AZƏRBAYCAN ƏDƏBİYYATI - Elçin

Bu romanın qəhrəmanlarının bir qismi tarixi şəxsiyyətlərdir, ancaq onlarla bağlı hər bir epizodda və ümumiyyətlə, romanın hər səhifəsində tarixi dəqiqlik axtarmaq lazım deyil, həmin tarixi şəxsiyyətlər bu romanda artıq “müəllifin qəhrəmanlarıdır” – müəllifin gördüyü, onun qiymətləndirdiyi knyaz Pavel Dmitriyeviç Sisianov, yaxud da gənc şahzadə və vəliəhd Abbas Mirzə Qacardır. 

Bu əsərdəki tarixi kolorit – tarixi faktlarla tanış olduqca, müəllifin hiss etdiklərinin, onun düşüncələrinin ifadəsidir və buradakı tarixi qəhrəmanlar da müəllif üçün qeyri-tarixi qəhrəmanlar səviyyəsində “özününküdür”.

Tarixçilər bu romandakı isimlərin hamısı ilə, buradakı məktublarla, ayrı-ayrı tarixi epizod və məqamlarla bağlı arxivlərdə axtarışlar aparmasınlar, çünki heç nə tapmayacaqlar. Romanda, olsun ki, tarix ilə üst-üstə düşməyən detal və ştrixlərə də fikir verməsinlər və bu baxımdan müəllifin təskinliyi ondadır ki, burada tarixlə üst-üstə düşən və müəllifin fikrincə, tarixilik baxımından əhəmiyyətli olan məqamlar da, güman ki, az deyil.

 

 

Müəllif bu romanı İlyas Əfəndiyevin xatirəsinə həsr edir

 

B  A  Ş

(roman)

 

Həyatım ağrıyır.

Ənvər Məmmədxanlı

 

Bir də bu dünyaya gəlməyə tövbə.

Arif Abdullazadə

 

Bu romanın qəhrəmanlarının bir qismi tarixi şəxsiyyətlərdir, ancaq onlarla bağlı hər bir epizodda və ümumiyyətlə, romanın hər səhifəsində tarixi dəqiqlik axtarmaq lazım deyil, həmin tarixi şəxsiyyətlər bu romanda artıq “müəllifin qəhrəmanlarıdır” – müəllifin gördüyü, onun qiymətlən­dirdiyi knyaz Pavel Dmitriyeviç Sisia­nov, yaxud da gənc şahzadə və vəliəhd Abbas Mirzə Qacardır. 

Bu əsərdəki tarixi kolorit – tarixi faktlarla tanış olduqca, müəllifin hiss etdiklərinin, onun düşüncələrinin ifa­də­sidir və buradakı tarixi qəhrəmanlar da müəllif üçün qeyri-tarixi qəh­rə­manlar səviyyəsində “özünün­küdür”.

Tarixçilər bu romandakı isimlərin hamısı ilə, buradakı məktublarla, ayrı-ayrı tarixi epizod və məqamlarla bağlı arxivlərdə axtarışlar aparmasınlar, çünki heç nə tapmayacaqlar. Romanda, olsun ki, tarix ilə üst-üstə düşməyən detal və ştrixlərə də fikir verməsinlər və bu baxımdan müəllifin təskinliyi ondadır ki, burada tarixlə üst-üstə düşən və müəllifin fikrincə, tarixilik baxımından əhəmiyyətli olan məqamlar da, güman ki, az deyil.

 

 E l ç i n

 

(əvvəli ötən sayda)

Knyaz Sisianov keçən ilin – 1804-cü ilin mayında, o vaxt ki, bu  qan sevən vampir torpaq gül-çiçəklə bəzənib-düzənmişdi və knyaz Sisianov 20 minlik orduyla İrəvan xanlığına hücum etməyə hazırlaşırdı, qan tökülməsin deyə sonuncu dəfə İrəvan xanı Məhəmməd xana məktub yazaraq təslim olmasını tələb etmişdi: “Yaradana and içirəm ki, günəş geri fırlana bilər, Xəzər dənizinin suyu buxarlanıb yox ola bilər, ancaq mənim hücumumun qarşısını heç nə ala bilməz.”

Və knyaz Sisianov, həqiqətən, hücum etdi, İrəvan qalasını mühasirəyə aldı və bu mühasirə üç ay davam  etdi, ancaq bütün təslim tələblərini rədd edən Məhəmməd xan şəhər sakinləri ilə birlikdə bu mühasirənin məşəqqətinə dözdü – İrəvan qalasını fəth etmək mümkün olmadı. Məhəmməd xan knyazın təhqirlərlə dolu qəzəbli məktublarına təhqirlə yox, təmkinlə cavab verirdi, ancaq qalanı ala bilməyən Sisianov özünü məğlub yox, təhqir olunmuş hiss edirdi və İrəvan yürüşündə taleyi də elə bil knyazdan küsmüşdü – bir tərəfdən bu yerlərdə görünməmiş istilər başlayaraq, soldatlara əziyyət verirdi və ərzaq gətirən araba karvanları da gecikir, ərzaq xarab olurdu, o biri tərəfdən də bəd xəbərlər bir-birini əvəz edirdi: Abbas Mirzə İrəvanın yaxınlığında yeni hərbi qərargah qururdu və knyaz Sisianov buna imkan verməmək üçün, öz qoşunlarının bir hissəsini gene­ral-mayor Portnyaginin komandanlığı ilə yeni qurulan o qərargaha hücüm etməyə göndərdi, ancaq Abbas Mirzə onların qarşısına çıxıb, qələbə çaldı və Portnyagin geri çəkildi; Abbas Mirzə knyaz Sisianovun qoşunlarının tərkibində olan gürcü süvari dəstələrini gecə ikən mühasirəyə alıb, onların hamısını əsir götürdü və Tehrana göndərdi; yenə Abbas Mirzənin qoşunları gözlənilmədən İrəvanın yüz verstliyindəki rus gözətçi postuna hücum etdi, post rəisi mayor Montrezoru da, onun bütün dəstəsini də qətlə yetirdi. Bütün bunlara layiqincə cavab verə bilmədiyi üçün, knyaz Sisianov təhqir hissinin yükü altında, sentyabr ayında geri çəkilməyə məcbur oldu. Knyaz heç vaxt heç nəyi əlahəzrət imperatordan gizlətmirdi və bu dəfə də əlahəzrətə yazdığı məktubda heç nəyi gizlətmədi: “Özümə baxanda ürəyim ağrıyır. Mən 30 illik xidmətim ərzində ilk dəfədir ki, mühasirəyə alınmış şəhəri zəbt etmədən qoşunları geri çəkdim.”

Knyaz qeyri-şüuri əlini sinəsində, ürə­yinin üstündə gəzdirdi – nə olsun? İndi bu gecə vaxtı bütün bunları xatırla­ma­ğın nə mənası var? Hər kiçik büd­rə­mə­dən son­ra günəş geriyə fırlanacaqdısa, onda dünya gərək çoxdan tar-mar olaydı – günəş isə əvvəlki kimi səhər çıxır, axşam batır. 

Bu nə uşaq fikirləridir belə? Güllələr, qəlpələr ona görə səndən yan keçib, qılınclar ona görə sənə aman verib, sən 50-ni ona görə keçmisən ki, indi səni so­yuq tər bassın və bu cürə boş-boş fikirlərə qapılasan? 

Ancaq yataq otağını bürümüş qaranlıq içində o, ürəyinin dərinində hiss edirdi ki, İrəvan uğursuzluğu bir bəhanədir, onu  gecənin yarısı yuxudan oyadan, onu darıxdıran, ürəyini sıxan bu  deyil… Bəs nədir?

Və bu dəfə knyaz Sisianov fikrində yox, pıçıltı ilə:

– Bəsdir! – dedi və elə o andaca özü özünə istehza etdi: gecənin yarısı özü özünə – komandan soldata – əmr edir.

“Təklikdəndi…” – qəflətən ağlına gələn bu fikir özü ilə soyuq bir tər gətirdi. 

Knyaz Sisianov heç vaxt özünü tək hiss etməmişdi, tənhalıq hissi ona tamam yad idi və birdən-birə bu “təklikdəndi…” əhvali-ruhiyyəsi onu əməlli-başlı diksindirdi. Bu nə ovqatdır belə? Bu nə sen­ti­men­tallıqdır? O, həmin anlarda, hətta çox uzaqlarda qalmış “Yuliya”nı xatırladı, 19 yaşında fransız dilindən tərcümə etdiyi “Yuliya, yaxud Xoşbəxt peşimançılıq” povestini və bu nə xatırlamalardır belə, indi özü – 51 yaşlı infanteriya generalı, əslində bütün Qafqazın hakimi Yuliya sentimentallığına qapılıb? Knyaz yeniyetmə, ilk gənclik çağlarında şeirlər yazırdı və birdən-birə o, həmin şeirləri xatırlamaq, yadına salmaq istədi, ancaq o şeirlərdən heç biri, hətta bir misrası da onun yadına düşmədi. O, hiss etdi ki, bu fikirlər, bu əhvali-ruhiyyə onu heç vəchlə görmək və düşünmək istəmədiyi bir uzaqlığa aparacaq və o qaranlıq içində knyazın saat kimi işləyən beyni həmin uzaqlığa getməmək üçün – batan saman çöpündən yapışan kimi – yenə İrəvan xanlığını onun yadına saldı.

