İTALİYA NƏSRİ - Alessandro Barikko

1958-ci ildə İtaliyanın Turin şəhərində doğulub.  

Ədəbiyyata 1991-ci ildə “Qəzəbin qəsrləri” romanı ilə gəlib. Əsərləri qısa müddət ərzində Avropada, xüsusilə də İtaliya və Fransada bestsellerə çevrilib. 

1993-cü ildə “Dəniz-okean” romanına görə “Viaredjo” mükafatına layiq görülüb. 

1998-ci ildə ekranlaşdırılan “1900. Pianoçu haqda əfsanə” əsəri yazıçıya dünya şöhrəti qazandırıb.

 

Tərcümə: Güldəstə

 

BUDMAN SİNDROMU

hekayə

 

“Bircə dəqiqə, əzizim...  Bitirmək üzrəyəm” – hakim Budman gözünü yazı masasından çəkmədən,  nəvazişlə dedi. 

Hakimin, ərinə itaətkarcasına sadiq arvadı dinməz-söyləməz otaqdan çıxıb qonaqların yanına getdi.  Kabinetə yenidən sükut çökdü. Qraflığın məşhur və hörmətli centlmeni  hakim Budman on dörd il üç ay on gün idi ki, şam yeməyinə qədərki vaxtını pasyans açmaqla keçirirdi. Bu illər ərzində bir gün belə, bu sevimli məş­ğu­liy­yətinin verdiyi zövqdən vaz keçməmişdi.  Hətta bəzən şam yeməyin­dən əl götür­müşdü, amma pasyansdan əsla imtina etməmişdi. 

Həmin gecə hakim “Hind imperatriçəsi” oynamağa qərar verdi və bu, baş verən faciədə heç də az əhəmiyyətli olmayan hadisəyə çevrildi. Məhz bu hadisə (sonradan doktor  Benedikt də bunu təsdiq edəcək) hakimin acı sonluğunun başlanğıcını  qoydu.  Doğrudan da, “Hind imperatriçəsi” adi kart oyunu deyil, müdhiş oyundu.  Bu oyunda dörd dəst kartdan istifadə olunur.  Bu isə, elə-belə iş deyildi, masanın üzərində  gözəl həndəsi  fiqur alınması üçün yetmiş üç kartı səliqə ilə düzmək lazım idi,  bundan ötrü vaxt tələb olunurdu. Əgər adi pasyans bəxtini sınamaq üçün növbəti cəhddisə, “Hind imperatriçəsi” tamam başqa şeydi. Bu, belə demək mümkünsə, rituallara layiq bütün mürəkkkəb qaydaları və təntənəsiylə əsl dueldi. 

Bu deyilənlər  1945-ci ilin avqust gecəsi hakimin diqqətlə masanın üzərinə əyilməsinin əsl səbəbini  qismən izah edir.  İstənilən təcrübəli oyunçu  gözləri qarşısında açılan mənzərənin  nə qədər ümidverici  olduğunu nəzərdən qaçırmaz. Hər şey pasyansın  nadir hadisələrdən biri olduğunu qabaqcadan xəbər verirdi. Qələbənin ləzzətini duyan hakim əlini bir dəstə karta uzatdı, qarışdırıb kartın birini çəkdi. Yeddilik xaç. Əgər beşlik çadırçiçəyi, onluq qırmızıtoxmaq, ya da qaratoxmaq valet çıxsaydı, həyatı bundan sonra da rəvan axıb gedəcək və ahıllıq çağını rahat yaşayacaqdı. Amma əlinin altındakı yeddilik xaçdı. Taleyi qəfildən döndü, özü də düz faciəyə sarı. Hakim nəzərlərini masanın üzərini örtmüş  nəhəng pazlda gəzdirərək kartları uzun-uzadı qarışdırdı.  Heç nə eləmək mümkün deyildi, yeddilik xaçı heç yerə yerləşdirmək olmurdu. Diqqətlə bütün variantları hesabladı. Bir dəqiqə əvvəl hansı səhvə yol verdiyini anlamağa çalışdı. Amma heç bir səhv yox idi. Vəfasız “İmpe­ratriçə”  yenidən qalib idi. 

