HEKAYƏ - Şervud Anderson

1876-cı ildə Ohayo ştatının Kamden şəhərində anadan olub. Ədəbi yaradıcılığa 1914-cü ildə başlayıb və kiçik hekayələr ustası kimi şöhrətlənib. XX əsr dünya ədəbiyyatının böyük simaları Ernest Heminquey, Uilyam Folkner, Tomas Vulf və Con Steynbekin yaradıcılığına ciddi təsir göstərməklə yanaşı, onlardan bəzisinin ilk əsərlərinin çapına da yardım edib. Yazıçının ölümündən sonra U.Folkner onu Amerika yazıçılarının atası adlandırıb.

Ş.Anderson “Alisa və itmiş roman”, “Tutqun gülüş”, “Atlar və adamlar”, “Meşədə ölüm” kimi bir çox kitabların müəllifi olsa da, ona ən çox şöhrət gətirən, kiçik hekayələrinin yer aldığı “Vinesburq, Ohayo” (1919) kitabı olub.

Şervud Anderson 1941-ci ildə vəfat edib.

Qeyd edək ki, hekayələrin tərcüməçisi Təvəkkül Zeynallı 2015-ci ildə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Dəf(i)nə yarpağı” mükafatının qalibi olub.


Orijinaldan tərcümə:  Təvəkkül Zeynallı

 

Ölüm

 

Həkim Rifinin Hefner binasında, Paris parça mağazasının yaxınlığında yerləşən iş otağına getmək üçün qaranlıq pilləkənlə qalxmaq lazım gəlir. Pilləkənin başında divara bərkidilmiş şüşəsi çirkli bir lampa var. Lampanın qalaydan olan reflektoru tozdan və pasdan qəhvəyi rəngə çalır. Həkimin yanına gedən xəstələr bu pilləkəni özlərindən əvvəl burdan keçən adamların ayaq izləri ilə qalxırlar. Pillələrin üstündə illərin və ayaq zərbələrinin nişanı olan çöküklər gözə dəyir. 

Pilləkənin başından sağa dönəndə həkimin otağı ilə, sola dönəndə isə qaranlıq bir dəhlizlə üz-üzə gəlirsən. O dəhlizin qaranlığında çoxlu köhnə və yararsız əşyalar üst-üstə qalanıb. Sınıq-salxaq stullar, nərdivanlar, dülgərlərin ayaqlıq kimi istifadə etdiyi taxta kəsikləri, boş qutular və s. Bunların hamısı Paris parça mağazasına aiddir. Lazımsız əşyaya çevrilən hər şeyi, şirkətin işçiləri həmin dəhlizə atırlar.

Həkim Rifinin otağı təxminən anbar qədər böyükdür. Otağın  ortasında yumru bir soba yerləşir. Sobanın böyründə, döşəməyə mismarlanmış iki yekə, ağır taxtanın arasında kəpək qalaqlanıb. Qapının yanında bir vaxtlar Herrik geyim mağazasında sifarişlə tikilən paltarların nümayişi üçün istifadə edilmiş böyük bir masa var. O masanın üzərində həmişə çoxlu kitab-dəftər, içki şüşələri və cərrahiyyə alətləri olur. Bəzən  həkim Rifinin bağban dostu Con Spənyardın otağa girərkən cibindən çıxarıb masanın üstünə qoyduğu üç-dörd qırmızı almanı da o əşyaların arasında görmək olar. 

Ortayaşlı həkim Rifi hündürboy və yöndəmsiz adam idi. Ona yaraşıqlı demək olmazdı. Qəhvəyi rəngdə bığı vardı, sonradan saxladığı çal saqqalı isə üzünü hələ tam örtməmişdi. Yaşı artdıqca öz hərəkətlərinə, oturuşuna-duruşuna daha diqqətlə fikir verməyə başlamışdı.

Evliliyindən bir neçə il sonra, artıq oğlu Corc böyüyüb 13-14 yaşlı bir yeniyetmə olduğu vaxtlarda Elizabet Villard həkim Rifinin yanına tez-tez gələrdi.  Gəncliyindəki şux yerişindən indi əsər-əlamət qalmayan Elizabet yorğun-arğın pilləkəni qalxıb həkimin otağına daxil olardı. Bu gəlişinin səbəbi onun xəstəliyi olsa da, çox zaman söhbətin mövzusu dəyişərdi və onlar öz həyatlarından, Vaynzburqda yaşadıqları illərdən uzun-uzadı danışardılar. 

Geniş və bomboş otaqda söhbət edəndə Elizabet və həkim Rifi üzbəüz oturub gözlərini bir-birinə zilləyərdilər. Kənardan onlara baxan olsaydı, saçlarının və gözlərinin rəngi, üz və bədən cizgiləri qətiyyən bir-birinə bənzəməyən bu iki insanda nəsə qəribə və anlaşılmaz bir oxşarlıq sezərdi. Onlara bu oxşarlığı verən isə ürəklərində bəslədikləri arzular, hayqıraraq insanlara demək istədikləri sözlər idi. Qoca yaşlarında əsl şairə çevrilən həkim Rifi illər sonra gənc bir qızla evlənəcək və o qıza Elizabet haq­qın­da çox danışacaqdı. Elizabetə deyə bilmədiklərini də şairanə bir əda ilə o qıza deyəcəkdi:

 – O vaxtlar  həyatımın elə bir çağı idi ki, ibadəti hər şeydən önəmli sayırdım. Mən öz allahlarımı kəşf etmişdim. Mən onlara dua edirdim. Amma mən dualarımı sözlə demirdim, başqaları kimi dua edəndə diz də çökmürdüm. Sadəcə, sakit-səssiz öz stulumda otururdum. Yayın isti günlərində günortadan sonra, Meyn küçəsində sakitlik olanda, bir də qışda, buludlu, tutqun günlərdə o allahlar mənim otağıma gələrdilər. Mən elə bilirdim ki, heç kimin onlardan xəbəri yoxdur. Sonra başa düşdüm ki, Elizabet də bilirmiş, o da mənim kimi həmin allahlara ibadət edirmiş. Hərdən düşünürdüm ki, o mənim yanıma da bundan ötrü gəlir. Gəlir ki,  onları mənim otağımda da görsün. Bu elə bir şeydi ki, izah eləyə bilmirəm. Amma mənə elə gəlir ki, çox yerdə çox insan mənim keçirdiyim hissləri keçirir.

 Elizabet və həkim Rifi təkcə özləri haqqında deyil, həm də Vaynzburqda yaşayan başqa adamlar haqqında danışardılar. Bəzən həkim Rifi özünü filosof kimi aparar, öz fəlsəfi fikirlərini deyər, sonra isə nəşə içində öz-özünə gülərdi. Bəzənsə araya bir sükut çökər, sonra onlardan biri yenə öz həyatı haqqında danışmağa başlayardı. Çox vaxt da bu sükutu pozan qadın olardı və o danışanda həkim Rifinin üzünə baxmazdı.

Həkim Rifiylə hər söhbətindən sonra Vaynzburq mehmanxana sahibinin arvadı olan Elizabet Villard Meyn küçəsinə çıxar və bu söhbətlərin onu rahatlatdığını, ona yaxşı təsir etdiyini duyardı. Meyn küçəsində gəzəndə qızlıq çağlarındakı şövqün və gənclik duyğularının yenidən özünə qayıtdığını  hiss edərdi, amma otağına gəlib pəncərə  yanındakı stulunda oturduqdan sonra bütün bu hiss etdiklərindən əsər-əlamət qalmazdı. Mehmanxana xidmətçisinin onun üçün gətirdiyi yemək isə saatlarla boşqabda qalıb soyuyardı.  Sonra Elizabet gənclik çağlarını xa­tırlayardı və ehtiraslı macəra axtarı­şında olduğu o illəri xatırlayanda belinə dolanan kişi qollarını yenidən hiss edərdi. Bu zaman onun yadına köhnə sevgililərindən ən çox bir adam düşərdi. O adam ki, qaranlıq küçədə Elizabetin əlindən tutarkən dayanmadan, yorulmadan təkrar-təkrar ona eyni sözləri pıçıldamışdı:

– Səni sevirəm, əzizim, çox sevirəm, çox. 

O vaxt Elizabet, həyatın məhz bu sözləri eşitmək üçün yaşanıldığını düşünmüşdü. 

Mehmanxananın köhnə otağında bunları xatırlaya-xatırlaya  kövrələr və əlləri ilə üzünü örtüb ağlamağa başlayardı. Belə vaxtlarda dostu həkim Rifinin sözləri yadına düşərdi: 

– Sevgi, əslində, qaranlıq gecələrdə ağacların altındakı otları titrədən külək kimi bir şeydi. Bu sirli bir hissdi. Bu ilahi bir hissdi. İnsan heç vaxt bu sirri açmağa çalışmamalıdı. Əgər sən bu sirri açmağa çalışsan, bu sirri açmaq üçün küləklərin titrətdiyi o otlar kimi, sən də ağacların altında yaşamalı olarsan. Amma nə etsən də, bu sirri tapa bilməzsən. O küləyi duymaq əvəzinə, günəşin qovurucu istisində yanacaqsan, yoldan keçən arabaların qaldırdığı toz isə bir vaxtlar zərif öpüşlərin alovlandırdığı dodaqlarının üstünə qonacaq.

