TEATR - Mixail Çexov

Tərcümə: Fərhad Abdullayev

 

         1891-ci ilin 29 avqustunda Sankt-Peterburqda anadan olub. Rusiyada və ABŞ-da aktyor, rejissor və teatr nəzəriyyəçisi kimi fəaliyyət göstərib. 

         1912-ci ildən K.S.Stanislavskinin dəvəti ilə Moskva Bədaye Teatrında çalışmağa başlayıb. Səhnədə Xlestakov (“Müfəttiş”), kral Erik (“XIV Erik”) və digər yaddaqalan obrazlar yaradıb.

         Oktyabr inqilabından sonra, 1928-ci ildə Rusiyanı tərk edərək Almaniya, Çexiya və Fransada mühacir həyatı yaşayıb. 1939-cu ildə ABŞ-a köçüb, burada teatr tamaşaları və filmlərdə çıxış etməklə yanaşı, aktyorluq məktəbi yaradıb. “Aktyor texnikası barədə”, “Aktyorun yolu”, “Xatirələr” və digər əsərlərin müəllifidir.

           1955-ci ildə ABŞ-ın Kaliforniya ştatının Beverli-Hillz şəhərində vəfat edib.

 

                            PEŞƏKAR AKTYORLUQ DƏRSLƏRİ

                                           (əvvəli ötən sayda)

 

                                               Üçüncü dərs

                                           (14 noyabr 1941-ci il)

                                 Sənətkar fərdiliyi  və “həvəskar” aktyor

      Emosiyaları və bədəni necə hərəkətə gətirək? Hər bir aktyorun özünəməxsus sənətkarlıq fərdiliyi var. Məhz bu fərdilik baxımından o, “həvəskar” səviyyədə oynayan aktyorlardan fərqlənir. Bizim auditoriyada da  “həvəskar” aktyor çoxdur. Onlar tamaşaçıda peşəkar aktyor təəssüratı yaratmaq üçün bizim səs, bədən  hərəkət və emosiyalarımızı oğurlayır, bütün bacarığımızı yamsılamağa çalışırlar. Aktyorluq sənətini seçmiş şəxs ilk gündən qəti qərar verməlidir: ya mötəbər aktyorluq məktəblərində, treninqlərdə, səmərəli diskussiyalarda peşəkarlığın  sirlərinə yiyələnməli, ya da karyerasını ortabab, heç bir işə yaramayan “həvəskar” aktyor kimi başa vurmalıdır.

        Sənətkar fərdiliyinin iki növü mövcuddur. Bunlardan biri yaradıcılıq prosesinin əleyhinə, digəri isə lehinədir. Özü də ikinci növ bilavasitə yaradıcılığın ən yüksək fazası ilə bağlıdır. İlk növbədə, fərdiliyin hansı cəhətlərinin bacarığımıza və ruhumuza daha yaxın olduğunu müəyyən etməliyik. Yalnız bundan sonra fərdiliyi inkişaf etdirib gücləndirmək, genişləndirmək, ya da onu zəiflədib “həvəskar” səviyyəsinə endirmək olar. Bədən, səs və emosiyalar hərəkətə gəldiyi andan addım-addım peşəkar aktyor texnikasının ali səviyyəsinə yaxınlaşmağa başlayırıq. Yalnız bu texnikaya yiyələndikdən sonra sənətkar fərdiliyinin inkişaf prosesinin yeni mərhələsinə start vermək olar. Bu proses necə baş verir?

                                                             Mühit

     Yaradıcılıq prosesinin müəyyən mərhələsində ilk növbədə sənətkar fərdiliyi işə düşür. Bəs fərdilik aktivləşməzdən əvvəl nə baş verir? Sənətkar fərdiliyi oynayacağımız rol üçün yaratdığımız mühitin içərisində dolaşmağa başlayır. Amma həmin anlarda bu mühitin nədən ibarət olduğunu tam dərk etmirik. Məlum olan yalnız budur ki, sənətkar fərdiliyimiz müəyyən bir mühitin əhatəsindədir və artıq qəlbi riqqətə gətirməyə, hisləri oyatmağa başlayıb. 

