MACAR ƏDƏBİYYATI - Peter Nadaş

Tərcümə: Saday Budaqlı

 

1942-ci ildə Budapeştdə anadan olub.

Ədəbi yaradıcılığa 1967-ci ildə, “İncil” novellası ilə başlayıb.

“Ailə dramının sonu” (1977), “Xatirələr kitabı” (1986), “Paralel tarixçilər” (2005) romanları yazıçını Macarıstan hüdudlarından kənarda tanıdıb.

Əsərləri bir çox Avropa dillərinə tərcümə olunub.

Milan Füst (1978), Avropa ədəbi mükafatı (1991), Frans Kafka (2003), Şandor Marai (2006) mükafatlarına layiq görülüb.

Peter Nadaş 2011, 2012 və 2013-cü illərdə Nobel mükafatına namizəd göstərilib.

 

                                     MƏNİM ÖLÜMÜM

                                             (hekayə)

Yuxudan oyananda nəsə bir narahatlıq hiss elədim. Ancaq işim çox olduğundan, fikir verməyib, evdən çıxdım. Həmin günlər hava birdən-birə dəyişmişdi – yay şəhərə soxulmuşdu.

Özümü sakitləşdirdim ki, əla havadı, ancaq bədənim sözümə qulaq asmırdı. İmkan tapan kimi, küçənin kölgəli tərəfinə keçdim.

Böyük şəhərlərdə hava qəfil dəyişəndə, fit səslərinin uğultusu kəsilmir, maşın axınında bir “təcili yardım” gözdən itməmiş, arxada başqası vıyıldayır.

Heç nə anlaya bilmirdim.

Bir müddət sonra gənc bir qadınla “Jerbo” şirniyyat mağazasının terrasında dayanmışdım. Ağ örtüyün altında bütün yerlər tutulmuşdu. İstilər birdən düşdüyündən, meydandakı çinarlar yarpaqlamağa macal tapmamışdı.

Aydın məsələdi ki, günorta günəşinin tüğyanında burada otura bilməyəcəkdim. Şirniyyat mağazasının tüstülü zalları da mənlik deyildi. Gənc xanım isə özünü günə vermək istəyirdi. Bu dəqiqələrdə heç harda, heç kimlə özümü rahat hiss eləyə bilməyəcəyimi ona necə başa salaydım? Dalğın halda ağappaq dərisinin hər hüceyrəsinə işləyən günəş şüalarından necə həzz aldığına baxırdım. Həmişəki kimi qayğıkeş, diqqətcil adam rolunu oynamağa davam edib, istidə özümü get-gedə lap qəribə hiss eləyirdim. Sanki burada deyildim, nəsə məni güclə harasa çəkib aparırdı. Mənim adımdan qadının əvvəlcədən hazırladığı ərizəyə qol çəkməliydim. Bu kağız mərmər stolun üstündə, piroq boşqabı ilə mineral şüşəsinin arasında xeyli eləcə qaldı. Gənc qadın isə günəşdən xumarlanmaq imkanını itirməkdən qorxurmuş kimi, gözlərini yumub mənə uzun-uzadı nəsə danışırdı.

Mavi rəng çəkilmiş titrəyən göz qapaqlarını utanmadan nümayiş etdirirdi.

Təyin olunmuş vaxtda stomatoloqun qəbuluna çatmaq üçün tələsməli idim.

 Həkim ağzımda qurdalanana qədər məni tər aparmışdı.

Əvvəlcə yalnız alnımı silirdim, bu da, əlbəttə, onun işləməyinə mane olurdu. Həkim ağız boşluğuma yenə bor maşını və güzgü  soxub, ağzımı geniş açmağımı xahiş etdi. Sonra üzümü, boynumu, boğazımı da silməli olanda, ağzımı geniş açmağımı tələb edən səsində bir sərtlik sezilməyə başladı. Ağzımı geniş aça bilmədiyimi görürdü. İntəhası, açıq rəngli üzlük çəkilmiş kresloya sıxılıb, bacardığım qədər buna çalışırdım. Ağ əlsilənin altındakı köynəyim tamam su idi, şalvarım da islanmışdı, ayaqlarımdan da tərin necə süzüldüyünü hiss eləyirdim. Həkimin gizlədə bilmədiyi əsəbilikdən üst dodağında tər damcılarının puçurladığını da görürdüm.

Sanki bu işgəncənin sonu olmayacaqdı.

Nəhayət, gözündən ürkəklik yağan assistent qızdan tərimi silməyi xahiş etdi.

Təkcə alnını yox, dedi, təkcə alnını yox.

Kreslodan qalxanda, yəqin, görkəmim qorxunc idi. Xudahafizləşəndə, adətən ətrafa yox, hörmətlə qarşımızdakı adamın gözlərinə baxırıq. Mən isə kabinetdən güllə kimi çıxıb, sadəcə onlardan qaçdım. Qapının ağzındakı ürəyəyatan sakitlikdə hardansa buz kimi soyuq hava əsirdi. Kül rəngdə ipək  köynəyimin az da olsa quruması üçün altıncı mərtəbənin pilləkən meydançasında, dəhlizin qapısında dayandım.

Ulayan cəhənnəm itləri heç kimə heç nə danışmamağım üçün dilimi dinc qoymağımı istəyirdi.

Səhər içdiyim qəhvədən və şirniyyat mağazasındakı mineral sudan savayı, mədəmdə heç nə yox idi, ancaq ürəyim yamanca bulanırdı. Nikotindən zəhərləndiyimi fikirləşdim. Bu haqda düşünməyə hələ vaxtım olacaqdı. Son iki həftə siqareti siqaretə calamışdım.

Yaxınlıqdakı mehmanxanalardan birinin qapıçısının yanında bir neçə kitab qoymalı, oxuyub səhər tezdən qaytaracağım səhifələnmiş materialı götürməli idim. Bir əlimlə tutacaqdan yapışıb onu tramvayda oxumağa başladım.

Oxumağıma imkan verməyib, onlar necə də ulayırlar, necə də qəzəblənirlər.

Çərşənbə gününün axşamı idi, növbəti tramvaydan enib fikirləşdim ki, zəng edib qalan işləri sonraya saxlayım. Küçəni nisbətən rahat keçdim, ancaq günün şaxıdığı səkidə donub-qaldım – yerimdən tərpənə bilmədim. Sanki dizlərim, ayağımın pəncələri yerimək üçün deyildi.

Adətən bədənimizdə hansı proseslərin baş verdiyi barədə təsəvvürümüz olmur. Şüurumu itirməsəm də, nə üçün yeriyə bilmədiyimi anlamaq gücündə deyildim. Belə şeylərin konkret bir səbəblə izah olunmadığını gözəl bilirik. Ona görə özümüzü elə göstəririk, guya hər şey qaydasındadı. Tərbiyədən gələn normalara əməl edərək, əhvalımıza məhəl qoymuruq. Bununla yanaşı, nasazlığımızın mümkün səbəblərini şıltaqcasına saf-çürük eləyirik. Bütün bunlar son dərəcə mürəkkəb məsələdi. Halım pisdi, çünki mənə istidi və bərk tərləyirəm. Daxili və zahiri dəyişiklikləri bir-birindən ayırmağa qadir deyilik. Üstəlik elə incə səbəblər olur ki, onları özümüzə deməyə cəsarət eləmirik və səbəblə nəticə arasındakı bağlılıq bizim üçün qaranlıq qalır. Son vaxtlar özümü çox yormuşam, əməllicə üzülmüşəm. Özündən soruşur ki, bəlkə, dünyada hər şeydən bezdiyinə görə tərləyir. O, başqalarının da işlətdiyi yorucu ifadələrin arxasında gizlənir.

Ruh və yaddaş olmadan öz bədənimizi dərk eləyə bilmərik.

“Qellert” mehmanxanasının yanında donub-qalmışdım və nə qədər gülməli olsa da, səkini adlaya bilmirdim.

Bədənimizin bu cür sürprizləri ilə rastlaşanda, qeyri-iradi sevinc hiss eləyirik, həyatımızın son anında yaşayacağımız təlatümlü hisslərə heyrətlənirik. Çox dözülməz ağrı idi. Ümid eləyirdim ki, heç olmasa, hamının gözü qabağında yıxılmaram. Həm də fikirləşdim, ola bilsin, aclıqdan zəifləmişəm.

Əgər pivəxanaya girsəm, boğulardım.

İkinci mərtəbədəki restoranda bir az bahalıqdı, ancaq hava orada təmizdi. Bir yandan da pilləkənləri qalxmaq lazımdı.