Elizabet Villard hələ beş yaşı olanda itirdiyi anasını xatırlamırdı. Onun yeniyetməlik  çağları ən çətin zamanlara düşmüşdü. Atası təkliyə can atan biri idi, amma mehmanxanadakı işlər ona tək olmağa imkan  vermirdi.  İndi o da dünyada yoxdu. Hər gün şən əhvali-ruhiyyədə yuxu­dan oyansa da, səhər saat  ona qədər heç bir səbəb olmadan bütün sevinci yoxa çıxardı. Adi şeylərdən əsəbiləşər, hansısa qonaq mehmanxananın yeməklərindən şikayətlənəndə, işçilərdən hansısa qızın ailə qurduğu üçün daha işləməyəcəyini öyrənəndə, ayaqlarını qəzəblə yerə vurar və ağızdolusu söyərdi. Gecələr yatağına girəndə isə qızını fikirləşərdi. Qızının hotelə axışan bu qədər adamların arasında necə böyüdüyünü düşündükcə canını dərd alardı. Elizabet artıq gənclik yaşında oğlanlarla təzə-təzə münasibət qurub, gəzməyə çıxdığı vaxtlarda, atası onunla danışmağa çalışdı. Amma neçə dəfə cəhd etsə də, alınmadı. Hər dəfə danışmağa başlayanda nə deyəcəyini unutdu və yalnız öz işlərinin yaxşı getmədiyindən şikayətlənərək söhbəti birtəhər yola verdi. 

Gənclik illərində Elizabet əsl macərapərəst bir qız olmuşdu.  Bu macəralara elə qapılmışdı ki, on səkkiz yaşı olanda artıq bakirə deyildi. Amma əri Tom Villardla ailə qurmazdan əvvəl çoxlu sevgililəri olsa da, heç zaman bu münasibətləri şəhvət hisslərinin üzərində qurmamışdı. Bütün qadınlar kimi, onun da arzusu sevib-sevilmək idi. O, daim nəyisə axtarırdı, kor-koranə bir ehtirasla həyatın hansısa gizli möcüzəsini tapmağa çalışırdı. Ağacların altında sevgililəri ilə gəzəndə  hündürboylu, gözəl Elizabet həmişə qollarını yana açar, sanki əli ilə qaranlıqda başqa bir əli tutmağa can atardı. Ona deyilən sevgi sözlərinə inanmaq istəyər və o sözlərin hansının doğru olduğunu bilməyə çalışardı. 

 Elizabet atasının mehamanxanasında işləyən Tom Villardla evlənmişdi. Tom Villard Elizabetin ailə qurmaq istədiyi vaxtlarda onun qarşısına çıxdığı üçün bu nikah asanlıqla baş tutmuşdu. 

 Bütün gənc qızlar kimi Elizabet də  düşünürdü ki, evlilik onun həyatını büsbütün dəyişəcək. Ona görə də Tom Villardla bağlı hansısa şübhə onu narahat edəndə, dərhal belə şübhələri fikrindən çıxarmağa çalışırdı. Həmin ərəfədə atası xəstə idi, ölüm ayağında idi və xəstə atasına baxa-baxa Elizabet  həyatın puç və fani olduğunu düşünürdü. Ona elə gəlirdi ki, evliliyi də bu cür mənasız olacaq. Tay-tuşları olan Vaynzburqlu gənc qızlar satıcılara və gənc fermerlərə ərə getmişdi. Axşamlar Meyn küçəsində ərləri ilə gəzəndə Elizabet onların üzündəki xoşbəxt təbəssümü görərdi. Bu təbəssüm onu evlilikdə hansısa gizli bir sirrin olduğuna inandırardı. Söhbət elədiyi  cavan gəlinlər sakit və utancaq səslə pıçıldayaraq ona deyərdilər: 

– Ərinin olması tamam başqa şeydi, evlənəndən sonra hər şey dəyişir.

Tərəddüd içində olan Elizabet, toyundan bir gün əvvəl  atası ilə söhbət etmişdi. Sonralar bu söhbətin onun evlilik qərarına təsir edib-etmədiyini də çox fikirləşmişdi. Atası son söhbətində öz həyatından danışmış və qızına onun kimi aldanıb dağınıq bir həyat yaşamamasını tövsiyə etmişdi. O, Tom Villardı pisləmişdi, bunu görən qızı isə Tomun müdafiəsinə qalxmışdı.  Atası ona hər şeyi lap əvvəldən başa salmaq üçün yerindən durmaq istəmişdi. Qızı onu ayağa qalxmağa qoymayanda isə əlacsız-əlacsız köhnə şikayətlərini dilə gətirmişdi: 

 – Mən heç vaxt tək qalıb rahat yaşamadım. Ömrüm boyu ancaq işlədim. Amma heç vaxt da borclardan canımı qurtara bilmədim. Günü bu gün də banka nə qədər borcum var. Mən öləndən sonra özün görəcəksən.

 Danışa-danışa xəstə kişinin səsi əsməyə başlamışdı. Yerindən dura bilmədiyini görəndə, qızının başını aşağı  əyib öz başına yaxınlaşdıraraq pıçılda­mışdı: 

– Amma sənin çıxış yolun var. Tom Villardla evlənmə, Vaynzburqda heç kimnən evlənmə. Orda, o sandıqda səkkiz yüz dollar pul var. Götür o pulu, get buralardan.

Sonra xəstə kişi yanıqlı səslə demişdi:

 – Amma mənə söz ver. Evlənməməyə söz vermirsənsə, heç olmasa, söz ver ki, o pulu Toma verməyəcəksən, ona o pul haqqında heç nə deməyəcəksən. O pul mənim pulumdu, səndən bunu istəməyə haqqım var. Gizlədərsən o pulu. Ata kimi sənə heç nə eləyə bilmədim. Heç olmasa, bu pulla sənə kömək etmək istəyirəm. Burdan gedib özünə təzə həyat qura bilərsən. Mən ölürəm, söz ver mənə, ölürəm.

Həkim Rifinin otağında qırx beş yaşlı, çəlimsiz və əzgin Elizabet sobanın yanındakı stula əyləşər, gözlərini döşəməyə zilləyərdi. Pəncərənin yanındakı kiçik masanın arxasında isə həkim Rifi oturar və karandaşı ilə oynayardı. Elizabet bu dəfə evlilik həyatından danışırdı. O, ərini sanki yad bir adam kimi təqdim etməyə çalışırdı. 

– Sonra mən evləndim, amma heç nə mən istəyən kimi olmadı, – o, acı-acı dedi, – evliliyin nə olduğunu hiss edən kimi ondan qorxmağa başladım. Bəlkə də, evlilikdən qabaq çox şeyləri bildiyim üçün mənə elə gəlirdi. Onunla keçirdiyim ilk gecədə çox şeyi anladım. Eh, nə bilim. Mən necə də axmaq idim. Atam o pulu mənə verəndə, “evlənmə” deyəndə ona qulaq asmadım. Mən o biri qızlara baxdım, onların dediyini eşitidim. Onlar kimi mən də ərə getmək istəyirdim. Mənim istədiyim Tom deyildi, mənim istədiyim ailə qurmaq idi. O gün atamla  söhbət edəndən sonra pəncərəyə söykənib həyatımı təzədən götür-qoy elədim. Mən pis qadın kimi tanınmaq istəmirdim. Bütün qəsəbədə hamı mənim haqqımda yüz cür söz deyirdi. Hətta qorxurdum ki, Tom fikrini dəyişər.

Həyəcandan qadının səsi titrəməyə başladı. Özündən xəbərsiz yavaş-yavaş bu qadına vurulmağa başlayan həkim Rifi isə diqqətlə onu dinləyirdi. Həkimə elə gəlirdi ki, danışdıqca Elizabet cavanlaşır, üzündəki qırışlar çəkilib  gedir. Bu düşüncələrini öz aləmində həkim kimi izah etməyə çalışırdı:

– Ürəyini açıb, dərdini bölüşmək təkcə mənəvi cəhətdən yox, həm də fiziki cəhətdən çox xeyirlidir.

Qadın indi evliliyindən bir neçə ay sonra başına gəlmiş əhvalatı danışırdı. Onun səsi daha titrəmirdi. 

– Axşamçağı öz faytonumla gəzməyə çıxmışdım. Onda mənim faytonum var idi, bir də boz rəngli atım, Meyerin tövləsində saxlayırdım. Tomun başı mehmanxanadakı otaqların təmirinə qarışmışdı. Ona pul lazım idi. Mən qərarsız qalmışdım, bilmirdim ki, atamın mənə saxladığı pulu ona verim, ya yox. Mən Tomu heç cür istəyə bilmirdim. Əllərində, üzündə həmişə boya olurdu. Üstündən həmişə o boyanın qoxusu gəlirdi. O ancaq köhnə mehmanxananı düzəldib sahmana salmaqla məşğul idi.

Elizabet oturduğu stulda dikəlib, qızsayağı bir hərəkətlə üzünə tökülən saçlarını yığdı.

– Hava həmin gün çox pis idi. Buludların qara rəngi ağacların, otların yaşıl rənginə qarışmışdı. O rənglərə baxanda gözüm ağrıyırdı. Trunyon Paykdan yan yola döndüm. At çox yavaş gedirdi. Artıq səbrim qalmamışdı.  Beynimdə min cür fikir fırlanırdı. Canımı bu fikirlərdən qurtarmağa çalışırdım. Neyləyəcəyimi bilmirdim. Atı qamçılamağa başladım. Mənə elə gəldi ki, göydəki qara buludlar üstümə gəlir. Artıq yağış başlanmışdı. O yağışın damcıları altında həmişəlik, ömrümün sonunacan yol getmək istəyirdim. Mən Vaynzburqdan çıxıb getmək istəyirdim, patarlarımın içindən çıxıb getmək istəyirdim, öz bədənimin içindən çıxıb getmək istəyirdim. Hər şeyimi soyunub, hər şeyimi unudub getmək istəyirdim.  Atı elə qamçılayırdım ki, az qala, onu öldürəcəkdim.  Sonra gördüm atla gedə bilmirəm. Faytondan düşdüm, qaçmağa başladım. Düzdü, mən hər şeydən qaçmağa çalışırdım, amma həm də nəyəsə, harasa çatmaq istəyirdim. Sonra yadıma gəlir ki, yıxıldım. Qolum möhkəm əzildi. Amma yenə ayağa durmaq istədim, yenə qaçmaq istədim. Sən məni başa düşürsən, əzizim?

