KORİFEYLƏR - Lion Feyxtvanger

1884-cü ildə Münhendə anadan olub. XX əsr alman ədəbiyyatının görkəmli nümayəndəsidir. Tarixi roman janrına üstünlük vermiş ədibin yaradıcılığını səciyyələndirən əsas xüsusiyyətlərdən biri keçmişi müasir dövrün rakursundan işıqlandırmasıdır. “Eybəcər hersoginya” (1923), “Yəhudi Züss” (1925), “Tülkülər üzümlükdə” (1947), “Qoyya, yaxud idrakın çətin yolu” (1952), “Qəribə adamın müdrikliyi, yaxud Jan-Jak Russonun ölümü və ölümsüzlüyü” (1952) əsərləri dünya ədəbiyyatı tarixində özünəməxsus yer tutur.  

Lion Feyxtvanger 1958-ci ildə Los-Ancelesdə vəfat edib.

Yazıçının “Lautenzak qardaşları” romanını, eləcə də bir neçə hekayəsini dilimizə çevirən Vilayət Hacıyev hazırda “Toledolu yəhudi qız” (ilkin adı “İspan balladası” olmuşdur) romanının tərcüməsi üzərində işləyir. Romandan bir parçanı oxuculara təqdim edirik.                    

Orijinaldan tərcümə: Vilayət Hacıyev

 

TOLEDOLU YƏHUDİ QIZ

(romandan parça)

 

 

Birinci  fəsil

 

Peyğəmbərləri Məhəmmədin ölümün­dən səksən il sonra müsəlmanlar Hindistan sərhəd­lərindən başlayıb bütün Asiyadan və Afrikadan keçərək, Aralıq dənizinin cənub sahilləri ilə düz Atlantik okeanına qədər uzanan bir dünya səltənəti qurdular. Zəfər yürüşlərinin səksəninci ilində onlar Aralıq dənizinin qərbindəki dar boğazdan keçib “Əndəlis”ə – İspaniyaya girdilər,  üç yüz il onlardan əvvəl xristian Vestqotların yaratmış olduqları imperiyanı darmadağın edib, qısa bir zamanda Pireney dağlarına qədər bütün yarımadanı tutdular.

Yeni fatehlər özləri ilə yüksək  mədəniyyət gətirdilər və ölkəni Avropanın gözəl, baxımlı, yaşamalı bir diyarına çevirdilər. Müdrik memarlar, təcrübəli ustalar elə böyük, elə gözəl şəhərlər saldılar ki, hələ yer üzü romalılardan sonra belə şey görməmişdi. Kordova – qərbdəki xəlifələrin iqamətgahı  bütün Batının paytaxtı sayılırdı.

Müsəlmanlar viran qalmış kənd təsərrüfatını dirçəltdilər, ağıllı suvarma sistemi ilə torpağa görünməmiş bir məhsuldarlıq bəxş etdilər. İnkişaf etmiş texnikanın köməyi ilə dağ-mədən işlərini irəli apardılar. Ordan gəlmiş ustalar qiymətli xalçalar,  yaraşıqlı yaylıqlar toxudular, oymaçılar, heykəltəraşlar ağaclardan gözəl sənət əsərləri yaratdılar, dərzilər  cürbəcür xəz paltarlar tikdilər. Dəmirçilər həm dinc məqsədlər, həm də döyüşlərdə istifadə etmək üçün çox yüksək keyfiyyətli alətlər hazırladılar, qalxan, qılınc, xəncər, güclü istehkam qurğusu, uzaqvuran top, bütün xristian dünyasını qorxuya salan gizli silahlar istehsal etdilər. Heç kimdən gizlətmədikləri daha bir təhlükəli silah növü – “Sulu atəş” adlandırdıqları ölümsaçan partlayıcı maddə hazıladılar.

Təcrübəli riyaziyyatçıların, astronom­ların rəhbərliyi altında hazırlanmış gəmilər daha təhlükəsiz, daha sürətli idi və ispan müsəlmanları onların sayəsində ticarəti genişləndirərək öz bazarlarını  islam dünyasında istehsal olunan bütün mallarla təchiz edə bilirdilər.

İspan torpağında elm və incəsənət hələ heç vaxt belə çiçəklənməmişdi. Hər tikilən evdə nəcibliklə zərifliyin bir-birini tamamlaması ona xüsusi gözəllik verirdi. Çox böyük ustalıqla qurulmuş təhsil sistemi hamıya oxumaq üçün şərait yaradırdı. Kordovo şəhərinin üç min məktəbi, öz universiteti vardı. Elə kitabxanalar vardı ki, belələri yalnız qədim yunan şəhəri Aleksandriyanın çiçəkləndiyi dövrlərdə olmuşdu. Filosoflar Quranın təsir dairəsini genişləndirdilər, yunan müdriklərinin əsərlələrini öz dillərinə çevirib öyrəndilər, onlara yeni məna verdilər. Əlvan, coşqun bədii təxəyyül – fantaziya üçün geniş imkanlar yaratdı. Böyük şairlər zəngin, ahəngdar ərəb dilini o qədər incələşdirdilər ki, onunla ən zərif duyğuları belə ifadə etmək mümkün oldu. 