Bədənimin bu xüsusiyyətlərini kəşf etdiyim üçün sevinirdim, ancaq dözülməz ağrı həmin sevinci yaşamağa qoymurdu. Fikirləşdim, necə eləyim, özümü necə ələ alım ki, həm ətrafdakıların diqqətini cəlb eləməyim, həm də həddindən artıq xərcə düşməyim. Ağrının arxasınca hədsiz qorxu da hiss elədim. O, qış dumanı kimi artıb yayılırdı. Və bu qorxu bic-bic pıçıldadı: heç nə alınmayacaq, olacağa çarə yoxdu.

Maraqla onun titəli gözünə baxıb, bədənimi saran bu vahimənin, ruhumun qorxusu, başqa sözlə desək, ölüm qorxusu olduğunu anladım. Məsələ “mənimin” xüsusiyyətiylə bədənimin xüsusiyyəti arasındakı fərqdə idi.

Əlli bir yaşım tamam olacaqdı və əgər məhz bu an zirvədən uçuruma yuvarlanmasaydım, fiziki, ruhi imkanlarımın zirvəsində olduğumu deyə bilərdim.

Elə gün yox idi ki, öz əcəlimlə ölməyəcəyimi, qətlə yetiriləcəyimi, ya intihar edəcəyimi fikirləşməyim, ancaq xəstə olacağım nadir hallarda ağlıma gəlirdi, çünki mən də hamı kimi yanılırdım ki, həyəcanlarımız – bədənimizin xəbərdarlığı deyil, ruhun, əlacını tapa biləcəyimiz yeni hoqqasıdı.

Hər gün işdən sonra həyətdə qurdalanırdım – ləklərin alağını təmizləyir, toxalayır, ot biçirdim. Təbiətə daha artıq ziyan vurmamaq üçün özüm becərdiyim nemətlərlə keçinməyə çalışırdım. Çəkimin normadan iki yüz qram da artıq olduğunu düşünmürəm. Ət deyilən şeyi, demək olar, dilimə vurmurdum, meyvəyə, tərəvəzə üstünlük verirdim. Öz yaşayışımla torpağı həddindən artıq əziyyətə salmaq istəmirdim. Doğrudu, çox siqaret çəkirdim, işləyəndə də acqarına xeyli qəhvə içirdim. Son nəticədə, qənaət etməyin sərhədini nevroz təyin edir, ya əksinə, intizamın təbii sərhədləri keçirdiyin təşvişin əndazəsi ilə təyin olunur. Mən odun doğrayırdım, nəsə tikirdim, ağac əkirdim, bir sözlə, həyət-bacada bütün qara işləri görürdüm.

Həftədə ən azı dörd dəfə kross qaçır, imkan tapanda üzürdüm. Ətrafdakı kəndlərin yanından keçən yolların kənarı ilə qaçırdım. Yaz yağışının altında, qarda, rayihələrin bir-birinə qarışdığı meşədə, bədirlənmiş Ayın soyuq parıltısında gilənar ağaclarının arası ilə qaçırdım. Ən az məsafə səkkiz, ən çox isə, deyəsən, iyirmi bir kilometr idi. Ona görə, olsa-olsa, əldən düşmüş qocanın adlaya bilməyəcəyi yoxuşun qarşısında aciz qalmağımı dərk etmək qeyri-mümkündü.

Bir müddət sonra ağrı keçdi və mən yerimdən tərpəndim.

Yalnız doğma yerlərdə yox, daha uzaqlara da qaçırdım. Hava axını ilə bir yerdə özüm üçün uzaq şəhərləri, kəndləri də seçirdim. Adam, əfsanəvi stayer Lavlok kimi ayaqla yox, başla qaçanda, əzələnin fəaliyyəti tənəffüslə tənzimlənir. Tənəffüs ritmi qaçanın gördüyünü yaddaşa yazır. Və əgər onun diqqəti üfüqlə özündən üç metr irəli arasında haçalanırsa, bədənini get-gedə unudur. Göz yaddaşı cismani duyğudan güclüdü. Herbisidlər qoxuyan, gücdən düşmüş quşqonmaz boz zəmiləri ötüb Hollandiyaya qaçırdım. Şehdən islanmış xəlvət cığırları burulub Fransaya qaçırdım. Cəzasız-filansız dövlət sərhədlərini keçmək əməlli-başlı ləzzət idi.

Yeganə şəxsiyyət vəsiqəm tənəffüsüm və tərdən buğlanan bədənimdi.

Bəli, bu, şəxsən özüməm.

Pivəxanada ilk əvvəl mineral su sifariş elədim. Siqaret yandırıb, özümü elə göstərdim ki, guya tələsik menyuya baxıram. Həm də qırmızı çaxır sifariş verdim.

Dərindən bir qullab vurdum, sonra məni nəhayətsiz boz sükut bürüdü. Bu sükutla təkbətək qaldım. Onun adı təngnəfəslik idi. Siqareti söndürməyi bacardım, qoxulu külqabını da kənara itələyə bildim. Vəssalam – əməlli-başlı boşluq.

Hardasa boşqablar cingildəyir, qonşu stollarda oturanlar səmimi söhbət eləyir, cavan, kök ofisiant əlində bulyon kasası ilə önümdən keçir.

Ondan sonra stolun üstündə bir kasa isti şorba qalır.

Nə baş verdiyini anlamırsan, heç vaxt belə hisslər keçirməmisən, ancaq bunun ölüm təri olduğunu, hər halda, dəqiq bilirsən. Alışıb-yanan bədəninə buz kimi tər gəlir. Bununla belə, ətrafda heç nəyin dəyişmədiyini görürsən və başa düşürsən ki, sənin qavrayışınla ətrafdakıların qavrayışı arasındakı fərq düşündüyündən də çoxdu.

Elə hisslər keçirirəm ki, onlar başqalarına yox, yalnız özümə aiddi.

Səhər onlardan bir xeyli uzaq idim, indi belə görünür, daha uzağam.

Onların buz bağlayan bədəni içəridən od tutub yanmır.

Mənə tamam yad adamların bu qədər yaxın olduqlarını heç vaxt fikirləşməzdim, ancaq indi gözümü ölüm qorxusundan bərəldib başa düşürəm ki, hər an özümüzü başqaları ilə müqayisə edib, onların köməyilə öz halımızı müəyyənləşdirir, ovqatlarını isə öz üzərimizdə hiss edirik.

Başımı isti şorba kasasının üstünə əyib, ağ süfrə ilə örtülü stolun arxasında bir xeyli hərəkətsiz oturdum.

Sakit idim, şüurum ayağımdan saçıma qədər hər şeyi sarmış ölüm qorxusundan xəbərdar idi. Əlbəttə, kiminsə köməyimə gələcəyinə etiraz etməzdim. Ancaq hanı o “kimsə”? Sağ çiynimdə və kürəyimin altında zoqquldayan ağrı məni elə ovsunlamışdı ki, ətrafdakılardan kiməsə müraciət eləyə bilmirdim. Yəqin, sümük ağrısı məhz bu sızıltıya deyirlər. Ağrı sümüklərimdən gəlmirdi, əksinə, bədənimin hansısa dərinliklərindən sümüklərimə keçmişdi. Bununla belə, sirli yollarla keçərək bədən üzvlərini bürüyən əsəb sonluqlarına toxunmamışdı.

Elə bil bəzi yerlərdə birbaşa sümüküstü toxumalara toxunmuşdu.

Əslində yalnız tac damarlarının bəzi şaxələrində tıxanmalar və spazmalar səbəbindən qan dövranı pozulmuşdu.

İnildəməmək, ulamamaq üçün diqqətimi başqa adamların ağrısız həyatında cəmləməyə çalışdım.

Pivəxananın qapı-pəncərələri taybatay açıq idi, ağ pərdələrin mehdən necə qabardığını, titrədiyini gördüm.

Müştəri az idi. Onlara baxanda cismani ağrını, cismani qorxunu hiss etməməyin öhdəsindən gəlməyi bacardım. Baş ofisiant titrəyən ağ pərdələrin fonunda donub-qalmışdı. O da özünəməxsus tərzdə başqalarına nəzarət eləyirdi. Mənim nə üçün şorbaya toxunmadığımın səbəbini tapmalıydı. Ancaq üzünü döndərməyə üstünlük verdi.

