ƏDƏBİ MOZAİKA

Beynəlxalq Dublin Ədəbiyyat Mükafatının qalibi məlum oldu


Beynəlxalq Dublin Ədəbiyyat mükafatının2017-ci il üzrə qalibi anqolalı yazıçı Xose Eduardo Aqualusa olub. Onun “Unutqanlıq tarixi” adlı romanı mükafata alternativsiz layiq görülüb və müəllifə yüz min  avro məbləğində qazanc gətirib. Xatırladaq ki, Aqualusa ötən il adıçəkilən əsərlə “Man Booker” mükafatının qısa siyahısında yer almışdı. Müəllif mükafatın təqdimetmə mərasimində hisslərini bölüşüb: “Etiraf edim ki, yenə ötən ilki nəticəni gözləyirdim. Qısa siyahıda Mozambikdən olan həmkarım, dostum Mia Kauto da yer almışdı. Nədənsə onun qalib olacağını düşünürdüm. Çünki məndə qısa siyahılarda “ilişmə ənənəsi” var. Əlbəttə ki, təəccüblənsəm də, qalibiyyət gözəl duyğudur. Xüsusilə də, yazdığın,  dediyin söz qalib olanda”.

Aqualusa həmçinin bildirib ki, artıq uzun müddətdir yaşadığı və  doğma vətən saydığı Mozambikdə kitabxana inşa etdirməyi planlaşdırır.

Portuqaldilli ölkələrin sevimli yazıçılarından olan Xose Eduardonun əsərini ingilis dilinə Daniel Han tərcümə edib. Şərtlərə uyğun olaraq, müəllif və tərcüməçi mükafatı bölüşməlidir.  

 

Bu il “Buker mükafatı”nı kimlər ala bilər

 

Böyük Britaniyada “Buker mükafatı”nın (“The Man Booker Prize”) qısa siyahısı elan olunub. Münsiflərin tərtib etdikləri siyahıda altı müəllifin adı var.  

Onlardan üçü ABŞ vətəndaşıdır. Romanları ilə siyahıda yer alan bu yazıçılar   Pol Oster   (“4321”), Emili Fridlund  (“Canavarların həyatı”),  Corc Sondersdir (“Linkoln Bardoda”).  

Mükafat uğrunda yarışmaya qatılanlar arasında qısa siyahıda Böyük Britaniya təmsilçiləri Fiona Mozley (“Elmet”),  Ali Smitin (“Payız”) adları var. İddiaçılardan altıncısı isə Pakistan əsilli yazıçı, Britaniya vətəndaşı Mohsin Hamiddir  (“Qərbə çıxış”).

Xatırladaq ki, Beynəlxalq Buker mükafatı ingilis dilində yazılmış əsərlərə verilir. Qalibin adı oktyabrın 17-də açıqlanacaq.  

 

Arxeoloq-yazıçının “Amazon” mükafatı

 

Amerikalı arxeoloq-yazıçı Devid Lidbiterin romanı “Amazon” şirkətinin hər il elan etdiyi ənənəvi müsabiqənin qalibi olub. Yeni üslubda yazılmış  “Qalıq ovçuları” (“The relic hunters”) romanı müəllifinə iyirmi min funt sterlinq qazandırıb.

 Şirkətin rəsmi açıqlamasında bildirilir: “Devid Lidbiter uzun müddətdir ki, “Amazon”un ən çox oxunan müəllifidir. Bu, ilk çap olunmuş kitabı olsa da, onun 20-dən çox əsərini oxucular internetdən daim izləyirlər. Biz  mükafatların təqdim olunması zamanı internet istifadəçilərinin fikirlərini xüsusilə diqqətdə saxlayırıq.

“Amazon”kimi beynəlxalq səviyyəli nüfuzlu bir internet şəbəkəsinin  mükafatını almış müəllif keçdiyi yolu qürurla xatırlayıb: “Beş ildir Kindle istifadəçiləri məni tanıyır. Artıq öz oxucu auditoriyam mövcuddur. Mən müəyyən auditoriya toplamadan çap olunmaq istəmirdim. Sonuncu elektron kitabım 750 min nüsxə satıldıqdan sonra əsərlərimi nəşr etdirməyə qərar verdim. Ədəbi agent və ya təqdimat məsələləri üçün kiminləsə anlaşmağa ehtiyac duymadım. Yola tək davam etməyi düşündüm”.


