ƏDƏBİ MOZAİKA

Pulitzer mükafatının qalibləri məlum olub

Nyu-Yorkda yerləşən Kolumbiya Universitetində Pulitzer mükafatının 101-ci təqdimat  mərasimi keçirilib.  Ən yaxşı bədii kitab nominasiyası üzrə mükafat Kolson Uaythedin “Yeraltı dəmir yolu” əsərinə verilib.

K.UaythedinYeraltı dəmir yoluromanı “New York Timesqəzetinin bestseller siyahısında yer alır.

Ən yaxşı şeir nominasiyasının qalibi isə Tayhimbi CessinOliokitabı olub. Müəllif  öz yaradıcılığında Amerika cazı, klassik poeziya, Vətəndaş və Birinci Dünya müharibələrində iştirak edən afroamerikan əsgərlərin mahnılarının vəhdətini yaradır.

Ən yaxşı dram əsərinə görə mükafata isə Linn Nottecin “Tər” pyesi layiq görülüb.

Sənədli-elmi ədəbiyyat nominasiyasında sosioloq Mettyu Desmondun “Məcburi köçkünlər: Amerika şəhərlərində yoxsulluq və gəlir” əsəri qalib elan edilib. 

Ən yaxşı bioqrafiya kitabı nominasiyasında mükafatı Liviya yazıçısı Hişam Matarın “Qayıdış” əsəri qazanıb. 

Qeyd edək ki, Pulitzer 1917-ci ildən verilir. Müxtəlif illərdə Ernest Heminquey, Marqaret Mitçell, Harper Li, Toni Morrison, Con Apdayk, Tennesi Uilyams kimi Amerika klassikləri bu nüfuzlu mükafata layiq görülüb. 

 

Beynəlxalq “Buker” mükafatının qısa siyahısı elan edilib 

Londonda 2017-ci il üçün Beynəlxalq “Buker” mükafatının  qısa siyahısı elan edilib. Bu haqda mükafatın internet saytı məlumat yayıb.

Siyahıya Fransa, Norveç, Danimarka və Argentinadan altı,  İsraildən iki yazıçı düşüb. Mükafatın qalibi Matias Enar, Roy Yakobsen, Dorti Nors, Samanta Şveblin, David Qrossman və Amas Oz kimi yazıçıların arasından seçilməlidir.

Beynəlxalq “Buker” mükafatının qalibi müəyyən edildikdən sonra qısa siyahıya düşən yazıçıların hər birinə 1000 Britaniya funt-sterlinqi ödəniləcək. Bu məbləğdə mükafat onların tərcüməçilərinə də veriləcək. Çünki münsiflər kitabların orijinalını deyil, ingilis dilindəki mətnini dəyərləndirirlər. 

Qalib üçün pul mükafatı 50 min funt-sterlinqdir (təxminən 64 min ABŞ  dolları). Bu məbləğ müəllif və tərcüməçi arasında bölünür.

Qeyd edək ki, “Buker” mükafatı 1968-ci ildə təsis edilib. Əcnəbi yazıçılar üçün nəzərdə tutulan mükafat isə 2005-ci ildən verilir. Əsəri ingilis dilinə tərcümə olunan, kitabı geniş yayılmış istənilən yazıçı bu mükafata iddia edə bilər. 


Maksim Amelin Rusiyada ilin “Şair”i  adını qazanıb

Rusiyada 2017-ci ilin “Şair” mükafatının laureatı Maksim Amelin olub.  Qalibin adı Moskvada Aleksey Tolstoyun ev-muzeyində elan edilib.

47 yaşlı Maksim Amelin çağdaş rus şeirində tanınmış imzalardandır. O həmçinin Aleksandr Soljenitsın və  İvan Bunin mükafatları laureatıdır.

 “Soyuq nəğmələr”, “Qorqon atı” əsərləri müəllifə şöhrət qazandırıb. Şair Maksim Amelin eyni zamanda qədim yunan ədəbiyyatının tərcüməçisi kimi də tanınır.