      Bəzən bizə rol tapşırılanda dodaq büzüb deyirik: bu rol heç ürəyimə yatmır, yaxud mənə uyğun deyil. Bu fikir haradan yaranır? Hansısa hiss bizi bu işdən çəkindirməyə, əl saxlayıb düşünməyə məcbur edir. Hislərimiz, içində olduğumuz mühit, daha doğrusu, fərdi mühit bizə deyir ki, aktyor bacarığımız və qabiliyyətimiz bu rolun məziyyətləri ilə uzlaşmır. Bizim üçün bu mühiti dərk edib-etməmək o qədər də vacib deyil, amma mühit öz qərarını verir: “Yox, dostum, bu rol sənlik deyil”. Bəzən yaradıcılıq imkanlarını düzgün qiymətləndirməyib daha dramatik, yaxud mürəkkəb komik rolları oynamağa can atırıq, düşünürük ki, uca zirvələri bir göz qırpımında fəth etməyə qadirik. Səbəb nədir? Aktyorun sənətkar fərdiliyi onun karyerası boyunca ən ali mühitin divarları arasında məskunlaşır. Deməli, çevrəmizdə elə bir mühit mövcuddur ki, bizə nəyi və necə oynamağı diktə edir.

      Amma elə insanlar var ki, onların mühiti müxtəlifdir və bu mühit bəzən illər ötdükcə, bəzən isə hətta ola bilər, günbəgün dəyişir. Buna baxmayaraq, həmin fərdlərin yaratdığı özünəməxsus ali mühit də mövcuddur. Məsələn, kimsə məzhəkəçi olmağı arzulayır, lakin belə bir fürsət heç vaxt əlinə düşməyib və deməli, bu adamın məzhəkəçilik mühiti ömrü boyu qısılıb qaranlıq küncdə qalıb.

     Söylədiklərim şəxsən mənə də aiddir. Həyatımda elə bir imkan yaranmayıb ki, məzhəkəçilik bacarığımı göstərim. Məzhəkəçi olmaq istəyirdim, ancaq əvəzində Hamlet və ona bənzər dramatik rolları oynamaq məcburiyyətində qaldım, başqa sözlərlə desək, mühitimdə məzhəkəçiliyə yer olmadı.    

       Biz bu mühitlərdən kənarlaşa bilmərik, onunla daim hesablaşmaq məcburiyyətindəyik. Fərdiliyin əhatəsində olan mühiti yox etmək də mümkün deyil. Mühiti duymağı öyrənməliyik və yalnız bu mühit canımıza, qanımıza sirayət edəndə, bizi əhatəsinə alanda böyük yaradıcılıq uğurları qazana bilərik. Bir sözlə, əgər məzhəkəçilik mühitinə düşüb məhz məzhəkəçi olduğumu anlasam, nəsə heyrətamiz bir şey yaradıb insanlara sevinc və xoşbəxtlik bəxş edəcəyəm. 

                                         Mətn oxunuşu texnikası

        Əgər “Romeo və Cülyetta” səhnəyə qoyulursa, pyesi dəfələrlə oxuyub düşüncə və ruhumuzda bu dahiyanə əsərdən doğan mühiti yaradırıq. Sonra növbəti mərhələ başlayır. Pyes yenidən oxunanda mətndəki ən xırda detalları belə təsəvvürdə canlandırmağa çalışırıq. Şübhəsiz, bu hələ əsərin qayəsini, məğzini tam anlamaqdan çox uzaqdır. Amma mətni kor-koranə oxuyub sözləri ucdantutma əzbərləməkdən qat-qat yaxşıdır. Pyesdə cərəyan edən hadisələri, xarakterləri və digər incəlikləri təsəvvürdə canlandırarkən ilk baxışdan onlar bizə çox bəsit görünə bilər, lakin peşəkar aktyor üçün bunun heç bir əhəmiyyəti yoxdur. Ən əsası, bütün səhnələri, obrazları təsəvvürdə canlandırmağa vərdiş etməliyik. Məsələn, təsəvvürdə eyvan səhnəsini canlandıranda indiyədək gördüyümüz bütün eyvanları xatırlamalıyıq. Xəyalımızda canlanan bu mənzərələr qəlbimizi riqqətə gətirəcək və özümüzü bu eyvanlardan birində təsəvvür edib, rol barədə düşünməyə başlayacağıq. 