Bir udum su içmək üçün də hava lazımdı. Bu, məndə alınmırdı. Partlayan qaz qovuqcuqları udqunmağıma mane olurdu. Kəsilmiş toyuğun və ütülmüş tüklərin şorbadan gələn qoxusu ürəyimi bulandırırdı. Çaxırın mənə kömək etdiyini indi artıq başa düşürəm. O, mantar və çəllək qoxusu verirdi, əslinə qalsa, onu tüpürmək, ya geri qaytarmaq lazım idi, ancaq şorbadan, sudan çox, çaxırdan qurtum almağı bacardım. Bir azdan çaxır tac damarlarımı genişləndirdi, ürək əzələlərim azacıq oksigen ala bildi.

Korrektura vərəqlərini çevirdim ki, şorba soyuyana qədər ölüm təri və ağrı barədə fikirləşməmək üçün düzəlişlərlə məşğul olum. Ancaq gözlərim sözümə baxmırdı – başqa səbəbdən ola bilməzdi, yəqin, eynəyə nəsə olmuşdu. Hərflər, sətirlər bir-birinə qarışırdı, ala-bula ləkələr kimi görünürdü. Nə özümü toplamağım, nə ruhi xəstə kimi eynəyin şüşəsini tez-tez silməyim kömək eləyirdi.

Mən öz xasiyyətimin girovuna çevrilmişdim.

Bir az sonra yaxamdan əl çəkməyən bir istəyimi də yerinə yetirdim – sakitcə, heç kimin diqqətini çəkmədən qalxıb, inamlı addımlarla tualetə gedərək, güzgüdə özümə baxdım. Nə baş verdiyini görmək istəyirdim. Dözmək lazım idi. Ancaq güzgüdə vur-tut kiminsə özünə baxdığını görə bildim. Və məni, güzgüdəki adamı özümə oxşada bilməməyim yox, onun sifətinin kül rəngi heyrətləndirdi. Hər ehtimala qarşı, tavana baxdım ki, bəlkə, neon işığına görə mənə belə gəlir. Gördüklərim hiss etdiklərimə, hiss etdiklərim gördüklərimə uyğun gəlmirdi, işıq isə nəsə izah etmək üçün çox bayağı səbəbdi. Bu ikiləşmədən başım gicəlləndi. Rəngi qaçmış sifətimdə tər yox idi. Güzgüdə öz əksimdən başqa heç nə görə bilməsəm də, bu adam mən deyildim.

Son dərəcə qəribə idi ki, qapılar, pəncərələr taybatay açıq olsa da, mənə elə gəlirdi, qapalı otaqda hava zaldakı qədərdi.

Sanki burnum tutulmuşdu, amma ağzımla da nəfəs ala bilmirdim.

Kranı açdım, burnumu bərk-bərk silib, üzümə su vurdum. Yenə özümü güzgüdəki adamla müqayisə eləmək istədim. İslanmış sifətdə öz cizgilərimi sezə bildim, di gəl, onu hardansa uzaqlardan seyr edirdim.

Hava yox idi.

Buna baxmayaraq, yerimə rahat gəlib çatdım. Fikirləşdim ki, pərdələr yellənirsə, niyə havam çatmır, bu hava hara yoxa çıxır? Məsələ onda deyildi ki, nəfəs almırdım. Yox, nəfəs alırdım, ancaq, görünür, hərəkət etmək üçün havada kifayət qədər oksigen yox idi. Hətta beynimdən keçdi ki, yenə heç nəyin ölçüsünü bilmirəm. Bəlkə, kainatda fövqəladə nəsə baş verib? Əgər öz duyğularıma fikir verməmək qərarına gəlmişdimsə, belə çıxır ki, indi, doğrudan da, ölçü hissini itirmiş bir adamam. Baxışlarımı gözə görünməyən hava kütləsinə zillədiyim vaxt onun çatışmazlığı səbəbindən sifariş elədiyim qızardılmış şampinyonu yeyə bilməyəcəyimi anladım.

Baş ofisiant hələ də qabaran ağ pərdələrin arasında, güzgü kimi parıldayan taxta panelin fonunda eləcə dayanmışdı. Burada boş yerə vaxt itirmək mənasızdı. Onu çağırmaq üçün çətinlik çəkmədən əlimi qaldırdım.

Ancaq hava olmadığından, onu gözləməməyi qərara alıram. Bilmirəm, ayağa qalxmağı bacaracağammı? Aydın oldu ki, bacarıram, özü də çox asan. Qəzetləri, korrektura səhifələrini, eynəyimi, qələmimi səliqəylə yığdım. İndi mənim üçün maraqlı idi, görüm, bu cür oksigen qıtlığında ofisianta qədər yeriyə biləcəyəmmi və soyuq tərin çəngində hesablaşıb, küçəyə – havaya çıxmağa taqətim çatacaqmı. Ofisianta qədər elə də çətinlik çəkmədən getdim: buyurun, bu da hesab və nəzakətlə izah etdim ki, daha qala bilmirəm, özümü nəsə pis hiss eləyirəm. Onun gözlərindən qorxu oxundu, üzümə, yerişimə baxanda hiss elədikləri, heç şübhəsiz, indi ona çatdı.

Onun gözü qabağında huşumu itirəcəyim fikrindən dəhşətə gələn ofisiant vurnuxdu; bircə o qalmışdı ki, pivəxanada gəbərə, yox, yaxşısı budur, qoy küçədə gəbərsin. Qorxu, qalmaqaldan qaçmaq istəyi onu çaşdırmışdı. İstədi hesablasın, ancaq titrəyən barmaqları kalkulyatorun klavişinə zorla toxunurdu.

Bayır elə də havalı deyildi, ancaq genişliyə çıxdığıma, nəhayət, başqalarından canımı qurtardığıma sevinirdim. Di gəl, elədiklərimin hamısı əslində onların xatirinə idi. Ömrünün ilk on ilini qayğı və sevgidən məhrum olmaq qorxusundan insan öz cismani varlığının qalmaqallı təfərrüatlarıyla başqalarını yükləməməyə öyrəşir. Vəzifəmin öhdəsindən gəlmişdim, tamaşa baş tutmuşdu və özümü qalib kimi hiss eləyirdim. Bu səbəbdən duyduğum sevinc, şüurumla duyğularım arasındakı məsafənin nə qədər böyük olduğunu mənə xatırlatdı.

Beləcə sevincək halda özümdən kənarda dayanmışdım.

Bununla belə, bədənimi bürüyən soyuğu qətiyyən azaltmayanqurğuşun kimi ağır, isti püskürən bozumtul substansiyanın arasından keçib hərəkət eləmək lazım idi.

Meydanın hay-küylü qələbəlik tərəfindən əks tərəfə keçib, iyrənc görkəmli sarı taksiyə minməyi bacardım. Tər qoxusu, ucuz tütün iyi salonu başına götürmüşdü. Sürücünün tüklü sifətindən pintilik yağırdı. Oturacağın yırtıqlarından çıxan yaylar adamın, az qala dalını deşirdi. Şüşəni aşağı salmağı bacardım, intəhası, dəstək əlimdə qaldı. Onu birtəhər yerinə soxdum. Hava artmasa da, külək, heç olmasa, üzümü, boynumu, köynəyin düymələrini açdığımdan sinəmi bir az sərinlətdi. Hərdən-hərdən ürəyim bulanırdı, amma son anda öyüməyimi saxlaya bilirdim. Adətən axşamlar qələbəlik olsa da, sürücü taksini qovurdu. Mən isə evə mümkün qədər tez çatmaq üçün onun daha bərk sürməsini arzulayırdım. Ya da nəyəsə çırpılaydıq – qoy gurultu qopsun, dünya qaranlığa qərq olsun.

Hesablaşıb düşəndə yüngüllük duydum, yenə birtəhər canımı qurtarmışdım.

Ehmal hərəkət eləyirdim; sürücünün heç nə duymamasını bacardım.

Beləcə həyətdən keçə bildim, qonşu qadınla elə salamlaşdım ki, məni söhbətə çəkmək həvəsi olmasın və çətinliklə də olsa, ikinci mərtəbəyə qalxıb, lazım olan açarı axtarıb tapdım.

Halımın pisləşməsinə baxmayaraq, günəşin qızdırdığı sakit mənzildə özümü təhlükəsiz hiss elədim. Sığınacağın etibarlılığı havadan vacibdi. Hamıdan, hər şeydən uzaq olmaq. Necə olsa da, insan öz xüdbinliyiylə barışmır, başqa sözlə desək, öz heyvani hisslərindən yüksəkdə dayanır. İndi mən heç nə barədə düşünmürdüm. Hava yox idi. Hətta düşünməli olduğum adamlar haqqında da düşünmürdüm. Ölüm ayağında insan, doğrudan da, tək qalır, ancaq bu, onun gözəlliyidi.

