AZƏRBAYCAN ƏDƏBİYYATI - Elçin

BAŞ 

(Roman)

 

                                                                              Həyatım ağrıyır.

                                                                                            Ənvər Məmmədxanlı

 

                                                                           Bir də bu dünyaya gəlməyə tövbə.

                                                                                               Arif Abdullazadə

 

(əvvəli ötən sayda)

*     *     *

 

… Külək əsirdi və dəliliyi tutmuş Kürün suyu ağ-sarımtıl bir köpüklə köpüklənə-köpüklənə şırhaşır axırdı.

Əlləri  arxasında kəndirlə bir-birinə bağlanmış Vaxtanq Potsixaşvili Kürün qırağında arxası çaya tərəf dayanmışdı və alışıb-yanan gözlərini tüfənglərini ona tuşlamış soldatlara zilləmişdi.

Bir az kənarda dayanmış podpolkovnik Serebryakov əlini yuxarı qaldırdı və bu zaman Vaxtanq Potsixaşvili var gücü ilə: « Ey, Sisianov Sisiaşvili, tüpürüm sənin gürcülüyünə!..» – qışqırdı.

Elə o anda da podpolkovnik Serebryakov tələsik əlini aşağı salaraq: « Atəş!» – əmri Verdi.

Soldatların sərrast güllələri Vaxtanq Potsixaşvilinin sinəsini deşik-deşik etdi və sinəsinin o deşiklərindən sıçrayan qan bir anın içində onun ağappaq köynəyini qıpqırmızı qızartdı.

Vaxtanq Potsixaşvili yenə nə isə qışqırmaq istədi, ancaq macal tapmadı və arxası üstə çaya aşdı.

Və ağ-sarımtıl köpüklər Vaxtanq Potsixaşvilini dərhal içinə çəkıb, itirdi. 

Podpolkovnik Serebryakov Kürün lap sahilinə yaxınlaşdı və çayın külək artdıqca, köpüyu daha da bulaşıb bozaran suyuna baxa-baxa: «Get, svoloç!..– dedi. – Get, qovuş doğma Kürünə!..»

 

                                                       20

 

Hava yavaş-yavaş işıqlanırdı və səhər tezdən qoyunların mələşməsi Arazın şırıltısına qarışıb bütün Haramı düzünə yayılmışdı.

Sübh sağını başlamışdı və Sarı Çobanın arvadı daha iki zənən xeylağı ilə birlikdə cidd-cəhdlə qoyunları sağırdılar – hər qoyunun əmcəyində quzusu üçün bir az süd saxlayıb, yambızına yavaş bir şapalaq vururdular və qoyun kənara çəkilən kimi onu gözləyən quzusu tez qaçıb, anasının altına soxularaq, əmcəyini əmməyə başlayırdı, sağıcılar isə növbəti qoyunu sağırdı.

Sarı Çoban kənardakı dikdirdə oturmuşdu, iki əlini də hələ cavan vaxtlarında zoğal budağından yonub, ocaqda qurutduğu çomağının illər boyu hamarlanıb, çirkdən də qaralmış başına söykəyərək, çənəsini əllərinə dirəmişdi və o dəm Sarı Çoban Arazın o şırıltısı, sürünün ağız-ağıza verib mələşməsi içində qoyunların əmcəyindən sərnicə süzülən südün səsini aydınca eşidirdi, təzə südün ətrini də aydınca duyurdu.

Sərnicə tökülən südün o səsi, o ətri açıq, az qala şəffaf tülə bürünmüş o qadın-mələyi bu dəfə də göydən yerə endirdi və o mələk yenə də o qədər zərif idi ki, yüngülcə üfürsəydin, Haramı düzlərində bitən zəncirotu kimi havaya dağılıb yox olacaqdı. Mələyin çılpaq bədəni də tül örtüyü kimi, az qala şəffaf idi, güclə sezilirdi və Sarı Çoban gözlərini qıyıb var gücü ilə çalışırdı ki, o çılpaq bədəni bir az aydın görsün, ancaq yenə də o bədənin cizgiləri güclə sezilirdi, təkcə döşlərinin giləsi və budlarının arası, elə bil bir az tündə çalırdı. Sarı Çoban göydən uçub gəlmiş mələyin üzünü də aydın görə bilmirdi, ancaq hiss edirdi ki, – soyuğu, istini hiss etdiyi kimi – mələk ona baxıb gülümsəyir və bu hissiyyat Sarı Çobanın bütün həyatında hiss etdiyi ən şirin bir hissiyyat idi.

Allahdan başqa bu dünyada Sarı Çobanın sirrindən agah olan bir məxluq yox idi: o mələk şahzadə Abbas Mirzə onun böyük qızını aparandan sonra peyda olmuşdu və o mələk hər dəfə göydən uçub Sarı Çobanın qarşısında yerə enəndə, Sarı Çobanın bütün bədəninə, beyninə o mələyin özü kimi bir yüngüllük dolurdu. Bütün ömrünü qoyunlarla birlikdə çöllərdə keçirən, sürüylə dağa qalxan, arana enən Sarı Çoban həyatda belə bir quş yüngüllüyü olduğunu ağlına da gətirməzdi və sürüdəki qoyunların sayı artdıqca, elə bil o mələk də daha artıq, daha mehriban, daha ürəkdən gülümsəyirdi, bu zaman o yüngüllük də, elə bil yaz gələn kimi Haramı düzlərində bitən çiçəklər kimi açılmağa başlayırdı.  

Məsələ burasında idi ki, Sarı Çoban əvvəlcə yüz yetmiş beş qoyunluq, indi isə çoxalıb az qala iki yüz əlliyə çatmış bir sürünün – qoyunlar doğduqca, sürünün sayı da artırdı – sahibi idi: beş atı yüz yetmiş beş qoyuna – bir şahzadə atına otuz beş qoyun – dəyişdirmişdi və daha başqalarının yox, öz sürüsünün çobanı idi – yox, çoban yox, Sarı Çoban daha sahib-çoban idi. İndi sürüyə baxmaq üçün əlavə bir çoban da götürmüşdü – bəzən sürünün ağzı əyilib haçalanırdı, təkbaşına da bu qədər qoyunun öhdəsindən gəlmək olmurdu, hətta yun qırxımı başlayanda ki, iş çoxalırdı, ikinci bir çobanı da yanına alırdı. Sarı Çoban bir dul arvadla, o arvadın evdə qalıb qarımış qızını da işə götürmüşdü ki, arvadına kömək eləsin – bu qədər heyvanı sağmaq, yağ çalmaq, pendir tutmaq və bunları bazara çıxarmaq asan iş deyildi. 

Sarı Çobanın uşaqları – beş-altı  uşağı var idi, ikisi-üçü də çağa vaxtı ölmüşdü – hələ balaca idi, bir işə yaramırdılar, ancaq “onu gətir, bunu apar”, vəssalam və tezdən qalxmağa adət etdikləri üçün o sübh çağı da sürünün arasında ora-bura vurnuxurdular.

Sarı Çoban gözlərini sürüyə zilləmişdi, ancaq mələk onu sürüdən çəkib, həmişəki kimi yenə uzaqlara aparmışdı və sərnicə süzülən südün səsi və ətri də, elə bil Sarı Çobanın o uzaqlıqdan qayıtmağına heç cürə imkan vermirdi.

Sarı Çoban qoyun-quzunun dilini yaxşı bilirdi və vaxt keçəcəkdi, bu sürü böyüyəcəkdi, Allah-taalanın işini kim bilir, bəlkə də Sarı Çoban bu tərəflərin sayılan kişilərindən biri olacaqdı, çobanlığın da çomağını atıb, Qarabağ bəyləri kimi öz evində oturacaqdı – hər şey  Allahın əlində deyildi? – bəlkə, Allahın əmri ilə qismət Sarı Çobanı qoyun qığının içindən çıxarıb, ipək yorğan-döşəyin içinə salacaqdı və o zaman o mələk də öz bədənini ondan gizlətməyəcəkdi?

Bütün ömrü boyu ancaq arvadının – çox zaman da köhnə alt paltarında – bədənindən savayı, Sarı Çoban başqa bir qadın bədəni görməmişdi və illər keçdikcə hərdən arvadı su qızdırıb soyunub çiməndə Sarı Çoban üzünü kənara çevirirdi ki, onun  boşalmış motala oxşayan bədənini görməsin. Gözəl qadın bədəni illər boyu Sarı Çobanın yalnız təsəvvüründə idi və göydən enib gəlmiş o mələyin də bədənini görmək heç vəchlə mümkün olmurdu. Mələk, düzdü, ona baxıb gülümsəyirdi – buna Sarı Çobanın şəkk-şübhəsi yox idi – ancaq beş-altı addımlıqda dayansa da, əslində ondan çox uzaqda idi və Sarı Çobanın buna da şəkk-şübhəsi yox idi ki, o mələyi yaxına buraxmayan onun, yəni Sarı Çobanın başındakı motal papaqdı, əynindəki köhnə çuxadı, ayağındakı palçığa bulaşmış çarıqdı, bir də ki, o papağın, çuxanın qoxusudu. Sarı Çoban özü bu qoxunu hiss etmirdi, ancaq mələyə baxdığı o anlarda mələyə yaraşmayan bir qoxunun içində olduğuna da Sarı Çobanın şəkk-şübhəsi yox idi və Sarı Çoban burasını da fikirləşirdi ki, qoyun-quzunun iyi ona nə qədər doğmadırsa, bu iy o mələyə bir o qədər də yad və iyrəncdir, elə buna görə də mələk ancaq sağılan təzə südün ətri ətrafa yayılanda uçub gəlir.