Hakim Budman güclü prinsipləri və yüksək əxlaqi dəyərləri olan insan idi.  Qraflığın bütün məhkəmələri bunu təsdiq­ləyə bilərdi. Elə buna görə də pasyans açdığı on dörd il üç ay on bir gündə biclik eləyib kartları dəyişməyi ağlına belə gə­tirməməsi qətiyyən təəccüblü deyildi. Son dərəcə qəribədi, amma məhz o gecə, – əvvəlki gecələrdən fərqlənməyən o gecə – iş elə gətirdi ki, hakim həyatında ilk dəfə kələk işlətmək qərarına gəldi. Kartları dəyişmək, bu ki adi bir şeydi. Etik və texniki tərəfdən sadə və zərərsiz bir jest. Hərçənd hakim beynində belə bir ehtimalı qabaqcadan nəzərdə tutmamışdı.  Fikir heç nədən, öz-özünə yarandı, elə bil göylərdən vəhy gəldi. Sonra da müqəd­dəratında nə olmalıydısa, o da oldu. Hakim gözlərini tavana zillədi. Baxışları kəfkirli divar saatının üzəriylə (saat yeddiyə on beş dəqiqə işləmişi göstərirdi) süzülüb axdı. Qonşu otaqda kimsənin olmadığına əminlikdən sonra sadə bir insani güc­süzlüyə tabe olaraq, yeddilik xaçı kart dəstəsinin içinə qaytardı. Bir az dayandı və yeni kart çəkdi: valet, qaratoxmaq valet. 

On dəqiqədən sonra hakim qonaqlara qatıldı. O, hamını salamlayır, bu kiçik, amma bağışlanmalı səbəbdən ləngidiyinə  görə bol-bol üzrxahlıq edirdi. Onun cinayət başında yaxalanmamış xəyanətkar ərə məxsus süni hərəkətləri diqqətli nəzərlərdən qaçmazdı.    

Üstündən bir neçə gün keçəndən sonra hakim Budman əmin oldu ki, qəribə və aydın olmayan bir şəkildə də olsa, onu cinayət başında yaxalayıblar. Hər şey qəzetdə dolaşıq bir xəbərin dərc olun­masıyla başladı: amerikalılar Yaponiyaya güclü bomba atıb. Hakim Budmanın bütün faktları tutuşdurması və baş verənlərin onun sonu olduğunu anlaması üçün müəyyən bir zaman lazım gəldi. Şəhərin adı Hirosima idi, atılan nüvə bombasıydı, onu şəhərə atansa, ekipaj komandirinin anasının şərəfinə Enola Gay təxəllüsü almış B-29 təyyarəsiydi. Amma ən əsası bomba avqustun 6-sı Tokio vaxtilə düz səhər saat 8.16-da partlamışdı.  Bu partlayış qorxunun və təcavüzün yeni mərhələsinin başlanğıcını qoyurdu. O an, partlayışdan minlərlə kilometr uzaqda hakim Budman yeddilik xaçdan canını qurtarıb, kart dəstəsindən qaratoxmaq valet çıxarırdı.  Çoxuna bu, qəribə bir təsadüf kimi görünə bilər. Amma hakim Budman qəribə və artıq qeyd elədiyimiz kimi, çox prinsipial  adam idi. Artıq onun heç bir şübhəsi yox idi: o gecə fırıldaq eləməsəydi, indi Hirosimada həyat öz axarıyla davam edərdi. Bomba onun, ancaq onun ucbatından partlayıb. 