Onlara itaət edənlərə müsəlmanlar mərhəmət göstərdilər. Öz xristianları üçün  İncili ərəb dilinə çevirdilər. Bütün hüqüqları xristian Vestqotlar tərəfindən əllərindən alınmış saysız-hesabsız yəhudilərin hüqüqları özlərinə qaytarıldı. Bəli, islamın İspaniyada ağalıq etdiyi dövrlərdə yəhudilər öz dövlətini itirdiyi vaxtdan bəri belə xoşbəxt yaşamamışdılar. Onlar xəlifələr üçün nazirlər, həkimlər yetişdirdilər, fabriklər tikdilər, ticarət şəbəkələrini genişləndirdilər, gəmilərini yeddi dənizin yeddisinə də çıxardılar. Öz ana dilləri qədim İvriti unutmadan, bütün fəlsəfi sistemləri ərəb dilində inkişaf etdirdilər, Aristoteli tərcümə etdilər, onun təlimlərini öz Müqəddəs Kitablarının ideyaları və ərəb müdrikliyinin doktrinası ilə birləşdirdilər. Cəsarətlə İncilin sərbəst təfsirini yaratdılar. Yəhudi poeziyasına yeni nəfəs gətirdilər.

Bu çiçəklənmə üç əsrdən çox davam etdi. Sonra dəhşətli bir tufan qopdu, hər şeyi alt-üst elədi..

Məlum oldu ki, müsəlmanlar yarıma­danı tutanda, pərən düşmüş xristian Vestqotlar İspaniyanın şimalındakı dağlıq ərazilərə qaçıblar. O çətin əlçatan yerlərdə balaca, müstəqil qraflıqlar yaradıblar və nəsilbənəsil elə oradan da müsəlmanlara qarşı mübarizəni davam etdiriblər, qaçaq müharibəsi, partizan savaşı aparıblar. Onlar uzun müddət təkbaşına döyüşdülər. Ancaq sonra Roma Papası Səlib yürüşü elan etdi və tanınmış vaizlər öz odlu-alovlu nitqlərində müsəlmanları xristianlardan almış olduqları ölkələrdən çıxarmağa səslədilər. Onda xaçpərəstlər hər tərəfdən İspaniyanın qədim xristian ağalarının cəngavər varislərinin köməyinə gəldilər. Beləliklə, sonuncu Vestqotlar bu günü, az qala, dörd əsr  gözləməli oldular və cənuba tərəf üz qoydular. Döyüşkənlik ruhunu itirmiş müsəlmanlar onların vəhşiliklərinə tab gətirə bilmədilər və xristianlar bir neçə on il ərzində yarımadanın Taxo çayına qədər bütün şimal hissəsini zəbt elədilər.

Xristian orduları tərəfindən getdikcə daha çox sıxışdırılan müsəlmanlar Afrikadakı dindaşlarını köməyə çağırdılar. Gələnlər vəhşi, çox qatı dindar döyüşçülər idilər və çoxu da cənub tərəfdəki böyük səhradan – Saxaradan gəlmişdi. Onlar xristianların yürüşünü dayandırdı. Həm də o vaxta qədər Əndəlisə ağalıq etmiş azad düşüncəli mədəni müsəlman əmirlərini də qovdular. Onlar din məsələsində güzəşt tanımırdılar. Afrikalı xəlifə Yusif Əndəlisdə də hakimiyyəti ələ aldı. Ölkəni kafirlərdən təmizləmək məqsədiylə yəhudilərin nümayəndələrini özünün Lüsenadakı baş qərargahına çağırıb dedi: “Rəhmli Allahın adı ilə! Peyğəmbər buyurub ki, dinə iman gətirilən ölkələrdə sizin babalarınıza toxunulmasın. Ancaq bir şərt qoyub və həmin şərt də qədim kitablarda göstərilib: əgər yarım əsr ərzində Məsihiniz gəlməsə, onu, yəni Məhəmmədi peyğəmbərlər peyğəmbəri olduğunu, Allahın sizə göndərdiyi elçilərdən yüksəkdə dayandığını qəbul edəcəksiniz və bablarınız da bununla razılaşıb. İndi beş yüz il keçib, verdiyiniz sözə əməl eləyin, Peyğəmbərə iman gətirin, müsəl­man olun, ya da mənim Əndəli­sim­dən çıxıb gedin!”

Var-yoxlarını özləri ilə aparmağa icazə verilməsə də, yəhudilərin çoxu ölkədən çıxdı. Əksəriyyəti də İspaniyanın şimalına üz tutdu, çünki təzədən orada ağalıq edən xristianlara müharibənin darmadağın etdiyi ölkəni ayağa qaldırmaq üçün təsərrüfatı mükəmməl bilən, sənətkarlıqdan başı çıxan, eləcə də digər işləri yaxşı bacaran yəhudilər lazım idi. Bu xristianlar babalarının yəhudilərə qıymadığı çoxlu hüquq  və üstəlik də, imtiyazlar verdilər.

Bəzi yəhudilər isə müsəlman İspani­ya­sında qaldılar və islamı qəbul etdilər. Onlar bu yolla var-yoxlarını xilas etmək, girəvə düşən kimi xaricə qaçmaq və təzədən öz dinlərinə qayıtmaq istəyirdilər. Həm də Əndəlis kimi  gözəl bir ölkədə yaşamaq xoş idi, ona görə də getməyə tərəddüd edirdilər. Xəlifə Yusifin ölümündən sonra  hakimiyyətə gələn əmirin  onun kimi ciddi olmaması bu tərəddüdü artırdı və axırda ümumiyyətlə, köçüb getmək fikrindən daşındılar. Düzdür, onda imansızlara Əndəlisdə qalmaq yasaq edilmişdi, ancaq hərdən məsciddə görün­mək, gündə beş dəfə namaz qılmaq, “Allah təkdir və Məhəmməd də onun peyğəmbəridir”, – demək bəs edirdi. O vaxtın yəhudiləri gizlində öz adət-ənənə­lə­rini davam etdirirdilər və onlardan tə­miz­lənmiş Əndəlisdə gizli səcdəgahları vardı.