Və o sübhçağı Sarı Çoban iki əlini də çomağın başına söykəyib, çənəsini əllərinə dirəyərək, bu qədər yaxında və bu qədər də uzaqda olan o mələyə baxa-baxa bardaş qurub o ipək üzlü döşəkçənin üstündə oturdu, eləcə də ipək üzlü mütəkkəyə dirsəklənərək qırx, qırx beş illik – öz yaşını dəqiq bilmirdi – həyatında ilk dəfə sürü iyindən ayrılıb başdan-başa gülab ətrinin içinə girdi. O, əvvəllər də, macal tapıb qohum-əqrabanın yas məclislərinə baş çəkəndə əllərinə, sifətinə gülab sürtmüşdü və o gülab ətri Sarı Çobanın uşaqlıq illərindən etibarən canına hopmuş qoyun iyinin içində tez də əriyib yox olurdu. Sarı Çoban mələyə baxa-baxa daha itib getməyən o gülab ətrinin içində, o ipək döşəkçənin üstündə əyləşib, qulluqçuların piyaləyə tökdüyü zəfəranlı şərbət içirdi, sonra piyaləni yerə qoydu, əlini uzadıb qarşısındakı gümüş mücrünü açdı və içindən bir ovuc zər-zivər çıxarıb mələyə uzatdı. Mələk, elə bil elə bu məqamı gözləyirdi, yavaş-yavaş ona yaxınlaşdı və yaxınlaşdıqca da onun o çılpaq bədəni tülün altından daha aydın görünməyə başladı, ancaq uşaqlardan hansısa birdən-birə zırıldayanda mələk ayaq saxladı.

 Sarı Çoban qoyun-quzunun arasında vurnuxan uşaqlara baxdı – oğlanlardan biri vurub, o birinin burnunu qanatmışdı, o da ağzını yekə açıb, var gücü ilə zırıldayırdı və bu vaxt Vəliəhdin apardığı böyük qızını xatırladı. Onun bu böyük sürü ilə bağlı o qədər qayğısı olurdu ki, nəyisə, kimisə – hətta qızını belə – xatırlamağa vaxtı olmurdu, vaxtı olanda da, o mələk göydən uçub gəlirdi və ümumiyyətlə, xatirələri yada salmaq Sarı Çobanın güzəranına yad bir şey idi.

Və o sübhçağı birdən-birə qızını xatırlayanda, hələ də Sarı Çobanın qarşısında dayanmış o yüngül, az qala şəffaf tülə bürünmüş mələk uçub getməzdən əvvəl onun qulağına pıçıldadı: “Axmaq adam! Gərək Vəliəhddən beş yox, on at istəyəydin!..” 

Sarı Çoban mələyin sözlərini çox sakit qəbul etdi, çünki özü də bilirdi ki, axmaqlıq eləyib, qızdan ötrü cəmi beş at istəyib.

 

                                               *     *     *

 

… Çadırın içindəki adamların arasında Abbas Mirzəni tanıdı.

O, orada – görünən o məkanda Abbas Mirzəni görməmişdi, ancaq ONUN şəffaf və çəkisiz varlığındakı fəhmə (informasiyaya) görə, bu qapqara uzunsaqqallı, yaraşıqlı cavan adam, əlbəttə, Abbas Mirzə idi. 

Abbas Mirzə çadırın ortasındakı kiçik girdə mizə tərəf işarə edərək: “Xacə!..» – dedi və Xacə cəld irəliləyib yaşıl ipək örtüyü qaldırdı – Baş yenə gözlərini ONA dikdi. 

O, əvvəldən də tamam əmin idi ki, yaşıl ipək örtüyün altındakı – Başdır və O, istəmirdi ki, o yaşıl ipək örtüyü Başın üstündən götürsünlər, Başı açsınlar. 

Ancaq orada – görünən o məkanda ONUN istəyindən heç nə asılı deyildi, ONUN görünməyən varlığı görünən o məkanda heç nə idi, çünki O, orada yox idi.

ONUN o şəffaflığı və çəkisizliyi, ONUN varlığındakı  idilliya görünən o məkana sığışmırdı – bunu O, artıq dərk etmişdi, ancaq çadırın içində bir nəfər Başın sifətinə tüpürəndə, O, instiktiv olaraq, üzünü yana çevirmək istədi, ancaq ONUN bu istəyi, əlbəttə, mümkün deyildi, çünki ONUN şəffaf və çəkisiz varlığı yalnız hisslərdən ibarət idi, o varlıqda hərəkət yox idi…

 

                                                 *     *     *

 

…Həmin bir nəfər Başın sifətinə tüpürəndə yaşıl ipək örtüyü qaldıran insan – Xacə – diksindi və O, Xacənin gözlərinin üzdə olan  qatları altında o gözlərin dibinə çökmüş sonsuz bir kədər gördü, sonra o gözlərdə demonik bir işıltı həmin kədəri dağıtdı, ancaq o  demonik işıltı çaxdığı kimi də yox oldu və o sonsuz kədər yenə Xacənin gözlərinin dibinə çökdü. 

Və birdən görünən o məkan ağappaq ağardı və həmin ağlıq içində ağ örtüklü bir qadın qucağında oturtduğu balaca oğluna kulis  yedirdə-yedirdə oxuyurdu:

 

               Mənim sevgim həmişə səninlə olacaq, oğlum…

               Mənim sevgim həmişə səni qoruyacaq, oğlum…

               Sənin gözəl, dəcəl uşaqların olacaq…

               Sənin nəvən, nəticən, kötücən olacaq…

               Onda mən olmayacağam, amma…

               Mənim sevgim sizinlə olacaq, oğlum…

               Mənim sevgim sizi qoruyacaq, oğlum…

 

… O, bilirdi ki, həmin balaca oğlan çadırın içində diksinən Xacədir. 

Bu nəğmədən sonra nə qədər illər keçmişdi? 

Ancaq bunun nə mənası var idi? 

Balaca oğlan kulis yeyə-yeyə toppuş əli ilə görünən o məkandakı ağlıq içində ağappaq örtük örtmüş anasının boynundan asılmış xaçı o üzünə-bu üzünə çevirə-çevirə o nəğməyə qulaq asırdı…

… ONUN üçün o nəğmənin hansı dildə oxunmasının fərqi yox yox idi, çünki görünən o məkandakı sözləri O, eyni bir hissiyat ilə hiss edirdi və O,  ağappaq örtük örtmüş ananın da o nəğməni hansı dildə oxuduğunun fərqində deyildi…

 

                                                *     *    *

 

… Görünən o məkanda tüpürcək Başın alnından axıb, kirpiklərindən süzülərək sininin üstünə tökülürdü…

 

                                                *     *     *

 

… O, görünən o məkandakı ağlıq içində ağappaq örtüklü ananın qucağında oturmuş o balaca oğlanı qarşıda gözləyən gələcəyə baxmaq istəmirdi, ancaq bu, onun istəyindən asılı deyildi…

                                                   21

 

Cəfər at oğrusu idi və Şamaxıdan, Ağsudan tutmuş Səlyanacan bütün bu ətraf bölgələrdə onun xüsusi dəllal müştəriləri var idi, atı ucuz qiymətə ondan alıb, baha qiymətə satırdılar. Cəfər acgöz, pulgir adam deyildi və pula xəsislik edən dəllal müştərilər, çox zaman veriləcək məbləğin bir hissəsini də un çuvalı, ya düyü, ya da qənd kisəsi ilə ödəyirdilər. Cəfər üçün bu dünyada yeganə qayğı səkkiz nəfərdən ibarət ailəsini – o, yəni Cəfər özü idi, arvadı və hərəsi bir-birindən bir yaş böyük olan altı qızı – dolandırmaq idi və at oğruluğunda tamam püxtələşmiş Cəfər bu ağır zamanədə ailə dolandırmaq işinin öhdəsindən gələ bilirdi.