Karlos Fuentesin son qərarı məlum olub

 

Tanınmış Meksika yazıçısı Karlos Fuentesin ölümündən beş il ötür. Yazıçı  ölümündən  xeyli öncə, gözdən, könüldən yayınıb “kölgəyə çəkilmək”  qərarına gəlibmiş. Böyük Britaniyanın “Faynenşl tayms” jurnalının müxbirinə illər öncə  etiraf edibmiş ki, nə qədər sağdır, bitirmək üzrə olduğu “Laura Diazla keçən illər” romanını üzə çıxarmaq fikrində deyil və onun çap hüququnu həyat yoldaşının ixtiyarına verib.

O vaxt bu əsər onun “Artemio Kruzun ölümü”ndən sonra yazdığı sonuncu romanı idi və özündə Meksika tarixinin yüz ilini (1868–1968-ci illər) əks etdirir. 

 

Beynəlxalq İstanbul Kitab Yarmarkası noyabrda keçiriləcək

 

36-cı Beynəlxalq İstanbul Kitab Yarmarkası 4–12 noyabr 2017-ci il tarixində  keçiriləcək.

Türkiyədən və xaricdən səkkiz yüzdən artıq nəşriyyatın, ictimai təşkilatın qatılacağı  “Yaxşı ki, varsan, ədəbiyyat!” mövzusunda keçiriləcək yarmarkada doqquz gün ərzində panel, şeir gecəsi və uşaq ədəbiyyatı atelyelərindən ibarət mədəni tədbirlərdə, imza törənlərində yazıçılar oxucularla görüşəcək.

Bu il yarmarkaya dəvət olunan fəxri qonaq ölkə Cənubi Koreyadır. Beynəlxalq salonda ilk dörd gün ərzində Koreya ədəbiyyatı və mədəniyyəti təqdim ediləcək. Yarmarkaya Koreyanın məşhur yazıçıları qatılacaq. 

Tədbirin builki fəxri qonaq yazıçısı isə Ayla Kutludur.

Yarmarka müddətində Ayla Kutlunun həyatı və əsərləri haqqında özünün də iştirakı ilə müxtəlif panellər və söhbətlər təşkil ediləcək.

 

“Rus Bukeri”nin uzun siyahısı bəlli olub

 

Rusiyanın milli ədəbiyyat mükafatı “Rus Bukeri”nin münsifləri 2017-ci il üçün birinciliyə iddialı olan yazıçıların uzun siyahısını müəyyənləşdirib. 

Builki siyahıda Mixail Qiqolaşvili (“Sirli il”), Andrey Volos (“Borclu”), Andrey Rubanov (“Vətənpərvər”), Yelena Çijova (“Çinpərəst”) və Anna Kozlova (“F20”) kimi tanınmış imzalar da yer alıb. Ümumilikdə siyahıya on doqquz yazıçının adı  daxil edilib. 

Finalçıların altı nəfərlik qısa siyahısı oktyabrın 26-da elan ediləcək. Mükafatın laureatı dekabrın 5-də məlum olacaq. Qalibə 1,5 milyon, finalçılara isə 150 min rubl pul mükafatı veriləcək. 

Xatırladaq ki, ötən il bu mükafata “Qala” kitabına görə Pyotr Aleşkovski layiq görülmüşdü.


Heminqueyin sağlığında çap olunmayan əsərinin sirri 

 

Ernest Heminqueyin ölümündən sonra çap olunmamış irihəcmli avtobioqrafik əsəri olduğu hələ iyirmi il bundan öncə üzə çıxmışdı. “Həqiqət parıltısı”  adlı bu əsər müəllifin 1954-cü ildə Afrikadan qayıdışı ilə bağlı detalların açıqlanması ilə başlayır. Yazıçının yubileyi öncəsi kitabı nəşrə “Simon & Şuster” nəşriyyatının sifarişi ilə oğlu Patrik hazırlamışdı. Əsərdə mifik obraz olan Debba adlı gənc afrikalı qadın təhkiyəçinin sevgilisi kimi təqdim edilib. Məlumdur ki, bu səyahətə Ernest Heminquey özünün dördüncü arvadıyla çıxmışdı. Əsər  haqda məlumat verən “Nyu-York tayms” qəzetinin müxbiri yazıçının oğluna belə bir maraqlı sual ünvanlayıb: “Ehtimal etmək olarmı ki, səfər zamanı Heminquey növbəti sevgi macərası yaşayıb?” Cavab kifayət qədər müəmmalı olub: “Mən  o vaxt atamın başına gələnlərlə bağlı hər şeyi bilmək iqtidarında deyiləm...”

 

Hazırladı: Z.Sarıtorpaq

DİGƏR MƏQALƏLƏR