ƏDƏBİ MOZAİKA

Marsel Prustun arxivi 1.3 milyon dollara satıldı

 

Dünya ədəbiyyatına yeddi romandan ibarət “İtmiş zamanın sorağında” əsərini bəxş etmiş məşhur fransız yazıçısı Marsel Prustun xatirəsi bu gün də ədəbiy­yatsevərlər tərəfindən ehtiramla anılır, ona olan oxucu məhəbbəti bitib-tükənmir. 

Bugünlərdə yazıçının foto, məktub və əlyazmaları toplanmış arxivi uzaq qohumu Patrisiya Prust tərəfindən Parisdəki “Sothebs” hərrac evində satışa çıxarılıb və 1.3 milyon dollara satılıb.

Arxivdə Prustun yaxın dostları və sevdiyi qadınlarla (Lusiyan Dude və Renaldo Han) birlikdə çəkilmiş fotoları da yer alıb.

Maraqlıdır ki, arxivin 740 min avroya satılması gözlənilsə də, verilən dəyər daha artıq olub.

 

İspaniyada Ekzüperinin jurnalistlik vəsiqəsi tapılıb

 

Tanınmış fransız yazıçısı Antuan de Sent-Ekzüperinin vaxtilə həm də jurnalist kimi çalışdığı məlumdur. Bu yaxınlarda onun jurnalist vəsiqəsi Salamankadakı İspaniya vətəndaş müharibəsi (1936-1939) Baş arxivindən tapılıb.  Sənədi araşdır­maçı-alim Polikarpo Sançes üzə çıxarıb. 

Xatırladaq ki, məşhur yazıçı Fransanın Lion şəhərində doğulub. Onun “Balaca şahzadə” romanı dünyanın 180 dilinə tərcümə olunub, ümumi  tirajı isə 150 mil­yonu ötüb. 

 İkinci Dünya müharibəsində Korsika adasından qalxaraq kəşfiyyat uçuşu edən təyyarəçi Antuan de Sent-Ekzüperi bir daha geri qayıtmayıb. İdarə etdiyi təyyarənin qalıqları yalnız 2000-ci ildə Marsel yaxınlığında dənizin yetmiş metr dərinliyindən tapılıb.

 

Pulitzer mükafatının təsis edilməsinin 100 illiyi 

 

Bu ilin sentyabrında Nyu-Yorkun Kolumbiya Universitetinin kitabxanasında Pulitzer mükafatının təsis edilməsinin 100 illiyinə həsr olunmuş kitab sərgisi açılıb. Bu nüfuzlu mükafat Kolumbiya Universitetində Jurnalistika fakültəsinin əsasını qoymuş qəzet maqnatı,  yəhudi əsilli macar Cozef Pulitzer (1847-1911) tərəfindən təsis edilib və  ABŞ-da ali mükafatlardan biri sayılır. Cozef Pulitzer belə bir mükafatın təsis edilməsi üçün fond yaradılmasını hələ 1903-cü ildə vəsiyyət etmiş və öz hesabından iki milyon dollar pul ayırmışdı. Ölümündən beş il sonra, 1916-cı ildə təsis edilən mükafatı  ilk dəfə həmin ilin oktyabrında “New York World”-un əməkdaşı, Amerika jurnalisti Herbert Bayyard Soup almışdır. 

Pulitzer mükafatı ədəbiyyat, jurnalistika, teatr və musiqi əsərlərinə görə iyirmi bir kateqoriyada  verilir. Həcmi on min dollardır. Tornton Uaylder, Marqaret Mitçel, Con Steynbek, Pobert Penn Uorren, Ernest Heminquey, Uilyam Folkner kimi görkəmli yazıçılar müxtəlif illərdə bu mükafata layiq görülüblər.

Xatırladaq ki, Pulitzer mükafatı son dəfə 2016-cı ilin mayında “Nyu-York Tayms” qəzetinin əməkdaşı, rus jurnalist Sergey Ponomaryova qaçqınların həyatından bəhs edən foto-reportajlarına görə verilib.

 

Argentina məhkəməsi Lorkanın qətlini araşdırır

 

Argentina məhkəməsi ispan şairi Fede­riko Qarsia Lorkanın ölüm şəraitini araşdırmağa başlayıb. İstintaq Argentinanın Tarixi Dəyərlərin Bərpası Assosiasiyasının təşəbbüsü ilə başlanıb. 1936-cı ildə Lorkanın Qranadada itkin düşməsi ilə bağlı şikayət hakim Maria Servini  tərəfindən qəbul edilib.  Assosiasiyanın rəhbəri Emilio Silva mətbuata bildirib ki, şairin ölümü ilə bağlı bənzər müraciəti İspaniya məhkəmələrinə də ediblər. Hakim Maria Servini İspaniya vətəndaş müha­ribəsi dövrünə aid bir sıra cinayətlərin araşdırılması  ilə məşhurdur. Federiko Qarsia Lorka XX əsr ispan mədəniyyətinin ən parlaq nümayəndələrindən biridir. O, İspaniyada Vətəndaş müharibəsi zamanı Frankonun tərəfdarı olan millətçilər tərəfindən öldürülüb. Ölüm şəraiti  isə məlum deyil. Şairin ölümü haqda indiyə kimi, sadəcə fərziyyələr var. 2008-ci ildə Lorka ilə birgə güllələndiyi güman edilən bir müəllimin nəvəsi, babasının meyitinin tanınması üçün qardaşlıq məzarının açılmasını istəmişdi. O zamana qədər Lorkanın cəsədinin həmin məzarlıqda olduğuna inanırdılar. Lakin məzarlıq açılanda Lorkanın qalıqları oradan çıxmayıb. 

