavanın əynində mavi sviter vardı. Onlar qaranlıq küçəylə gedir və addım səsləri taxta divarlarda ucadan əks-səda verirdi. Daha cavan olanı “Gəl yanıma, mənim qəmli mələyim” mahnısını fıştırıqla çalmaq istədi, amma tez də susdu.

– Bu lənətə gəlmiş havadan heç cür qurtula bilmirəm. Bütün günü beynimdə hərlənir, – deyə özünə bəraət qazandırmağa çalışdı.

Yaşlı ona tərəf döndü:

– Deyəsən, öz qorxaqlığını bayram edirsən! Rut, boynuna al ki, qılçaların əsir.

Onlar küçə fənərinin altından keçirdilər. Rut sifətinə sərt ifadə verməyə çalışdı: gözlərini qıydı, ağzını qeyzlə əydi:

– Qorxanın atasına lənət! – dedi. Onlar işıq zolağını arxada qoydular. – Sadəcə bu məsələnin necə olduğunu dəqiq bilmək istəyirəm, maraqlıdı. Dik, sənin üçün bu, keçilmiş mərhələdi. Bilirsən ki, səni nələr gözləyə bilər. Mənsə birinci dəfədi tapşırığa gedirəm.

– Yalnız şəxsi təcrübə əsasında öyrənmək olar,  – Dik müəllim ədasıyla dedi. – Kitablardan heç nə öyrənə bilməzsən. Öyrəndiyin də kara gəlməyəcək.

– Göz gözü görmür, – Rut dedi. – Görəsən, ay çıxacaq, ya yox? Ay çıxsaydı, yaxşı olardı. Dik, birinci sən çıxış edəcəksən?

– Yox, sən. Mənim təcrübəm daha böyükdü. Sən danış, mənsə göz qoyum, fikirləşim, görüm onlara nəylə təsir etmək olar. Sən nə danışacağını fikirləşmisən?

– Əlbəttə. Son sözə qədər. Yazıb əzbərləmişəm. Uşaqlar deyir, çıxırsan nitq söyləməyə, əvvəl bilmirsən nədən danışasan, sonra birdən söz dəyirmanının ağzı açılır, nə açılır, sözlər çay kimi axıb-gəlir, danışdıqca danışmaq istəyirsən. Böyük Mayk deyir ki, onda bu cür olub. Amma mən risk eləmək istəmədim, yazdım.

Qatar fitinin kədərli səsi eşidildi, döngədən yola vahiməli işıq salaraq, parovoz sıçrayıb çıxdı, pəncərəli gur işıqlı vaqonlar gurultuyla ötüb-keçdi. Dik dönüb qatarın arxasınca baxdı.

– Sərnişin o qədər də çox deyil, – o, məmnun səslə dedi. – Əgər səhv etmirəmsə, sənin qocan dəmiryolunda işləyir. Özün demisən.

– Elədi. Əyləc konduktorudu. Biləndə ki, mən nəylə məşğulam, mitilimi çölə atdı. – Rut öz qüssəsini sezdirmədən danışmağa çalışırdı. – O, öz iş yerini itirməkdən dəhşətli qorxur. – Heç nə başa düşmək istəmir. Ha qandırdım, xeyri olmadı. Nəinki başa düşmədi, üstəlik, məni evdən qovdu. – Rutun səsində elə bir kədər vardı ki, özü də qorxdu: indi Dik başa düşəcək ki, o, ev üçün darıxıb, peşmandı. Buna görə kəskin səslə əlavə etdi: – Elə bədbəxtlik də bundadı ki, iş yerlərini itirməkdən dəhşətli qorxurlar, öz burunlarından uzağı görmürlər. Başa düşmürlər ki, onların başına nə oyun açırlar. Öz qandallarından bərk-bərk yapışırlar.

– Bu sözləri sonraya saxla, – Dik məsləhət gördü. – Zor deyib. Olmaya sənin nitqindəndi?

– Yox, ancaq bir halda ki, sənin xoşuna gəlir, bunları da deyərəm.

İndi küçə fənərləri az-az rast gəlirdi. Yolun kənarında ağ akasiya kolları bitmişdi: şəhərin qurtaracağıydı, tez-tez kənd mənzərələrinə təsadüf olunurdu. Kəndarası yolun hər iki tərəfində adda-budda həyətli evlər gözə dəyirdi.

– Tfu!.. Mən bu cür zülmət görməmişəm. – Rut yenə dilləndi. – Bir tərəfdən bu yaxşıdı. İşimiz əngələ düşsə, aradan çıxmaq asan olar.

Gödəkcəsinin boyunluğunu qaldırmış Dik fınxırdı, amma heç nə demədi. Bir müddət dinməzcə getdilər.

– Dik, birdən dəyənəklər işə düşsə, sən qaçacaqsan, ya yox? – Rut soruşdu.

