ROMAN - Fransua Moriak

Tərcümə: Zahid Sarıtorpaq

 

1885-ci ildə Fransanın Bordo şəhərində, zadəgan ailəsində doğulub, ədəbi fəaliyyətə erkən yaşlarından başlayıb. Özünü dramaturgiyada, poeziyada sınasa  da, əsasən ona dünya şöhrətini nəsr əsərləri qazandırıb.

“Tereza Deskeyru”, “Gecənin sonu”, “Keçmiş zamanların yeniyetməsi”, “Sevgi səhrası” romanlarının müəllifidir.

1952-ci ildə Nobel mükafatına layiq görülüb.

1970-ci ildə Parisdə vəfat edib.

 

  

SEVGİ SƏHRASI

 

=1=

 

Raymon Kurrej uzun illərdi ümidini üzmür, özünə ürək-dirək verirdi ki, intiqam almaqdan ötrü alışıb-yandığı Mariya Krossla nə vaxtsa mütləq  rastlaşacaq. Hətta bir neçə dəfə  küçədə ona oxşatdığı, hansısa qadının dalınca da qaçmışdı. Amma illər ötdükcə hirsi soyumuş, tale onu Mariya ilə üz-üzə gətirəndə:  “axır ki, əlimə düşdün” deməyə heç həvəsi də olmamışdı.

O axşam Düfo küçəsindəki bara həmişəkindən tez  girdi.  Saat təzəcə doqquz olmuşdu, mulat caz müğənnisi öz ifasıyla yeganə dinləyicisi olan baş ofisiantı nəşələndirirdi.  Gecəyarısı rəqs etmək istəyənlərin güclə sığışdığı darısqal zalda sərinlədici artıq indidən iri milçək kimi vızıldayırdı. “Bu gün lap tez gəlmisiz, cənab!” – deyən təəccüblənmiş qapıçıya cavab verməyi Raymon özünə sığışdırmadı, əliylə işarə elədi ki, həmin vızıltını kəssin.  Qapıçı bu sərinlədicinin yeni sistemlə işlədiyini,  tüstünü udduğunu izah etməyə çalışsa da  Kurrejin  sərt baxışları qarşısında geriyə – qarderoba  çəkildi. Sonra isə tavandakı sərinlədici qəfildən gülə qonan eşşəkarısı kimi səsini kəsdi.

Cavan oğlan nişasta bəyazlığında olan masalardan birinin arxasında əyləşib onların səliqəli düzülüşünü pozdu və boylanaraq güzgüdə özünə baxdı. Narahat günlərində olduğu kimi, yeni görünüşü yaxşı deyildi. “Nə olub, görəsən?” – düşündü. Lənət şeytana, onun boşuna keçən axşamlardan zəhləsi gedirdi. Bugünki axşamı isə əclaf  Eddi X.-ya görə puç olub.  Raymon  bu gənci kabareyə aparmaq üçün, onu az qala evdən zorla dartıb-çıxarırdı. Şam yeməyində səbirsizliklə stulda qurcalanan və onu  bürüyəcək hansısa yeni xoş ovqatın ab-havasına qapılan Eddi diqqətsizliyinə görə üzr istəyirdi. Dəhşətli miqreni olsa da,  qəhvə içəndən sonra şənlənir, oynaq baxışları, qırmızı qulaqları, burun pərələriylə yüz cür hoqqa çıxarmağa başlayırdı. Raymon  dünən ona bu axşamın xoş gözləntilərindən danışsa da, görünür, Eddi özü üçün ürək söhbətindən daha maraqlı nəsə başqa məşğuliyyət tapmışdı.

Kurrejə təkcə məyusluq və pərtlik hissi keçirməsi deyil, həm də kədərlənməsi qəribə gəldi. Vecsiz bir dostun belə, indi onun üçün nə qədər dəyərli olduğuna sarsılmışdı. Bütünlüklə qadınlara sərf olunmuş otuz yaşına qədərki ömründə kişi dostluğunun təmənnasızlığı haqqında anlayışı yox idi. Malik olduğu lüzumsuz şeylərə nifrət edirdi və qarınqulu uşaq kimi özü haqda: “mən yalnız yeyiləsi şeyləri sevirəm” deyə bilərdi.  O vaxtlar yoldaşları ona yalnız sirlərini bölüşmək üçün lazım olurdu. Dost, hər şeydən öncə, onun üçün necə deyərlər, bir cüt qulaq demək idi. Dostlarına başçılıq etməsi, onları öz nəzarətində saxlaması da sevindiriciydi. İnsanları təsir altına almaq, bir növ,  ehtiyacına çevrilmişdi. Həm də lovğalanırdı ki, tədricən onların əxlaqını poza bilir.

Raymon Kurrej nəfsini karyera qurmağa yönəldə bilsəydi, cərrah babası və  onun katolik rahibi olan qardaşı, həkim atası kimi özünə müştəri yığa bilər, ötəri istəklərini həyata keçirməyə bu qədər aludə olmazdı.  İndi elə bir yaşa çatıb ki, ömrün bu çağında ancaq ürəklərinə yol tapmaqla insanları ələ  almaq olar.  Kurrej isə öz şagirdlərinə yalnız incə həzlərin elmini öyrədə bilirdi.  Amma gənclər açıq-aydın öz yaşıdlarına üstünlük verirdilər və onun yaxın ətrafı get-gedə seyrəlirdi. Qazanılmış sevginin ömrü uzun ola bilər, amma dostların dairəsi gündən-günə daralır. Birini müharibə sarsıdıb, digəri ailəsinə qapanıb, başqa birisini iş tanınmaz dərəcədə dəyişib. Kurrej  isə çallaşan saçlarına, dazlaşan başlarına və qabağa çıxan qarınlarına görə yaşıdlarına nifrət edir, öz gəncliklərini vaxtından qabaq məhv etmələrini onlara bağışlaya bilmirdi.

Müharibədən sonra subay qalmağı ilə fəxr edən Raymon həmin axşam hələ ki,  boş olan barda oturub mandolinanın zəif səsi altında (melodiya gah səngiyir, gah da sanki qığılcım saçır və yenidən alovlanırdı) güzgüdəki əksinə – şapkası altından görünən gur saçlarına, otuz beş illik ömrünün hələ möhürünü vura bilmədiyi simasına acgözlüklə tamaşa edirdi. Amma düşünürdü ki, qocalıq üzdən ona toxunmasa da, altdan-altdan öz işini görür. Hərçənd qadınların “bu ucaboy oğlan kimdi?” sualından qürrələnsə də, iyirmi yaşlı həssas gənclərin onu öz sıralarına aid etmədiklərini bilirdi. Bəlkə, Eddi üçün saksafonun qulaqbatırıcı ciyiltisi altında dan yeri sökülənəcən söhbət eləməkdən daha maraqlı bir məşğuliyyət tapılıb. Bəlkə də, sadəcə indi başqa bir barda oturub, hansısa 1904-cü il təvəllüdlü, dəqiqəbaşı, “mən də!” və ya “eynən mənim kimi!” qışqırtılarıyla onun sözünü kəsən bir uşağa ürəyindəkiləri açıb-tökür.  

İçəriyə bir neçə cavan oğlan girdi. Boş zalda özlərini dartıb lovğalanmaları və çaşqınlıqları onların qorxaqlığından xəbər verirdi. Barmeni dövrəyə alıb piştaxtaya söykəndilər. Kurrej başqasına görə əzab çəkməyi heç vaxt özünə rəva görməzdi – istər məşuqəsi olsun, istər də dostu. İndi isə özünü dilə tuturdu ki, qaçıb aradan çıxmış Eddinin fikrini çəkməyə dəyməz, belə bir məlunun dərdinə qapılmaq ona qədərindən artıq şərəf vermək deməkdi. Hətta qəlbində ona qarşı yaranmış bağlılıq tellərini çəkinmədən qıra biləcəyinə sevindi. O dərəcədə ayrılmaq fikrindəydi ki,  elə günü sabah o uşağı qətiyyətlə qapıdan qovmaq, bir də heç vaxt görüşməmək qərarına gəldi. “Qovub, rədd edəcəm...” düşüncəsi, hətta kefini durultdu, rahatlanıb köksünü ötürdü, amma hiss elədi ki, ürəyində Eddiylə bağlı olmayan nəsə ayrı bir sıxıntı var. Həə, smokinqinin cibindən tapdığı bu məktub... Onu yenidən oxumağa ehtiyac yox idi – atası həkim Kurrej oğluna müraciət edəndə, asan yadda qalsın deyə həmişə elliptik dildən istifadə edirdi: “Həkimlərin qurultayı başa çatanacan “Qrand-otel”də qalacam. Səhər doqquza qədər, axşam on birdən sonra sənin ixtiyarındayam. Atan Pol Kurrej”.