“Şair” mükafatının məbləği 1,5 milyon rubldur.  Mükafatın laureatına diplom və döş nişanı təqdim edilir.

Bu mükafat 2005-ci ildə Rus Poeziyasının Təbliği ictimai birliyi və “Rusiya YES” kampaniyası tərəfindən təsis edilib. Mükafat hazırda sağ olan və yaşadığı məkandan asılı olmayaraq, rus dilində yazan şairlərə verilir. Qalibi Himayədarlar Şurası Təşkilatının üzvlərindən ibarət münsiflər heyəti müəyyənləşdirir.

Müxtəlif illərdə bu nüfuzlu mükafata tanınmış şairlər Yevgeni Yevtuşenko,  Aleksandr Kuşner, Yuli Kim, Viktor Sosnora, Olesiya Nikolayeva  layiq görülüb. Ötən il isə həmin mükafatı şair Naum Korjavin qazanıb. 

 

 “Avropa Birliyi Ədəbiyyat mükafatı”nın qaliblərinin adları açıqlandı

Avropa Birliyi tərəfindən maliyyələşdirilən "Avropa Birliyi Ədəbiyyat Mükafatı”-nın builki qaliblərinin adları açıqlanıb. Mükafatın rəsmi saytında yer alan məlumata görə, "Yaradıcı Avropa” adlı layihə çərçivəsində verilən mükafat uğrunda mübarizəyə birliyin üzvü olan bütün ölkələrin yazarları qoşula bilər.   2014 – 2020-ci illər üçün maliyyələşdirilmiş layihənin məqsədi Avropada qeyri-adi istedadı olan yazarları həvəsləndirmək, tanıtmaq və onlara dəstək olmaqdır. Təsisatda  iki əsas məqsəd qitənin mədəni irsinə diqqət çəkmək və dilləri zənginləşdirməkdir.

Bu il mükafata təqdim olunan çoxsaylı yazarlar arasından 12 nəfər fərqlənib. Qaliblərin adlarının açıqlandığı konfransda çıxış edən Avropa Naşirləri Federasiyasının prezidenti Henrik Mota mükafat barədə məlumat verərkən deyib: "Bu mükafatın yaranması üçün çox iş gördük. Avropa Birliyinə belə bir mükafat lazım idi. Fəxr edirəm ki, mükafat hər il ən layiqli müəlliflərə təqdim edilir. Qitənin 12 mükəmməl yazarı nəinki ölkələri, ədəbi meyilləri, eyni zamanda xalqları, mədəniyyətləri də yaxınlaşdıracaq. Ümid edirəm ki, bu mükafat onları daha geniş oxucu auditoriyası ilə qovuşduracaq”.

Mükafata layiq görülmüş hər bir yazar 5000 avro qazanıb. 2017-ci ilin qaliblərinin adlarını təqdim edirik: 

     Rudi Erebara – Albaniya

    İna Vultçanova – Bolqarıstan

    Byanka Bellova – Çexiya

    Kalia Papadaki – Yunanıstan

    Haldora Torodsen – İslandiya

    Osvalds Zebris – Latviya

    Valid Nabhan – Malta

    Aleksandr Bekanoviç – Monteneqro

    Camal Ouriaçi – Niderland

    Darko Tusevljakoviç – Serbiya

    Sine Ergün – Türkiyə

    Sunjev Sahota – Birləşmiş Krallıq

Qeyd edək ki, mükafat 2014 – 2020-ci illər üçün Avropa və  Beynəlxalq Kitabçılar Federasiyası, Yazarlar Birliyi,  Naşirlər  Federasiyasının təşəbbüsü ilə yaradılıb. 