– Qaçmaq nədi, lənət şeytana! Olmaz qaçmaq. Bizə tapşırılıb ki, əgər həngamə başlasa, axıracan durmalıyıq. Görürəm qorxursan, qılçaların əsir. Ay körpə, yəqin, utanmasaydın, aradan çıxardın?!

Rut daha dözə bilmədi:

– Nə özünü dartırsan, – dedi, – bir-iki dəfə çıxış eləmisən deyə burnun göylə gedir. Guya müdrik bir qocasan!

– Hər halda, südəmər deyiləm.

Rut kiridi. Başını aşağı saldı. Handan-hana:

– Dik, – asta və yazıq səslə dedi, – sən əminsən ki, qaçmayacaqsan? Əminsən ki, hər şeyə duruş gətirə biləcəksən?

– Aydın məsələdi, əlbəttə, əminəm. Birinci dəfə deyil ki, bizə belə tapşırılıb, aydındı? Biz özümüzü elə aparmalıyıq ki, xalq bizdən nümunə götürsün, – o, qaranlıqda Ruta nəzər saldı, – hey soruşursan, maraqlanırsan. Səbrin çatmır, ya qorxursan? Qorxursan ki, dözməyib qaçasan? Əgər belədisə, bəri başdan de, get evə.

Rut titrək səslə:

– Dik, sən əla oğlansan, – dedi. – Mənim sənə dediklərimi heç kəsə demə, yaxşı? Axı mən bir dəfə də olsun, tapşırığa getməmişəm. Haradan bilim ki, başıma dəyənək vursalar, nə edəcəyəm. Bir də, bunu kim bilə bilər axı? Ancaq mənə elə gəlir ki, qaçmayacağam. Çalışacağam qaçmayım.

– Bu, başqa məsələ, körpə. Daha bu barədə danışmayaq. Ancaq bil ki, əkilmək istəsən, təşkilata xəbər verəcəyəm; bizdə satqınlara yer yoxdu. Körpə, bunu yaxşı-yaxşı yadında saxla.

– Bura bax, bəsdi mənə körpə dedin. Qurtar.

Onlar şəhərdən uzaqlaşdıqca akasiya kolları sıxlaşırdı. Tinlərin birində it hürdü; yəqin, onların səslərinə hürürdü. Ulduzların qabağını kəsərək, yerə seyrək duman çökməkdəydi.

– Sən hər şeyi hazırlamısan, eləmi? – Dik soruşdu. – Lampa gətirmisən? Bəs kitabları necə? Bax ha, mən sənə ümid olmuşam.

– Mən hələ gündüzdən tədarük görmüşəm, – Rut dedi.

– Ağ nöyüt gətirmisən? Lampalar doludu?

– Ağzınacan. Bura bax, Dik, hansısa əclaf xəbər verib, yəqin?

– Ola bilsin. Satqın həmişə var.

– Bəs özün heç nə eşitməmisən? Basqın olacaq, ya yox?

– Nə bilim, lənət şeytana, axı bunu haradan bilə bilərəm? Bəyəm onlar gəlib mənə hesabat verib deyirlər ki, bəs, gözləyin, gəlib sizin başınızı yaracağıq? Rut, özünü ələ al. Yoxsa elə əsirsən ki, az qalır şalvarın düşsün. Elə eləmə ki, cinlənim.

 

II

 

Onlar qaranlıqda nəhəng və qara dördkünc binaya yaxınlaşdılar.

– Hələ heç kəs yoxdu, – Dik dedi. – Gəl lampaları yandıraq, qaranlıqda adamın ürəyi sıxılır.

– Onlar atılmış köhnə dükanın qarşısında dayanmışdılar. Dükanın vitrinləri tozdan qaralmışdı. Vitrinlərin birinə içəridən “Laki stryak” siqaretini tərənnüm edən plakat yapışdırılmışdı. O biri vitrində koka-kola reklamı gözə dəyirdi – kartondan düzəldilmiş və adam boyunda olan qadın fiquru qaranlıqda hansısa qorxunc kabusa oxşayırdı. Dik ikitaylı qapını açıb içəri girdi. Kerosin lampasının şüşəsini çıxardı, kibrit çəkib, fitili yandırdı. Sonra şüşəni geydirdi və lampanı boş alma qutusunun üstünə qoydu.

– Rut, keç içəri, hazırlıq görmək lazımdı.

Divarların malası bəzi yerlərdə qopmuşdu, ona görə divar ala-bula görünürdü. Küncdə bir qalaq tozlu qəzet atılmışdı. Arxa divardakı bir-iki pəncərəni hörümçək toru basmışdı. Otaqda üç alma qutusundan savayı heç nə gözə dəymirdi.