Mızıldandı: “Daha nə istəyirsən?!” Üzünün ifadəsi sərtləşdi.  Atasıyla  çəkişsə də, ona qarşı bütün doğmalarına bəslədiyi nifrət hissi yox idi. Raymon otuz yaşına çatanda ərdə olan bacısına düşən qədər əmlak tələb eləmiş, valideynləri imtina edəndə isə onlarla arasında olan bütün körpüləri yandırmışdı. Bütün əmlak anasına – xanım Kurrejə məxsus idi və Raymon yaxşı bilirdi ki, məsələ təkcə atasından asılı olsaydı, xəsislik etməzdi, çünki var-dövlət onun üçün heç bir əhəmiyyət daşımırdı. Bir də təkrar etdi: “Daha nə istəyirsən?!”  Bu yığcam məktubdakı hayqırtını eşitməyə bilməzdi. Atası heç də anası xanım Kurrej kimi bəsirətsiz deyildi. Ərinin soyuqluğunu, sərtliyini qıcıqlandırıb üzə çıxaran anası   tez-tez: “onun mərhəmətini özümə qarşı hiss eləmirəmsə, nə xeyri?! Gör, hələ imkanı olsaydı, nələr eləyərdi...” – deyirdi.

Raymon nifrət eləyə bilmədiyi atasının bu çağırışı qarşısında karıxdı. Yox, əlbəttə, ona cavab verməyəcək, ancaq... Həmin  gecə baş verənləri sonralar yaddaşında canlandıranda, bu kiçik, boş bara hansı qəlb ağrılarıyla daxil olduğunu xatırlayacaq, ancaq dostu Eddinin dönüklüyünü və atasının Parisə gəlişini unudaraq özünü inandıracaq ki, o zaman bu kədərli ovqatı onda ürəyinə qabaqcadan daman nələrsə yaratmışdı və ruhi durumuyla o axşamkı hadisələr arasında gözəgörünməz bir əlaqə vardı. O vaxtdan daim təkrarlayırdı ki, Eddi də, atası da onu bu cür həyəcanlandıra  bilməzdi. Kokteylindən güc-bəlayla bir neçə qurtum içəndən sonra o qadının ruhən və cismən yaxınlaşmasını hiss elədi.  Həmin dəqiqələrdə o xanım, Düfo küçəsinin tinindəki taksiyə oturanda çantasını eşələyərək ərinə deyirdi:

– İşin tərsliyinə bax, pomadamı unutmuşam...

– Burada tualetdə birindən alarsan.

– Nə danışırsan?! İnfeksiyaya yoluxum?..

– Yaxşı,  Qledis özününkünü sənə verər.

 

*   *   *

 

O, içəri girdi. Şlyapası üzünün yuxarı hissəsini örtmüşdü,yalnız çənəsi görünürdü – orada zaman qadının yaşını qeyd eləmişdi. Ömrünün beşinci onilliyi çənəsindəki zərifliyin bəzi yerlərinə əl gəzdirmiş, dərisi yüngülvari sallanmış, üzündə qırışlar  əmələ gəlmişdi.  Xəz mantoya bürünmüş bədəni, deyəsən, ətə-qana dolmuşdu. Barın girəcəyində sayrışan gur işıqlardan gözləri qamaşanda, dayandı. Sanki arenaya buraxılmış öküz idi. Bu qadının sürücüylə mübahisə etdiyinə görə ləngiyən ərini Kurrej dərhal tanıya bilmədi: “Bu sifəti hardasa görmüşəm, bu ki tipik Bordo cinsidi”, – fikirləşdi. Və əlli yaşlı, sanki təkəbbürdən  daha da şişmiş bu gonbul kişinin sifətinə baxa-baxa qəfildən dilində bir ad cücərdi: Viktor Larussel... Raymon ürək çırpıntısıyla qadını süzməyə başladı. Qadın burada ondan başqa şlyapalı olmadığını görəndə, onu çıxararaq, güzgü önündə qısa kəsilmiş saçlarına əl gəzdirdi. Dinclik yağan iri gözləri, dəbdə olan seyrək telli,  tünd rəngli birçəklə örtülü geniş alnı göründü. Sifətinin yuxarı hissəsində gəncliyindən qorunub qalmış çox şey vardı.

Saçlarının qısalığına, kökəlməyinə və boyun-boğazından ağzının qıraqlarına,  yanaqlarınacan tədricən solmağına baxmayaraq, Raymon onu tanıdı. Hətta kənarlarındakı palıdları doğrasaydılar belə, uşaqlıqda getdiyi yolu da bu cür tanıya bilərdi, çaşmazdı. Ötmüş illəri fikrində hesabladı və bir neçə saniyə sonra belə bir nəticəyə gəldi: “Qırx dörd yaşı var. O vaxt mənim on səkkiz, onunsa iyirmi yeddi yaşı vardı”. Xoşbəxtliyi gənclikdə görən bütün adamlar kimi, onu da ötənlərin bir daha geri dönməyəcəyinin həyəcanı heç vaxt tərk etmirdi, baxışları həmişə ölü zamanın uçurumlarından o yana zillənirdi. O, həyatında rol oynamış hər kəsi müəyyən hadisələrlə bağlayır və tanış üz görən kimi asanlıqla həmin tarixi yadına salırdı.

“Görəsən, tanıdı? Bəs  nəyə görə,  dərhal üzünü o yana çevirdi? Sanki heç tanımadı. Ərinə nəsə deyir, deyəsən, buradan getmək üçün yalvarır, çünki  kişi diqqət mərkəzində olmaqdan xoşu gələn adamlar kimi, qəsdən ucadan cavab verdi: “Burda darıxdırıcı bir şey yoxdu, yarım saatdan sonra iynə atsan, yerə düşməyəcək”.

O, Raymonun dirsəkləndiyi masadan azca aralıda, stullardan birini kənara çəkib ağır-ağır oturdu, qan sızmasından qıpqırmızı olmuş üzündə  sklerozun bütün əlamətləri cəmlənmişdi, məmnun görünürdü. Qadın isə yerində dayanıb tərpənmirdi. Əri ucadan dedi:

– Nəyi gözləyirsən?

Birdən kişinin gözlərinin, qalın və demək olar ki, bənövşəyi dodaqlarının məmnunluğu yoxa çıxdı. Əlavə etdi:

– Əlbəttə, bura mənim xoşuma gəlibsə, sən hökmən mısmırığını sallamalısan.

Görünür, qadın ona: “sakit, bizə qulaq asırlar” dedi və yəqin, kişi buna görə qışqırdı:

– Özümü necə aparmağı yaxşı bilirəm! Qoy qulaq assınlar!

Raymondan bir az aralı oturan qadın əmin idi ki, onu görməkdən ötrü bu cavan oğlan hökmən əyilməlidi, deməli, istədiyi vaxt baxışlarından yayına bilər. Kurrej onun bu arxayınçılığını başa düşdü. Həm  də qəfildən dəhşət içində anladı ki, on yeddi il gözlədiyi bu təsadüfü indicə qaçıracaq! Bir zamanlar onu aşağılamış bir qadını, bu on yeddi il ərzində alçaltmaq yanğısının canında səngimədiyini duydu. Hiss etdi ki, nəhayət, hansısa bir qadının barmağına doladığı kişilərdən olmadığını göstərməlidi. Bütün bu illər ərzində arzuladığı görüşün təfərrüatlarını xəyalında canlandırmış, bir kərə önündə miskin vəziyyətə düşdüyü qadını çənginə keçirmək və ağlatmaq üçün hansı hiyləyə əl atmağı çox düşünmüşdü... İndi bu qadına deyil, on səkkiz yaşda olduğu həmin dövrdəki  başqa bir tanışına – hörmət bəslədiyi yoldaşlarından birinə və ya qarşısında titrədiyi sinif müəlliminə rast gəlsəydi, onlara baxanda,  öz içində o vaxtkı yeniyetməyə məxsus sevginin və ya nifrətin izlərini, yəqin ki, tapa bilməzdi. Məgər 19.. ilin iyununda, cümə axşamı, toranlıqda zanbaqların ətir saçdığı şəhər kənarındakı tozlu küçələrin birində o gündən ömürlük üzünə bağlanacaq bir qapının zəngini çalan həmin oğlan bu qadının gözlərində olduğu kimi qalmayıb? Mariya! Mariya Kross! Həmin  günlərin yöndəmsiz, utancaq bir yeniyetməsini dəyişdirib başqa adama çevirmişdi və tale elə gətirmişdi ki, ömrü boyu eləcə də qalacaqdı. Ancaq qadın az dəyişmişdi! Yenə həmin təəccüb dolu gözlər, həmin işıqlı alın.  Kurrej düşündü ki, onun 19.. ildəki yoldaşlarından hansı biri bu axşam, rastına çıxsaydı, yəqin, dazlaşmış, saqqallı, gonbul olardı, amma əksər qadınların çöhrələri yaşlı çağlarınacan uşaqlıqlarını əks etdirir. Bəlkə də, onların daim uşaq görkəmində olmaları bizim sevgimizi möhkəmləndirir, onu zamanın təsirindən qoruyur. Budur, buradadı, qarşısındadı. Üstündən ona naməlum olan yaşantılarla dolu on yeddi il keçəndən sonra da həminkidi, Reformasiya və Terror alovlarında təbəssümü sönməyən Bakirə Məryəmin qaralmış heykəlciklərinə oxşayır. O, hələ də gözlədikləri gəlmədiyinə görə səbirsizliyini səs-küylə bildirən ərinin söhbətini dinləyir. 

