KİNOLAŞAN ƏSƏRLƏR

 

 

Dünya ədəbiyyatında öz sanbalıyla seçilən əsərlər əsasında zaman-zaman filmlər çəkilir, həmin əsərlərin kitab və film variantları mütəxəssislər tərəfindən müqayisə olunur, gah nəşr, gah da ekran versiyalarına üstünlük verilir. Məsələn, V.Hüqonun “Səfillər”,  M.Servantesin “Don Kixot”, L.Tolstoyun “Hərb və sülh” və s. əsərlər bu qəbildəndir. Azərbaycanda isə S.Rəhimovun “Mehman” (“Qanun naminə”), İ.Şıxlının “Dəli Kür”, F.Kərimzadənin “Qarlı aşırım” (“Axırıncı aşırım”) və bir sıra başqa yazıçıların əsərləri əsasında filmlər çəkilib.  Təbii ki, əksəriyyətimizin gəldiyi qənaətə görə, çox vaxt filmlər, əsasında lentə alındığı nəşr variantlarının kölgəsində qalır. Lakin dünya praktikasında bunun əksi olan nümunələr də var ki, bu da bizi araşdırmalar aparmağa sövq edir.

“Xəzər” dünya ədəbiyyatı dərgisi bu məqsədlə yeni rubrikasını təqdim edir. “Kinolaşan əsərlər” adlanacaq rubrikada dünya ədəbiyyatının bənzərsiz nümunələri, eləcə də yerli yazıçıların əsərləri onların əsasında çəkilən filmlərlə müqayisə ediləcək. Bu zaman həmin əsərin ədəbiyyat və kino müstəvisindəki yerini, nüfuzunu müəyyənləşdirib, rubrikamızın qonaqları ilə birgə müzakirə etməyə çalışacağıq.

İlk  müzakirəmiz Uilyam Şekspirin dünya dramaturgiyasının şah əsərlərindən sayılan “Hamlet” əsəri ətrafında olacaq. Beləliklə, rejissor, kinoşünas Ayaz Salayev və ədəbi tənqidçi Əsəd Cahangir bu mövzu ətrafında fikirlərini bölüşür.

 

 

HAMLETİN ƏBƏDİ MÜƏMMASI VƏ YA SƏNƏTİN YEDDİNCİ MÖCÜZƏSİ

 

 

– Gəlin söhbətimizdə “Hamlet” faciəsinin dünya ədəbiyyatındakı yerini dəqiqləşdirək...

 

Ayaz Salayev: – Bu gün dünyanın istənilən yerində sorğu keçirib, insanlardan dünya ədəbiyyatındakı hansı obrazın onlara daha yaxın, tanış olduğunu soruşsalar,  yəqin, əksəriyyət Hamletin adını çəkəcək. Həqiqətən də, “Hamlet” əsərindən və Hamlet obrazından müasir Avropa insanı yarandı.

Hamleti atası ilə müqayisə etsək, görərik ki, aralarında bir neçə il yox, əsrlər, sivilizasiyalar qədər zaman fərqi var. Hamletin atası orta əsrlərin cəngavərlik qanunlarının adamıdır. Özü  isə atasının aid olduğu dövrdən ən azı yüz il sonranın ziyalısıdır. O, nə etmək istədiyini dəqiq bilir. Məsələn, bilir ki, intiqam almalı və bunun naminə mübarizə aparmalıdır. Anlayır ki, bu intiqamın hədəfi taxtdan salınmış atasına sui-qəsd edərək onun arvadına, hakimiyyətinə sahib çıxmış əmisi Klavdini məhv etməkdir. Bu, ilk baxışdan mümkündür.  Lakin o, məsələnin bununla bitmədiyini də dərk edir, fərqindədir ki, artıq atası kimi cəngavər kralların vaxtı bitib, bundan sonra əmisi Klavdinin timsalında olduğu kimi mənfurlar hakimiyyətə gələcək. O, asanlıqla Klavdidən intiqam alıb onu öldürə bilər. Amma nə faydası, artıq klavdilər – mənfur krallar zəmanəsidir. Məhz belə şəraitdə Hamlet özünü dərk edir.