Elizabet ayağa qalxdı, otaqda gəzişməyə başladı. Onun yerişinə baxa-baxa həkim Rifiyə elə gəlirdi ki, ömründə heç kimin bu cür yeridiyini görməyib. Eliza­betin hər addımında, hər tərpənişində həkimin ağlını başından alan nəsə var  idi. Elizabet həkimin yanına gəlib qarşısında diz çökəndə, həkim onu qolları arasına aldı və ehtirasla öpməyə başladı. 

– Mən bütün yol boyunca ağladım, – qadın hekayəsinin davamını gətirməyə çalışdı. Amma həkim Rifi daha onu dinləmirdi.   

– Səni sevirəm, əzizim, səni sevirəm, – deyən həkimə elə gəlirdi ki, qolları arasına aldığı, öpüşlərə qərq etdiyi bu qadın qırx beş yaşlı, yorğun, əldən düşmüş qadın  yox, hansısa möcüzə sayəsində o qırx beş yaşlı qadının bədənindən azad olan gənc, gözəl və məsum bir qızdı.

 Həkim Rifi ağuşuna aldığı o qadını bir də o öldükdən sonra görə bildi. Həmin yay axşamı həkimin öpüşlərinə, nəvazişlərinə son qoyan bir hadisə oldu. Onlar bir-birinə möhkəm sarıldıqları vaxt dəhlizdən  ayaq səsləri gəldi.  Sonra hər ikisi ayağa qalxıb həyəcanla o səsi dinləməyə çalışdılar. Bu səs Paris Parça mağazasından olan işçinin ayaq səsləri idi. O, əlindəki boş qutunu dəhlizdəki əşyaların üstünə şaqqıltı ilə atdıqdan sonra pilləkənlə aşağı düşüb getdi. Elizabet də otaqdan çıxdı və iti addımlarla pilləkəni endi. Bir az əvvəl həkim Rifiylə söhbət edərkən keçirdiyi duyğular indi onu tərk etmişdi. Həkim Rifi kimi onun da əsəbləri artıq gərilmişdi və o daha danışmaq istəmirdi. Damarlarından axan qanın səsini eşidə-eşidə küçə boyunca gəzməyə başladı, Meyn küçəsinə dönüb Yeni Villarddakı evlərin işığını görəndə onu titrətmə tutdu, dizləri əsim-əsim əsdi və ona elə gəldi ki, küçənin ortasındaca yerə yıxılacaq. 

Xəstə qadın ömrünün son aylarını ölümün həsrətini çəkə-çəkə yaşadı. Gördüyü son yuxularda uzun-uzun yollardan keçir, hər tində, hər döngədə ölümə aparan küçələri axtarır, yağan yağışların damcılarında, əsən küləklərin vıyıltısında ölümü gəzirdi. Xəyalında ölümü güclü və qarasaçlı bir oğlan kimi təsəvvür edir, Vaynzburqun qarlı dağlarından keçərək oğlanın ona sarı gəldiyini fikrində  canlandırırdı. O, tez-tez qollarını yorğanın altından çıxarır, yana doğru açırdı. Ona elə gəlirdi ki, həmin qarasaçlı cavan oğlanın cildinə girmiş ölüm oğlanın əlləri ilə onun əllərinə toxunur. 

– Bir az səbrin olsun, sevgilim, – o pıçıltı ilə deyirdi, – kaş sən həmişə belə cavan, yaraşıqlı olasan, bir az da, bir az da səbirli olasan.

Xəstəliyinin ən ağır günlərində oğlu Corca gizlətdiyi səkkiz yüz dollar haqqında artıq heç nə deyə bilməyəcəyini anlayan Elizabet yatağından güc-bəla ilə qalxdı, otaqda sürünə-sürünə o qarasaçlı ölümdən son bircə saatlıq möhlət istədi:

 – Gözlə, cavan oğlan, gözlə. Tələsmə, gözlə. 

Onun bu yalvarışları bir qızın vüsal anında sevgilisinin öpüşlərindən, güclü qollarından xilas olmaq üçün etdiyi yalvarışlara bənzəyirdi.

Elizabet martda, oğlu Corcun on səkkiz yaşı tamam olanda öldü. Onda Corc hələ ölümün nə demək olduğunu yaxşı anlamırdı. Bunun nə demək olduğunu ona yalnız zaman başa sala bilərdi. O artıq bir ay idi ki, evə gələndə anasının dilsiz-ağızsız, sakitcə, rəngi-rufu ağarmış halda çarpayıda yatdığını görürdü. Bir axşamçağı həkim onu görüb, hər şeyi  başa salmağa çalışdı. 

Gənc oğlan otağına girib qapını bağladı. Sinəsində, qarnında nəsə qəribə bir boşluq hiss edirdi. Gözünü döşəməyə zilləyib, bir az oturduqdan sonra, gəzmək üçün küçəyə çıxdı. Dəmiryolu boyunca asta-asta yeridi, yaşayış evlərinin yerləşdiyi küçələrə döndü, hündür məktəb binasının yanından keçdi. Bütün bu dəqiqələr ərzində ancaq öz işləri haqqında düşündü. Anasının ölməsi də onu öz fikirlərindən ayıra bilmirdi və anasının məhz bu gün ölməsinə bir az əsəbiləşmişdi. Çünki həmin gün bank sahibinin qızı Helen Vaytdan cavab məktubu almışdı. 

– Bu gün biz görüşməliydik, amma indi baş tutmayacaq, – o, əsəbi halda fikirləşirdi. 

Elizabet cümə günü saat 3-də keçindi. Həmin gün səhər hava soyuq və yağışlı idi, amma günortadan sonra günəş çıxmışdı. Ölməzdən əvvəl o düz altı gün iflic vəziyyətdə, danışmaqdan və hərəkət etməkdən məhrum halda yatağında uzanılı qalmışdı. Onun təkcə fikri və gözləri diri idi. Həmin altı gündə Elizabet ancaq oğlu  haqqında düşünmüş, ona son sözlərini demək istəmişdi. Bu istəklər Elizabeti bürüyəndə, gözlərində elə dəhşətli və elə təsirli bir ifadə yaranmışdı ki, o gözləri görən kəslər illər boyunca həmin baxışları unuda bilmədilər. Hətta heç vaxt onunla yola getməyən əri Tom Villard da arvadının bu halını görəndə göz yaşlarını saxlaya bilmədi, göz yaşları onun yanaqlarından süzülüb bığının, saqqalının tüklərinə qarışdı. Əli ilə göz yaşlarını silməyə çalışan Tom Villardın ağlayan üzü günlərlə şaxtalı havada qalmış itlərin üzü kimi büzüşmüşdü. 

Corc evə axşam qayıtdı. Otağına keçib saçını darayandan, paltarını qaydasına salandan sonra dəhlizə çıxdı və anasının meyiti qoyulan otağa girdi. Qapının yanındakı masanın üstündə şam yanırdı. Həkim Rifi çarpayının böyründəki stulda əyləşmişdi. Corcu görəndə ayağa qalxıb otaqdan çıxmaq istədi. Oğlanla görüşmək üçün əlini qabağa uzatsa da, sonra yöndəmsiz şəkildə geri çəkdi. 

Otağın havası həddən artıq ağır idi.

Həkim gedəndən sonra ölmüş qadının oğlu stulda əyləşdi və gözlərini döşəməyə zillədi. O, yenidən bir az əvvəlki düşüncələrinə qayıtdı və qəfildən ağlına qəti bir fikir gəldi. O, öz həyatını dəyişməlidi. O, Vaynzburqu tərk etməlidi. 

– Başqa yerə gedəcəyəm. Hardasa özümə qəzetdə bir iş tapıb yaşayaram, –  Corc fikrindən keçirdi. Bu gün axşam görüşmək istədiyi o qızı yenə xatırladı və hər şeyin niyə bu cür tərs getdiyini düşünərək əsəbiləşdi.

Yarıqaranlıq otaqda anasının meyiti yanında əyləşən Corc baş tutmamış görüş haqqında xəyallar qurmağa başladı. Corc gözlərini yumdu və Helen Vaytın qırmızı, gözəl dodaqlarını xəyalına gətirdi, o dodaqların öz dodaqlarına toxunduğunu düşündü. Sonra bədəni titrəməyə, əlləri əsməyə başladı. Ona nəsə oldu, qəfildən ayağa qalxıb dimdik dayandı. Üstünə ağ parça örtülmüş qadının meyitinə baxdı və bir az əvvəl düşündüklərinə görə elə utandı ki, özünü ağlamaqdan saxlaya bilmədi. Kiminsə onu izlədiyindən qorxmuş halda, başını döndərib günahkar-günahkar ətarafa baxdı. 