İrəvan yürüşünün uğursuzluğu, əslində kiçik bir dərs idi və knyaz Sisianov dərsləri gizlətmədiyi kimi, onlardan nəticə çıxarmağı da bacarırdı. İndi Bakı yürüşünə hazırlıq gedirdi və Bakını zəbt edəcəyinə knyazın heç bir şübhəsi yox idi. Lap yaxınlarda – Bakıdan sonra növbə İrəvan xanlığına da çatacaqdı və bu dəfə İrəvan da Derjavanın tərkibinə daxil ediləcəkdi – knyaz Sisianovun buna da şübhəsi yox idi. Cənubi Qafqaz da bütün Qafqaz kimi əbədi olaraq Derjavanın bir guşəsinə çevriləcəkdi və rus soldatının bu torpağa tökülən qanı əbəs axıdılmış olmayacaqdı.

Bəli, o, – knyaz Sisianov – Böyük Ru­si­yanı Zaqafqaziyaya qılıncla gətirirdi, ancaq vaxt gələcək, bu yerlər başqa bir Rusiyanı da tanıyacaq – maarifçi Rusiyanı. Rusiya Avropa mədəniyyətini və maarifini özü əxz edə-edə, özündən keçirib, bu yerlərə də gətirəcək və əlbəttə, o zaman xəncərlərini bellərindən açıb, boyunlarına bant bağlamış Cənubi Qafqaz aborigenlərinin heç ağlına da gəlməyəcək ki, şəstlə əyinlərində gəzdirdikləri o frakları Zaqafqaziyaya knyaz Sisianovun qılıncı gətirib.

Knyaz Sisianov əlini çarpayının yanın­dakı dolabçanın üstündə gəzdirdi, kiçik zınqrovu tapıb silkələdi.

Dərhal qapı açıldı və növbətçi zabit içəri girdi:

– Eşidirəm, alihəzrət!

Arakəsmədə yanan kerosin lampasının zəif işığı açıq qapıdan yataq otağına düşdü və elə bil kerosin lampasının bu zəif işığı knyazın içinə dolmuş o təlaş qarışıq nigarançılığı bir az əridib yumşaltdı.

– Mənə su gətirin.

Növbətçi zabit su gətirdi və knyaz çarpayıda oturub suyu içərək, fincanı farağat dayanmış növbətçiyə qaytardı:

– Gedə bilərsiz.

Növbətçi zabit yataq otağından çıxıb qapını bağladı və yataq otağına yenə də elə o yuxudakı kimi bir qaranlıq çökdü.

Və birdən-birə o qaranlıq içində çariça Mariya knyaz Sisianova baxıb gülümsədi.

Knyaz təsəvvüfdən uzaq, mistikanı nəinki qəbul etməyən, bununla, ümu­miy­yətlə, maraqlanmayan, xurafata tamam yad bir adam idi və Peterburq, Moskva kübarlarının, hətta bədbəxt Pavelin də mistikaya inamı onu qıcıqlandırırdı, daxilən əsəbiləşdirirdi, bu insanların ilk növbədə öz taleləri ilə bu qədər maraqlanmasını o, Rusiyanın taleyinə biganəlik kimi qiymətləndirirdi.

Həmin gecəyarısı knyaz Sisianovun gözlərinin qabağında birdən-birə üç dənə 4 rəqəmi peyda oldu: 444 – Pavelin im­pe­ratorluğu düz 4 il, 4 ay, 4 gün çəkdi – bu 4-lər, elə bil şifrələnmiş bir tale yazısı idi və Pavel bu tale yazısını düz 34 il gözlədi – o, 34 il əvvəl taxta çıxmalı idi. Deyilənə görə ülyahəzrət Yekaterina vəsiyyətnamə yazıb, nəvəsi Aleksandrı vəliəhd seçmişdi, ancaq imperatriçə ölüm ayağında olanda Pavel özü o vəsiy­yət­naməni tapıb yandırmışdı.

Knyaz Sisianov:

– Lənət şeytana! – pıçıldadı, indi də saray  dedi-qodularına uyur? Deyilənə görə… Deyilənə görə… Bu obıvatel əhvali-ruhiyyəsi nə vaxtdan səni ələ alıb, alihəzrət Baş komandan? 

Və elə özü özünə lağ etdiyi həmin məqamda birdən-birə knyaz Sisianova elə gəldi ki, o 444-ü ona çariça Mariya göstərir.

Bu dəfə knyaz içindən qalxan bir qəzəblə:

– Bu nədi belə? – pıçıldadı.

O – knyaz Pavel Dimitriyeviç Sisianov! – Kimsəsiz qoca kaftara dönmüşdü, nədir? 

Bu nə qarabasmalardı belə?! 

General Lazarev kimi bir soldatı xatırlayıb fəxr etməkdənsə, Mariya kimi bir ifritə onun gözlərinin qabağına gəlib, onu qorxutmaq istəyir?

Knyaz Sisianov bütün ehtirası ilə özü özünə qəzəbləndi və o gecəyarısı birdən-birə onun içinə dolmuş həmin tənhalıq hissiyatı da, şübhələr də, bir ərəfə təlaşına qarışmış nigarançılıq da elə bil onun qeyzindən qorxub, bircə anın içində yox olub getdi.

General-mayor Lazarev imperiyanın ləyaqətli bir soldatı idi və şərəfli bir soldat ömrü yaşayaraq Zaqafqaziya riyakarlığının qurbanı oldu.

İki il bundan əvvəl – 1803-cü il yenicə başlamışdı – gürcü şahzadələrinin çoxunun Gürcüstandan uzaqlaşdırılmasında, Rusiyaya köçürülməsində xüsusi xidmətləri olan general Lazarev – Tiflis  polismeysteri general-mayor İvan Petroviç Lazarev  – Tiflisdə yaratdığı məxfi kəşfiyyat şəbəkə­sinin məlumatına əsasən, Baş komandana məruzə etdi ki, bir dəstə gürcü zadəganı Baqrationları taxtda oturtmaq üçün çevriliş hazırlayır və bu çevrilişi hazırlayanlar arasında knyaz Sisianova qohumluqları çatan bir neçə Sisişvili knyazları da var. General Lazarev Baş komandanın hüzurunda onların da adını bir-bir sadalamaqdan çəkinən zabit deyildi və belə də etdi – Baş komandana qohumluqları çatan knyaz­­ların da adlarını bir-bir sadaladı. Onun, yəni general Lazarevin belə bir qırmızılığı, sərtliyi və düzlüyü knyaz Sisianovun xoşuna gəlirdi və o, general-mayorun bu cəhətlərini yüksək qiymət­lən­dirir, ona aşkar bir hörmətlə yanaşırdı. 

Knyaz hərtərəfli yoxlama apartdır­dıq­dan sonra general Lazarevin məlumatı təsdiqini tapdı və gürcü zadəganlarının satqınlığından qeyzə gəlmiş Sisianov xüsusi bir amansızlıqla həmin sui-qəsdçi gürcü zadəganlarını Sisiaşvili knyazları ilə birlikdə darmadağın etdi. Qaça bilənlər öz arzularını da özləri ilə apararaq, qaçıb canlarını qurtardı, qaça bilməyən özündən müştəbeh, əda ilə oturub, əda ilə duran gürcü knyazları isə Baş komandanın əmri ilə adi oğrular, frıldaqçılar kimi Misxet həbsxanasına salındılar. 

Bu hadisədən sonra knyaz Sisianov bir daha əmin oldu ki, gürcü çarlarının bütün qohum-əqrabası Qafqazdan sürgün olunmasa, Gürcüstanda əmin-amanlıq olmayacaq və Gürcüstanın bölgələrində çarlıq iddiasında olanların qarşısını almaq başqa cür mümkün deyil. Əlahəzrət imperator Aleksandrı inandırmaq lazım idi ki, Gürcüstanda çar nəslinin butün nümayəndələrini burada yaşamaq hüququndan məhrum etməyə icazə versin və knyaz Sisianov bütün qətiyyəti ilə əlahəzrətin özünə müraciət etdi və buna nail oldu.

Əlahəzrət imperator razılıq verdikdən sonra, knyaz Sisianovun əmri və biləvasitə nəzarəti ilə hələ də Gürcüstanda qalmış şahzadələrin, çar ailələrinə mənsub olan­ların hamısı köçürülməyə başladı. Köçmək istəməyən, ən çox müqavimət göstərən isə knyaz Sisianovun yaxın qohumu çariça Mariya idi və ifritə Mariyanın övladları ilə birlikdə  Rusiyaya göndəril­məsini knyaz şəxsən general Lazarevin özünə tapşırdı.

Hayıf Lazarevdən, ona yaraşmayan ucuz bir ölümlə öldü, o cür soldat bir Baba-Yaqanın1 qurbanı oldu.

Belə-belə işlər, Babua Arçil…

Və knyaz  Sisianov birdən-birə Babua  Arçili xatırladı.

 

*     *     *

… Görünən o məkanda, Kaspi  dənizinin sahili ilə asta-asta bir atlı gedirdi. 

Və O, əlbəttə, Panteranı tanıdı.