İkincisi, Hamletin xarakterindəki çox mühüm cəhət ondan ibarətdir ki, o, atasının ruhuna da inanmır, əsl həqiqətə varmaq istəyir. Yeri gəlmişkən, bu ənənə Hamletdən sonra formalaşan Avropa insanının əsas özəlliyidir. Hamlet həqiqətə tam əmin olmaq üçün “Siçan tələsi” adlı tamaşadan yararlanır və bununla da bu qədim əsər postmodernizmi, müasir incəsənəti qabaqlayır. Yəni burada ilk dəfə “tamaşa içində tamaşa” strukturundan istifadə edilir.

Əsəd Cahangir: – “Hamlet” dünya dramaturgiyasının şah əsəridir. Bu faciə intibah dövründə yazılıb, amma Roma allahı Yanus kimi bir üzüylə antik dövrə, o biri üzüylə yeni dövrə baxır. O, bütün zamanlar üçündür. Əsərə ölməzlik qazandıran da budur.

– Sizcə, Renessansdan yeni dövrə keçidin idraki əsasında nə dururdu və bu “Hamlet”də necə əks olunub?

Əsəd Cahangir: – Renessans və yeni dövr eyni dönəmin iki hissəsidir. Renessansda insanmərkəzçi dünyagörüşü hakim idi. Yəni dünyanı Tanrı yaratmayıb, o özü özündən və insan üçün yaranıb; insan və  onun hissləri hər şeyin ölçüsüdür; insan yaranmışların tacıdır; o, xeyiri və gözəlliyi təmsil edir.

Bu düşüncə tərzi XIV əsrdən XVI əsrin sonunacan davam etdi. XVII əsrdə anlamağa başladılar ki, insanmərkəzçilik faciədir. İnsan təkcə xeyir yox, həm də şərdir. Şərin aradan qalxması üçün isə fövqəlbəşər qüvvəyə ehtiyac var. Və beləcə Tanrıçılıqideyasına qayıdış başlandı.

Bunu ilk anlayanlardan biri Şekspir idi. Onun nikbin ruhla aşıb-daşan komediyalardan  faciələrə keçməsinin özülündə də bu özünüdərk anlayışı dayanır. Şekspirin faciələri arasında “Hamlet” xüsusi yer tutur.  Çünki “Hamlet” – Renessans düşüncənin sınmasını və yeni dövrə keçidi çox dolğun əks etdirir. Renessansın birmənalı surətdə rədd etdiyi xristian düşüncəsi bu əsərlə geri qayıdır,  amma antik dövrlə sintez olunur.

 – Bu sintez məsələsini  bir az konkretləşdirək.

 Əsəd Cahangir: – Hamletin öldürülmüş atasının qisas tələb edən kölgəsi ilahi sanksiyanı simvollaşdırır. Bütün əsər boyu kölgənin əmrini yerinə yetirən şahzadə Yerlə Göy arasında qalır. O, Renessans qəhrəmanları kimi dünyəvi idealların peşindən qoşmur, amma Göyün hökmünü də dərhal qəbul etmir. Şahzadənin Klavdini öldürmək yolundakı tərəddüdləri də burdan doğur. O, seçim etməlidir: ya Yer, ya da Göy! Bu təkcə onun yox, bütün insanlığın “nəyi seçək” sualına cavab axtarışı idi.
Xristianlıq deyirdi ki, insan öz istəklərini kənara qoyub, Göyə baş əyməlidir – bu, tezis idi.
Renessans deyirdi ki, insan Göyü bir kənara qoyub, öz istəklərinin ardınca getməlidir – bu, antitezis idi.
Şekspir deyirdi ki, öz istəyini Göyün hökmü ilə birləşdirməlisən – bu isə sintez idi.

– Dediyiniz bu ideyalar əsərin çoxsaylı kinoversiyalarında, məsələn, məşhur ingilis rejissoru və aktyoru Lourens Olivyenin 1948-ci ildə ekranlaşdırdığı filmdə necə əks olunub?