Birdən Corcu dəli bir istək bürüdü. O, ağ parçanı qaldırıb anasına, onun üzünə baxmaq istədi. Bu istək o qədər gücləndi ki, qarşısında, çarpayıda uzanan qadının  anası yox, başqa biri olduğuna inanmağa başladı və bu, ona elə inandırıcı göründü ki, artıq dözə bilmədiyini hiss elədi. Ona elə gəlirdi çarpayıda uzanan qadının boyu daha uzundu, bədəni daha gəncdi. Üstəlik, bu bədən daha gözəldi. O, qəfildən bu qadının sağ olduğuna, hər an çarpayıdan qalxıb onunla  göz-gözə gələcəyinə inanmağa başladı və yenidən dözə bilmədiyini hiss edən Corc əlini ağ parçaya uzatdı. Parçanı azca qaldırsa da, axıracan qaldırmağa cəsarəti çatmadı. Sonra həkim Rifi kimi o da üzünü qapıya çevirib otaqdan çıxdı. Dəhlizdə, qapının ağzında dayandı. Canını dəhşətli bir titrəmə aldı və yıxılmamaq üçün divara söykəndi. 

– Yox, o, mənim anam deyil, o, mənim anam deyil, – öz-özünə pıçıldadı və hələ də anasının öldüyünə inanmadan qorxu içində titrəməyə davam elədi. Xanım Eliza­bet Svift yan otaqdan dəhlizə çıxanda, Corc onun əllərindən tutdu və kədərdən başını yelləyə-yelləyə hönkürtü ilə ağlamağa başladı.

– Anam ölüb, xala, anam ölüb, – deyə gözlərini  anasının uzandığı otağın  qapısına zillədi və ağlaya-ağlaya ucadan çağırdı: – Ana, anacan, anacan!..

Şəhərdə yeni həyata başlaması üçün Elizabetin Corca vermək istədiyi səkkiz yüz dollar isə çarpayının ayaq tərəfində, divarın suvağı altında gizlədilmiş qutunun içində qaldı. Elizabet qutunu həmin yerə toylarından bir həftə sonra qoymuşdu. O, divarın suvağını yarmış və qutunu ora qoyduqdan sonra mehmanxanada işləyən fəhlələrdən birini gətirərək həmin yeri əvvəlki kimi suvatmışdı. Ərinə isə: “Çarpayının ayağı dəyəndə suvaq ovulub tökülmüşdü, ustalardan birinə dedim ki, təzədən suvasınlar”, – deyib, atasının əmanətini saxlaya bildiyi üçün dərin bir sevinc duymuşdu. O sevinci Elizabet ömründə cəmi iki dəfə hiss etmişdi: Sevgililərinin – Ölümün və həkim Rifinin qollarına öz bədənini təslim edəndə.

 

Müəllimə

 

Təxminən səhər saat ondan yağmağa başlayan qar bütün Vaynzburqu öz ağuşuna almışdı. Arabir külək əsir və yerə çatmağa macal tapmayan qar dənələrini küçə boyunca sovururdu. Qar altında qalan palçığı donmuş şəhər yollarının kələ-kötürlüyü, indi elə də gözə çarpmırdı.

– Bu qarda qəşəng xizək sürmək olar, – Ed Qrifin meyxanasında piştaxtanın yanın­da dayanan Vill Henderson düşünürdü. Qapıdan çıxanda, ayağındakı iri çəkmələri ilə səndələyə-səndələyə meyxanaya tərəf gələn əczaçı Silvester Vestlə qarşılaşdı. 

– Qara görə şənbə günü hamı tö­külüşüb şəhərə gələcək, – əczaçı dedi. Sonra içəri keçib söhbət eləməyə başladılar. Ayaqlarına çəkmə geyinməmiş Vill Hendersonun əynində parıltılı plaş var idi. O, sağ ayağının pəncəsi ilə sol ayağının dabanına vura-vura, dünya­gör­müş qocalar kimi danışan əczaçının sözlərini dinləyirdi. Əczaçı isə hələ də qardan danışırdı:

 – Amma taxıl üçün çox yaxşı oldu bu qar.

Həmin gün Corc Villardın mətbəədə işi yox idi. Buna görə də şən görünürdü. Həftəlik qəzet çap olunmuş və çərşənbə günü axşam poçta aparılmışdı. Qar isə sabahkı gün yağmağa başlamışdı. Saat 8-də, səhər qatarı keçdikdən sonra Corc bir cüt konkini də götürərək Votervörks Ponda getdi, amma nədənsə konki sürmək fikrindən daşındı. Gölməçənin yanından ötüb, Vayn çayına aparan cığırla fikirli-fikirli fıstıq meşəliyinə tərəf gəldi.  Meşəyə çatan kimi ocaq qaladı və kötüyün üstündə oturaraq fikirləşməyə davam elədi. Bir azdan qar yağmağa, külək əsməyə baş­layanda, Corc çör-çöp yığmaq üçün ayağa qalxdı.

Gənc jurnalist, bir vaxtlar məktəbdə onun müəlliməsi olmuş Keyt Svift haqqında düşünürdü. Dünən axşamçağı müəlliməsinin ona vermək istədiyi kitabı götürmək üçün Keyt Sviftin evinə gedəndə, düz bir saat onunla evdə tək qalmışdı. Bununla neçənci dəfəydi ki, Corc həmin qadının qəribə bir həyəcanla, qəribə bir ciddiliklə danışdığını görürdü, amma onun niyə belə danışdığını, nə üçün belə həyəcanlandığını anlaya bilmirdi. Corca bir anlıq elə gəlmişdi ki, müəlliməsi ona vurulub. Bu fikir ürəyindən olsa da, onu narahat edirdi. 

Corc kiminsə onu eşidə biləcəyindən ehtiyatlandığı üçün ocağa çör-çöp ata-ata ətrafına baxdı və Keyt Sviftlə üzbəüz dayandığını təsəvvürünə gətirib danışmağa başladı: 

– Sən mənə nəsə demək istəyirsən. Bəlkə də, səni yanlış anlamışam, amma haqqımda nə düşündüyünü öyrənəcəm, mütləq öyrənəcəm.

Corc ayağa qalxdı və qaladığı ocağı arxada buraxıb, gəldiyi yolla yavaş-yavaş qəsəbəyə tərəf üz tutdu. Yeridikcə konkilərin şaqqıltısı eşidilirdi. Yeni Villard Hauzda yerləşən evinə qayıtdıqdan sonra, otağındakı sobanı qaladı, çarpayısına uzanıb, yenə də düşüncələrə daldı. Bu dəfə onun düşüncələrinə şəhvani duyğular hakim kəsilmişdi. Pərdəni çəkərək gözlərini yumub üzünü divara tərəf çevirdi. Öz sözləri ilə onun hisslərini oyatmağı bacarmış müəlliməsi Keyt Svifti, sonra isə bir vaxtlar uzun bir eşq macərası yaşadığı şəhərdəki bank rəhbərinin qızı Helen Vaytı xatırlayaraq yastığı sinəsinə sıxdı. 

Həmin gün axşam saat 9-a qədər Vaynzburqun bütün küçələri artıq tamamən qarla örtülmüş, hava daha da soyumuşdu. Ətrafda gəzmək getdikcə çətinləşirdi. Bütün dükanların işıqları söndürülmüş, hamı öz evinə çəkilmişdi. Klivlenddən gələn axşam qatarı gecikirdi, amma Vaynzburqda o qatarı gözləyən bircə adam da yox idi. Min səkkiz yüz nəfər əhalisi olan Vaynzburqda saat ona qədər hər kəs yatağına uzanıb mürgü döyürdü. Amma o kiçik qəsəbədə dörd nəfər var idi ki, həmin gecə hər kəs yuxuda olduğu zaman onlar oyaq idilər.

Bunlardan biri gecə gözətçisi Hop Hiqqinz idi. Həmişə çəliklə gəzən Hop Hiqqinz  axsaya-axsaya yeriyirdi. Qaranlıq gecələrdə özü ilə fənər də daşıyardı. Saat doqquzu keçəndən sonra, hər şeyin qaydasında olduğunu öyrənmək üçün ətrafda dolaşmağa başladı. Meyn küçəsi boyunca səndələyə-səndələyə yeriyərək, bütün qapıları bir-bir yoxladı. Yaxın binaların arasındakı dar küçələrdən keçdi, arxa qapılara da göz gəzdirib, hər şeyin qaydasında olduğunu görəndən sonra, Yeni Villard Hauza gəldi  və qapını astaca döydü. Hop bütün gecəni sobanın yanında keçirməyə hazırlaşırdı.

– Sən istəyirsən, get yat, sobaya mən baxaram, – o, xırda uşaq çarpayısında mürgüləyən oğlana dedi. 

Hop sobanın yanında əyləşib, ayaqqabılarını çıxardı. Oğlan yatmaq üçün öz otağına getdikdən sonra, Hop Hiqqinz görəcəyi işləri götür-qoy etməyə başladı. O, yazda evini təmir etmək istəyirdi və təmirə, fəhlələrə verəcəyi pulu dəqiqliklə hesablamağa çalışırdı. Altmış yaşı var idi, artıq təqaüdə çıxmaq fikrindəydi. Vətəndaş müharibəsində iştirak etdiyi üçün ona hər ay əlavə pul da verilirdi. Hop Hiqqinz neçə vaxtdan bəri pul qazanmağın başqa yollarını axtarırdı və hardansa ağlına batmışdı ki, safsar saxlamaqla yaxşı qazanc əldə edə bilər. Evinin zirzəmisində bu qəribə, vəhşi və balaca məxluqlardan dördünü saxlayırdı. Onları ovçular ən çox dovşan ovunda istifadə edirdilər. “Deməli, indi bir erkək, üç dənə də dişi var, – o düşünürdü, – bəxtim gətirsə, yaza qədər çoxaldıb 14-15 dənə eləyə bilərəm. O biri il də qəzetlərdə satış üçün elan vermək imkanım olar.”

