BUKER MÜKAFATI LAUREATLARI - Kazuo İsiquro

Tərcümə: Saday Budaqlı  

 Yapon əsilli ingilis yazıçısı Kazuo İsiquro 1954-cü ildə Naqasaki şəhərində anadan olub. 1960-cı ildə ailəliklə Britaniyanın Qilford şəhərinə köçüb.

“Təpələrin tüstüyə büründüyü yerdə” (1982), “Vəfasız dünyanın rəssamı” (1986), “O günlərdən qalanlar” (1989), “Çarəsizlər” (1995), “Biz yetim olanda” (2000), “Unudulmuş nəhəng” (2015) romanlarının müəllifidir.

“O günlərdən qalanlar” romanı 1989-cu ildə Buker mükafatına layiq görülüb. Əsərləri otuzdan çox xarici dilə tərcümə olunub.

Hazırda Londonda yaşayır.                 

 

                                   O GÜNLƏRDƏN QALANLAR

                                                 Missis Lenora Marşallın xatirəsinə

                                   Proloq: 1956-cı ilin iyulu

                                        Darlinqton-holl

Neçə gündür fikrimi məşğul edən səfərə, deyəsən, doğrudan da, çıxası olacağam. Səyahətə mister Farradeyin rahat “Ford”unda tək yollanacağam. Ümid eləyirəm, qərb qraflığına tərəf getsəm, yolboyu İngiltərənin gözəl kənd mənzərələrini seyr edərəm. Belə çıxır, Darlinqton-hollda beş-altı gün olmayacağam. Onu da deyim ki, səfər ideyası mister Farradeyə məxsusdur. Bir neçə həftə əvvəl kitabxanada portretlərin tozunu alanda şəxsən özü son dərəcə lütfkarlıqla bu təklifi elədi. Nərdivana çıxıb, səhv etmirəmsə, vikont Uezeberinin portretinin tozunu alırdım. Həmin vaxt ağam rəfə qoymaq üçün əlində bir neçə kitab içəri daxil oldu. Məni görüb, fürsətdən istifadə edərək, xəbər verdi ki, avqust-sentyabr aylarında beş həftəliyə Birləşmiş Ştatlara getmək qərarına gəlib. Kitabları stolun üstünə qoydu, chaise-longueyə[1] oturub, ayaqlarını uzatdı.

– Qulaq as, Stivens, – altdan yuxarı mənə baxıb dedi, – mən olmadığım müddətdə evdə qalmağınızı istəmirəm. Niyə axı maşını götürüb bir neçə günlüyə harasa getməyəsiniz? Belə baxanda, istirahət hətta sizin xeyrinizə olar.

Bu təklif o qədər gözlənilməz oldu ki, doğrusu, nə cavab verəcəyimi bilmədim. Yadımdadır, qayğısına görə minnətdarlıq elədim, ancaq, görünür, dəqiq bir cavab vermədiyimdən ağam sözünə davam etdi:

– Ciddi deyirəm, Stivens. Mənə, doğrudan da, elə gəlir ki, sizə dincəlmək lazımdır. Benzin pulunu ödəyəcəyəm. Ömrünüzü bu qədim mülklərdə iş-gücdə keçirirsiniz, bəs öz gözəl ölkənizi gəzməyə haçan vaxt tapacaqsınız?

Ağamın bu mövzuda danışmağı ilk dəfə deyildi. Deyəsən, bu, onu, həqiqətən, narahat eləyirdi. Necə cavab verə biləcəyim elə nərdivanda ağlıma gəldi; bizim peşənin sahibləri ölkəni, qraflıqları çox gəzməsələr də, əslində, İngiltərəni başqalarından çox “görürlər”, çünki dövlətin hörmətli xanım və cənablarının yığışdığı yerdə qulluq etmək xoşbəxtliyi onlara nəsib olub. Əlbəttə, bunları mister Farradeyə demək üçün gərək nələrisə izah eləyəydim, bu da lovğalıq kimi başa düşülə bilərdi. Ona görə qısaca dedim:

– Uzun illər İngiltərədə olanların ən yaxşısını bu evin divarları arasında görmək şərəfi mənə nəsib olub.