Əsəd Cahangir: – Bu filmə qədər də “Hamlet”in ekran versiyaları meydana çıxsa da, əsərin sözün ciddi anlamında ekranlaşdırılması Olivye ilə başlayır. Onun rejissorluq etdiyi və baş rolu oynadığı bu filmdə hadisələr Elsinor sarayından kənara çıxmır. Sarayın quru divarlardan ibarət interyeri qəti zaman təyinatını aradan qaldırır. Rejissor o vaxtın düşüncə dəbi olan ekzistensializmin təsiri ilə olayları obyektiv tarixi zaman da yox, subyektiv daxili zamanda göstərir. Bu şərtilik kinoya məxsus təbiiliyi aradan qaldırır, filmə darıxdırıcı bir teatrallıq gətirir.

Olivyenin kübar davranışlı, gözəl geyimli Hamleti yaraşıqlıdır. Amma obrazın təqdimindəki uğur bu zahiri effektlə bitir. Aktyor sanki hər addımda: “Mən Hamleti oynayıram!”– deyir.
Ən əsası isə onun təmkinli Hamletində emosiya yoxdur. Şahzadəyə xas üzücü tərəddüdlər ona yaddır. Antik dövrün pərəstişkarı olan Olivye Hamleti antik qəhrəmanlar kimi qətiyyətli təqdim edir. Bu, əsəri özünün əsas mənasından məhrum edir. Çünki Hamlet qətiyyət yox, tərəddüdlər faciəsidir. Olivyenin filmində hər şey – antik dövr, freydizm, ekzistensializm var, bircə Şekspir və onun “Hamlet”indən başqa. Onun Hamleti bir obraz kimi çox dekorativdir.

– Freydizm məsələsinə aydınlıq gətirsək, pis olmazdı.

Əsəd Cahangir: – O vaxt freydizm də ekzistensializm kimi dəbdə idi. Freydizmin təsirinə qapılan Olivye bir çox dialoqlarda Hamletlə Gertruda, yəni ana ilə oğul arasında latent seksuallığa işarə edir, Edip kompleksindən danışır. Freydizmi “Hamlet”ə ilk dəfə calaq edən məhz Olivyedir. Sonrakı rejissorlar, məsələn, amerikan Maykl Almereyda 2000-ci ildə postmodernist üslubda ekranlaşdırdığı, hadisələri Elsinor sarayından “Elsinor” hotelinə köçürdüyü “Hamlet”ində Ofeliya və Poloni – yəni ata ilə qız, Ofeliya və Laert – yəni bacı ilə qardaş arasında oxşar münasibətlərə işarələr edir, yəni bir addım da qabağa atıb, Elektra kompleksindən söz açır.

Ayaz Salayev: – 1960-cı illərdə sovet kinematoqrafiyasında bədii əsərlər və onların ekran versiyalarının müqayisəsi aparılırdı. Lakin bu ənənə sonradan nəsə unuduldu. Şəxsən mənim üçün dünya kinosunda bədii mətn variantını üstələyən cəmi bir film var: Akira Kurosavanın “Rasyömon” filmi. “Hamlet”ə gəlincə, deyərdim ki, bu əsərin kino taleyi uğursuzdur. Dünya kinematoqrafiyasında dəfələrlə ekranlaşdırılıb. Amma Hamlet obrazını dolğun əks etdirə bilən bircə versiyası da yoxdur. Hamlet kinoda fiziki göstəricilərinə görə də çox fərqlidir: əsərdəki obraz dolu və saqqallıdır, o, məşhur monoloqunda saqqalına and da içir. Həmçinin XX əsrin kinosu Hamlet obrazının timsalında müasir ziyalını görürdü. Ötən əsrin kinosu üçün Hamlet axına qarşı gedən, zərif insan idi. Yəni XX əsrin stereotiplərinə görə, belə bir adam dolu və saqqallı ola bilməzdi.

 

– Hamlet obrazını bu qədər sirli və çoxqatlı edən nədir? Nədən o, rejissorlar üçün belə şaxələnə bilir və hərə ondan öz istədiyi şəkildə yararlanır?