Cəfər ətraf bölgələrin heç birindən at qaçırmağa getməzdi, onunku uzaq ellər idi, o yerlər ki, orada onu tanımırdılar, tanış-biliş, qohum-əqrəba yox idi və uzaq ellərdə at qaçırmaq adəti, elə bil onun peşəsinin suçunu azaldırdı. İldə üç, ən çoxu dörd dəfə at dalınca hərdən Şimala – Bakı, Quba, Dərbənd tərəflərə, bəzən Cənuba – Arazı keçmirdi, Arazdan o tərəfə bələdliyi yox idi – Gəncəbasar tərəflərə gedirdi, amma ən çox Qarabağa, Ağdamın, hərdən bir az da yuxarı qalxıb Şuşa qalasının kəndlərinə baş çəkirdi, şikarını qaralayıb, gecə ilə işini görürdü və ən qəribəsi də bu idi ki, atlar, elə bil Cəfəri tanıyırdılar, hürkmürdülər, elə bil Cəfər onların doğmaca mehtəri idi, nə istəyirdisə, atlar da dinməz-söyləməz, onun istədiyini yerinə yetirirdilər. 

Cəfərin özünün də yaşlı bir yabısı var idi, ancaq Cəfər onu dəyişmirdi və fikirləşəndə ki, haçansa bu yabını dəyişməli olacaq, əməlli-başlı  həyəcanlanırdı – təkcə ona görə yox ki, yabısına öyrənmişdi, illər boyu belində gəzdiyi, at oğurluğunda ona yeganə yoldaşlıq etmiş bu yabını sevirdi, əzizləyirdi – həm də ona görə ki, yabı elə bircə baxışla Cəfərin nə istədiyini başa düşürdü, nə edəcəyini duyurdu. Qəribə bir iş də bu idi ki, yabı, elə bil adam idi, oğurlanan atlara ağsaqqallıq edib, onları sakitləşdirirdi, cəldlikdə də cavan atlardan geri qalmırdı və bu da, əlbəttə, Cəfərin illər boyu sevə-sevə qulluğunun nəticəsi idi.

Cəfərgilin Sumaxlı kəndi dağların qoynunda, başdan-başa meşə ilə örtülmüş, iki addımdan bir də bir bulaq pıqqıldayan yamacda idi və o kəndin o qədər saf  havası və saf suyu var idi ki, Cəfər yabısının belində növbəti at dalınca arana enəndə, havası çatışmırdı, aranın bulanıq çay, ya da quyu suyu onun da ürəyini bulandırırdı və elə bil aranda o qoca yabı da Cəfər kimi əziyyət çəkirdi. Ancaq çarə nə idi? O gözəl Sumaxlı kənddə Cəfəri ailəsi gözləyirdi, hansısa heyvan necə ki, şikar ovlayıb, balalarına aparmalı idi, Cəfər də o gözəl kənddəki evinə oğurluq atla qayıtmalı idi.

Cəfərin çiy kərpicdən tikilmiş evi Sumaxlının girəcəyində birinci bina idi və elə ki, o, növbəti atı gətirib çıxarırdı, bu zaman hardan xəbər tuturdular, Allah bilir! – o dəllal müştərilərə xəbər çatırdı – bir-bir tökülüb gəlirdilər, kim ki də, birinci gəldi, atı da elə o aparırdı – Cəfərin alış-veriş, alqı-satqı çək-çeviriylə arası yox idi. Kənddə belə bir söhbət də gəzirdi ki, guya Cəfərin qaçırtdığı iki atı – iki Qarabağ kəhərini müştərilər  alıb, ruslara satıblar, rusların padşahı da onları ingilis padşahına bəxşiş göndərib və həqiqətən belə olub-olmayıb – bunu heç kim dəqiq bilmirdi, hətta kəndin mollası və yeganə savadlı adamı olan Molla Zülfüqar deyirdi ki, mənim bu söhbətdən gözüm su içmir, ağlım da kəsmir ki, Rusiya boyda bir məmləkətin padşahı bəxşiş üçün başqa qiymətli bir şey tapmasın, ingilis padşahına at göndərsin, rus padşahı bizim təkcə bəylərimizin yox, xanlarımızın da hamısından böyük və hamısından da varlıdır, ancaq onda ki, Cəfər cins Qarabağ atı oğurlayıb gətirirdi, bu atların xəbəri o saat kəndə yayılırdı, kiçikdən-böyüyə bütün kənd camaatı, o cümlədən də Molla Zülfüqar onların tamaşasına yığılırdı. Xüsusən də yayda, yazda gün kəndin başının üstünü alanda o səkil ayaqlı, alnı təpəl Qarabağ atlarının qızılı-kürən tükləri günəşin şüaları altında elə işıldayırdı, yalında, quyruğunda ucu qızarmış tükləri elə rəng alıb, rəng verirdi ki, elə bil o işıltı, rənglərin o oyunu bu kənddən uzaqlarda o atların məskəni olan hansısa gözəl bir dünyanın sevincini bütün ətrafa yayırdı və o uzaq dünyanın gözəl olmasına Cəfərdən başqa, qalan kənd camaatının şübhəsi yox idi. Cəfərin qaçırıb gətirdiyi Qarabağ atları bu kənddəki gündəlik güzərana nəsə təzə bir həyəcan, maraq gətirən yeganə tamaşanın qəhrəmanları idi və o atlar nə qədər yaraşıqlı, baxımlı olurdusa, elə bil yığışıb o atlara tamaşa edən Sumaxlı camaatının da daxilinə bir o qədər fəxarət hissi yayılırdı ki, bu Qarabağ atları məhz onların kəndlərinə gəlib və o atlar ki, onları rus padşahı ingilis padşahına bəxşiş göndərir – hərçənd, Molla Zülfüqar bu söhbətin doğruluğuna şübhə edirdi – o atları daha əvvəl bu kəndin camaatı görür.

Rus qoşunları gələndən sonra Cəfərin işi nisbətən yüngülləşmişdi, çünki bir tərəfdən uzaqlara getməyə ehtiyac yox idi, o biri tərəfdən də atları yola gətirmək asanlaşmışdı, çünki bu atlar təzə yiyələrini yaxşı tanımırdılar, onlara  adət etməmişdilər, bir-birlərinə də öyrəşməmişdilər, çünki rus qoşunu bu atları ya müsadirə etmişdi, ya vuruşlarda qənimət götürmüşdü, ya da Azərbaycan bəylərindən, Gürcüstan knyazlarından pulla almışdı, bəzi seçmə atlar isə xanların, məşhur knyaz və bəylərin rus paşalarına hədiyyəsi idi ki, Cəfərin o atlarla işi olmurdu. Doğrudur, rus hərbi düşərgəsindən at qaçırmaq daha təhlükəli idi, soldatlar sərhesab olurdular, ancaq Allah Cəfəri qoruyurdu – hər dəfə oğurladığı atla bir yerdə, özü də yabısının belində kəndə sağ-salamat qayıdırdı və əslinə baxsan, əlbəttə, Allah gərək oğrunu qorumayaydı, ancaq, görünür, bu yerdə Allah mərhəmətinin baiskarı Cəfərin özü yox, evdə onu gözləyən altı qızı və o altı qızın anası idi.

Ancaq belə bir Allah mərhəməti də daimi deyilmiş və həmin yaz səhəri rus soldatları Cəfəri tutub, onu qurşaqdan aşağı tamam soyundurdular, boz tüklərinə əməlli-başlı qotur düşmüş bir eşşəyin üstündə dik oturdub baldırlarını, ayaqlarını kəndirlə eşşəyin belinə, böyrünə sarıdılar, elə həmin kəndirlə də əllərini arxasında bir-birinə bağlayıb, gülə-gülə, ləzzətli bir çığır-bağırla:

– Poşol! – deyə eşşəyin dalına yağlı bir təpik ilişdirdilər. 

Və iki saatdan çox idi ki, qotur eşşəyin belinə mindirilmiş Cəfərin hara gedib çıxacağı altındakı eşşəyin ümidinə qalmışdı və o qotur boz eşşək də o mükəmməl təpiyin ağrısını yadından çıxarıb, sakitcə addımlaya-addımlaya gedirdi. Cəfər heç cürə fikirləşib bir çarə tapa bilmirdi, eşşək hər dəfə addım atdıqca belinin cod tükləri Cəfərin qurşaqdan aşağı çılpaq bədənini – baldırlarını, xayalarını, cinsiyyət üzvünü dalayırdı, ancaq heç nə etmək mümkün deyildi, onu o qədər sıx sarımışdılar ki, ayaqlarını, baldırlarını, ombasını azacıq da aralaya bilmirdi və oğruluğa gedərkən çöl-biyabanlarda dolaşan avaralara – biyabangərdlərə tez-tez rast gəlsə də, indi onlardan biri də qabağına çıxmırdı ki, ya onu bu biabırçılıqdan xilas edə, ya da lap onun başına bir daş çırpıb, tamam soyundura, qotur eşşəyi götürüb apara. 

Quraqlıqdan torpağı cadar-cadar olmuş kimsəsiz aran çölü ilə bir xeyli getdikdən sonra qotur eşşək eləcə asta addımlarla da qarşısına çıxan bir cığırla dağa dırmaşmağa başladı.