Mister Farradey, çox güman, məni başa düşmədi, çünki sözünə davam elədi:

– Əslində, elə deyil, Stivens. Yaşadığın ölkəni gəzməmək, görməmək heç nəyə yaramaz. Məsləhətimə əməl edib bir neçə günlüyə evdən çıxın.

Gözlənildiyi kimi, o vaxt mister Farradeyin təklifinə elə də ciddi yanaşmadım, bunu amerikalı centlmenin İngiltərədə nəyin mümkün olub-olmadığını bilməməsinin növbəti təzahürü saydım. Doğrudur, sonra bu təklifə münasibətim dəyişdi, üstəlik, qərb sahillərinə avtomobillə səyahət məni get-gedə daha çox cəlb etməyə başladı. Əlbəttə, bu da, əsasən – niyə də bunu gizlədim –  miss Kentonun Milad bayramına göndərdiyi açıqcaları nəzərə almasaq, az qala, yeddi ildə yazdığı ilk məktubu ilə izah olunur. Nəyi nəzərdə tutduğuma dərhal aydınlıq gətirim ki, miss Kentonun məktubu Darlinqton-holldakı peşəkar məşğuliyyətimə dair məndə bəzi fikirlər oyatdı. Elə peşəkar məşğuliyyətim sarıdan əndişəm ağamın alicənab təklifinə münasibətimi dəyişməyə məcbur etdi. Ancaq bu yerdə daha ətraflı izahat tələb olunur.

Məsələ ondadır ki, son bir neçə ayda bilavasitə vəzifələrimin icrasında bəzi xətalara yol vermişdim. Bu xətalar özlüyündə elə də ciddi deyildi. Buna baxmayaraq, güman edirəm, belə xətalara yol verməyən şəxs üçün hadisələrin bu cür inkişafı narahatlıq doğurmuşdu; xətanın səbəbini müəyyən etməyə çalışıb, tez-tələsik müxtəlif izahlar düşünüb tapmağa çalışdım, amma belə hallarda olduğu kimi, üzdə olanı gözdən qaçırdım. Yalnız miss Kentonun məktubunda yazılanları saf-çürük eləyəndə birdən ayılıb adi həqiqəti başa düşdüm – son ayların bütün xətaları nökərlər arasında vəzifələrin düzgün bölünməməsindən irəli gəlirdi.

Bütün eşikağaları, əlbəttə ki, vəzifə bölgüsü sxeminin hazırlanmasında məsuliyyət daşıyır. Yaranan ixtilafların, atılan iftiraların, göstərişlərdən əsassız imtinaların, lap başlanğıcda puç olan karyeraların nə qədərinin eşikağaların vəzifə bölgüsü sxeminin hazırlanmasındakı diqqətsizliyinə aid olduğunu kim deyə bilər? Bildirirəm ki, vəzifə bölgüsünün yaxşı sxemini hazırlamaq bacarığının – eşikağası peşəsinin təməl daşı olduğunu düşünənlərlə tamamilə razıyam. Həyatım boyu bir çox sxem hazırlamaq mənə müyəssər olub və təvazökarlıq etmədən deyə bilərəm ki, sonradan onların cüzi bir hissəsini mükəmməlləşdirmək lazım gəlib. Və əgər Darlinqton-hollda xidmətçilər arasında vəzifələr düzgün bölüşdürülməyibsə, onda günah bir başqasında yox, yalnız məndədir. Ancaq ədalət naminə etiraf etməliyəm ki, indiki halda çox çətin məsələ ilə qarşılaşmalı olmuşdum.