Ayaz Salayev: – Adını xatırlamadığım məşhurlardan biri deyib ki, dram əsəri hər şeyin bitdiyi andan sonra başlayır. Həqiqətən də, belədir. Hamletin atasını əmisi öldürür və kralın dul arvadı ilə evlənir, onun taxtına yiyələnir. Bu artıq hər şeyin sonudur. Yəni artıq hər şey bitib – hadisə baş verib. Bundan sonra əsər başlayır, Hamlet oxuduğu universitetdən gəlir və əsərdəki hadisələr də bu mərhələdən sonra yaşanır. Bütün əsər boyu Hamleti izləyən bir özəlliyə diqqət edək: o, əbədi tələbədir. Özü də dərk edir ki, heç vaxt kral olmayacaq. Çünki Hamletdə insan mədəniyyətinin ən başlıca xüsusiyyətlərindən biri var. Bu xüsusiyyət idealın gerçəkləşməməsidir. Şekspirin digər əsəri “Romeo və Cülyetta”da da elədir. İdeal sevgiyə can atan cütlük buna nail ola bilmir. “İtirilmiş cənnət” ideyası burada da öz sözünü deyir. Hamletdə də bu, özünü qabarıq göstərir. O, kral ola bilmir, ideal gerçəkliyə çatmır.

Hamlet haqqında çox maraqlı fikri məşhur rus rejissoru Andrey Tarkovski deyib. Bir dəfə onunla birlikdə iştirak etdiyim bir görüşdə maraqlı fikir səsləndirdi: “Hamlet intiqam, qisas yoluna düşəndə artıq ziyalı kimi bitir və tərəqqinin gübrəsi olan peyinə çevrilir”.

– Bu xüsusiyyətlər “Hamlet”in kino taleyinə necə təsir göstərib?

Ayaz Salayev: – Hamletin çox mühüm cəhətini qeyd etmək istərdim. Bu detal pyesi dahiyanə əsərə çevirir. Söhbət nədən gedir? Hamlet bir qəhrəman kimi istənilən oxucudan üstündür. Bəzən oxuduğunuz əsərlərdə oradakı qəhrəmanın sizdən üstün olduğunu görürsünüz. Hamlet özünü dəli kimi göstərəndə belə oxucu düşünür ki, o, məndən ağıllıdır. Elə siz də, mən də hər zaman düşünəcəyik ki, onun bildiyi nələrisə dərk etmirik. Heç bir rejissor və aktyor özündən üstün olan qəhrəmanı – Hamleti layiqincə yarada bilməz. Buna görə də Hamletin kino taleyi alınmır.

– Rus sovet rejissoru Qriqori Kozintsevin 1964-cü ildə çəkdiyi, baş rolda İnnokenti Smoktunovskinin oynadığı “Hamlet” öz dövrünün şah ekran əsəri sayılırdı. Sizcə, bu film Hamlet ideyalarını necə əks etdirə bilib?

Əsəd Cahangir: – Olivyenin əksinə, Kozintsev Elsinoru mebel və xalçalarla bəzəyir. Amma bu, X əsr Danimarkası yox, Yelizaveta dövrü ingilis sarayının dizaynıdır. Rejissor olayları Şekspirin zamanına köçürür.

Sovet rejissoru təbiət görüntülərinə geniş yer verir. Saray yaxınlığındakı dənizin aramsız uğultusu film boyu qəhrəmanın düşüncələrini müşayiət edir, tez-tez Göylər göstərilir, kilsə zənglərinin səsi gəlir. Burda su stixiyası Yeri, hava stixiyası və zəng səsi Göyü, Hamlet bu ikisi arasında qalan insanı rəmzləşdirir. Bu yanaşma Şekspir faciəsinin ən ümumi ruhuna uyğundur. Film rəmzi detallarla zəngindir. Sarayda Klavdinin gah büstünü, gah  ata süvar olduğunu, gah da adi portretini görürük. Diktatorun büstü antik dövrü, at belindəki portreti Napoleon epoxasını, adi portreti isə sovet dövrünü xatırladır. Film Stalinə pərəstiş kultunun yenicə dağıldığı dövrdə çəkilmişdi və rejissor kinematoqrafik dillə öz dövrünə işarə edirdi. Saray körpüsünün altındakı dairəvi quyu vasitəsilə rejissor Elsinorun ölüm dairəsi olduğunu demək istəyir. Hamletin başı üstündə, səmada dolaşan quş şahzadənin azad ruhunu rəmzləşdirir. Ofeliyanın bəsit bir musiqinin müşayiəti ilə robot kimi hərəkətlər etməsi, onun atası və qardaşının əlində oyuncağa çevrilməsinə işarədır. Klavdinin öz qardaşını öldürməsini güzgüyə baxa-baxa etiraf etməsi qatilin öz vicdanıyla üz-üzə qalmasını simvollaşdırır.
Lakin Kozintsevin filminin qəhrəmanları sanki insan yox, ruhdur. Filmə çəkiləndə 40 yaşını keçən Smoktunovski Hamlet üçün çox yaşlıdır. İkincisi, dərhal hiss edirsən ki, istər Smoktunovski, istərsə də Ofeliya rolunun ifaçısı Anastasiya Vertinskaya danimarkalı yox, Stanislavskinin “yaşam” məktəbini keçən rus aktyorlarıdır. Paradoksal haldır ki, filmdəki Hamlet və Ofeliyanın münasibətlərində elə bir “yaşam” hiss olunmur. Solğun çöhrəli aşiq-məşuqun münasibətləri bir qədər sünidir. Rejissor obrazları bir neçə əsrlik hamletşünaslıqdan gələn ideyalarla o qədər yükləyir ki, aktyorlar özlərini necə aparacaqlarını bilmir. Nəticədə film teatrallıqdan tam xilas olmur. Şostakoviçin həddən artıq qabarıq eşidilən musiqisi isə göstərir ki, film özünün musiqi həllini lazımınca tapmayıb.