 

Yevtuşenkonun xanımı şairin sonuncu arzusuna dəstək olmağa çağırıb

Yevgeni Yevtuşenkonun həyat yoldaşı Mariya Novikova şairin pərəstişkarlarını onun son vəsiyyətinə əməl etməyə və sağlığında həyata keçirmək istədiyi layihəni gerçəkləşdirməyə ­ çağırıb. Söhbət şairin iyulun 18-də keçiriləcək 85 illik yubileyi öncəsi planlaşdırılmış silsilə tədbirlərdən, Moskvanın konsert zallarında şeir gecələrinin baş tutmasından gedir. 

“Oxuculardan, Yevtuşenkosevərlərdən dəstək olmağı xahiş edirəm, əks təqdirdə bu layihənin reallaşması sual altında qalacaq”, – deyə Mariya Novikova öz  müraciətində bildirib.

Onun sözlərinə görə, ədib öz vəsiyyətində həmçinin bildirib ki, Peredelkinodakı məzarlıqda Boris Pasternakın yanında dəfn olunsun. Onun bu arzusu aprelin 11-də yerinə yetirilib.

Xatırladaq ki, məşhur rus şairi Yevgeni Yevtuşenko bu il aprelin 1-də 1991-ci ildən bəri yaşadığı ABŞ-da dünyasını dəyişib.

 

İnternetdə dünyanın ədəbiyyat xəritəsi yaradılıb

“Reddit Backforward 24” saytının istifadəçilərinin təşəbbüsünə əsasən indi biz əfsanəvi kitabların harada yazıldığını asanlıqla təyin edə bilirik. Əlbəttə, seçilən kitablar yazıldıqları ölkədə mübahisə predmetinə çevrilməklə həm də internet şəbəkəsinin istifadəçiləri arasında rezonans yarada bilər. Məsələn, Ukrayna bu xəritədə Andrey Surkovun “Buz üzərində piknik” əsəriylə qeyd olunub. Rusiyanı isə “Hərb və sülh” əsəri təmsil edir. Amma, əslində, bu vaxta kimi dünya oxucularının əksəriyyətində rus ədəbiyyatı Lev Tolstoyla deyil,  Fyodor Dostoyevski ilə assosiasiya olunurdu.

Bu xəritədə İngiltərənin də yeri müəyyən qədər maraq doğurur. Burada hamının gözlədiyi kimi, dünya oxucularının sevimlisi olan Uilyam Şekspirin və

ya Çarlz Dikkensin əsərləri deyil, Ceyn Ostinin ilk dəfə 1813-cü ildə işıq üzü görmüş  “Qürur və qərəz” əsəri qeyd edilmişdir. Ümumiyyətlə, dünyanın elektron variantda oxuculara təqdim olunan ədəbiyyat xəritəsi təqdirəlayiq bir tapıntıdır. Təbii ki, oxucular daha çox Qərbi Avropa ədəbiyyatıyla tanışdırlar. Bu xəritə vasitəsi ilə dünya oxucuları indi Debora Ellisin “Mən taksiyəm” və ya Soni Leybou Tensinin “Antilop” əsəri haqda da xəbər tutacaq.

 

“İncil”dən sonra dünyada ən çox tərcümə edilən kitabın  “Balaca şahzadə” olduğu müəyyənləşib

Antuan de Sent-Ekzüperinin fransız dilində yazılmış “Balaca şahzadə” əsəri dünyada “İncildən” sonra ən çox tərcümə olunan kitabdır. Bu yaxınlarda  əsəri Saxaranın qərbində yaşayan, hassaniyyə dil qrupuna aid olan Mavritaniya ərəblərinin dilinə də çeviriblər. Beləliklə, əsərin rəsmən dünyanın üç yüz dilinə tərcümə edildiyi təsdiq olunub.

Dünya ədəbiyyat tarixində mühüm yer tutan “Balaca şahzadə” povesti ilk dəfə 1943-cü ildə Nyu-Yorkda çap olunub. Bu vaxta kimi əsər 200 milyon nüsxədən artıq satılıb.

 

Hazırladı: Z. Sarıtorpaq

DİGƏR MƏQALƏLƏR