Hansısa qüvvə içəridən köksümü parçalamaq, kürəyimi dartıb çölə çıxartmaq istəyirdi, sanki bu qədər illər ərzində adi bir həyat yaşayan adam birdən qanad çıxarmaq fikrinə düşmüşdü. Hər halda, ölümdən əvvəl, başqalarının xatirinə, ölümqabağı tərimi silmək istədim. Bunu da bacardım. “Başqaları” indi mənim üçün konkret adı olan konkret adamları əvəz eləyirdi. Ağrı kəsmirdi, çiyinlərim də bərk ağrıyırdı, buna baxmayaraq, duşdan sonra özümdə güc hiss elədim. Yəqin, yığılmış səhifələri oxumağı bacaracaqdım. Nəyə görəsə mənim üçün hər şeydən vacibi bu korrektura idi – təki mən ölənə qədər hazır olaydı. Məni tapacaq adamların xatirinə təmiz alt paltarı da geyindim.

Mənzildə əvəlki kimi yenə hava çatışmırdı.

Dincəlmək üçün divana uzandım, ancaq bu vəziyyətdə çox duruş gətirməyəcəyimi bilirdim. Yumşaq məxmər havanı daha da azaltdı. Ancaq hərəkətsiz uzansaydım, bir müddət üçün kifayət eləyərdi.

Yuxuya getməzdən əvvəl fikirləşdim ki, oyananda hər şey qaydasında olacaq və səhifələrdə düzəlişləri rahatlıqla eləyə biləcəyəm. Əgər dözülməz təngnəfəslik olmasaydı, bu fikirlə də yatacaqdım. Həyat əhəmiyyətli funksiyaları bədənə cüzi miqdarda oksigen çatacaq minumuma endirmək olmurdu. Ürək çatışmazlığından qəfil ölümə prinsipcə etiraz eləməzdim, ancaq aydın idi ki, həkim yardımı olmadan bu davamlı ağrıya və artmaqda olan oksigen qıtlığına tab gətirə bilməyəcəyəm.

Daha yetər, bu ucuz məzhəkəyə son qoymaq istəyən adam kimi öz-özümə dedim.

Nahardan sonrakı yuxunun məni infarktdan xilas etməyəcəyini anlamağa məcbur idim. Buna baxmayaraq, tələsmirdim – axı ölümdən qorxmurdum, ondan yalnız bədənim qorxurdu, özüm isə sadəcə ağrıya, təngnəfəsliyə dözə bilmirdim. Fikirləşmək olar ki, cismani duyğuların telləri şüurumuzun olduğu yerə bağlanıb. Ancaq o, bu cür ağrı ilə mühakimə yürütmək gücündə ola bilərdimi? Gizlincə ümid eləyirdim ki, bir az da dözsəm, tale məni ani ölümlə mükafatlandırar və gərəksiz təlaşdan canımı qurtararam. Pəncərəni açmaq üçün divandan qalxıb, havasız otaqda birtəhər ayağımı sürüdüm. Bunu bacardım. Bədənimə qəyyumluq edən “başqam” mənim əvəzimə diaqnozun doğruluğuna əmin olmaq üçün iki cəhd də eləmək istədi. Doğrudan da, pəncərəni açandan sonra hava çoxalmadı, əksinə, azaldı. Yeridiyim zaman nə qədər enerji sərf etmişdimsə, o qədər.

Problem çətin, ya dərindən nəfəs almağımda deyildi, bunu bacarırdım.

Mən dərindən gələn tövşüməyimi, xırıltılı nəfəsimi eşidirdim.

Havada hava yox idi və problem, bax bunda idi. Havanın miqdarı dəyişmirdi və bu faktı şüurum heç cür izah eləyə bilmirdi. Hava həyati ehtiyacımı ödəmək üçün açıq-aşkar kifayət etmirdi. Ona görə vəziyyət aydın olmurdu. Ağ ciyərim nə qədər gərgin işləyirdisə, ürəyim o qədər bərk döyünür, hava mənə bir o qədər az çatırdı. Bu, tamamilə yeni təcrübə, demək olar, kəşf idi. Küçədəki adamlara göz qoyurdum. Onların havası çatırdı. Onlar havanın yerimək üçün nə qədər lazımdısa, bir o qədər olduğunu bilmirdilər.

Mənim “başqam” heç də sadə olmayan bu məsələni aydınlaşdırmağı qərara aldı.

Sarı dərman qutusunda, xırda şüşədə bir neçə qaralmış həb tapacaqsan. Ölüm qorxusu şüurumda deşik açıb, bunu xatırlamağıma imkan verdi. Əgər həblər təsir etməsə, həkimə müraciət etməyə dəyməz. Məsələ onda deyildi ki, əşyalar, hadisələr, kənar adamlar gözümdə reallıqlarını itirmişdilər. Dərmanı çətinlik çəkmədən tapıb dilimin altına qoydum. Peşəkar nöqteyi-nəzərdən tamamilə vacib olan ikili baxış mənim qavrayışımda çox vaxt qarışıqlıq yaradırdı, ona görə həmişə duyğularıma inamsız yanaşırdım. Dilin kökündə damarları genişləndirən nitroqliserinin divarlarından asanca keçdiyi iri qan damarı, vena linqualis, yerləşir. Həb əriməyə macal tapmamış, təsiri bütün şübhələrimi dağıtdı. Təngnəfəslik azaldı, bədənimdə daha buz zirehi yox idi.

Ağrı isə həmişəki kimi qalırdı.

Saata baxanda səkkizə on dəqiqə işləmişdi, bu da məni heyrətləndirdi – belə çıxırdı ki, az qala bir saat yatmışam.

Nəbzimi tutdum, ancaq saymaq istəmədim.

Ağrını hiss etmək üçün, hələ ki, hava kifayət qədərdi, hələ ki, huşumu itirməmişəm, həkimin səkkizə qədər qəbul etdiyi küçənin o üzündəki poliklinikaya, bəlkə, özümü çatdıra bildim.

Burada yeni fəsli başlaya bilərik.

Damcısalanı mənə elə “təcili yardım”da qoydular və maşın həyəcan siqnalı verə-verə Müqəddəs İohann xəstəxanasına tərəf şütüdü.

Başqa dərmanları qatışdırıb, infiziyanın köməyilə xəstənin ağrısını kəsmək, qorxusunu götürmək, trombdan, spazmadan tıxanmış tac damarlarını genişləndirməyə çalışırlar. Həkimlərə buna görə yalnız “sağ ol” demək olar. Di gəl, ölümün nədən – infarkt, ya onların müalicə səbəbindən baş verdiyini heç də həmişə qabaqcadan bilmək olmaz.

Ölümün nədən baş verdiyinin, prinsipcə elə bir fərqi yoxdu, intəhası, insan əxlaqı baxımından heç də elə deyil.

Moskva meydanında tıxaca düşdük, hərəkət dayandı, böyük avtomobil tıxacında həyəcan siqnalının mənə görə, belə var gücü ilə çalmasında təsəlliverici bir şey yoxdu. Zənnimcə, həyəcan siqnalı artıq, lazımsız şeydi.

Hələ ki, şüurum aydındı, böyük bədbəxtlik ola bilməz.

Tac damarlarında qan yaxşı işləməyəndə, ürək əzələləri oksigen azlığı hiss etməyə başlayır. Məni “təcili yardım”da müşayiət eləyən cavan həkim qadın bütün yolboyu özü haqqında danışır, nəsə izah eləyirdi. Görünür, başımı qatmaq istəyirdi. Həkim ürək əzələlərinin necə öldüyünə, əlini əlinin üstünə qoyub sakitcə baxa bilməz. Bədənində nə baş verdiyini vecinə almadan öz işinlə məşğul olduğun vaxt, ürək əzələləri gün ərzində qırx min dəfə sıxılıb-açılmalıdı. Məni həyəcanlandırmamaq üçün o, nəsihətverici tərzdə mehribancasına danışırdı. Ancaq özümü sakit aparmağımda bir təhlükə gizləndiyini də görürdü. Hamı öz qaydasında, həmişəki kimi yeriyirdi, sən isə onların arasında zorla ayaqlarını sürüyürsən. Belə dəyişiklik təşvişə düşmək üçün kifayət qədər əsas verirdi. Tamamilə kənar adam döş qəfəsində nələr baş verdiyini sənə izah eləyir, səninsə bunlar ağlına belə gəlmir.

Tarnok küçəsinin qarşı tərəfinə keçmək asan olmadı.

Sanki dünya hava ilə doludu, səninsə ciyərinə çəkməyə havan yoxdu.