Günəşin adamı qarsayan şüaları altında susuzluqdan Cəfərin boğazı qurumuşdu, ancaq susuzluq bir tərəfə, yabı ruslarda qalmışdı və o qotur eşşəyə sarınmiş Cəfər belə bir günündə də yabını yaddan çıxara bilmirdi və hər dəfə fikirləşəndə ki, rus soldatları yabını kəsib yeyəcək, onun gözləri yaşarırdı – soldatların yabını kəsib yeyəcəklərinə isə Cəfərin heç bir şübhəsi yox idi, çünki qoca o görkəm ki, yabıda var idi, rus soldatları onu nə arabaya qoşacaqdılar, nə də minəcəkdilər. Və Cəfəri belində gəzdirən o qotur eşşək o tək cığırla dağın aşağı ətəklərindən birində elə bir meydançaya gəlib çıxdı ki, buradan müxtəlif istiqamətlərdə üç-dörd cığır ayrılırdı və eşşək o cığırlardan birini tutub üzüyuxarı qalxmağa başladı. 

Cəfər əvvəlcə belə başa düşdü ki, eşşək bilir hara gedir, ancaq o tərəf-bu tərəfə boylana-boylana yavaş-yavaş şübhələnməyə başladı və elə ki, dünya vecinə olmayan qotur eşşək başını aşağı salıb asta-asata addımlaya-addımlaya gəlib yarğanın qırağı ilə dolana-dolana dağa qalxan dar cığıra çıxdı, Cəfərin daha şübhəsi qalmadı ki, bucığır düz onların kəndinin girəcəyinə aparıb çıxaran cığırdır.

Cəfər kənddən çıxanda heç vaxt bir tərəfi sıldırım yarğan olan bu dar cığırla gedib-gəlmirdi və nisbətən qısa olan bu cığırın yolçuları ancaq eşşəyi yedəyində qabağa düşüb, eşşək arabası ilə yaxınlardakı aran kəndlərində, qəsəbələrində satmaq üçün odun, motal, bal, meyvə aparan, qayıdanda da un, düyü, şəkər, pal-paltar gətirən kəndlilər idi.

İşini yaxşı bilən qotur eşşək o sıldırım yarğanın qırağı ilə yuxarı qalxa-qalxa irəlilədikcə birdən-birə soyuq tər basmış Cəfərin islanmış alt köynəyi belinə yapışmışdı və o yaş çitin soyuğu eləcə də soyuq bir hərisliklə Cəfərin bütün içini uçundurmağa başlamışdı: bu cığır düz onun evinə tərəf aparırdı, axşam hələ qaranlıq düşmədən gedib ora çatacaqdılar və bu, o vaxt idi ki, qızlar həmişəki kimi həyət-bacada olacaqdılar – balacalar oynaşacaqdılar, böyüklər də  hərə öz işində-gücünlə olacaqdı: ya pal-paltar yuyacaqdılar, ya təndirin başında oturub çörək bişirən analarına kömək edəcəkdilər, ya da kim bilir, nə ilə məşğul olacaqdılar – məşğul olmalı iş çox idi.

Və Cəfər gözlərinin qabağına gətirəndə ki, qızlar onu belə bir çılpaq vəziyyətdə – cinsiyyət üzvü, xayaları eşşəyin belindən sallana-sallana görəcəklər, onun gözləri qaralırdı və var gücü ilə  nə qədər qılçlarını qotur eşşəyin belinə sıxıb:

Dur!.. Dur, ay eşşək oğlu eşşək!.. Dur!.. – deyə onu saxlamağa, birtəhər geri çevirməyə çalışırdısa da, qotur eşşək eləcə asta-asta o dar cığırla yoluna davam edirdi, hərdən rastına qanqal, kol-kos çıxanda ayaq saxlayıb, belindəki insanın vurnuxmasını, çığır-bağırını vecinə almadan yavaş-yavaş yemini yeyir, təzədən yola düşürdü.

Cəfər bayaqdan bəri bu kol-kosun arasında üç-dörd dəfə ilan qabığı görmüşdü və indi ürəyindən keçdi ki, Allah onların rastına bir əfi ilan çıxaraydı ki, eşşəyi çalıb yerə yıxaydı qoy elə o özü də eşşəyin altında qalıb, bu aran günəşinin altında yanıb külə dönəydi, ancaq ilanların da, deyəsən, Oğru Cəfərdən üzü dönmüşdü.

Allah Cəfəri cəzalandırmaq istəyirdisə, nə üçün bu qədər gözləyirdi və onu yox eləmirdi – bunun üçün o qədər fürsət var idi ki! Cəfəri öldürəydi, öldürmürdü, xəstələndirəydi, şikəst edəydi, bunu eləmirdisə, ona tövbə elətdirəydi. Allah nə üçün iyirmi il ona imkan verdi ki, oğurluq eləsin? Belə bir günə salmaqdan ötrü?

Cəfər başını əyib öz çılpaqlığına baxdı və ona elə gəldi ki, dəhşətdən başının tükləri palançı bizi kimi dimdik qabardı. Cəfər eşşəyin belində nə qədər yırğalanırdısa, nə qədər o tərəf-bu tərəfə vurnuxurdusa, nə qədər qışqırır, söyürdüsə, qotur eşşəyə təsir etmirdi, əksinə, belindəki insanın çapalaması, elə bil ona “bir az tez get” əmrini verirdi və o da artıq yavaş-yavaş yox, nisbətən sürətlə o dar cığırı üzüyuxarı qalxırdı.

O sıldırım qayalıqlı dərin yarğanın dibindən, elə bil bir xof dalğası  qalxıb qapqara bir duman kimi Cəfəri öz içnə almışdı və Cəfər o qapqara duman bürümüş başını yana uzadıb dibi görünməyən yarğana baxdı və o anlarda onun beynindən belə bir fikir keçdi ki, əgər Allah onu sınaq qarşısında qoyubsa, qoy belə də olsun, qoy onun yiyəsiz və çörəksiz qızları – Allahın öz bəndələri – arana enib dilənçilik etsin, fahişəlik etsin – bunun suçu elə Allahın özündə olacaq.

Və uzaqdan kəndin qaraltısı görünməyə başladı.

Cəfər dəhşət içində başını aşağı əyib, uzun qılların arasından cinsiyyət üzvünə, xayalarına baxdı və bu dəfə bütün varlığı ilə gücənib qışqıra-qışqıra qılçları, dizləri ilə eşşəyi döndərmək istədi, ancaq qotur eşşək belindəki insanın bu cəhdlərindən, heyvani çığırtısından sonra sürətini daha da artırdı.

Kəndin girəcəyindəki o birinci evin qaraltısı görünməyə başladı və taqətdən düşüb eşşəyin belində başını aşağı sallamış Cəfər gözlərini öz çılpaqlığından çəkib başını qaldırdı, kənddəki o birinci evi gördü, sonra dəli bir həmlə ilə özünü sola – yarğana tərəf atdı və belə bir həmləni gözləməyən o qotur eşşək müvazinətini itirib, Cəfər ilə birlikdə cığırdan aşaraq, anqıra-anqıra yarğanın dibinə uçdu.

 

                                             *     *     *

 

… Kür çayı sakit-sakit axırdı və o sakit axan çayın sahilində bir qadın oturub, görünən o məkanın qəmli nəğmələrindən birini dodaqaltı oxuyurdu, sonra zümzüməyə keçirdi və o zümzümədə elə bir qəm, qüssə var idi ki, elə bil o Kür çayı  da ancaq bu qəmli-qüssəli nəğməyə qulaq asmaq üçün beləcə sakit axırdı.

Və O, artıq bilirdi ki, bu qadın Vaxtanq Potsixaşvilinin anasıdır. 

Düzdür, ONUN üçün görünən o məkanda dil problemi yox idi, dilindən asılı olmayaraq, bütün sözləri eyni bir hissiyyat ilə hiss edirdi, ancaq o məqamda ONUN şəffaf və çəkisiz varlığında qəribə bir hissiyyat yarandı: O, sakit axan Kürün sahilində oxunan o nəğməni qadının oxuduğu dildə anlamaq, qavramaq istəyirdi, ancaq bu mümkün deyildi və o hissiyyat birdən-birə yarandığı kimi, birdən-birə də yox oldu… 

                                                    22

 

Ləşgərgah rəisi Qurd Kərim iri, kobud barmaqları ilə uzun bığının sol ucunu buraraq ağzına salıb qəzəblə çeynəyəndə, onun gözləri də qıpqırmızı qızarırdı və həmin anlarda ətrafındakılar bilirdi ki, qan tökülə bilər, ancaq Qurd Kərimdən qorxmayan, çəkinməyən yeganə adam Sarı Çoban Qızı idi.

