TEATR - Eduardo de Filippo

Tərcümə: Yaşar

 

1900-cü ildə İtaliyanın Neapol şəhərində doğulub. Məşhur neapolitan aktyoru Eduardo Skarpettanın oğludur.

Yaradıcılığının çiçəklənmə dövrü Birinci Dünya müharibəsindən sonraya təsadüf edir. “Kupellonun evində Milad bayramı” (1931), “Təhlükəlidir, ancaq ölümcül deyil” (1938), “Neapol – milyonçular şəhəri” (1945), “Kabuslar” (1946), “Heç kim, ya cənnətdə Oğru” (1957), “İmtahanlar heç vaxt sona çatmır” (1973) pyesləri ona dünya şöhrəti qazandırıb.

“Neapol – milyonçular şəhəri”, “Filumena Marturano”, “Kabuslar”, “İtalyansayağı nikah” filmləri onun pyesləri əsasında çəkilib.

1984-cü ildə Romada vəfat edib.

 

 

NEAPOL – MİLYONÇULAR ŞƏHƏRİ

 

(üçpərdəli komediya)

İştirakçılar:

Cennaro Yovine Amaliya – onun arvadı

Mariya Rozariya – onların qızı

Amedeo – onların oğlu

Yaraşıqlı Erriko

Domkrat Peppe

Rikkardo Slaziano – mühasib

Federiko – həkim

Paskualino – malakeş

Keşiş Çappa – karabinyerlərin briqada rəhbəri

Casuslar

Adelaida Skyano

Assunta – onun bacısı qızı

Donna Peppenella Tereza Marqarita

 

Hadisələr Neapolda vaqe olur. İlk hadisələr müharibənin ikinci ilinin sonlarında, o biri hadisələr ingilis-amerikan qoşun la rının İtaliyaya düşürülməsindən sonra baş verir.

 

BİRİNCİ PӘRDӘ

Donna Amaliya Yovinenin birinci mərtəbədəki iri, çirkli, his basmış otağı. Səhnənin ortasında tağlı divar oyuğu görünür. Buradakı taxta haşiyəli şüşə qapı dalana açılır. Tamaşaçıdan sol tərəfdəki ilk pərdədə də bir qapı var. Əks tərəfdə, tamaşaçının sağında yonulmamış taxtadan başqa bir qapı görünür. Onun üzərində tünd-yaşıl rənglə səliqəsiz bir işarə çəkilib: “həyətə çıxış”. Səhnənin sağ dərinliyində ələ keçən materiallardan yığılıb düzəldilən arakəsmə burada darısqal bir hücrə əmələ gətirib. Bu xırda, kasıb yataq otağında nazik döşək və digər əşyalar gözə dəyir. Bunların səhnədə olması zəruridi: tamaşaçının solunda solub göyərmiş ikiadamlıq mis çarpayı, komod, üstündə müqəd dəs lərin heykəlcikləri, şüşə qalpaqlar olan şifoner, kobud stol və həsir stullar. Ötən əsrin zövqlü digər mebellərini rejissor özü seçə bilər. Amma onları elə düzməlidi ki, “məxfi qəlyanaltıxana” sax layan zaman böyük ailənin yaşadığı darısqallıq və şəraitsizlik görünə bilinsin. Stolun üstündə müxtəlif ölçüdə və rəngdə bir neçə qəhvə fincanı, onları yumaq üçün mis ləyən var.  

Sübh çağı. Səhnənin dərinliyindəki şüşə qapıdan dalan və qarşıdakı evin birinci mərtəbəsində taxtayla örtülmüş iki pəncərə görünür. Onların arasındakı balaca divar oyuğuna dalanın mömin sakinləri Madonna del Karminenin mərmər surətini pərçim ediblər. Surətin qarşısında balaca çıraq asılıb.

Hadisələr müharibənin ikinci ilinin (1942-ci il) sonlarında cərəyan edir. Mariya Rozariya səhnənin ortasındakı stolun yanında dayanıb. Əynində ucuz don var. O, bulaşıq fincanları yuyub yaxalayır və səliqəylə stolun üstünə düzür. Dalanda danışan adamların uzaqdan gələn səslərindəki sözləri ayırd etmək olmur. Amma get-gedə mübahisə qızışır, odur ki, səsləri və bəzi hədələri eşitmək mümkün olur. Hərdən Amaliya Yovinenin səsi hamının səsini üstələyir. Mariya Rozariya sakitcə öz işini görür, elə bil bütün bu baş verənlərin ona dəxli yoxdu. Sol qapıdan çıxan Amedeo elə indicə yuxudan oyanıb. Əsnəyə-əsnəyə, gərnəşə-gərnəşə, tənbəltənbəl səhnənin dərinliyinə gedir. O, iyirmi beş yaşlı arıq, qarabuğdayı, yaraşıqlı, zirək bir gəncdi. Amma fiziki cəhət dən elə də möhkəm deyil. Əynində boz rəngli, yamaq lı yun sviteri neçə yerdən sökülüb. Sağ əlində əsgiyə oxşayan dəsmal tutub.

Amedeo (bacısına). Bir fincan qəhvən olar?

Mariya Rozariya. Hazırlamalıyam.

Amedeo. Süzməlisən?

Mariya Rozariya (üzündəki ifadə sanki deyir: “Hələ gözləməli olacaqsan”). Gərək dünənki cöküntünü dəmləyim.