Yol məni elə yordu ki, nəhayət, küçəni keçəndən sonra evlərin divarından tuta-tuta yeridim.

Xoşbəxtlikdən, heç kim buna fikir vermədi. Ya da kömək eləməmək üçün özlərini görməzliyə vurdular. Mərhəmət hər adama günün istənilən vaxtında göstərilə bilən xidmət deyil. Özün kimilərin arasında yaşamaq, hər halda, qəribə haldı.

Mənim başqa adamlarla əlaqəm, demək olar, tamam kəsilmişdi.

Hissi idrak yalnız o vaxt şüurumuzda iz buraxır ki, öz təcrübəmizi başqalarınkı ilə müqayisə edib refleks şəklində yaddaşımıza həkk edirik.Hamı böyrümdən ötüb harasa tələsirdi. İnsan laqeydliyinin zülmətində şüurum qənaət rejiminə keçdi, ona görə həkimin qəbuluna necə gedib çatdığımı xatırlamıram.

Nə qədər çox səy göstərirdimcə, zülmət bir o qədər qatılaşırdı və yalnız düncəlmək üçün dayananda, az-çox seyrəlirdi. Tozlu, isti, qırmızı qürubun doğma şəhərin üzərində necə söndüyünü gördüm. Özünümüdafiə sisteminə malik olan şüurum olan-qalan gücümü qənaətlə sərf eləyirdi. Çətin vəziyyətlərdə bədən şüuru vahiməyə salmamalıdı və bir az əvvəl həyatımın təhlükə altında olduğundan məni xəbərdar edən ölüm qorxusu düzgün hərəkət edərək geri çəkildi.

Divardan tuta-tuta yerimək ağıllı iş idi. Yoxsa bu qatı zülmətdə azardım. Yolun sonuna çatmaq, əlbəttə, elə də asan deyildi. Hövsələsizlik etmədən ayağımı sürüyürdüm və hara, nə üçün getdiyimi hətta düz-əməlli xatırlamırdım da. Bununla belə, hələ ağrı haqqında heç nə deməmişəm, ancaq nə deyə bilərdim ki? Hər şey damarların daralma dərəcəsindən, onların qankeçirmə qabiliyyətindən asılıdır.

Damarları müxtəlif üsullarla, müxtəlif dərmanların köməyilə genişləndirmək olar. Onlardan biri damcısalan vasitəsiylə yeridilən streptokinazadı. Həm də həkimlər – bu gözəl adamlar yaxşı bilirlər ki, bədən müəyyən hallarda onun xilası üçün edilən cəhdə  allergiya şoku ilə reaksiya göstərir. Mənimlə də məhz bu, baş verir. Qan təzyiqi sürətlə düşür.

Nəticədə tac damarlarda qan dövranı dayanır.

Oksigendən məhrum olan ürək əzələləri yaxşı yığılmır, deməli, qanı vurmur. Ürəyin normal fəaliyyəti pozulur, səyrici aritmiya başlayır. Buna qədər ürək ritmini diktə eləyən, hər kəsdə özünəməxsus olan sinus düyünü tədricən yavaşıyır və ürək, ən yaxşı halda, öz fəaliyyətini müvəqqəti dayandırır. İnsan adi qavrayışını itirir, ancaq həkimlərdən fərqli olaraq, huşunu itirdiyini deməzdim. Yox, huşum üstümdə idi, özü də həmişəkindən yaxşı.

Və əslində haqqında danışmalı olduğum çox maraqlı, fantastik nə isə məhz bu yerdə baş verməyə başlayır.

Nə isə başlayır, onu sözlə ifadə etməyə çətinlik çəkirəm, çünki ölümqabağı vaxt məfhumu, əslində şərtidi. Görünməz əl böyük elektrik açarını işə salır. Ancaq görmə qabiliyyəti, qavrayış, idrak bundan sonra heç də yoxa çıxmır, itirilmir. Sadəcə onlar paralel hərəkət edərək, yeni təəssüratları artıq şüurun vərdiş etdiyi şərti vaxt ardıcıllığı ilə bir-birinin yanına düzə bilmirlər.

Kainatda zamansızlıq hökm sürür. Bu təəssüratları kosmik adlandırardım.

Şüur onu elə asanlıqla qəbul edir ki, tanımaq bir yana, sanki onu haçansa artıq yaşayıb. Bu yeni bilgi sayəsində nə vaxtsa şüurda iz qoyan kiçik, nizamlı zaman kəsikləri – xronostrukturlar görünməyə başlayır. Onlar ayrılıb zamansızlıq boşluğunda asılı qalır. Keçmiş təəssüratlar planetlərin kölgəsi kimi səninlə yanaşı uçur.

Səni bürüyən qaranlıq hələ zülmət deyil. Qaranlıq qəribə, abstrakt tərzdə sayrışır. Əşyalar, siluetlər daha mövcud deyil, yeganə qavranan obyekt kimi öz düşüncən qalır.

İşığın olması daha çox məhrəm duyğudu, insan öz düşüncələriylə onun içində sərbəst uçur. Hər halda, o, mənim üçün gözlənilməz deyildi.

Bunu məkan adlandırmağa cürət etməzdim. Tərk etdiyim ömrümü onun zaman ahəngi ilə birlikdə, hüdudsuz zamansızlıq boşluğunda gördüm. Gör ha, öz evim kimi haraya qayıtdım. Artıq heç nə hiss eləməsəm də, həyatda yaşadığım bütün duyğular, hisslər özünün dadı, qoxusu ilə  heç yerə yoxa çıxmamışdı. Lamisə, iy duyğusu, dad itmişdi, böyük sensuallıq yarmarkası sona çatmışdı. Ancaq qavrayışım, qabiliyyətim azalmamışdı. Mən görürdüm. Xatırlayırdım.

Bədən hissiyyatından məhrum olan şüur öz sonuncu obyekti kimi düşüncə mexanizmini mənimsəyir.

Sanki təfəkkür aparatım ömrüm boyu boşluğa üz tutubmuş, ancaq bu kosmik təəssüratı bütün ciddiliyi ilə dərk etməmişdim.

Görmə qabiliyyətim daha zaman və məkan sərhədi tanımırdı. Həyat təfsilatlarım mənim həyat tarixçəmlə heç cür uyğun gəlmirdi. Çünki belə tarixçə yoxdu, heç vaxt da olmamışdı. Bu da məni xeyli təəccübləndirdi.

Özümə dedim: bütün ömür tarixçəmdə həmin təfsilatlara, demə, buna görə cidd-cəhdlə yer axtarırammış. Onlar axtardığım zaman və məkan hüdudlarında deyilmişlər. Ömrün başlanğıcı doğuş, sonu ölüm deyil, ona görə detallardan qurulmuş bütöv ömür ola da bilməzdi. Mən detalların nizamsızlığının hökm sürdüyü səhnəni tərk edirəm. Müxtəlif yerlərdə və müxtəlif vaxtlarda baş verən hadisələri dərk edib qiymətləndirən şüur isə sonsuzluğa bağlıdır. Təbii qəbul etməli olduğumuz bu şeylər də məni heyrətləndirdi. Yəni əvvəl bildiklərimi təzədən başa düşdüm. Ölümün astanasına çatıb özümə dedim ki,  mən maddi varlığımı, onun mexanizminin bütün giriş-çıxışı ilə bütövlükdə dərk edirəm, çünki dərketmə prinsipcə zaman və məkan ölçülərindən asılı deyil. Deyəsən, Rilkenin bizim arxamızda dinməzcə dayanan mələklər haqqında danışanda nə demək istədiyini qəfil anladım. Bu hissi qavrayış indi xoşbəxtcəsinə qayıtdığım yerə aiddi.

Baxışlar məni ötürür.

Birdən hiss elədim ki, görürəm, eşidirəm, ancaq imkanları məhdud olan fiziki varlığım hər şeyi fərqli qavrayır.

Sonuncu fikir bir anda bütün şüuruma nüfuz edir.

İdrak bütün reflekslərinin köməyilə prinsipcə ölüm adlandırıla biləcək nəsnəni dəyərləndirməyə çalışır, ancaq bunu başqalarının təcrübəsi ilə müqayisə etmək mənə artıq qismət olmayacaq. Həyatda elə bir predmet yox idi ki, cismani yaxınlıqdan ala biləcəyim həzzi mənə hiss etdirə bilsin.  Əslində bunu heç duymadım da. Son təcrübəmi heç kimlə bölüşə bilməməyim indi mənə əyləncəli və simptomatik görünürdü. Bütün həyatım – duya bildiyim vur-tut bir neçə xoşbəxt an idi, onu yaşamağı çox istəyirdim.