Ardıcıllıqla  danışacağam. Hər iki tərəf razılığa gəlib və iki əsr Darlinqtonlar ailəsinə məxsus olan bu ev başqa ələ keçəndə mister Farradey bildirdi kl, dərhal köçməyəcək, işlərini qurtarmaq üçün hələ dörd ay Birləşmiş Ştatlarda ləngiyəcək. Bununla belə, əvvəlki sahibinin vaxtında qulluq edən, haqqında xoş sözlər eşitdiyi ştatı Darlinqton-hollda saxlamağı çox istəyirdi. “Ştat” deyilən, lord Darlinqtonun varislərinin alqı-satqı danışıqlarının bitəcəyinə qədər evə baxmaq üçün saxladıqları vur-tut altı nəfər işçidən ibarət idi. Əfsuslar olsun ki, ev satıldıqdan sonra hamısı getdi və mister Farradeydən ötrü eləyə bildiyim yeganə şey, missis Klementsi dilə tutub saxlamaq oldu. Yeni sahibimə məktub yazıb, belə alındığına görə üzr istədım. Cavab məktubunda sərəncam verdi ki, “dəbdəbəli qədim ingilis mülkünə layiq” təzə xidmətçilər tapım. Mister Farradeyin tapşırığını dərhal yerinə yetirməyə çalışdım, ancaq, sizin də bildiyiniz kimi, indiki dövrdə tələblərə cavab verən xidmətçi tapmaq xeyli müşküldür. Missis Klementsin tövsiyəsi ilə Rozmari və Aqnesi işə götürməyə şad idim, ancaq keçən ilin payızında mister Farradeylə ilk işgüzar görüşümüzə – o, tanışlıq üçün qısa müddətə İngiltərəyə gələnə qədər başqa heç kimi tapa bilmədim. Mister Farradey məhz həmin gün sahibimizin vərdiş eləmədiyimiz Darlinqton-holldakı boş kabinetində ilk dəfə əlimi sıxdı, halbuki o vaxta qədər bir-birimiz haqqında kifayət qədər eşitmişdik. Xidmətçi məsələsində işlər alınmamışdı, ancaq yeni ağamın başqa qabiliyyətlərimi də yoxlamaq imkanı olmuşdu, görünür, xoşbəxtlikdən, belə qabiliyyətlərdən xali deyiləm və inanmışdı ki, mənə bel bağlamaq olar. Yəqin, məhz bu səbəbdən dərhal mənimlə işgüzar söhbət eləmişdi, gedəndə isə Darlinqton-holla köçəndə lazım olacaq müxtəlif xərclər üçün sərəncamımda xeyli pul qoymuşdu. Həmin söhbət əsnasında bizim dövrdə münasib xidmətçi tapmağın çətinliyi məsələsinə toxundum. Mister Farradey bir az düşünüb dedi: vəzifə bölgüsünün elə bir sxemini qurum ki (özünün ifadə etdiyi kimi, “xidmətçilərin növbətçilik cədvəli kimi bir şey”), evdə səliqə-sahmandan ötrü dörd nəfərdən ibarət ştat – missis Klements, iki gənc qulluqçu və mən – kifayət etsin. Razılaşdı ki, bunun üçün hansısa otaqları yığışdırıb bağlamaq lazımdır, ancaq bütün təcrübəmi və bacarığımı səfərbər edib belə otaqların imkan daxilində az olmasına çalışmağımı tapşırdı. Başçılığım altında on yeddi xidmətçinin olduğu zamanları xatırladım və bir müddət əvvəl Darlinqton-hollda iyirmi səkkiz nəfərlik ştatın olduğunu bildiyimdən, eyni evə vur-tut dörd nəfərin xidmət göstərməsi üçün vəzifələrin bölüşdürülməsinin, yumşaq desək, səmərəsiz iş olduğunu fikirləşdim. Məni bürüyən narahatlığı gizlətməyə çalışdım, ancaq, görünür, bunu elə də bacarmadım, çünki mister Farradey sanki məni ruhlandırmaq üçün dərhal əlavə etdi ki, lazım olsa, bir nəfər də götürmək olar. Ancaq  təkrar elədi ki, “hələlik dörd nəfərlə kifayətlənmək” istəyərdi.