      Üçüncü mərhələ isə bundan ibarətdir: bütün pyesi, hər cümləni, hər sözü təsəvvürdə canlandırmaq. Necə deyilməlidir? Hansı tərzdə çatdırılmalıdır? İntonasiya necə olmalıdır? Bunlar ümumi mühit yaradan başlıca amillərdir. İstər bəsit, istərsə də mürəkkəb obrazların təsəvvürdə canlandırılması “Romeo və Cülyetta”nın ümumi mühiti ilə tam həmahənglik yaradacaq. 

       İndi isə mühit prosesi haqqında danışaq. Bu mühit bizi gündəlik məşqlərdə müşayiət etməlidir, özümüzü, hiss və obraza yanaşmağın yollarını ona uyğunlaşdırmalıyıq. “Romeo və Cülyetta”nın doğurduğu ümumi mühiti, rolun ətrafında dolaşan mühiti və hisləri inkişaf etdirib tamaşaçıya dolğun çatdırmalıyıq. Deməli, mətni təsəvvürdə canlandırmaq rolun məziyyətlərini, xarakterini daha yaxşı açmaq üçün bir açardır.  

                                           Aktyor həm də rejissordur

     Aktyor həm də daxilən rejissor olmalıdır. Rejissor fiziologiyası hər bir aktyor tərəfindən diqqətlə öyrənilməlidir. Bu isə o deməkdir ki, tamaşada rol almış aktyor personajın ətrafında cərəyan edən hadisələri hərtərəfli görməyi, sənətkarlıq baxımından saf-çürük etməyi bacarmalıdır. Aktyor, bəlkə də, peşəkar rejissor kimi, tamaşanı başdan-başa təsəvvüründə canlandırmalıdır, yaxud özünə sual verməlidir: əgər rejissor olsaydım, bu əsərə və ya səhnəyə necə quruluş verərdim? Məsələn, Brodveydə çalışan rejissor əsəri bizim düşündüyümüz kimi deyil, tam fərqli qaydada səhnələşdirə bilər. Amma bu ziddiyyəti də məqbul saymaq olar, yəni hər bir rejissorun əsərə özünəməxsus yanaşma tərzi maraq doğurur. 

      Aktyor öz rolundan başqa pyesdə baş verənləri, digər personajların da fəaliyyətini təsəvvürdə qismən canlandırmalıdır. “Romeo və Cülyetta”nın mühiti bizə yalnız öz rolumuzla kifayətlənməyə, bu rola qapılıb qalmağa imkan vermir. Rolu yaradıcı və tələbkar mühitin tələblərinə uyğunlaşdırıb ifa etməli, tamaşanın ümumi ruhu ilə harmoniya yaratmağa çalışmalıyıq. Ona görə də əsər oxunanda və müzakirə olunanda mühit barədə düşünmək üçün təsəvvürü tam gücü ilə işə salmalıyıq.      