Hop Hiqqinz stula yayxanıb, bir anlıq xəyallarından uzaqlaşdı. Amma onu yuxu tutmadı. Artıq neçə il idi ki, uzun gecələrdə saatlarca belə oturar, nə yuxulu, nə də oyaq olardı. Səhərlər isə, bütün gecəni rahat yatmış adamlar kimi, özünü gümrah hiss edərdi.

O gecə oyaq qalan dörd nəfərdən biri də Corc Villard idi. Corc bütün diqqətini yazdığı hekayəyə yönəltməyə çalışsa da, əslində, səhərçağı ocağın ətrafında oturarkən qərq olduğu düşüncələrdən hələ də xilas ola bilməmişdi. Presbayterian kilsəsinin zəng qülləsindəki qaranlıq otağında oturan keşiş Körtis Hartmen də uzun illərdən bəri bəslədiyi ümidlə Allahdan vəhy gözləyirdi. Həmin gecənin oyaq qalanlarından biri Keyt Svift isə evindən çıxaraq soyuq və qarlı küçələrdə gəzişirdi. 

O, evdən çıxanda saat on idi. Bu axşam gəzintisi özü üçün də gözlənilməz olmuşdu. Belə soyuq havada çölə çıxmaq niyyəti olmayan Keyt Svifti sanki həmin gecə onun haqqında düşünən iki adam öz düşüncələri ilə küçəyə çıxmağa vadar eləmişdi. Pul məsələsi ilə bağlı Vaynzburq dairə mərkəzinə getmiş anası Elizabet Svift həmin gün evə qayıtmayacaqdı. Axşam Vaynzburqun qarlı küçələrini gəzmək fikri ağlına gələndə, Keyt Svift oxuduğu kitabı yarımçıq buraxaraq, qapının yanındakı asılqandan plaşını götürüb evdən çıxmışdı.

Otuz yaşlı Keyt Svift çox da gözəl deyildi. Üzündə hansısa xəstəliyin əlamətləri olan sızanaqlar var idi. Amma o gecə Vaynzburqun ağappaq küçələrində çox gözəl görünürdü. Şux qamətli bu qadının üz çizgiləri, yay axşamlarının solğun işığında kilsə həyətində görünən balaca ilahə heykəlini xatırladırdı.

Həmin gün günorta Keyt Svift öz səhhəti ilə bağlı həkim Vellinqin yanına getmişdi. Həkim, onu əməlli-başlı danlamış, öz sağlamlığına qarşı bu cür etinasız davranarsa, gələcəkdə eşitmə qabiliyyəini itirəcəyini demişdi. 

Amma soyuq havada küçələri gəzəndə, həkimin sözləri onun heç yadına düşmürdü, yadına düşsə belə qayıtmayacaqdı. Əvvəl-əvvəl üşüsə də, bir az gəzdikdən sonra daha soyuğu hiss eləmədi. Öz küçələrində gəzişdikdən sonra, önündə tərəzi qoyulmuş ərzaq anbarının qarşısından keçib, Trunyon Payk küçəsinə buruldu. Trunyon Paykda  Ned Vinterz anbarının yanından ötdü, alçaqdamlı evlərə baxa-baxa şərqə – Qospel Hill tərəfə döndü.  Daha sonra Votervörks Pond və Ayk Simidin cücə fermasına aparan Saker küçəsini fikirli-fikirli dolaşdı.  Gəzdikcə, onu evdən çıxaran dəlisov duyğular gah sönür, gah da yenidən oyanırdı. 

Keyt Sviftin xarakterində insanı özündən uzaqlaşdıran və heç də xoş olmayan nəsə var idi. Bunu hamı hiss edirdi. Sinifdə o, çox sakit, soyuqqanlı və ciddi olardı, amma bununla belə, şagirdləri ilə səmimi davranmağı da bacarardı. Bəzən dərs zamanı yadına nəsə düşər və sevincini gizlədə bilməzdi. Uşaqlar da bunu hiss edər, birdən-birə səbəbsiz yerə müəllimənin sevindiyinə təəccüblənərdilər. Belə məqamlarda şagirdlər dərsə ara verərək ona baxardılar, müəllimə isə sinif otağında yuxarı-aşağı var-gəl edər və çox sürətlə danışardı. 

Danışdığı mövzuların bəzən dərslə heç bir əlaqəsi olmazdı. Bir dəfə Çarlz Ləmbin övladları ilə yazıçının öz həyatı haqqında şagirdlərə maraqlı və qəribə əhvalatlar danışmışdı. Keyt Svift bu əhvalatları elə şövqlə danışırdı ki, sanki həmin yazıçı ilə eyni evdə yaşamış və onun şəxsi həyatına aid olan bütün sirləri öyrənmişdi. Şagirdlər isə müəllimənin bu inandırıcı hekayələrindən elə təsirlənərdilər ki, Çarlz Ləmbin də bir vaxtlar Vaynzburqda yaşadığını düşünərdilər.

Keyt Svift bir dəfə də şagirdlərinə Benvenito Sellini haqqında danışıb, onları xeyli güldürmüşdü. Bu söhbətlər Benvenito Sellinini şagirdlərin təsəvvüründə lovğa, ədabaz, amma həm də cəsur və sevimli bir insan kimi canlandırmışdı. Keyt Svift, Sellini haqqında, hətta lətifələr də uydurmuşdu. Bu lətifələrdən biri Milanda yaşadığı illərdə Sellininin qaldığı kirayə evin yuxarı mərtəbəsində yaşayan Almaniyalı musiqi müəlliməsi haqqında idi. Uşaqlar bu lətifəni eşidəndə gülməkdən uğunub getmişdilər. Hətta Şuqerz Meknats adlı al yanaqlı, kök oğlan o qədər gülmüşdü ki, oturduğu stuldan yıxılmışdı. Müəllimə də uşaqlara qoşulub öz danışdığı lətifəyə xeyli gülmüşdü. Amma həmin dərs ona yenə də nəsə olmuş və bir az əvvəl gülən qadın qəfildən çox ciddi, soyuq və sərt bir adama çevrilmişdi.

O qış gecəsində qarla örtülü küçələri gəzdikcə Keyt Svift öz taleyinin, xoşbəxtliyinin də bu küçələr kimi qar altında qaldığını düşünürdü. Vaynzburqda, bəlkə, heç kimin təsəvvürünə gəlməzdi ki, o necə macərapərəst qadın olub. Məktəbdə uşaqlara dərs keçəndə, küçələrdə gəzəndə içindəki kədər, ümid və arzular onu rahat qoymazdı. Zahirən sakit və soyuqqanlı görünən bu qadının qəlbindəki duyğulardan, həsrətdən, istəkdən heç kəsin xəbəri yox idi. Vaynzburqlular onun sevgi və ehtiras hisslərindən tamamən uzaq olduğunu, hətta bütün insanlara xas olan digər duyğulardan da arındığını düşünürdülər. Amma, əslində, bütün Vaynzburqda, bəlkə də, ürəyi Keyt Svift kimi sevgi və ehtiras hissləri ilə dolu olan ikinci bir adam yox idi və Vaynzburqa köçəndən bəri ilk dəfə deyildi ki, Keyt Svift heç cür sakitləşdirə bilmədiyi duyğuları ilə savaşa-savaşa, yaşamadığı sevginin həsrətini çəkə-çəkə küçələri dolaşırdı. Bir dəfə yağmurlu gündə düz altı saat yağışın altında beləcə gəzmişdi. Evə qayıdanda anası ilə dalaşmışdı. Onu danlayan anası Elizabet Svift, o vaxta qədər demədiyi sözləri də qızına demişdi: 

– Yaxşı ki, sən kişi doğulmamısan, ömrüm boyu gecələr atanı gözləyə-gözləyə qalmışam. Gecəyarısına qədər nə elədiyindən xəbərim də olmayıb.  İndi də sən. Xahiş edirəm, sən də onun kimi olma.

O gecə gəzintisində Keyt Svift, şagirdi Corc Villard haqqında düşünürdü. Corc hələ məktəbli ikən yazdığı bir hekayəsini ona oxumuş və həmin vaxt  Keyt, şagirdindəki istedadın közərtilərini görmüşdü. Keyt bu közərtilərin alova çevrilməsini çox istəyirdi. Yay günlərinin birində “Vaynzburq qartalı” qəzetinin redaksiyasına gəlmiş və Corcun heç bir işi olmadığını görüb onunla söhbətə başlamışdı. Söhbət edə-edə onlar Meyn küçəsindəki Feyə parkına getmişdilər. Üstünü mamır örtmüş skamyaların birində oturduqdan sonra Corca öz məsləhətlərini vermişdi.

 – Bilirsən, sənin əsas işin nədir? Sən indi hər şeydən çox yaşamağa, həyatı tanımağa can atmalısan, – bunları deyəndə Keytin səsi həyəcandan titrəmişdi. Sonra isə Corcun gözlərinə baxmaq üçün əlini onun çiyinlərinə qoyaraq, Corcu özünə tərəf çevirmişdi. Onlar elə yaxın dayanmışdılar ki, yoldan keçən olsaydı, bu iki adamın qucaqlaşdığını düşünərdi. Corcun gözlərinə baxa-baxa qadın öz məsləhətlərini verməyə davam eləmişdi:

 – Əgər əsl yazıçı olmaq istəyirsənsə, mənasız cümlələrlə başını qatmamalısan. Yaxşı olardı ki, hələlik heç nə yazmayasan. Tam hazır olana kimi heç nə yazmayasan. İndi sənin görməli olduğun ən vacib iş yaşamaqdı. Mən səni qorxutmaq istə­mirəm, ancaq istəyirəm biləsən ki, bu iş necə çətindi. Sən indi insanların nə dediyini yox, nə düşündüyünü hiss etməyə çalışmalısan.