Həmin gizli yəhudilər o zaman bilirdilər ki, sirləri çoxlarına bəllidir və  yeni bir cihad başlasa, onların kafirliyi üzə çıxacaq, hamısı qırılacaq. Ona görə sülhün bərqərar olması üçün hər gün sidq-ürəkdən dua edirdilər.

 

*    *    *

İbrahim həyətin ortasındakı uçub-dağılmış fəvvarələrin pilləkənində oturanda yorulduğunu hiss elədi. Düz bir saat bu köhnə binanı gəzmişdi.

Və indi, doğrudan da, vaxt itirə bilməzdi. Toledoda olduğu on gün ərzində əmirin müşavirləri ondan vergiyığanların baş icarədarı olmağı istəyib-istəmədiyinə qərar verməsini tələb edirdilər.

 Müsəlman şahlığında olan Sevilyalı tacir İbrahim, İspaniyanın xristian knyazları ilə çoxlu işbirliyi qurmuşdu, ancaq indiyəcən belə böyük işə girişməmişdi. Neçə illər idi ki, Kastiliya krallığının  maliyyə durumu pisləşmişdi.  Kral Alfonsonun on beş il əv­vəl öz ağılsızlığının güdazına gedib Sevilyaya hücum etməsi, sonrakı məğlu­biy­yəti təsərrüfatı tamam dağıtmışdı. Don Alfonsoya indi pul lazım idi, özü də çoxlu pul, həm də lap tez!

 Sevilyalı tacir İbrahim varlı adamdı. Çoxlu gəmisi, torpağı, bir çox islam şəhər­lə­rində, eləcə də İtaliyanın, Flandriyanın ticarət mərkəzlərində kredit hesabı vardı. Ancaq bu işə girişirdisə, deməli, bütün var-yoxunu qoymalı idi, Kastiliyanın isə gələcəkdə onu gözləyən qarmaqa­rı­şıq­lıq­lardan necə çıxacağını əvvəlcədən heç kim deyə bilməzdi. 

Digər tərəfdən də Kral Alfonso çox böyük güzəştlərə getməyə hazır idi. İbrahimə girov kimi vergiləri, gömrüyü, eyni zamanda, mədənlərdən gələn gəlirləri təklif edirdi və söz verirdi ki, pul əlinə gələn kimi, daha əlverişli güzəştlərə gedəcək,  gəlirlərə nəzarəti ona həvalə edəcək. Əlbəttə, xristianlar ölkəni müsəlmanlardan alandan sonra ticarət də, sənətkarlıq da zəifləmişdi, ancaq İspaniyanın ən böyük  ölkəsi Kastiliya məhsuldar yer idi, zəngin sərvətləri vardı və İbrahim də inanırdı ki, ölkəni ayağa qaldırmağa gücü çatacaq.

Ancaq  belə böyük işə uzaqdan rəhbərlik etmək olmazdı: gərək bütün işlərə yerində nazarət edəydi, deməli, müsəlman Sevilyasından buraya – xristian Toledasına köçəydi.

İndi əlli beş yaşı vardı. Həyatda hər şeyi dadmışdı. Onun yaşına çatmış, bu qədər uğur qazanmış bir adam  belə bir qərarın təhlükəli olacağından qorxmaya bilərdi.

Suyu çoxdan qurumuş fəvvarələrin uçuq-sökük pilləkənlərində İbrahim başını əlləri arasına alıb oturmuşdu və hətta bu sövdələşmənin  sonunun dumanlı oldu­ğunu əvvəlcədən bilsəydi belə, Toledoya – bu evə köçəcəyi qəfil  ona aydın oldu... 

Onu bura  çəkib gətirən bu gülünc, sınıq-salxaq ev idi...

Bu evlə onun arasanda köhnədən bir qəribə bağlılıq vardı. O, yəni İbrahim – Sevilyanın ən varlı-hallı adamı, əmirin dostu və məsləhətçisi, hələ gənc yaşlarından Məhəmməd peyğəmbərə iman gətirmiş olsa da, anadan müsəlman deyil, yəhudi kimi doğulmuşdu və “Kastilio de Kastro” adlanan bu ev də müsəlmanların Toledoda hökmranlıq elədiyi dövrlərdə onun babalarına – İbn Əzra nəslinə məxsus olmuşdu. Ancaq təxminən yüz il bundan əvvəl, o vaxtkı VI Alfonso, şəhəri müsəlmanlardan alandan sonra De Kastro baronlar nəsli evə sahib çıxmışdılar. İbrahim Toledoda çox olmuşdu və hər dəfə də  küçədə dayanıb sarayın kədər yağan çöl divarlarına həsrətlə tamaşa eləmişdi. İndi kral Kastroları qovub evi onların əlindən aldığı üçün, evə iç tərəfdən də baxa bilirdi və bir vaxtlar onun dədə-babalarına məxsus olmuş bu mülkü təzədən geri almaq barədə düşünürdü.