 

Coan Roulinqdən “Harri Potter” illüstrasiyaları

 

Tanınmış yazıçı Coan Roulinq Harri Potter haqqında yazdığı kitablara çəkdiyi illüstrasiyalarını paylaşıb. Onlar 90-cı illərdə hələ ilk romanın çıxmasından öncə yaradılıb. Ağ-qara rəsmlərdə “Potteriana”nın əsas qəhrəmanları – antaqonistlərdən biri Severus Sneyp, Hoqvartsın Pivs ləqəbli kabusu, nəhəng Haqrid və Yeinalej güzgüsü təsvir olunub. “Potteriana” 1998-2007-ci illərdə gənc sehrbaz Harri Potter barədə yazılmış yeddi  kitabdan ibarət silsilədir. Kitablar yetmiş yeddi dilə tərcümə olunub və 450 milyondan çox nüsxə ilə nəşr edilib. Kitabların hamısı ekranlaşdırılıb, filmlərdə baş rolları Deniel Redklif, Rupert Qrint və Emma Uotson ifa edib.

 

Dünyanın  ən zəngin yazıçıları bəlli oldu

“Forbes” jurnalı 2016-cı ilin ən zəngin yazıçılarının adlarını açıqlayıb. 

 

Siyahıda ilk yeri 95 milyon dollarla Ceff Patterson tutur. Detektiv yazıçı, müfəttiş Aleks Krosse haqqında silsilə romanların müəllifidir.

İkinci yerdə 19,5 milyon vəsaitlə Cef Kinnidir. O, "Acizin gündəliyi” bestselleri ilə məşhurdur.

Harri Potter silsilə romanları ilə məşhur olan Coan Roulinq isə siyahıda üçüncüdür – 19 milyon dollar.

Dördüncü yerdə – Con Qrişem (18 milyon dollar), beşinci yerdə – Stiven Kinq, Nora Roberts və Deniel Stil (hərəyə 15 milyon dollar) gəlir.

Sonrakı yerlər belə müəyyənləşib:       E.Ceyms ("Bozun əlli çaları”) – 14 mln., Pola Xokins ("Qatardakı qız”) və Con Qrin ("Günahkar ulduzlardır”) – 10 mln., Den Braun ("Da Vinçi kodu”) və Corc Martin ("Buz və atəşin nəğməsi”) – 9,5 mln. 

Ən çox kitab oxunan ölkələr

 

Beynəlxalq  “NOP World” təşkilatı bu il də dünyanın müxtəlif xalqlarının həftədə neçə saat mütaliə ilə məşğul olması, televizora baxması, radio dinləməsi və asudə vaxtlarda kompüterdən (işdən kənar) istifadə etməsini araşdıran ənənəvi tədqiqat  işləri aparıb.   Müəyyən edilib ki, bütün dünyada insanlar orta hesabla həftənin 16,6 saatını televizora, 8 saatını radio dinləməyə, 6,5 saatını kitab oxumağa, 8,9 saatını isə kompüter arxasında keçirməyə sərf edirlər.

Təşkilatın açıqlamasında dünyada ən çox Hindistan sakinlərinin kitab oxuması göstərilir.  Hindistanlılar orta hesabla həftədə 11  saata yaxın mütaliə edirlər. Araşdırma bir həftə ərzində  kitab oxumağa ayrılan vaxtın statistikasına əsasən hesab­lanıb. İlk onluq belədir:

Aşağıda həmin ölkələrdən birinci 10-luğa düşənlər ardıcıllıqla göstərilib:

1. Hindistan – 10 saat 42 dəqiqə

2. Tailand – 9 saat 24 dəqiqə

3. Çin – 8 saat

4. Filippin – 7 saat 36 dəqiqə

5.  Misir – 7 saat 30 dəqiqə

6. Çexiya – 7 saat 24 dəqiqə

7. Rusiya – 7 saat 6 dəqiqə

8. İsveçrə – 6 saat 54 dəqiqə

9. Fransa – 6 saat 54 dəqiqə

10. Macarıstan – 6 saat 48 dəqiqə

Siyahıda, həmçinin Türkiyə (5 saat 54 dəqiqə) 18-ci, ABŞ və Almaniya (5 saat 42 dəqiqə) 22 və 23-cü, Böyük Britaniya (5 saat 18 dəqiqə) 26-cı, Yaponiya (4 saat 6 dəqiqə)  29-cu yerdə qərarlaşıb.

 

Hazırladı: Z.Sarıtorpaq

DİGƏR MƏQALƏLƏR