                                                    Sənətkar fərdiliyi

       Bu, sistem halında baş verən bir şeydir. Əvvəla, sənətkar fərdiliyi mühitlə əhatə olunur, sonra bu mühitə getdikcə daha çox obraz və hadisələr qatılır. Birinci qatılan hələ tam inkişaf etməmiş emosiyalar və bədənimizdir. Sonra, ümumi texnikanı inkişaf etdirəndə nəsə bir hiss yaranır – sanki tamaşanı əvvəldən-axıradək görmüşük və nəticədə, belə bir daxili hiss baş qaldırıb. Tamaşa təsəvvürdə canlandıqca rol üçün nəinki yaxşı oyun texnikasına, deyərdim ki, məxsusi oyun texnikasına ehtiyac yaranacaq. Don Kixot üçün lazım olan oyun texnikası Faust üçün uyğun gələn texnikadan fərqlənir. Kral Lir üçün məqbul sayılan texnika ilə Kordeliyanın texnikası başqadır. Bu, bizim sənətkar fərdiliyi üçün çox xoşdur və onu qəlbin, ruhun rəssamı adlandıra bilərik. 

       Hər dəfə rol üzərində işləyərkən, ona uyğun məxsusi oyun texnikasını tapmaq lazımdır. Aktyor məşq zamanı Kral Lirin səhnə hərəkətinin məziyyətlərini, xüsusiyyətlərini düşünüb oynamağa borcludur, çünki dünyada heç kim Kral Lir kimi yerimir, əlini havada oynatmır və s. Yaxud aktrisa məşq zamanı Ofeliyanın davranışını, hərəkət və danışıq tərzini müəyyən etməlidir. Bu, məxsusi texnikadır, yalnız Kral Lirə məxsus olan zahiri və daxili görünüş, bədən hərəkətləri, xüsusi səs! Aktyor məşq zamanı bu keyfiyyətləri cilalamalı və oyunu ilə uyğunlaşdırmalıdır.  

                                                        Aktyorun səsi

         Ən dəhşətli səhv ondan ibarətdir ki, oynadığımız hər rol üçün fərdi, adi və gündəlik səsimizdən istifadə edirik. Təxəyyülün kasadlığı, rolun xarakterinə kifayət qədər maraq göstərməmək, bəlkə də, vaxt azlığı – bütün bunlar əsl teatr haqqında təəssüratlara ciddi xələl gətirir. Səhnədə eyni tonda, özü də yalnız danışmaq naminə o qədər danışırıq ki, hətta səs duyumunu da itiririk, işin çoxluğunu, müxtəlif qayğıları bəhanə gətiririk. Məsələ o həddə çatıb ki, nə öz səsimizi, nə də tərəf –müqabilin səsini eşidirik. Ümumiyyətlə, “kar” olmuşuq, çox şeyi anlayırıq, amma hislərin səsini duymuruq. Səhnədə qəfildən kiminsə səsi dəyişirsə, başa düşürük ki, bu, qeyri-adi səsdir. Hər rola uyğun səs tonu ilə danışmaq bir aktyor kimi borcumuzdur. Əgər Kordeliya, Ofeliya, yaxud Mariyanı öz fərdi, adi səsimizlə oynayırıqsa, teatr nöqteyi-nəzərindən bu heç də düzgün deyil.

       Bədiilik baxımından, personaja kənardan baxıb səsini eşitməyi bacarmalıyıq: o, necə hərəkət edir, ətrafındakı insanlarla necə davranır, onlarla hansı tonda ünsiyyət qurur, başqaları onunla hansı tərzdə danışır? Kənardan baxanda hər şey aydın görünür: aktyorlardan hansı düzgün danışıq tərzi və səs tonu seçməyib, kimin səhnə davranışı qüsurludur, yaxud hansı aktyor emosiyalarını yetərincə çatdıra bilmir.