Bir gün əvvəl – Keşiş Körtis Hartmenin kilsənin zəng qülləsində əyləşərək, o qadının ağ bədəninə baxmağı səbirsizliklə gözlədiyi gecə, Corc Villard, müəllimə­sindən kitab almaq üçün onun evinə getmişdi. Oğlanı çaşdıran, onu düşüncələrə qərq edən şey o idi ki, artıq kitabı alıb evdən çıxmaq istəyəndə, Keyt Svift, sanki onun getməsinə mane olmaq üçün yenə də eyni həyəcanla söhbətə başlamışdı. Onda artıq günəş batmışdı. Küçədəki işıqlar çoxdan yanmış, axşam çoxdan düşmüş, otaq çoxdan qaranlıqlaşmışdı. Corc üzünü çevirib getmək istədiyi an Keyt, zərif və susqun bir səslə onun arxasınca “Corc” deyə çağırmış və yaxınlaşaraq` çılğın bir hərəkətlə onun əlindən tutmuşdu. O gecənin qaranlığında öz çizgiləri ilə Keyt Sviftin gözünə yetkin bir kişi görkəmində görünən gənc Corcun yaraşığı tənha qadının sevgi duyğularını yenidən oyatmışdı. Həmin an Keyt Svift hiss etmişdi ki, qarşısındakı gəncə həyatın və insan hisslərinin gizli dolanbaclarını anlatmaq, ona içindən keçən bütün duyğuları bir-bir açmaq istəyir. Corca bir az da yaxınlaşmış, əlini daha da bərk tutaraq,  dodaqlarını onun yanaqlarında gəzdirmişdi. Corc ilk dəfə onda həmin qadının əslində necə gözəl olduğunu duymuş, onun gözəlliyinin fərqinə varmışdı. Az qala Corca sarılacaqmış kimi ona sığınan qadın isə düşdüyü vəziyyətdən utandığı üçün, nəsə demək məcburiyyəti hiss etmiş və amiranə bir səslə demişdi: 

– Ehh, nə xeyri var bu dediklərimin? Sən hələ illər sonra anlayacaqsan ki, mən sənə nəyi başa salmağa çalışırdım, sənə nəyi demək istəyirdim. 

Sonrakı gün – qarlı qaranlıqların Vaynzburq küçələrinə ayaq basdığı, keşiş Körtis Hartmenin kilsədə oturub onu gözlədiyi gecə Keyt Svift, Corcla bir də danışmaq üçün onun iş yerinə getməyi qərara aldı. Özünü çox tənha və yorğun hiss edirdi. Şaxtalı havada uzun gəzintidən sonra soyuqdan titrəyirdi. Meyn küçəsinə dönüb qəzet binasına tərəf addımladı. Qapıya yaxınlaşıb, qətiyyətlə içəri daxil oldu. Onlar düz bir saat sobanın yanında oturub söhbət etdilər. Keyt yenə də eyni həyəcan və eyni ciddiliklə Corca həyat haqqında danışmağa çalışırdı. Keyti bu havada çölə çıxaran, soyuq küçələrdə gəzdirən duyğu indi özünü onun sözlərində, danışığında biruzə verirdi. Sinifdə uşaqlar qarşısında danışanda duyduğu şövq ilə danışırdı. Bir vaxtlar onun şagirdi olmuş, bəlkə də, nə zamansa Keytin danışdığı həyatın nə olduğunu anlayacaq bu oğlana, elə indi hər şeyi başa salmaq, onun üzünə həyatın qapılarını taybatay açmaq istəyirdi. Bu istək o qədər gücləndi ki, artıq sanki fiziki tələbata çevrildi. Yarıqaranlıq otaqda Keytin gözləri bir an qəribə bir parıltıyla işıqlandı. Sonra qəfildən ayağa qalxıb, ona xas olmayan qəribə, tərəddüdlü bir tərzdə gülümsədi.

 – Yox, mən getməliyəm, – dedi, – bir az da qalsam, səni öpməkdən özümü saxlaya bilməyəcəyəm. 

Otağa dərin bir sükut çökdü. Keyt üzünü çevirib, qapıya tərəf getdi. Düzdü, o, Corcun müəlliməsi idi, amma həm də qadın idi. Corcun üzünə yenidən baxanda, bir kişi tərəfindən sevilmək istəyi əzablı və ehtiraslı bir arzu kimi onun iliyinə işlədi. Lampa işığında çaşqın vəziyyətdə da­yanmış Corc isə artıq gənc bir oğlan deyil, öz vəzifəsini yerinə yetirməyə hazır olan yetkin bir kişi kimi görünürdü. 

Corc Villard onu qolları arasına alanda Keyt mane olmadı. Qadın artıq öz gücünü itirdiyini hiss edirdi. Keyt qapının yanında dayanmışdı. Corc ona yaxınlaşıb əlini Keytin çiyninə qoyanda,  qadın üzünü Corca tərəf çevirdi və onun gücdən düşmüş bədəni oğlanın ağuşuna düşdü.  Bu, Corcun çaşqınlığını, təəccübünü bir az da artırdı. O, bir anlıq qadını sinəsinə sıxdı. Sonra Keyt, qəfildən balaca yumruqları ilə Corcun sinəsini döyəcləməyə başladı. Qadın onu tək buraxıb gedəndən sonra,  Corc əsəbi halda otaqda var-gəl edir və qəzəbini soyutmaq üçün ağzına gələn söyüşü söyürdü.

Corcun təəccübünü və çaşqınlığını artıran başqa bir şey də Keyt gedəndən sonra keşiş Körtis Hartmenin onun yanına gəlməsi idi. Körtis Hartmenin dediklərini diqqətlə dinləyəndə Corca elə gəlmişdi ki, o gecə bütün şəhər, bütün Vaynzburq dəli olub. Keşiş qanayan yumruğunu havada yelləyərək, bir az əvvəl Corcun qolları arasına sığınan qadının Allahın bir işarəsi olduğunu deyirdi. 

Corc pəncərə önündəki lampanı üfürərək söndürdü. Otağın qapısını bağlayıb,  evinə tərəf yol aldı. Qəzet binasından çıxanda, qapının ağzında o tərəf-bu tərəfə gedərək, saxladığı heyvanları artırmağın yolları haqqında fikirləşən Hop Hiqqinzi gördü. Evinə çatıb otağına girəndə soba artıq sönmüşdü. Soyuq otaqda yavaş-yavaş paltarlarını çıxardı. Yatağına girdi və sanki küçənin soyuq, ağappaq qarını öz üstünə örtürmüş kimi, yorğanı başına çəkdi. 

Corc günorta uzanıb Keyt Svifti dü­şün­düyü yatağın içində indi o tərəf-bu tə­rə­fə çevrilərək yatmağa çalışırdı. Keşişin sözləri – Corca elə gəlirdi ki, o, dəli olub – onun qulaqlarından getmirdi. Yata bilmədiyini görüb, gözlərini açdı. Çaşqın baxışlarını otaqda gəzdirdi. Bir az əvvəl duyduğu qəzəb artıq keçmişdi. O, nə baş verdiyini anlamağa çalışırdı. Amma heç nə anlaya bilmirdi. Hər şeyi təkrar-təkrar xatırlamağa bir də cəhd etdi. Artıq saatlar keçmişdi və Corc hiss edirdi ki, səhərin açılmağına az qalır. Saat dördə yaxın gözləri yumulanda, Corc sanki axtardığı şeyi tutmağa çalışırmış kimi əlini havaya qaldırıb, yuxulu-yuxulu sayıqladı: 

– Mən nəyisə itirdim, nəyisə əldən buraxdım. Keyt Svift mənə nə demək istəyirdi? Mən onu düz başa düşməmişəm. 

Bir azdan onu da yuxu tutdu. Və Corc, o qarlı gecədə bütün Vaynzburqda gözlərini yuxuya qapayan sonuncu adam idi. 

 

Tənhalıq

 

Bir vaxtlar şəhərdən iki mil aralıda, Vaynzburqun şərqində, Trunyon Payka gedən yol üstündə xanım El Robinsonun ferması var idi. Oğlu Enokla həmin fermada qalırdı. Fermadakı ev qəhvəyi rəngə boyanmış və yola tərəf açılan pəncərələri jalüzlə örtülmüşdü. Evin qabağından keçən yolda həmişə toz-torpağın içində eşələnən toyuq-cücə və iki hind toyuğu olardı. Enok Vaynzburq Ali Məktəbində təhsil almışdı. Vaynzburqda yaşayan qocalar onu sakit, çox danış­mayan və gülərüz biri kimi xatırlayırdılar. O, həmişə yolun ortası ilə yeriyər, bəzən də kitab oxuyardı. Yoldan keçən sürücülər onu qışqırıqla və söyüşlə xəbərdar edər, yalnız bundan sonra Enok yolun kənarına çəkilib maşınların keçməsinə imkan yaradardı. 

İyirmi bir yaşı olanda Enok Nyu-Yorka köçüb on beş il orada yaşadı. Şəhərə köçdükdən sonra fransız dilini öyrənməyə başladı və öz rəssamlıq məharətini inkişaf etdirmək ümidi ilə rəsm məktəbinə yazıldı. O, Parisə getmək, rəssamlıq təhsilini böyük rəssamların arasında başa vurmaq istəyirdi, amma bu istək baş tutmadı.