Və Panteranın belində oturmuş gənc bir azərbaycanlı bəy atın boynunu tumarlayırdı, hərdən Panteranın yalını qaşıyırdı və Panteranın bütün  daxilindən gələn zərif bir xoşbəxtlik dalğa-dalğa ətrafa yayılırdı.

O anlarda Pantera  görünən o məkanda atların ən xoşbəxti idi…

 

 

8.

 

Tiflis polismeysteri, general-mayor Lazarev İvan Petroviçin babaları keçən əsrin əvvəllərində Kazan quberniyasına köçüb-gəlmiş kasıb Polşa zadəganlarından idi və o, knyaz Sisianovdan üç il əvvəl – 1799-cu ildə Kaxetiyaya göndərilmişdi. 

Qocalıb əldən düşmüş Kaxetiya çarı XII Georgi Cənubdan Qacarların, Şimaldan isə Dağıstan hakimlərinin hücumlarının qarşısını almaq üçün, belə bir xahişlə imperator Pavelə müraciət etdi ki, Rusiya ona hərbi yardım göstərsin və o vaxt Mazdokda hərbi qulluqda olan, yenicə general-mayor rütbəsi almış Lazarev imperatorun göstərişiylə öz alayı  ilə birlikdə Zaqafqaziyaya yola düşdü, düz 36 gün müddətində qarlı-çovğunlu Qafqaz dağlarını aşa-aşa Tiflisə gəlib çıxdıqda isə məlum oldu ki, Kaxetiyadakı hərc-mərcliyin səbəbi Osmanlıların, Qacarların hərbi yürüşlərinin, ləzgilərin, avarların qəfil hücumlarının qorxusu ilə yanaşı, həm də çarın taxtına sahib olmaq istəyən gürcü şahzadələrinin hakimiyyət uğrunda bir-birləri ilə apardıqları mübarizə, bir-birlərinə qarşı qurduqları fitnə-fəsaddır. 

Arvadbaz Georginin müxtəlif arvadlardan böyük oğlanları var idi və o, yəni səhhəti kimi iradəsi də zəif olan XII Georgi heç vəchlə oğlanlarının öhdəsindən gələ bilmirdi, onların qorxusundan heç birini vəliəhd də elan edə bilmirdi. 

Bir neçə il bundan əvvəl general Lazarevin həyatında yarası heç vaxt sağalmayacaq bir faciə baş vermişdi – qısa bir zamanda tamamilə gözlənilmədən on altı yaşlı qızı Tatyana və bir il keçməmiş, bu faciə ilə heç cürə barışa bilməyən arvadı Zoxra vəfat etdi. Mənşəcə xaç suyuna çəkilmiş Kazan tatarlarından olan  Zoxranın vəfatından sonra tamam tək qalmış İvan Petroviç əvvəlkindən də artıq dərəcədə öz hərbi xidmətinə bağlandı və onun bütün arzu və istəkləri də, hüsn-rəğbəti də, düşüncələri də elə ordu ilə bağlı idi. 

Alayını Tiflisdə yerləşdirən general Lazarev ilk növbədə gürcü şahzadələri zərərsizləşdirməklə, onları bir-bir ya zor gücünə, ya da şirin dillə Rusiyaya göndərməklə məşğul oldu və bu çətin işdə o, öz alayının gücündən, imperiyanın adından çox, şəxsi nüfuzundan istifadə edirdi – bu nüfuzu isə Lazarev artıq qazanmışdı –  Qafqazda nüfuz qazanmaq isə, əlbəttə, zarafat iş deyildi.

Məsələ burasında idi ki, Lazarev Tiflisə gəldikdən bir müddət sonra – artıq yeni yüzillik: XIX əsr başlamışdı, 1800-cü il idi, – Avarlı Ömər xan on beş minlik bir dəstə, – əslində, ordu ilə Gürcüstanın sərhədlərini aşdı və bu xəbər çar da, bir-birinə düşmən olan şahzadələr də başda olmaqla kənd camaatından tutmuş adlı-sanlı knyazlaracan Kaxetiyanı dəhşətə gətirmişdi. Ömər xan təkcə avarların arasında yox, bütün Dağıstanda böyük nüfuz sahibi idi və bu adlı-sanlı cəsur adam Cənubi Qafqazda da məşhur idi, onun cəsarəti və amansızlığı haqqında əfsanələr gəzirdi,  aşıqların qoşduğu “Avarlı Ömər xan” dastanı bir tərəfdən bu hakimin igidliyinə heyranlıq hissi yaradırdı, o biri tərəfdən də insanları vahiməyə salırdı. 

Ömər xanın və onun sağ əli olan İs­gən­dər bəyin nəhəng bir dəstə ilə Kaxe­tiyaya yürüşü, həqiqətən, böyük bir fəlakət­dən xəbər verirdi və bu, general Lazarev üçün ağır bir sınaq, eyni zamanda şəxsi nüfuz qazanmaq, imperiyanın adını ucaltmaq üçün də bir fürsət idi. General bu sı­naq­dan çıxmaqdan çəkinmədi və Şimaldan göndərilmiş yeni qüvvələrlə birlikdə – artileriya ilə təchiz olunmuş yeddi batalyon   idi – Tiflisdən çıxaraq İora çayının sahilində Ömər xanı qarşıladı. Həmin vuruşda gürcü şahzadələri Baqratın və İoannın atlıları da generala köməyə gəlmişdilər və qılıncdan, güllədən qorxmayan Lazarevin çevik, qətiyyətli koman­dan­lığı ilə rus topları və rus qoşunları Ömər xanı məğlub etdi, xan özü yaralanıb Dağıstana qayıtdı, İsgəndər bəy  isə əsir düşdü. 

Bu qələbəyə görə general-mayor Lazarev Müqəddəs İerusəlimli İoann ordeninin komandor xaçı ilə təltif olundu, gürcülər isə ona xüsusi hörmət və ehtiram əlaməti olaraq, İsgəndər bəyin başını kəsib torbaya qoydular və o torbanı Lazarevin yaşadığı evə gətirib, generalın qarşısında açaraq, İsgəndər bəyin başını onun ayaqlarının altına atdılar. Lazarev İsgəndər bəyin saçlarından yapışıb, başı yuxarı qaldırdı və ikinci mərtəbədəki eyvana çıxıb, bu başı küçəyə yığışmış gürcülərin sidqi-ürəkdən gələn alqış sə­daları altında onlara göstərdi.

General-mayor Lazarevin qazandığı nüfuz beləcə təsdiq olundu. 

Və həmin vaxtdan sonra, hətta çariça Mariya da bəzən öz iqamətgahında general Lazarevi qəbul edir, fikirlərini, təkliflərini biləvasitə özü ona çatdırırdı və XII Georginin arvadının – həm də bu, Mariya idi! – belə bir iltifatı bir tərəfdən Mariyanın düşmənlərinin Lazarevə bəslədikləri kin-küdurəti daha da artırırdı, o biri tərəfdən ona Mariyanın tərəfdarlarının daha artıq hörmətini qazandırırdı, bir tərəfdən də general Lazarevin çariça Mariya ilə görüşlərində xüsusi bir əhvali-ruhiyyə yaratdı. General Lazarev Cənubi Qafqaza gəldiyi vaxtdan etibarən və ümumiyyətlə, – hər şeyi adı ilə demək lazımdır – çariça Mariya ilə görüşlər onun son illərdəki həyatında ən xoş anlar olurdu.

Sərt, tərs və gözəl çariça Mariyanın 40 yaşı hələ tamam olmamışdı, ancaq bu qadında elə bir təbii zəhm var idi ki, onun ən qatı düşmənləri – Georginin başqa arvadlarından olan şahzadələr belə, bəzən Mariyanın qarşısında özlərini itirirdilər, onun qurduğu hörümçək toruna düş­mək­dən qorxurdular.

General Lazarev gecələr yuxuya get­məzdən əvvəl Tatyananı da, Zoxranı da, demək olar ki, hər gün xatırlayırdı və o, tamamilə əmin idi ki, onların ikisi də haqq dünyasında mələklərlə bir yerdədirlər, çünki onların ikisi də mələklər kimi tərtəmiz, pak idi, ancaq çariça Mariyanı ilk dəfə görəndən sonrakı gecə general Lazarevin fikrindən keçdi ki, hərgah Zoxranın yerində çariça Mariya olsaydı, onu, yəni general Lazarevi tək qoyub getməzdi. Hətta o məqamda general Lazarevin ürəyindən az qala cismani bir hissiyyat da keçdi ki, Zoxranın onu tək qoyub mələklərin yanına uçmasında bir eqoizm, hətta bir xəyanət çaları var və elə həmin anda da general Lazarev bu hissiyyatın nə qədər ədalətsiz olduğunu düşündü, özü özünün o hissiyya­tından sarsıldı. Çariça Mariya Tatyananın ölümünə dözərdi və general Lazarevi tək qoymazdı, Zoxra isə dözmədi və qızının ardınca göylərə uçdu – bu, onun vəfası, yoxsa tək qoyduğu general Lazarevə vəfasızlığı idi? – əlbəttə, vəfası idi, ancaq çariça Mariya da elə ilk görüşdən general Lazarevin fikrində və hissiyyatında elə bir qadın idi ki, o, Tatyananın ölümünə döz­səy­di və general Lazarevi tək qoyub getməsəydi – bu da vəfasızlığın yox, bö­yük və məğrur bir vəfanın göstəricisi olardı.