– Yenə Qledisə görə gecikir... Dəqiq olmayan adamlardan xoşum gəlmir, özüm həmişə dəqiqəm. Qəribədi, adamlar niyə bəzən belə kobud olurlar. Məni kiminsə gözlətməsinə dözə bilmirəm.

Mariya Kross onun çiyninə toxundu, görünür, yenə, “Bizə qulaq asırlar”, – dedi, o isə  qəbahət sayılası bir şey demədiyi üçün deyinməyə başladı. Görünür,   qadının ona ağıl verməsini həzm edə bilmirdi.

Kurrejin müqavimət göstərmədən özünü keçmişin ixtiyarına buraxması üçün təkcə bu qadının burada olması kifayət  idi. Hərçənd ötənlərin geri dönməzliyi kimi aydın bir düşüncə onu heç vaxt tərk etmirdi, olanları dəqiqliyiylə xəyalında canlandırmaqdan qaçırdı və qarabasmaların üsyanından qorxduğu qədər heç nədən qorxmurdu.

Ancaq bu gün Mariyayla rastlaşdığına görə onu xəyalında dövrəyə alıb başına hərlənənlərə qarşı gücsüz idi – saatın altını vurduğunu və partaların qapaqlarının taqqıltıyla örtüldüyünü açıq-aydın eşidirdi. O gün yağış çox zəif idi, hətta tozu öldürməyə belə gücü çatmırdı, üzlərinin sərt ifadələri adamın yorğunluğunu çıxaran fəhlələrlə dolu tramvayda işıqlandırma yaxşı olmadığından “Afrodita”nı oxuyub sona çatdıra bilmədi.

 

 

=2=

 

Onun tez-tez sinfindən qovulduğu, dəhlizlərində veyilləndiyi, divarına söykəndiyi kollecdən valideynlərinin şəhər kənarındakı evlərinə qədər olan məsafə yaxın deyildi, amma bu, Raymonu sevindirirdi. Tramvaya oturanda bir rahatlıq duyurdu. Çünki burada laqeyd baxışlı yad adamların arasında tənha olurdu, xüsusilə də qışda. Hərdənbir fənərlərdən düşən şüaların və ya hansısa barın gur işıqlı pəncərəsinin aydınlatdığı qaranlıq onu hamıdan ayırır, rütubət qoxulu fəhlə paltarı geymiş  sərnişinlərdən təcrid edirdi. Bəzisinin sönmüş siqareti dodağından asılı qalır, bir başqası qırışlarına kömür hisi hopmuş üzünü arxaya əyərək mürgüləyir, kiminsə yorğun əlində tutduğu qəzet sürüşüb düşürdü... Bax, başıaçıq bir qadınsa romanın davamı olan jurnalın növbəti buraxılışını işığa tutur, dodaqları dua oxuyurmuş kimi tərpənir. Amma sonda Talans[1] kilsəsini keçəndən sonra yenə düşmək lazım gələcək.

Tramvay, hərəkət eləyən Benqal atəşi kimi, bir anlıq üryan qaraçöhrələrin və fıstıqların cərgələndiyi bağın xiyabanını işıqlandırdı. Gölməçələrdən hoppana-hoppana keçərək, meşə nəmişliyi və yarpaq çürüntüsü qoxuyan küçə boyunca qaçan balaca oğlan arxada təkərlərin səngiməkdə olan səsini eşidirdi. O dönüb, Kurrejlərin bağının yanından keçən ensiz çığıra çıxdı, cəftəsiz qapını itələyib xidmət sahəsindən – arxa girəcəkdən içəri girdi. Yemək otağında yanan lampa pəncərənin önündəki parlaq gün işığı sevməyən küpə çiçəkləri olan güllüyə işıq salırdı. Raymon, kollecdəki kimi yenə mısmırığını sallamışdı, qaşları çatılıb tünd bir xəttə oxşayırdı, ağzı əyilmişdi. Qonaq otağına daxil oldu, qənaət üzündən zəif işıqlı lampanın yanında əyləşənlərin hamısına müraciətlə: “axşamınız  xeyir”, –  deyə mızıldandı.   Anası soruşdu ki,  “neçə dəfə demək olar, qapının ağzındakı dəmir çəkməsiləndə ayaqqabılarını təmizlə? Sən doğrudanmı, indi bu cür əllərlə masa arxasında oturacaqsan?”  Nənə Kurrej gəlininə astadan irad tutdu:

– Pol axı deyib ki, uşağı boş yerə qıcıqlandırmayın.

Beləcə, o gələn kimi tikanlı söhbətlər başlayırdı.

Bir küncdə oturdu. Raymonun bacısı Madlena naxış vururdu, qardaşına sarı gözucu da baxmırdı. “Bu məni it yerinə də qoymur” – Raymon fikirləşdi. O, “ailənin bəlasıydı”.  Madlena hər dəfə “hələ bu harasıdı, hələ özümü göstərəcəm” deyəndə, əri Qaston əlavə edirdi: “xüsusilə də belə xaraktersiz atanın yanında”.

Dərzi qadın başını qaldırdı, bir anlıq qulaq verib dedi: “Bu da Qaston” və tikməni qırağa qoydu.

– Mən eşitmədim  – xanım Kurrej səsləndi.

– Hə, hə, odur, – hərçənd ondan başqa, heç kim bir səs eşitməmişdi.

Madlena cəld ayağa durdu, kandara qaçaraq bağda gözdən itdi. Sanki dəqiq instinktlə idarə olunan, qaranlıqda öz cütünü cəlb etmək üçün qoxu buraxan xüsusi bir canlı idi. Bir azdan Kurrejlər kişi səsi eşitdilər, sonra Madlenanın sevinc dolu gülüşü gəldi. Evdəkilər bilirdi ki, bu cütlük qonaq otağından adlamayacaq, yan qapıdan ötüb yuxarıdakı yataq otağına qalxacaqlar və sincə vurulan ikinci zərbədən sonra yemək üçün aşağı enəcəklər.

Bütün ailə böyük asma lampanın altında masa arxasına yığışmışdı: xanım Kurrej, Bask cütlüyü və hər biri Qaston Bask kimi kürən olan, eyni cür don geymiş, eyni hörüklü, çilləri də eyni dörd qız  nəvə... Onlar, şüvüldə oturmağa öyrədilmiş quşlar kimi, bir-birlərinə qısılaraq əyləşmişdilər.

– Bu uşaqlarla heç kim danışmasın, – leytenant Bask dedi. – Danışan olsa, mən bunları cəzalandıracam. Bax, xəbərdarlığımı elədim.