Rut yeşiklərin birinə yaxınlaşdı və oradan iri plakat çıxardı. Plakatda qırmızı və qara cizgilərlə kişi sifəti təsvir edilmişdi. O, plakatı lampanın arxasında malası qopmuş divara sancaqladı. Böyürdən daha birini – hansısa emblemin əks olunduğu plakatı asdı. Sonra başqa qutunu dikinə qoyub, üstünə bir qalaq vərəq və broşür yığdı. Onun hər addımı laxlayan taxta döşəmədə hündürdən əks-səda verirdi.

– Dik, o biri lampanı da yandır, yoxsa çox qaranlıqdı, elə bil zindanda oturmusan.

– Yaxşı. Olmaya qaranlıqdan qorxursan?

– Niyə, uşağam, qorxum? İndicə o biriləri də gələcək. İstəyirəm onlar gələndə işıq olsun. Saat neçədi?

Dik qol saatına baxdı.

– Səkkizə on beş dəqiqə qalib. Birazdan gələcəklər. O, əllərini gödəkcənin döş ciblərinə soxdu, üstündə vərəqlər olan yeşiyin yanında dayandı. Oturmağa yer yox idi. Qara-qırmızı adam plakatdan diqqət və hirslə baxırdı. Divara söykənmiş Rutun bu sərt baxışlar nədənsə xoşuna gəlmədi. Elə bil plakatdakı kişi onu nədəsə ittiham etmək istəyirdi.

Lampalardan birinin işığı qəfildən öləziməyə başladı, sanki indicə sönəcəkdi. Dik lampaya sarı getdi.

– Bəs sən deyirdin ki, ağzınacan doldurmusan?  Bu isə bomboşdu.

– Mən elə bilirdim doludu. Eyib etməz. O birisində kerosin ağzınacandı. Oradakı nöyütdən boş lampalara da tökmək olar.

– Demək asandı. Bunun üçün əvvəlcə gərək ikisini də söndürək. Kibrit var?

Rut ciblərini eşələdi:

– Qalmayıb. İşlətmişəm.

– Yaxşı deyiblər: şamçıya ümid olan şamsız yatar. Toplantını bir lampanın işığında keçirməli olacağıq. Günah məndədi, gündüz gərək özüm hər şeyi yoxlayaydım. Ancaq başım bərk qarışıq idi. Elə bilirdim sənə ümid etmək olar.

– Onda gəl belə eləyək: nöyütü cəld dəmir qaba süzək. Sonra oradan ikinci lampaya tökərik.

– Ağıl dəryasısan! İstəyirsən dükan od tutub yansın?  Əcəb köməkçi tapmışam özümə, Allah dalısından saxlasın.

Rut yenə divara söykəndi.

– Bunlar harda qaldı? Saat neçədi?

– Doqquza beş dəqiqə işləyir.

– Bəs onda niyə gəlmirlər? Nəyi gözləyirlər? Axı sən onlara demişdin ki, saat səkkizdə gəlsinlər.

– Ay körpə, bəsdi dızıldadın. Məni boğaza yığmısan. Mən nə bilim axı, nə üçün gəlmirlər? Ola bilsin, qorxublar. Bir az kiri, görək başımıza nə gəlir. – Dik yenə əllərini gödəkcəsinin ciblərinə soxdu. – Rut, barı siqaretin var?

– Yoxdu.

Araya yenə sükut çökdü. Haradasa maşınlar şütüyürdü: motorların boğuq uğultusu, hərdən maşın fiti eşidilirdi. Qonşu həyətlərin birində it candərdi hürürdü. Küləkdə akasiya kolları xışıldayırdı.

– Ey, Dik! Səsi eşidirsən? Deyəsən, gəlirlər.

Onlar başlarını qapıya tərəf döndərib, gərgin halda dinlədilər.

– Heç nə eşidilmir. Yəqin, sənə elə gəlib.

Rut toz basmış vitrinlərdən birinə yaxınlaşdı, küçəyə nəzər saldı. Öz yerinə qayıdanda dikinə qoyulmuş yeşiyin yanında ayaq saxladı, broşürləri səliqəylə dəstələdi.

– Dik, saat neçədi?

– Sus, başa düşdün? Sən adamı dəli edərsən. Bu iş üçün möhkəm olmaq lazımdı. Sən sübut etməlisən ki, göründüyün qədər də aciz deyilsən.

– Dik, axı mən birinci dəfədi iştirak edirəm.

– Hiss olunur. Baxan kimi bilinir.

Güclü külək əsdi, akasiya kollarında səs saldı. Qapı taqqıldadı, bir tayı yavaş-yavaş açıldı. Külək otağa soxuldu, tozlu qəzetləri xışıldatdı, plakatları pərdə kimi qaldırdı.

– Rut, qapını ört... Ya da yox, qoy açıq qalsın, onların gəlişindən tez xəbər tutarıq.  – Dik saata baxdı. – Artıq doqquzun yarısıdı.