Çariça Mariya on doqquz yaşlı oğlu Cəbrayılın və on yeddi yaşlı qızı Tamaranın Rusiyaya göndərilməsinə heç vəchlə razılıq vermirdi və Cəbrayılı Kaxetiya taxtına oturtmaq istəyirdi. Lazarev Cəbrayılın da, Tamaranın da Sankt-Peterburqda şahzadə titulunu saxlayacaqlarını, onların təhsil alacaqlarını, onlara təhkimli kəndlilərlə birlikdə torpaq bağışlanacağını nə qədər təkrar etsə də, bunun əhəmiyyəti yox idi, çariça Mariyanı yola gətirmək mümkün deyildi, çünki bir tərəfdən onun gürcü kübar cəmiyyətindəki mövqeyi elə idi ki, zor işlətmək bu cəmiyyətdə onsuz da zəif olan Rusiyaya meyli daha da zəiflədə bilərdi, o biri tərəfdən isə general Lazarev çariça Mariya ilə heç vəchlə güc dilində danışmaq iqtidarında deyildi və çariça Mariya bunu bilirdi.

XII İrakli 1800-cü ilin dekabrında vəfat etdikdən sonra, o vaxt ki şahzadələrin Kaxetiya tacı uğrunda ölüm-dirim mübarizəsi başladı, o vaxt ki bu şahzadələri dəstəkləyən müxtəlif qüvvələrin ədavəti bir-birinə qarışdı, bu hadisələri diqqətlə izləyən Osmanlı imperiyası və Qacarlar da Zaqafqaziyada öz mövqelərini güc­ləndirmək fürsətindən istifadə etməyə başladı, onda çariça Mariyanın istəyi – Kaxetiya tacı Cəbrayılın olmalıdır! – daha da şiddətləndi, qarşısı alınmaz bir alova çevrildi.

General Lazarev qoşunların gücündən, özünün nüfuzundan istifadə edərək, heç bir şahzadənin taxtı ələ keçirməsinə imkan vermədi və imperator Pavelin qərarını gözlədi. Ali qərar isə belə oldu ki, Gürcüstan Rusiyaya birləşdirilir və general Lazarev bu manifesti bütün gürcü kilsələrində, azərbaycanlı məscidlərində oxutdurdu. Gürcü şahzadələri bu manifesti aşkar bir kin-küdurətlə qarşıladılar və yenə də bir-birinə qarşı fitnə-fəsadlarını davam etdirdilər, çariça Mariya isə həmin inadla nə edirdisə – hansı vasitəyə əl atırdı, hansı intriqanı qururdu – hətta gürcü cəmiyyətinin bütün təbəqələrində muzdlu və muzdsuz xəbərçiləri olan general Lazarev belə, bunun yarısından çoxunu bilmirdi.

İki il bu cür çaxnaşma içində keçdi, nəhayət, keçən ilin – 1802-ci ilin avqustunda əlahəzrət imperator Aleksandr knyaz Pavel Dmitriyeviç Sisianovu Baş komandan təyin etdi və elə ilk görüşdən general Lazarevlə knyaz arasında işgüzar bir münasibət yarandı – onların hər ikisi xidmət adamı idi. Baş komandan nəinki yalnız şahzadələri, ümumiyyətlə, çar nəsillərinə mənsub olanların hamısını Gürcüstandan təmizləməyə başladı və çariça Mariyanın inadını, tərsliyini görüb, 1803-cü il aprel ayının 17-də axşam general Lazarevi öz hüzuruna çağırtdırdı.

Həmin aprel axşamı yazın gəlişi Tiflisdə əməlli-başlı hiss olunurdu, knyaz Sisianov kabinetinin pəncərələrini taybatay açmışdı və otaqda bir yaz qoxusu var idi. Gün xeyli uzansa da, kabinetə yavaş-yavaş alaqaranlıq çökürdü, ancaq knyaz kerosin lampalarını hələ yandırmamışdı – yanan kerosin lampalarının iyi otağa dolmuş bu yaz qoxusuna tamam yad bir şey idi.

Üstü cürbəcür məlumatlarla, raportlarla, danoslarla dolu böyük yazı mizinin arxasında oturmuş knyaz Sisianov qarşısında farağat dayanmış general Lazarevə baxaraq, ayağa qalxıb onunla üzbəüz dayandı: bu general-mayor imperiyaya və əlahəzrətə sadiq olan əsl rus soldatı idi və onların ikisində də bir-birinə qarşılıqlı hüsn-rəğbət var idi. General Lazarev o azsaylı yüksəkrütbəli hərb­çi­lərdən biri idi ki, daha da yüksək rütbəyə nail olmaq xətrinə yox, vətənin və im­pe­riyanın mənafeyi naminə fəaliyyət gös­tərirdi, onda yalançı heç nə yox idi və knyaz Sisianov məhz bu cür rus generalları ilə fəxr edirdi. O, qarşısında farağat dayanmış bu nisbətən cavan general-mayora baxa-baxa iyirmi il bundan əvvəli xatırladı – xəyal onu o vaxtlara apardı ki, polkovnik Sisianov Sankt-Peterburq qrenader alayının komandiri idi, bəzən Baş komandan feldmarşal qraf Saltıkovla1 beləcə üzbəüz dayanırdılar və hər ikisinin də bir-birinə daxili bir hüsn-rəğbəti var idi. Sadəcə olaraq bu gün feldmarşal Saltıkov qismində o özü, polkovnik Sisianov qismində isə Lazarev idi.

Knyaz Sisianov:

– General, – dedi – mənim heç kimin nazı ilə oynamaq fikrim yoxdur! O cümlədən də çariça Mariyanın. Sabah səhər tezdən Mariyanın özünü də, övladlarını da Tiflisdən çıxararaq, Peterburqa yola salmağı sizə tapşırıram.

Baş komandanın əmri general Lazarev üçün gözlənilməz olmadı – o, əmin idi ki, Baş komandan təbiətli bir adam uzun müddət çariça Mariyanın hikkəsinə dözməyəcək, əvvəl-axır buna son qoyulacaq və Baş komandanın nəinki Mariyanın övladlarını, əmin-amanlıq naminə Mariya­nın özünü də Rusiyaya göndərəcək. General bunu da bilirdi ki, çariça Mariya, əslində knyaz Sisianovun yaxın qohumudur və knyaz Sisianovun bu cür yaxın və uzaq qohumları, eləcə də, qohum olmayıb, özlərini onun qohumu kimi qələmə verən gürcü zadəganlarından tutmuş, Tiflis lotularınacan yalançı qohumları az deyildi, ancaq Baş komandan üçün bütün bunların nə bir mənası, nə də bir əhəmiyyəti var idi. Sisianov Derjavaya düşmən münasibəti bəsləyən Sisişvili knyazlarının başına elə bir oyun açdı ki, verilən cəzalar, hətta bu əməliyyatın ən aktiv iştirakçısı olan general Lazarevə də həddən artıq sərt göründü və onun raport yazaraq, öz səlahiyyətləri daxilində bəzi yumşaldıcı təkliflərini Baş komandana təqdim etdikdən sonra da knyaz Sisianov bu təklifləri qəbul etmədi. 

Və knyaz Sisianov Baş komandan gəldikdən sonra, general Lazarev daima çariça Mariya ilə bağlı belə bir əmr gözləyirdi və o, bu barədə fikirləşəndə əməlli-başlı həyəcanlanırdı, hətta hərdən gecələr onun təsəvvüründə belə qorxunc bir mənzərə yaranırdı ki, çariça Mariyanın saçlarından tutub sürüyə-sürüyə onu konvoylara təhvil verir – belə anlarda qorxunun-hürkünün nə olduğunu bilməyən bu rus generalının həyəcandan bütün bədəni titrəyirdi. Ancaq buna baxmayaraq, general Lazarev əldə etdiyi bütün məxfi məlumatlar kimi, çariça Mariyanın Rusiya əleyhinə fəaliyyəti ilə bağlı gizli məlumatları da Baş komandana məruzə edirdi – bu, İvan Petroviçin şəxsi istəyindən asılı olmayaraq,Tiflis polismeysteri general Lazarevin dövlət qarşısında borcu idi. Həmin günlərdə general Lazarevin qulağına çatmışdı ki, Mariya övladları ilə birlikdə İstanbula qaçmaq üçün gizli hazırlıq görür və Kaxetiyanı yenidən Rusiyanın tərkibindən çıxarıb, Cəbrayılı taxtda oturtmaq uğrunda mübarizəsini İstanbulda davam etdirmək istəyir, ancaq bu məlumatı hələ tam dəqiqləşdirmədiyi üçün, hələ Baş komandana məruzə etməmişdi.

1803-cü ilin həmin 17 aprel axşamı knyaz Sisianov:

– Əmri yerinə yetirin və sabah nahara qədər mənə məruzə edin! – dedi.

General-mayor Lazarev:

– Oldu, alihəzrət! – dedi və onun tələffüzündəki həmişəki qətiyyət əmrin yerinə yetiriləcəyinə zərrə qədər də şübhə yeri qoymadı.