İbrahim maraqla, sınayıcı nəzərlərlə, pilləkənləri asta addımlarla qalxa-qalxa zallara, kiçik otaqlara, dəhlizlərə, həyətə baxdı. Kimsəsiz, baxımsız qalmış yer idi, saraydan çox qalaya oxşayırdı. Ola bilsin ki,  İbrahimin dədə-babaları – İbn Əzralar nəsli burada yaşayanda da ev kənardan  belə görünürmüş. Ancaq içərini, yəqin, ərəblər kimi düzəltdirmişdilər... Dədə-baba evini yenidən tikmək,  bu uçuq,  sahibsiz “Kastillo de Kastro”dan gözəl, zərif bir “Kastillo İbn Əzra” düzəltmək, doğrudan da, çox cəlbedici idi!

Nə səfeh plandı! O, Sevilyada tacirlərin şahı idi, əmirin bütün ərəb dünyasından başına topladığı şairlər, rəssamlar, alimlərlə bərabər sarayın ən hörmətli qonaqlarından sayılırdı. Orada özünü sidqi-ürəkdən xoşbəxt hesab eləyirdi və sevimli uşaqları – qızı Reyxa, oğlu Əhməd də belə dü­şü­nürdülər. Məgər o gözəl, nəcib Sevilyanı bu vəhşilər diyarı Toledoya dəyişməyin özü axmaqlıq, günah deyildimi?!

Yox, axmaqlıq deyildi və heç günah da hesab olunmazdı!

İbn Əzralar yarımadadakı yəhudi nəsilləri arasında öz məğrurluğu ilə seçilirdi və son yüz ildə başları çox bəlalar çəkmişdi. Afrikalıların Əndəlisə hücumu zamanı yəhudələrin başına nə oyunlar gətirildiyini İbrahim öz gözləri ilə görmüşdü. Onda cavan oğlandı, adı isə hələ Yehuda İbn Əzra idi. Sevilya krallığındakı digər yəhudilər kimi İbn Əzra nəsli də şimala – xristian İspaniyasına qaçmalı oldu. Ailəsi həmin oğlana məsləhət gördü ki, burada qalıb islamı qəbul etsin. O, xəlifənin oğlu Abdulla ilə dostlaşmışdı və fikirləşdilər ki, bu yolla var-dövlətlərinin bir hissəsini xilas edə bilərlər. Abdulla hakimiyyətə gələndə, onların bütün var-dövlətini İbrahimə qaytardı. Xəlifə bilirdi ki, dostu qəlbən öz köhnə dininə bağlıdır, bu, çoxlarına bəlli idi, ancaq yenə də qaytardı. Lakin xristianların müsəlman dininə inananlara qarşı müharibəsi gözlənilirdi və Əmir Abdulla belə bir cihadda İbrahim kimi kafiri müdafiə edə bilməyəcəkdi. O da dədə-babaları kimi xristian İspaniyasına qaçmalı olacaq, var-dövlətini apara bilməyəcək, dilənçi kökündə gedəcəkdi. Belə bir vəziyyətdə bütün var-dövlətini, şan-şöhrətini özü ilə götürüb könüllü şəkildə Toledoya köçmək ən ağıllı iş olmazdımı?

Əgər bu cür etmək istəsə, Toledoda da hörməti Sevilyadakından az olmayacaq. Artıq ona sakitcə eyham vurmuşdular ki, üç il bundan əvvəl rəhmətə getmiş maliyyə naziri yəhudi İbn Şoşanın yerinə qoyulacaq. Heç şübhəsiz ki, burda, yəni Toledoda açıq-aşkar təzədən yəhudiliyə qayıtsa, istədiyi vəzifəni ala biləcək.

Qalabaşı divardakı yarıqdan həyətə göz qoyurdu.  Bu yad adam iki saatdan çox idi ki, burada idi. Görəsən, bu baxımsız qalmış daş-divarın arasında nə axtarırdı? Bu kafir  elə oturub ki, sanki öz evindədir və həmişəlik burada qalacaq. Bu yad adamı girişdəki həyətdə gözləyənlər deyirdilər ki, Seviliyadakı evində onun on beş dənə cins atı, səksən nəfər qulluqçusu var, onların da otuzu qara dərilidir. Bu kafirlər həmişə varlı olublar, cah-cəlal içində yaşayıblar. Eybi yox, bizim kralımız,  o böyük hökmdarımız axırıncı dəfə məğlub oldu, ancaq vaxt gələcək, Müqəddəs Bakirə və Santiyaqo öz mərhəmətlərini bizdən əsirgəməyəcək, onda onları, yəni müsəlmanları qıracaq, xəzinələrinə sahib olacağıq... 

Ancaq bu yad adam hələ də getməyə hazırlaşmır.

Bəli, Sevilyalı tacir İbrahim fikir-xəyal içində çırpınırdı. Ömründə belə çətin sual qarşısında qalmamışdı. Çünki afrikalılar Əndəlisi alanda və o, islamı qəbul edəndə, hələ on üç yaşı tamam olmamışdı, nə Allah, nə də insanlar qarşısında məsuliyyət daşıyırdı, bu səbəbdən onun əvəzinə ailəsi qərar çıxardı.