Ayaz Salayev: – Ümumiyyətlə, “Hamlet” əsasında çəkilən filmlər arasında mən yüksək səviyyəli ekran əsəri görməmişəm. Bütün hallarda kino Hamlet obrazını istismar edib. Hamlet o qədər böyük obrazdır ki, ondan hərə özünəuyğun şəkildə yararlanmaq istəyib. Kozintsevin filmini buna misal çəkmək olar. Baxmayaraq ki, bu ekran işi 1960-cı illərdə böyük səs-küyə səbəb oldu. Hətta kinoteatrlarda bilet tapılmırdı. Amma o zamanın təmtəraqlı filmi bu gün tamamilə unudulub. Kozintsevin Hamleti kino tarixində heç bir iz qoymayıb. Heç rus sovet kinosu tarixində də izi yoxdur. Kozintsev Hamletdən necə istifadə edirdi? O, təbii ki, sovet sisteminə qarşı bir film çəkməyi düşünürdü. Sistemə qarşı açıq şəkildə film çəkmək cəsarət tələb edirdi. Bu cəsarət tapılmayanda tarixə, özü də ayrı məkanın tarixinə müraciət edilir. Amma belə  edəndə də bəzən təhlükəli olur. “Hamlet”də – orta əsrlər Danimarkasında baş verən hadisələrin rejissor üçün elə bir qorxusu yox idi. İnnokenti Smoktunovskinin Hamletində də istismar halları var. Smoktunovski məqsədinə doğru hərəkət edən və ona çatan bir qəhrəmanı yaradarkən bu obrazı  istismar edir. Bu məqamda bir detalı da deyək. 70-ci illərdə Taqanka teatrında Vısotskinin yaratdığı Hamlet də maraqlı idi. 60-cı illərdə Smoktunovskinin Hamleti necə maraqlı idisə, 70-ci illərdə o məşhurluğa Vısotskinin yaratdığı obraz da nail oldu. Hamlet şüurun faciəsidir. Öz-özünün dərki etmək yolunda üzləşdiyi faciələrə qurban gedir. Smoktunosvki Hamletin bu üzü idi.

 

 – 1990-cı ildə Mel Gibsonun yaratdığı Hamlet obrazı Şekspir yaradıcılığını bütün gənclərə sevdirdi. Zefirellinin bu filmi əsərlə nə dərəcədə uyuşur?

 

Əsəd Cahangir: – Ruslar həmişə inandırmağa çalışıb ki, dünya kinosunda ən yaxşı “Hamlet” Kozintsevin işidir, ən uğurlu Hamlet Smoktunovskidir. Amma Zefirellinin “Hamlet”i ilə tanışlıqdan sonra aydın olur ki, heç də belə deyil.