Bunu dərk edən kimi ürəyimə damdı ki, bu, indi baş verəcək.

Onu da düşünməyə macal tapdım ki, məndəki “mən” vücudsuz halımda necə idisə, yenidən o şəklə düşəcək və sonrakı qeyri-maddi halımda da eləcə qalacaq. “İndi” və “baş verəcək” sözlərinin mənim öldüyümü bildirdiyini başa düşürdüm, eyni zamanda dirilərin necə peşəkarcasına, cidd-cəhdlə məni öz bədbəxt cəmiyyətlərində saxlamağa çalışdıqlarını görürdüm.

Ancaq bəzi vacib təfərrüatları izah etmək üçün əvvələ qayıdaq. “Təcili yardım”ın həkimləri məni venama sancılan damcısalanla bir yerdə təkərli xərəyə qoymaq üçün qoxuyan iri zibil qablarının arasından keçirib, alaqaranlıq dəhlizə apardılar.

Onlar qaranlıqda bir xeyli qışqırsalar da, xəstəxanadan heç kim çıxmadı. Plastik paketi saxlamaq üçün kimsə başımın üstündə dayanmışdı. Dəhlizdə bir neçə adam vardı, pis qoxulu ucuz tənbəki çəkən əldəndüşmüş qocalar gözlərini mənə zilləmişdilər. Onların yorğun sifətində parıldayan gözlərindən güc-bəla ilə sağ olduğumu anladım.

Kar adamla danışırmış kimi, kimsə bərkdən soruşdu ki, “ona nə olub?”

– Necə yəni nə olub, görmürsən infarkt keçirib, – kar cavab verdi.

– Elə danışırsız, guya özünüz bura infarktla düşübsüz, – başımın üstündəki adam əsəbi tərzdə dilləndi.

– Sizin də başınıza gələr, heç şübhəniz olmasın. Barı mənimlə belə danışdığınıza görə utanaydınız.

Onlar bir müddət böyrümdə dinməzcə fısıldadılar, sonra başqa mövzuya keçib, bir-birinin sözünü kəsə-kəsə qışqırmağa başladılar.

Az sonra yekə bir xiyarı xartıldada-xartıldada, qısa ağ xələtdə boy-buxunlu, boyalı sarışın qadın peyda oldu. Saçını ayırdığı yerdən yenicə çıxmış qara tüklər görünürdü, yeməkdən dodağının boyası yayılmışdı, iri əlləri var idi, dırnaqlarının lakı çatlamışdı. “Təcili yardım”ın həkimləri uzaq küncdə gülə-gülə nəsə danışdıqları vaxt cüssəli qadın xiyarı xartıldada-xartıldada təkərli xərəkdən yapışıb, məni könülsüz halda iri zala apardı.

Təkərli xərək qapıya, ya divara toxunanda, “damcısalanı bərk tutun” deyə qışqırırdı.

Zalın ortasında dayananda, tibb bacısı dedi ki, “cənab Pödreş, palataya qayıda bilərsiz”.

Qocadan məhlul paketini alıb, stolun üstünə atdı.

– Sağ olun ki, kömək etdiniz, əhsən.

Ardınca da qocanın əlində tutduğu pencəyimi stolun üstünə atdı.

– Pijamanıza nə olub, yenə islatmışınız. Yazıq qızınız alt paltarınızı dəyişməkdən bezib, hamısını batırıbsız.

Və onlar gülərək uzaqlaşdılar.

Kip çəkilməmiş yaşıl pərdələrin arxasında hansısa adamlar xırıltı-fısıltı ilə, ya bərkdən inildəyərək öz talelərini gözləyirdilər.

Tozlu, böyük pəncərələr bağlı idi. Onların birindən uzun dəmir borusundan fışıltı ilə buğ çıxan qazanxana görünürdü.

Neon lampasının solğun işığında iki boş çarpayı gözümə dəydi.

Hava yox idi.

Cüssəli tibb bacısı geyilməkdən genəlmiş bozumtul çəkələklərini sürüyə-sürüyə zala qayıtdı, pencəyimi götürüb, heç nə demədən yoxa çıxdı.

Nəsə fikirləşmək, hiss eləmək halında deyildim, yalnız hara düşdüyümü anlayırdım. Yaşıl pərdələrin arxasında məlumatları qeyd edən, dərman maddələri, kağız, mürəkkəb verən köhnə aparatlar titrəyir, fısıldayırdı.

Cüssəli tibb bacısı ayaqlarını sürüyə-sürüyə geri qayıtdı, sonra mənim pencəyimlə pərdələr dolanbacında itdi. Ordan deyindiyi eşidildi: “Bu xarabada asılqan da tapılmır”. Sanki öz-özünə deyinirdi, guya onu heç kim eşitmirdi: “Hamınızı iti qovan kimi qovmaq lazımdı”. Əslində onun sözləri mənə aid idi, bu aydındı, məni xəbərdar edir, eyhamla bildirirdi ki, burada gün-güzəranım bir şey olmasa da, mənə iltifatla yanaşacaq. Sadə, köntöy adamlar öz rəğbətlərini çox vaxt bu cür ifadə edirlər. O, şkafların dəmir qapılarını çırpıb, yenə uzaqlaşdı. Bütün bunları görüb- eşitməmək üçün gözlərimi yumdum.

Kiminsə mənə zillənən baxışlarından diksindim.

O, təkərli xərəyin yanında dayanmışdı; balaca və arıq, sanki uşaq idi. Xələtinin açıq yaxasından ağ şalvar-köynəyi görünürdü, ancaq paltarı bədəninə boş dururdu: arıq əllər, nazik ayaqlar, xırdaca qarın. Neon işığında başı bilyard şarı kimi işıldayan bu adam maraqla məni süzürdü və onu gördüyümdən utanıb-çəkinmirdi, çünki uşaq kimi sadəlövh gözləri sanki kabusa, ya hansısa əşyaya baxırdı. Həyəcanlı idi, vəhşi heyvan kimi səksəkəli gözləri döyükürdü, bilmirdi gördüyünə inansın, ya ilk təəssüratına. Dua etməyə hazırlaşırmış kimi, həyəcandan əllərini ağzına apardı. Quş vücudundan, nazik, əyri burnundan, uzun, incə barmaqlarından tərki-dünyalıq yağırdı, ancaq gördükləri qarşısında həyəcanını da gizlədə bilmirdi. O, dərhal məndə qorxu oyatdı. Nəyə görəsə mənə gündə iki-üç dəfə sürüdən qovulan vəhşi heyvanı xatırladırdı.

Pencəyim üçün, axır ki, asılqan tapan cüssəli tibb bacısı çəkələklərini sürüyə-sürüyə zala girəndə, həkim qorxmuş halda ona yol verdi.

– Narahat olmayın, sizin paltarınızı şkafa qoyub, ağzını bağlayacağam, – tibb bacısı dedi, sanki paltarlarım oğurlandığı halda, təqsirkar olmayacağına məni inandırmaq istəyirdi. – Belə bahalı pencəyi, – o, etiraf etdi, – harasa, necə gəldi atmaq olmaz. – Həm də əlavə etdi ki, məni elə səliqə ilə soyunduracaq, heç ruhum da inciməyəcək.

O güldü:

– Burada yağ içində böyrək kimi olacaqsınız – və dəhlizə baxıb, heç nə əlavə etmədən qışqırdı. Hövsələsiz tərzdə bir neçə dəfə hansısa qadını səslədi, ancaq gələn olmadı. – Damcısalanı da rahat taxacaqlar, – dedi.

Sonra pencəyimin hansı parçadan tikildiyini soruşdu. Ona cavab verə bilərdim, intəhası, “ipək”, “kəşmiri” sözləri mənə o qədər mənasız göründü ki, bu barədə təsəvvürüm olmadığını deməyə üstünlük verdim. Nəhayət, kimsə gəlib başımın üstündəki damcısalanla əlləşməyə başladı. Onlar köynəyin qolu altından plastik paketi, doğrudan da, rahatca açdılar, bunu eləyə-eləyə də cüssəli tibb bacısının çağırışına gəlməyən qadını hirslə yamanladılar. Bura üçün münasib olmayan ensiz çimərlik tumanından savayı, əynimdə heç nə saxlamadılar. Qol saatımı da açdılar.

– İndi özünüzü toparlayın, cüssəli tibb bacısı qışqırdı və gözümü qırpmağa macal tapmamış məni xəstəxana çarpayısına qoydular.