Həmin anda knyaz Sisianovun fikrindən keçdi ki, kaş, onun bütün generalları hündürboylu, yerində durmayan uzun sarışın saçları tez-tez ağ bənizinə tökülən, göy gözlərinin baxışları həmişə aydın olan bu əsl hərb adamı kimi cəsarətli, dəqiq və qətiyyətli olaydılar, ancaq knyaz Sisianov fikrindən keçən hər sözü deyən adam deyildi və yalnız:

– Gedə bilərsiz!– dedi.

General-mayor Lazarev xüsusən o vaxtdan ki arvadından və qızından sonra tək qaldı, səhərlər elə yuxuda ikən təhtəlşüur olaraq, quşların səsini gözləyirdi və elə ki eşikdəki ağaclardan – Tiflis isə yaşıl şəhər idi – quşların səsi eşidilirdi, o, gözlərini açırdı və gözlərini açan kimi də cəld ayağa qalxırdı. 1802-ci ilin o 18 aprel günündə də sübh tezdən quşların səsi yataq otağını bürüdü və bir-birinə qarışmış bu cürbəcür Tiflis quşlarının səsi gözəl bir yaz səhərinin açılmasından, gözəl bir yaz gününün başlanmasından xəbər verirdi. 

Ancaq o gözəl yaz günü general La­zarev çariça Mariyanı sürgünə göndərməli idi.

İki gündən sonra general Lazarevin 40 yaşı tamam olacaqdı və 40 yaş artıq yaşanmış ömür barədə özü özünə hesabat vermək dövrü idi – general belə fikirləşirdi, ancaq özü özünə hesabat verməyə onun nə vaxtı, nə həvəsi, nə də əhvali-ruhiyyəsi var idi – o, Mariyanı sürgünə göndərməli idi. 

Lazarev Baş komandanın əmrini vax­tında yerinə yetirmək üçün, hələ gecə düşməmiş nəzarət üçün çariça Mariyanın iqamətgahına iki zabit göndərmiş, iqa­mət­gahı mühasirəyə aldırmış, çariçanın özü, övladları və qulluqçuları üçün faytonlar hazırlatmış, onları müşayiət edəcək zabit­ləri müəyyənləşdirmiş, konvoyu şəxsən özü yoxlamışdı. Baş komandanın əmri var idi, Derjavanın maraqları naminə veril­miş bu əmr nəyin bahasına olursa-olsun, nahara qədər yerinə yetirilməli idi və general Lazarev bilirdi ki, belə də olacaq və nahara qədər əmrin yerinə yetirildiyi barədə Baş komandana məruzə edəcək.

Bu əmr general Lazarevin bütün içində bir sıxıntı və pərişanlıq yaratmışdı, ancaq onun heç fikrindən də keçə bilməzdi ki, verilmiş əmr yerinə yetirilməsin və əlbəttə, o, bir bəhanə tapıb, özünü kənara çəkə bilərdi, misal üçün, özünü xəstəliyə vura bilərdi, Baş komandan da bu işi “Qəssab” podpolkovnik Serebryakov kimi birinə tapşırardı, həmin adam da, misal üçün, elə həmin podpolkovnik Serebryakov məmnuniyyətlə bu işin öhdəsindən gələrdi, lap çariça Mariyanın saçlarından tutub sürüyə də bilərdi, ancaq general Lazarev bunu – özünü yalandan xəstəliyə vurmağı, öz soldat borcuna xəyanət etməyi – heç vaxt özünə bağışlaya bilməzdi. O, əmr almışdı və əmr yerinə yetirilməli idi və yerinə də yetiriləcəkdi, qoy general Lazarevin xəyalındakı Mariya daima ona nifrət etsin, qoy general Lazarev daima əzab çəksin – əmr yerinə yetirilməli idi, Lazarev soldat idi – rus soldatı – və soldat əmri yerinə yetirməlidir. 

Və həmin yaz səhəri general Lazarev özü çariça Mariyanın iqamətgahına getdi.

Çariça Mariya rəsmi əlbisəsi əynində taxtda uzanıb, üstünə yüngülcə şal salmışdı və general Lazarev içəri girib həmişəki kimi başı ilə təzim etdikdə, ani olaraq fikrindən keçirdi ki, bu zəhmli, zabitəli və gözəl qadını uzandığı o taxtdan qaldırıb Peterburqa yola salmaq – indiyə kimi həyatında heç vaxt almadığı qəmli, kədərli bir əmrdir. 

Şahzadə Cəbrayıl da, bacısı prinses Tamara da otağın ortasındakı yumşaq kürsülərdə oturmuşdular, iki zabit isə onların yanında ayaq üstə durmuşdu.

Yerindən qalxmayan çariça Mariya general Lazarevə ağzını açmağa macal vermədi və gürcü ləhcəsi ilə təmiz bildiyi rus dilində:

– General, siz məni zorla Peterburqa aparmaq istəyirsiz, hə? – soruşdu.

General:

– Ülyahəzrət… – dedi.

Ancaq çariça Mariya onun sözünü kəsdi:

– Gözümün içinə baxın, general!..

General Lazarev çariçanın gözlərinə baxdı və o anlarda çariçanın ala gözlərində hüdudsuz bir qəzəblə bərabər elə bil çox dərinlərdə, o qəzəbin ən alt qatında bir məhəbbət də gizlənmişdi. General Lazarev özünü ələ alıb:

– Ülyahəzrət, – dedi. – Baş koman­da­nın əmri belədir.

Çariça Mariya başını mütəkkədən qaldırıb, qəzəb və nifrətdən titrəyən bir səslə:

– Onun babaları bizim təkcə qo­hum­la­rımız olmayıblar, – dedi. – Onlar həm də bizim nökərlərimiz olublar, eşidirsiz, general! Nökərlərimiz olublar! İndi mən onun əmrinə tabe olmalıyam? Hə, gene­ral?

General Lazarev gözlərini çariçanın gözlərindən yayındıraraq:

– Siz əmrə tabe olmalısınız, ülyahəz­rət! – dedi və onun bu sözləri çariça Mari­ya­nın da, onun övladlarının da məh­kum­luğunu tamam gerçəkləşdirdi.

Çariça Mariyanın başı, elə bil bir anlıq halsızlıqdan mütəkkənin üstünə düşdü.

Otağa sükut çökdü.

Sükutu Mariyanın özü pozdu:

– Sizin Baş komandan öz  millətini satmış bir xaindir! Siz Rusiyanı xainlərin qılıncı sayəsində saxlaya biləcəksiniz? – Yenə qısa bir sükutdan sonra: – Hə, ge­neral? Xahiş edirəm mənim sualıma cavab verəsiniz! – dedi. – Mən sıradan bir nəfər yox, çariça Mariyayam!

General Lazarev:

– Ülyahəzrət, – dedi – mən sizin bu tipli sözlərinizi məqbul hesab etmirəm.

Çariça Mariya bu dəfə mülayim və həzin bir səslə:

– Ancaq mənim də, övladlarımın da bütün gecəni iki rus zabitinin nəzarəti altında keçirməyimizi məqbul sayırsız, hə? – soruşdu.

General Lazarev cavab vermədi.

Çariça Mariya:

– Cənab Lazarev, lazım deyil, cavab verməyin. – dedi. – Mən hər şeyi başa düşürəm. Ancaq sizə, mən rus generalına yox, rus dvoryanına müraciət edirəm. Siz övladları ilə birlikdə çariça Mariyanın da Rusiyaya sürgün edilməsi ilə bağlı nə fikirləşirsiz?

– Mən əmri yerinə yetirməliyəm, ül­ya­həzrət…

– Axı mən dedim ki, rus generalına yox, rus dvoryanına müraciət edirəm!.. – Və çariça Mariya, elə bil ani bir şaşqın­lıq­dan sonra, xüsusi bir vurğu ilə – Mən  sizə, eşidirsiniz, sizə müraciət edirəm!.. – dedi.

Sükut çökdü və general Lazarev, nəhayət, o sükutu pozdu:

– Mən eyni adamam, ülyahəzrət…

Çariça Mariya çığırdı:

– Yox, siz eyni adam deyilsiniz! – və qəfil bir ehtirasla: – Bəs mən o əmrə tabe olmasam? – soruşdu.

General Lazarev:

– Ülyahəzrət, – dedi. – İnanın mənə, sizin inadınızın və… – General bir an sus­du. –  Və… mübarizənizin heç bir pers­pektivi yoxdur. Peterburqa getməyiniz sizin üçün də, övladlarınız üçün də ən xeyirli variantdır. Sizin də, övladlarınızın da titulları saxlanacaq. Siz əlahəzrət imperator Aleksandrın şəxsi himayəsi altında yaşayacaqsınız. Siz…

Mariya generalın sözlərini yarımçıq kəsdi:

– Siz məni tovlamağa çalışmayın, cənab Lazarev!

General Lazarev:

– Ülyahəzrət, – dedi. – Sizdən çox xahiş edirəm, artıq dərəcədə xahiş edirəm, məni məcbur etməyin ki… – O, sözlərini davam etdirmədi – bütün hikkəsinə, təkəb­bürünə baxmayaraq, onun – rus ge­ne­ralının – qarşısındakı, əslində, köməksiz, məhkum və… sevimli bir qadın idi – La­zarev sözünü davam etdirməyi özünə rəva  bilmədi.

General Lazarevin sözlərini çariça Mariya özü davam etdirdi:

– Sizi məcbur etməyim ki, məni zorla küçəyə atasınız, hə, general?