Həmkarlarımın çoxu kimi, idarəetmədə köklü dəyişiklikləri mən də xoşlamıram. Ancaq bəzilərindən fərqli olaraq, ənənə xatirinə ona bağlılıqda da yaxşı bir şey görmürəm. Elektrik və müasir istilik sistemləri əsrində bir nəsil əvvəl tələb olunan qədər xidmətçi saxlamağa lüzum yoxdur. Bundan əlavə, çoxdan belə nəticəyə gəlmişəm ki, ənənə xatirinə xidmətçi ştatını şişirtmək – bu da ona gətirib çıxarır ki, boş vaxtın çox olması xidmətçiləri korlayır – peşəkar standartların səviyyəsinin kəskin düşməsinə səbəb olur. Üstəlik də, mister Farradey aydınca hiss elətdirdi ki, Darlinqton-hollda əvvəllər tez-tez olan böyük qəbulları nadir hallarda təşkil etmək fikrindədi. Bax o səbəbdən cidd-cəhdlə mister Farradeyin tapşırığını yerinə yetirməyə girişdim: saatlarla sxemin üzərində işlədim və başqa işlərimi görəndə, ya günün axırında yatmazdan əvvəl yerimə uzanıb istirahət eləyəndə bu haqda düşünməyə heç də az vaxt sərf eləmədim. Mənə elə gələndə ki, məsələnin həlli tapılıb, hansısa bir səhvə yol verib-vermədiyimi hər dəfə cidd-cəhdlə yoxlayırdım. Nəhayət, mister Farradeyin tələbinə tam cavab verməyən sxem qurdum, mənə elə gəlir, bundan yaxşısını düşünmək mümkünsüzdür. Evin ən gözəl hissəsi işlək vəziyyətdə saxlanılırdı; arxa otaqlar, iki anbar, köhnə paltaryuyan, həmçinin üçüncü mərtəbədəki qonaq otaqları daxil olmaqla, geniş xidmət otaqlarının müvəqqəti bağlanması tələb olunurdu; bütün birinci mərtəbə və xeyli sayda qonaq otağı isə açıq qalırdı. Düşünülürdü ki, dörd nəfərdən ibarət indiki ştat yalnız müvəqqəti götürülən xidmətçilər vasitəsilə öz vəzifəsinin öhdəsindən gələ bilər. Ona görə təklif etdiyim sxemdə həftədə bir dəfə (yayda – iki dəfə) bağbanın və həftədə iki dəfə süpürgəçinin xidmətindən yararlanmaq nəzərdə tutulurdu. Bundan başqa, mənim sxemim dörd nəfərdən ibarət daimi ştatın daxilində vəzifələrin köklü surətdə bölünməsini tələb edirdi. Bilirdim ki, belə dəyişikliyə uyğunlaşmaq iki qulluqçuya çətin olmayacaq, ancaq imkan daxilində bunu missis Klements üçün yüngülləşdirməyə çalışırdım, hətta bəzi vəzifələri öz üzərimə götürdüm, siz də başa düşərsiniz ki, onları yerinə yetirmək eşikağasından xeyli dözüm tələb eləyir.

Hətta indi də sxemin pis olduğunu deyə bilmərəm; hər halda, son dərəcə böyük həcmdə işin öhdəsindən dördlükdə gəlməyə imkan verir. Ancaq, şübhəsiz, razılaşarsınız ki, vəzifələrin optimal bölüşdürülməsi xidmətçilərdən birinin xəstələnməsini, ya başqa bir səbəbdən işə çıxa bilməməsini nəzərdə tutmalıdır və bu, səhvlərin sayını minimuma endirməlidir. Konkret halda qarşımda, əlbəttə, bir neçə vərdiş eləmədiyim tapşırıq dururdu, bununla belə, imkan olan yerdə həmin “minimumu” müəyyən etməyi unutmadım. Missis Klementsin, ya qulluqçuların işinin əhəmiyyətli dərəcədə artacağını düşünərək, onlara aid olmayan vəzifələri yerinə yetirmək istəməyəcəkləri də məni xüsusilə narahat eləyirdi. Ona görə sxem üzərində baş sındırıb, inadla can atırdım ki, missis Klementslə qulluqçuların bu işləri etməmək istəyi bir yana, vəzifələrin yeni bölgüsünü özləri üçün yük saymasınlar.