Olivyenin “Hamlet”ində zaman yoxdur, Kozintsevdə Yelizaveta dövrü İngiltərəsidir, Zefirelli X əsr Danimarkasını seçir. Yəni rejissor nəinki əsrlər boyu dağ kimi qalaqlanmış şekspirşünaslıq butaforiyasını, hətta dahi dramaturqun özünü də bir kənara qoyub tarixə üz tutur. Gözlərimiz önündən sanki birdən-birə pərdə götürülür və başa düşürük ki, dəniz sahilindəki Elsinor sarayı, Klavdinin tacı, Gertrudanın hörükləri, Poloninin papağı belə olub. Hamletin atasını sərdabədə bu qaydada dəfn ediblər. Orta əsr kral sarayında eyş-işrət məclisləri bu sayaq qurulub. Hamlet ölüm-qalım monoloqunu sərdabədə söyləyib, kitabı saray kitabxanasında oxuyub, Ofeliya adi, balaca, həm də sevimli qızcığaz olub. O nə Olivyenin filmindəki kimi şəkil, nə də Kozintsevin filmindəki sayaq mələk yox, insandır – saray müşavirinin qızıdır...

Olivyenin oynadığı Freyd və Sartrın Hamletidir, Smoktunovskinin ifasında o, Şekspirə, Mel Gibsonda isə tarixi Hamletin özünə çatır. Bu Hamletlə tamaşaçı qarşısında sarışın saçlı, göygözlü, fiziki cəhətdən güclü, qaynar ehtiraslarla yaşayan şahzadə canlanır. Gibsonda şəkil də, ruh da, üstəlik, cisim də var. Rejissor ünlü Hollivud ulduzunu bu rola dəvət edəndə onun gənclərin kumiri olmasını nəzərə almış və öz ehtimalında yanılmamışdı. Gibson bu rolla 90-cı illər gənclərini klassikaya yenidən baxmaq üçün kinoteatrlara qaytardı. Onun Hamleti bu gün də aşılmaz zirvə olaraq qalır.
Təsadüfi deyil ki, bu filmdən sonra “Hamlet”in ənənəvi üslubda ekranlaşdırılması xeyli zəiflədi. Şimal şahzadəsinin filmoqrafiyasında postmodernist dövr başlayırdı. 1990-cı ildə ingilis rejissoru Tom Stoppardın postmodernist yanaşma əsasında çəkdiyi, ikincidərəcəli personajları baş qəhrəmana çevirdiyi “Rozenkrants və Gildenstern ölüdür” filminin maraqla qarşılanması, 1996-cı ildə yenə də ingilis rejissoru Kennet Brananın ənənəvi üslubda çəkdiyi “Hamlet”filminə soyuq münasibət də bunu göstərirdi.

Ayaz Salayev: – Zefirellinin 1990-cı ildə çəkdiyi filmə çoxdan baxmışam. İkinci Dünya müharibəsindən sonra Avropada yaranan yeni nəsil öz atalarının dəyərlərinə yox dedi. Yəni dedilər ki, siz Almaniyadan tutmuş Sibirə qədər ölüm düşərgələri yaratdınız. Odur ki öz dəyərlərinizi bizə sırıya bilməyəcəksiniz. Biz bunu qəbul etməyəcəyik. Bu yeni nəsil öz hərəkatını yaratdı. Bu hərəkatın hippiləri “Bitlz” qrupu oldu. Bu nəsil bütün klassik əsərləri özününküləşdirmək, onlara öz prizmasından yanaşmaq istədi. Bu nəsil hər şeyə özünə uyğun yozum verdi. Zefirellinin “Romeo və Cülyetta” əsərində də bu detal qorunmuşdu. O cümlədən rejissor bu ənənəsini Mel Gibsonun iştirak etdiyi “Hamlet”ə də gətirdi.

 – “Hamlet”dəki aşırı pafos sosial gerçəkliyin, ziddiyyətlərin, mənəvi aşınmaların çatdırılmasına nə qədər mane oldu?

Əsəd Cahangir: – Bu pafos gerçəkliyi əks etdirirdi, çünki patetik danışıq Yelizaveta dönəmi saray mühiti üçün adi etiket idi. Şekspir bəzən şeirdən nəsrə keçməklə bu patetikadan qaçırdı. Bu, dünya dramaturgiyasında yenilik idi. Dramın pozulmaz qaydaları ilə bu cür sərbəst davrandığına görə klassisizmin lideri Bualo, Şekspiri kəskin tənqid edirdi.