Evdə olanda da həkimin yeri uzun müddət boş qalırdı. Hamı yeyib qurtaranda əlində bir dəst jurnal içəri girdi. Arvadı soruşdu ki, doğrudanmı, o sinc səsini eşitməyib, axı süfrəyə yemək nizamsız gətiriləndə xidmətçi də bezir, işləmək istəmir. Həkim milçəyini qovurmuş kimi başını oynatdı, masa arxasında əyləşib jurnalı açdı. Bu, nifrət jesti deyildi. O, məşğul olmaqla vaxta qənaət edir, qayğılar başını qatdığından hər dəqiqənin dəyərini bilirdi. Masanın bir başında oturmuş Basklar hər şeyə laqeyd idilər. Qaston yavaşcadan arvadına polkovnikin ondan nazirliyə yazmasından, Bordoya köçürülməməsi üçün hansı addımları atacağından danışırdı. Madlena ərini dinləyir, eyni zamanda  uşaqlardan da gözünü çəkmir, elə hey onlara təpinirdi: “Boşqabı çörəklə silmək olmaz”. “Sən bıçaqdan istifadə eləyə bilmirsən?” “Bəsdi qurdalandın!” “Əllərinizi masanın üstünə qoyun, dirsəklərinizi yox, əllərinizi...” “Yadında saxla, sənə daha çörək verilməyəcək”. “Sən içib doymusan, bəsdi daha”.

Basklar etibarsızlıq və məxfilik atmosferiylə əhatə olunmuş bir adacıq düzəltmişdilər. “Onlar mənə heç nə danışmırlar...” –  Xanım Kurrejin qızlarından narazılığı məhz bu cümlədə cəmlənmişdi. O, Madlenanın hamilə olmasından şübhələnirdi, onun bədən quruluşuna göz qoyur, qapıldığı  pis ovqatı öz bildiyi kimi yozurdu. Xidmətçilər həmişə hər şeyi ondan əvvəl  bilirdilər. Xanım Kurrej ehtimal edirdi ki, Qaston öz həyatını sığortalayıb, amma neçəyə, bax bunu bilmirdi. Qastonun  atasının ölümündən sonra bu ər-arvada hansı məbləğdə pul çatdığından da xəbəri yox idi.

Şam yeməyindən sonra qonaq otağında özünü elə göstərdi ki, guya, deyingən anasının səsini eşitmir: “Niyə dərslərini oxumursan? Sizə inşa verməyiblər?” O, balaca qızlardan birini tutub başı üzərinə elə qaldırdı ki, az qaldı tavana dəyə, sonra qəfil aşağı endirərək bu üzüyola uşağı var gücüylə fırlatmağa başladı. Kürt toyuq kimi pırpızlanıb qorxmuş Madlenanı uşağın sevincək səsi yumşaltsa da, elə hey qışqırırdı: “Ehtiyatlı ol, şikəst edərsən! Çox kobudsan...” Bu zaman nənə Kurrej əlindəki toxumanı bir kənara qoyub gözlüyünü alnına qaldırdı və üzünə təbəssüm qondu. O, Raymonun xeyirinə olan hər məsələyə həvəslə qoşulurdu:

– Bax görürsünüz, uşaqları necə sevir, dəyməyin, qoyun oynatsın.

Qarı əmin edirdi ki, əgər o, uşaqları belə sevirsə, deməli, təbiətən xeyirxahdı:

– Elə bircə bacısı qızlarını necə oynatdığını görmək kifayətdi, biləsən ki, Raymon tərbiyəsiz uşaq deyil.   

Raymon, doğrudanmı, uşaqları sevirdi? Ona lazım idi ki, toxunduqları canlı, ilıq, təravətli olsun, sanki bu onu  təsəvvüründə “meyit” adlandırdıqlarından qoruyurdu.

Raymon körpəni taxtın üstünə atıb, otaqdan bağa çıxdı. Xiyaban boyunca döşənmiş yarpaqların üstüylə atıla-atıla qaçmağa başladı. Çılpaq budaqlar arasından görünən solğun göy üzü yolunu işıqlandırırdı. İkinci mərtəbədəki pəncərədə lampa yanırdı. Ora həkim Kurrejin kabinetiydi. Görəsən, Raymon bu gün də atasını öpmədən yatmağa gedəcək? Ah, ona birlikdə az qala, düşməncəsinə susduqları səhərlər də kifayətdi...

 Dan üzü ağaranda həkimin ikiyerlik karetası atayla oğulu şəhərə aparırdı. Raymon Müqəddəs Geneziya keçidində düşüb bulvarla kollejə gəlir, həkim isə karetada yoluna davam edərək, xəstəxanaya gedirdi. Saatın dörddə üçünü bu köhnə dəri qoxulu qəfəsdə, yağışdan şüşələri bulaşmış iki pəncərə arasında böyür-böyürə otururdular. Bir neçə dəqiqədən sonra klinikadakı işçiləri və tələbələriylə rahat danışa biləcək həkim özünün həyat verdiyi bu varlığı yumşaltmaq üçün neçə ay idi ki, söz axtarırdı. Onun daşlaşmış ürəyinə necə yol tapmalı? Nəhayət, bir çarə tapdığına əmin olub,  Raymonla əvvəlcədən hazırladığı ifadələrlə danışmağa başlayanda dediklərinə özü də inana bilməmiş, gülməli quru səsi onu pis vəziyyətdə qoymuşdu. O, öz hisslərini ifadə edə bilmədiyi üçün əzab çəkirdi. Həkim Kurrej ona görə xeyirxah insan kimi tanınmışdı ki, əməlləri göz qabağındaydı, əks halda dərinliklərdə gizlənən, diri-diri basdırılmış mərhəmətindən heç kəsin xəbəri olmazdı. Onu təşəkkürlərə qulaq asmağa məcbur etmək mümkün olan şey deyildi, mızıldanıb çiyinlərini çəkirdi. Yağışlı səhərlərdə karetada silkələnə-silkələnə yol gedərkən, dəfələrlə sükutuyla oğluna suallar vermiş və aldadıcı mülayimliyi olan gözləri qara dairələrlə haşiyələnmiş bu qəddar mələyin simasında bir həkim kimi müşahidə etdiyi bəzi əlamətləri götür-qoy eləmişdi: “Zavallı uşaq məni özünə düşmən sayır, bu, onun yox, mənim günahımdı”. Raymon atasının lal çağırışını anlasa da, onu ailənin digər üzvləriylə qarışdırmasa da, cavab vermirdi. Hərçənd çəkingən atasına nə deyəcəyini də bilmirdi, çünki ona cəsarətsizliyi təlqin edən elə atasıydı və susqunluğuna rəvac verən də məhz bu amil idi.

Axır ki, bir dəfə həkim öz oğlunu danlamaq zorunda qaldı, amma sözünü bacardıqca yumşaq tərzdə, hətta yoldaşcasına deməyə çalışdı. 

– Mən yenə rektorunuzdan səninlə bağlı məktub almışam. Zavallı abbat Farj...  Sən onu dəli eləyirsən! Yəqin, sinifdə mamaçalıqla bağlı kitab yaymısan... Onu mənim kitabxanamdan çırpışdırmısan. Düzdü, abbat Farjın qəzəbi qədərindən çox olub. Sizin artıq bu yaşda, həyatı dərk etmək çağınızda ciddi mənbələrdən məlumat almağınız yaxşıdı... Rektorunuza da elə bu cavabı vermişəm... Ancaq bununla bitmir, sinfinizdəki kağız qutusunda “La Qodriol”un bir nömrəsini tapıblar.  Əlbəttə, səndən şübhələnirlər, çünki sənin adın qara siyahıdadır... Bax, mənim balam, bunların hamısı imtahanlara yarım il qalmış qovulmağınla nəticələnəcək.

– Yox.

– Niyə yox?

– Məni bir dəfə sinifdə saxlayıblarsa, indi çətin qovalar. Onları tanıyıram, vəziyyətdən çıxmaq şansı olanların heç birini əllərindən buraxmazlar. Qovsalar, dərhal katolik rahibləri məni qamarlayacaq. Onlara sərf eləyir ki, mən başqalarını, özləri demiş, yolundan azdırım. Bir bakalavrdan məhrum olmaq statistika üçün onlara daha çox lazımdır. Mükafatların paylandığı gün lovğalanan Farjın qalib ədasını gözün önünə gətir, otuz namizəddən iyirmi üçü keçib, ikisinə isə təkrar imtahanlara icazə verilib! Gurultulu alqışlar! Uf, həşəratlar!

– Yox, yox, mənim balacam...