Tarixdə ilk nüvə faciəsinin səbəbkarı olmaq heç də asan məsələ deyil. Tezliklə hakim yuxusuzluqdan və yaddaşsızlıqdan (ağlını itirməkdən) əziyyət çəkməyə başladı. Ardınca infarkt oldu. Uzun sürən bərpa prosesindən sonra isə o, fiziki və psixi yorğunluğun gətirdiyi ruh düşkünlüyünə qapıldı. Arvadının və oğlanları Saymonla Piterin sevgisi, nəvazişi, qayğısı  da bu müsibətin qarşısında aciz qaldı. Bütün qüvvələrini sərf eləsələr də, bir nəticə hasil olmadı. Hakim hər şeyə qarşı biganə olmağa başladı, onu bu süstlükdən müvəqqəti qurtaran  yeganə şey  Hirosimoda baş vermiş faciənin təfsilatlarına olan xəstə marağıydı. Ailə üzvlərindən heç birinin hakimin qəlbindəki faciədən  xəbəri yox idi. Buna görə də onlar ailə başçısının manyakvari qəribəliklərinə bacardıqları qədər göz yummağa çalışırdı. Müəyyən bir müddət hakimin müalicəsiylə ailə həkimi, doktor  Rayt məşğul oldu, dep­ressiya əleyhinə çoxlu dərmanlar yazdı. Hakimin hərəkətlərində ağıl pozğunluğunun işarələri açıq-aşkar özünü göstərməyə başlayanda isə məlum oldu ki, yaxşı bir psixiatra müraciət eləməyin vaxtı çatıb. Onu məşhur psixi klinikaya yerləşdirdilər.  Hakim buna etiraz eləmədi. Bircə məşhur dərgilərdən birindən çoxdan cırdığı bir şəkli otağında çarpayısının başının üstündən asmağı istədi. Sakit okean adalarının birində çəkilmiş həmin rəngli fotoda atom göbələyi boy göstərirdi.

Hakimi müalicə edən həkimin adı Venedikt  Benedikt  idi. Soyadını “B” hərfi ilə tələffüz eləməyi məktəbə getdiyi gündən öyrənmişdi. Atası, Aulo Benedikt uzun illər çörəkpulu qazanmaq üçün pianoyla – adi pianonu  mexaniki pianoya çevirən yardımçı qurğu  istehsal etməklə məşğul olmuşdu.   Bu tapıntısını təkmilləşdirənə qədər o, özünün  nadir patenti üzərində işləmişdi. Bu sevindirici hadisə 1940-cı ildə baş vermişdi. O zamanlar mexaniki pianoya tələbat əvvəlcə Avropada,  sonra isə bütün dünyada tamamilə azaldı.  Atası çox ağır həyat sürmüşdü. 1913-cü il avqustun 4-də  vətəndaşlıq vəziyyəti aktları bürosunun bozumtul ofisində oturub madar oğluna minlərlə adın içərisindən ən uğursuzunu  seçməsi də yəqin, bununla izah oluna bilər. Venedikt – bəxtəvər deməkdi. Oğlu da bu adın acığına psixiatr oldu.  1946-cı ildən 1951-ci ilədək hakim Budmanın müalicəsiylə məhz o məşğul oldu. O, qarşılaşdığı durumun böyük elmi maraq kəsb edən nadir hadisə olduğunu  dərhal başa düşdü. Haqqında nəvələri Dikin, Tilin, Poltun, Mariannanın və Luiza Anna Adelaidanın nə düşünməsindən asılı olmayaraq hakim Budman heç də dəli-filan deyildi. Hər halda tibbi mənada dəli deyildi. Hakimin düşüncəsində kök salmış günah duyğusu hadisənin mahiyyətindən çox, onun cəfəng uydurmasıyla bağlı idi.  Xəstənin ağlı hansısa bir xırda pasyans fırıldağından sonra qarışmamışdı.  Məsələ bundaydı ki, hakim həmin o məsum fırıldaqla baş vermiş insanlıq faciəsi arasında sirli bir bağlılıq olduğuna əmin idi. Doktor Benedikt hiss eləyirdi ki, belə bir özünəməxsus düşüncə tərzi yalnız xəstə təxəyyülün bir anlıq şıltaqlığı deyil. Onun bu hərəkətində ümumən çox yayılmış şüursuz tendensiya vardı: təsadüflərlə önəmli dünya hadisələri arasında zəncirvari şəkildə əlaqə axtarmaq, xırda, əhəmiyyətsiz şeyləri böyük kəşflərlə, dünya faciələrilə bağlamaq  istəyi. Bu inamın mənşəyi  çox müəmmalıydı, kliniki nəticələri isə ağırdı. Hər şey  doktorun  elmi tədqiqata və dəqiq araşdırmaya layiq yeni bir sindromla qarşı-qarşıya qalmasına işarə eləyirdi.  Məhz doktor Benediktin xidmətləri sayəsində bu gün həmin sindrom “Budman sindromu” adı ilə məşhurdu. 