Çarpayıya sərilib qalmışdım. Bayırda buğ fışıldayırdı. Əşyalarımı aparmışdılar. Damcısalandan bədənimə səssizcə məhlul axırdı.

Saat doqquzun yarısı olardı.

Səslərin bu cəhənnəm ahəngsizliyinə necə dözüm? Ey rəvayət ilahəsi Polimniya, rəhm elə, qoy Stiks çayını rahat keçim.

Daldalanacaqda məqam güdürmüşlər kimi, gözlənilmədən dəhlizdən, yaşıl pərdələrin arxasından adamlar çıxdı. Biri də buna qədər sezmədiyim yan qapıda göründü. Onlar yarlıq yapışdırılmış sınaq şüşələrinə analiz üçün götürdükləri qanla məni əməlli-başlı haldan saldılar. Biləyimə, sinəmə elektrokardioqrafiya şnurlarının uclarını yapışdırdılar. Plastik məhlul paketlərini flakonla əvəzlədilər. Qoluma manjet keçirib hava vurdular. Fiziki varlığıma məftun olmuş itigözlü həkim, arxasınca da – ehtiramla arada məsafə saxlayaraq – qarasaçlı oğlan zala daxil oldu. O, mənə sarı əyiləndə, yağlı qara kəkili alnına düşdü. Oğlanın boğazının altında, enli almacıq sümüklərinin üstündə cod tüklər işıldayırdı, burnundakı xırda məsamələr qaramtıl piylə dolu idi. Gələnlərdən biri ürəyimə qulaq asmaq üçün üstümə əyildi, sonra yerlərini dəyişdilər, o birisi mənə sarı əyildi. Biri dilimi göstərməyi xahiş etdi, dilimi o birisinə də göstərməli oldum. Sonra duruxa-duruxa, onsuz da, aydın olan nəticəyə gəldik. Bunu dəqiqləşdirənə qədər cüssəli qadın başımın üstündə durub, hər dəfə məndən nəsə soruşurdu. Və cavabları pəncərənin qabağına qoyulmuş sorğu vərəqəsinə yazırdı. Hərdən əsəbi halda iki tibb bacısına çımxırırdı: “Belə yox, bax belə”. Keçəl həkimə lap əsəbi söylənirdi: xəstə sözünü bitirənə qədər gözləmək də olar.

Soruşdu ki, lazım olsa, doğmalardan kimə xəbər versinlər.

Birtəhər nəfəsimi dərib, “arvadıma” – dedim.

– Hansı nömrəyə?

Telofon nömrəsini verməyə risk eləmədim. Axı arvadıma gecə zəng vurmamalarını xahiş etmək mənasızdı. Oxunmamış korrektura ilə birlikdə indi mənim üçün dünyada ən mühüm məsələ bu idi. Onu necə müdafiə eləyə bilərdim? Belə çıxır ki, heç cür. Heç olmasa, gecəsini xilas eləyəydim. Arvadım indi burdan  iki yüz iyirmi kilometr uzaqda idi və zəng etsəydilər, səhər yola düşəcək ilk qatarı gözləyənə qədər əlacsız halda vurnuxa-vurnuxa qalacaqdı.

Dedim, yaxşısı budur, pencəyimin qoltuq cibindən qeyd kitabçasını çıxarıb, dostuma zəng vurun. Xahiş eləyin, mənzilimə getsin, onda açar var, qoy səhərə qədər mətbəə səhifələrini əlyazma ilə tutuşdursun. Əlyazma ilə, zorla təkrar etdim. O, bir az təəccübləndi, ancaq elə də adi olmayan xahiş, deyəsən, xoşuna gəldi. Həkim heç nə demədən, təcrübə keçən oğlanla çıxıb getdi. Onların arxasınca tibb bacıları da qaçdılar, çünki pərdələrin arxasında kimsə xırıldamağa başladı. Bu xırıltının ətrafında hay-küy qalxdı. Hansısa metal qurğu döşəməyə düşüb dağıldı, bir neçə nəfər pərdələrin arxasından sıçrayıb, dərhal da geri cumdu. Kimsə şprisi başının üstündə hazır tutub – vaxt itirməmək üçün, – zalın daş döşəməsi ilə sürüşərək getdi.

Səs-küy qəfildən kəsildi.

Az sonra həkim təcrübə keçən oğlanla birlikdə məmnun halda geri qayıtdı. Həkim dolu şprisi başı üstündə təntənəylə tutmuşdu, dərhal da onu bədənimə məhlul yeridilən borucuğa sancdı.

Şprisi son damlasına qədər sıxıb, təsirini öyrənmək üçün assistentlə birlikdə bir neçə saniyə üzümə baxdı. Bu vaxt cüssəli tibb bacısı hay-küylə qayıtdı ki, bəs nə qədər zəng vursa da, cavab verən yoxdu, səbri də artıq tükənir.

Ölən adamın xırıltısını eşidəndə, hər iki həkim yaşıl pərdələrin arxasında yoxa çıxdı.

Sonra yenə cəhd eləyər, indi isə sorğunu qurtarmaq lazımdı. Ancaq düşünmək lazım deyil ki, onu hirsləndirən dostumdu.

Soruşdum ki, onu kim hirsləndirir?

Əsəbiliklə cavab verdi ki, yaxşısı budur deyin, çölə müntəzəm çıxırsız?

– Hə.

– Allah eləməsin, bu giclərlə bir növbəyə düşəsən. – Elə dedi ki, pərdənin arxasında eşidilsin. Və soruşdu: qatılığı, rəngi necədi?

Söhbətimizi qurtarmağa macal tapmamış, təcrübə keçən oğlanla əlində yenə dolu şpris tutmuş həkim geri qayıtdı.

Cüssəli tibb bacısı o saat yerindən tərpəndi, ancaq gedə-gedə könlümü aldı: “narahat olmayın, dostunuza yenə zəng eləyəcəyəm”.

Yad adamlar ona yardım etməyə çalışanda, insan, təbii ki, minnətdar olur. Ona hökmən kömək eləyəcək nəyisə ehtiyatla damarına yeridirlər.

Həkimlər çarpayının baş tərəfində dayanıb dinməzcə üzümə baxırdılar.

İçimdə nəsə tərpəndi. Bu, ilk duyğu idi. Sanki mənə çox böyük tozsoran qoşmuşdular. Ancaq sormurdu, səhv qoşmuşdular. Nəsə bədənimə soxulub orda var gücüylə işləyirdi. Ağırlıq mərkəzimin yerini dəyişdiyini hiss eləyirəm.

Cüssəli qadının necə qayıtdığını, həkimlərin yanından necə nifrətlə keçdiyini sezməyə də macal tapdım. Mən artıq gedirdim.

– Dostun avaranın biri imiş, – tibb bacısı çiyinlərini çəkərək dedi. Əslində isə mənim hərdəmxəyal dostum artıq xoşuna gəlmişdi.

Belə cüssəli qadınlar nə qədər kobud və qəddar olurlar. Onların vecinə də deyil, rənglənmiş saçları uzanıb, dodaqlarındakı boya yayılıb, dırnaqlarındakı al qırmızı lak qopub tökülüb, ya yox. Ancaq adamları yaxşı tanıyırlar. Anket vərəqəsini əlinə götürüb, sorğunu davam etdirmək istədi.

Mənimsə yalnız minnətdarlıqla gülümsəməyə gücüm çatdı.

Ölüm, doğrudan da, məni bürüyürdü, biz həyatı tərk edirik.

İnsan tək getmir. “Başqa” məni özünə çəkir, ruh öz arxasınca aparır.

Ancaq fikirləşmək lazım deyil ki, bu nəsə hava kimi çəkisizdi. Əksinə, o – nəsə güclü, cövhər kimi bir şeydi.

– Yaxşı, arvadımın telefonunu verərəm, – kifayət qədər hündürdən deməyə macal tapıram.

Təəccüblə üzümə baxan cüssəli tibb bacısı nömrəni yazmaq üçün bloknot, karandaş götürür. Məni bir az qorxu ilə süzür, bununla belə, zarafatından qalmır:

– Bilmirəm, mənə nə olub, məndən özgə nə gözləmək olar axı.

Cavabında ona öldüyümü deməyim yaxşı olardı və əfsus ki, bu cür xoşagəlməz xəbərdən onu da hali eləyirəm. Vəssalam, mən fikirləşdim, doğrudan da, gedirəm.

Ancaq onları mübaliğəli ifadələrlə qorxutmaq istəmirəm, izahat verməyə isə artıq vaxt qalmayıb.