Ümumiyyətlə, onun həyatda heç bir istəyi baş tutmadı.  Enokun çox gözəl şəkil çəkmək bacarığı var idi.  Kətan üzərinə köçürmək üçün təxəyyülündə həmişə qəribə, maraqlı və gizlin fikirlər olardı. Amma uşaq təbiəti cəmiyyətdə uğur qazanmağı üçün bir maneəyə  çevrilmişdi. O, həmişə bu cür uşaq qaldı və heç vaxt böyümədi. Buna görə də insanları başa sala və onları başa düşə bilmədi. İçində yaşayan o uşaq, ömrünün sonunacan şəhvət, pul və fərqli düşüncələr kimi həyat həqiqətləri ilə yola getmədi.

Bir dəfə küçədə onu maşın da vurmuşdu.  Bu qəzadan sonra yol kəna­rındakı dəmir dirəyə çırpılan Enok aldığı xəsarətdən ömrünün sonunacan axsaya-axsaya yeridi. Onun həyatda heç bir istəyinin baş tutmamasının  səbəblərindən biri də bu idi. 

Hələ dünyanın çaşdırıcı həqiqətləri ilə rastlaşmazdan əvvəl Enok Nyu-Yorkda müxtəlif insanlarla tanış olmuşdu. Aralarında həm qadınların, həm də kişilərin olduğu gənc rəssamların çevrəsinə qatılmış və onlarla dostlaşmışdı. Onlar bəzən Enokun qaldığı otağa gələrdilər. Nyu-Yorkda yaşayanda bir dəfə Enok keflənmiş və polis məntəqəsinə aparılmışdı. Orda polislərdən biri Enoku əməlli-başlı qorxutmuşdu. Bir dəfə də Enok evinin qarşısından keçən bir qadınla tanış olmuşdu. Onlar bir xeyli gəzib binadan uzaqlaşdıqdan sonra, gənc Enoku qəribə bir qorxu bürümüş və arxasına baxmadan qaçıb getmişdi. Həmin vaxt kefli olan qadın binanın divarına söykənib bu hadisəyə o qədər gülmüşdü ki, yoldan ötən bir nəfər də ona qoşulmuş və qadın daha sonra öz gəzintisinə onunla davam etmişdi. Onlar güldükləri vaxt isə Enok titrəyə-titrəyə və dilxor olmuş halda özünü birtəhər otağına çatdıra bilmişdi. 

Gənc Enokun Vaşinqton meydanı ilə üz-üzə yerləşən Nyu-Yorkdakı evi dəhliz kimi dar və uzun idi. O evin quruluşunu təsəvvürünüzdə canlandırmağınız, bu hekayəni anlamağınız üçün çox önəmlidi. Çünki Enokun əhvalatı yaşadığı bu evlə çox bağlıdı. 

Dediyimiz kimi, axşamlar Enokun dostları tez-tez onun evinə gələrdilər. Onları bir araya toplayan isə söhbətlərinin əsas mövzusu olan rəssamlıq sənəti idi. Yəqin ki, hamı rəssamların necə danış­dığına nə vaxtsa şahid olub. 

Onlar öz söhbətlərində dünya tarixindən nümunələr gətirir və böyük bir ehtirasla, böyük bir coşqunluqla sənət haqqında danışırdılar. Sənətin hər şeydən vacib olduğunu deyir, öz peşələrinə qarşı duy­duqları sevgini ifadə etməkdən usan­mırdılar. 

Və söhbət edən, fikirli-fikirli siqaret çəkən bu adamların arasında, şübhəsiz ki, Vaynzburqlu Enok Robinson da olurdu. Amma Enok bu söhbətlərə qoşulmur, bir küncə çəkilərək susmağı üstün tuturdu. Həmin vaxt onun uşaq gözlərinə bənzəyən mavi gözlərinin ətrafa necə qəribə bir məsumluqla baxdığını kaş siz də görəydiniz! Evinin divarlarında hələ bitirmədiyi, yarımçıq qalan rəsm əsərləri asılmışdı. Dostları tez-tez həmin əsərləri müzakirə edirdilər. Onlar öz stullarına yayxanaraq oturar, başlarını irəli-geri yelləyərək eskizlər, təsvirlər haqqında bir-bir fikirlərini deyərdilər. 

Enok da onlar kimi danışmaq istəyirdi. Amma bunu necə edəcəyini bilmirdi. O elə həyəcanlanırdı ki, danışığını itirir, danışmaq istəyəndə dili topuq vurur və səsi özünə də çox qəribə və ciyiltili görünürdü. Belə olanda dərhal susur və bir də danışmırdı. Əslində nə deyəcəyini çox yaxşı bilirdi, amma onu da yaxşı bilirdi ki, o sözləri heç vaxt heç kimə deyə bilməyəcək. Çəkdiyi hansısa bir şəkli dostları müzakirə etdiyi zaman yerindən sıçrayıb böyük bir şövqlə danışmaq və bu sözləri demək istəyirdi: 

– Siz əsərin mahiyyətini tuta bilməmisiz. Əslində bu əsərin bayaqdan bəri dediyiniz sözlərlə elə də əlaqəsi yoxdu. Bu şəkildə başqa şey var, sizin görə bilmədiyiniz, bəlkə də, görmək istəmədiyiniz başqa şey var. Məsələn, bura diqqətlə baxın, pəncərədən işığın qapının yanına düşdüyü yerə. Sizin o görmədiyiniz yolun qaranlıq hissəsi bilirsiz nədi? O qaranlıq ilə mən hər şeyin başlanğıcını göstərmək istəmişəm. Sonra, məsələn, o biri şəkildə Vaynzburqdakı evimizin qabağına toplaşan o qoca kişilərin arasında çətinliklə gözə çarpan bir nəfər var. Onu görə bilirsiz? Yox, görə bilmirsiz. Baxın, orda təsvir edilən qadındır. O, atdan yıxılıb və atı da qaçıb gedib. Sonra o kişini görürsünüz? O araba sürən kişini. Görürsünüz, ətrafa necə narahat-narahat baxır? Bu adam, yolun üstündə ferması olan Səd Greybəkdi. O, Komstokdakı dəyirmana taxıl daşıyır. Bax, o adam hiss edir ki, qoca kişilərin arasında kimsə var, amma heç cür baş aça bilmir ki, kimdir.

Hə, orda gizlənən, qadındır! Qadındır, gözəl bir qadın! Onun harasısa ağrıyır, amma səsini çıxarmır. Baxın, görürsüz necə sakit-sakit uzanıb? Qorxudan rəngi də qaçıb. Amma yenə də gözəldi. O gözəllik ətrafa da yayılır. Hər tərəfə onun gözəlliyi işıq saçır. Hətta göy üzünə də o gözəlliyin işığı düşür. Amma mən o qadını yaxşı çəkməyə çox da çalışmadım. O qadın, rəsmə çəkilmək üçün həddən artıq gözəldir. Bunları qoyub əsərin kompozisiyasından və başqa önəmsiz, cansıxıcı şeylərdən necə danışa bilirsiz? Niyə siz o səmaya baxmırsız? Niyə mən Vaynzburqda yaşadığım zaman uşaqkən etdiyim kimi, siz də o səmanı görəndən sonra heyrətdən küçəyə çıxıb yorulanacan qaçmaq istəmirsiz?

Enok Robinsonun o otaqda yığışan dostlarına demək istədiyi, amma deməyə qorxduğu sözlər bunlar idi. Sonralar Enok yavaş-yavaş öz ağlına da şübhə etməyə başladı. O qorxurdu ki, fikrində olanları, demək istədiklərini rəsm əsərində də ifadə edə bilmir. Bütün bunlardan əsəbiləşdiyi və öz taleyindən incidiyi üçün daha həmin dotlarını evinə dəvət eləmədi və heç kimin gəlməməsi üçün tezliklə günün bütün vaxtlarında qapını açarla bağlamağı da özünə vərdiş elədi. Düşünürdü ki, artıq evinə kifayət qədər çox adam gəlib və onun başqa adamları tanımağa ehtiyacı yoxdur. O, fikrini ifadə edə biləcəyi, başqaları ilə bölüşə bilmədiyini rahatca deyəcəyi yeni-yeni adamlar kəşf etdi. Hər gün öz xəyalında kəşf etdiyi bu adamları evinə çağırıb, ürəyində olan bütün sözləri onlara dedi. Evinin daimi sakinləri olan xəyali ruhlarla danışmağa adət etmiş Enok Robinson bu xəyali ruhları əvvəllər tanıdığı adamların xatirələrindən yaratmış, onu başa düşən, o rəsm əsərindəki qadın obrazını belə anlamağa gücü yetən yeni insanlar yaratmışdı. 

Mavigözlü, yumşaqtəbiətli Enokda uşaq xudbinliyi var idi. Uşaqlar kimi heç bir dost istəmirdi. Rahatca söhbət edə, hətta tənqid və təhqir edə biləcəyi xəyali insanlar onun üçün kifayət idi. Bu adamlar arasında özünü cəsur və inamlı hiss edirdi. Bəzən onlar da danışır, öz fikirlərini deyirdilər. Amma ən sonda və hamıdan yaxşı danışan Enok olurdu. Özünü bəzən bütün günü fikrindəki bədii obrazlar haqqında düşünən yazıçıya, bəzənsə Nyu-Yorkda Vaşinqton meydanı ilə üz-üzə yerləşən altı dollarlıq kirayə ölkənin sahibi, mavigözlü və balaca hökmdara bənzədirdi. 