Yadınızdadırmı, Hamlet saraya gələn aktyorlara nə deyir? “Qışqırmayın, siz saray carçısı deyilsiniz. Sözlərinizi hərəkətlərinizə, hərəkətlərinizi sözlərinizə uyğunlaşdırın”. Bunlar realizmin tələbləri idi və Şekspirin sənət görüşlərindən xəbər verirdi.

Öz dövrünün əsərlərindən fərqli olaraq, Şekspirin qəhrəmanları hansısa ideyanın sxematik təcəssümü yox, canlı insanlardır. Dramaturq qəhrəmanların qəlbinin ən qaranlıq hücrələrinə işıq salır, onları etirafa vadar edir, səhnəni vicdan məhkəməsinə çevirirdi.

– Sizcə, nə üçün dünyanın, az qala, bütün aktyorları Hamleti oynamağa can atır? Bu rolun nə kimi cazibəsi var?

Əsəd Cahangir: – Hamlet sirlərlə dolu obrazdır. Məsələn, əsərin əvvəlində o, 20-21 yaşlarında universitet tələbəsi, Ofeliyanın ölüm səhnəsində isə 30 yaşlı kişidir. Birinci səhnə ilə Ofeliyanın ölümünə qədər isə cəmi 4 ay keçib. Bəs Hamlet bu müddətdə 10 yaş necə böyüdü? Məncə, Şekspir bununla Hamletin ikinci doğuluşuna işarə edir. Çünki insanın ikinci doğuluşu 20-30 yaş arasında baş verir. Amma bu, mənim yozumumdur və bir başqası onu tam fərqli yoza bilər. “Hamlet”ə müxtəlif rejissor və aktyor yanaşmalarının əsas səbəbi budur ki, hərə öz versiyasını gerçəkləşdirmək istəyir. Şekspir öz əsərlərinin müəllifliyindən, özünün şəxsiyyətindən tutmuş obrazlarına qədər hər şeydə suallar qoymağı, cavabı rejissor, aktyor, tamaşaçının öhdəsinə buraxmağı sevir. Bu üzdən bir neçə əsrdir ki, bütün dünyada qiyamətin özünəcən hesablanmış bir layihə – Böyük Şekspir Oyunu gedir. Bizim bu söhbətimiz də o layihənin tərkib hissəsidir.

Ayaz Salayev: – Bunun çox sadə cavabı var: “Hamlet” dünya dramaturgiyasında bir etalon, ölçüdür. Yazıçı üçün Nobel mükafatı almaq nədirsə, aktyor üçün də Hamleti yaratmaq odur.

– Bəs aktrisaların Hamlet oynamaq istəyi, sizcə, hansı müəmma ilə bağlıdır?

Əsəd Cahangir: – Şekspir dönəmində qadın rollarını kişilər oynayıb. Görünür, aktrisalar da Hamlet oynamaqla bunun bədəlini ödəmək istəyir. Hamlet sənətin elə bir zirvəsidir ki, aktyor da, aktrisa da bu rolu oynamağa qürur mənbəyi və imtahan kimi baxır. Bir də, görünür, dünya dramaturgiyasında Hamletə bərabər qadın obrazı yoxdur ki, aktrisalar onunla öz potensiallarını tam üzə çıxara bilsinlər. Yeri gəlmişkən, kinoda Hamleti ilk dəfə 1901-ci ildə fransız aktrisası Sara Bernar oynayıb. 1921-ci ildə Danimarka aktrisası Asta Nilsen, 1976-cı ildə türk kino ulduzu Fatma Girik də özünü bu rolda sınayıb. Bizdə də Hökumə Qurbanova teatrda Hamleti oynamaq istəyib, lakin  aktrisanın arzusu gerçəkləşməyib.

 – Qeyd olundu ki, Hamlet tamaşa içində tamaşa effektinə malik ilk pyesdir. “Siçan tələsi” tamaşasının əsərdə rolu nədən ibarətdir?