– Mənə elə gəlir ki, huşumu itirirəm, – ehtiyatla dedim.

Peşəkar baxımdan tamamilə təbii olan lazımi sözlərin, ifadələrin seçimi o qədər vaxt və enerji tələb etdi ki, içimdə qəfil nəsə tərpəndi, hər şey öz yerindən qopdu və nömrəni deməyə heyim olmadı. O səbəbdən öz ölüm anımda çox gülməli vəziyyətə düşdüm. Hansısa nağıldakı qoca xəsis kimi: “Oğlum, – o, son nəfəsində mızıldayır, – sənə böyük bir sirr açmaq istəyirəm. Qarət etdiyim qızıl dolu iri dibçəyi böyük yabanı armud ağacının üç addımlığında basdırmışam”.

Bu, hələ yadındadı, ancaq özünü daha bu dünyada tutub saxlamaq gücündə deyil. Ali şeylərin, demə, əslində nağıldakı kimi bayağı olduğu fikri içimi xoşbəxtliklə doldurdu. Və xoşbəxtlik duyğusu ilə də getdim; cüssəli tibb bacısının yalnız bloknot və karandaşı atıb, kadrdan necə qaçdığını, iki ağ xələtli kişinin ağızlarını açıb, gözləri bərəlmiş halda üstümə cumduqlarını görməyə macal tapdım.

Son dərəcə güclü bir qüvvə məni harasa apardı, ordan baş verənləri müşahidə eləyə bildim və bu, məni, doğrudan da, sarsıtdı.

Onları belə asanca aldada bildiyimə sevinirdim, hətta son nəfəsimdə sanballı bir yalan da söyləyə bilmişdim.

Təcrübə keçən oğlanın damcısalanın asılqanını necə tutduğunu gördüm, çünki ikinci həkim üstümə atılanda asılqan silkələnmişdi, az qalmışdı iynə venamdan çıxsın.

İndi yaxşı baxaq, görək, həqiqətən, hardayıq.

Bu miskin, məşəqqətli dünyada aşıb-daşan hissləri yalnız dini, ya eşq ekstazı ilə müqayisə etmək olar, qadınlara gəlincə isə, ola bilsin, doğuşla. Bir az açıq-saçıq danışan qadınlar deyirlər ki, doğuş zamanı ağrı və sevinc bir-birinə qarışıb, dünya miqyasında erotik macəraya çevrilir. Mən həvəs, çağırış yox, yaradan gücü duyaraq, içəridən çölə doğru hərəkət eləyirdim. Həqiqətən, bu coşqun hisslər özünü səndə doğruldur. Məni nəsə alıb aparırdı. Huşumu itirmirdim, əksinə, özümə gəlirdim. Eyni vaxtda içəridən və çöldən böyük bir qüvvə məni çəkib aparırdı, amma bu fərq şüur üçün heç bir əhəmiyyət kəsb etmirdi. Şəxsiyyət və ehtirasla bağlı artıq nəsə mövcud deyildi.

İnsan mələfənin üstündə çılın-çılpaq uzanıb ki, onun həyatını xilas etmək naminə bədəninin bütün əzaları müdaxilə üçün hər an əlçatan olsun.  Qoy o, ağrı, oksigen aclığı, ölüm qorxusu hiss eləsin, nəbzi dəqiqədə lap iki yüz dəfə vursun, buna baxmayaraq, cismani duyğuların arasından özünəvurğunluq və eksqibisianist təkəbbür özünü büruzə verir.

Yəqin, elə də pis görünmürəm.

İnsan, hətta ölüm ayağında da prinsipcə sadomazoxist həyatından azad olmaq iqtidarında deyil. Son nəfəsinə kimi özünü alçaltmağa, ya başqasından qisas almağa hazırdı. Telefon nömrəsini isə dilə gətirmək qabiliyyətində deyil. Lent qırılır.

Daha çarpayını, cüssəli tibb bacısını görmürəm. Əsas elektrik açarını söndürüblər. Başqa film davam eləyir. O, boşluqda uçur. Təkcə bunu demək olar: bu vəziyyət hardasa mənəvi aydınlığı və aşiqanə cinsi yaxınlığı xatırladır. Həmin vəziyyət mənə tanış idi, ancaq onu belə təsəvvür eləmirdim. Demək, məsələ beləymiş. Nəhəng qüvvə mənim xaricimdə və daxilimdə işləyirdi. Məni harasa üfürdü, özünə sordu, daha bədənimi hiss eləmirdim. Təxminən belə. Bilirdim ki, ölürəm. Ancaq bu, məndə heç bir hiss – sevinc, kədər oyatmırdı. Bununla belə, heç nəyi unutmamışdım. Daha dəqiq desək, insanın zamanı eyni vaxtda irəli və geri açılaraq birdən davam etməyə başlayır. İndinin isə ölümün astanasında məkan və zaman sərhədləri olmur. Nə baş verəcəyini bilirəm, istəsəm, nə baş verdiyini görə bilərəm və nələr baş verdiyini yaxşı bilirəm.

Mənə elə gəlir, yaddaş və məni əhatə edən məkan mütləq səciyyə daşımağa başlayır. Onlar sanki bir-birinin içindədi. Bənzərsiz mənəvi yüngüllük. Təəssüf ki, bu mütləq zamanda Tanrını tapmaq mümkün olmur və onun olmadığını, əbəs yerə ona inandığını etiraf edirsən. Necə də sadəlövh olmuşam! Təəssüf ediləcək yanlışlıq. Ancaq hökmündə olduğum qüvvə insan təxəyyülünü üstələyir. Yəqin, canım hələ istidi – onun bütün ehtişamını duya bilirəm. Ruhun yaddaşındakı Tanrı haqqında təsəvvürlər bundan xəbər vermirdimi? Mən yaradan gücün ağuşuna qayıdıram. Nə qədər ki, şüurum zaman hissini itirməyib, onun indicə ayrıldığım ayrı-ayrı qatlarını, hadisələrini baxışlarımla ötürərək, ətrafıma boylanıram. Başqa söz tapmayanda, insanın ölüm anında öz həyatında baş verənləri xatırladığını deyirlər. Əslində o, heç nəyi xatırlamır. Sadəcə onu öz ovcunun içindəki kimi görür, çünki əbədilikdə yaddaş yoxdu. Bütün ömrü boyu o, ruhunu dərk eləyə bilməyib, çünki ruhla vücudu bir yerdə görməyib.

Vücudu imkan verməyib ki,  ruhla doğmalaşsın.

Bu, o deməkdi ki, ölüm anında bizdən ayrılanlar heç əvvəllər də bizə məxsus olmayıb. Belə çıxır ki, bu, dilə bağlı olan məntiqi idrakdan başqa bir şey deyil. Bizi başqaları ilə birləşdirən də məhz bu imiş – əvvəlcə əbədi cismani duyğulardan, sonra isə bizim bu qədər fəxr elədiyimiz idrakdan azad olmaq. Hətta idrak anlayışının olmadığı ilkin vəziyyətə qayıtmaq – çünki qavrayışla hiss arasında heç bir fərq yoxdur.

İdrak səndən ayrılır, hissi və emosional, mental və şüurun dərketmə mahiyyəti arasında çarpaz bağlar parçalanır və eyni zamanda, obrazlı desək, iliyinlə, qanınla anlayırsan ki, səndə gözə çarpmayan şüurun bu hissələri, yaradan qüvvənin məskəninə, qavraya bilmədiyin, hətta seyr eləyə bilmədiyin hansısa universal struktura bağlanıb. Əfsuslar olsun ki, bu mühüm hadisəni  təsvir etmək dilimizin imkanı xaricindədir.

Söhbət ani bir hərəkətdən – çevrilmədən gedir – hardansa harasa düşmək. Alman dilində buna uyğun feil var: itklrrep. Fransız dilində də buna oxşar nəsə tapmaq olar: bazsbler.

Hər şeyin – toxunulmazlıq hissinin, gücün bir yerdə olduğu sayrışan qaranlıq boşluqdan yıxılıb mayallaq aşmaq.

Gücün, toxunulmazlığın kosmik məkanını tərk edib, xəyala gətirilə bilən yeganə ilkin vəziyyətdən qopmaq.

Yıxılıb, təsəvvür belə etmədiyim harasa düşürəm. Naməlum qüvvə məni sayrışan hüznlü boşluqdan kənara itələyir, gözümü açanda özümü heç bir anlayışla ifadə oluna bilməyəcək bir yerdə görürəm: burada məsafələr var, lakin hava yoxdur, havasız məkanın yaln

DİGƏR MƏQALƏLƏR