İndi öz çiçəklənmə dövrünü yaşayan Sevilya yetkin bir gözəllik içində bərq vururdu! Ancaq köhnə dostu Musa deyirdi ki, bu, yetkinlikdən də o yanadır... Qərbdəki İslam dünyasının günəşi öz zirvə nöqtəsini aşmışdı, indi qüruba doğru gedirdi. Burada, xristian İspaniyasında, Kastilyada başlanğıc da olmuşdu, yüksəliş də... İndi hər şey primitivləşmişdi. Onlar islamın yaratdıqlarını sındırmış, sonra da məcburiyyət qarşısında qalıb təzədən bir-birinə calamışdılar. Kənd təsərrüfatı acınacaqlı vəziyyətə düşmüşdü, köhnə qaydalarla becərilirdi, sənətkarlıq inkişaf etmirdi. Ölkədə az adam qalmışdı, qalanlar da müharibə eləməyə öyrəşənlər idi, yaratmaq, qurmaq əllərindən gəlmirdi. O, yəni İbrahim özü ilə buraya elə adamlar gətirəcək ki, işin çəmini bilirlər, torpağın tərkində xeyirli nə varsa, üzə çıxarmağı bacarırlar.

Əlbəttə, təsərrüfatı tamam dağılmış, tənəzzülə uğramış Kastilyaya təzə nəfəs vermək, onu təzədən diriltmək çox çətin olacaq! Ancaq adamı özünə çəkən də elə bu idi!

Əlbəttə, buna vaxt lazım idi, özü də uzun bir vaxt, bir də əmin-amanlıq.

On beş ay bundan əvvəl Don Alfonso məğlubiyyətdən sonra əmirdən  atəşkəs  diləyəndə, eşitdiyi səsin Allahın səsi olduğunu qəfil hiss elədi. Döyüşkən Alfonso bəzi güzəştlərə getməyə hazır idi, bir neçə ərazidən keçirdi, müharibənin vurduğu ziyanı artıqlaması ilə ödəyirdi, ancaq əmirin “atəşkəs səkkiz il davam etməlidir” tələbi ilə razılaşmırdı. Onda İbrahim dostunu, yəni əmiri inandırmışdı ki, eybi yox, qoy lap az ərazi alsın, qoy ziyanın lap  az hissəsi ödənilsin, ancaq dediyindən dönməsin. Axırda istədiyi alındı, səkkiz illik atəşkəs haqqındakı o gözəl müqavilə imzalandı, möhürləndi. Bəli, Allah onu bu işə sövq eləyib demişdi: “Sülh uğrunda döyüş! Geri çəkilmə, sülh uğrunda döyüş!”

Elə həmin daxili səs də onu buraya – Toledoya çəkib gətirmişdi. Təzə bir cihad başlasa – elə başlayacaq da –  davakar Don Alfonso atəşkəs haqqında Sevilya ilə bağladığı müqaviləni pozmağa çalışacaq. Ancaq onda İbrahim araya girəcək, hiylənin, hədənin, ağılın köməyilə onu öz fikrindən daşındırmağa cəhd edəcək, əgər bacarmasa, Alfonso onun başlamaq istədiyi müharibəni, hər halda, bir az gecikdirəcək...

Müharibə başlayanda isə, kralın məşvərət məclisində onun oturması yəhudiləri üçün böyük xeyir-dua olacaqdı. Axı əvvəllər olduğu kimi, səlibçilər öncə yenə yəhudilərin üstünə cumacaq, ancaq İbrahim onları qanadının altına alacaq. Çünki onlar İbrahimin qardaşlarıdır!

Sevilyalı tacir İbrahim özünü müsəlman adlandıranda yalan danışmırdı. Allaha da, peyğəmbərə də iman gətirirdi, ərəb poeziyasından, müdrikliyindən ləzzət alırdı. Müsəlman adətləri onun sevimli adətlərinə çevrilmişdi. Gündə beş dəfə dəstəməz alırdı, bu zaman lazım olan duaları oxu­yurdu və nə barədəsə ciddi bir qərar çıxarmalı olanda, hər hansı bir ciddi işə girişəndə daxilindən qopan səs  “Ya Allah!” deyirdi, dilinə Quranın ilk surəsini gətirirdi. Ancaq şabbat günlərində1 Sevilyanın başqa yəhudiləri ilə evinin zirzəmisində – ibadətxanada İsrail Allahına dua edəndə, Müqəddəs Kitabı oxuyanda  sevinc dolu bir rahatlıq tapırdı. Bilirdi ki, bu, sidqi-ürəkdən elədiyi bir etirafdır və əsl həqiqətlə həftə ərzindəki bütün yarımhəqiqətlərin günahlarını yuyur.

Toledoya qayıtmaq haqqındakı o ülvi arzunu da qəlbində alovlandıran dədə-babasının qədim Allahı Adonay olmuşdu.

Artıq bir dəfə Əndəlis yəhudilərinin başlarının üstünü qara bulud alanda İbn Əzralardan biri, dayısı Yehuda İbn Əzra  Kastilyadan xalqına çox kömək eləmişdi. Onda  VII Alfonsonun sərkərdəsi olan həmin Yehuda sərhəddəki Kalatrava qalasında müsəlmanların qarşısını kəsmiş və beləliklə də, minlərlə, on minlərlə sıxışdırılan yəhudilərə qaçmağa imkan yaratmış, onların həyatını xilas etmişdi. İndi keçmiş tacir İbrahimin də boynuna buna bənzər vəzifə qoyulmuşdu.

O, bu evə qayıdacaq!

Güclü təxəyyül sahibi olan İbrahim evin gələcəkdə necə görünəcəyini təsəvvüründə canlandırdı: fəvvarələr işə düşdü, çoxdan insan nəfəsinə həsrət qalmış otaqlar hənirləndi, daş döşəmələrin üzərinə qalın xalçalar sərildi, divarlara ivrit və ərəb dillərində Müqəddəs Kitabdan hikmətli sözlər, müsəlman şairlərinin şeirləri həkk olundu, hər tərəfdən axan sərin suların həzin şırıltısı onun xəyallarını qanadlandırdı, daha da coşdurdu...