Əsəd Cahangir: – “Siçan tələsi” səhnəciyinin məzmununu Hamletə atasının ruhu danışır. Şekspir bununla sənətin ilahi mənşəyinə işarə edir. İkincisi, yalnız tamaşadan sonra Hamlet əmin olur ki, atasını Klavdi öldürüb. Bu, “sənət həqiqətin güzgüsüdür” fikrini təsdiq edir. Bundan sonra Klavdini öldürmək barədə Hamletin tərəddüdlərinə son qoyulur. Bu isə sənətin həyata təsir gücünü göstərir. Bütün bunlarla Şekspir teatr sənətinə həqarətlə yanaşan hakim elitaya dərs verirdi.

Ayaz Salayev: – “Siçan tələsi” çox unikal bir tapıntı idi. Bir daha təkrar edirəm ki, Şekspir bununla postmodernizmin yolunu açmış oldu. Yəni o, “tamaşa içində tamaşa” üsulunu yaratmaqla sənətdə, ədəbiyyatda cığır açdı. Dünya ədəbiyyatında və kinosunda bu gün də çox populyar olan “roman içində roman”, “film içində film” strukturu başlanğıcını oradan alır. “Hamlet”i bir də buna görə dünya dramaturgiyasının şah əsəri saymaq olar.

 

 

– Laert, Hamlet və Fortinbransın qisas məsələsinə münasibətdə fərqli cəhətlərini nədə görürsünüz?

 

Əsəd Cahangir: – Norveç şahzadəsi Fortinbransın atasını 30 il öncə təkbətək döyüşdə Hamletin atası öldürüb. Hamletin atasını öz qardaşı Klavdi zəhərləyib. Laertin atası Polonini səhvən Hamlet qətlə yetirib. Yəni bu gənclərin hər üçü öldürülmüş atanın övladıdır. Qətlə yetirilən atalar Renessans düşüncəsinin “öldürdüyü” Tanrı-Ataya işarədir. Bu rakursdan Laert bütpərəstliyi və Renessansı təmsil edir. O, Tanrının hökmü olmadan, öz iradəsi ilə öz izzəti-nəfsinin təminatı üçün qisas alır. Fortinbrans Yeni dövrü təmsil edir. O, “öldürülən” Tanrının ümumən umrunda deyil. Əbədiyyət adamı olan Hamlet, Fortinbransdan fərqli olaraq, atanın qisasını alır, amma Laertdən fərqli olaraq, bunu Göylərin  hökmü   ilə edir.
Paradoks budur ki, çərxi-fələk Hamletin yox, Fortinbransın xeyrinə fırlanır – Danimarka taxtına məhz o əyləşir. Yeni dövr nə laertlərin, nə hamletlərin, fortinbranslarındır. Görəsən, niyə? Sual var, cavab isə yoxdur. Faciə də elə bundadır. Məncə, Şekspir faciəsində qoyulan suallara son cavabın özü də bir sualdır: Olum, ya ölüm?

Ayaz Salayev: – “ Olum, ya ölüm” monoloqunun əsl mənası “axına qarşı getmək – ölməkdir” ideyasıdır. Amma axına qarşı getməmək, öz içində qalmaq da, bir növ, ölmək deməkdir. “Burada “ölüm” elə “olum”a bərabərdir. Əsas məsələ hansı ölümün daha şərəfli olduğunu anlamaqdır. Ona görə də Hamlet oluma yox, ölümə gedir. Finalda hamı ölür – canilər də, əks tərəf də. Zaman nə Hamletə, nə Klavdiyə tabedir. Tarixin yolu açıqdır və gələcək naməlumdur. Şekspir faciələrindəki zaman – indiki zamandır.

 

 – Həqiqətənmi, mükəmməl “Hamlet” dünya kinosunda hələ də bir arzu olaraq qalır?

Ayaz Salayev: – Bəli, əsl “Hamlet” bu gün də dünya kinosunda bir arzu olaraq qalır. Əsl “Hamlet”i yalnız bir adam çəkə bilərdi – Andrey Tarkovski. Fikrimcə, onun “Hamlet”i daha fərqli və mükəmməl olacaqdı. O, dünyasını çox tez dəyişdi. Bu, ona qismət olmadı. Ömrünün son günlərində gündəliyində onun maraqlı qeydi var idi: “Hamlet” və yanında da sual işarəsi.. Bu, çox şey deməkdir... Tarkovskinin sual işarəsi bu gün də qüvvəsində qalır.

 

 

Söhbəti apardı: Elmin Nuri

DİGƏR MƏQALƏLƏR