Amedeo (narazı halda). Mənim günümə, saatıma bir bax! Bir qəhvəni də adama çox görürlər. İtin günündəyəm!  

Mariya Rozariya cavab vermir.

Amedeo. Bəs anam hanı?

Mariya Rozariya. Çıxdı.

Amedeo. Bəs ata?

Mariya Rozariya. Hələ yatır. 

Hücrədən donuz xorultusuna oxşar qəribə səs gəlir, sonra Cennaronun yorğun, yatmaqdan xırıldayan səsi eşidilir: “Mən oyanmışdım, oyanmışdım… Beşdə oyanmışdım! Məni ananız oyatdı! Məgər bizim evdə doyunca yatmağa imkan…” Dalandakı mübahisə get-gedə qızışır. Amaliyanın səsi daha aydın eşidilir.

Cennaro (hücrədən). Eşidirsən?.. Lap həngamədi!

Amedeo (Mariya Rozariyaya). Bəyəm o səs… ananın səsidi?

Mariya Rozariya. Hə, donna Viçença ilə danışır.

Cennaro. Danışır? Bu dəqiqə onu diridiri udacaq!

Amedeo. Bütün bu haqq-hesab keçən həftə olanlara görədi? 

Mariya Rozariya (donna Viçençanı nəzərdə tutaraq). O, həyasızın, yalançının, araqarışdıranın biridi… Hər dəfə bizə gələndə ana onu qəhvəyə qonaq eləyir, hələ üstəlik, hərdən o meymunsifət qızı üçün də əlinə keçəndən verir – nə bilim, köhnə paltardan, təzə yumurtadan-zaddan… Nə deyim, bizim anamız hərdən adamın lap içini görür, hərdən də elə bil gözləri kordu… Donna Viçença bizə qəhvə satan o adamla tanış oldu, sonra da onu özünə işlətməyə başladı… İndi bizim düz yanımızda özünə qəhvəxana açması bir yana, üstəlik, bir fincan qəhvəni lirə yarıma satır. Yarım lirə bizdən ucuz.

Cennaro (hücrədən). “Qran Kafe İtaliya” və “Qambrinye” arasında olan rəqabət!

Mariya Rozariya (ona fikir vermədən). Hamıya da deyir ki, bizim qəhvə saxtadı!

Eduardo de Filippo. Neapol – milyonçular şəhəri 2017 Cennaro (elə oradanca). Dayan… “bi - zim” yox, sizin. Sənin ananın… Mən buna imkan verməzdim… Bu iş xatalı işdi: polislər, karabinyerlər, faşistlər… 

Mariya Rozariya. Әlbəttə… sizə qulaq assaydıq, çoxdan acından ölmüşdük!

Cennaro. Yaxşı olardı, deyəsən, vicdanla yaşayardıq…

Mariya Rozariya. Nədi, bəyəm qəhvə satmaq vicdansızlıqdı?

Amedeo. Biz olmasaq da, yüzlərlə insan bu işlə məşğul olacaq… Elə həmin o Viçençanı götürək, o da qəhvə işinə girişdi.

Cennaro. Keçən həftə Ponte di Molada bir senyor dördüncü mərtəbədən özünü yerə atdı…

Amedeo. Bunun söhbətə nə dəxli?

Cennaro. Sən niyə özünü atmayasаn? 

Amedeo. Ata, siz bəzi şeyləri başa düşmürsüz… Siz başqa dövrün adamısız. (Mariya Rozariya qardaşına işarəylə sanki deyir: “Ataya fikir vermə”.)Amma hər halda, ata düz deyir!

Cennaro. Düz deyirəmmi, hə? Bacın sənə işarə elədi ki, “ona qulaq asma…” Çünki mən zəhlətökənin biriyəm, qandığım bir şey yoxdu… Ay zavallılar… İtmiş nəsil… (Qısa pauza.) Mən səndən soruşmaq istəyirəm… Bax, siz fincanı üç lirədən qəhvə satırsız. Bəs sizə o qəhvəni gətirən qaçaqmalçı onu haradan alır? Bununla o, klinikaları, hospitalları, şəxsi xəstəxanaları qəhvədən məhrum etmirmi?

Amedeo. Ata, susun… Siz, onsuz da, həmişə tərsinə danışırsız, amma indi lap uşaqlıq eləyirsiz… Klinikalar nədi, hərbi hospitallar nədi?! Mallar birbaşa rəislərin evlərinə daşınır! Bizə beş kilo qəhvəni yetmiş lirədən dünən kim gətirmişdi? O adam faşist polis zabiti deyildimi? Hələ desən, ana götürmək istəmirdi, qorxurdu ki, təxribat ola bilər. Siz də burda nəyi qoyub, nəyi axtarırsız… Әgər hakimiy - yətdəkilər düzgün adamlar olsaydılar, onda ancaq əclaf adam sizinlə indi mənim danışdığım kimi danışmağa cürət eləyərdi… Amma görəndə ki, nümunə olası adamlar özləri bir dəstə quldurdu, hər kəs belə deyəcək: “Həqiqəti bilmək istəyirsənsə, məgər sən doyunca tıxıb, enə verən yerdə mən acından ölməliyəm? Sən oğurlayırsansa, mən də oğurlayacam! Hər kəs vəziyyətdən bacardığı kimi çıxır!”

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 3/2017 nömrəsində çap olunub

DİGƏR MƏQALƏLƏR