Doktor həyatının bundan sonrakı hissəsini məhz bu sindroma həsr etdi. Sin­droma sadiqliyinə və davamlı fəaliy­yətinə görə ona Oreqon Universitetində ayrıca kafedra verildi, dünya elmi dairələrinin hörmətini qazandı, adına bankda böyük məbləğdə hesab açıldı, arvadından ayrıldı. Üstəlik, onikibarmaq bağırsaq ətrafında heç vaxt böyüyüb xoraya çevrilməyən ağrılardan əziyyət çəkməyə başladı.  Son illər onda qəribə, müəmmalı bir tik1 xəstəliyi yaranmışdı: qəfildən sağ əlinin dörd barmağını qeyri-ixtiyari bərk-bərk sıxırdı, uyuşmuş orta barmağı isə paz kimi dik dururdu. Qəribə təsadüf nəticəsində barmaqlarını  bu şəkildə qatlamasıyla açıq-aşkar çox ədəbsiz jest alınırdı və xəstəliyə üzücü, gülməli rəng qatırdı. 

Prinsip naminə (Yozef Adelqrass özünün “Doktor Benedikt. Həyatı və araşdırmaları” adlı kitabında  bu məsələni çox gözəl açıqlayır) doktor Benedikt çoxlu sayda kliniki nümünələr toplayaraq bu sindromun mövcudluğunu sübut eləmək üçün var qüvvəsilə çalışdı. Doktor qəti əmin idi ki, hakim Budman yer üzündə bu xəstəliyə düçar olmuş tək insan deyil,  o, sadəcə nəhəng bir aysberqin görünən tərəfidi. Amma hələlik o tək idi. Digərlərini də tapmaq lazım gəlirdi. 

Doktor həmkarlarına xüsusi sorğular göndərdi və heç də sadə olmayan bu problemi araşdırmaq üçün təşəbbüsü öz əlinə aldı. Yuxarıda adını çəkdiyimiz professor Adelqrassın səyləri nəticəsində işıq üzü görən altı dəftərdə qeyd olunanlar bu məşəqqətli işin gedişini addım-addım göstərir və başlanğıcda doktor üçün nə qədər çətin olduğunu sübut edir.      

Tezliklə tədqiqatın gedişi üçün mühüm sübutlar tapıldı. Doktor Ohayoda yaşayan bir dəmirçidən məktub aldı. Dəmirçi yazırdı ki, arvadını nə zaman döysə, “Barton reylveyz” şirkətinə məxsus qatarlar relsdən çıxır. Məktuba  təsdiqləyici sənədlər  – qəzetdən kəsilmiş yazılar və döyülmüş arvadının şəkilləri bərkidilmişdi.  Ştut­qartdan olan riyaziyyat üzrə professor mü­əyyən eləmişdi ki, hər dəfə onanizmlə məşğul olduğu zaman cənubi İtaliyada güclü zəlzələ baş verir. Adını açıqlamaq istəməyən bir ser “Titanik”in batmasında özünü elə suçlu saymışdı ki, axırda bu acıyla yaşaya bilməyib, intihar eləmişdi. Məsələ burasındadı ki, laynerin batdığı gündə və saatda o, mehmanxananın məhrəbalarını çırpışdıraraq “Titanik” hotelindən çıxırmış. Esseksdən olan əczaçı üçüncü dünya ölkələrində epidemiya yaratmışdı. Dediyinə görə, bu epidemiya  hər dəfə o, kanalizasiya lükunun üstünə  basarkən  baş verir.  Hazırda o, İrlandiya kəndlərindən birində yaşayır. Məşhur fransız cərrahı hər dəfə badımcan qızar­danda Uzaq Şərqdə dəhşətli tufan olur.  Rus pianoçusu isə Şopenin “Balla­da”sını çalmaqdan ona görə imtina elə­mişdi ki, hər dəfə bu repertuarla səhnəyə  çıxanda hansısa kino ulduzunun ölüm xəbəri gəlir. 