Bu dəfə general Lazarevin tələsik:

– Ülyahəzrət, xahiş edirəm yığışası­nız! – dedi. – Faytonlar sizi gözləyir. Mən özüm sizi ötürəcəyəm.

Və general Lazarev otaqdan çıxdı.

Onun üçün Avarlı Ömər xanla ölüm-dirim vuruşuna girişmək, bu məhkum qadının məsələsini həll etməkdən asan və qat-qat şərəfli bir iş idi, ancaq əmr verilirsə, o əmr qeydsiz-şərtsiz yerinə yetirilməlidir. Dünən axşam bu əmri aldıqdan sonra general Lazarevin tez-tez fikrindən keçən yeganə təskinlik bu idi ki, Peterburqa köçmək və orada yaşamaq, həqiqətən, Çariça Mariya üçün ən yaxşı seçim idi, çünki Mariya, hətta övladları ilə birlikdə İstanbula qaça bilsəydi belə, heç nəyə nail ola bilməyəcəkdi və o ocaqda ki onu özü alovlandıracaqdı, özü də həmin ocaqda yanacaqdı – tarix boyu bu cür İstanbula qaçan böyüklü-kiçikli cürbəcür taxtdan salınmış, yaxud da taxta çıxmaq istəyən, taxt uğrunda mübarizə aparan şahlar, şahzadələr, hakimlər, sui-qəsdçilər çox olmuşdu.

Çariça Mariyanın iqamətgahı iki­mər­təbəli bir bina idi və onun otağı da ikinci mərtəbədə idi. General Lazarev tamam pəjmürdə bir vəziyyətdə asta-asta taxta pilləkənləri enərkən, çariçanın otağında hay-küy düşdü və o, cəld geri dönüb, iti addımlarla yenidən yuxarı qalxdı. 

General otağa girəndə şahzadə Cəb­ra­yıl bir tərəfdən, prinses Tamara o biri tərəfdən, hərəsinin də əlində bir xəncər za­bitlərin üstünə hücum çəkmişdi və xən­cər­lərin zərbələrini saxlamaqdan əlləri kə­sil­miş, qana bulaşmış zabitlər bu gənc şahzadələrin ehtiraslı həmlələrinin qarşısını güclə alırdı.

General Lazarev:

– Qurtarın! – qışqırdı. – Qurtarın bu oyunu, qurtarın! – və onun bu çılğın səsi bacı-qardaşa təsir etdi, onlar əl saxlayıb, hələ də taxtda uzanmış analarına baxdılar.

General Lazarev bu dəfə çariça Ma­ri­yanın üstünə qışqıraraq təkrar etdi:

– Ülyahəzrət, qurtarın bu oyunu! Bunun axırı sizin üçün yaxşı olmayacaq!

Elə həmin anlarda da çariça Mariya, elə bil bütün bu müqavimətin tamam mənasız bir iş olduğunu başa düşərək, gülümsədi:

– Aydındır, general!.. Aydındır!.. – Və gözlərini Lazarevin gözlərinə zilləyib, bir neçə anlıq sükutdan sonra sağ əlini şalın altından çıxararaq ona tərəf uzatdı: – Əlvida, general…

Çariça Mariyadan bu sözləri eşidən general Lazarev dərindən köks ötürdü, sonra taxta yaxınlaşıb başını aşağı əydi ki, çariçanın əlindən öpsün və bu vaxt Mariya ani bir cəldliklə sol əli ilə şalın altında tutduğu xəncəri çıxarıb düz generalın sinəsinə soxdu.

General Lazarev belini dikəldib bir addım geri çəkilərək, əlini köksündəki xəncərə tərəf apardı, ancaq xəncərin dəstəyindən tuta bilmədi, dizləri üstə yerə çökərək:

– Mariya… – pıçıldadı və ani olaraq, general Lazarevin fikrindən keçdi ki, Mariya onu Zoxra ilə Tatyananın yanına göndərir, sonra qana bulaşmış əlini köksündən çəkib baxdı və bunu da fikrindən keçirməyə macal tapdı ki, mələklər onu yaxına buraxmayacaqlar, çünki onun əli qanlıdır.

Generalın sinəsindən fışqıran qan yerə salınmış məşhur “Hacı Muxtar xalçası”nın üstünə axırdı.

Və general-mayor İvan Petroviç Lazarev artıq haqq dünyasına köçmüşdü…

…Bir göz qırpımında bütün Tiflisə yayılan bu xəbər knyaz Sisianovu qeyzə gətirdi və o əmr etdi ki, çariça Mariya da, onun övladları da həbs edilərək, Misxet həbsxanasına salınsınlar, orada Tiflis oğruları, caniləri ilə onlar arasında da heç bir fərq qoyulmasın. Bir müddətdən sonra çariça Mariya övladları ilə birlikdə Rusiyaya göndərildi və bu dəhşətli hadisədən sonra hələ də sakitləşə bilməyən knyaz Sisianov şəxsən özü müşayiətçilərə tapşırdı ki, Mariya ilə də, onun övladları ilə də adi cinayətkarlar kimi rəftar etsinlər. Hələ də hiddəti keçməyən  knyaz Sisianov hadisə barədə Sankt-Peterburqa ixlaskar raport yazdı və çariça Mariyanı cəzalandırmağı tələb etdi. Knyazın təklifi ilə çariça Mariya  Rusiyaya gələn kimi, Voronejdəki Belqorod qadın monastırına göndərildi. 

General Lazarev isə Baş komandanın əmri və iştirakı ilə böyük əsgəri ehtiramla Tiflisin Sion kilsəsində dəfn olundu.

 

 

*     *     *

… ONUN yaddaşında elə bir oyanış baş vermişdi ki, görünən həmin məkanla bağlı xatirələr, elə bil bir-birini qovurdu və bütün bu qovhaqovu saxlamaq ONUN şəffaf və çəkisiz varlığından asılı deyildi.

ONU çəkən, ONU aparmaq istəyən qüvvəyə sarı uçmaq ehtirası ONUN bütün hisslərinə hakim idi, ancaq o xatirələr imkan vermirdi və görünən o məkanda bir-birini əvəz edən epizodlar heç bir sərhəd tanımırdı, keçmiş ilə gələcək, yaxın ilə uzaq, doğma ilə yad – hamısı bir-birinə qarışmışdı.

Və sürətlə bir-birini əvəz edən o epizodlar eyni sürətlə də informasiyalar yayırdı və o informasiyalar dalğa-dalğa ONUN şəffaf və çəkisiz varlığını bürüyürdü.

Bax bu, Sankt-Peterburqdakı doğma Müqəddəs Anna İkonalı Vladimir Kilsəsi idi və dən düşmüş qıvrım saçları yana daranmış, Avropa libası geyib, boynundan xaç asmış o yaşlı kişi kilsədə şam yandırıb, dua edir və xaç çevirirdi. 

Və O, görünən həmin məkanda Bakı xanlığının dilmancı Şərif bəyi dərhal tanıdı.

Görünən o məkanda nə  qədər zaman keçmişdi?

Bunu O bilmirdi və bu ONU  maraqlandırmırdı, çünki bunun heç bir mənası yox idi və O, artıq dəqiq bilirdi ki, pravoslavlığı qəbul edib, Mixail adını almış Mixail Şərif  bəy  Peterburq Universitetinin şərqşünaslıq kafedrasının müdiri, professordur.

Və O, şam yandırıb, xaç çəkə-çəkə dua edən professor Mixail Şərif bəyin  Yaradandan nə istədiyinin fərqində deyildi, çünkü bu ONU qətiyyən maraqandırmırdı.

Həmin dəm ONUN şəffaf və çəkisiz varlığı qapqara qıvrımsaçlı dilmanc Şərif bəyin Qoşa Qala Qapısı ağzında atdan sürüşərək yerə sərilən knyaz Sisianova – ONA – müraciətlə, dəhşət dolu bir həyəcanla: “– Knyaz!.. Knyaz!..” – deyə, elə bil uzaqlardan gələn çığırtısını eşidirdi və dilmancın o dəhşət dolu həyəcanı ONUN şəffaf və çəkisiz varlığına qətiyyən təsir etmirdi.

Görünən o məkandakı həyəcanlar ONUN üçün artıq tamam mənasızlaşmışdı və Dilmanc Şərif bəyin o çığırtısındakı dəhşətli həyəcan əridi və get-gedə, elə bil bu, artıq Babua Arçilin səsi idi…

Babua  həmişəki mehriban səsi ilə ONU səsləyirdi, ancaq Babuanın səsindəki o mehribanlığın da artıq ONUN üçün heç bir mənası və əhəmiyyəti yox idi…

 

9.

 

Milad tarixi ilə 1806-cı il fevral ayının 8-də, hicri ilə 1220-ci il şubat ayının 2-də Sərdar Sisianovun qətli ilə bağlı keçirdiyi məşvərətdən dərhal sonra Hüseynqulu xanı ruhlandıran, birdən-birə ona vəhy gətirən və onun dalbadal – elə bil Balaxanı torpağında quyudan neft fışqırırdı – nəzirələr yazmağa başladığı şeirlər bunlar idi:

Qarabağ xanı İbrahim Xəlil xanın vəziri, Vaqif təxəllüslü Molla Pənahın şeiri:

 

Mən cahan mülkündə, mütləq, doğru halət görmədim, 

Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim. 