O vaxt ki, Abbas Mirzə özü özünə əmr etdi ki, daha bəsdir və Xacə Əbdül Rəhman tapşırıq aldı ki, Sarı Çoban Qızını Naibüsüs-səltənənin çadırından çıxarsınlar, qız elə həyasızlıq etdi, elə çığır-bağır saldı ki, kəniz-qaravaşlar onu heç cürə çadırdan çıxara bilmədi. Bu haray-həşirdən xəbər tutan Xacə Əbdül Rəhman özü tələsik çadıra girəndə Sarı Çoban Qızı heyvani bir həmlə ilə kəniz-qaravaşın əlindən buraxılıb, Xacənin üstünə atıldı və dırnaqları ilə onun sifətini, boğazını, tüksüz sinəsini cırmaq-cırmaq cırmaqlayıb dərisini soydu.

Çadırdakı hay-küyü eşidən keşikçi sərbazlar Vəliəhdin çadırına girməyə cürət etmirdilər, ancaq elə ki, Xacə Əbdül Rəhman dəhşət içində nazik çığırtısı ilə onları köməyə çağırdı, sərbazlar içəri soxuldu və Sarı Çoban Qızını güclə Xacədən ayıra bildi. Üz-gözü qana bulaşmış Xacə Əbdül Rəhman Naibüsüs-səltənənin icazəsi olmadan Sarı Çoban Qızını cəzalandırmağa ürək etmədi və Xacənin tapşırığı ilə qızı düşərgə tövləsinin yanında su saxlanan darısqal taxta dama saldılar. 

O taxta damın içinə, elə bil insan yox, bir vəhşi heyvan salmışdılar – Sarı Çoban Qızı az qalırdı dişi ilə, dırnağı ilə taxta divarları, qapını didib-dağıdıb eşiyə çıxsın. Ordunun ətlik qoyunları tövlədə saxlanırdı və o tövlədən gələn qoyun iyi, mələşmə, elə bil Sarı Çoban Qızını yenə keçmiş çağlara, bu qızın artıq nifrət etdiyi, Abbas Mirzə ilə keçirdiyi günlər ərzində yadına düşəndə, iyrəndiyi qoyun sürüsünün içinə aparırdı və bu, onun hikkəsini daha da artırırdı, o, bu soyuq, qaranlıq və qoyun iyi verən taxta dama heç cürə sığışmırdı, damın o tərəfini-bu tərəfini cırmaqlaya-cırmaqlaya özü öz ürəyinin guppultu ilə vuran səsini eşidirdi.

Elə həmin gün – Baş, yolüstü Vəliəhdə göstərilən gün – fikrində ləzzətlə Sarı Çoban Qızına dünyanın ən müdhiş işgəncələrini verən Xacə Əbdül Rəhman, nəhayət ki, fürsət tapıb, cəza razılığını almaq üçün əhvalatı Abbas Mirzəyə danışdı və əmrə müntəzir susdu. Abbas Mirzə Xacənin şırım-şırım cırılmış sifətinə, boğazına baxdı və güclə seziləcək bir təbəssümlə:

– Onu Qurda bəxşiş ver – dedi, sonra gözlərini eşitdiyi sözlərdən ağzıaçıq qalmış Xacədən çəkərək əlavə etdi: – Ona mənim ismarıcımı da çatdır ki, qızdan muğayat olsun. Qurd – yəni ləşgərgah rəisi Qurd Kərim. 

Və həmin axşamdan da Sarı Çoban Qızı düşərgə tövləsinin yanındakı o taxta damdan çıxarılıb Qurd Kərimin çadırına aparıldı. Qurd Kərim özü isə Başı Tehrana, Fətəli şahın hüzuruna aparıb, düşərgəyə qayıdandan sonra Vəliəhdin gözəl bəxşişindən xəbər tutdu və bunu Vəliəhdin ona münasibətini göstərən böyük bir ənam kimi qəbul etdi.

Qurd Kərim bu fikrdə idi ki, Abbas Mirzənin içində iki varlıq var: biri Mələk, o biri Şeytan və o vaxtdan ki, Vəliəhd öz ordusu ilə Arazı keçmişdi, Harami düzündə ləşgərgah çadırlarını qurdurmuşdu, Qurd Kərimi də düşərgə rəisi təyin etmişdi, onlar, yəni Abbas Mirzə ilə düşərgə rəisi Qurd Kərim hər gün təmasda olurdular – hökmdarlarla gündəlik təmas isə təhlükəli bir iş idi, axırı da çox zaman yaxşı qurtarmırdı. Naibüsüs-səltənənin içindəki Şeytan get-gedə Mələyi üstələyirdi və heç kimin ağlına gəlməzdi ki, hərdən bu barədə fikirləşəndə Qurd Kərimin ürəyinə necə bir xof çökür.

Sarı Çoban Qızı Qurd Kərimi heç cürə yaxına buraxmırdı və nəinki yaxına buraxmırdı, o, Abbas Mirzədən sonra Qurd Kərimə sidqi-ürəkdən nifrət edirdi. Bu bədheybət nəhəng kişinin tük basmış yekə qarnı, qapqara rənglə boyanmış uzun bığları və sıx qaşları, eləcə də rəng qoyulmuş pırpızaqlı saçları Abbas Mirzədən sonra Sarı Çoban Qızı üçün dünyanın ən iyrənc bir məxluqunun qarnı, bığı, qaşı, saçı idi və Abbas Mirzənin zərif və məharətli barmaqlarından sonra bu məxluqun yekə və kobud barmaqları ona toxunanda, elə bil Sarı Çoban Qızına daha artıq bir qüvvə gəlirdi, daha qızğın bir inadla Qurd Kərimi özünə yaxın buraxmırdı.

Neçə vaxt idi ki, Sarı Çoban Qızı gecə-gündüz bir istəklə alovlanıb yaşayırdı: nə olursa, olsun, yenə Abbas Mirzə ilə görüşsün, yenə Vəliəhdin qucağına girsin, yenə ehtiras onların ikisini də tir-tir titrətsin və bundan sonra, Abbas Mirzə yuxuya gedərkən döşəyin altında gizlədəcəyi iti xəncəri dəstəyinə qədər onun ürəyinə sancsın, Vəliəhddən xəyanətinin intiqamını alsın – Sarı Çoban Qızı bu ayrılığı və Qurd Kərimə bəxşiş verilməsini xəyanət hesab edirdi.

Qurd Kərim heç cürə bu gözəl bəxşeyişin müqavimətini qıra bilmirdi, hətta qız yuxuya gedərkən belə, əli ona toxunan kimi Sarı Çoban Qızı yerindən dik atılırdı, yenə iti dişi-dırnağı işə düşürdü, çığırtısı Aləmi başına götürürdü və iş burasında idi ki, heç cürə ram edə bilmədiyi bu qız, dırnaqlarını quzğun caynağı kimi işə saldıqca, onun üzünə tüpürdükcə, onun saçlarını yolduqca, onun əlini, qolunu dişlədikcə,  Qurd Kərim od püskürən bu gözəl varlığa daha artıq aşiq olurdu. 

Qurd Kərim zor işlətmək istəmirdi – təkcə ona görə yox ki, səfeh bir növcavan kimi, Sarı Çoban Qızına aşiq olmuşdu, həm də ona görə ki, Xacə Əbdül Rəhman özü istəməsə də Vəliəhdin ismarıcını ona çatdırmışdı:

– Ağayi rəis, Naibüsüs-səltənə həzrətləri tapşırdı qulluğunuzda ərz edim ki, o qızdan muğayat olasınız.

Saçları zərəfşan işıltısını itirib adi sarışın saçlara çevrilmiş o qız isə hələ də bəxşeyiş yox, qəfəsə salınmış və yaralanmış dişi aslan idi və neçə vaxt idi ürəyini deşib-dağıdan o istəklə yaşaya-yaşaya yavaş-yavaş, elə bil ki, ağlını itirirdi…

… Aradan nə qədər müddət keçmişdi – bir il idi? iki il? üç il idi? – Qurd Kərim kimi bir şəxsin qəfəsindən qaçmağı bacarmış və Tehrana gəlib çıxmış Sarı Çoban Qızı gündüzlər ardına düşüb, onu hoydu-hoyduya götürən, ona daş atan uşaqları qova-qova ac-yalavac Tehranın küçələrini gəzib-dolaşırdı, gecələr isə Tehran bazarlarına gəlirdi, dükan keşikçiləri, hamballar, süpürgəçi nökərlər onu çörəklə, ətlə şirnikləndirib, köşklərdən birinə salırdılar, yerə uzatdıraraq, cırıq-cındır tumanının ətəklərini yuxarı qaldırıb, işlərini görürdülər və onlardan biri o köşkdən çıxan kimi, növbə o birinə çatırdı, Sarı Çoban Qızı da hər dəfə bütün içindən gələn bir sevdayla:

– Mənim Abbas Mirzəm!.. Mənim Abbas Mirzəm!.. – deyə-deyə sarmaşıq kimi onlara sarılırdı.