Ancaq, görünür, missis Klementslə qulluqçulara kömək etməyə çalışarkən öz imkanlarımı qiymətləndirməmişdim; belə məsələlərdə təcrübə, tədbirli olmağım məni qaldıra bilməyəcəyim yükün altına girməməyə öyrətsə də, saymazyanalıq eləmişdim və özüm üçün asudə vaxtı nəzərdə tutmamışdım. Ona görə təəccüblü deyil ki, yeddi aydan çox müddətdə bu səhv özünü açıq-aşkar büruzə verir. Bir sözlə, bunun izahının çox sadə olduğu nəticəsinə gəldim: üzərimə həddindən artıq yük götürmüşdüm.

Siz, çox güman, vəzifə bölgüsündə bu cür aşkar səhvi görməməyimə təəccüblənəcəksiniz. Əgər eyni şey haqqında çox, inadla düşünürsənsə, bunun adi hal olduğu ilə razılaşarsınız: bəzən nəsə kənar bir hadisə həqiqəti təsadüfən ortaya çıxarır. Bu dəfə də belə oldu: uzun və kifayət qədər anlaşılmaz mühakimələrinə baxmayaraq, miss Kentonun Darlinqton-hollun xiffətini elədiyi açıq-aşkar duyulan və bura qayıtmaq istəyinə qəti əmin olduğum məktubu məni vəzifə bölgüsünə başqa gözlə baxmağa sövq elədi. Həlledici rol oynayan bir adamın bizə hökmən lazım olduğu mənə indi çatdı; bütün çətinliyim də həmin ştatın olmamasından irəli gəlirdi. Bu haqda nə qədər çox düşünürdümsə, işə bağlılığı və işi nümunəvi bilməsi ilə – indiki dövrdə beləsini tapmaq, az qala, mümkün deyil, – miss Kentonun məhz axtardığım həmin adam olduğu qənaətinə gəlirdim və Darlinqton-hollda xidmət personalı onsuz bütün tələblərə cavab verə bilməzdi.

Yaranmış vəziyyəti beləcə təhlil edib, mister Farradeyin bir neçə gün qabaqkı iltifatlı təklifinin üstünə qayıtdım. Ağlıma gəldi ki, avtomobillə səfəri işin xeyrinə çox gözəl istifadə etmək olar, yəni qərb sahillərinə gedən yolda miss Kentona da baş çəkib, Darlinqton-hollda yenidən işə başlamaq istəyinin nə ilə əlaqədar olduğunu şəxsən aydınlaşdıraram. Miss Kentonun sonuncu məktubunu bir neçə dəfə təkrar oxumuşdum və güman edirəm ki, onun bu barədə eyham vurması, sadəcə, öz təxəyyülümün məhsulu da ola bilərdi.