– Səncə, onlar gələcəklər? İndi onları neçəyə qədər gözləməliyik?

Dik fikirli-fikirli açıq qapıya baxdı.

– Azı, saat onun yarısına qədər. Tapşırılıb ki, mütləq toplantı keçirək.

Açıq qapıdan gecə səsləri aydınca  eşidilirdi: yolda quru yarpaqların rəqsi, itlərin ləng, tənbəl-tənbəl hürüşü, küləyin yeknəsəq vıyıltısı... Lampanın sönük işığında qırmızı-qara çöhrə qəzəblə onlara baxırdı. Külək yenə plakatın aşağısını qaldırdı.

– Qulaq as, körpə. – Dik astadan dedi. – Bilirəm, səni qorxu götürüb. Vahimələnəndə ona nəzər sal. – Dik baş barmağı ilə plakatı göstərdi. – Bax, o, qorxu nə olduğunu bilmir. Yadına sal, gör o, nələr eləyib.

Rut plakata baxdı.

– Elə bilirsən, o, heç vaxt qorxmayıb?

– Lap qorxsa da, heç kəs bunu bilməyib. – Dik onun sözünü kəsdi. – Qoy sənə dərs olsun: hər rast gəldiyinə, hər it-qurda öz hislərini bildirmə.

– Sən zor oğlansan, Dik. Məni tək göndərsələr, heç bilmərəm, nə edəcəm.

Hər şey yaxşı olacaq, körpə. Sən zəif oğlan deyilsən, dəqiq sözümdü. İntəhası, təcrübən yoxdu.

Rut cəld qapıya tərəf nəzər saldı.

– Ey! Kimsə gəlir, eşidirsən?

– Qurtar! Gələndə gələcəklər, təşviş nəyə lazım?!

– Yaxşı. Gəl qapını örtək. Soyuqdu. Qulaq as! Kimsə gəlir.

Kəndarası yoldan tələsik addım səsləri gəldi, sonra həmin adam qaçmağa başladı, ayaq tappıltısı yaxınlaşdı. Dükana kombinezonlu bir oğlan təpildi. Təntiyə-təntiyə:

– Uşaqlar, buradan tez əkilsəniz yaxşıdı, – dedi. – Sizə qarşı basqın hazırlanır, bir sürüdülər. Uşaqlardan heç kəs toplantıya gəlməyəcək. Qərara gəliblər ki, sizi qurban versinlər, onda özləri kənarda qalarlar. Mən bunu əclaflıq sayıram. Cəld şey-şüyünüzü yığın, çıxın aradan. Bütün sürü indicə bura tökülüşəcək.

Rutun rəngi qaçdı, bütün bədəni gərildi. Təşvişlə Dikə baxdı. Dik üşüyürmüş kimi büzüşdü, yenə əllərini döş ciblərinə soxdu, çiyinləri sallandı.

– Sağ ol, – dedi. – Sağ ol ki, xəbər verdin. Sən get, bizə görə narahat olma.

– Qərara gəliblər ki, sizi qurban versinlər, hər şey sizin başınızda çatlasın. – Kombinezonlu oğlan təkrar etdi.

Dik başını tərpətdi.

– Aydındı. Allah onlara ağıl versin. Burunlarından uzağı görə bilmirlər. İndisə qaç, yoxsa ələ keçərsən.

– Bəs siz getmirsiniz? Gəlin, şeyləri aparmağa kömək eləyim.

– Biz qalırıq, – Dik qətiyyətlə dedi. – Tapşırıq belədi: axıra qədər qalmaq. Nəyin bahasına olursa-olsun.

Oğlan qapıya sarı yönəldi. Sonra döndü.

– İstəyirsiniz, sizinlə qalım?

– Yox, lazım deyil, sən mərd oğlansan. Ancaq sənin qalmağına ehtiyac yoxdu. Ola bilsin, gələn dəfə bizə lazım olarsan.

– Siz bilən məsləhətdi, mən bacardığımı elədim.

 

 



[1] 20-ci yüzilliyin ən nəhəng yazıçılarından biri, Nobel mükafatı laureatı C.Steynbekin “Basqın” hekayəsində (1936) Amerika tarixinin, bəlkə də, ən böhranlı, “böyük depressiya” dövrü – “əli dəyənəkli” muzdlu dəstələr saxlayan iri sahibkarlarla həmkarlar ittifaqının arasındakı qarşıdurmanı ölkəsinin bəd yuxu kimi xatırladığı keçmiş hadisələr 90-cı illər azərbaycandakı siyasi həyatın bəzi bənzərlərini yada salır. Eyni zamanda Amerika təcrübəsi bizə gələcəyə ümidlə baxmağa imkan verir.

 

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 3/2017 nömrəsində çap olunub

DİGƏR MƏQALƏLƏR