Sarı Çoban Qızı hərdən şübhələnirdi və köşkə girib tələsik şalvarını çıxararaq onu qamarlayan növbəti kişiyə zənnlə baxıb, hələ də gücünü itirməmiş əlinin codlaşmış pəncəsi ilə onun çənəsini itələyərək özündən uzaqlaşdırırdı və:

– Sən Abbas Mirzə deyilsən? – soruşurdu.

Kişi özündən asılı olmayaraq təlaşla qaranlıq köşkün o tərəf-bu tərəfinə baxırdı və hər ehtimala görə, heç kim eşidə bilməsin deyə pıçıltı ilə:

– Hə, Abbas Mirzəyəm… – deyirdi.

– Abbas Mirzəsən?- təkrar soruşurdu Sarı Çoban Qızı.

Kişi tələsə-tələsə və tövşəyə-tövşəyə:

– Hə!..  Hə!.. – pıçıldayırdı.

Və o zaman Sarı Çoban Qızı daha artıq bir məqsud və ehtirasla kişini get-gedə boşalıb, torba kimi sallanmağa başlamış döşlərinə sıxırdı.

                                       *     *     *

 

… Yarğanın üstündə bir dəstə quzğun uçuşurdu.

Yarğanın dibində isə, iri çay daşlarının üstünə qotur bir eşşək leşi və kəndirlə o eşşək leşinə sarılmış qurşaqdan aşağı çılpaq bir insanın cəsədi düşmüşdü.

Və O, cəsədi – həmin qafqazlı at oğrusunu tanıdı.

Qafqazlı at oğrusunun qarışqa darışmış açıq gözlərindəki iztirab, elə bil aradakı məsafəni dəlib  keçərək, ONUN şəffaf və çəkisiz varlığına daxil olmaq istəyirdi. Ancaq bu hissiyyat həmin məqamdaca itdi.

Və O, birdən-birə dərk etdi ki, artıq ONUN görünən o məkandakı missiyası bitib.

Bunu dərk etdi, ancaq bu missiya nədən ibarət idi və bu missiyanın mənası və məqsədi nə idi – bunu heç cürə qavraya bilmirdi və ONUN varlığındakı o fəhm-informasiya bu məqamda tamam köməksiz idi.

Bunu qavramaq üçün hələ bu şəffaflıq və çəkisizlik, bu azadlıq və sərbəstlik kifayət deyildi…

… Və o bir dəstə quzğun yarğanın üzərində bir neçə dövrə vurub, yarğanın dibinə uçaraq iri çay daşlarına qondular və acgöz bir cidd-cəhdlə, tələm-tələsikliklə əvvəlcə cəsədin də, leşin də zərif və yümşaq yerlərini – gözlərini, cins orqanlarını, qarınlarının dərisini  dimdikləyib qopararaq, yemlərini dağıtmağa başladılar…

                                                             23        

 

           KNYAZ P. D. SİSİANOVUN QRAF N. A.TİMOFEYEV – 

                               BOQOYAVLENSKİYƏ MƏKTUBU 

 

“Sankt-Peterburq.

Qraf N.A.Timofeyev-Boqoyavlenskiyə

 

Əzizim Kolya! Mənim sevimli qardaşım!

Mənə xəbər çatdı ki, sənin səhhətin pisləşib, ancaq Yaradana şükürlər olsun ki, əvəzedilməz Olqa Mixaylovnanın qayğıkeşliyi səni krizisdən çıxarıb. Olqa Mixaylovnanın sənə – layiqli və ləyaqətli generala, əsl rus soldatına göstərdiyi qayğıkeşlik, əslində bizim hamımıza, bütün rus ordusuna, anamız Rusiyaya göstərilən xidmətdir. 

Bu sözlər, ola bilsin ki, bir az gurultulu səslənir, ancaq bunun mənə dəxli yoxdur və mən bu gurultudan çəkinmirəm, çünki həqiqətdir.

Yeni – 1806-cı ilin gəlməsinə cəmi dörd gün qalıb və mən səni də, əziz Olqa Mixaylovnanı da yeni il münasibətiylə ürəkdən təbrik edirəm və sizə xoşbəxtlik arzulayıram. Siz bizim bu mürəkkəb dünyamızda elə yaşamısınız ki, xoşbəxtlik sizə borcludur və bu borcu sizə qaytarmağa məhkumdur. Sənin döşündəki ordenlər, bir çoxlarının döşündəki ordenlər kimi butaforiya əşyaları deyil, onlar vətən uğrunda canından keçməyə hazır olan rus soldatının qorxmazlığının və qəhrəmanlığının göstəricisidir.

Son məktubunda məndən inciyirsən ki, sən Qafqazı, o cümlədən də Zaqafqaziyanı hiss etmək istəyirsən, ancaq mən buradakı hadisələri sənə bütün təfərrüatıyla yazmıram. Əziz dostum, hər hansı bir təfərrüat buradakı hadisələrin koloritini göstərməkdə acizdir, çünki o hadisələr və bu yerlərin xarakteristikası birmənalı deyil. Bura bir tərəfdən qəhrəmanlıq, o biri tərəfdən riyakarlıq, bir tərəfdən mərdlik, o biri tərəfdən satqınlıq, bir tərəfdən dərin fəlsəfi düşüncə, o biri tərəfdən primitiv təfəkkür, bir tərəfdən böyük mədəni ənənələr, o  biri tərəfdən cəhalət və nadanlıq diyarıdır. Burada namus üstündə ata qızını, qardaş bacısını, oğul anasını xəncərlə qətlə yetirə bilər. Burada 15-16 yaşında bir oğlan bircə ana söyüşü üstündə adamı parçalaya bilər. Burada gənc və gözəl bir qız paltarında kiçik xəncər gizlədib, atasının, ya qardaşının intiqamını ala bilər. Buranın dağları, meşələri, bağları, mənim əziz dostum, İsveçrədən də füsünkardır. Buranın çeşmə suları o dağların, meşələrin, bağların havası kimi safdır. Bura bir tərəfdən nağıllar aləmidir, o biri tərəfdən isə, romantikadan tamamilə uzaq real və qanlı hadisələr məkanıdır.

Mən, nəhayət ki, Bakıya yürüşə başlamışam və bu məktubu sənə Şirvan xanlığına  məxsus Mil düzündə, çadırda yazıram. Məni çox mənfur bir qızdırma tutub – bu yerlərin xəstəlikləri də adamı qəflətən yaxalayır, ancaq bu, əlbəttə, məni ruhdan sala bilməz və Derjava qarşısındakı tarixi məsuliyyətimə təsir də edə bilməz.

Bakı xanlığının bizim üçün nə demək olduğunu mən artıq sənə yazmışam və Bakı xanlığının bizim tərkibimizdə olmağının əhəmiyyəti barədə yenidən yazıb, səni yormaq istəmirəm. Təəssüf ki, on il bundan əvvəl biz, sənə məlum olan səbəblərə görə burada qalıb möhkəmlənmədik. Elə etsəydik, indi bu yürüşə ehtiyac olmayacaqdı və Bakı artıq Kaspinin əsas hərbi və ticarət limanına çevriləcəkdi, kerosini ilə bizim ehtiyaclarımızı ödəyəcəkdi və buranın hər addımında fontan vuran nefti dünyaya biz ixrac edəcəkdik. 

Mən bütün imkanlarımla çalışacağam ki, Bakını qan tökmədən, itki vermədən, danışıqlarla alaq, düzdür, Hüseynqulu xan daima manevrlər edir, gah Qacarlarla flirtə başlayır, gah bizimlə “qardaş” olur, gah da gizlində Osmanlılarla əlaqə saxlayır, ancaq daima manevr etmək mümkün deyil, artıq nöqtə qoymaq məqamı yetişib və düşünürəm ki, divara dirənmiş Hüseynqulu bizim təbəəliyimizə keçməkdən başqa əlac qalmadığını başa düşür. O, Cavad xan kimi əlinə qılınc götürüb ölümə getməyəcək, bunun üçün onun nə imkanı, nə də cəsarəti var və güman edirəm ki, ağlı da bir az artıqdır.