Aşinalar ixtilatında sədaqət görmədim,

Biətü iqrarü imanü dəyanət görmədim,

Bivəfadan lacərəm təhsili-hacət görmədim.

 

Xah sultan, xah dərvişü gəda bilittifaq,

Özlərin qılmış giriftari-qəmü dərdü fəraq,

Cifeyi-dünyayədir hər ehtiyacü iştiyaq,

Munca kim, etdim tamaşa, sözlərə asdım qulaq,

Kizbü böhtandan səvayı bir hekayət görmədim.

 

Hər sədavü səs ki, dünyaya dolub əksər əqəl,

Cümlə məkrü alü fənnü fitnədir, cəngü cədəl,

Dirhəmü dinar üçündür hər şeyə yapışsa əl,

Müqtədilərdə itaət, müqtədalərdə əməl,

Bəndələrdə simü bəylərdə ədalət görmədim.

 

Xəlqi-aləm bir əcəb düstur tutmuş hər zaman,

Hansı qəmli könlü kim, sən edər olsan şadiman,

O sənə, əlbəttə ki, bədguluq eylər, bigüman,

Hər kəsə hər kəs ki, etsə yaxşılıq, olur yaman,

Bulmadım bir dost ki, ondan bir ədavət görmədim.

 

Alimü cahil, müridü mürşidü şagirdü pir,

Nəfsi-əmmarə əlində sərbəsər olmuş əsir,

Həqqi batil eyləmişlər, işlənir cürmi-kəbir,

Şeyxlər şəyyad, abidlər abusən qəmtərir,

Hiç kəsdə həqqə layiq bir ibadət görmədim.

 

Hər kişi hər şey ki, sevdi, onu behtər istədi,

Kimi təxti, kimi taci, kimi əfsər istədi.

Padşahlar dəmbədəm təsxiri-kişvər istədi,

Eşqə həm çox kimsə düşdü vəsli-dilbər istədi,

Heç birində aqibət, bir zövqü rahət görmədim.

 

Mən özüm çox kuzəkarı kimyagər eylədim, 

Sikkələndirdim qübari-tirəni zər eylədim,

Qara daşı döndərib yaquti-əhmər eylədim,

Daneyi xərmöhrəni dürrə bərabər eylədim,

Qədrü qiymət istəyib, qeyr əz xəsarət görmədim.

 

Eyləyən viranə Cəmşidi-Cəmin eyvanını,

Yola salmış, bil ki, bəzmi-işrətin çəndanını,

Kim qalıbdır ki, onun qəm tökməyibdir qanını,

Dönə-dönə imtahan etdim fələk dövranını,

Onda mən bərəkslikdən özgə adət görmədim.

 

Gün kimi bir şəxsə gündə xeyr versən səd həzar,

Zərrəcə etməz ədayi-şükri-nemət aşikar,

Qalmayıbdır qeyrəti şərmü həya, namusü ar,

Dedilər ki, etibarü etiqad aləmdə var,

Ondan ötrü mən də çox gəzdim, nəhayət, görmədim.

 

Müxtəsər kim, belə dünyadən gərək etmək həzər,

Ondan ötrü kim, deyildir öz yerində xeyrü şər,

Alilər xaki-məzəllətdə, dənilər mötəbər,

Sahibi-zərdə kərəm yoxdur, kərəm əhlində zər,

İşlənən işlərdə ehkamü ləyaqət görmədim.

 

Dövlətü iqbalü malın axırın gördüm tamam,

Həşmətü cahü cəlalın axırın gördüm tamam,

Zülfü ruyü xəttü xalın axırın gördüm tamam,

Həmdəmi-sahibcəmalın axırın gördüm tamam,

Başədək bir hüsnü-surət, qəddü qamət görmədim.

 

Ya imam-əl-insü vəlcinnü şahənşahi-ümur,

Getdi din əldən, bu gündən böylə sən eylə zühur,

Qoyma kim, şeytani-məlun eyləyə imanə zur,

Şöleyi-hüsnünlə bəxş et tazədən dünyayə nur

Kim, şəriət məşəlində istiqamət görmədim.

 

Baş ağardı, ruzigarım oldu gün-gündən siyah,

Etmədim, səd heyf kim, bir mahi rüxsarə nigah,

Qədr bilməz həmdəm ilə eylədim ömrü təbah,

Vaqifə, ya rəbbəna, öz lütfünü eylə pənah,

Səndən özgə kimsədə lütfü inayət görmədim.

 

Səfəvi hökmdarı 2-ci Şah Abbasın sarayında məlik-üş-şüəra mənsəbinə yüksəlmiş Saib Təbrizi təxəllüslü Mirzə Məhəmməd Əlinin şeiri: 

 

Tutulmuş könlümü cam ilə şadan eyləmək olmaz,

Әl ilə püstənin ağzını xəndan eyləmək olmaz.

Nə sözdür bu ki, olsun sahibnəzər zühad,

Qara toprağı hərgiz abi-heyvan eyləmək olmaz.

Bulut qılan kimi cövlan urar da ildırım tiği,

Könül pərdələrində eşqi pünhan eyləmək olmaz. 

Qılıc gər içsə aləm qanını, sirabılıq bilməz,

Səni üşşaq qətlindən peşiman eyləmək olmaz.

Mənim göz yaşımı çıxgil, fələklərdən təmaşa qıl,

Hübabi qəsrilər içində tufan eyləmək olmaz.

Məni-Məcnuni aqil eyləmək mümkün degil, naseh,

Söz ilən müşgi-nabi, qan ki, bir qan eyləmək olmaz. 

Xətadan keçdi, ceyran qanını müşk eylədi Saib,

Demə, üsyanı taət, küfri iman eyləmək olmaz.

 

Səfəvilər dövətini yaratmış və Səfəvilər sülaləsinin əsasını qoymuş, Xətai təxəllüslü Şah İsmayılın şeiri:

 

Ərənlərin ərkanına, yoluna,

Ta əzəldən talib oldum, ərənlər.

Can ilə könüldən durdum, düşündüm,

Bu gün mürşüdümü buldum, ərənlər.

 

Can ilə könüldən gəzdim, aradım,

Həqqin didarını görmək muradım,

Didar ilə məhəbbətdir tələbim,

Ya bu gün, ya yarın öldüm, ərənlər.

 

Keçmişəm sərimdən, qorxmam ölümdən,

Münkir bilməz övliyanın halindən,

Yəzid oğlu bir xarici əlindən

Çox dəmdir didardan qaldım, ərənlər.

 

Sən haqqı yabanda arama, sağın,

Uyduysan qəlbinə, həq sana yaxın,

Adəmə xor baxma, kəndini saqın,

Cümləsin adəmdə buldum, ərənlər.

 

Şah Xətayiyəm, ərz edəyim halimi,

Xərc edəyim əldə olan varimi,

Sürə-sürə şaha gedəm yüzimi,

Mürvət qəbul eylə, gəldim, ərənlər.

 

Şah İsmayılın müasiri, yalnız anadan olduğu Qarabağda deyil, hətta yalnız Azərbaycanda da deyil, Arazın o tayından tutmuş, Anadoluyacan bütün bu diyarlarda məşhur olan Aşıq Qurbaninin şeiri:               

 

Ayrı düşdüm vətənimdən, elimdən,

Başı çənli, qarlı dağlar, qal indi!

İçən ölməz dərdə dərman suyundan,

Axar sular, tər bulaqlar, qal indi!

 

Bivəfasan, mən görmədim vəfanı,

Çox çəkmişəm sənin cövrü cəfanı,

Məndən sonra rəqib sürər səfanı,

Fərş döşəli ağ otaqlar, qal indi!

İlqarsızsan, vəfan yoxdu dünyada,

Dostunun sirrini verirsən yada,

Şamamanı dərdirirsən xoryada,

Səbzə bostan, sarı dağlar, qal indi!

 

Qurbaniyəm, yəqin oldu sözlərim,

Eşq əlindən kabab istər gözlərim,

Qan tökürsən qürbət eldə, gözlərim,

Ağla, canan deyib ağla, qal indi.

 

 

*     *     *

… Görünən o məkanda köhnə, təzə – minlərlə qəbirstanlıqlar bir-birini əvəz edirdi, elə bil o məqamda görünən o məkan ancaq qəbiristanlıqlardan ibarət idi.

Və o qəbiristanlıqların hansındasa keşiş xaç çevirirdi, o birində molla “Yasin”, bir başqasında da ravvin “El male rahamim” oxuyurdu və bütün bunlar ONA tamam mənasız görünürdü. 

ONUN o şəffaf və çəkisiz varlığında elə bir hissiyyat yaranırdı ki, insan görünən o məkanda ana bətnindən çıxdıqdan sonra özü də bilmədən, dərk etmədən təhtəlşüur olaraq, əslində yalnız ölümə can atır, çünki insanı  görünən o məkandakı məna­sızlıqdan – bir-birini əvəz edən o xati­rə­lərdəki, epizodlardakı mənasız mübari­zə­lərdən, mənasız arzu və istəklərdən, mə­nasız xoşbəxtlik və mənasız bədbəxt­likdən, mənasız sevinc və mənasız iztirab­lardan yalnız ölüm xilas edəcək.