İki il ərzində doktor Benedikt  Budman sindromuna uyğun gələn 218 fakt toplaya bildi. Bu faktlar  kifayət qədər ciddi statistikanın əsasını qoymuş oldu və doktorun bu mövzuda ilk məqalə yazmasına rəvac verdi.  Məqalə sanballı “Beynəlxalq psixiatrik dərgi”nin 1959-cu il, mart sayında dərc edildi. Bu məsələyə həmkarlarının reaksiyası çox soyuq oldu. Professor Adelqrass qeyd etdiyimiz monoqrafi­yasında  göstərirdi ki,  doktor Benediktin məqaləsindəki dəlillər zəifdi və yekun rəyə gəlməkçün bir qədər tələskənliyə yol verib. Tədqiq olunmuş materiallara istinad edən doktor sindromun xüsusiyyətlərinin iki əsas izahı olduğunu yazır  və müalicənin mümkün istiqamətlərini göstərirdi:

1) Sindrom, əsasən səliqə-sahmana meyilli, vasvası və bundan əziyyət çəkən adamlarda aşkar edilirdi. Bu xəstələr bir-birilə heç bir əlaqəsi olmayan  hərəkətləri çox önəmli hadisələrlə bağlayırdılar;  üst-üstə düşən təsadüflərlə vizual paralellər quraraq  reallıqla əlaqəni, ona nəzarəti əldən verirdilər. 

2) Nəticədə xəstədə  konkret və çox ağır suçluluq duyğusu yaranır ki, xəstə özü bunu uydurduğu əlaqənin dəqiq təsdiqi kimi qəbul eləyir. Hərəkətin dağıdıcı nəticələri bəlli olduqdan sonra, vicdan əzabı və günahkarlıq kompleksi əmələ gəlir. Fərdlər nəzarətdən çıxmış dağınıq düşüncələr  nəticəsində yaranmış  iztirab hissindən azad olmanın hesabını verməli olurlar.  

Sindroma səbəb olan hadisələrin tədqiq edilən (218-dən 181-i) böyük hissəsi suçluluq duyğusu ilə müşayiət olunub. Hər halda xəstə belə hiss edirdi. Baş vermiş hadisənin nəticəsi kifayət qədər dramatik hal alır və geniş ictimaiyyətə bəlli olur, suçun ifşa edilməsi və günahkarın cəza­landırılmasında mexanizm rolu oy­na­yırdı. Edilmiş çox böyük qəbahət və buna görə cəzalandırılma (hakim Budman hadi­sə­sində olduğu kimi) allahlıq iddiasının  gizli formasına və ya şəxsi həyatından məmnun olmamağa işarə edirdi. Sindromdan əziyyət çəkənlərin əksəriyyəti özlərini Allahın yer üzündəki təcəssümü hesab eləyir, bəzən də buna tam əminlik nümayiş etdirirlər. 

