ÇAĞDAŞ UKRAYNA POEZİYASI

         Çağdaş Ukrayna poeziyası müasir dünya poeziyası kontekstində həyatın dramatizmin­dən doğan mənəvi və fəlsəfi çalarların, həmçinin dərin poetik yaşantıların zənginliyi ilə fərqlənir. Bu poeziyada diqqət çəkən başlıca məqamlardan biri zamanın axarı ilə bədii sözün, ədəbi mətnin bir-birini tamamlamasıdır.

         Təqdim edilən poetik örnəklər sivil dünyanın mənəvi və fəlsəfi dəyərlərini lakonik şəkildə və bədii ustalıqla oxucuya çatdırmaqda sanki informasiya ötürücüsü təsiri bağışlayır və bu baxımdan, cəmiyyətin real həqiqətlərinə tutulan və onları tam dolğunluğu ilə göstərən güzgü kimidir.

  

Nadejda Kirian

Tərcümə: Mahir N. Qarayev

        

         1946-cı ildə Rusiyanın İvanovo şəhərində doğulub. “Doğma” (1987), “Leyləklər” (1991), “Ukrayna əlifbası” (1996), “Axşam qadını, səhər qadını” (2006), “Atanın hədiyyəsi” (2007), “Xatirələr bayramı” (2013) adlı şeir kitablarının müəllifidir. Sovet dövründə siyasi baxışlarına görə təqiblərə məruz qalıb. Yelena Pçelka adına ədəbi mükafatın laureatıdır. “Ukraynanın memarı” medalına layiq görülüb. Kiyev vilayətinin Qoreniçi kəndində yaşayır.

 

 

 

Görüşdən gələn qadın

 

Görüşdən gələn qadın

yola oxşar –

qorxar özündən qaçmağa,

özünə çatmaqdan qorxar;

 

Görüşdən gələn qadın

gölə oxşar –

qorxar dağıtsın özünü,

özündə batmaqdan qorxar.

 

Görüşdən gələn qadın

bənzər payız ağacına –

silkələməz budaqları,

qorxar ki, tökülsün yerə

yarpaq-yarpaq öpüşlər...

 

 

 

Acı siqaret

 

Tüstü

qəsdinə durmuşdu qadının –

burula-burula,

boynuna sarıla-sarıla

qollarından süzülüb axır,

heç cür tapa bilmirdi qapını.

 

Unutmuşdu qadın

soyuqdan donduğunu,

Eşidirdi

bəyaz qar dənələrinin

barmağına necə ehmalca qonduğunu.

 

Üşüyürdü,

uzun sürən savaşın

daim məğlubiyyətlə bitdiyini

düşünürdü.

 

Tüstü isə

boğazına dolurdu,

boynuna sarılırdı,

qollarından axa-axa –

bir qapı tapmırdı çıxmağa.

 

 

Köhnə məhəbbət

 

Köhnə məhəbbət –

tökülmüş yarpaqlarını

acı-acı

xatırlamasıdır ağacın.

 

Köhnə məhəbbət – 

sökülən dan yerinin

sirli eyhamıdır

çəhrayı ləçəkli şəfəqlərə.

 

Köhnə məhəbbət –

artıq

suların gözləmədiyi

dibi yırtıq qayıqdır.

 

Köhnə məhəbbət –

hərdən-hərdən yeri göynəyən,

ən çox da, ən çox da

 

yağışlarda ağrıyan unudulmuş yaradır.

 

Şeirlər bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 2/2017 nömrəsində çap olunub


DİGƏR MƏQALƏLƏR