Ancaq görünən o məkan bu dərəcədə mənasızlıqdan ibarətdirsə, onda O, nə üçün orada idi və nə üçün indi də burada – harada? – belə bir şəffaflıq və çəkisizlik idilliyası içində idi?

Nə üçün O, yox idi, ancaq eyni zamanda var idi?.. 

… Və ONUN o şəffaf və çəkisiz varlığı qətiyyən tərəddüd etmədən tamam əmin idi ki, bir-birini əvəz edən o xatirələrdəki, epizodlardakı insanları da vaxtı yetişəndə belə bir şəffaflıq və çəkisizlik gözləyir.

… Ancaq bunun mənası nə idi? 

Nə üçün əvvəl ora idi, sonra da buradır (haradır?)?..

 

 

10.

 

Və 1806-cı ilin həmin fevral səhəri sübh tezdən Hacı Muxtar bəy həyətdəki itlərin hürüşməsinə ayılıb, dərhal da Hürü Bəyim xanım ayılmasın deyə, səssiz ayağa qalxdı: pis zəmanə idi – bir tərəfdən rus soldatları, o biri tərəfdən sərbazlar, bir tərəfdən də öz düşmənlərinin girəvə axtarması – və zəmanənin xofu, hətta Hacı Muxtar bəy kimi bir kişinin də içini nigarançılıqla doldurmuşdu. Onsuz da həmişə sərhesab olan Hacı yataq otağında da saxladığı dolu tüfənglərdən birini əlinə alıb, elə tuman-köynəklə ikinci mərtəbədəki şüşəbəndə çıxmaq istəyəndə Hürü Bəyim xanım yuxulu-yuxulu deyindi:

– Ay Allah!... Yenə nə olub?.

Hacı Muxtar:

– Yat… – dedi və o, şüşəbəndə çıxanda silahlı nökər-naiblər artıq darvazanın qabağına yığışıb, gələnlərin kim olduğunu və nə istədiyini soruşurdu.

– Hacı evdədir?

Hacı Muxtar bəy  səsindən o saat Mahmud bəyi tanıdı və tələsik şüşəbəndin pəncərəsini açıb həyətə səsləndi:

– Açın! Ay uşaq, darvazanı açın!

Həyətdəki itlər Hacı Muxtar bəyin səsini eşidən kimi, hürüşlərini kəsib mırıldamağa başladılar və eşikağası Həmdulla da sübh tezdən gələn qonaqların Hacıya məhrəm adamlar olduğunu başa düşüb tələsik nökərlərə qışqırdı: 

– Tez olun! Tez! Tez açın!

Nökərlər darvazanın yoğun dəmir cəftəsini çəkdilər və  Hacı Muxtar bəyin mülkünün darvaza qapıları taybatay açıldı.

Mahmud bəy atdan sıçrayıb yerə atıldı və cəld geyinib, onları qarşılamağa çıxan Hacı Muxtar bəyin əlindən öpdü, sonra onlar sidqi-ürəkdən qucaqlaşdılar və Mahmud bəy açıq-aşkar bir ehtiramla, eyni zamanda ərkiyanə:

– Əmi, – dedi, Hacı Muxtar bəyə belə müraciət edirdi. – Səhərin gözü açılmamış səni yuxudan etdik!..

Hacı Muxtar bəy:

– Bu nə  sözdü, oğlum? – dedi və atdan enən Molla Müzəffər Ağanı görəndə, cəld ona yaxınlaşdı: – Xoş gəlmisən, Ağa! Bizə şərəf  vermisən! – deyə özü Ağanın atdan enməyinə kömək etdi, sonra onları müşayiət edən atlılara səsləndi: – Hamınız xoş gəlmisiniz! Enin aşağı, enin! – Sonra da nökərlərə: – Ay uşaq, qonaqlarla məşğul olun! – dedi, bu isə o deyən söz idi ki, atları tövləyə aparıb rahatlayın, su, sabun, məhrəba hazırlayıb, qonaqların əl-üzlərini yumasına kömək edin, ocaqları qalayın, qoyunların arasından tez bir erkək seçib kəsin, manqalları yandırın, təndirə od salın…

Və elə bu vaxt uzaqlardan azan sə­daları gəldi və Molla Müzəffər Ağaya elə gəldi ki, elə bil o azan səsi onun bütün içinə doldu və özüylə bir paklıq gətirdi, Ağa başını səs gələn tərəfə çevirib, dodaqaltı dua oxudu.

Günün hansı saatı olursa, olsun, vaxtlı-vaxtsız, Hacı Muxtar bəyin qonaqları gələndə dərhal bişir-düşür edəcəklərini yaxşı bilən qulluqçu qızlar, qadınlar həyət­dəki səs-küyə oyanıb, birinci mərtəbədəki otaqlarında Bakıdan gətirilmiş nöyüt çıraqlarını yandırdılar və o soyuq qış alato­­ranında nöyüt çıraqlarının pəncə­rə­lər­dən düşən işığı mırıltılarını da kəsərək, həyətdə sakitcə dayanmış itlərin birdən-birə peyda olmuş bu məhrəm qo­naqlara zillənmiş gözlərinin işıltısını daha da artırdı.

Mahmud bəy:

– Səfərimiz Arazın o tayınadı, əmi… Xanın tapşırığıdır… – dedi. – Axşam qaranlıq düşəndə yenə yola çıxmalıyıq.

Hacı Muxtar bəy:

– Axşama hələ çox qalıb… – dedi. – Keçin içəri.

Hacı Muxtar Molla Müzəffər Ağanı, atlıların da arasında Bakıda, Hüseynqulu xanın sarayında bir neçə dəfə görüb, yaddaşında saxladığı Lal Qafaroğlunu görəndə başa düşmüşdü ki, qonaqlarının səfəri adi səfər deyil və orası da Hacının iti gözlərindən yayınmadı ki, Mahmud bəy atdan enəndən bəri yüyəni əlindən buraxmırdı, nökərlərdən biri yaxınlaşıb atı aparmaq üçün yüyəni almaq istəyəndə Mahmud bəy:

– Dur. – dedi və atın yəhərinə bağladığı torbanın ipini özü açıb, torbanı da özü götürdü.

Nökər o torbanı yəhərdən bəyin özünün açıb götürməsinə, özünün əlində tutub saxlamasına təəccüb etdi və Hacı Muxtar bəyin hüzurunda artıq  söz danışmağın düşər-düşməz olduğunu yaxşı bildiyi üçün, heç nə demədi, Mahmud bəyin atını da başqa atlar kimi, həyətin aşağı başındakı tövləyə apardı.

Mahmud bəy, Molla Müzəffər Ağa və Lal Qafaroğlu Hacının müşayiəti ilə  malikanənin ikinci mərtəbəsindəki qonaq otağına qalxdılar və döşəməyə sərilmiş xalçaların üzərinə düzülmüş üzü zərxara döşəkçələrdə bardaş qurub əyləşdilər. 

Mahmud bəy Hacı Muxtarın Muğan xalçalarını harda görsə, aydın məsələdir ki, tanıyırdı və hər dəfə də bu xalçaların naxışları, o rənglər onun ürəyində bir coş­qun­luq dalğası yaradırdı və bu coşqunluq onu başa düşməyən bu nadan və cahil dünyaya, elə bil bir ümid işartısı gətirirdi. Hacı Muxtar bəyin on mindən artıq cins qoyun sürüləri Muğan düzlərində otlayırdı və bu qoyunların yunundan onun emalatxanalarında toxunan xalçalar yalnız Azərbaycanda, Gürcüstanda, hətta yalnız İranda-Turanda yox, dünyanın bir çox məmləkətlərində “Hacı Muxtar xalçası” kimi məşhur idi. Bu xalçalar xanların, şahların saraylarını bəzəyirdi və əliaçıqlığı ilə məşhur olan Hacının Mahmud bəyə bəxşiş göndərdiyi xalçalar onun da Bakıdakı mülkünün, Şüvəlandakı bağının yaraşığı idi.

Qonaq otağına girəndə də Mahmud bəyin o torbanı əlində saxlaması, bardaş qurub oturanda da o torbanı öz yanına qoyması,  görünür, şan-şərafət sahibi, dövlətmənd bir şəxs olan Hacı Muxtarı bir az pərt etmişdi: o torba ləl-cəvahirat ilə dolu olsa da, Hacı Muxtarın evində onu əlindən buraxmamaq açıq-aşkar bir hörmətsizlik idi.

Hacı Muxtar bəy  Mahmud bəyin atası rəhmətlik Şamil bəylə uzun illərin dostu, Mahmudun özünün isə kirvəsi idi və onların dostluğu bu qorxulu və namərd zəmanənin sınağından çıxmış bir dostluq idi. Hacının Hüseynqulu xanla da mehriban münasibəti var idi və Hüseynqulu xanın Şirvanda güvəndiyi, pənah apara biləcəyi iki-üç nəfər vardısa, onlardan biri də Hacı Muxtar bəy idi.

Sünnət vaxtı üç-dörd yaşlı Mahmudun Hacı Muxtarın qucağında, Dağıstandan dəvət olunmuş məşhur Dəllək Usta Osmanın ülgücünü görəndə çığırıq qoparıb ağlamağı, o vaxtdan iyirmi yeddi-iyirmi səkkiz il keçsə də həmişə Hacının yaddaşında idi və ən gər

DİGƏR MƏQALƏLƏR