Bəli, onun evi bu cür olacaq və buraya da öz adı ilə, yəni Yehuda İbn Əzra kimi köçüb gələcək!

Bundan sonra onun üçün Quranı əvəz edəcək babalarının Müqəddəs Kitabındakı misralar qulaqlarında səsləndi: “Çünki dağlar uçacaq, təpələr düzənliyə çev­riləcək, ancaq mənim mərhəmətim səndən əskik olmayacaq, mənim əmin-amanlıq amacım səninlə bitməyəcək.”  Onun evini bu misralar bəzəyəcək.

Sifətinə səadət dolu bir təbəssüm qondu. Yataq otağının pəncərəsi üstündəki pərvaz boyunca qara, mavi, qırmızı, qızılı rəngli hərflərlə həkk olunmuş o ilahi misralar gözləri önündə canlandı. Divarın bəzəyi olacaq bu kəlamlar yuxuya gedənə qədər misra-misra qəlbinə süzüləcək, hər səhər yuxudan duranda da onu salamlayacaq.

Ayağa durub gərnəşdi. Bəli, o, babalarından qalmış  köhnə evi yenidən qurub Toledoda yaşayacaq, bu kasıb, miskin Kastiliyaya təzə nəfəs gətirəcək, əmin-amanlığı qoruyub saxlamağa, başı üzərində qara buludlar dolaşan İsrailə sığınacaq tapmağa kömək edəcək.

 

*   *    *

Baş nazir Manrike de Lara, Don Alfonsaya Seviliyalı tacir İbrahimlə razılaş­dırdığı müqavilənin bəndlərini izah edirdi. İndi  bu müqaviləyə yalnız imza atmaq qalırdı. Kraliça da bu mərasimdə iştirak edir­di. Xristian İspaniyasında dövlət baş­çılarının arvadları çoxdan hakimiyyətin idarə olunmasında iştirak edirdilər, onlara dövlət işlərinə qarışmaq imtiyazı verilmişdi.

Masanın üstündə ərəb dilində yazılmış üç müqavilə vardı. Sənədlər hərtərəfli hazırlanmışdı və Don Monrikeyə bütün təfərrüatları xırdalamaq  üçün çox vaxt lazım idi.

Kralın fikri dağınıqdı. Donna Leonora və Baş nazir bu kafirin sarayda işə götürül­məsi üçün çox çalışmış və axırda onu yola gətirə bilmişdilər. On beş ay bundan əvvəl məcburiyyət qarşısında qalıb çox ağır şərtləri olan sülh müqaviləsini imzala­masının  günahkarı o deyildimi?!

Bəli, sülh müqaviləsi! Ətrafı onu  inandırdı ki, əlverişli sülhdür. Qorxduğu kimi, Alarekos qalasını, elə ilk hücumda tutub öz krallığına qatdığı gözəl şəhəri düşmənə verəsi olmadı və dəyən ziyan üçün verəcəyi təzminat da çox deyildi. Ancaq səkkizillik atəşkəs! Bütün varlığıyla çılğın bir əsgər olan gənc kral  sonu gö­rünməyən bu səkkiz il ərzində kafirlərin öz qələbələrindən necə lovğalanacaqları ilə heç cür barışa bilmirdi. İndi isə onu bu rüsvayçı sazişə məcbur edən bir adamla ikinci, özü də ağır nəticələr verə biləcək bir müqaviləyə imza atmalıdır! Bundan sonra həmin adam həmişə yanında olacaq, onun müəmmalı təkliflərinə qulaq asacaq! Digər tərəfdən, ağıllı arvadının, illərin sınağından çıxmış dostu Manrikonun gətirdiyi dəlillər də inandırıcı idi: İbn Şoşan – o varlı, etibarlı yəhudi dostu öləndən sonra dünyanın böyük banklarından, tacirlərindən pul qoparmaq çətinləşmişdi və Sevilyalı İbrahimdən başqa, heç kəs onu bu maliyyə çətinliklərindən xilas edə bilməzdi.   

Manrikonun dediklərinin çoxunu eşitmir, fikirli-fikirli Donna Leonoraya baxırdı.

Donna Leonora Toledodakı sarayda az-az görünürdü. Özü Akvitaniya hersoqluğunda – Fransanın mülayim təbiətli cənubunda dünyaya gəlmişdi və şəhərin yüz ildən bəri Kastiliya krallarının əlində olmasına baxmayaraq, Toledodakı həyat tərzi ona hərbi düşərgədəki kimi düzənsiz görünürdü. Qadın anlayanda ki, Don Alfonso əbədi düşməninə yaxın olan paytaxtda qalır, Burqosda, Kastiliyanın şimalındakı sarayında, vətəninə yaxın yer­də yaşamağı üstün tutdu.

Alfonso bu barədə heç kimə, heç nə deməsə də, Donna Leonoranın indi Toledoya niyə gəldiyini yaxşı bilirdi. Yəqin ki, Don Manrikonun xahişi ilə gəlmişdi.  Baş nazir, həm də dostu fikirləşmişdi ki, onun köməyi olmadan kafir İbrahimi sarayda kansler vəzifəsinə götürməyin vacibliyinə Alfonsonu inandıra bilməyəcək. Ancaq özü də həmin dəqiqə başa düşmüşdü ki, bu işə getməlidir və Donna Leonoranın  gəlməsinə ehtiyac yoxdu. Bununla belə, bu vaxta qədər inad etdiyinə sevinirdi, çünki Donna Leonoranın yanında olması ona çox xoş idi.