Sonra Enok Robinson evləndi. O, getdikcə tənhalığını daha dərindən hiss edir, kiməsə barmaqları ilə toxunacaq qədər yaxın olmaq istəyirdi. Enok, artıq xəyalların tənha evdə ona yetmədiyini başa düşürdü. Şəhvət hissləri ona rahatlıq vermir, gecələr bədənini qəribə bir hərarət bürüdüyü üçün yata bilmirdi. Enok, bir vaxtlar rəsm məktəbində onunla eyni parta arxasında oturmuş qız ilə evləndi və Bruklindəki binada yaşamağa başladı. Onların iki uşağı dünyaya gəldi. Ora köçdükdən sonra, reklam şirkətində özünə iş tapıb, reklam posterləri üçün illüstrasiyalar çəkməklə başını qatdı. 

Evlilikdən sonra onun həyatında yeni bir mərhələ başlandı. Özünü yeni bir oyuna başlamış oyunçu kimi hiss edirdi. Bir müddət Enok, dünyaya insan gətirdiyi, ölkəsinə vətəndaş qazandırdığı üçün qürur hissi keçirirdi. Daha hadisələrdə dərin məna axtarmadan, digər insanlar kimi adi həyat həqiqətləri ilə yaşamağa başladı. Payızda keçirilən seçkilərdə o da iştirak etdi və qəzet sifariş verərək hər səhər evində qəzet oxumaq vərdişinə yiyələndi. Axşamlar evinə gələndə tramvaydan düşüb, sonra hansısa iş adamı ilə birgə addımlayır, təmkinli-təmkinli, sakit-sakit evinə tərəf gedir və olduqca hörmətli bir adam kimi görünməyə çalışırdı. Artıq vergi ödəyicisinə çevrildiyi üçün özünü ölkənin önəmli bir vətəndaşı, hökumətin bir üzvü kimi hiss edirdi. 

 – Mən bu ştatın, bu şəhərin hörmətli adamı olacağam, – o, sevinc və qürurla öz-özünə deyirdi. 

Filadelfiyadan gələrkən qatarda bir adamla tanış oldu. Həmin adamın verdiyi siqaretdən çəkə-çəkə hökumətin dəmiryollarını özəlləşdirməsi və nəzarəti əlinə alması ilə bağlı uzun-uzadı danışdı. Enok danışdıqca həyəcanlanırdı. Sonra öz sözlərini böyük zövqlə xatırlayırdı.

 – Dediklərim o adamın ağlına batdı. İndi mənim sözlərim haqqında düşünə­cək, – pilləkənlə Bruklindəki evinə qal­xa­rkən öz-özünə deyirdi. 

Amma, əlbəttə ki, Enokun evlilik həyatı da uğurlu alınmadı – arvadından ayrılmaq qərarı verdi. Çünki yaşadığı binanın divarları arasında sıxılır, bu həyatın onu boğduğunu hiss edir və bir vaxtlar evinə gələn dostlarına duyduğu hissi öz uşaqlarına və arvadına qarşı duyurdu. Yalandan işinin olduğunu deyərək, gecələri tək-tənha küçələrdə gəzməklə keçirirdi. Arvadından xəbərsiz Vaşinqton meydanı ilə üz-üzə yerləşən əvvəlki evini də yenidən kirayələmişdi. Həmin ərəfədə onun Vaynzburqda yaşayan anası El Robinson öldü və Enok yeganə varis kimi anasından qalan səkkiz min dollar pula sahibləndi. Bu pul onun insanlardan tamamən uzaqlaşması üçün göydəndüşmə oldu. Enok, həmin pulu arvadına verərək,  daha onlarla birgə yaşaya bilmədiyini dedi. Ərinin bu sözlərindən sonra qadın ağladı, əsəbiləşdi, Enoka ağzına gələni dedi. Enok isə, sadəcə, gözünü zilləyib bir anlıq ona baxdı və sonra çıxıb getdi. Əslində, qadın Enokun bu qərarından çox da dilxor olmamışdı. Çünki həmişə Enokun bir az dəli olduğunu düşünmüş, bəzən də ondan qorxmuşdu. Artıq Enokun heç vaxt qayıtmayacağına əmin olduqdan sonra, iki uşağını da götürüb qız vaxtı yaşadığı Konnektikatdakı kəndlərinə köçdü. Sonralar torpaq tacirinə ərə getdi və ömrünün sonunacan həyatdan məmnun halda yaşadı. 

Enok Robinson isə Nyu-Yorkdakı köhnə evinə qayıdıb, köhnə xəyal dostları ilə birgə uşaq kimi xoşbəxt yaşamağa başladı. Rahatca danışdığı, bəzən ürəyində zarafatlaşıb əyləndiyi bu dostlar onun üçün həyatın qəribə hədiyyələri idi. Mənə elə gəlirdi ki, xəyalında canlandırdığı o adamlar əvvəllər tanıdığı adamların kölgələri idi. Onların arasında əlinə qılınc almış bir qadın, yanında həmişə it gəzdirən ağ, uzunsaqqallı qoca bir kişi, corabları sürüşüb ayaqqabısının üstünü örtən gənc bir qız da var idi. Və daha neçə-neçə bu cür kölgə Enokun evində yaşayırdı. 

Enok çox xoşbəxt idi. Otağa girib qapını açarla bağlayandan sonra, sanki çox mühüm məsələni həll edirmiş kimi, ucadan danışmağa başlayır, kiməsə məsləhətlər verir, həyat haqqında fəlsəfi fikirlərini deyirdi. O hadisə baş verənə qədər Enok öz həyatından və əvvəlki işindən çox məmnun idi. Amma o hadisə baş verdi. Enok Vaynzburqa da həmin hadisədən sonra köçdü. Belə olmasaydı, biz də onun haqqında heç nə bilməzdik. Enokun qarşısına çıxan o gözlənilməzlik bir qadınla bağlı idi. Bu, əslində, belə də olmalıydı. Çünki Enok həddən artıq xoşbəxt idi. Bu xoşbəxtlik belə davam edə bilməzdi. Nəsə baş verməliydi ki, o, Nyu-Yorku tərk edib, Ohayoya gəlsin və hər axşam Vesley Mayorun tövləsinin arxasında batan günəşin işığı altında küçələri veyil-veyil yuxarı-aşağı dolaşsın. 

Enok həyatını dəyişən bu olay haq­qında bir gecə Corc Villarda danışdı. O, kiməsə ürəyini açmaq, kiminləsə dərdini bölüşmək istəyirdi. Onu anlayacağını düşünərək Enok həmsöhbəti kimi Corcu seçmişdi. Çünki o vaxt Corcun da ürəyini kədər bürümüşdü və bu kədərli ürəyi ilə Enoku, bəlkə, o, başa düşə bilərdi.

Onların rastlaşdığı həmin oktyabr axşamı güclü yağış yağırdı. Bağların-bağçaların barları yığılıb qurtarmışdı. Vaynzburqun payız gecələrində səmada həmişə Ay parıldayar, havada isə şaxtanın qoxusu olardı. Amma o gecə elə deyildi. O gecə yağış yağırdı. Meyn küçəsindəki lampaların işığı yağış gölməçələrinin üstünə düşürdü. Meşədəki ağacların budaqlarından yağış damcıları süzülürdü. Nəm yarpaqlar isə torpağa, torpağın altından çıxan ağac köklərinə qonmuşdu. Kərdilərdəki kartof kolları qayğısızca yerə yapıxmışdı. Hər gün axşam yeməyindən sonra bir yerə yığışıb söhbət edən kişilər o axşam yağışa görə çölə çıxmaq fikrindən daşınmışdılar. Yağışın altında gəzişən Corc Villard isə özünü xoşbəxt hiss edir, yağış yağdığına sevinirdi. O da eynən küçələrdə tək-tənha gəzən Enok Robinsona bənzəyirdi, amma Enokdan fərqli olaraq, Corcun boyu hündür idi və Enokdan fərqli olaraq, Corc ağlamağın kişiyə yaraşmadığını düşündüyü üçün tənha gəzintilər zamanı ağlamırdı. Düzdü, son bir ayda anası xəstə olduğu üçün o da kədərliydi, amma bu kədər onun həyat eşqini azalda bilmirdi. 

Enok Robinsonla Corc Villard Momi küçəsindəki Voyta aid araba mağazasının damından küçəyə uzanan taxta çardağın altında qarşılaşdılar. Sonra yağışlı küçə­lərdən keçib Enokun Hefner binasında, üçüncü mərtəbədə yerləşən evinə getdilər. O evə getməyi Corc çoxdan istəyirdi. On dəqiqəlik ayaqüstü söhbətdən sonra Enok onu evinə dəvət etdi. Corc, Enokun normal adam olmadığı haqqında çox söz eşitdiyi üçün əvvəlcə qorxdu, sonra isə cəsarətini toplayaraq Enokun evini görmək marağı ilə oraya getməyə razılaşdı. Artıq yağışın altında gəzdikləri vaxt Enok köhnə evində yaşadığı macəraları yavaş-yavaş ona danışmağa başladı.

  – Əgər istəsən, məni başa düşər­sən, – o dedi, – hər dəfə qarşılaşanda diqqətlə sənə baxırdım. Elə düşünürəm ki, məni başa düşə bilərsən. Bu elə də çətin deyil. Sadəcə, mənim dediklərimə inanmağa çalış, diqqətlə dinlə və axırda da inan. 

Enok, Corc Villarda onu Nyu-Yorkdan Vaynzburqa köçüb tənha və mə

DİGƏR MƏQALƏLƏR