Bu çox incə, müəyyən mənada göz qabağında olan (aşkar) fərziyyələr doktor Benedikti  altmışların başlanmasına qədərki on ildə  tətqiqatlar aparmağa ilham­landırırdı. Materialları öyrənib  faktları yeniləyən doktor bir-birinin ardınca məqalələr dərc etdirdi və vaxt ötdükcə elmi qurumlar  onun işiylə maraqlanmağa başladı. Doktorun gələcək nüfuzunun ilk işartıları göründükcə, onun peşəkarlığına güvənən könüllülər öz üzərlərində müxtəlif müalicə üsullarının sınaqdan keçirilməsinə razılaşırdılar. Bu, onun işinin ən yaddaqalan mərhələsiydi. O, qısa müddətdə elə mühüm nəticələr qazandı ki, özünü ən uğurlu psixiatr hesab eləməyə başladı. Dünyanın müxtəlif nöqtələrindən ən qəribə xəstələr müraciət edirdilər və onların, demək olar ki, hamısında Budman sindromu aşkarlanırdı. Doktor daxil olan müraciətlərdən ən maraqlılarını seçirdi. 1961-ci ilin yayında bir çox xəstəylə yanaşı, ona Sietladan olan bir əntiq əşyalar satana müraciət elədi. Adı Providens Providens idi. Doktor  onun müalicəsini boynuna götürdü. İlk baxışda belə görünürdü ki, çəkilən zəhmətə dəyməz. Amma bunun belə olmadığını sonra görəcəyik. 

Providens Providensin əlli bir yaşı vardı. Qatı katolik olan arvadı, özündən altı yaş kiçik idi. Oğlu Artur hərbçi karyerası qurmuşdu, qızı Enn Meyna şəhərində bir kollecdə idman müəllimiydi. Hər şey ailə başçısına sakit, rahat bir qocalıq vəd edirdi. Gəlin, faktlarla danışaq: 1960-cı il iyulun 12-də əntiq əşyalar çatana Sietla adını belə  bilməyən (heç bir zaman da öyrənməyən) cavan oğlanın dalınca addım-addım getdiyini hiss elədi. Providens Provi­dens gənci “Starz” kinoteatrının girişinə qədər izlədi, onun dalınca içəri keçdi. Çox da uzun çəkməyən ifadəli baxışmalardan sonra elə oradaca, taxta stulların üstündə ilk homoseksual təcrübəni sınaqdan keçirdi. Axşam saat beş idi. Həmin dəqiqələrdə kinoteatrın əlli metrliyində  məşhur hotellər silsiləsinin sahibi, senator Uolles Ridə atılan güllə onun onurğasını dəlib keçdi. Kinoteatrın içərisində baş vermiş ağlagəlməz, qeyri-adi  və təəssüfəlayiq insidentlə bu dəhşətli qətlin bir-birilə əlaqələndirilməsi üçün heç bir əsas yox idi. Baş verənlərdən çox sarsılmış Providensin, bu iki hadisəni bir-birinə bağlamaq heç ağlına da gəlmirdi.  Qeyri-adi müqayisə aparmağı yalnız ay yarım sonra, yerli polis rəisinin Ceffersonda körpünün altında ilgəkdən sallanan meyitini görərkən ağlından keçirtdi. Həkimlərin rəyinə görə, rəis avqustun 22-si axşam öldürülmüşdü.  Eynilə həmin saatlarda Providens qarajında idi və Nyu-York  sığorta şirkətinin iyirmi altı yaşlı əməkdaşını soyundurub ikinci dəfə qeyri-adi həzz yaşamaqdaydı. Bundan sonra Providensdə işinə qarşı laqeydlik yarandı. Dostlarının çevrəsindən uzaq düşdü, evdə qaradinməz adama çevrildi. Düz altı ay hamıdan gizlin şəkildə bu qeyri-ənənəvi həvəsindən qurtulmaq üçün özüylə mübarizə apardı, hətta tövbə elədi, and içdi. Amma dəfələrlə sübut olunub ki, insan zəif məxluqdu. Bizim qəhrəmanımız da daha üç dəfə “pis günaha” batdı.