Həkim “balacam” sözünü xüsusi vurğuladı. Yəqin, hiss edilmədən onun daşlaşmış ürəyinə yol tapmaq üçün münasib məqam yetişmişdi. Oğlu onunla belə açıq davranmağa heç vaxt imkan verməmişdi. Onun abırsız danışıqlarından etibarsızlıq yağırdı.  Bu balaca oğlanı hürkütməmək üçün hansı sözləri seçəsən və onu necə inandırasan ki, dünyada hiyləgərlikdən uzaq, makiavellizmiylə[2] xeyirxahlığa xidmət edən adamlar da var, onlar yalnız rifahımız naminə bizə əziyyət verirlər... Həkim bu fikri ona çatdırmaq üçün ifadələr seçməklə məşğulkən kəndarası yoldan, kədərli səhər işığına boyanmış və südçülərin arabalarıyla dolmuş şəhər küçəsinə çıxdılar. Bir neçə dəqiqədən sonra vaxtilə İakov Kompostel monastırına ziyarətə gələn zəvvarların yolüstü təzim etdikləri “Müqəddəs Geneziya”nın xaçı və keçid görünəcək. İndi orada təkcə omnibusların nəzarətçiləri dayanıb. Beləcə, söz tapa bilməyən həkim oğlunun isti əlindən yapışaraq yavaşdan: “Balacam”, – deyə təkrarladı.  Raymon başını pəncərəyə söykəyib yatmış, ya da özünü yuxululuğa vurmuşdu. Gözlərini yummuşdu ki, orada əks olunan zəiflik, təslim olmaq istəyi özündən xəbərsiz üzə çıxmasın. Onun yöndəmsiz, sanki çaxmaq daşından yonulmuş üzündə canlı olan təkcə titrək kirpiklərinin bir cüt tünd qövsüydü... O, laqeydliklə əlini atasının ovcundan çəkdi...

 

 

 

* * *

 

Bu qadın onun həyatına haçan daxil olmuşdu – karetadakı o səhnəyə qədər, yoxsa sonra? İndi bu qadın cəmi bir masa o yanda əyləşib. onu eşitməsi üçün bərkdən danışması da lazım deyil. Sanki artıq sakitləşib. Pivə içir. Raymonun onu tanıyacağından daha qorxmur. Hərdən baxışlarını ona yönəldib, tez də çəkir. Birdən qadının çox tanış səsi eşidildi, sanki ətrafdakı səs-küy dərhal kəsildi: “Bu da Qledis”. İçəri girən cütlük Mariyayla ərinin arasında oturdu və dördü də eyni vaxtda danışmağa başladı: “Qərarlaşdıra bilmirdik ki, nə geyinək...” – “Həmişə birinci biz gəlirik...” –  “Eybi yox, əsas odu ki, burdasınız...”

Yox, atasıyla həmin söhbətindən bir il qabaq bir gün axşam (deyəsən, yazın sonlarıydı, çünki yemək otağında lampa yandırmamışdılar)  xanım Kurrej gəlinə dedi:

– Lüsi, kilsədə gördüyünüz o bəyaz bəzək-düzəyi kimin üçün elədiklərini mən bilirəm.

Raymon fikirləşdi ki, yenidən boş-boş sözlərin hədər yerə üyüdülüb-töküldüyü sonu görünməyən söhbətlərdən biri başlandı.  Əksər hallarda belə mübahisələrin mövzusu təsərrüfat olurdu, hər qadın öz qulluqçusunu tərifləyirdi ki, bu mənzərə də “İlliada”nın miskin parodiyasına oxşayırdı. Belə ki, Olimp burada yemək otağıydı və evin himayədar-ilahələri mətbəx qarşıdurmalarından qəzəblə çıxırdılar.  Tez-tez bu iki sahibə günəmuzd fəhlələrdən hansınısa bölüşə bilmirdi. Məsələn, xanım Kurrej Madlenaya deyirdi:

– Mən Travayottonu bir həftəlik işə götürmüşdüm.

Gənc qadın etiraz edirdi ki, onda yamamaq üçün çoxlu uşaq paltarı yığılıb.

– Sən həmişə Travayottonu əlimdən alırsan.

– Nolsun? Əyriburun Marini götür, işləsin.

– Əyriburun Mari astagəldi, həm də istəyir, tramvayda yolpulunu  da mən verim.

Amma həmin axşam kilsədə ağ bəzək-düzək barədə söhbət ciddi mübahisəyə çevrildi. Xanım Kurrej əlavə etdi:

– Bunlar Mariya Krossun oğluna görədi, meningitdən ölüb. Görünür, o, birincidərəcəli dəfn mərasimi sifariş verib.

– Ədəbsizliyə bax!

Jurnal oxuya-oxuya şorbasını yeyən həkim, arvadının səsinə başını qaldırdı. Arvadı isə adəti üzrə, həmin anda baxışlarını aşağı dikib çox incik bir tərzdə bildirdi:

– Təəssüf ki, keşiş bu qadının, bu abırsız məşuqənin başına ağıl qoymayıb. O, özünün “gəl-gəl” deyən cah-calalıyla – atları, arabalarıyla hamının gözünə kül üfürür.

Həkim xəbərdarlıq üçün əlini qaldırdı:

– Başqalarını mühakimə etməyək... O, bizi təhqir-filan etməyib.

– Amma bu, biabırçılıqdı axı. Elə deyil?

Həkim üz-gözünü turşutdu və Lüsi onun nə düşündüyünü anladı: “ Hər halda, yenə meşşanlıq eləyir”.  Buna görə də səsini azaltdı, amma bir neçə saniyə sonra yenidən əsəb içində bildirdi ki, köhnə rəfiqəsi, Viktor Larusselin qayınanası xanım Buffarın neçə illər yaşadığı evi indi həmin pozğuna veriblər... Hər dəfə yanından keçəndə, az qalır ürəyi partlaya.

Həkim ehmallıca arvadının sözünü kəsərək, sakit səslə dedi ki, indi həmin evdə ölüm yatağındakı körpəsinin yanında o bədbəxt ana gecələr yuxusuz qalır. Bu zaman xanım Kurrej şəhadət barmağıyla yuxarını göstərib:

– Tanrının cəzasıdı! – dedi.

Həkim kətili gurultuyla kənara çəkdi. Jurnalı cibinə qoyub, səssizcə qapıya sarı  yönəldi, addımlarını ləngitməyə çalışsa da, susub durmuş ailə üzvləri onun pilləkənləri iki-iki çıxdığını eşitdi.

“Mən nə dedim axı?” – Xanım Kurrej lal bir sualla qayınanasına, gənc cütlüyə, uşaqlara və xidmətçiyə baxdı.

Hamı susmuşdu, təkcə çəngəl-bıçağın cingiltisi, bir də Madlenanın səsi gəlirdi:

– Çörəyi qoparıb korlama... O sümükdən əl çək...

Xanım Kurrej qayınanasına diqqətlə baxıb dedi:

– Bu, xəstəlikdi.

Amma burnu, az qala boşqabına girən qarı sanki heç nə eşitmədi. Raymon ucadan qəhqəhə çəkdi.

– Çıx, çöldə gül. Sakitləşəndə gələrsən.

Raymon salfeti tulladı. Bağçada bir rahatlıq vardı!  Hə, yəqin, yazın sonlarıydı. Xatırlayır ki, havada odun böcəkləri səs-küylə uçuşurdu və çərəz kimi süfrəyə çiyələk vermişdilər. O, çəmənliyin ortasında, hələ aşıb-daşdığını heç kimin görmədiyi fəvvarənin kənarında, ilıq daşın üstə oturdu. İkinci mərtəbədə atasının kölgəsi  pəncərədən pəncərəyə adlayırdı. Kilsə zəngləri Bodronun ətrafına yağışdan sonra çökmüş tozlu və bürkülü toranlıqda aramla eşidilirdi. Bu zəng o vaxt Raymonun yaxınlığında oturmuş, əlini uzatsa, toxuna biləcək bu qadının ölmüş uşağı üçün çalınırdı.

Mariya Kross şampan şərabını içərək ürəklə Raymona baxmağa başladı, sanki artıq tanınacağından çəkinmirdi. Onun qocalmadığını demək olmazdı, hərçənd indi saçlarını qısaltmışdı və bəzək-düzəyi də bu qışın dəbinə uyğun idi. Sanki bütün siması 19...-cu ildəki dəbin  əlamətlərini qoruyub saxlayırdı. Mariya on beş il öncə çiçəkləmiş indi isə asta-asta solan gəncliyindəydi. O artıq cavan deyildi. Kirpikləri yenə də, o zamankı kimi titrək idi. Bir vaxtlar Raymona: “Gözlərimiz, bacı-qardaş gözləri kimi bir-birinə oxşayır”, – demişdi.