          Amma xəyalımızda Cülyettanın incə səsini canlandıra bilsək, bu gözəl varlığın necə və hansı tonda danışdığını eşidəcək, nəticədə onu olduğu kimi çatdıra biləcəyik. Buna görə də ilk növbədə öz səsimizə müraciət etməli, necə deyərlər, öz səsimizdən soruşmalıyıq: “Sən Cülyetta kimi danışa bilərsənmi?” Bu həm də aktyorun səs texnikası ilə bağlıdır. Çünki aktyor xüsusi səs texnikasına, xüsusi səsə və xüsusi səs emosiyalarına malik olmalıdır. Bu halda aktyor fərdiliyi daha da fəallaşır. Mühit bütün obrazları qoynuna alır, onları bəsləyib ərsəyə gətirir, aktyor texnikası isə tamamilə fərdiləşir.     

                                                        İlham pərisi

         Müəyyən rol üçün xüsusi oyun texnikasını işləyib-hazırladıqdan və obrazın xarakterini canlandırmaq üçün hər şeyi üst-üstə cəmlədikdən sonra növbəti mərhələni gözləmək qalır: bu mərhələ özü gələcək və biz onu “ilham”, yaxud “ilham pərisi”, “ruh”, “təb” adlandırırıq. Hər şey – metod, texnika, rol, müəllif, tamaşaçı və unudulanda ilham pərisi peyda olur və elə həmin an möcüzə baş verir. Başqa sözlərlə desək, pyes, rol varlıqdan kənarda mövcud olanda ilham pərisi qapını döyür. Bu xoş hiss hamıya tanışdır və onu başqa duyğularla səhv salmaq mümkün deyil. Bu hiss elə qüdrətli və güclüdür ki, xəyalları, ruhu qoynuna alıb göyün yeddinci qatına ucaldır.

                                                        İlhamlı oyun

        İlham anında düzgün mühitdən doğulub nəfəs almağa başlayan və təxəyyül sayəsində ərsəyə gələn personaj getdikcə yaradıcılıq fərdiliyi ilə ahəng təşkil etməyə başlayır. Bu ahəngi duymaq bizə əvəzolunmaz zövq verir. Psixoloji və fiziki vəziyyət qovuşaraq vahid varlığa çevrilir. Biz məhz ilham pərisinin gəldiyi anı duymaq, ondan bəhrələnib qol-qanad açmaq, pərvazlanmaq, yaratmaq üçün səhnəyə qədəm basırıq. Bu sənəti ona görə seçmişik ki, bədii fərdiliyimiz ilham pərisini sevə-sevə, səbirsizliklə gözləyir. Bu, aktyor karyerasının başlanğıcıdır, sənətin əzəli, mübtədası və mənasıdır. Digər cəhətlər, məsələn, gərgin zəhmət, aktyor texnikası, uğurlu cəhdlər, sonsuz səylər, hamısı bir-biri ilə uzlaşaraq harmoniya yaradır. 

                                                    İmprovizə

         Məncə, məntiqi olaraq, kiçik sketçə başlamaq barədə təklifimlə razılaşarsınız – əvvəlcə mühit, ardınca dəqiqləşdirmə və texnika, sonra isə ilham pərisi gələcək. Beləliklə, sketçə mühitlə başlayaq. Sizə təxəyyül üçün material verəcəyəm və onu araşdırdıqca yaradıcılıq prosesi məntiqinin nə olduğunu öyrənəcəksiniz. Tamaşanın mühitinə daxil etmək istədiyim mövzunu nəzərdə tuturam. Hal-hazırda bu mövzu yalnız mənə məlumdur, lakin siz də addım-addım bu mühitə daxil olacaqsınız.

                                                       Sketç üçün mühit

          Birinci mühit belə olacaq: dan yeri sökülür, yarıqaranlıq, natəmiz, üfunətli, şərab və tütün qoxusuna bürünmüş yeməkxana. Müştərilərin böyük əksəriyyəti dənizçilərdir;  hamı sərxoşdur – gecədən səhərədək yeyib-içiblər, əyləniblər. İndi məclis əhli yorğun və üzgün görünür. Fahişələr, dənizçilər hərəsi bir tərəfə sərələnib. Kef məclisi sübhədək davam etdiyi üçün kimsə gözünü yummayıb. Buradakı mühit dəli yığıncağını xatırladır. Sərxoş müştərilərdən kimsə mahnı oxumağa cəhd göstərir, ancaq dili söz tutmur. Yeyib-içmək hamını təngə gətirib, bəziləri mürgü döyür. Bununla belə, yeməkxananın künc-bucağında hələ də şərab badəsini yuxulu-yuxulu başına çəkənlər var. Sərxoşların bir-birinə nə dediyini anlamaq mümkün deyil. Bu mühitdir.