Onun bu bağışlanmaz günahlarının cəzasını bir qədər əvvəl senatorluğa namizədliyini irəli sürmüş  vəkil Ceff  Kosman çəkməli oldu. Kosmanın  həlak olduğu yol-nəqliyyat hadisəsinin detalları sirr olaraq qaldı. Növbəti qurban Sietla şəhər idarəsinin yüksək vəzifəli məmuru  Bill Rayt oldu;  onun qətlə yetirildiyi terror aktında açıq-aşkar mafiya izi görün­mək­dəydi. Prezidentin hərbi məsələlər üzrə müşaviri Körten Kallemberq də Providensin hərəkətlərinin qurbanı oldu. Onun meyitini Blett gölündən çıxardılar: ayaqlarına qırx üç kiloqramlıq dəmirçi zindanı bağlanmışdı. Providens hər üç təsadüfü  alim dəqiqliyilə qeyd eləmişdi. Deyəsən, hər dəfə qurbanın rütbəsi bir az da artırdı; Providens bu məqama hələ ağlını tam itirməmişdən qabaq  diqqət yetirmişdi. 

Doktor Benedikt  bu xəstəylə 1962-ci ilin fevral ayında məşğul olmağa başladı. Öz iş prinsiplərinə sadiq olan doktor ilk növbədə, xəstəsini lap uşaqlıqdan təqib edən xaotik fobiya ilə mübarizəyə başladı. Sonra o, problemin lap ürəyini nişan aldı və müalicənin davam elədiyi on dörd ayda xəstəni öz homoseksuallığını qəbul eləməyə və  bunu heç kimdən gizləmə­mə­yə  inandıra bildi. Ailəsi çaşqınlıq içində olsa da, bu məsələyə təkminlə yanaşdı. Providens işinə qayıtdı və psixoloji rahatlıq tapdı. Tam sağlamlığa qovuşmaq üçün xəstəyə kiçik, amma çox vacib bir ştrix, doktor Benediktin diliylə desək, “durumun şokunu yenidən yaşamaq ” çatmırdı. 

– Doktor, demək istəyirsiz ki, mən yenidən cavan oğlanların biriylə  gözdən-könüldən uzaq o kinoteatra getməliyəm?

– Hə. Amma kinoteatr olmasa da olar. Məsələn, saunaya gedin. 

  Providens bu “səfəri”  aylarla ləngitdi. Qorxunun xəfif soyuğu bütün ruhunu dondurur, hər dəfə xoşbəxtlik anı iki addım­lığındaykən qorxu hissi onu tutub sax­la­yırdı. Amma doktor Benedikt alim inad­kar­lığıyla onu qovalayırdı. Nəhayət, xəstəsinin qorxularını sındıra bildi. 1963-cü il noyabrın 22-də Providens Sietlanın Linkoln Mərkəzinin kişi tualetindən köynəyinin yaxasını bağlamağı unutmuş və qızarmış halda çıxdı. Ürəyi sevincdən yerindən çıxırdı, elə bil təkrar həyata qayıtmışdı.  Saatın əqrəbləri 12.30 dəqiqəni göstərirdi. Düz bu dəqiqələrədə güllə Amerika Birləşmiş Ştatlarının Prezidenti Con Ficerald Kennedinin beynini dəlib keçmişdi. 