 

*  *  *

 

Raymon xatırlayır ki, atasının masanın arxasından qalxıb nümayişkaranə şəkildə getdiyinin səhərisi günü tezdən, yemək otağında oturub qəhvə içərkən, bağa sarı baxan pəncərə açıq olduğundan, səhərin rütubətindən yüngülcə üşənirdi. Təzəcə üyüdülmüş qəhvənin qoxusu evə yayılmışdı. Xiyabanın çınqılı həkimin karetasının təkərləri altında xırçıldadı. Həkim o səhər gecikmişdi. Bənövşəyi xalatlı, gecə saçları yaprıxmış xanım Kurrej oğlunun alnından öpdü, o isə soyuqqanlıqla səhər yeməyinə davam etdi.

– Atan hələ düşməyib?

Xanım Kurrej dedi ki, poçtla göndərməsi üçün atasına məktub vermək istəyir. Ancaq Raymon onun belə tezdən peyda olmasının səbəbini anladı. Bir damın altında yaşayan ailə üzvləri biri-birinə qapalı olsalar da, sirrlərini asanlıqla duya bilirlər. Qayınana gəlini barədə deyirdi: “O, mənə heç vaxt heç nə deməsə də, iç üzünü görə bilirəm”. Hər biri hesab edirdi ki, digərinin iç üzünü görə bilsə də, özü görünməz, qapalı qalır. Raymon anasının bura niyə gəldiyini ehtimal edirdi: “Onu ələ almaq istəyir”. Dünənkinə oxşar hadisələrdən sonra xanım Kurrej həmişə ərinin həndəvərində dolanır, onun rəğbətini qazanmağa çalışırdı. Zavallı qadının hər dəfə sonradan ağlına gəlirdi ki, dedikləriylə sanki bilərəkdən həkimi özündən soyudur. Qorxulu yuxularda olduğu kimi, hər dəfə ərinə yaxınlaşmaq cəhdi onu ondan daha çox uzaqlaşdırırdı, qadının hər sözü, hər hərəkəti həkimi əsəbiləşdirirdi. Sanki köməksiz halda qaranlıqda addımlayır, əlini ərinə uzatdıqda isə ona xətər yetirirdi.

Xanım Kurrej ikinci mərtəbədəki kabinetin qapısının örtüldüyünü eşidib, həkim üçün isti qəhvə süzdü. Bitib-tükənməyən yeknəsəq günlərin əldən saldığı bu qadının yuxusuzluqdan əzginləşmiş üzünə təbəssümü işıq saldı. Həkim otağa girən kimi o işıq bircə anda sönərək təəccüblə əvəz olundu.

– Sən frakdasan?

– Gördüyün kimi.

– Toya gedirsən?

– ?..

– Dəfnə gedirsən?

– Hə.

– Kim ölüb?

– Lüsi, sən tanımırsan.

– Hər halda, de.

– Balaca Kross.

– Mariya Krossun oğlu? Deməli, sən onunla tanışsan, hə? Bunu mənə deməmişdin, sən, ümumiyyətlə, mənə heç nə demirsən. Masa arxasında o pozğundan söhbət düşəndə...

Həkim qəhvə içirdi. Arvadına yorğun, amma elə yumşaq tərzdə cavab verdi ki, hiss olunurdu, bu, artıq onun ümidsizliyinin son həddidir:

– Bu iyirmi beş ildə  heç vaxt başa düşmədin ki, mən pasiyentlərim haqda az danışmağa çalışıram...

Yox, o, bunu başa düşmürdü və öz sözündə israrlıydı:

– Camaat, “məgər sən bunu bilmirdin?!” – soruşub  təəccüblənəndə guya mənə xoş olur?! Gərək deyəm ki, ərimin mənə etibarı yoxdu, hər şeyi gizlədir? Deməli, sən onun oğlunu müalicə etmisən, hə? Nədən ölüb?  Narahat olma, heç kimə çatdırmaram, amma belələrinin nazıyla oynamağa da dəyməz.

Həkim sanki onu nə eşidir, nə də görürdü. Paltosunu geyinib Raymonu səslədi:

– Artıq saat yeddidi, tələs.

Xanım Kurrej onun arxasınca xırda addımlarla yeriməyə başladı:

– Yenə mən nə dedim axı? O dəqiqə başlayırsan hirslənməyə...

Karetanın qapıları çırpıldı və bir azdan sıx gərməşov kolları arxasında görünməz oldu. Günəş şüaları dumanı dağıtmağa başladı. Xanım Kurrej təlaş içində öz-özüylə danışa-danışa evə qayıtdı.

Raymon karetada qibtəylə atasını süzür, onun səmimiyyətinə layiq olmaq üçün alışıb-yanırdı. Bu elə bir an idi ki, məhz indi atayla oğul bir-birinə daha çox yaxınlaşa bilərdi. Amma həkimin düşüncələri dəfələrlə öz tələsinə salmaq istədiyi oğlundan uzaqlarda pərvazlanırdı. Şikarı  indi ovcunun içində olsa da, fərqinə vara bilmirdi. Dodaqları altda deyinirdi: “Cərrah dəvət etməliydim... Trepanasiyanın[3] həmişə xeyri olar...” O, slindrini karetanın bir küncünə atdı, şüşəni aşağı endirib, pəncərədən saqqal basmış üzünü arabaların basırıq saldığı küçəyə sarı tutdu. Keçidin yanında atası dalğın halda: “Hələlik” – desə də, gözləriylə Raymonu ötürmədi. 

 

=3=

 

Bu hadisədən az sonra, həmin ilin yayında Raymon Kurrejin on yeddi yaşı tamam oldu. Həmin yay yaddaşında indiyəcən görünməmiş istisiylə, quraqlığıyla qalmışdı: deyəsən, göylər elə  o vaxtdan bəri bu daş şəhəri dözülməz istilərə düçar etmirdi. Axı o, təpələrin şimal küləyindən qoruduğu, qumun və şam ağaclarının darvazalarına dirəndiyi Bordoda yayın necə keçəcəyini bilirdi. Az qala, ağacların olmadığı Bordonun həmin il susuzluqdan əziyyət çəkən parkında uşaqlara elə gəlirdi ki, bu gözəl hasarların içində dünyanın sonuncu yaşıllığı da solacaq.

Amma, bəlkə də, yaddaşında o yaydakı göylərin odu, Raymonu  və qonşu həyətlərdən ayaqyolu ilə ayrılan kollecin həyətinə salınıb ağızları bağlanmış altmış nəfər yeniyetməni içindən qarsan  bir alovla qarışmışdı.  Uşaqlıq çağları ötsə də,  hələ kişilik yaşına çatmamış bu oğlan “sürüsünə” göz qoymaq üçün iki nəzarətçi lazım idi. Bu kövrək yeniyetmələr pöhrəliyi qarşısıalınmaz və əzablı boy artımıyla bir neçə ay ərzində böyüyüb uzandılar. Bu zaman üzərlərinə düşən işıq həm də başqa pöhrələrə  – tanınmış ailələrin törəmələrinə təsir edib, onları tədricən yetişdirir, lazımı formaya salırdı. Raymon da yorulmadan öz od-alovunu “xərcləyir”, müəllimləri qorxudurdu, onlarsa üzü çərtilmiş bu oğlanı (uşaq dərisi hələ ki ülgücə dözümsüz idi) başqalarından təcrid etməyə çalışırdılar.  O, nümunəvi şagirdlərin gözündə qüsurlu bir varlıq idi:  danışırdılar ki, guya pulqabısında qadınların şəklini  gəzdirir, kilsədə ibadət vaxtı dua kitabı yerinə “Afrodita”nı oxuyur... “İnancından dönüb...” Bu sözlər kollecdə elə bir dəhşət yaradırdı ki, sanki dəlixananın ən çılğın dəlisi zəncirini qırıb, köynəyini cırıb lüt gəzir. Məlum idi ki, Raymon cəzalandırılmadığı, evə buraxıldığı bazar günlərində məktəbli formasını və üstündə Bakirə Məryəmin monoqramı olan furajkasını gizlədərək, “Terri və Siqran paltar mağazası”ndan alınmış paltosunu geyir, başına mülki polislərin  ortası yumru şlyapasından qoyur və yarmarkanın şübhəli balaqanlarına gedirdi.  Bir dəfə onu balaqanların birində yaşı bilinməyən bir fahişəylə görmüşdülər.