         Buradakı mənzərəni təsəvvürdə canlandırmağa çalışın, ancaq onu hiss etməyə cəhd göstərməyin. Siz bu hissi yalnız mühit peyda olandan sonra duyacaqsınız, başqa sözlə desək, mühiti təsəvvürdə canlandıranda hislərin yaranması üçün özünüzə icazə verəcəksiniz. İndi isə bu mühitin içərisinə daxil olub aramla, tələsmədən bir qədər də gəzişin. Gördüklərinizi  təhlil etməyə cəhd göstərməyin, bu fikirdən vaz keçin. Qarşınıza heç bir məqsəd qoymayın, sadəcə, bu mühitlə harmoniyaya girib gəzişin, irəliləyin. İmkan verməyin ki, sağlam şüur yolunuzu kəssin. (Yəni sağlam şüur deyə bilər ki, sənin bu yeməkxanada nə işin var? Bura sənin yerin deyil, çıx get, uzaqlaş buradan).

          İrəlilədikcə “yaxşı” sözünü təkrar edin, mühitdə bu söz də olmalıdır. Sonra qalxın, elə təsəvvür edin ki, iş saatı bitib və siz evə getməyə hazırlaşırsınız. Gözlənilmədən yıxılın, bunu mühitə uyğun edin – guya siz də sərxoşsunuz və ayaq üstə dayana bilmirsiniz. Təsəvvürdə canlandırdığınız mühitdə kimsə anlaşılmaz sözləri bir-birinə calayaraq zümzümə etməyə çalışır, digər sərxoş dənizçilər də ona qoşulub mahnı oxumağa cəhd göstərir, amma heç nə alınmır və onlar bu işdən vaz keçir. Dənizçilərdən hərəsi qızlardan birini dartıb yanında əyləşdirir. Bir dənizçi əlini qızın qoynuna salıb soruşur: “Burda müştərilərə neçə ildir xidmət göstərirsən?” Qız cavab verir: “Səkkiz ildir”. Dənizçi və fahişə! Hər ikisi bir-birinə qarşı çox etinasız görünür. 

        İndi mühiti pozaq. Daha çox diqqət çəkən anları nəzərdən keçirək – mahnı oxumaq, qol-boyun oturmaq və öpüşmək. Bu anlarda mühit üfunət saçan, çirkli, fahişəxananı xatırladan yeməkxanaya tam uyğundur. Gecədir və yarıqaranlıq yeməkxana şeytan yuvasını xatırladır. Əyyaşlıq və pozğunluq mühiti fəallaşmağa başlayır. Havada saxta sevgi və iyrənc ehtiraslar dalğası dolaşır. Sərxoş kapitan qızlarla əylənən dənizçilərə bildirir ki, heyət səhər saat altıda gəmidə olmalıdır, ona görə də kef məclisini tezliklə bitirmək lazımdır... 

         Bu sketç üçün iki mühit mövcuddur, siz bunu evdə də məşq edə bilərsiniz. Bu mühit barədə ətraflı düşünün, təsəvvürdə canlandırın və özünüzü də həmin mühitə daxil edin. Sonra sketçdə irəliləyib yeməkxanadakı xəyali personajlarla söhbət qurmağa çalışın.  

 

Mətn bütöv halda "Xəzər" dünya ədəbiyyatı dərgisinin 2/2017 nömrəsində çap olunub

DİGƏR MƏQALƏLƏR