Mən daha Bakı tarixi üzrə mütəxəssis olmuşam, Kolya. Elmlər Akademiyası Kitabxanasının müdiri cənab Şubertə  məktub yazaraq, xahiş etdim ki, Bakının tarixi haqqında geniş məlumat almaq üçün mənə yardım etsin və o da lütfkarcasına yardımını əsirgəmədi, xeyli məlumat göndərdi. Bakı son əsrlər boyu Osmanlılardan Səfəvilərə, Səfəvilərdən Osmanlılara keçib – bir-biri ilə aramsız və amansız müharibələr aparan yalnız Avropa xristianları deyil. Təəssüflər olsun ki, biz Bakını iki dəfə əldən çıxarmışıq və mən hər dəfə bu barədə fikirləşəndə dərin pərişanlıq hissi keçirirəm. 1722-ci ildə general Matyuşkin  qan tökmədən Bakını ala bildi, knyaz Baryatinski  şəhərin komendantı təyin olundu, ancaq imperator vəfat etdi , sonra Nadir meydana çıxdı və biz Bakını tərk etməyə məcbur olduq. İkinci dəfə isə – sən bunu yaxşı bilirsən – biz Bakını ələ keçirdik, ancaq anamız ülyahəzrət imperatriçənin   vəfatından sonra geri çağırıldıq… Bu, ağlasığmaz bir iş oldu və mən yaxın tariximizin bu faktı bərədə yazmaq istəmirəm, onsuz da sən hər şeyi bilirsən… Nadirdən sonrakı hərc-mərclik zamanı bütün Azərbaycanda müstəqil xanlıqlar yarandı və onların içində Bakı xanlığı bizim üçün həm strateji, həm də maddi  baxımdan böyük əhəmiyyət daşıyır.

Bakı xanlığının əhalisində Rusiyaya qarşı panik bir qorxu var və bu panikanın əsasını cinayətkar və əyyaş Stenka Razin qoyub. O, öz quldurlarıyla Abşerona da – bu, Bakının yerləşdiyi yarımadadır – basqın etmişdi və o basqından 150 il keçir, ancaq bakılılar onun törətdiyi  rəzalətləri hələ də yaddan çıxarmayıblar. On il bundan əvvəl – illər necə də sürətlə ötür, Kolya! – mən özüm bakılıların bu qorxusunun şahidi olmuşam, ancaq biz, əlbəttə, heç kimin nazı ilə oynamayacağıq. Bakı bizim 1806-cı ildə ilk böyük qələbəmiz olacaq və  mən tezliklə Bakının özündən sənə təbrik məktubu yazacağam. Bu dəfə Bakı əbədi olaraq Derjavanın tərkibinə qatılacaq. Osmanlılar da, Səfəvilər də Bakı limanı sayəsində təkcə elə ipək tranzitindən və ticarətindən böyük gəlirlər götürürdülər, mən hələ nefti, duzu, başqa nemətləri demirəm.

Bütün çətinliklərə baxmayaraq, Azərbaycanla bağlı bu il bizim üçün çox düşərli oldu, yazda biz Qarabağ xanlığı kimi Azərbaycanın böyük və nüfuzlu xanlığını qan tökmədən əlimizə keçirdik. Bunun əhəmiyyəti çox böykdür. 

Qarabağ xanlığı Şərq tərəfdən Yelizavetpolu (keçmiş Gəncəni!) əhatə edir, özü isə İrəvan, Bakı, Quba, Dərbənd xanlıqları daxil olmaqla artıq Arazdan bu tərəfə bütün Şimali Azərbaycanı ram etmək və daimi olaraq əldə saxlamaq üçün çox əlverişli bir məkandır. Qarabağın paytaxtı, əsl qartallar məskəni olan Şuşa qalasının alınması isə hər bir azərbaycanlıya, xüsusən kiçik satrab hakimlərə sübut etdi ki, şanlı rus ordusu məğlubedilməzdir və onun qarşısına çıxmaq mümkün deyil. Qarabağdan dərhal sonra Şəki xanı Səlim Rusiya təbəəliyini qəbul etdi, lap bu günlərdə isə Şirvan xanı Mustafa bizimlə təbəəlik sazişi imzalamağa məcbur oldu.

Qarabağ xanı İbrahim Xəlil xan ağıllı, təcrübəli və bütün Qafqaz hakimləri kimi, hiyləgər bir adamdır, vədlər verir, ancaq onu əməlli-başlı sıxmasan, bu  vədlərin heç birini yerinə yetirmir, eyş-işrət düşgünü deyil, dövlət adamıdır. Yaxın tarixdə Qacarlar onu o qədər qorxudub ki, xanlığı  onlardan qorumaq naminə qızı Ağabəyim Ağanı – deyirlər, o da gözəl şairədir – Fətəli şaha ərə verib. Fətəli şahın əmisi Ağa Məhəmməd şah – bilirsən, o, Nadirdən sonra hakimiyyəti ələ ala bildi və indiki Qacarlar sülaləsinin əsasını qoydu – iki dəfə Qarabağa hücum etmişdi. Birinci dəfə Şuşa qalasını ala bilmədi, qoşunu geri çəkib Tiflisi işğal etdi. Onun törətdiyi vəhşiliklərin qorxusu bu gün də Tiflis əhalisinin canından çəkilməyib. İkinci dəfə isə – səkkiz il bundan əvvəl, 1797-ci ildə Şuşa qalasını işğal edə bildi. İbrahim Xəlil xan qaçdı, ancaq elə Şuşada gecə yatarkən Ağa Məhəmmədi – bu qorxunc adamı – öz gözətçiləri qətlə yetirdi.

Mənə belə bir hadisə danışıblar: azərbaycanlıların məşhur bir şairi İbrahim Xəlil xanın vəziri idi – o, vaxtı ilə, ehtiram əlaməti olaraq unudulmaz ülyahəzrət Yekaterinaya nadir daş-qaşlarla bəzədilmiş bir əsa – əsl sənət əsəri – göndərmişdi – və İbrahim Xəlilin Ağa Məhəmmədə göndərdiyi təhqiramiz məktubların müəllifi də o idi. Ağa Məhəmməd gecə ikən onu həbs edib, zindana salır və səhər tezdən edam olunmasını əmr edir, özünün də böyük məmnuniyyətlə bu edam mərasimində iştirak  edəcəyini deyir, ancaq gecə onun özünü öldürürlər, vəzir isə sağ qalır.

Deyilənə görə, sui-qəsdçilər Ağa Məhəmmədin başını kəsirlər – buralarda da  belə vəhşiliklər olur, hərçənd gilatina hələ buralara gəlib çatmayıb  – və İbrahim Xəlil yenidən Şuşaya qayıdıb taxtına sahib çıxır və belə bir diplomatik gediş edir: Qacarın başını da bədəni ilə birlikdə təntənə ilə Tehrana yola salır. Tiflisdə mənə danışırdılar ki, o sui-qəsdi təşkil edənlərdən biri elə İbrahim Xəlil özü olub və mən buna inanıram – bunların heç birinə etibar yoxdur, sabah fürsət düşsə, mənim də başımı kəsərlər, sonra da nəşimi böyük (və yalançı!) kədər və təntənə ilə Peterburqa göndərərlər. Nə isə. Hər şey Yaradanın əlindədir.

Və Yaradan bizə yar oldu və biz qansız-qadasız Qarabağı Rusiyanın gələcək əyalətlərindən birinə çevirə bildik.

Bütün dünyada olduğu kimi, Kolya, Azərbaycanda və ümumiyyətlə, Zaqafqaziyada da qadınların rolu böyükdür.

İbrahim Xəlil xan bizi aldatmağa çalışırdı, yalançı öhdəliklər götürürdü. Onun arvadı Cəvahir xanım məşhur gürcü knyazı Yevgeni Abaşidzenin qızıdır, xana ərə getdikdən sonra müsəlmanlığı qəbul edib. Qacarlardan gözü qorxmuş Cəvahir xanım mənə gizli məktub gəndərmişdi və məsləhət görürdü ki, İbrahim Xəlil xana məktub yazıb, Rusiya təbəəliyini qəbul etməsini qəti tələb edim. Mən o son məktubu yazdım və qan tökmədən Qarabağ xanlığını götürməyimizdə Cəvahir xanımın ərinə təsiri, görünür, az olmadı.

Bu ilin may ayında İbrahim Xəlil xanla andiçmə mərasimi keçirdik, Qarabağ xanlığı Rusiya himayədarlığını qəbul etdi, Rusiya xəzinədarlığına ildə səkkiz min çervon verəcəyini öhdəsinə götürdü, ən başlıcası isə, Kolya, biz Şuşada 500 nəfərlik rus qarnizonu yerləşdirdik. Bunların müqabilində müqavilədə yazdıq ki, Rusiya Qarabağ xanlığının ərazi bütövlüyünə, İbrahim Xəlil xanın və  onun nəslinin isə daimi hakimiyyətinə təminat verir. Bu da, aydın məsələdir ki, hələlik bizim üçün ilk mərhələnin öhdəliyidir. Rusiyanın təbəəliyində bu yerlərə sakitlik və sabitlik çökəndən sonra, hər şey öz-özünə həll olunacaq. İbrahim Xəlil xanın özünə isə əlahəzrət general-leytenant, oğluna da general-mayor rütbəsi verdi və onlar da bizim kağız üzərindəki generallarımızdan oldular. Bir az gülməlidi, elə deyilmi?