Solmuş yarpaqların kölgəliyində istidən qorunan qonaqlara mükafatların təntənəli verilməsi mərasimində Kurrejin “kafi qiymət” aldığı bəyan edilmişdi. Ancaq bu intizamsız şagird imtahandan keçmək üçün nələrə əl atdığını təkcə özü bilirdi.  Bütün yersiz iradlara qarşı hissiyyatını korşaldan, onu məktəb həyətinin boz divarları arasında vaxt keçirməyə sövq edən düşüncələrinə hakim kəsilmiş ideya bu idi –  çıxıb getmək, bir yay gününün qürub çağında evdən qaçmaq,  Kurrejlərin mülklərinin yanından keçən Böyük İspan yoluyla yüyürmək ideyasıydı. Raymon onu kollecdən və mənfur ailəsindən uzaqlaşdıracaq hər addımın ləzzətini indidən yaşayırdı. Razılaşmışdılar ki, növbəti sinfə keçsə, atası da, nənəsi də ona yüz frank verəcək. Bu pulları özündə olan səkkiz yüz frankın üstünə qoyub, min franklıq bilet sahibi olacaq, dünyanı gəzib-dolaşa, ailəsindən uzaqda yaşaya biləcək. Elə buna görə də oynayan yoldaşlarına qoşulmur, cəzalandırılanda da dərsləriylə məşğul olurdu. Bəzən kitabı örtüb, ləzzətlə xəyallara dalırdı: cırcıramaların cırıldadığı şam meşəliyindən keçir, yorulanda  özünü bir kəndin kənarında sərin, toranlıq  içindəki adsız yeməkxanaya verir, ay işığı xoruzları oyadanda, ağzında təzə çörəyin dadı, yenidən yola düşürdü. Bəzən ot tayası dibində də yatası olur, hansısa bir saman çöpü ulduzun önünü tutur, sübhün şehli nəfəsi onu yuxudan oyadırdı...

Amma müəllimlərinin və doğmalarının yekdilliklə hər şeyə qabiliyyəti çatan birisi kimi qəbul etdikləri bu oğlan qaçmadı, düşmənləri, özləri də gözləmədən, Raymonun üzərində üstünlük qazandılar, o isə öz miskinliyiylə barışdığına görə məğlubiyyətə dözdü.  Bəzən, on yeddi yaşlı çılğın oğlan ətrafdakıların onunboynuna qoyduqları, təlqin etdikləri fikirlərlə, qeyri-ixtiyari  razılaşırdı.  Raymon Kurrej yaraşıqlı olsa da, ona elə gəlirdi ki, eybəcər və dəhşətli dərəcədə pintidir. Simasındakı nəcib cizgiləri qiymətləndirə bilmirdi, hamıda  ikrah yaratdığına özünü inandırmışdı.  Dəhşət içində düşünürdü ki, özünə təlqin etdiyi sevgisizlik hissinə görə camaat qarşısında heç vaxt bəraət qazana bilməyəcək. Buna görə də üzünü örtüb gizlənmək, kənar adamların nifrətindən qurtulmaq istəyi onun qaçmaq arzusunu təxirə salırdı. Konqreqasiya[4] uşaqlarının toxunmağa qorxduqları bu tərbiyəsiz, elə onlar kimi hələ qadın nə olduğunu bilmir, ən sonuncu qabyuyanın belə xoşuna gəlmək üçün özünü hazır saymırdı. O, öz bədənindən utanırdı. Doğmaları da, müəllimləri də Raymonun inadkar özbaşınalığına, pintiliyinə səbəb kimi həddi-büluğa çatmasını görə bilmirdilər.  O isə bu adamları inandıra bilmirdi ki, hər şeyi qəsdən eləyir, bu, keçid dövrünün gücsüz qiyamıdı, daha çox qürrələnməklə özünü alçaltmaqdı.

Ritorika sinfini bitirəndən sonrakı tətildə hələ qaçmağa tam hazır deyildi, canında bir qorxu vardı. Onu utancaqlıq sarmışdı, elə bilirdi, otağını yığışdıran xidmətçinin gözlərində nifrət var, hətta bəzən həkimin də uzunmüddətli baxışlarına dözə bilmirdi. Basklar avqust ayında Arkaşona gedəndən sonra Raymon uşaqlarla necə gəldi oynamaqdan, onların qamış kimi elastik bədənlərini atıb-tutmaqdan məhrum olmuşdu.

Basklar gedən gündən xanım Kurrej elə hey təkrarlayırdı: “Hər halda, öz ailəsiylə birgə olmaq adama daha xoşdu”. Bununla da bir dəfə: “Qastonla mən tənhalığa çəkilib müalicə almalıyıq” deyən qızından qisas alırdı. Həqiqətən də, zavallı qadın hər gününü məktub həsrətiylə yaşayırdı, ildırım çaxandasa, sanki qayıqları tufana düşmüş Basklar ailəsi yenidən peyda olurdu. Bütün günü hardasa veyillənən, qan-tər içində, hirsli-hirsli evə dönən və vəhşi kimi yeməyə girişən Raymon kimi bir oğuldan yaxşı nə gözləmək olardı?

– Camaat mənə deyir: “Evinizdə kişi var...” Guya!

– Mənim balam, unutma ki, Polun işi çox olur.

– Ana, o, demək olar, çağırışlara getmir. Pasientlərinin çoxu çıxıb gedib.

– Onun zülüm çəkən pasientləri heç yerə getmirlər... Bəs laboratoriyası, bəs xəstəxanası, bəs məqalələri...

İncimiş qadın başını yellədi. Bilirdi ki, həkimin işi həmişə çoxdu, ona görə də özünü heç olmasa bircə anlıq qadınına həsr etmək üçün ölənəcən imkanı olmayacaq.  O,  inanmırdı ki,  sevgi özünə keçilməz həyat girdablarından da yol aça bilər, məşuqəsi gözləyəndə ərini dünyadakı hadisələrin axarını dayandırdığı da ağlına gəlmirdi. Əslində bu sadəlövhlük  xanım Kurreji əzablardan xilas edirdi. Qoy o, yalnız  bir cür sevgi tanısın – arxasınca qaçdığı əlçatmaz adamdan, heç olmasa, şəfqət dolu bir baxış qoparmağa gücü çatmayanda  həkimin başqa qadınla ayrı cür davranmasını ağlına gətirə bilməsin. Yox, o, inanmaq istəmirdi ki, bir damcı çirki və qanı iki şüşə arasında sürtüb müşahidə aparan həkimi onun əlçatmaz dünyasından qopara biləcək bir qadın var. Bəzən axşamlar laboratoriyanın boşaldığını və Polun onu gözləyən xəstələri də unudaraq, yarıqaranlıq, bürkülü qonaq otağında qarşısında uzanmış qadına baxdığını illər uzunu bilməmək onun alnına yazılmışdı.

İş vaxtı bu gizli fasilələri əldə etmək üçün həkim ikiqat gərginliklə işləməyə məcbur idi. Yolundakı əngəlləri aradan qaldırandan sonra sevgi dolu gözlərini o qadından çəkmədən səssizcə ehtirasını söndürürdü. Bəzən həsrətini çəkdiyi bu görüş vaxtına az qalmış Mariyadan ona kağız gələrdi ki, bu gün məşğuldu, asılı olduğu adam şəhərkənarı restoranda qonaqlıq verir. Qadın görüş üçün başqa gün, başqa saat təyin etməsəydi, həkimin yaşamaq həvəsi ölərdi.

Sanki onun bütün həyatı  sehrli çubuqla yeni görüşə köklənirdi: nə qədər işi olsa da, mahir şahmatçı kimi mümkün kombinasiyaları bir baxışla nəzərdən keçirir və bilirdi ki, o bürkülü, məxmərli qonaq otağında anında peyda olması,  səssizcə kresloda oturub qarşısında uzanmış qadına tamaşa etməsi üçün nələrin yerini dəyişmək lazımdı. Qadının onu xəbərdar etməyə macal tapmadığından təyin olunmuş vaxtı boş yerə gözlədiyi hallarda isə özünə təsəlli verirdi: “Bu vaxt görüşümüz onsuz da başa çatmış olmalıydı, deməli, xoşbəxtlik hələ irəlidədi”. O, görüşəqədərki günləri necə keçirməyi də bilirdi. Ən yaxşı sığınacağı laboratoriya idi. Burada Mariya haqqında düşüncələrindən ayrılır, onun  Talans kilsəsi yanındakı evinin kandarından içəri girdiyi dəqiqəyəcən məşğul olduğu elmi iş sanki zamanı dəyişdirir, saatları udurdu. 