O necə də gözəl geyinmişdi! Halbuki vəfalı Manriko adicə bir məlumat verirdi, vəssalam! Donna Leonora həmişə çalışırdı ki, həm cazibədar, həm də şahanə olsun. Bu, Alfonsoya bir az gülməli görünsə də, xoşuna gəlirdi. On beş il əvvəl atası İngilis Haynrixin sarayından buraya gəlin köçəndə lap uşağa oxşayırdı. Müharibəsi əskik olmayan bu kasıb, amansız Kastiliyada macəraçılığa vaxt qalmasa da, vətəninin zərif saray ədalarını qoruyub saxlamışdı.

Artıq iyirmi doqquz yaşı olmasına baxmayaraq, bu ağır, dəbdəbəli geyimdə də uşağa oxşayırdı. Ucaboylu deyildi, amma sarışın gur saçları onu qamətli göstərirdi. Qalın, yaraşıqlı qaşlarının altında iri, ağıllı göy gözləri parıldayırdı. Baxışlarında nəsə bir soyuqluq, inamsızlıq duyulsa da, sakit çöhrəsində dolaşan mübhəm  təbəssüm onu istiqanlı, mehriban göstərirdi.

Qoy sevimli Donna Leonorası nə qədər istəyir, ona gülsün! Allah Alfonsoya ağıl vermişdi və  arvadından da, qayınatasından da  yaxşı başa düşürdü ki, indiki zəmanədə ölkənin iqtisadiyyatı hərbi gücündən az əhəmiyyət kəsb eləmir. Ancaq onu məqsədinə aparan bu hiyləgər dolanbac yollar qılıncdan etibarlı olsa da, ona çox uzun, cansıxıcı görünürdü. O, hesabdar yox, əsgər idi və həmişə də belə qalacaqdı! Həm də, Allahın xristian hökmdarları qarşısında kafirlərə qarşı mübarizə aparmaq vazifəsi qoyduğu bir zəmanədə bu daha yaxşı idi.

Donna Leonora da öz aləmindəydi. Don Alfonsonun daxilindəki ziddiyyətləri üzündən oxuyurdu: gah deyilənləri anlayır, onlarla razılaşır, gah da dişlərini qıcadır, özündən çıxırdı. Don Alfonso dövlət xadimi deyildi və bir kral, kraliça qızı kimi bunu hamıdan yaxşı o bilirdi. Neçə illər idi ki, bütün dünya onun valideynlərinin apardığı hiyləgər, cəsarətli siyasətə heyran qalmışdı. Alfonso istəyəndə, çox ağıllı olurdu, ancaq daxilindəki çılğınlıq baş qaldıran kimi zəkasının bənd-bərəsini vurub dağıdırdı. Donna Leonora da onu məhz bu coş­qunluğuna, çılğınlığına görə sevirdi.

– Görürsənmi, əlahəzrət, sən də görürsənmi, Donna?

 Leonora, – Don Manrike dediklərini yekunlaşdırdı, – o, şərtlərinin heç birində güzəştə getmir, ancaq verdiyi başqa­larınınkından çoxdur.

 Don Alfonso qəzəbləndi:

– Hələ Kastiliyanı da istəyir! Özü də Albaroq kimi!

 O vaxtlar müqavilə imzalanandan sonra hörmət əlaməti kimi üstündə verilən hədiyəyə “Albaroq” deyirdilər.

– Xeyr, əlahəzrət, – Don Manriko etiraz etdi. – Bağışla, yadımdan çıxıb de­mə­mişəm, Kastilonu hədiyyə kimi istəmir. Satın alır. Min qızıl maravedə...

Bu çox böyük məbləğ idi, belə xarabalıq heç onun yarısınada dəyməzdi.  Bu “səxavət”,bu əliaçıqlıq böyük adamlara yaraşardı! Sevilyalı İbrahim kimi bir tacirin belə hərəkət etməsi həyasızlıq deyildimi?! Alfonso durub var-gəl etməyə başladı.

 Donna Leonora ərinə baxdı. İbrahimə onun Alfonsosu ilə dil tapmaq çətin olacaq. Əri cəngavər idi, özü də Kastiliya cəngavəri. Necə də gözəl görünürdü, əsl kişi idi, otuz yaşı olmasına baxmayaraq yeniyetmə oğlana oxşayırdı. Leonora uşaqlığının  bir hissəsini Domfront qəsrində keçirmişdi. Orada gənc, qəzəbli müqəddəs Georqun ağacdan yonulmuş böyük bir heykəli vardı, qəsrin əbədi keşikçisi idi və  Alfonsonun cəsur, qətiyyətli, arıq sifəti Leonora həmişə o heykəli xatırladırdı. Ərinin qızılı-sarışın saçları arasından yumru dodaqları görünən saqqalını da  xoşlayırdı. Ancaq daha çox bozumtul qaynar gözlərini sevirdi. Həyacanlananda bu gözlərdən od-alov yağırdı. İndi də elə idi.

– Onun yalnız bircə xahişi var, – Manrike sözünə davam etdi. –  Xahiş edir ki, əlahəzrət onu qəbul etsin, imzalanmış sənədlər ona sənin əlinlə verilsin.  Əmir ona cəngavər adı verib və çalışır ki, bu ada layiq olsun. Don Alfonso, yadına sal ki, kafirlərin ölkəsində tacirlər cəngavərlər qədər hörmətli tutulur, çünki onların peyğəmbərlərinin özü də tacir olub.