Bununla belə, mister Farradeylə bu barədə danışmağa bir neçə gün cəsarət eləmədim. Hər halda, sonrakı addımları atmazdan əvvəl bir çox şeyləri özüm üçün aydınlaşdırmalı olduğumu anlayırdım. Məsələn, xərc problemi. Hətta ağamın “benzin pulunu vermək” kimi səxavətli təklifini də hesaba alsaq – mehmanxanalarda gecələmək, səhər yeməyi, qəlyanaltı, şam yeməyi, hələ yolda da nəsə yeyə biləcəyimi demirəm – belə səfər əvvəlcədən nəzərdə tutulmayan bir xeyli xərcə səbəb ola bilərdi. Kostyum məsələsi də bir yandan: belə səfər üçün hansı yarayar və təzəsini almağa xərc çəkməyə dəyərmi? Kifayət qədər gözəl kostyumlarım var idi; uzun illər ərzində lord Darlinqtondan və buradakı xidmətin səviyyəsindən xoş təəssüratla ayrılan müxtəlif qonaqlar tərəfindən mənə pay verilmişdi. Kostyumların çoxu, bəlkə də, avtomobillə səfər üçün həddindən artıq təmtəraqlı, ya indiki zamana görə köhnə dəbli görünərdi. Ancaq ser Edvard Blerin 1931, ya 1932-ci illərdə bağışladığı bir dəst kostyumum var; onda kostyum elə bil təzəcə tikilmişdi, əynimə də yaxşı otururdu; qaldığım istənilən pansionun qonaq və yemək otağına axşamlar onunla gedə bilərdim. Di gəl, olmayan bir şey varsa, o da münasib yol kostyumudur, yəni eləsi ki, sükan arxasında oturanda utanmayasan. Bəlkə, gənc lord Çalmersin müharibə zamanı bağışladığını geyinəm? Bu kostyum əynimə bir az balaca olsa da, yaxşı tikilib. Nəhayət, hesabladım ki, yığdığım pul yol xərclərinə, üstəlik, təzə kostyum almağa çatar. Ümid edirəm, buna görə məni təkəbbürlü adam saymayacaqsınız; sadəcə, vəziyyətə görə özümü Darlinqton-holldan gələn adam kimi təqdim etməli olsam, onda mövqeyimə uyğun kostyum vacibdir.

Həmin günlər yol xəritələrinin üstündə də bir xeyli baş sındırdım və missis Ceyn Simonenin “İngiltərə möcüzələri” kitabının müvafiq cildlərini oxudum. Əgər missis Simonenin kitablarını oxumamısınızsa – cəmi yeddi cilddir, hərəsi Britaniya adalarının bir rayonuna həsr olunub – onları sizə məsləhət görürəm. Otuzuncu illərdə yazılsa belə, bir çox mənada bu gün də köhnəlməyib: alman bombaları, fikrimcə, bizim əyalətləri elə də tanınmaz hala salmayıb. Yeri gəlmişkən, missis Simone müharibədən əvvəl tez-tez bu evdə qonaq olurdu və hətta xidmətçilərin xüsusi rəğbətini qazanmışdı, çünki onlara minnətdarlığını bildirməkdən çəkinmirdi. Bu xanıma heyran olduğumdan, asudə vaxtım olan kimi, kitablarını həvəslə oxuyardım. Yadımdadır, miss Kenton 1936-cı ildə Kornuolla gedəndən az sonra missis Simonenin Devon və Kornuollun gözəlliklərini oxucunun gözü qarşısında fotoşəkillərlə çanlandıran üçüncü cildinə tez-tez baxırdım və məncə, bu diyarın müxtəlif rəsmlərilə bir yerdə kitab daha güclü təsir bağışlayır. Beləliklə, miss Kentonun əri ilə birlikdə köçüb getdiyi və heç vaxt olmadığım o yerlər haqqında məndə müəyyən təsəvvür yaranmışdı. Ancaq, dediyim kimi, bütün bunlar hələ otuzuncu illərdə olmuşdu, səhv etmirəmsə, onda missis Simonenin kitabları şimalın, cənubun zadəgan evlərində maraqla oxunurdu. Çoxdandır bu cildlərə baxmırdım, intəhası, yeni vəziyyət məni Devonla Kornuoll haqqında cildi bir daha rəfdən götürməyə və bu gözəl təsvirlərə dalmağa, illüstrasiyalara baxmağa həvəsləndirdi.

 



[1] Chaise-longue – şezlonq (frans.)

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 2/2017 nömrəsində çap olunub


DİGƏR MƏQALƏLƏR