 Başı sevgi iztirablarına qarışmış həkim həmin yay oğluna yaxşı nəzarət edə bilməmişdi. O, tez-tez utanc gətirən bəzi gizlinlər barədə deyirdi: “Nədənsə, düşünürük ki, “hadisə” adlandırılan şeylərin bizə dəxli yoxdu, qətl, intihar, namussuzluq başqalarının alın yazısıdı, amma...”  Amma o heç zaman bilmədi ki,  öldürücü  istiləri olan həmin avqust günlərində oğlu, az qala, düzəlməsi mümkünsüz olan bir səhv buraxacaq. Raymon qaçıb getmək, eyni zamanda, gizlənmək, gözəgörünməz olmaq istəyirdi. Kafeyə, mağazaya girməyə çəkinirdi. Bəzən, hansısa qapını açmazdan qabaq, yanından on dəfə keçirdi. Bu fobiya qaçmaq məsələsini mümkünsüz edir, evdə isə bağrı çatlayırdı. Bəzən axşamlar ona elə gəlirdi ki, ən sadə çıxış yolu ölümdü. Bu zaman yazı masasının siyirməsindən atasının köhnə revolverini götürür, amma Tanrının lütfündən gülləni tapa bilmirdi. Bir dəfə gündüz, üzümlüyün sallaq budaqları arasından keçərək, yanmış çəmənliklə aşağıya çəpəki enib balıq tutulan gölməçələrin yanına gəldi. Ümid edirdi ki, yosunlar və mamırlar onun ayaqlarına dolaşacaq, bu iylənmiş sudan çıxıb qurtula bilməyəcək, gözləri, ağzı  bataqlığın lili, lehməsiylə dolacaq və... heç kim onu bir daha görməyəcək, bir daha yad baxışlara dözməli olmayacaq.  Nohurun səthində milçəklər rəqs edir, dibində, üzündə sirli bir həyat qaynaşan tutqun suları sahildən daş kimi atılan qurbağalar bulandırırdı. O gün Raymonu qorxu yox, iyrənmək xilas etdi.

Xoşbəxtlikdən, nadir hallarda yalqız qalırdı. Məsələ ondadır ki, Kurrejlərin tennis kortu qonşu mülklərin də cavanlarını cəlb edirdi. Xanım Kurrej Basklardan gileylənirdi ki, onlar bizi kort tikməyə məcbur edərək xeyli xərcə salıblar, özləri isə qaçıb aradan çıxıblar, indi kortdan özgələr istifadə edir. Ağ geyimli gənclər günorta – istirahət vaxtında yüngül idman ayaqqabılarında qonaq otağında peyda olur, qadınlarla salamlaşır, Raymonun harada olduğundan xəbər tutur, yenidən həmin günəşli meydançaya tökülüşür, tezliklə “oyun”, “aut” kimi çığırtılar və cingiltili gülüş səsləri hər yanı bürüyürdü.

– Qapını örtməyi də zəhmət bilirlər! – xanım Kurrej deyinirdi. Başında bir fikir dolaşırdı ki, istilərdə evə gedən yolu kəsmək lazımdı.

Raymon da oynamaq istərdi, amma qızlardan, xüsusilə də Kosrujlardan – Mari-Tereza, Mari-Luiza və Marqaret-Maridən çəkinirdi. Bu üç sarışın qızın saçları elə gur idi ki, qızılı hörüklərini toparlayıb, sanki başlarında nəhəng bir tikili qurmuşdular: sancaq güclə saxlayırdı, hər dəqiqə dağılıb-tökülmək təhlükəsi vardı və bu saçların ağırlığı qızlarda miqren əmələ gətirmişdi. Raymonun bu güləyən, həmişə hər yerdə  məzəli şeylər axtarıb tapan qızlardan zəhləsi gedirdi.

Əslində Raymona gülüb-eləmirdilər və  onun özünü gülüş hədəfi saymağı o qızların günahı deyildi. Lakin onlara olan nifrətinin müəyyən səbəbləri vardı: Baskların gedişi ərəfəsində yeznəsinə söz vermişdi ki, onun tövlədə qoyub getdiyi minik atını keçəcək. Amma həmin illər Raymon yəhərə qalxanda  başı elə gicəllənirdi ki... Bir  səhər Kosrujlar təsadüfən onu meşə yolunda görmüşdülər: yəhərin qaşından yapışan Raymon onların yanından çapıb keçmiş və az sonra yıxılıb qumluğa düşmüşdü. O gündən bəri hər dəfə bu bacıları görəndə  onun atdan yıxılmasına qəhqəhəylə gülməkləri yadına düşür, qızlar isə  onunla rastlaşanda həmin hadisəni təkrar-təkrar danışıb ləzzət alırdılar.

Bu dəli-dolu vaxtında cavan qəlbində hansı fırtınalar qopmalıydı ki, onu həvəsə gətirsin! Raymon Kosruj bacılarını bir-birindən ayıra bilmirdi:  19.. ilin ölü kimi yerindən tərpənməyən qızmar avqust günlərində nifrət gözlərini elə tutmuşdu ki, sayları üç olsa da, onların timsalında ağaclar altında qaqqıldayan, başı parikli, piyli bir eybəcər görürdü.

Bəzən şəhərin qızmarından keçib gəmilərin təmir  olunduğu yerə gedən qatara əyləşirdi. Orada neftin, yağın əlvan ləkələri yayılmış durğun suda ehtiyacdan və sarıca xəstəliyindən əziyyət çəkən arıq yeniyetmələr oynaşırdı. Onlar atılıb-düşür, bir-birini qovur, yalın ayaqları sahilin plitələri üstündə dərhal quruyan nəm izlər qoyurdu. 

Yenə oktyabr gəlmişdi. Ağır keçid mərhələsi başa çatmış, Raymon həyatı üçün təhlükəki dövrü adlamış, salamat qalmışdı. Növbəti dərs ili başlamışdı: fəlsəfə dərsi, qoxusunu çox sevdiyi yeni kitablar onun önündə bir cədvəl şəklində bəşəriyyətin bütün arzularını və düşüncə sistemini açırdı.  Onun qismətinə salamat qalmaq yazılmışdı,  özü də təkcə öz səyləri nəticəsində yox. Amma zaman yetişirdi,  həyatına qadın daxil olmalıydı. Bu, o axşam kiçik barda, tənbəki tüstüsünün və ortada hərlənən adamların arasından ona baxan, işıqlı alnına zamanın lütfü yazılmış həmin qadın idi.

Keçən ilin qışında laqeydlik Raymonun əl-qolunu açmışdı, daha başqalarının dərdini çəkmirdi. Qaçmaq və intihar etmək kimi iki cəzibədar fikir arasında çırpına-çırpına qaldığı tətil günlərindən sonra ondan tələb olunanların hamısını həvəslə yerinə yetirməyə başladı və bu nizam-intizamın onun həyatda müvazinətini saxlamasına xeyli köməyi dəydi. İndinin özündə də Bordonun qəsəbələrinə axşam səfərlərindən evə qayıtdığı anları hər şeydən çox sevirdi. Kollecin qapısını arxasınca örtərək, gah dar küçənin nəm, dumanqarışıq toranlığına girir, gah da burada quru şaxta sümüklərinə işləyirdi.  Ona tutqun və ya təmiz, ulduzların dəlik-deşik etdiyi və ya içlərini ay işığı bürümüş buludlarla örtülü göy üzünün bütün çalarları yaxşı tanış idi. Keçidə çatıb yorğun, üst-başları çirkli və sakit  adamlarla ağzınacan dolu olan tramvaya əyləşirdi. “Titanik”dən də yaxşı işıqlandırılan bu böyük, düzbucaqlı sarı yeşik  Bordonun ətrafındakı kəndi xatırladan evlərin sıxlığında  gözdən itir, qış toranına bürünmüş kədərli bağçaların arasıyla hərəkət edirdi.

 

 
* * *

Raymon evdə özünü daha yersiz iradların hədəfi kimi hiss etmirdi. İndi bütün diqqət həkimə yönəlmişdi.

– Ona görə çox narahatam, – xanım Kurrej qayınanasına dedi. – Siz xoşbəxt qadınsız, qanınızı qaraltmamağı bacarırsız. Sizə qibtə edirəm.

– Pol sadəcə yorulub, çox işləyir axı, amma təsəllim odur ki, təbiətcə möhkəm adamdı.

Gəlin çiyinlərini çəkdi, qarının öz-özünə: “O, xəstə deyil, ancaq iztirab çəkir...” – mızıldanmağına fikir vermədi.

Xanım Kurrej təkrar etdi:

– Həkimlər həmişə bu cür inad göstərirlər ki, müalicə o

DİGƏR MƏQALƏLƏR