Alfonso güldü, birdən-birə kefi duruldu. Güləndə, sanki işıq saçırdı, lap uşağa oxşayırdı.

– Bəlkə, onunla yəhudi dilində danışım?!

– Latıncası yaxşıdır, – Manrike işgüzar görkəm aldı. –  Kastiliya dilində də pis danışmır.

Don Alfonso qəflətən ciddiləşdi:

– Mən heç də yəhudi əlhəkimin  əleyhinə deyiləm, ancaq başa düşün ki, sizin bu yəhudini özümə məsləhətçi götürə bilmərəm.

Don Manrike son həftələr krala dediyi sözləri yenidən təkrar etməyə başladı:

– Düz bir əsr müharibə aparmışıq, torpaqlar tutmuşuq, ancaq təsərrüfatla məşğul olmağa vaxt tapmamışıq. Müsəl­manlar isə vaxt tapdılar. Onlara çatmaq istəyiriksə, gərək yəhudilər kimi ağıllı, dilavər olaq, işgüzar münasibətlər quraq. Xristian hökmdarlarının bəxti onda gətirdi ki, Əndəlis müsəlmanları oradakı yəhudiləri qovdular. Sənin  Araqonlu əminin Don Yozef İbn Əzrası, Navarro kralının isə Ben Seraxı var.

– Atamın da Likolnlu Aaronu var, – deyə Donna Leonora onun sözünü tamamladı. – Hərdən onu zindana atır, sonra da çıxarıb torpaq bağışlayır, hörmətə mindirir.

Don Manriko deyilənlərə yekun vurdu:

– Əgər yəhudimiz İbn Şoşan ölmə­səydi, Kastiliyanın vəziyyəti yaxşı olardı.

Don Alfonsonun kefi pozuldu, İbn Şoşanı xatırlayan kimi kədərləndi. Seviliya əmirinə qarşı hücumu dörd il bundan əvvəl başlamaq istəyirdi, ancaq onda İbn Şoşan qoymadı. Yəqin ki, indi onun yerinə Sevilyalı İbrahim gələcək, – Donna Leonora da, Manriko da bunu istəyirdilər, –  onu qəfil qərarlar çıxarmağa qoymayacaq. Bəlkə,  təsərrüfata görə deyil, məhz elə buna görə onu dilə tuturdular ki, yəhudini bura gətirsinlər. Onlara elə gəlirdi ki, Alfonso çox çılğındır, davakardır və belə bir qarışıq zəmanədə kral üçün vacib olan hiyləgərliyin, dözümün onda olacağına inanmırdılar.

– Üstəlik də, ərəbcə yazılıb! – Don Alfonso narazılıqla dilləndi. – Nəyə qol çəkəcəyimi də əməlli-başlı oxuya bilmirəm.

Don Manriko onun nə istədiyini başa düşdü: imzalamağı ləngitməyə çalışırdı.

– Əlahəzrət, əmr etsən, müqavilələri latınca da hazırlatdıraram, – deyə tez dilləndi.

– Yaxşı, – Alfonso razılaşdı, – ancaq o yəhudini çərşənbə günündən tez yanıma gətirmə.

 

 

* * *

İmzalanma mərasimi qəsrin balaca otaqlarının birində keçirilirdi. Donna Leonora da bu qəbulda iştirak etmək istəmişdi.  Yəhudi onu da çox maraqlandırırdı.

Don Manriko saray geyimində idi, ailənin yaxın adamı, kralın gizli müşaviri kimi boynundakı qızıl boyunbağıdan Kastiliyanın – “Qəsrlər diyarı”nın üç qalasını təsvir edən lövhəcik asılmışdı. Donna Leonora da bayramsayağı geyinmişdi. Alfonso isə onlardan fərqli olaraq, çox sadə bir paltardaydı, hansısa dövlət əhəmiyyətli tədbirdə iştirak edənə oxşamırdı. Enli qolları olan, bədəninə kip oturan, gödək­cəyə bənzəyən bir geyimdəydi, ayağında isə rahat başmaq vardı.

Hamı gözləyirdi ki, İbrahim də qaydaya uyğun olaraq, əlahəzrətin qarşısında diz çökəcək. Ancaq o hələlik kralın təbəəsi deyil, müsəlman dünyasının sayılıb-seçilən adamlarından idi. Əynində müsəlman İspaniyasına xas olan paltar vardı, çiyninə də, başının adamları ilə xristian kralının qəbuluna gedən hörmətli müsəlman kimi, göy astarlı çuxa salmışdı və üçünə də ayrı-aylıqda baş əyərək salam verdi.

Əvvəlcə kraliça sözə başladı, ərəbcə dedi:

– Xoş gəlibsən, Sevilyalı İbrahim!

Yarımadanın xristian krallıqlarında  savadlı adamlar latın dili ilə bərabər ərəbcə də danışırdılar.

Qonağa hörmət əlaməti olaraq, Alfonso da onunla ərəbcə danışmalı idi və özü də belə nəzərdə tutmuşdu. Ancaq qarşısında diz çökməyən İbrahimin təkəbbürü onu latınca danışmağa məcbur etdi:    

– Salve, domino  İbrahim!1

Don Manriko bir-iki ümumi cümlə ilə tacir İbrahimin hansı məqsədlə gəldiyini izah etdi... 

DİGƏR MƏQALƏLƏR