Mən Derjavaya və əlahəzrət imperatora sədaqətli, qətiyyətli və patriot bir zabitimizi – mayor Lisaneviçi Şuşa qarnizonunun komandiri, şəhərin hərbi komendantı təyin etmişəm və hələ də İbrahim Xəlilin sədaqətindən şübhəli olduğum üçün, mayora sərhesab olmağı, lazım gələndə “general-leytenanta” qarşı amansız olmağı, heç nədən çəkinməməyi tapşırmışam.

Bu saat mənim əsas problemim təchizat və maliyyə məsələləridir. Mən istəmirəm ki, bizim maliyyə təminatımız bütünlüklə Sankt-Peterburqun üzərinə düşsün. Çalışıram ki, maliyyə təminatımızı get-gedə tam olaraq yerli hakimlərin üzərinə qoyum, ancaq bu hakimlər olduqca xəsisdirlər, Venesian xəsisi də, Qarpaqon  da  bunların yanında əliaçıq, bədxərc adamlardır. 

Bilirsən ki, mən gedənin ardınca danışan deyiləm, ancaq bunu da sənə deməyə bilmərəm ki, Karl Fyodroviç  Azərbaycan xanlarını, Gürcüstan çar və knyazlarını, sayı bilinməyən şahzadələrini, hətta Car-Balakən camaatlığını çox pis öyrətmişdi: onlara hədiyyələr verməklə bizim tərəfə çəkmək istəyirdi. Onlar da Karl Fyodroviçin hədiyyələrini məmnuniyyətlə qəbul edir, Rusiyanı tərifləyir, Rusiyaya rəğbətlərini bildirir, əl altından da öz işlərini görürdülər və bu işlər də daima Rusiyanın əleyhinə olurdu. Biz onlara hədiyyələr yox, onlar bizə bac verməlidirlər, ordumuzu azuqə ilə, atla onlar təmin etməlidirlər və mən bu məsələ ilə çox ciddi məşğulam. 

Bilsən, mən hansı çətinliklərlə İbrahim Xəlil xanı razı salmağa çalışdım ki, əlahəzrətin tövləsinə məşhur Qarabağ cinsindən olan on at versin və təsəvvür et ki, buna nail ola bilmədim, axırda əlacsız qalıb, həmin atları bac hesabına almağa məcbur oldum. Eləcə də Şəki xanı – o da Peterburqa göndərmək üçün məşhur Şəki ipəyini və ipəklə toxunmuş xalçalarını bizə ancaq bac hesabına verdi. Əlbəttə, bu, müvəqqəti bir vəziyyətdir, mən hələ ki, zor işlədib onları hürkütmək istəmirəm. Bu ağalar verməyi yox, ancaq almağı xoşlayırlar. Təəssüf ki, belələri bizim Sankt-Peterburqda oturmuş çinovniklərimizin də arasında az deyil, ancaq bu, artıq başqa bir söhbətin mövzusudur.

Tale məni hara atıbsa, mən hansı xalqı, hansı milləti tanımışamsa – hər dəfə rus ruhunun böyüklüyünə və unikallığına əmin olmuşam. Rusiyanın ərazisi nə qədər böyükdürsə, ürəyi də o qədər genişdir. Ancaq – şübhəsiz ki, sən məni düzgün başa düşəcəksən – bu vəhşi Qafqazda rus ruhunun mərhəməti ilə, rus ruhunun humanizmi, mehribanlığı ilə heç nəyə nail olmaq mümkün deyil. Mən Gürcüstanı bütün çar nəsillərindən azad etdim, Lazarev kimi bir generalı o vəhşilərə qurban verdim,  ancaq nə olsun, elə bilirsən indi orda əmin-amanlıqdır? Yox! Az qala, ayda bir qəsdin üstü açılır: Osmanlıda, ya Qacarların himayəsində, ya da Dağıstan aullarında gizlənmiş hansısa bir şahzadə tapıb, onu yenidən hakimiyyətə gətirtmək istəyirlər, Rusiyaya qarşı təbliğat aparırlar. Gör iş nə yerə çatır ki, keçən il gürcü şahzadəsi Aleksandr Fətəli şahla əlbir olub, çalışırdı ki, onu Tiflisə hücum etməyə razı salsın, sonra da İrəvan xanı Məhəmməd xana qoşuldu, qoşun yığıb özü bizimlə mubarizə aparmaq istəyirdi, general-mayor Tuçkov onun dəstəsini darmadağın etdi, Aleksandr da dovşan kimi qaçıb gizləndi, indi də eşitmişəm ki, Abbas Mirzəyə yaltaqlanır, ondan kömək umur. Başqa bir  gürcü şahzadəsi isə müsəlmanlığı qəbul edib, osmanlılarla əlbir olmuşdu, təsəvvür edirsənmi? 

Bilmirəm, sən bilirsən, ya yox: bir sıra gürcü çarları islamı qəbul etmişdilər, adlarını dəyişmişdilər, Rostom – Xosrov Mirzə, I İrakli Nəzərəli xan olmuşdu – mən hələ yadıma düşənləri deyirəm. Əlbəttə, onların çoxu məcburiyyət qarşısında belə etmişdilər, ancaq hər halda, yaxın tariximizin bu faktları bizə nəsə deyir və biz bunu qulaq ardına vura bilmərik… 

Biz müəyyən müddət manevrlər etməliyik, gözləməliyik, ancaq prinsip etibarı ilə qafqazlılarla yalnız zor, zor və yenə də zorla danışmaq lazımdır.

Əlbəttə, zaman keçəcək, buradakı insanlar da dəyişəcək, get-gedə möhkəmlənən Rusiya maarifçilik ənənələri onları da maarifləndirəcək və o zaman onlar görəcəklər ki, Rusiya yalnız generallardan və soldatlardan ibarət deyil. Rusiya vasitəsi ilə onlar Avropanı tanıyacaqlar, Avropa mənəvi dəyərlərini, mədəniyyətini, elmini öyrənəcəklər, ancaq mən, Kolya, əziz dostum, səndən gizlətmirəm, bu barədə fikirləşəndə, bilmirəm bu, yaxşıdır, ya pis? Bəs, sonra nə olacaq? Bu gün Azərbaycan kiçik xanlıqlara bölünüb, Gürcüstan hələ də inersiya ilə parça-parçadır, biz onları Rusiyanın tərkibində birləşdiririk, sabah onlar ayağa qalxmayacaqlarmı ki, nə üçün biz də müstəqil dövlət olmayaq? Nə üçün dünya dövlətləri arasında bizim də adımız olmasın? Mən bu barədə fikirləşəndə, doğrusu, özümə yer tapa bilmirəm.

Ancaq, Kolya, mənim içimə başqa bir nigarançılıq da dolub və bu nigarançılıq Qafqazla bağlı deyil: Bonapart Avropada nə qədər müharibə edəcək? Yarımçıq sülhlərlə nə qədər kifayətlənəcək? Elə bir gün gələ bilərmi ki, Bonapart başa düşsün: Rusiya imperiyasını dağıtmadan, Rusiyanı kiçik marionet krallıqlara, hersoqluqlara parçalamadan Avropanı tam ram etmək mümkün deyil? Və o bütün qüvvələrini toplayıb, bizim üzərimizə  yürüş etsə, nə olacaq? Biz buna hazırıqmı? Bonapart Fətəli şah, ya da Sultan Səlim deyil. Eyni zamanda, riyakarlıqda, hiylə-fəsadda onlardan geri qalmır, onun da heç bir sözünə etibar yoxdur. 

Austerlisdən sonra məndə bir bədbinlik əmələ gəlib. Təki Yaradan mənim gümanlarımı puç etsin! Təki Yaradan bizi özünün ərköyün oğlu Bonapartın azğınlığı ilə üzbəüz qoymasın! Ancaq biz indidən bu ehtimalı nəzərə almalı və var gücümüzlə buna hazırlaşmalıyıq. Bilmirəm, düz etdim, ya yox, bir müddət bundan əvvəl mən bu barədə bir sıra fikirlərimi şəxsən əlahəzrət imperatora yazdım. Bilirəm, sənə də yaxşı məlum olan bəzi məmurlar yenə növbəti dəfə məndən narazı qalacaqlar: knyaz Sisianov yenə bizim başımızın üstündən ona aid olmayan məsələlər barədə əlahəzrətə müraciət edir. Olsun! Ancaq mən vicdanım qarşısında təmiz qalıram və söhbət Derjavadan gedirsə, onun mənə aid olmayan bir məsələsi yoxdur, çünki mən bu Derjavanın sıravi soldatıyam, həmişə də belə olacaq.

Qarşıda bizi 1806-cı il gözləyir və mən bütün varlığımla arzu edirəm ki, bütün çətinliklərə baxmayaraq, bu il Derjava üçün ən uğurlu illərdən biri olsun. Yaradan vətənimizi hər cürə fəlakətlərdən uzaq etsin.

 

Mətnin davamı "Xəzər" dünya ədəbiyyatı dərgisinin 1/2017 nömrəsində çap olunub

DİGƏR MƏQALƏLƏR