Doktor Benedikt  “Providensin dolaşıq işinin” belə qəribə sonluğu ilə bağlı şərh verməkdən nəzakətlə, amma qətiyyətlə imtina edirdi. Amma qeyd eləmək lazımdı ki, bu hadisələrdən bir neçə ay sonra o, xəstələrini və universiteti bir kənara tullayıb Dorset qraflığında, Korfada yay evində tək-tənha yaşamağa başladı. Orda illərlə davamlı şəkildə işlədi. Onun növbəti zəhməti Budman sindromunun öyrənil­mə­sində  son nöqtəni qoymaq idi. Həmin illərdə doktorla ünsiyyət  quranların hamısı onun  fiziki və psixi cəhətdən söndüyünü qeyd eləyirdi. Hamı onun ağır depressiyaya düşdüyünü təsdiqləyirdi. Bu depressiya qeyri-iradi qorxu anlarında şiddətli  tutmalarla müşayiət olunurdu.  Xüsusilə də onda yavaş-yavaş ağılasığmaz fobiya yaranırdı – yazmaqdan qorxurdu. Benedikt qeydlərində olacaq təsadüfi bir səhvin qorxunc dağıdıcı gücünü düşünür və  səhvləri gözdən qaçırmağın qorxusundan sözün tam mənasıyla titrəyirdi.  Çox tezliklə doktor heç bir cümlə də yaza bilmədi.  Yazı makinasından dəhşətli dərəcədə qorxurdu və qələm-kağız görəndə qaçıb gizlənirdi. Makinaçı tutmalı oldular. Konkret bu epizoda professor Adelqrassın adını çəkdiyimiz monoqrafiyasında bütöv bir hissə həsr olunub. Orada professor şahid ifadələri əsasında doktor Benediktin özündə Budman sindromu müşahidə edilməsi barədə  qarışıq fərziyyə irəli sürür. Guya ki, o, yazısında səhv buraxdığı gün London  avtobusunun aşdığını (hadisə zamanı altı nəfər həlak olmuşdu) qeyd eləməkdən qorxub. Hərçənd bu mülahizə  iki il əvvəl İngiltərədə Qoddark adlı müəllifin yazısında qəti şəkildə dəyişdirilmişdi.  Bu elə qızğın polemika yaratdı ki, əks-sədası dünyanın hər tərəfində eşidildi. Doktor Benediktin son illərdəki əməyi  bizə altı yüz on üç makina vərəqi şəklində gəlib çatıb. Heç bir qaralamaya və şərh materiallarına rast gəlinməyib.  Bütün alimlər göz qabağındakı yarımçıqlığı və mətnin tamamlanmadığını qəbul edir. Müəyyən  məntiqi ardıcıllığın olduğu bəzi fraqmentlər  tamamilə anlaşılmazdı və ciddi müşahidələr qeyd olunmayıb. Monoqrafiyanın böyük hissəsi tamamilə mənasızdı. 

Buna baxmayaraq, Budman sindromu indi elmi dairələr tərəfindən qəbul edilib və psixiatriya tarixində bütün mürəkkəb xəstəliklərin adı çəkilən zaman xatırlanır. Doktor Benediktin yüngülcə redaktəyə məruz qalmış əməyi bu gün də sindromun  təsvir edilməsində və müalicəsində  tətbiq olunan ən yaxşı üsuldu. Bu gün planetin müxtəlif  guşələrində terapevtik  sahədə çalışan yüzlərlə gənc alim doktor Benediktin təklif elədiyi üsulları öyrənərək onları tətbiq etməklə uğurlu  nəticələr qazanırlar. Dörd il əvvəl Kopenhagendə  Budman sindromunun müalicəsi sahəsindəki ən uğurlu nəticəyə görə  “Benedikt”  mükafatı təsis edildi. Bir maraqlı faktı da qeyd etmək lazımdı ki, bu il həmin mükafatın laureatı  ana xəttiylə hakim Budmanın qardaşının nəvəsi olan doktor Qremmi oldu. 

Doktor Benediktin özünə gəlincə, o, 1986-cı il aprelin 26-da siçan dərmanı içib özünü (bəziləri bu hadisənin qəribə şəkildə Çernobıl AES-dəki dəhşətli partlayışla üst-üstə düşməsini də nəzərdən qaçırmadılar) öldürdü. Özünü öldürməzdən əvvəl  doktor Benedikt  öz dəst-xəttiylə kiçik bir məktub yazdı. İndi biz ilk dəfə həmin məktubun tam məzmunu ilə tanış oluruq: “Qarajın açarı mətbəxdə, sağdan ikinci yeşikdədi. Mənim adımdan  xanım Podderə qardeniyalar üçün təşəkkür edin. Telefon nömrəm – 44238781. Adım Benedikt – bacatəmizləyən.  Hamınızın canı cəhənnəmə. Cəhənnəmə, cəhən­nə­mə.  Həyat başdan-ayağa qarmaqa­rı­şıq­lıqdan ibarətdi. Ölmək bir stəkan su içmək qədər asandı”.  

DİGƏR MƏQALƏLƏR